İnam ATA
HÜQUQ TƏLƏSİ
I. Təbii hüquq
“İnsanlar bir-birinə bərabərdir” – deyirlər.
Əslində isə insanlar bir-birinə yalnız maddi nöqteyi-nəzərdən bərabərdirlər.
Yəni hamı təbiətdən eyni dərəcədə bəhrələnə bilər, bəhrələnməlidir. Mənəvi cəhətdən insanlar bir-birinə bərabər deyillər. Bərabərlikdən danışırlar, həm də maddiyyatı ləyaqət ölçüsünə çevirirlər.
Maddi imtiyaz – cəmiyyətdə labüd şəkildə ictimai imtiyaz yaradır.
Maddiyyatdan ən çox bəhrələnən – cəmiyyətdə ən çox dəyərlənir.
Mənəvi ləyaqət maddi məziyyətə qurban verilir. Bərabərlikdən danışırlar – süni və eybəcər bərabərsizlik yaradırlar.
II. Vətəndaşlıq hüququ
“Mülkiyyət toxunulmazdır!” – deyirlər.
Mülkiyyəti əməkçinin əlindən alıb dövlətə verirlər. Mülkiyyət hamılaşır, əslində hamı mülkiyyətdən məhrum olur.
Mülkiyyətsizlərə mülkiyyət toxunulmazlığı haqqı verilir.
Mülkiyyəti geri qaytarmaq – cinayət sayılır.
“Dövlət mülkiyyəti toxunulmazdır!” – deyirlər.
Zəhmətkeşdən alınan mülkiyyətə – zəhmətkeş toxuna bilməz!
Mülkiyyətsizliyi əbədiləşdirirlər və mülki hüquqdan dəm vururlar.
Söz azadlığından danışırlar və naqis cəmiyyəti azad sözdən qoruyurlar.
“Cəmiyyətə toxunma!” – deyirlər.
“Naqisə naqis demə!” – deyirlər.
“Həqiqətdən azadsan!” – deyirlər.
“Vicdandan azadsan!” – deyirlər.
Azad seçkidən danışırlar.
Seçiciləri istədikləri səmtə sürürlər. Onların İdrak ehtiyaclarını söndürürlər, Mənəviyyat ehtiyaclarını söndürürlər, İradə ehtiyaclarını söndürürlər.
İstədiklərini seçdirirlər.
Etiqad azadlığından danışırlar. Ağılları, ürəkləri isə zəncirləyirlər – insanları “müstəqillik buxovundan” azad edirlər.
Etiqad azadlığından azad edirlər.
III. Beynəlxalq hüquq
Ərazi toxunulmazlığından danışırlar. “Bir xalq digər xalqın ərazisini Zəbt edə bilməz!” deyirlər. Sonra da Zəbt eləmək zəruriyyəti yaradırlar, Zəbt eləmək tələbatı yaradırlar, Zəbt eləmək ədaləti yaradırlar.
Özgə ərazisi zəbt olunur, ancaq quldur – cinayətkar sayılmır!
“Bir xalq digər xalqın azadlığına qəsd edə bilməz!” – deyirlər. Sonra da Qəsdin ləyaqətindən, mərifətindən, məhəbbətindən dəm vururlar.
Xalqları azadlıqdan məhrum edirlər, ancaq cinayətkar sayılmırlar!
“Bir xalq başqa xalqın daxili işlərinə qarışmamalıdır!” – deyirlər. Sonra da “sübut edirlər” ki, “Zorakı müdaxilə – gərəklidir, labüddür, fədakarlıqdır!
Deyirlər ki, bir xalq başqa xalqın ictimai quruluşu əleyhinə təxribat əməliyyatı aparmamalıdır! Sonra da “sübut edirlər” ki, Təxribat olmasa, özgə xalq məhv olar, bu əməliyyat – əslində nicatdır!..
Bəşəriyyət hüquq tələsinə düşüb – çıxa bilmir…