Kənan AYDINOĞLU

ULU XALQIN GÖRÜŞÜNƏ BİR XİTABLA GƏLMİŞƏM MƏN!

Gözəllərin yanağından damla-damla süzüləndən,
Bir qələmlə, bir varaqla, bir kitabla gəlmişəm mən!
YUNUSUMLA bu torpağa təsbih kimi düzüləndən,
Ulu yurdda həm günahla, həm savabla gəlmişəm mən!

Dastanlardan gözlərinə ələnəndə bir qar kimi,
Dərdlərindən Ana yurdda inildəyən bir tar kimi,
Səhralarda MƏCNUN təki eşq arayan bir yar kimi,
Ömrü boyu min iztirab, bir əzabla gəlmişəm mən!

Kim deyir ki, mənim dərdim daşlarından süzülməzdi,
Kim deyir ki, ruhum yurdda YUNUS kimi düzülməzdi?!
Kim deyir ki, HAQQ NURUNDAN dodaqlar da büzülməzdi,
MÖVLAM kimi dastan qoşub bir rübabla gəlmişəm mən?!

Ömrü boyu sevməliyəm ərşə çatan harayımı,
Nə dağlardan, nə daşlardan hörənmərəm sarayımı.
Sevməliyəm ram olunan həm günəşi, həm ayımı,
“QURAN” adlı hikmət dolu bir kitabla gəlmişəm mən!

Ruhum, anım, canım özü əzizlənən qucaqdadı,
Ərşə çatan harayım da min közərən ocaqdadı.
HAQQ şairi KƏNAN özü Ana yurdda, torpdadı,
Ulu xalqın görüşünə bir xitabla gəlmişəm mən!

YORULMAQ BİLMƏDƏN ÇALIŞMALIYAM

Səhərdən-axşama bəndəyəm deyə,
Yorulmaq bilmədən çalışmalıyam.
Körpəlik çağlarım arxada qaldı,
Bu yeni həyata alışmalıyam.

Haqqın dərgahından süzülüb gəldim,
Sonda da torpağa qarışmalıyam.
Allahın mərhəmət sahibliyini,
Dünyada bəndəyə danışmalıyam.

Küsülü qalanla gözəl dünyada,
Əlimi uzadıb barışmalıyam.
Yaxşı əməllərdə mən öz növbəmdə,
Bəndəylə hər zaman yarışmalıyam.