Author: Delphi7

  • Şəhid və qazi övladı AzTV-nin filmində baş rolda çəkilib

    Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir.

    AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti film “Əsgər bağı” adlanır.

    Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.

    E.Əkbərov 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

    E.Mirzəyev isə 2020-ci il oktyabrın 10-da Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.

    Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.

    Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.

    Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.

    Mənbə: https://azertag.az/

  • ICESCO ilə TÜRKSOY arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

    İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultanbay Raev arasında keçirilən görüşdə iki təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

    AZƏRTAC xəbər verir ki, tərəflər sülhün təmin edilməsi və sivilizasiyalar arasında dialoqun möhkəmlənməsi, həmçinin İslam-türk mədəni irsinin mühafizəsi və təbliği istiqamətində həyata keçiriləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar. ICESCO-nun Baş direktoru vurğulayıb ki, İslam irsi siyahısında türk xalqlarının çoxlu sayda qədim nümunələri var və onun rəhbərlik etdiyi təşkilat bu abidələrin mühafizəsi məqsədilə TÜRKSOY-la daha sıx əməkdaşlıq etmək niyyətindədir.

    TÜRKSOY-un Baş katibi bildirib ki, onun rəhbərlik etdiyi təşkilat müxtəlif sahələrdə, xüsusən İslam dünyası paytaxtları layihəsində ICESCO ilə fəal əməkdaşlıq edir. O əlavə edib ki, türk xalqlarının İslam və dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərin yubiley tədbirləri də birlikdə təşkil oluna bilər.

    Oqtay Bayramov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Qahirə

    Mənbə: https://culture.gov.az/

  • “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub

    Noyabrın 23-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində erməni cinayətlərindən bəhs edən “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub.

    Sənədli filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır.

    Təqdimatda ssenari müəllifi Faiq İsmayılov film haqqında məlumat verərək, ekran əsərində danışılan məscidin tarixindən, həmçinin erməni vandallığına məruz qalmasından bəhs edib. Bildirib ki, Yuxarı Gövhər Ağa məscidi və ya Şuşa Cümə məscidi qala – şəhərin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir: “Məscid həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşa şəhəri Ermənistan tərəfindən işğal altında saxlandığı dövr ərzində digər tarixi-mədəni abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də talan olunub. Məscidin texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistana daşınıb. Minarələri daxildən tamamilə sökülüb, xaricdən atəşə tutulub, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub və kommunikasiya xətləri dağıdılaraq yararsız hala salınıb”.

    Yuxarı Gövhər ağa məscidi haqqında hazırlanmış sənədli film barədə danışan F.İsmayılov qeyd edib ki, mütəxəssislər tərəfindən filmə ilkin baxış olub və yüksək qiymətləndirilib: “Bu mütəxəssislər içərisində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə də var idi. O, bu filmi Ermənistana qarşı məhkəmə iddiası işlərinin hazırlanmasında istifadə edilməsindən ötrü müvafiq komissiyalara göndərəcəyini vurğulayıb”.

    Filmi yüksək qiymətləndirən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov filmin dünya ictimaiyyətini tarixi faktlarla məlumatlandırmaq nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu vurğulayıb: “Sənədli filmdə mövzu dərindən araşdırılaraq, qəbir abidlərinə qarşı vandalizm də diqqətə çatdırılır. Hər bir abidənin ayrılıqda tədqiqi yaxşı yanaşmadır. Nazirlik olaraq hər zaman belə layihələrə dəstək göstərməyə hazırıq”.

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Həsən Səmədov Yuxarı Gövhər Ağa məscidinin erməni işğalı altında qalan digər məscidlərdən fərqli bir tale yaşadığını vurğulayıb. Bildirib ki, ermənilərin işğal zamanı bu abidəyə qarşı törətdikləri vandalizmə rəğmən tikili ayaq üstə qala bilib.

    Sonda “Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli film nümayiş olunub.

  • Cenevrədə BMT-nin təşkil etdiyi ənənəvi “Beynəlxalq bazar”da Azərbaycan təmsil olunub 

    Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT tərəfindən təşkil olunmuş ənənəvi “Beynəlxalq bazar”da iştirak edib.

    AZƏRTAC xəbər verir ki, hər il BMT-nin Cenevrə şəhərindəki bölməsində – Millətlər Sarayında təşkil olunan “Beynəlxalq bazar”ın keçirilməsində məqsəd ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsi və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələr verilməsidir.

    Builki “Beynəlxalq bazar” “Uşaqlar naminə ittifaq” şüarı altında təşkil edilib. Tədbirdə Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş daimi nümayəndələr, BMT-nin Cenevrə bölməsinin baş direktoru, Cenevrə kantonunun və şəhərinin rəhbərliyi, diplomatlar, ictimaiyyətin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

    Azərbaycanın daimi nümayəndəliyinin ənənəvi olaraq iştirak etdiyi “Beynəlxalq bazar”da milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən eksponatlar nümayiş olunub. Eyni zamanda, Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitablar, jurnallar və digər materiallar iştirakçılara paylanıb. Azərbaycana aid nümunələr böyük maraqla qarşılanıb. Bununla yanaşı qonaqlara Azərbaycandan gətirilmiş peşəkar aşpazların hazırladığı Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.

    Ötən illərdən fərqli olaraq, builki tədbirdə Cenevrədə Mariya Xan Xoyskayanın rəhbərliyi altında fəaliyyət göstərən azərbaycanlı uşaqlardan ibarət “İrs” rəqs qrupu tərəfindən Azərbaycanın xalq rəqsləri qonaqlara nümayiş etdirilib.

    Tədbirin sonunda Azərbaycan Respublikası hökuməti adından müəyyən məbləğdə maliyyə vəsaiti BMT-nin aidiyyəti xeyriyyə fonduna köçürülüb. Həmin maliyyə vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz şəraitdə yaşayan uşaqların xeyrinə layihələrin həyata keçirilməsi üçün sərf olunacaq.

    “Beynəlxalq bazar”dan hər il toplanan təxminən 300 min İsveçrə frankı məbləğində vəsait dünyanın müxtəlif ölkələrində 100 minə yaxın uşağa yardım məqsədilə sərf olunur.

    Növbəti “Beynəlxalq bazar”ın 2023-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.

    Elgün Niftəli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Cenevrə

    Mənbə: https://azertag.az/

  • Dövlət Səs Yazıları Arxivi tərəfindən Şuşa şəhərinin 270 ili münasibətilə videoxülasə hazırlanıb

    Dövlət Səs Yazıları Arxivi tərəfindən Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Qala-270” adlı videoxülasə hazırlanıb.

    AZƏRTAC xəbər verir ki, Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan videoxülasə 2022-ci ilin “Şuşa İli” və Şuşa şəhərinin 270 illiyinə həsr olunub.

    Videoxülasədə adıçəkilən arxivin fondlarında mühafizə edilən və Şuşa şəhərinə aid olan sənədlər – ulu öndər Heydər Əliyevin Şuşa şəhəri haqqında çıxışları, o cümlədən Şuşa şəhərində doğulmuş, orada fəaliyyət göstərmiş görkəmli mədəniyyət ustalarının ifaları yer alıb. İşğaldan əvvəlki dövrlərdə keçirilmiş “Xaribülbül” festivalları, o cümlədən işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilmiş eyniadlı festival haqqında məlumat verilib.

    Mənbə: https://azertag.az/

  • “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsi yekunlaşıb

    “NUR Art House” qalereyasında “Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Ağdam, Bərdə, Qazax, Ağstafa və Şəmkir rayonlarında, Mingəçevir şəhərində gənclərin, peşə təhsili mərkəzlərinin müəllim və tələbə heyətinin, mədəniyyət işçilərinin iştirakı ilə bir sıra görüşlər keçirilib. Canlı ünsiyyət formatında baş tutan məlumatlandırıcı sessiyaların məqsədi gənclərin xalça sənətinə və ümumilikdə mədəni irsimizə marağını artırmaq, bu sahəni inkişaf etdirmək üçün problemləri öyrənmək və müvafiq tövsiyələri verməklə gənc nəslə dəstək olmaqdır. Tədbirlər tanınmış rəssamların, xalçaçıların ustad dərsləri ilə müşayiət olunub.

    Mənbə: https://azertag.az/

  • Qəhrəmanlar qadın rejissorların gözü ilə

    Noyabrın 25-də Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə “Qəhrəmanlar qadın rejissorların gözü ilə” adlı tədbir keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq. Filmlərin siyahısına Milli Qəhrəman Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” sənədli filmi (rejissor Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” filmi (rejissor Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva) sənədli filmi daxildir.

    Qeyd olunan filmlər Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb. Artıq uzun müddətdir studiyada Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.

    Mənbə: https://azertag.az/

  • Beynəlxalq Muğam Mərkəzində Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək

    Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Əkrəm Məmmədlinin yaradıcılıq gecəsi keçiriləcək.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə ifaçıları Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbəri olduğu AMEA Folklor İnstitutu nəzdində “Qorqud” ansamblı müşayiət edəcək.

    Ustad tarzən, bəstəkar-pedaqoq, Prezident təqaüdçüsü Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğuldur. Onun “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir. Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, tarzən-pedaqoqun muğamlarımızın və yallılarımızın nota köçürülməsində xidmətləri böyükdür. Naxçıvanda yaşayıb-yaradan sənətkar bütün ömrünü milli musiqi mədəniyyətimizin inkişafına, muğamlarımızın, musiqi xəzinəsinin zənginləşməsinə, xalqımızın musiqi təhsili sahəsində ləyaqətli, intellektual musiqiçilər nəslinin yetişməsinə sərf etmişdir.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın el şairəsi Sona İNTİZAR

    Sona İNTİZAR (Nurəliyeva Sona Səyyar qızı)  1990-cı il may ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Faiq Rəfiyev adına 166 saylı tam orta məktəbə daxil olub,  2007-ci ildə həmin məktəbi bitirib. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış etməkdədir. 14 fevral 2012-ci il tarixindən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavinidir. 


    1. “Kenanaydinoglu.com“, 1 noyabr 2022-ci il. “Dost məktubu”.

    2. “Edebiyyat-az.com“, 1 noyabr 2022-ci il. “Kənan Aydınoğluna”.

  • Azər MUSTAFAYEV.”KƏNAN MURĞUZLUYA”

    Səni təbrik ediəm, 
    Bugünkü uğurunla.
    Yaxşı bir iz qoyasan,
    Şeir, sənət yolunla.

    Ana, Vətən mövzusu
    Şeirində əksin tapır.
    Sənin kimi şairi.
    Xalq həmişə yaşadır.

    26 may, 2006. 

  • Azərbaycanlı jurnalist İlahə ALLAHVERDİYEVA

    Allahverdiyeva İlahə Eyvaz qızı 1982-ci ildə Naxçıvan Muxtar Respublikasınin Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Orta məktəbi fərqlənmə ilə bitirib. Hal- hazırda Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsidir. Təhsildə göstərdiyi yüksək nəticələrə görə universitet tərəfindən Heydər Əliyev adına təqaüdə layiq görülüb. Müxtəlif mövzularda məqalələr yazan İlahə Allahverdiyevanin yazıları yalnız ölkə daxilində deyil, eyni zamanda ölkədən kənarda Türkiyə və Özbəkistan mətbuatında da nəşr olunub. Bir çox müsabiqələrin qalibi olan İlahə Allahverdiyeva ailəlidir,4 övladı var.

  • Xalidə HİCRAN.”Oğullar tarix yazır”

    Şəhidim əfsanə, şəhidim dastan,
    Ey şəhid, alınmaz, sərt bir qalasan.
    Yeni tarix yazdın, sən qalacaqsan,
    Vətən yaşadıqca yaşayacaqsan!

    Hər ovuc torpaqda şəhid qanı var,
    Gələcək nəsillər onu qoruyar.
    Vətəndə doğulan hər bir igidin,
    Adında yenidən bir şəhid yaşar!

    Səmanda üçrəngli vətən bayrağı,
    Adınla boy atar vətən övladı.
    Qanınla gül açar vətən torpağı,
    Ey şanlı vətənin şanlı övladı!

    Şəhidim köç etdi, hamısı nakam,
    Dedi: “Doğulmuşam, səni qoruyam!”
    Dağına vuqaram, düzə torpağam,
    Vətənim yaşasa, mən də yaşaram!

    Əzmini qırammaz bir mənfur düşmən,
    Vətən, əl çəkməyir düşmənlər səndən.
    Tarixlər yazırsan yenə bu gündən,
    Qarabağ, azadsan yenə bu gündən!

    Hər oğul bir evdir, hər şəhid vətən,
    Nə anadan doydun, nə anan səndən.
    Ey vətən, doğuldun yenə bu gündən!
    Qarabağ doğuldu yeni tarixdən!

  • Xalidə HİCRAN.”Vətənsiz insan yetim qalır…..”

    Vətənsiz insan yetim qalır…..

    Atanın çörəyi, ananın südü,
    Sənə halal olsun, igid əsgərim!
    Can əsirgəmədin gözəl vətənə,
    Qanınla gül açar, dağım, düzlərim.

    Ağlama, balalar, əziz analar,
    Vətən hər balanın atası olar.
    Yurdu qorumasa igid oğullar,
    Analar, balalar, kimsəsiz qalar.

    Vardırsa vətənin, var-dövlətin var,
    Dörd divarın varsa, cah-cəlalın var.
    Vətənin var isə, ata-anan var,
    Vətənsiz balalar tək, yetim qalar.

    Qeyrətdə ər, igid, düşmən baş əyər,
    Şəhid qanlarından, vətən göyərər!
    Vətənin düzləri, dağı, yamacı,
    Şəhid oğullarla dağlar fəxr edər!

    Alınmaz qaladır can əsgərimin,
    Zəfəri böyükdür, əzmi dəmirdən.
    Yeni tarix yazdın yenə bu gündən,
    Tarixlər yazacaq hər əsgərimdən!

    Torpağım qəlbinə həkk edər səni,
    Sən vətən yolunda haqqa ucaldın.
    Vətənin mərd oğlu, igid əsgəri,
    Vətən var olduqca yaşadar adın!

    Cəsarət, hünərin, qalibiyyətin!
    Qanınla sən yazdın əbədiyyətin!
    Neçə ki yaşayır can Azərbaycan!
    Adını unutmaz gözəl vətənin!
    Xalidə Hicran Seyidova
    [21.09 16:51] Xalide Hicran: “Oğullar tarix yazır”

    Şəhidim əfsanə, şəhidim dastan,
    Ey şəhid, alınmaz, sərt bir qalasan.
    Yeni tarix yazdın, sən qalacaqsan,
    Vətən yaşadıqca yaşayacaqsan!

    Hər ovuc torpaqda şəhid qanı var,
    Gələcək nəsillər onu qoruyar.
    Vətəndə doğulan hər bir igidin,
    Adında yenidən bir şəhid yaşar!

    Səmanda üçrəngli vətən bayrağı,
    Adınla boy atar vətən övladı.
    Qanınla gül açar vətən torpağı,
    Ey şanlı vətənin şanlı övladı!

    Şəhidim köç etdi, hamısı nakam,
    Dedi: “Doğulmuşam, səni qoruyam!”
    Dağına vuqaram, düzə torpağam,
    Vətənim yaşasa, mən də yaşaram!

    Əzmini qırammaz bir mənfur düşmən,
    Vətən, əl çəkməyir düşmənlər səndən.
    Tarixlər yazırsan yenə bu gündən,
    Qarabağ, azadsan yenə bu gündən!

    Hər oğul bir evdir, hər şəhid vətən,
    Nə anadan doydun, nə anan səndən.
    Ey vətən, doğuldun yenə bu gündən!
    Qarabağ doğuldu yeni tarixdən!

  • “Eurovision” mahnı müsabiqəsinin səsvermə qaydaları dəyişib

    Avropa Yayım Birliyi (AYB) “Eurovision 2023” üçün səsvermə qaydalarını dəyişib.

    AZƏRTAC xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.

    “2022-ci il müsabiqəsində aşkar edilmiş səsvermə pozuntularına görə, səsvermənin şəffaflığının qorunması yollarını nəzərdən keçirmək üçün AYB üzvlərindən ibarət işçi qrup yaradılıb”, – deyə müsabiqənin təşkilatçıları bildirib. “İndi hansı ölkələrin finala yüksələcəyini yalnız müsabiqənin tamaşaçıları müəyyənləşdirəcək. Onların səsləri ölkənin səslərinə bərabər olacaq. “Eurovision” müsabiqəsinin münsiflər heyətinə yalnız müsabiqənin final mərhələsində seçim haqqı veriləcək”.

    Qurumun rəsmi saytında qeyd olunub ki, “Dünyanın harasında yaşamasından asılı olmayaraq müsabiqəyə baxan hər kəs sevdiyi mahnılara səs verə biləcək”.

    Qeyd edək ki, “Eurovision 2023” Liverpulda keçiriləcək.

    Mənbə: https://azertag.az/

  • “Kung-Fu Panda” adlı interaktiv müzikl-tamaşa Mahnı Teatrının səhnəsində

    Noyabrın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Kung-Fu Panda” adlı müzikl-tamaşa nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, rus dilində hazırlanan müzikl-tamaşada Kung-Fu Panda və digər personajlar şən və musiqili səhnə oyunu ilə balaca tamaşaçıları əyləndirəcəklər.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az/

  • Şuşa teatrında “Dəli Domrul” tamaşası yenidən nümayiş olunacaq

    Noyabrın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, “Dəli Domrul” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

    Qeyd edək ki, “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi – Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir.

    Mənbə: https://azertag.az/

  • Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib

    Noyabrın 22-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

    Gecədə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Fikrət Əmirovun 100 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət səviyyəsində qeyd olunur. İlin əvvəlindən Azərbaycanda və ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Bu sırada Fikrət Əmirova həsr olunmuş beynəlxalq bəstəkarlıq müsabiqəsi, onun fortepiano musiqisindən ibarət musiqi albomunun buraxılması və UNESCO-da gerçəkləşən yubiley konsertini xüsusilə qeyd etmək olar.

    Diqqətə çatdırılıb ki, 12-23 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş musiqi festivalı keçirilir. Festival çərçivəsində bəstəkarın ata yurdu olan Gəncə şəhərində də tamaşa nümayişi və simfonik konsert təşkil olunub. Uzun illərdən sonra ilk dəfə Fikrət Əmirovun “Sevil” operası onun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının səhnəsində nümayiş olunub.

    “Günümüzdə Azərbaycanın musiqi incilərindən danışarkən Fikrət Əmirovun yaradıcılığı ilk olaraq xatırlananlar sırasındadır. Sənətkarın hər bir əsəri azərbaycançılığı, milli dəyərlərimizi təbliğ edir. Onun Azərbaycan və dünya musiqisinə bəxş etdiyi simfonik muğamlar bəstəkarın qəlbindəki muğam sevgisinin bariz nümunəsidir”, – deyə Vaqif Əliyev vurğulayıb.

    Ötən əsrin 50-ci illərində, sovetlər dövründə, ABŞ-dakı “Karnegie Hall”da “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının səslənməsinin Azərbaycan bəstəkarlıq məktəbinin böyük uğuru olduğunu vurğulayan Vaqif Əliyev bu gün də həmin tarixin təkrarlandığını, paralel olaraq “Karnegie Hall”da da Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirin keçirildiyini qeyd edib.

    Yubiley gecəsində maestro, Xalq artisti Rauf Abdullayevin, dirijorlar – Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Əyyub Quliyev və Mustafa Mehmandarovun idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı, həmçinin Xalq artisti Kamilla Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, solistlər – Xalq artistləri Alim Qasımov, Yeganə Axundova, Samir Cəfərov və başqaları çıxış ediblər.

    Mənbə: https://culture.gov.az/

  • Mərakeşdə BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumu keçirilir

    Mərakeş Krallığının Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) IX Qlobal Forumu işə başlayıb.

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov forumda iştirak etmək üçün Mərakeşdə səfərdədir.

    Forum çərçivəsində Fasın Dar-Bata Muzeyində “Mədəniyyət: sülh üçün olmazsa olmazdır. Muzeylər möcüzə, kəşf, açıqfikirlilik və mədəniyyətlərarası dialoq məkanı kimi” mövzusunda panel keçirilib. İCESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos, mədəniyyət naziri Anar Kərimov, alim, kollektor və xeyriyyəçi Nasser Xəlili və başqa qonaqlar iştirak ediblər. 

    Paneldə çıxış edən nazir Anar Kərimov mədəniyyətin dünyada sülhün bərqərar olmasında oynadığı roldan söz açıb. Bildirib ki, muzey və abidələr xalqların mədəni kimliyinin əsas göstəricisidir. Böhranlar və müharibələr zamanı muzeylərin bəzi hallarda hədəf alındığını təəssüflə qeyd edən Anar Kərimov Azərbaycanın bu sahədə ən çox zərər çəkən ölkələrdən olduğunu bildirib. Diqqətə çatdırıb ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərində tarixi-mədəni irsə qarşı misli görünməmiş vandalizm həyata keçirilib.

    Nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” barədə məlumat verib, bu qlobal çağırışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Bakı Prosesi” çərçivəsində BMT də daxil olmaqla bir sıra aparıcı təşkilatların tərəfdaşlığı ilə ölkəmizdə Dünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilib.

    Anar Kərimov çıxışında 2021-ci ildə Azərbaycan Respublikası tərəfindən elan edilmiş “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası barədə də məlumat verib. Deyib ki, bu çağırışın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri  yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.

    Xatırladaq ki, ölkəmiz 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən VII Qlobal Forumuna ev sahibliyi edib.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülüb

    Rusiya Federasiyasının Qələbə Muzeyi tərəfindən “Muzeylər Qələbə haqqında” adlı beynəlxalq video müsabiqəsi keçirilmişdir. Qələbə Muzeyinə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Moldovanın 120-dən çox muzeyindən XX əsrin ortalarının hərb tarixinə dair muzey ekspozisiyalarından bəhs olunan 130-dan çox  videoçarx təqdim olunmuşdur. Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və istiqlalı uğrunda apardığı mübarizəni özündə əks etdirən eksponatların təqdim olunduğu videoçarxla bu müsabiqədə iştirak etmişdir.

    Qələbə Muzeyinin rəsmi internet saytında 60 mindən çox internet istifadəçisinin iştirak etdiyi onlayn səsverməyə əsasən Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülmüşdür.

    Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Qələbə Muzeyi ilə 2018 – ci ildə birgə əməkdaşlıqla bağlı imzaladığı memoranduma əsasən müxtəlif layihələr çərçivəsində sərgi və müsabiqələrdə iştirak etmişdir.

    Mənbə: https://culture.gov.az/

  • Fikrət Əmirovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub

    Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 100 illiyi tamam oldu.

    Fikrət Əmirovun doğum günündə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənətkarın ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda dahi bəstəkarın məzarını ziyarət ediblər.

    Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Fikrət Əmirovu milli mədəniyyətimizin parlaq simalarından biri kimi səciyyələndirib. Bildirib ki, bəstəkar 38 ildir bu dünyadan köçsə də, onun zəngin yaradıcılığı daim bizimlədir: “Fikrət Əmirovun əsərləri ölkəmizdə və xaricdə möhtəşəm teatr və konsert salonlarında səslənərək Azərbaycanın musiqi şöhrətini dünyaya yayır. O, Azərbaycan musiqisini dünya musiqisi ilə uğurlu sintez edərək simfonik muğam janrını yaradıb”.

    Bəstəkarın yaradıcılığının həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Vaqif Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində bəstəkarın yaradıcılığına diqqət və qayğı göstərib. Prezident İlham Əliyevin Fikrət Əmirovun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncam da sənətkarın zəngin irsinə dövlət qayğısının davam etdiyini göstərir. Dövlət başçısının sərəncamına əsasən, dahi musiqiçinin yubileyi ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd olunur. Bəstəkarın 100 illiyinin UNESCO-da qeyd olunması isə təkcə Fikrət Əmirov irsinə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə olan diqqət və marağın bariz göstəricisidir: “Azərbaycan musiqi mədəniyyətinə parlaq nümunələr bəxş etmiş bəstəkarın zəngin irsi yeni nəsil bəstəkarlar üçün bir örnəkdir. Fikrət Əmirovun xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.

    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında bəstəkarın simfonik muğam janrının banisi kimi xidmətini xüsusi qeyd edib. Bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri musiqi sənətinin diqqətəlayiq nümunələrindəndir”.

    Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bəstəkarın 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Fikrət Əmirovun simfonik muğamları dahi dirijorların idarəçiliyində səslənib: “Bütün dünya onun əsərlərini ayaq üstə alqışlayıb. Amerikalı dirijor L.Stakovski Fikrət Əmirova yazdığı məktubda demişdi: “Sizin əsərlərinizi Amerikanın bir sıra şəhərlərində ifa etdim. Sizin əsərlərinizdən sonra konserti davam etdirmək mümkün deyil. Ona görə ki, insanlar ayaq üstə durub sizin əsərinizi alqışlayır. Bu gündən sonra mən sizin əsərlərinizi həmişə konsertin sonunda ifa edəcəyəm”. Bu sözlər bir daha göstərir ki, Fikrət Əmirov Azərbaycan musiqisini dünya musiqi inciləri sırasına daxil edib. Vaxtilə bu əsərlərin unudulacağını deyən insanlar bu gün görürlər ki,  bəstəkarın milli musiqiyə söykənən əsərləri uzaq Amerikadan Yaponiyaya qədər bir çox səhnələrdə Azərbaycan musiqisinin təntənəsini təqdim edir”.

    Çıxışlardan sonra bəstəkarın məzarı önünə əklil və gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

    Xatırladaq ki, Fikrət Əmirovun “Min bir gecə” baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. Bəstəkar həmçinin musiqi mədəniyyətimizə konsert janrının da yaradıcısı kimi daxil olub. Əsasını qoyduğu simfonik muğam janrı “Şur”, “Kürd ovşarı” və “Gülüstan – Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ay ömrümü alan adam”

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Ömrümün birçək vaxtıdı,
    Yaşımın çiçək vaxtıdı,
    Sevgimin ləçək vaxtıdı,
    Ay ömrümü alan adam.

    Ürəyimlə məzələndim,
    Eşqim üçün çox ələndim,
    Bu sevgim üçün diləndim,
    Ay ömrümü alan adam.

    Nə olum həvəsim qalıb,
    Nə ölüm həvəsim qalıb,
    Səndən özgə kimsəm qalıb?
    Ay ömrümü alan adam.

    Qış bəxtimə xoş kimiyəm,
    Bir az əliboş kimiyəm,
    Öz ömrümə bir günüyəm,
    Ay ömrümü alan adam.

    Gündüzümün gözü qara,
    Can kəlməmin üzü qara,
    Kəfən adlı bezim qara,
    Ay ömrümü alan adam.

    16.11.2016.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Özümüzə tale yazdıq”

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Üzülməyən sevgimizin,
    ürəyini niyə üzdük?!
    Özümüz də heç bilmədən,
    Yolumuzu tərsə düzdük.

    Yol gözləyən izimizin,
    Dedik həsrət, kədər bizim,
    Şirin dadan sevgimizin,
    Badəsinıə acı süzdük.

    Kim uduzub, kim nə udub,
    Şirin anları unudub,
    Fələyin əlindən tutub,
    Özümüzə tale yazdıq..

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Duyğuların qanadıyam”

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Buz bağlayan yollarını,
    Nəfəsimlə əridəydim.
    Bu ağlayan sevdamızı,
    Gücüm çata, kiridəydim.

    Bir dünyalıq can oduyam,
    Duyğuların qanadıyam,
    Mən sevginin öz adıyam,
    Göydə sevib, yerə dəydim.

    Yaz dərdimi, yaz aramla,
    Nə yaşayım bu yaramla,
    Vüsalımı damla-damla,
    Ürəyinə yeridəydim.

  • Şair Habil Yaşarın “Yeddinci ayın yeddisi” kitabının təqdimat mərasimi keçiriləcək

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair Habil Yaşarın “Yeddinci ayın yeddisi” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) maliyyə sədri, şair Habil Yaşarın “Yeddinci ayın yeddisi” adlı yeni kitabı işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • PROFESSOR VÜQAR ƏHMƏDİN YENİ MONOQRAFİYASI ÇAP OLUNUB

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 4 oktyabr 2022-ci il tarixli (6 saylı protokol) qərarı ilə Mətbuat  tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Hayrettin Hoca” monoqrafiyası  nəşr edilib.

    Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Ön söz”ün müəllifi Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, redaktoru böyük elmi işçi Dilbər Rzayevadır. Rəyçiləri professor, şair Elçin İsgəndərzadə, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Gülbəniz Babayeva və şair, tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qardaş Əlişoğludur.

    Professor Hayrettin İvginin elmi-ədəbi fəaliyyəti haqqında monoqrafiya “Ecoprint” nəşriyyatında 200 səhifə ilə çap olunub. Türk Dünyasının şöhrətli alimi, akademik Hayrettin İvginin yaradıcılığı çoxşaxəlidir. O həm folklorşünas alim, araşdırmaçı, ədəbiyyatşünas, həm də tarixçi-etnoqrafdır. Əgər onun yazdığı lirik şeirləri ayrıca bir poetik məziyyət hesab etsək, Hayrettin bəyin yaradıcılığının ümumi mənzərəsini tamamilə əhatə etməkdən ötrü, bəlkə də, onlarla kitab yazmaq lazım gələr. Bu səbəbdən də müəllif onun yaradıcılığı ilə sadəcə yığcam şəkildə oxucuları tanış etmək istəyib.  Professor Hayrettin İvginin dəst-xəttinin nə qədər gerçək olduğunu təsdiqləməkdən ötrü Vüqar Əhməd bu monoqrafiyada bir sıra tədqiqatçıların, elm adamlarının kitablarından, məqalələrindən, yazılarından faydalanaraq, eyni zamanda arxiv sənədlərinə istinadən öz araşdırmalarını və fikirlərini ümumiləşdirərək bu

    əsəri meydana gətirib.

    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyadan türk filologiyası ilə məşğul olan bakalavr, magistrant, doktorant, eləcə də tədqiqatçı alimlər faydalana bilər.

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycan Yazıçılar Birliyinin elanı

    Azərbaycan Yazıçılar Birliyi və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illiyi ilə bağlı tədbir keçirir.

    Tədbirdə Xalq yazıçısı Elçin Şirindil Alışanlının yardıcılığı barədə məruzə edəcək.

    Tədbir 2022-ci il noyabr ayının 25-də saat 14:00-da AYB-nin Natəvan adına klubunda keçiriləcək. Maraqlananlar iştirak edə bilər.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ali canlı olan insanın vəhşi heyvandan fərqi

    Nemət Tahir yazır

    Canlılar içərisində yeganə canlı insandır ki, öləcəyini bilir. Yəni  bu mahiyyəti ali də olmasa, dərk edir. Orta ömürlü bir insan özü ölənədək çox dəfnlər görür. Gözləri ilə görür ki, insanı axırda aparıb 2-3 m² torpağa atıb üzərini də torpaqlayırlar.

    Əslində, ölümün nə olduğunu bilməyən canlılar insanların etdikləri rəzillikləri  etməlidirlər. Şirlər rüşvət almalıdırlar. Canavarlar mülkiyyət hərisi olmalıdırlar. Fillər təbiəti məhv etməlidirlər. Amma bütün bunları onlar yox, öləcəyini bilən insanlar edir. 

    Öləcəyini bilməyən bütün canlılar bir parça qarınlarını doyurduqdan sonra çəkilib kənardan həyatı seyr edirlər. Günəşə baxırlar, çayları keçirlər, çəmənlərdə gəzirlər. 

    Öləcəyini bilən insan isə bütün ömrünü acgözlüyə sərf edir.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “Peç üstündə palçıqlı çörəyi yenidən bişirərək yeyirdik…”

    Emin Piri yazır

    Ağdanın işğaldan azad olunmasının 2-ci ildönümü münasibəti ilə

    Ağdam mənimçün həssas nöqtələrdən olub. Zabit kimi gəncliyimi Ağdam səngərində keçirməyim, əsgərlərimlə metr-metr səngər qazaraq daha irəliyə post çəkərək vətən torpağının metrlərlə azadlığına sevinmək və s. doğmalaşdırmışdı. Öldürdüyümüz düşmən, verdiyimiz şəhid mənə ağdamlı günləri şərəfli ömrə çevirmişdi.

    Hə, özümü sumqayıtlı saysam da, Cəlilabadda doğulsam da, süd anam ağdamlı olub deyə bir az da qürur məsələsi olmuşdu.

    Yazdığım qeydsə elə orada ərsəyə gəlib. 

    BİR ZAMANLAR AĞDAMDA

    I

    Əsgər sinəsi axtarır

    isinməyə

    fevral şaxtasından

    üşüyən güllə.

    Elə fevral ayı olardı o əsgərin özünü gülləyə vətən etməsi… “Sağ qalan varmı?!” şeirimdəndir bu parça. Elə şeirlər kitabımın adı da”Sağ qalan varmı?!” idi. 

    Ağdamda səngər həyatımız davam edirdi.  Ötən ildən, Vətən Müharibəsindən fərqli olaraq  metr-metr səngər irəli çəkməyin sevincini yaşayırdıq. Hər dəfə bir neçə metr irəli səngər çəkmək bizə hansısa kəndi azad etməyin sevincini verirdi. Daha irəlidə post qurmaqsa sanki bir rayon, şəhəri azad etməyin ekstazını yaşadırdı. Bu səngərlərin çəkilməsini zamana böləndə, düşmən qarşısında gecələrlə səngər qazmaq sanki iynəylə eşələnmək idi. Bəzən bir neçə metr irəli səngər çəkmək günlərlə də deyil, aylarla zaman alırdı. Əlbəttə, bu səngər çəkmələr itkisiz başa gəlmirdi. Nəmirli və Şurabad kəndinin sol cinahı tərəfdə bu dəfə digər bölməyə tapşırılmışdı səngər işi. Gecə vaxtı və snayper gülləsi bir gəlinliyi əbədi sahibsiz qoydu. Bir sevən qızın arzularını özüylə birgə apardı. Bəlkə də düşmən silahında üşüyən güllə əsgər sinəsində qızınmağa yer axtarırdı. Beləcə bu şeirim meydana gəldi. 

    Həyat bu qədər fanidir, kiminsə sevərək oxuduğu, kiminsə həzz aldığı şeirlərin altında hansısa faciə, ananın göz yaşı və ya qan dayanır.

    ıı

    “alo, alo, alo…”

    İllərdi gecələr yuxudan təngənəfəs oyanırdım. Bəzən tər içində, bəzənsə boğulmaq üzrəykən… Bu oyanmalar 2010-cu ilin əvvəlindən 2020-ci ilin sentyabrına kimi davam etdi. Əvvəlki illər hər gecə, sonra həftədə bir, sonrasa, ayda 1-2 dəfə yuxularıma haram qatan bir qız idi. Üzünü görmədiyim, heç zaman rastlaşmadığım bir qız. Daha doğrusu, bir qızın səsi. O, heç nə danışmır, hesabını bilmədiyim sayda “alo, alo, alo…”. Yuxularıma haram qatan bu “alo”lar idi. Axı, kim idi bu qız, niyə hər gecə yuxularımda “alo” deyərək qışqırır və mənə əzab verir?!

    Vətən müharibəsi məni bu əzabdan qurtardı. Daha o yuxuları görmürəm, kimsə yuxumda “alo” deyə qışqırmır. İndi öz əzablarım, öz yaşantılarım, bu müharibədə gördüklərim yuxumu qarışdırır. Vətən müharibəsi təkcə Qarabağı deyil, məni o qızdan, o səsdən xilas etdi.

    2010-cu ilin qışı… Ağdam. İşğal olunmuş kəndlərin qarşısı… Səngər həyatımız davam edir. Burada başını səngərdən qaldırmaq ya hansısa snayperin sinəsinə medal taxmaqdır, səngərdən qırağa çıxmaqsa, ayaqlarını minalar üstündə unutmaq.

    Niyə 2010-cu ilin hadisələrindən indi bəhs edirəm – deyə bilərsiniz. Keçmişdə etdiyim qaralamalarıma maraq Vətən müharibəsi zəfərindən sonra maraq oyatdı. Həm də əvvəl bunlara elə də həvəsli deyildim. Çünki məğlub bir ölkənin səngər həyatından bəhs etməyi ya özümə yaraşdırmır, ya da utanırdım. Axı kimə nəyi sübut edəcəkdim? Utanırdım… Məğlub bir ölkənin zabiti kimi xatirələr dərc etməkdən. Eləcə səngər şeirlərimlə ovunurdum. Hə, bu müharibə məni həm şeirlərlə ovunmaqdan, həm də yuxularımdakı qızın səsindən xilas etdi…

    Müşahidə postunda duran əsgər anidən qışqırdı; – “Komandir, erməni”. Dərhal müşahidə postuna çıxdım. Postda ermənini görmək sizə nə qədər qəribə gəlsə də, arzuladığın əzizini görməklə müqayisə edə bilərdim. Yox, yox, o ermənini bağrımıza basmaqçün deyil, gülləyə tuş etməkçün.

    Tr-8-lə müşahidə apardıq. Bir əli cibində, birindəsə telefon qulağına söykəyərək hərəkət edir. Hərəkət edir deyirəmsə, gövdədən yuxarını görürük. Özünü o qədər itirib ki, düşmən valının arxasından çıxdığının fərqində deyil. Axı, adam kiminlə belə danışıb dünyanı unudub öz səngərini tərk edə bilər? Anasımı, sevgilisimi, bacısımı? Onun özündənrazı, tərki dünya olaraq harda olmasını unutması adamın ağlına yalnız sevgilisini gətirə bilir. İnsan onun etdiklərini sevgilisi ilə danışanda edə bilər…

    Bu qədər danışmağıma baxmayın, bu qədər düşüncə bir an ərzində baş verir. Vuraq? Ani olaraq beynimin içindəki düşüncələr mənə imkan vermir? Bəlkə danışdığı adam anasıdır? Və həmin vurulsa… Ya da sevgilisi? Bu elə ən böyük sevgi qətliamı olar. Telefonun qarşısındakı şəxsin o vurulduğu an keçirəcəyi hissləri ağıla gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində biz olsaydıq? Danışdığımızsa sevgilimiz, anamızdırsa?

    Bəlkə də, bütün bu düşüncələr bir saniyəlik zaman intervalı olmadan ildırım sürətilə beynimin bir guşəsindən keçir. Amma…

    Erməni əsgəri ordadırsa, əminəm ki, bizi görsə, böyük sevinc hissi ilə vurardı. O burdadır ki, o ona görə vurar ki, bir azərbaycanlının vurulması onunçün medaldır, məzuniyyətdir, özgüvən hissidir, gələcəkdə karyerada yüksəlişdir, məclislərdə özünün və qohumlarının bu hadisədən genələ-genələ danışması, erməni TV-lərində bol-bol öz qəhrəmanlığından danışmaqdır.

    Vuraq? Snayper başından nişan aldığını bildirir. Vur!..

    Səngərdə əsgərlərimiz atışdan sonra “ura!” deyə qışqırır, sevinir, sonrasa ani boşluq. Rabitə ilə koordinatı verib məruzə edirik. Atəşkəs dövründə belə atışlar zamanı koordinat məruzə olunur, vurulmanın dəqiq olub-olmadığını gözləyirdik. Bizə lazım olan xəbərin təsdiqlənib-təsdiqlənməməsidir. Bir neçə saat gözləyir, bu hadisənin nə ilə sonuclanacağından səbrsizlənirdik. Amma nə deyilsə də, atışdan sonra onun necə yerə sərildiyinin gözümüzlə şahidi olduq, axı, – deyirəm özüm-özümə.

    Axşama yaxın rabitə ilə xəbər verilir ki, verdiyiniz xəbər təsdiqini tapıb, vurmusunuz. Sevinclər yenidən artır… Qeyd olunası xəbərdir. Həmin gecəni aşağıdan gətirtdiyim yeyib-içməklə qeyd edirik. Bir növ səngərdə bu xəbərə əsl qonaqlıq verirəm. Ölüm xəbərinə sağlıqlar deməklə. Səhv etmirəmsə, Dövlət radiosunun axşam buraxılışıdır. Verilən xəbər sağlıqlarımıza qoşulur. Atəşkəs pozulub, düşmən təxribatının qarşısı alınıb, düşmən hərbi qulluqçusu “…” məhv edilib.

    (Əlbəttə, istəyən şəxslər bu adı, yeri və s. arxiv materialına əsasən əldə edə bilər. Burada bu məlumatı, adı olduğu kimi vermək həm etik, həm də bəzi məsələlərə görə doğru olmadığından hallandırılmır).

    Səngərin bir köşəsinə çəkilirəm. Kimsənin məni görməyəcəyi bir küncünə. Özümdən asılı olmadan ağlayıram. Bütün gecəni. Həm sevinmək, həm də ağlamaq. Axı mən kimə ağlayıram belə? Məni ağladan kimdir, hansı hisslərdir? Kimə ağlayıram belə? Ölən erməniyə, ölən sevgiyə, yoxsa nəyə? Bəlkə elə özümə? İçimdə qopan fırtınaya cavab tapa bilmirəm…

    O gündən sonra yuxularımda kimsə, daha doğrusu, bir qız “alo, alo” deyərək qışqırır. Mənsə təngnəfəs, tər içində oyanır, mətbəxə keçir, su içir, bəzən ağlayır, bəzənsə siqaret yandırırdım… 2020-ci ilin sentyabrına kimi… Məni kölgə kimi izləyən o qız, o səs qeybə çəkilib. Artıq öz əzablarımı görürəm, öz əzablarım yuxudan oyadır məni…

    …Yenə belə əmr verə, yenə belə edərdimmi? Mütləq ki, bəli. Yenə öldürərdik, yenə bu ölüm xəbərinə qonaqlıq verərdim, yenə də səhərə kimi ağlayardım…

    III

    Səngər şəhidi

    Tağım komandiri kimi iki kəndin qarşısındakı mövqeləri qorumaq bizim heyətin üzərinə düşür. İki həftədən bir yerdəyişmə olur. Gah bu iki kənddən birinin, gah da o birinin qarşısındakı səngərlərdə oluruq. Hər kəndin qarşısında üç post var. Hər tağıma üç post düşürdü. Bir postda bir tağım komandiri ilə bir manqa, digərində tağım komandirinin müavini(gizir) ilə digər manqa, üçüncü postdasa MAXE-nin başçılığı üçüncü manqa. Bu üç posta postlar başılıçığı dövründə üç kərə erməni vuruldu. Daha doğrusu təsdiqlənən vurulmuş erməni sayı üç oldu.

    Həmişə içimizdə bir qorxu vardı, bunun bir bədəli nə zamansa olacaq…

    Təzə tərxis olunmuşdum. Bir neçə gün keçmişdi. Çavuşlarımızdan Məmmədova zəng etdim. Dəfələrlə zəng çatmadı. Zabit yoldaşımız Xantəmirova zəng etdim, Məmmədov şəhid olub cavabıyla qulağım cingildədi…

    Bədəl verilmişdi…

    Ağdam torpağı bərəkətli və bolsulu idi. Yağışlar vaxtı, qar əriyəndə bütün axıntı səngərə dolurdu. Bəzən səngərdə su dizə çatırdı. Beləcə, nə hərəkət etmək olurdu, nə də yemək təminatı düzəməlli. Çörək də belə havalarda palçıq qarışıq olurdu. Bir növ peç üstündə palçıqlı çörəyi yenidən bişirərək yeyirdik. Əvvəlki vaxtlarımızda restoranda yediyimiz çörəkdən daha dadlı idi o palçıq-çörək.

    Hə , onu deyirdim, belə havalar, palçıqlı, yağışlı günlər ermənilər üçün ov vaxtı, qisas günləri olurdu. Çünki yağışdan sonra səngərlər, üstü, bermalar dağılır. Bizsə o səngərləri, bermaları yenidən düzəltməyə çalışırdıq. Belədə gülləyə tuş gəlməmək şans məsələsi olurdu. Bununçün gecə vaxtları seçirdik. Həmin dövrün texnoloji vasitələri indiki qədər deyildi, amma hər zaman gecə görmə cihazından istifadə etmələri mümkün idi. Necə ki, bəzən istifadə etmişdilər. Ya da təsadüfi səngər boyu səpələmə atəşə tutmaq.

    Çavuş Məmmədov da belə günlərin birində boğazından vurularaq şəhid oldu. 

    ıv

     Ev yıxan şərab çənləri

    Ağdamda sovet dövründə üzümçülüyün hansı formada inkişaf etdiyini bilirsiniz. Mövqelərin qarşısında iki böyük keçmiş çaxır çəni var idi. Hündürlüyü 10metrdən çox olardı. Gedəndə öyrənmişdim ki, adətən o çənlərin üzərində ermənilər snayper yerləşdirir…

    Elə snayper atışları da məhz ordan olurdu çox vaxt.

    O çaxır çənləri çox evə od salmışdı…

    Bəlkə simvolikdir, şərab müharibəsiz də, mülki həyatda da çox evi yıxıb…

    V

    Biz qaldırırıq, onlar vurur

    Üzümlük deyilən ərazi vardı. Səngər irəli çəkməklə həmin üzümlük ərazisində mövqemiz ermənilərin bölük dayaq məntəqisinin 26 metliyinə çatmışdı. Gecələr orada “pasinka”lardan müşahidə postu qaldırırdıq. Səhərsə ermənilər oranı qumbaratanlardan atəşə tuturdu. Belə hallar, belə “hərbi oyunlar” dəfələrlə təkrarlanırdı; Biz gecələr qaldırırdıq, onlarsa gündüzlər vururdu…

    VI

    Ay piri…

    Gizirimiz, tağım komandirinin müavini Əmirxanovla hərbi münasibətlərdən əlavə səngər dostluğum da vardı. Mənə qısaca olaraq Piri deyirdi. Ya da uzaqdan çağıranda “ay piri” deyə. Bəzən bir-birimizi bərk çağıranda cəmi bir neçə metrlik məsafədə bizim adları yəqin ki, ara-sıra eşidirdilər qarşı tərəfdə…

    Üzümlük dediyim ərazidən keçəndə qarşı tərəfdən eşitdiyim səs tüklərimi biz-biz etdi. Ay piri, Ay piri; qışqırırdılar erməni valının arxasından.

    Səngər həyatımdan sonra Piriyev Emin Emin Piri imzasına çevrildi beləcə. Piri adı gizirimizin mənə müariciətindən sonra doğmalaşmışdı. Qarşı tərəfindən səsləməsindən sonrasa “PİRİ” şeirlərimin imzasına çevrildi.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • İntiqam Yaşar Tunisdə Beynəlxalq Poeziya Festivalında ölkəmizi təmsil edəcək

    Noyabrın 24-27-də Tunisdə keçiriləcək 42-ci Beynəlxalq Poeziya Festivalında ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar təmsil edəcək.

    AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkələrindən ədəbiyyat nümayəndələrinin iştirakı ilə təşkil olunacaq tədbir Tunisin Tozour şəhərində keçiriləcək.

    Tədbirdə şeirlər oxunmaqla yanaşı, həmçinin müxtəlif panellərdə ədəbi müzakirələr təşkil olunacaq. Səfər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

    Mənbə: https://azertag.az/

  • “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb

    Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqənin qalibi olan Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən təqdim olunmuş “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb. “Ədəbiyyat və incəsənət” portalı bu barədə DGTYB-nin sədri İntiqam Yaşara istinadən məlumat verir. 

    “Böyük  Azərbaycan şairi Nizami Gəncəvi irsi, Nizamişünaslıq daha çox Sovet dövründə akademik səviyyədə tədqiqata cəlb edilib. Müstəqillik dövründə də Nizaminin geniş tədqiqat obyekti olan əsərləri daha çox orta və daha yuxarı yaş qrupuna daxil tədqiqatçıların akademik yanaşmalarının, elmi incələmələrinin istinad nöqtəsi kimi xarakterizə olunub.  Bu da, təbii olaraq, daha geniş auditoriyalaraın, günümüzdə geniş oxucu kəsiminin, əsas etibarı ilə gənclər kəsiminin tam da diqqəti mərkəzində sayıla bilmir. Nizami Gəncəvi yaradıcılığı akademik-elmi yanaşmaların şəkilləndiyi, boy atdığı istiqamət üzrə və yaradıcılıq örnəklərinin yenidən mütaliəsi və müasir texnoloji yanaşmaların tələblərinə uyğun şəkildə səsləndirilməsi, tirajlanması baxımından həm ölkəmizdə, həm də Türk dünyasının digər ölkə və topluluqlarında gənclərin diqqətini çəkməlidir. 

    Danılmaz faktdır ki, bütün dövrlərdə həqiqi Nizamişünaslar, Nizami Gəncəvi yaradıcılığının araşdırmaçıları, bu misilsiz dünya ədəbiyyatı şedevrinin aşiqləri olub, bütün bu sadlananlar əsas verir ki, Nizami irsinə yenidən, daha dərindən, daha üfüqügeniş şəkildə yanaşılsın”, – təşkilatdan bildirilib.

    Qeyd edək ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan araşdırmaçı yazarların məqalələrindən ibarət kitabın çap olunması, layihə ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur. Layihənin yekununda çap olunmuş kitabın geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Sona İNTİZAR.”SƏNƏ AİD ŞEİRİM”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Əlimdə əlinin qoxusu qalıb
    Sığalı duyuram saçımda hələ
    Necə də xoş idi… Fikirə dalıb,
    Xatirən gəlibdir ağlıma yenə…


    Ürəyim çırpınır həyəcanından,
    Doğma bir nəfəsdə, doğma qollarda
    Sənin od-alovlu baxışlarından
    Bax , həsəd aparır sənə yollar da.


    Gəl sarıl belimə, al qollarına,
    Qoru bu həyatın zülmündən məni.
    Adım hecalansın dodaqlarına,
    Sən çağır…
    Hayına hay verib, səsləyir səni.


    Gəl yoluna qurban, gəl bu həsrəti
    Dəf edib, biz çataq arzuya, kama…
    Səndən yetim qalan bu məhəbbəti
    Gəl, çatdır vüsala, yarım buraxma


    Qələmim tək səndən yazır-yaradır
    Şeirimin hər sətri səndən bəhs edir…
    Sonanın sevgisin ürəkdən alır…
    Qələm sətirlərdə səni vəsf edir…

  • Şair-publisist İbrahim İLYASLI Fikrət Sadıq adına “İşıq” mükafatına layiq görülüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Şair-publisist İbrahim İLYASLI Fikrət Sadıq adına “İşıq” mükafatına layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı maestro Niyaziyə həsr olunub.

    Dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan oluub. Əslən Şuşalıdır.

    O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

    Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik müğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.

    Niyazi Z. Hacıbəylinin “Aşıq Qərib”, Ü. Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salıb.

    Niyazi 1934-cü ildə “Zaqatala süitası”nı yazıb, 1944-cü ildə iki hissəli “Qəhrəmanlıq” simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb.

    İfaçılıq sənəti tanınmış sənətkarlar D. Şostakoviç. Ş. Q. Şarayev, K. Sekki, B. Tarcan, V. Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib.

    Niyazinin “Konsert valsı” və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, “Təbrizim”, “Dağlar qızı”, “Vətən haqqında mahnı”, “Arzu” mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin “Dağılan tifaq”, C. Cabbarlının “Almas”, S. Vurğunun “Vaqif”, A. Korneyçukun “Polad qartal” dram tamaşalarına, həmçinin “Almas”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılan musiqilərin müəllifidir.

    Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat edib. 

    Mənbə: https://culture.gov.az/

  • Özbəkistanda Azərbaycan ədəbiyyatının da yer aldığı “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası nəşr edildi

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk dövlətlərinin şair və yazıçılarının əsərləri Özbək dilinə tərcümə olunmuş “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası Daşkənddə “Özbəkistan” nəşriyyatında çap edilib.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu il oktyabrın 15-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən VII Zirvə toplantısında irəli sürülən təkliflər əsasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasının hazırlanması və nəşri ilə bağlı göstəriş verib.

    Özbəkistan Yazıçılar Birliyi və Elmlər Akademiyası tərəfindən hazırlanmış çoxcildlikdə ümumi Türk ədəbiyyatının ən yaxşı nümunələri, Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, eləcə də Türkmənistan və Macar ədəbəbiyyatına dair 629 görkəmli şair, yazıçı və mütəfəkkir əsərləri öz əksini tapıb.

    Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Əfzaləddin Xaqani, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Heyran xanım, Natəvan, Seyid Əzim Şirvani, Hüseyn Cavid kimi 200-ə yaxın klassiklərimizin, şair və yazıçının yaradıcılığı ilə 16 cilddə təqdim olunur. Çoxcildlikdə yer almış Azərbaycan əsərlərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbiyyatımıza dair tərcümələrindən də geniş istifadə olunub.

    “Türk ədəbiyyatı inciləri” əsərlər toplusunda Məmməd Səid Ordubadi, Məhəmməd Hadi Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Mirzə İbrahimov, Əhməd Cavad, Süleyman Rüstəm, Almas İldırım, Mikayıl Müşfiq, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Anar, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Elçin,  Yunus Oğuz, Ramiz Əskər, Səlim Babullaoğlu, Firuz Mustafa, Qənirə Paşayeva, Əkbər Qoşalının əsərləri də yer alıb.

    Özbəkistanda bu möhtəşəm layihənin yaradılmasında 200-dən çox tərcüməçi, 100-dən çox ədəbiyyatşünas və mətnşünas, yazıçı, redaktor və rəssam iştirak edib. Kolleksiya 200 min nüsxə tirajla Daşkənddə çap olunub.

    Cari ilin 22 noyabr tarixində Özbəkistan Dövlət Şərqşünaslıq Universitetində Türk dövlətlərinin Özbəkistandakı Səfirlikləri və Mədəniyyət Mərkəzlərinin iştirakı ilə sözügedən layihənin və nəşrlərin geniş təqdimatı keçiriləcək.

    Azərbaycanı tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov təmsil edəcək.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasının hazırlanması və nəşri qardaş ölkənin Türk mədəniyyəti, ədəbiyyatına böyük töhfəsi sayılır və cəmiyyət arasında böyük rezonans yaratmışdır.

    Qeyd olunub ki, gələcəkdə sözügedən layihənin davam etdirilməsi, Türk dövlətlərinin müasir dövr ədəbiyyatına dair yeni-yeni şair və yazıçıların əsərləri ilə yanaşı, yalnız Türk dövlətlərini deyil, bütövlükdə Türk dünyası, Türk toplumlarının şair və yazıçılarının da əsərlərinin nəşri nəzərdə tutulub.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Anar Kərimov Rabatda ICESCO-nun Baş direktoru ilə görüşüb

    Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir. Səfər çərçivəsində noyabrın 20-də Rabat şəhərində, ICESCO-nun qərargahında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

    Təşkilatın Baş direktoru Salim Məhəmməd əl-Malik nümayəndə heyətini salamlayaraq, 2021-ci ilin yanvarında və cari ilin mayında ölkəmizə gerçəkləşən səfərlərindən söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini, habelə ölkəmizin Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətlərini və ICESCO-nun elan etdiyi “Qadınlar İli” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də keçirilmiş videokonfrans formatında tədbirdə çıxışını məmnunluqla xatırlayıb. Hər iki səfərində ölkəmizin işğaldan azad edilmiş ərazilərini ziyarət etdiyini deyən Salim Məhəmməd əl-Malik Azərbaycana hər zaman sevə-sevə gələcəyini bildirib.  

    ICESCO-nun yeni strategiyasının təşkilatın beynəlxalq nüfuzunun artmasına ciddi təsir etdiyini bildirən nazir Anar Kərimov qlobal böhranlar dönəmində sülh, ədalət və inkişaf dəyərlərinə sadiq qalmağın önəmindən bəhs edib. Nazir, bəzi təşkilatlardan fərqli olaraq, dini, milli və s. mənşəyinə rəğmən mədəni irsin qorunmasını siyasiləşdirməyən ICESCO-nun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələn ilk beynəlxalq təşkilat olduğunu minnətdarlıqla qeyd edib.

    Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən elan edilmiş mədəniyyətlərarası dialoq naminə “Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlərdə ICESCO-nun strateji tərəfdaş kimi iştirakından söz açan Anar Kərimov ölkəmiz tərəfindən 2021-ci ildə, postmüharibə dövründə elan edilmiş “Mədəniyyət naminə sülh” qlobal kampaniyasında da təşkilatın tərəfdaşlığının bizim üçün əlamətdar olduğunu deyib.

    Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bu il 270 illiyinin qeyd edilməsi haqqında məlumat verən nazir ICESCO-ya təqdim edilmiş “Şuşa – İslam Dünyasının Mədəniyyət Paytaxtı 2024” nominasiyasının da uğurlu olacağına ümidvar olduğunu bildirib.

    Azərbaycan-ICESCO münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir Prezident İlham Əliyev tərəfindən təşkilatın ölkəmizdə Regional Ofisinin açılması ilə bağlı sazişə dair müvafiq sərəncamın artıq imzalandığını məmnunluqla diqqətə çatdırıb.

    Görüşdə ICESCO-nun müxtəlif bölmə rəhbərləri Azərbaycanla həyata keçirilən ortaq layihələrə dair nazirə məlumat veriblər.

    Görüşdən sonra Salim əl-Malik nazir Anar Kərimovu ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib. Bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, ədəbiyyatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir. Ekskursiyanın sonunda Anar Kərimov ölkəmiz adından muzeyə Azərbaycan dilində Qurani-Kərim hədiyyə edib. Qeyd edək Anar Kərimov yeni açılmış muzeylə tanış olan ilk xarici mədəniyyət naziridir.

    Sonda ICESCO tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib.

    Mənbə: https://culture.gov.az/

  • Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fikrət Əmirov 100” Musiqi Festivalı çərçivəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı keçirilib.

    Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

    Bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin və dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər. Konsertdə “Azərbaycan” simfonik suitası, “Azərbaycan elləri”, H.Cavidin “Şeyx Sənan” musiqili dramından “Kor ərəbin mahnısı”, “Kürdi-Ovşarı” simfonik muğamı, “Sevil” operasından Balaşın ariyası və “Azərbaycan kapriççosu”, F.Əmirov-E.Nəzirova – piano və orkestr üçün ərəb mövzuları əsasında Konserti səsləndirilib.

    Onu da qeyd edək ki, konsertin proqramında Fikrət Əmirovun işlənməsində Xalq mahnısı “Gözəlim sənsən”​ dirijor Mustafa Mehmandarovun redaktəsində ilk dəfə olaraq Azər Zeynalov tərəfindən ifa olundu.

    Konsert proqramı tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

    Mənbə: https://culture.gov.az/

  • Görkəmli Azərbaycan şairi Rafiq YUSİFOĞLU haqqında yeni kitabı işıq üzü görüb

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsi”ndən çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğluya həsr olunmuş “Rafiq YUSİFOĞLU.Biblioqrafiya” adlı kitabı işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • “Doğma diyar Azərbaycan” adlı uşaq rəsm müsabiqəsi davam edir

    Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularını, həmçinin vətənpərvərlik və vətən sevgisi hisslərinin formalaşmasına xidmət, habelə böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə “Doğma diyar Azərbaycan” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsi davam edir.

    AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər noyabrın 30-dək Bakı Xətai Sənət Mərkəzinin feysbuk səhifəsində (https://www.facebook.com/groups/xetaisenetmerkezi) təqdim etdiyi əsərin fotosu ilə bərabər yarışmaya qatıla bilərlər.

    Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.

    Seçim 3 yaş kateqoriyası üzrə (11 yaşa qədər, 11-16 və 16-21 yaş arası) aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək.

    Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

    Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər.

    Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

    Müsabiqəyə “Qəhrəmanlıq və hərbi vətənpərvərlik, musiqi və sənət alətləri”, “Sənət nümunələri, müxtəlif peşə sahibləri, yaşayış bölgəsi və təbiət”, “Simalar və dahi şəxsiyyətlər, tarixi abidələr və mətbəx nümunələri” və “Əşya və geyim nümunələri və mədəni müxtəliflik” mövzularında işlənmiş əsərlər təqdim olunmalıdır.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət naziri Anar Kərimov kinorejissor Oleq Səfərəliyevlə görüşüb

    Mədəniyyət naziri Anar Kərimov noyabrın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kinorejissor Oleq Səfərəliyevlə görüşüb.

    Rejissoru 70 illik yubileyi münasibətilə təbrik edən nazir onun milli kino sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb. Bildirib ki, yubilyar sənətkar “Murad-Sad”, “Canlı yayım”, “Kilsə”, “Müdriklərlə söhbətlər”, “Ka-De-Bo”, “Qorxu mağarası”, “Əlvida, cənub şəhəri” və s. bədii və sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasına töhfələr verib.

    Görüşdə həmçinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılmış Azərbaycan Respublikası Kino Agentliyinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb və agentliyin ölkəmizdə kino sənayesinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

    Sonda nazir yubileyi münasibətilə Oleq Səfərəliyevə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb, Mədəniyyət Nazirliyinin fəxri fərmanı və “Şuşa – 270” xatirə nişanını sənətkara təqdim edib.

    Oleq Səfərəliyev səmimi qəbula və sənətinə göstərilən diqqətə görə nazir Anar Kərimova öz təşəkkürünü bildirib.

    Mənbə: https://culture.gov.az/

  • Xızının mədəniyyət işçiləri narkomaniyaya qarşı

    Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizəyə dair mövcud Dövlət Proqramının icrası olaraq bir çox qurumlar kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi də müxtəlif tədbirlər təşkil etməkdədir.

    Belə ki, 17 noyabr 2022-ci il tarixində Xızı rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə  təşkilatçılığı və aidiyyatı üzrə müxtəlif qurumların iştirakı ilə “Narkomaniyaya yox deyirəm və sağlam həyatı seçirəm! Bəs sən?” adlı maarifləndirici seminar keçirilib. Tədbir çərçivəsində mövzuya dair “Bölgə” eksperemental teatr truppası tərəfindən “Həyat tablosu” adlı tamaşa səhnələşdirilib.

    Seminarın məqsədi sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, həmçinin milli şüurun inkişafı və vətənpərvərlik hisslərinin aşılanması kimi məqamlardan ibarət olub. 

    Tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açaraq, Mədəniyyət Nazirliyinin qurumları tərəfindən görülən və görüləcək işlər barədə  danışblar.

    Seminarda çıxış edən Xızı rayon İcra Hakimiyyətinin nümayəndəsi Abdulla Hüseynov, Xızı rayon Polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Vüsal Məmmədov, Xızı rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elyanar Hüseynov, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədov, Xızı rayon  Mərkəzi Xəstəxanasının həkim-psixiatrı Ceyhun Qarayev, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin rəisi, polkovnik-leytenantı Gündüz Abdullayev, şair Etibar Dağlı yeniyetmə və gənclərin narkotik vasitələrə meyilliklərinin fəsadlarından, məktəblərdə antinarkotik təbliğatın vacibliyindən bəhs ediblər.

    Çıxışlarda qeyd olunub ki, bəzi gənclərin zərərli vərdişlərə meylinin artması  ağır  nəticələr törədir. Problemə müasir yanaşma, gənclər  arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilmək problemin həlli yollarına daxildir.

    İnteraktiv şəkildə davam etdirilən seminarda mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb, məsələ ilə bağlı metodiki vəsaitlər və xalq teatrlarında yeni təbliğat xarakterli tamaşaların hazırlanmasına dair təkliflər səsləndirilib. 

    Tədbir zamanı rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, bir sıra sənət növləri üzrə “masterclass” təqdim olunub.

    Səfər çərçivəsində maddi mədəni irs nümunələrimizə marağın və diqqətin artırılmasının önəmini nəzərə alaraq, Xızı rayonunda yerləşən, XIX əsr memarlıq abidəsi sayılan Köhnə hamam ərazisində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəz və Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşlarının və mədəniyyət könüllülərinin iştirakı ilə iməcilik işləri və Mikayıl Müşfiqin Xatirə Müzeyi ətrafında “Sən də gələcəyin üçün bir ağac ək” adlı ağacəkmə aksiyası keçirilib. Sözügedən aksiyalar abidə ərazisində ətraf mühitin mühafizəsi və bərpasına töhfə vermək, yaşıllıq zonalarını  genişləndirmək, ekoloji tarazlığı təmin etmək, insanlar arasında ekoloji mədəniyyətə, təbiətə diqqət və qayğı hissini təbliğ etmək məqsədilə keçirilib.

    Mənbə: https://culture.gov.az/

  • Ağdaş şəhərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısı alınıb

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən Ağdaş şəhərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə monitorinq həyata keçirilib.

    Monitorinq zamanı abidələr üzərində qanunsuz yerləşdirilən reklam lövhələrinin obyekt sahibləri tərəfindən sökülməsi təmin olunub.

    Bir daha mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərlərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi keçirilib

    Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd olunub. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək muzeyin yaranma tarixindən, həmçinin muzeyin kolleksiyasına yeni daxil olan eksponatlar – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid sırğalar barədə məlumat verib: “Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb”.

    Ş.Məlikova muzeyin vəsaiti hesabına “Bonhams” hərrac evindən alınan qızıl sırğaların isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlandığını diqqətə çatdırıb. O, öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaların varlı, dəbli xanımların taxaraq, baş örtüyündən nümayişkaranə çıxardıqlarını bildirib. “Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı. Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir”, – deyə muzeyin direktoru bildirib.

    Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey kollektivini yubiley münasibətilə təbrik edib. O, 17 noyabr tarixinin Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi gün, həmçinin görkəmli alim, xalçaçı rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun doğum günü olduğunu vurğulayıb: “Məlumdur ki, xalçaçılıq sənəti Azərbaycan xalqının yaradıcılıq irsinin ən parlaq nümunələrindəndir və ən qiymətli maddi-mədəni sərvətidir. Azərbaycan xalça sənəti özündə xalqın estetik dünyagörüşünü, bədii istedadını əks etdirir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur və sorağı dünyanın ən məşhur muzeylərindən gəlir. Ölkəmizdə xalça sənətinin inkişaf etdirilməsi və qurunmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Xüsusi qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mədəni irsimizə qayğısı və diqqəti nəticəsində xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi, şəhərimizin simvoluna çevrilmiş unikal binasının tikilməsi, Heydər Əliyev Fondunun dəstəyi ilə dünya miqyaslı nadir xalçalarımızın tarixi yurduna qaytarılaraq muzeyə bağışlanması böyük əhəmiyyətə malik nailiyyətlərdir”.

    Nazir müavini 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Qubanın “Uqah” və Qarabağın məşhur xalça kompozisiyalarından olan “Çələbi” xalçasının İtaliyanın tanınmış Sartirana Tekstil Sərgi Yarmarkasından alınaraq vətənimizə qaytarıldığını, muzeyə və Şuşa filialına hədiyyə edildiyini də diqqətə çatdırıb. Azərbaycanda xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafını həm sənət, həm də iqtisadi baxımdan əhatə edən  “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın xalça sənətinin gələcək inkişafını təmin edən vacib tədbirlərdən olduğunu vurğulayıb. Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən muzeyin 55 illiyi münasibətilə Ş.Məlikovaya və muzeyin bir sıra əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.

    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva muzeyin direktoru başda olmaqla bütün muzey əməkdaşlarını, tədbir təşkilatçılarını və xalça sənətinə aid olan və bu sənəti sevən hər kəsi təbrik edərək, belə tədbirlərin önəmini diqqətə çatdırıb: “Bu çox gözəl bir gündür, çünki Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyini qeyd edirik. Xalçaçılıq sənəti çox önəmli bir sənətdir. Bu sənətdə bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, zövqümüz, düşüncəmiz və fikrimiz əksini tapıb. Bu mənada xalçaçılıq sənətinin inkişafı hamımız üçün çox önəmli bir məsələdir. Etiraf etməliyik ki, bizim xalçaçılıq sənətinin dünyaya daha geniş şəkildə tanıdılması müstəqil dövlətçiliyimizin yenidən bərpası ilə bağlıdır”.

    “Pasha Holding”in şöbə müdiri Nazim Səfərov da yubiley münasibətilə muzey əməkdaşlarını, bütün xalçaçıları təbrik edib və xoş arzular diləyib.

    Sonra muzeyin kolleksiyasına yeni daxil olan eksponatların – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olub. Tədbirə qatılan qonaqlar sonda yubileyə həsr edilən lotereyada iştirak edərək xalça sənətinə dair müxtəlif suvenirlər qazanıblar.

    Mənbə: https://culture.gov.az/

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”AÇILAN SƏHƏRLƏR, PARLAQ ULDUZLAR”

    “Bu nəhəng şair, dəyərli alimimizlə mən hər görüşəndə ondan nəsə öyrənirəm. O, açılan səhərlər, parlayan ulduzlar kimi həmişə təzədir. Allah möhkəm can sağlığı versin. Həmişə yazıb yaratsın”…
    Əşrəf Veysəlli

    Əgər düşüncələr gəlirsə haqdan,
    Sözün ləngərindən dərə tərpənir…
    Dağın sinəsinə çəkilən dağdan
    Axı nə xəbəri dərə-təpənin?

    Nələr görməmişik gözü böyüdən?
    Yurdsuzluq qəlbimi ağrıdır, qardaş…
    Şairi böyüdən, sözü böyüdən
    İçindəki dərddi, ağrıdır, qardaş…

    Deşir qulağımı bayağı səslər,
    Hamı kül üfürür xalqın gözünə.
    Adının önündə xalq olan kəslər,
    Necə çıxacaqlar xalqın üzünə?!

    Həsrət selləriylə dərd yumalıyıq,
    Hikmət göylərində uçan nə gəzir?!
    Hərəmiz bir nəhəng dərd yumağıyıq,
    Onu çözələyib açan nə gəzir…

    Yarasa gözlülər inləyir dərddən,
    Qaranlıq bəbəklər qığılcım udur…
    Bərq vuran ulduzlar dərd qaynaq edən
    Şair qələminin qığılcımıdır…

    Zaman da üyütmür bu namərdləri,
    Yatan ürəkləri döyündürürük.
    Təzə sözümüzü köhnə dərdlərin
    Yalın ayağına geyindiririk…

    Gəlmişik ağrını söz eləməyə,
    Ciyər para-para, qəlb cadar-cadar.
    Bizim ömrümüzü təzələməyə
    Təkcə Yaradanın qüdrəti çatar…

    Haqq nuru məlhəmdi şair sözünə,
    Yaradan göylərdən izləyir bizi…
    Ay qardaş, nə vaxtsa haqqın üzünə
    Açılan səhərlər gözləyir bizi…

    20.12.2019

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ZƏFƏR MÜJDƏSİ”

    Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
    Gəldi doğma yurda səfər müjdəsi.
    Həsrətdən göynəyən viranə qəlbə
    Gözəl məlhəm imiş zəfər müjdəsi…

    Axır ki, açıldı paslı kilidlər,
    Bayraqlar yurdumu bəzəyir necə!
    Xaraba şəhərlər, xaraba kəndlər
    Viranə könlümə bənzəyir necə?!

    Ağır sınaqların, möhnətin izi
    Elə bilməyin ki, bizi sarsıtdı…
    Qəlbimizdə olan vətən sevgisi
    Bitib tükənməyən silah-sursatdı…

    Yaşadıq ayrılıq məşəqqətiylə,
    Bir köz kömür olub, bir közüm gülür.
    Doğmalar öldülər yurd həsrətiylə,
    Bir gözüm ağlayır, bir gözüm gülür…

    Uşaqlar böyüyüb, qocalmışıq biz,
    Anıb kövrəlirık o çağımızı…
    Şükür, boş qalmayıb bizim yerimiz,
    Yandıran olacaq ocağımızı…

    Ötdü uzun illər, namərd sənələr,
    Gəldi başımıza sonsuz bəlalar.
    Köçdü bu dünyadan baba-nənələr,
    Yurda sahib çıxın, əziz balalar…

    Çox yola salmışıq tufanları biz,
    Quruyan ümidlər tumurcuqlayır.
    Görəndə qeyrətli cavanları biz,
    Dolan gözümüzdə yaş muncuqlayır…

    Ürək çan atırsa çata yurduna,
    Yenə bu torpağa bahar gələcək!
    Övlad sahib çıxsa ata yurduna,
    Qərib məzarlarda ruhlar güləcək.

    Yadlara qıymayın, özünüz dərin,
    Cavanlar, köksümdə bitən həsrəti.
    …O yurdu bir dəfə görməyənlərin,
    Gözündən boylanır vətən həsrəti…

    -Qəlbimiz titrəyən nanə yarpağı,
    Həsrət quyusuna daş atmışıq biz.
    Bir yol görməsək də doğma torpağı,
    Onu qəlbimizdə yaşatmışıq biz…

    Geriyə dönərmi yaydan çıxan ox?
    Dönürük vətənə, qərar qətidi…
    O torpaq tək bizə babaların yox,
    Həm də şəhidlərin əmanətidi…

    …Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
    Gəldi doğma yurda səfər müjdəsi.
    Həsrətdən göynəyən viranə qəlbə,
    Gözəl məlhəm imiş zəfər müjdəsi…

    08.11.2020

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BAKIDA PAYIZ YAĞIŞI”

    Məni haldan-hala saldı
    Bakıda payız yağışı…
    Qəlbimi yaman kövrəltdi
    Təbiətin yır-yığışı…

    Qara asfalt gözəlləşib,
    Üstündə nə çox yarpaq var!
    Elə bil yapışıb yerə
    Sarı, qızılı yarpaqlar.

    Sanki xatirələr çimir
    Gözümün qaynar selində.
    Xəzəllər bir addamacdı
    Elə bil yağış gölündə…

    Ürəyimin arzusuna
    Axı necə qulaq asım?
    O addamacın üstünə
    Necə qıyıb ayaq basım?

    O qızın əlində xəzəl
    Dönüb payız çiçəyinə.
    Təşnə dodaqlarım qonub
    Təptəzə gül ləçəyinə.

    Payızam, yaz çiçəyini
    Mən necə bağrıma basım?
    Heç bilmirəm dönəcəkmi
    Bir də geri könül yazım?

    Sevinir üşüyən çiçək,
    Od tutub yanır yanağı.
    Elə bil qorxutmur onu
    Elin tənəsi, qınağı!

    Içimdə yaz havası var,
    Yeriyirəm ağır-ağır.
    Çölümə də yağış yağır,
    Içimə də yağış yağır…

    23.10.2014

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Döndərir”

    Təmiz saxlayasan gərək ağzını,
    Küləyə nə atsan, üzə döndərir…
    Həyat bir sehrli bumeranq kimi
    Kimə nə vermişik, bizə döndərir.

    Gəzdim yamacları, yaşıl düzləri,
    Düşübdür hər yana ömrün izləri,
    Dağlar lalələri, tər nərgizləri
    Yoluma dikilən gözə döndərir…

    Güllər ətir qatır əsən küləyə,
    Günəşdir dünyanı zərə bələyən,
    Ən uca dağları dərə eləyən
    Nəhəng kötükləri közə döndərir…

    Elə ki, adlayır ömür yarıdan,
    Ürək zillət çəkir köhnə yaradan,
    Şairi öldürmür Ulu Yaradan,
    Ömrünü nağıla, sözə döndərir…
    16.04.2020

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”HASARSIZ, ÇƏPRSİZ YERLƏR”

    Sakit оkeanın sahilində
    sakitsə-sakitcə
    Хəzər sahillərini andım.
    Bu nəhənglikdə оkean
    qədrini bilən оlsa
    elə dоğrudan da оkeandı.
    Burda nə qədər hasarlar
    çəkmək оlarmış, Ilahi.
    Burda nə qədər villalar,
    kababхanalar
    tikmək оlarmış, Ilahi!
    Burda nə qədər
    sahibini gözləyən
    bоş tоrpaqlar,
    yaşıl meşə, dağ, yamac,
    dərə-düz qalıb…
    Bu amerikanlar lap hərif imişlər –
    Bu qədər aхar-baхarlı yerlər
    hasarsız, çəpərsiz qalıb…
    07.08.2016. Temesqal.

  • Astarada gənclərinin yazıçı Varislə görüşü keçirilib 

    Bölgələrə mədəniyyət xadimlərinin hər bir gəlişi əsl toy-bayrama çevrilir. O cümlədən də yazıçıların. Azərbaycanın cənub bölgəsinin subtropik incisi olan Astaraya yazıçı Varisin gəlişi, “Şindan” otelinin konfrans zalında keçirilən görüş bu cəhətdən səciyyəvi oldu. Görüşə gələn gənclər o qədər bol təəssürat aldılar ki, bu təəssürat uzun illərə bəs edər.

    “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşü Astara gəncləri arasında sayılıb seçilən, 44 günlük Vətən müharibəsi qazisi Abbas İbrahimli açaraq şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Şəhidlər anılandan sonra o, gənclərə tanınmış yazıçı və jurnalist – Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, respublikanın əməkdar jurnalisti Varis Yolçuyevi təqdim eləyərək onun barəsində xoş sözlər söylədi. Görüşdə astaralı şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova, “Sim kitab köşkü”nün təsisçisi Fəranə Mikayılova, Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazadə, eləcə də yazıçının uşaqlıq dostu Telman Aslanov çıxış etdilər. Şəhid Nurlan Rəhimovun  oğlu Əlövsət Rəhimli və qızı Səidə Rəhimli şeir söylədilər. 

    Yazıçı ümumən ədəbiyyat barədə, eləcə də öz yaradıcılığı barədə danışdı, gənclərə uğura gedən yola necə çatmağı örnək olaraq göstərdi. Görüşə qatılanların çoxsaylı suallarını çavablandırdı, onların gətirdikləri kitabları imzaladı. Daha sonra foyedə xatirə fotoları çəkdirildi.

    Görüşdə ən fəal astaralı oxucular da müəyyənləşdi: Bunlar Astara Pedaqoji Kollecinin  tələbələri Zəhra Babayeva, Qənirə Nuriyeva, Sevinc Musayeva və Rusanə Hüseynova oldular. Ən fəal oxuculara müəllif öz imzalı “Qırmızı ləçəklər” kitabını hədiyyə etdi.  Abbas İbrahimli isə astaralı gənclər adından müəllifə xatirə hədiyyəsi təqdim elədi.

    Azərbaycan tək Bakıdan ibarət deyil ki. Bölgələrə ədəbiyyat bayramları çox yaraşır.

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

    1.1. “Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılsın;

    1.2. “sədrinin müavini” sözlərindən sonra nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

    “Azad Cəfərli – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.”.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 noyabr 2022-ci il

    Mənbə: https://president.az

  • Özbək sənətçilər Bakı səhnəsində

    Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıya qastrola gəlib.

    Vokal və balet truppaları, xor və simfonik orkestrdən ibarət 179 nəfərlik heyət paytaxtımıza teatrın repertuarından iki əsər – “Xumo” baletini və “Riqoletto” operasını gətirib.

    Özbəkistanlı sənətçilər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində iki tamaşa ilə çıxış etdilər.

    Qonaq kollektiv noyabrın 16-da Özbəkistanın Əməkdar incəsənət xadimi, bəstəkar və dirijor Ənvər Erqaşovun (1954-2021) “Xumo” baletini (dirijor Əzəmxan Əhmədov) təqdim etdi.

    Qeyd edək ki, tamaşanın quruluşçu baletmeysteri Gürcüstanın Xalq artisti Georgi Aleksidze, baletmeysteri Özbəkistanın Əməkdar artisti Nazimə Həsənova, quruluşçu rəssamı Özbəkistanın Əməkdar mədəniyyət işçisi Zubaydullo Batırovdur.

    Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülüb.

    Özbək milli baletinin dəyərli nümunələrindən olan tamaşada xeyirlə şərin mübarizəsindən bəhs olunur. Xeyir şər qüvvələr üzərində zəfər çalır. Sehrli quş – Xumo isə xeyirxahlıq və ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

    Tamaşanı izləyənlər arasında Azərbaycan mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də millət vəkilləri, bir sıra ölkələrin diplomatları, tanınmış mədəniyyət və incəsənət xadimləri vardı.

    Xalq əfsanə və əsatirləri əsasında ərsəyə gələn balet nümunəsi zərifliyi, ifaçıların ustalığı və quruluşunda milli elementlərin çoxşaxəli sintezi ilə tamaşaçıların rəğbətini qazandı.

    Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin paytaxtımızda ikinci tamaşası da yaddaqalan olub. Özbək sənətçilər bakılı operasevərlərə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin məşhur “Riqoletto” operasının (dirijor Denis Vlasenko) tamaşasını təqdim ediblər.

    Əsas partiyaları Özbəkistanın məşhur opera ulduzları – Xalq artistləri Şükür Qafurov, Ramiz Usmanov ifa ediblər.

    Mənbə: https://culture.gov.az/

  • XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub

    Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr tarixində Nizami Kino Mərkəzində keçirilən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) yekun vurulub.

    Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi, eləcə də ölkəmizdən və Türkiyədən bir sıra özəl qurumlar dəstək verib.

    Noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

    Mərasimdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, İsveç Krallığının Bakıdakı səfiri Tobias Lorentzso, bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın münsiflər heyətinin üzvləri və digər qonaqlar iştirak edirdilər.

    Festival haqqında məlumat verildikdən sonra qaliblər elan olundu. Festivalın “Qızıl nar” mükafatı, həmçinin xüsusi mükafatlar və diplomları sahiblərinə təqdim edilib.

    Bildirildi ki, müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissor Sauilius Baradinskasın (Litva) “Texno ana” filmi “ən yaxşı bədii film” nominasiyasında qalibidir. “Ən yaxşı sənədli film” nominasiyası üzrə Lois Patinonun (İspaniya) “Ulduz səpən”, “ən yaxşı animasiya filmi” nominasiyasında Van Li Lyunun (Tayvan – ÇXR) “Vağ çayı” filmləri qalib adını qazanıb.

    “Ən yaxşı bədii film rejissoru” nominasiyasında “Rütubət” filmi ilə Turan Xəstə (Türkiyə), “ən yaxşı sənədli film rejissoru” üzrə “Yeva və Ramona” filmi ilə Minka Jakerson (İsveç), “ən yaxşı animasiya film rejissoru” nominasiyasında isə “Həşəratların oyanışı” ekran işi ilə Stefani Lensak, Fransua Leroy (Fransa) birinci oldular. Rejissor Mariya Apçevskanın (Makedoniya) “Şimal qütbü” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

    “Asiya istedadları” müsabiqəsi üzrə Ramin Fərzani və Parisa Sədaiazərin (İran) “Kainatın gecəsi” filmi “ən yaxşı film” nominasiyasında qalib oldu. “Gecəyarısı” filmi ilə Nazilə Əzizi (Əfqanıstan) “Ən yaxşı bədii film rejissoru” elan edilib. Rejissorlar Rəna Vaezi və Ozra Xan Xajehin (İran) “Boşqab” filmi Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatını qazanıb.

    Yerli müsabiqənin “ən yaxşı bədii film” nominasiyasında rejissor Qulu Əsgərovun “Hasar”, “ən yaxşı sənədli film” üzrə Toğrul Abbasovun “Toz çəkiləndən bəri”, “ən yaxşı sosial çarx” nominasiyasında Böyükağa Əliyevin “Onun kamerası”, “ən yaxşı tələbə filmi”ndə Kamal Müşfiqin “Motivator” filmləri qalib olublar.

    Rüstəm Babazadə “Son payız” filmi ilə “ən yaxşı rejissor”, Türkan Hüseyn isə “Sonuncu foto” filmi ilə “ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar.

    Rejissorlar Səddam Mehdiyev və Murad Hüseynov “İki yol” və “Vəhşi durnalar mövsümü” filmlərinə görə münsiflər heyətinin xüsusi mükafatını alıblar.

    Rejissor Aynur Kazımovanın “Unudulmuş arzular” filmi Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatını qazandı. Elnur Paşa (“Yalnız məzar” – bədii film), Cavad Nur (“Uzaq” – sosial çarx), Amil Amal (“Vulkan üzərində ev” – sənədli film) və Ruslan Mollayev (“Sınaq” – bədii film) isə münsiflər heyətinin diplomuna layiq görülüblər.

    Mükafatlandırma mərasimindən sonra Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək qalibləri təbrik etdi, onlara yeni uğurlar arzulayıblar.

    Sonda Q.Əsgərovun “Qızıl nar”a layiq görülmüş “Hasar” filmi nümayiş etdirilib.

    Mənbə: https://culture.gov.az/

  • Fikrət Əmirovun 100 illiyinə həsr olunan festivalın növbəti konserti keçirilib

    Dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən musiqi festivalı davam edir.

    12-23 noyabr tarixini əhatə edən festival çərçivəsində noyabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında daha bir konsert proqramı təqdim olunub.

    Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.

    Musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı qonaqları salamlayaraq deyib ki, bu axşam təqdim olunacaq musiqi əsərləri hər birimizin könlünü oxşayacaq. Çünki Fikrət Əmirov bu əsərləri sevə-sevə qələmə alıb. Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. Fikrət Əmirov “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Bəstəkarın “Min bir gecə” baleti isə dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. Sənətkar həmçinin musiqi mədəniyyətimizə “Şur”, “Kürd-ovşarı” və “Gülüstan, Bayatı-Şiraz” kimi simfonik muğamlar bəxş edib. “Nizami” baleti, “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” bəstəkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.

    Sonra konsert proqramı təqdim olunub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri – Mahir Ordubadi) müşayiəti ilə solistlər – Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Nigar Şahmuradova, Günel Şeyxova, Nigar Rzayeva (hər üçü rəqqasə), xanəndələr Almaz Orucova, Ehtiram Hüseynov, Nuriyyə Hüseynova, ifaçılar Nurlan Əzizbəyli, Taleh Yəhyayev, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Rəvanə Qurbanova və Rauf Məsimov (kamança) çıxış ediblər.

    Orkestr ilk olaraq F.Əmirovun “Gözün aydın” musiqili komediyasından rəqsi ifa edib. Sonra “Gülərəm, gülsən”, “Böyük dayaq” kinofilminə yazdığı “Pərişanın mahnısı”, “Reyhan”, “Bir gül seçdim”, H.Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Mən səni araram”, xalq mahnısı “Gözəlim sənsən” (F.Əmirovun işləməsi ilə), “Laylay”, “Göygöl” və “Gülür ellər” təqdim olunub.

    Musiqi axşamında bütün çıxışlar alqışlarla qarşılanıb.

    Mənbə: https://culture.gov.az/

  • Türkiyədə Azərbaycan uşaq ədəbiyyatına dair kitab çap olunub

    Türkiyədə Azərbaycan uşaq ədəbiyyatına dair kitab işıq üzü görüb.

    “Azerbaycan Çocuk Edebiyatından Seçme Eserler” adlanan kitabda XX əsrin əvvəllərindən başlamış çağdaş dövrümüzədək olan müddətdə yazıb-yaradan ədiblərin vətənə, bayrağa, istiqlala, hürr və azadlıq duyğularına həsr olunmuş məfkurə yönümlü şeir, hekayə və pyesləri yer alıb. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova, Türkiyə türkcəsinə uyğunlaşdıranı və redaktoru Dr. Yaşar Sözəndir. 

    Kitab “Şuşa ili” çərçivəsində Şuşanın 270 illiyinə və “Oğuzun alp ürəkli uşaqlarına” həsr olunub. Əsas məqsəd Türkiyə və Azərbaycan arasında əməkdaşlıq əlaqələrini gücləndirmək, eyni zamanda sağlam ruha, milli şüur və mənəviyyata, mənəvi-əxlaqi dəyərlərə sahib olan gələcək nəslin yetişməsində müəyyən missiya daşıyıcısı olmaqdır.

    Mənbə: https://science.gov.az/

  • Xalq yazıçısı ANAR.”Koroğlu – Goroğlu -“

    XVI-XVII əsrlərə  aid edilən “Koroğlu” dastanı türk xalqlarının ən möhtəşəm folklor abidələrindəndir. Koroğlunun adı Baykaldan Balkanlaracan, Altaylardan Anadoluyacan türk xalqlarının yaşadıqları torpaqlarda məşhurdur. Koroğlunun şöhrəti XIX əsrdə rus tənqidçisi Çernışevskidən fransız yazıçısı Jorj Sanda qədər müxtəlif əhli-qələmlərin diqqətindən yayınmamışdır.

    Koroğlu türk olmayan xalqların şifahi ədəbiyyatında da yer tutur. Məsələn, taciklərdə “Qurqulu” adıyla məşhurdur. Azərbaycan və Anadolu  aşıqlarının təsirilə erməni aşıqları da “Koroğlu” dastanını türkcə ifa edirlərmiş. Özbəklərin “Rövşən” dastanı (Koroğlunun  adı Rövşəndir)   “Koroğlu” süjetilə bağlıdır. Amma bu dastanın ən kamil və dolğun variantları azərilərin, Türkiyə türklərinin və türkmənlərin yaratdıqlarıdır. Bu üç versiyanın (özəlliklə, dastandakı şeirlərin) bir-birinə çox yaxın olması həm dillərimizin cüzi fərqlərlə eyniliyindən, həm də cərəyan edən hadisələrin təxminən  eyni coğrafi  məkandı cərəyan etməsindəndir. 

    Dastanın türkmən variantında belə misralar var:

    Göydən uçan top çığalı durnalar

    Ərzurum dağında qarı gördünmü?

    Məlum olduğu kimi, türk şəhəri Ərzurum Anadolu ərazisindədir.

    Bir çox rus və Avropa şərqşünaslarının və folklorçuların fikrincə “Koroğlu” dastanının mənşəyi  ən çox Azərbaycanla bağlıdır. Anadolu və türkmən variantlarında bu ölkələrin coğrafi adları  sıx-sıx görünür.

    Türkiyə variantında Koroğlunun məskəni Çamlubel, əsas düşməni Bolu bəyidir. Bolu paşasının Koroğlunu tutmaq hədələrinə türk variantında belə cavab verilir:

     Bolu paşa, heç gəlirmi yadına

    Hanı, məni tutan günün necoldu?

    Rəngin uçdu, üzün döndü qadına

    Mərd oğlunu tutan günün necoldu?

    Koroğlum, çağırır Yaradan səni,

    Yaradan öldürməz, qurtarar məni,

    Qorxma, ey Bolu bəy, öldürməm səni,

    Qoca qurdu tutan günün necoldu?     

     Koroğlunun şəxsiyyətini də, onun başçılıq etdiyi hərəkatı da həm Orta əsr salnaməçiləri, həm də müasir tarixçilər XVI əsrin sonu-XVII əsrin əvvəllərində Azərbaycan, Qafqaz və İran ərazisində geniş yayılmış Cəlairilər üsyanlarıyla əlaqələndirirlər.

    Dastanın üç oğuz xalqına – azərbaycanlılara, Anadolu türklərinə və türkmənlərə aid olan variantlarını tutuşdursaq, birinci ikisinin bir-birinə daha yaxın olduğunu, türkmən variantının  onlardan xeyli  fərqləndiyini görərik. Bu fərq elə dastanın adından və bu adın izahından başlanır. Azərbaycan və Anadolu variantlarında Rövşənin adı atasının gözlərinin çıxarılması ilə izah olunur. Rövşən – Koroğlu da Hamletsayağı atasının  qisasını alır. Xalq arasında belə bir misal da var:  birisi atasının gözlərini çıxarır ki, ona da Koroğlu desinlər, amma ona “kor kişinin oğlu” – deyirlər.

    Türkmən variantında bu adın mənşəyi tamam başqadır: Körpə Rövşəni qəbirdə tapırlar və adı da ona görə Goroğlu olur.

    Azərbaycan variantında Koroğlunun və sevgilisinin övlad nisgili Nigarın dilindən həzin misralarla ifadə olunmuşdur:

     Qəm-qüssəm başımdan aşdı,

    Mən tək dərdə qalan yoxdu.

    Ah çəkməkdən bağrım bişib,

    Bircə yada salan yoxdu.

    Necə baxım ev-eşiyə

    Yaralı könlüm üşüyə?

    Toz bürümüş boş beşiyə

    Şirin layla çalan yoxdu.

    Çənlibeli güllər bəzər,

    Güllər saralsa, kim üzər?

    Hər quş balasınan gəzər,

    Niyə sənin balan yoxdu?

    Koroğlusan, hay salarsan,

    Paşalardan bac alarsan.

    Neçə şəhərlər talarsan,

    Sən tək şəhri talan yoxdu.

    Nə dərd olsa, məni tapar,

    Sonsuzluq bir yanım çapar.

    Yarılğan uçar, toz qopar,

    Görərsən ki, qalan yoxdu.

    Dastanın türk variantında da bu sonsuzluq motivinə, övlad həsrətinə işarə  var.

    Koroğlu:

    Koroğludur Çamlibelin aslanı,

    Şəkər ilə, qaymaqla bəslər səni.

    Səndən istər bir pəhləvan oğlanı

    Aman Selma, insaf eylə, de mənə.

     Selma:

    Türk qızıyam, soyum, sopum bəllidi,

    Gözüm ala, saçım siyah tellidi.

    Türk qızının dili Tuti dilidi,      

    Bunu sən bil, mənə inan Koroğlu!

    Bizim eldə əhdə vəfa edilir,

    Kəm söylənməz, doğru yolla gedilir.

    Fəzilətdə namus yolu güdülür,

    Məraq etmə, mənə inan, Koroğlu!

     Özümü təkrar etsəm də, deməliyəm ki, həyatda ilk eşitdiyim kitablar “Koroğlu” dastanı və Nazım Hikmətin “Günəşi içənlərin türküsü” kitablarıdır. “Oxuduğum” demirəm, “eşitdiyim” deyirəm, çünki hələ yazıb-oxumağı bilmədiyim vaxt bu kitabları mənə anam oxuyardı. Keçəl Həmzənin Koroğlunu aldadıb Qıratı ələ keçirməsi bədii ədəbiyyatdan aldığım ilk sarsıntı idi.

    Sevimli atını itirən Koroğlu Keçəl Həmzəyə yalvarmağa  başlayır:

     Canım Həmzə, gözüm Həmzə,

    Həmzə, incitmə Qıratı.

    Budu sənə sözüm, Həmzə,

    Həmzə, incitmə Qıratı.

    Həmzə, atı yaxşı saxla,

    At igidin qardaşıdı.

    Gündə muğayat ol, yoxla,

    At igidin qardaşıdı.

    Yay olanda dağa yolla,

    Yaz olanda ifçin nalla.

    Qış olanda məxmər çulla,

    At igidin qardaşıdır.

     Anam danışırdı ki, bu yerlərini oxuyanda sən ağlamağa başlardın: “Elə igid niyə belə namərdə yalvarır” deyirdin. Nə biləydim ki, ömrüm boyu çox namərdə rast gələcəm, heç birinə yalvarası  olmasam da…

    “Verib Qırı, alıb Dürü” (Dür atı) kor-peşman Çənlibelə qayıdan Koroğlunu dəliləri də, Nigar da qaş-qabaqla qarşılayırlar.

     Ala gözlü Nigar xanım,

    Üzün məndən niyə döndü?

    Sənə qurban şirin canım,

    Üzün məndən niyə döndü?

    İgidin yatmasın baxtı,

    Yana çevrilməsin taxtı,

    Koroğlunun məlul vaxtı,

    Üzün məndən niyə döndü? 

    Bu yerdə Nigarın hər hansı cavabı məzəmməti, incikliyinin səbəblərini açıqlaması soyuq bir “başdan eləmə” olardı. Amma Nigar (daha doğrusu, dastanı yaradanlar) ən gözlənilməz və təsirli cavab tapırlar. Gərginliyi aradan qaldırmaqçün Nigar Koroğluya “amma  yaman qarasan ha” – deyir. Koroğlunun cavabı da eyni cür pafosdan uzaq, təbii və səmimidir:

     Mənə qara deyən gözəl,

    Qaşların qara deyilmi?

    Tökülübdü dal gərdənə

    Saçların qara deyilmi?

     Dastanın  bir cəlbedici cəhəti də xəfif yumorudur. Hansı dastan qəhrəmanı öz-özünü aşağılamaqdan belə çəkinməz? Giziroğlu Mustafa bəylə güləşməkdən sonra  məhz Koroğlunun  özü:

     Koroğlunu çaya basar

    Giziroğlu Mustafa bəy

     – gəraylısını qoşur.

     Türkiyə variantında Keçəl Həmzənin rolunu Kəloğlan oynayır.

    Havada buludlar soldu,

    Dürü at yoruldu qaldı.

    Kəloğlan Qıratı aldı,

    Alış, tutuş, yan Koroğlu!

     Anadolu variantında bəzi misralar  müdrik öyüd-nəsihət kimi səslənir:

     Havada uçan boz quşlar

    Yelin qədrini nə bilir?

    Kəndi qədrini bilməyən

    Elin qədrini nə bilir?

    Cüt qoşub toxum əkməyən,

    Süfrəsin yerə tökməyən,

    Elin qəhrini çəkməyən

    Malın qədrini nə bilir? 

     Türkmən variantında Goroğlu deyir:

     Səni deyib gəldim Çandibelimdən,

    Yor gedəli sənin ilə pərizad.

    Əslim bəyan etsəm – türkmən elindən

    Yor gedəli bizim ilə pərizad.

     Türkmən variantının  bəzi parçalarında dini təəssüb güclüdür:

     Qəflətdə yatırdım, gəldi ərənlər

    “Dur, qafil, yerindən, oyan” –  dedilər.

    Gözüm açıb gördüm cümlə-cahanı

    Ol duranlar “Şahimərdan” – dedilər.

     Şahimərdan Həzrət Əlinin adlarından biridir.

     Goroğlu bəy aydır: kəminə, bəndə

    Pirim Şahimərdan! Dəstgirim səndə.

    Beş vəqt namazı qıldığın gündə

    “Axirət yoldaşın iman” dedilər.

     Türkmən variantının lirik parçaları da çox təsirlidir:

     Qərib bülbül, bikəs bülbül,

    Sən orda yığla, mən burda.

    Qəriblikdə qalan bülbül,

    Sən orla ağla, mən burda.

    Qərib bülbül olma naşı,

    Axdırma gözündən yaşı,

    Qərib könlümün yoldaşı

    Sən orda ağla, mən burda.

    Qərib bülbül, bəxti qara

    Nə çəkirsən ahu-nalə?

    Səni asdırmaram dara,

    Sən orda ağla, mən burda

    Yaxud:

    Qəflətdə yatırdım, gəldi bir pəri,

    Eşq oduna məni heyran eylədi.

    Ol pərinin sevdasına düşmüşəm

    Eşq oduna məni heyran eylədi.

    Laçın kimi qıya-qıya qarayıb,

    Siyah zülfü dal gərdənə  darayıb,

    Ağ üzündə qoşa-qoşa xal qoyub

    Eşq oduna məni heyran eylədi.

     Oğuz dil qruppuna daxil olan xalqlardan biri də xaçpərəst qaqauzlardır. (Göy oğuzlar). Nəsrəddin lətifələri, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Arzu və Qəmbər” dastanları qaqauz folklorunda önəmli yer tutur. Qaqauzların arasında Koroğlunun igidləri ilə bağlı mahnılar da məşhurdur. Qaqauz ağız ədəbiyyatında  Koroğlu İzmirin kəndlərindəndir, dostu Ayvazla bərabər “oğuz Robin Qudu” kimi dövlətliləri qarət edib aldıqlarını kasıblara paylayır. Qaqauz Koroğlusu sonralar Anadoludan Dobrudcaya keçmiş, savaşlarını davam etdirmiş, nəhayət yenidən Anadoluya qayıdaraq orda vəfat etmişdir. Qaqauz “Koroğlu”sundan bir parçanı bu dilin özəlliklərini saxlayaraq gətirirəm:

    Mən bir Koroğluydum,

                            dada (dağda) gəzərdim

    Çalıya, çırpıya kəllə düzərdim

    Əsən lüzgərdən (rüzgardan) izlər seçərdim

    Kimsəm yoxdu Balkanda yalnız gəzərdim

    Dəmir topuzlarla  kəllə əzərdim.

    Mən edi (yeddi) daaya (dağa)

                                       hökm edərdim.

    Keçəndən bacımı

                (bac almaq mənasında) istərdim.

    Dastanın hər üç variantında – azərilərdə də, türkiyəlilərdə də, türkmənlərdə də zamandan şikayət mühüm yer tutur. Türkmən variantında deyilir:

     Ay yaranlar, musurmanlar,

    Namərd mərd oldu, mərd oldu.

    Nə əcaib zamanalar

    Keçdi yurd oldu, yurd oldu.

    Hanı bəylər, hanı xanlar,

    Bu dünyaya gələn canlar?

    Taxt üstündə Süleymanlar

    Uçdu, yurd oldu, yurd oldu.

     Orxon yazılarında “Öz eli, öz xaqanı olan xalq idim, elim hanı, xaqanım hanı?” acısı, “Kitabi-Dədəm Qorqud”da “Hanı dediyim bəy ərənlər, dünya mənim deyənlər” təəssüfü əsrlərdən, zamanlardan keçərək dövrandan əbədi şikayət kimi “Koroğlu” dastanının sonunda da öz əksini tapmışdır. Amma Azərbaycan “Koroğlu”sunda bu acı etiraf dövrün   konkret bir ixtirasıyla – odlu silahla, tüfənglə bağlıdır.

    Daha əvvəllər Çaldıran döyüşü ərəfəsində Şah İsmayıl topları namərd silahı sayaraq yağıyla açıq qılınc döyüşündə üzləşməyi üstün tutmuşdu. Koroğlu da tüfəngin meydana çıxmasını tam bir dövrün  bitməsi kimi dərk edir.

     Titrəyir əllərim, tor görür gözüm,

    Mənmi qocalmışam, ya zəmanəmi?

    Dolaşmır dəhanda söhbətim, sözüm

    Mənmi qocalmışam, ya zəmanəmi? 

    Tutulur məclisdə igidin yası,

    Kor olur qılıncı, polad libası,

    Gəlib bic əyyamı, namərd dünyası,

    Mənmi qocalmışam, ya zəmanəmi?

    Belə zaman hara, qoç igid hara?

    Mərdləri çəkirlər namərdlər dara,

    Baş əyir laçınlar, tərlanlar sara

    Mənmi qocalmışam, ya zəmanəmi?

    Axır əcəl gəldi, yetdi hay-haray,

    Çəkdiyim qovğalar bitdi, hay, haray!

    Tüfəng çıxdı, mərdlik getdi, hay, haray,

    Mənmi qocalmışam ya zəmanəmi?

     Məsələ yalnız “namərd silahı” topda, tüfəngdə deyil, məsələ Keçəl Həmzələrin, Kəloğlanların, biclərin, hiyləgərlərin, namərdlərin meydan suladığı bir əyyamın gəlməsindədir.

    Fikrət Qocanın “Babalarım” şeiri yada düşür:

     Biri qaçaq olub,

    mərd olub.

    Biri qoçaq olub,

    mərd olub.

    Biri kasıb olub,

    mərd olub,

    Bəs namərələr hardandı?

    Bax bu mənə dərd olub.

     Əfsus! Koroğlu da qocalmışdı, zəmanə də dəyişmişdi…

     Mart 2018

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq yazıçısı ANAR.”Eldar Quliyev və Həsən Seyidbəyli haqqında “

    Görkəmli kino xadimlərimiz Həsən Seyidbəyliyə və Eldar Quliyevə həsr etdiyim bu iki yazı vaxtilə rus dilində “Литература, Искусство, Культура (ЛИК) Азербайджана” kitabımda dərc olunmuşdu. Bu yaxınlarda yubileylərini qeyd etdiyimiz ustad sənətkarlarımıza aid yazılarımı ilk dəfə Azərbaycan oxucularına təqdim edirəm. (Anar)

    ANAR

    Rejissor

    Eldar Quliyev

    Gənc (o illərdə gənc) azərbaycanlı kinorejissor Eldar Quliyev haqqındakı bu kiçik məqaləni çox uzun müddətə yazdım. Yarım il öncə “Sovet filmi” jurnalının təklifi ilə onu başlayanda ilk cümləni qeyd etdim: “Biri vardı, biri yoxdu, bir cənub şəhərində mənim indi ən vacib müsahibəni götürdüyüm gənc rejissor Eldar Quliyev vardı”. Bu cümlədə yazılanı həyata keçirmək müxtəlif səbəblərdən alınmadı. Janr dəyişildi və indi mən oxucuya Eldarla müsahibə deyil, onun işləri haqqında qeydlərimi təqdim edirəm. Bununla belə, mən altı ay öncə yazılmış fikrimin üstündən xətt çəkmirəm – cazibəsi olduqca böyükdür: bu ifadədə rejissorun üç filminin adı çəkilir: “Biri vardı, biri yoxdu”,  “Bir cənub şəhərində”, “Ən vacib müsahibə”. Bu yalnız az-çox uğurlu üslubi fənd deyil. Məsələ burasındadır ki, mənim Eldar Quliyev qavrayışım onun filmləri ilə bir bütündür: rejissor və onun filmləri – bütövdür, ayrılmazdır.

    Eldarı və onun filmlərini görənlər üçün bu, paradoksal görünə bilər. Rejissor -diribaş, ünsiyyətcil, erudisiyalı müasir gəncdir və onun qəhrəmanları – “Biri vardı, biri yoxdu” filmindəki qocalar, yaxud “Bir cənub şəhərində” filmində (ssenari Rüstəm İbrahimbəyovundur) şəhərkənarının qaba, bir az yonulmamış oğlanları. Onları nə birləşdirə bilər ki?! Zahirən, görkəmcə, yaş və xaraktercə – heç nə. Bəs əgər insanlıq, xeyirxahlıq, qəlb zərifliyi kimi kateqoriyalara müraciət etsək? Bu keyfiyyətlər Quliyevdə var. Onun qəhrəmanlarının mənəvi siması da elə bu keyfiyyətlərlə müəyyənləşir. Buna görə də o öz qəhrəmanları ilə dostdur, onları sevir, anlayır və tərənnüm edir.

    Sənətkar üçün ən çətini – doğma, yaxın hiss və düşüncələri uzaq, yad, bir-birinə daban-dabana zidd xarakterlər, obrazlar, talelər və situasiyalar vasitəsilə ifadə etməkdir. Özünün ilk müstəqil “Biri vardı, biri yoxdu” filmindəcə Eldar bu işin öhdəsindən gəldi. Payızda Abşeron yarımadasının kimsəsiz bağlarında iki tənha qoca – kişi və qadın. Bu süjetdə gənc rejissoru cəlb edən nə idi? Abşeronun fakturası – yalın, kimsəsiz sahillər, qumlar, bozumtul noyabr səması, tərk edilmiş bağlar, səssizlik, dinclik, sükunət?  Görünür, hə. Bütün bunlar. Lakin ilk növbədə, insanlar – bir-birini öz həyat yolunun son “stansiyasında” tapan iki qocanın taleyi, asanlıqla izah oluna bilən səbəblərdən məhrum – nə sevgi, nə qohumluq əlaqəsi, nə təmənna – nə isə başqa, gözəl – ali və yəqin ki, həyatdakı ən son bağlılıq, tənhalığın dəf olunması, başqasına görə məsuliyyət hissi – münasibətlərin poeziyası. Həyatda dincliyin müdrikliyini duyğuların təlaşının əvəz etdiyi dövrün poeziyası. Və Quliyevin ehtiraslar dalğası hopdurulmuş növbəti filmi – “Bir cənub şəhərində”. Əsası sanki partlayıcı üzərində qurulmuş situasiya flmi. İstisi asfaltı əridən, yay günəşinin ağacları yandırdığı, ağ evləri olan şəhər. Və bu şəhərin insanları cənublu kimi temperamentli, qaynar, çılğındırlar.

    Amma elə burada ehtirasların çılğın qarşıdurmasında, cilovsuz duyğuların gərginliyində də rejissor sakit və təmiz insanlıq notu arayışındadır – hər cür gerilikçi zehniyyət, vaxtı keçmiş ənənələr, köhnəlmiş əxlaq normalarından üstün olan gerçək insanlığın. Onu təcrübəli jurnalist Cahangirlə haqq-hesab çəkməyə gələn qəhrəmanı Muradın kədərli gözlərində arayır. Qəhrəman atasının məzarını ziyarət edən Tofiqin səmimi həyəcanında axtarır, hərçənd bu təlaş kəskinləşdirilmiş, qrotesk formalarda verilir.

    “Mənimçün fəaliyyət dövrü bitdi və düşüncə zamanı başlandı”, – fransız filmlərindən birində belə deyilir. Quliyevin üçüncü filmi olan “Ən vacib müsahibə” öz mövzusu etibarilə bu fikri təsdiqləyir. “Ən vacib müsahibə”nin (ssenari Maqsud İbrahimbəyovundur) qəhrəmanı radiomüxbir Zaur üçün fəaliyyət dövrü bitməyib və bitə də bilməzdi, o, gəncdir, enerjilidir, güc və həyat doludur. Bununla belə, onun üçün də düşünmək zamanı gəlib çatdı, öz həyatı, ümumiyyətlə insan həyatı, məsuliyyət, başqaları qarşısında ödənməmiş borc duyğusu və digər vacib məsələlər barəsində düşünməyə başladı. Rejissor qəhrəmanlarını nə qədər çox sevsə də, ən məsuliyyətli məqamda həmişə onlardan ayrılır. Qəhrəmanlarının əvəzinə qərar verməmək üçün ən vacib qərarlar anında onları tərk edir. O, haqlıdır. Sənətkarın vəzifəsi – problemləri qoymaqdır, onların birmənalı çözümünü vermək vacib deyil. Kino sənəti nümunələri tamaşaçıya o mənada təsir edir ki, onun diqqətini bu və ya digər məsələyə cəlb edir və tamaşaçını daxilən bu problemlərin müstəqil həllinə hazırlayır. Bu planda Eldar Quliyevin filmlərində məni vacib mənəvi-əxlaqi problemlərin qoyulması arzusu cəlb edir. Bax elə indi də Alla Axundovanın ssenarisi əsasında “Var olun, qızlar” filmini çəkərkən rejissor bir daha cəmiyyətimiz üçün vacib olan borc, məsuliyyət, fədakarlıq, humanizm və xeyirxahlıq kimi mənəvi məsələlərə müraciət edir.

    Eldar Quliyev elə ilk filmlərindəncə diqqəti cəlb etdi, axtarışları ilə maraqlandırdı, öz yaradıcılığına qarşı inam yaratdı. İnanırıq ki, gənc rejissorun ən böyük qələbələri hələ qarşıdadır.

    “Sovet filmi” jurnalında dərc olunub. № 7, 1977

    PEŞƏ VƏ İSTEDAD

    Həsən Seyidbəyli 1945-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu, görkəmli rejissor Qriqori Kozintsevin kursunu bitirdi. Diplom işini çəkdi – quruluşçu rejissor diplomunu aldı. Bakıya qayıtdı. “Rəsul Rzanın ssenarisi üzrə “Qızıl üzük” filmini çəkməli idi. Rəsul Rza o illər Azərbaycan kinosuna rəhbərlik etsə də, nədənsə, həmin film çəkilmədi. Səbəbini bilmirəm, nəyə görəsə vaxtında bu sualı nə atama, nə Həsənə verdim. Həmin baş tutmayan cəhddən yalnız Tofiq Quliyevin atamın sözlərinə yazdığı “Üzüyümün qaşı firuzədəndir” adlı gözəl mahnısı yadigar qaldı. Mahnı ilk dəfə Rəşid Behbudovun parlaq ifasında (sonralar Fidan və Xuraman Qasımova bacıları da gözəl ifa etdilər) səsləndi.

    Quruluşçu rejissor diplomu almış Həsən Seyidbəyli ilk filmini institutu bitirəndən on yeddi il sonra, 1962-ci ildə çəkdi. Amma 1946-cı ildə artıq ilk hekayəsi dərc olunmuşdu, on yeddi il ərzində də ədəbiyyatda sanballı nüfuz qazandı. Düzdür, həmin illərdə də kinoda ssenariçi kimi işlədi, onun ssenarilərini Lətif Səfərov və Tofiq Tağızadə çəkdilər.

    1962-ci ildə rejissor kimi quruluş verdiyi “Telefonçu qız” filminin əsasında onun əvvəllər çap olunmuş eyniadlı povesti dururdu. Bundan sonra o, öz ssenariləri üzrə bir neçə film – “Möcüzələr adası” (1963), “Cazibə qüvvəsi” (1964), “Sən niyə susursan?”, “O qızı tapın” (1970), “Xoşbəxtlik qayğıları” (1976) filmlərini çəkdi. Başqa müəlliflərin ssenariləri üzrə quruluş verdiyi iki lenti (“Bizim Cəbiş müəllim” (1969) M.İbrahimbəyovun ssenarisi üzrə; “Nəsimi” (1973) İ.Hüseynovun ssenarisi üzrə) də bu siyahıya əlavə etsək, onda belə hesab etmək olar ki, ildə bir bədii film çəkib. Belə bir məhsuldarlığa həsəd aparmaq olar. Belə təəssürat yaranır ki, bu on dörd il ərzində – 1962-1976-cı illərdə – Həsən Seyidbəyli, sanki quruluşçu rejissor kimi kinoda çalışmadığı, kənar qaldığı on yeddi ilin əvəzini çıxırdı. Amma mənə elə gəlir, başqa bir səbəb də vardı – Həsən Seyidbəyli bədii yaradıcılığının iki istiqaməti: ədəbiyyatla kino arasında qalmışdı.

    Kino onun sənəti idi, ədəbiyyat isə istedadı idi. Bununla belə, rejissor kimi çəkdiyi filmlərdən sonra kinonu da onu istedadını sübut etdiyi sahə hesab etmək olardı. O, ədəbiyyatda özünü “Tərsanə”, “Cəbhədən cəbhəyə”, xüsusilə böyük şöhrət qazanmış “Uzaq sahillərdə” romanları ilə təsdiq etmişdi. İmran Qasımovla yazdığı son romanda o, ilk dəfə xalqımızın şöhrətli oğlu, Böyük Vətən müharibəsi illərində Yuqoslaviyada “Mixaylo” ləqəbi ilə döyüşmüş, həlak olmuş və orada dəfn edilmiş əfsanəvi partizan Mehdi Hüseynzadənin obrazını yaratmışdı. Sonralar Tofiq Tağızadə İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi üzrə “Uzaq sahillərdə” filminə quruluş verdi. Qəhrəmanın adını xalqımıza məhz həmin əsərlər qaytardı, oxucular və tamaşaçılar Mehdi Hüseynzadənin yaradıcılığından məhz həmin roman və film vasitəsilə xəbər tutdular. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

    Əlbəttə, bütün istedadlı sənətkarlar kimi, onun yaratdığı əsərlərin hamısı eyni səviyyədə deyil. Həsən Seyidbəylinin ədəbiyyatda da, kinoda da uğurlu və kifayət qədər uğurlu olmayan əsərləri var. Amma o, uğurlu əsərləri ilə incəsənətimizdə həqiqi realist ənənənin formalaşmasında böyük rol oynadı.

    “Altmışıncılar” haqqında tez-tez yazanda məni bəzən məhz həmin nəslin uğurlarını təbliğ etməkdə günahlandırırlar. Mən də dəfələrlə izah etməli olmuşam ki, altmışıncı illərin ədəbiyyatı və incəsənəti barədə söz açanda çətin yeniləşmənin yükü məhz onların çiyinlərinə düşsə də, yalnız həmin illərdə yaradıcılığa başlamış gənc sənətçilər nəslini nəzərdə tutmuram. Mən yaşlı nəslə mənsub olan sənətçilərin də yeni istiqamətdə işləmələrinə imkan verən Zamanı nəzərdə tuturam. Əlbəttə, yaranan həmin imkanlardan hamı yararlanmadı, amma əvvəldən yeniliyə meyilli olan, amma müxtəlif səbəblər üzündən istədiklərini gerçəkləşdirə bilməyən şairlər, yazıçılar, bəstəkarlar, teatr və kino xadimləri özlərinin ən sanballı əsərlərini məhz altmışıncı illərdə yaratmağa başladılar. Poeziyada bu, Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, “Rənglər” silsiləsi və bir çox şeirləri, nəsrdə İsa Hüseynovun “Teleqram”, “Tütək səsi”, “Saz”, “Şəppəli” povestləri, İsmayıl Şıxlının “Dəli Kür” romanı, dramaturgiyada İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi, musiqidə Q.Qarayevin “Üçüncü simfoniya” və “Skripka konseri” əsərləri, rəssamlıqda Səttar Bəhlulzadənin tabloları, teatrda Tofiq Kazımov və Mehdi Məmmədovun tamaşaları idi. Kinomuzda isə yenilənmə yoluna hamıdan əvvəl Həsən Seyidbəyli qədəm qoydu.

    Həsən Seyidbəylinin ən yaxşı əsərlərində – həm ədəbiyyatda, həm də kinoda  – Zamanın ab-havası – “balaca adam” adlandırılan insanlara marağı və diqqəti öz əksini tapdı. O, keçmiş dövrün istehsalat qabaqcılları haqqında bir sıra normativ əsərlərdən fərqli olaraq, sadə adamlar – telefonçular, kənd həkimləri, liftçi qız və b. – haqqında yazmağa və çəkməyə başladı. Həm də inandırıcı şəkildə, realist dəqiqliklə və şübhəsiz ki, istedadla yaratdı. İsa Hüseynov ədəbiyyatda olduğu kimi, Həsən Seyidbəyli də kinoda yol salmağa başladı, yazıçıların və kinematoqrafçıların yeni nəsli həmin yolla getdi. Həsən Seyidbəylinin filmlərində ilk dəfə özünü parlaq surətdə göstərən digər gözəl ənənə də həyatımızın mənfi təzahürlər adlanan cəhətlərini kəskin tərzdə əks etdirməkdir. Həsən Seyidbəyli ekrana xəyali gerçəkliyin aydın, idillik və bərbəzəkli aləmini yox, həyatın sərt həqiqətini – qanunçuluğun pozulmasını, əliəyriləri, brakonyerləri gətirirdi. Yadımdadır, müzakirələrin birində məşhur rejissorlardan biri Həsən Seyidbəylinin filmi haqqında kinayə ilə fikir söyləyəndə – “osetrin” haqqında film çəkdiyini deyəndə – zalda bərk gülüşmə qopdu. Həsən gülənlər arasında onun daim dostyana münasibət bəslədiyi, bacardığı qədər yardım göstərdiyi Eldar Quliyevin də olduğunu gördü. Elə Eldar da ona çox hörmət bəsləyirdi, ola bilsin, gülüşü qeyri-ixtiyari olmuşdu. Hər halda, Həsən yana-yana mənə dedi ki, “Eldar fikirləşir, atam öləcək, velosiped mənə qalacaq”. O, Lətif Cəfərovun ölümündən sonra daşıdığı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini nəzərdə tuturdu.

    Həsən Seyidbəyli kinematoqrafçılarımızın gənc nəslinə həssaslıqla yanaşırdı, Rüstəm də, Oqtay da, elə o Eldar da, mən də müəyyən məqamlarda onun köməyini hiss edirdik. Aramızda yaş fərqinin olmasına baxmayaraq, onunla çox yaxın idik. O, “Literaturnaya qazeta”nın sifarişi ilə Yusif Səmədoğlu, Əkrəm Əylisli və mənim haqqımda sanballı məqalə yazdı, Həsənin dediyinə görə, məqaləni redaksiyada yaxşı qəbul elədilər, bu yaxınlarda çap olunacağını söyləmişdilər, amma, nədənsə, işıq üzü görmədi.

    “Nəsimi” filminin çəkilişi – fikrimcə, ilk sanballı tarixi ekran əsərimizdir – Həsən Seyidbəylinin böyük xidmətidir. Bütün digər müsbət cəhətləri ilə yanaşı, həmin filmdə Rasim Balayevin parlaq istedadı üzə çıxdı.

    “Nəsimi” studiyamızın gələcək tarixi filmləri üçün, bir növ, təkan nöqtəsi idi. Yeri gəlmişkən, “Dədə Qorqud” (rej. T.Tağızadə), “Babək” (rej. E.Quliyev) filmlərində baş rollarda da Rasim Balayev çəkilib.

    Həsən Seyidbəylinin ləyaqətli hərəkətlərindən birini xatırlamaq istərdim. Bu, İrəvanda keçirilən sovet kino filmlərinin festivalı günlərində baş vermişdi. Mən Həsən müəllimlə birlikdə festivalın münsiflər heyətinin sədri S.Rostotskini inandıra bildik ki, ermənilərin festivala təqdim etdikləri “Ermənistan haqqında yeddi mahnı” filmi millətçi-şovinist xarakter daşıyır. Məhz bundan sonra həmin filmə Qran-Pri mükafatı verilmədi.

    Elə insanlar olur ki, onları rəhmətlə, ehtiramla və hörmətlə xatırlayırlar. Belə insanlardan biri Həsən Seyidbəylidir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq yazıçısı ANAR.”Tahir Salahovla söhbət”

    Dünya şöhrətli rəssam Tahir Salahovla Xalq yazıçısı Anarın bu söhbəti 2018-ci ilin dekabr ayında qələmə alınıb. O zamanlar ki, görkəmli rəssam dərin səmimiyyətlə deyirdi: “Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Anar bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”.

    Aradan illər keçib… Həyatın yeni bir seansı başlayıb. Anar müəllim yenə də həmin iç dünyasına çəkilib. Hədsiz dərəcədə dalğındı. Ağır dost itkisindən həyatı ağrıyır. Təsəllisi haqq dünyasına qovuşan böyük dostundan qalan bu unudulmaz söhbətlər, birgə yaşanan anların unudulmazlığıdı…

    Tahir Salahovla söhbət

    Rəssamlar danışmağı, adətən, çox da xoşlamırlar. Duyğularını və düşüncələrini, sevgilərini, ağrılarını, sevinc və təlaşlarını boyalar, fırça vasitəsilə ifadə edirlər.

    Jurnalist, musiqişünas, publisist Raya Abbasova azdanışan Tahir Salahovu, – bizim qeydsiz, şərtsiz böyük sənətkarımızı – “danışdıra” bilib.

    Sənətşünaslıqda Tahir Salahov “sərt üslub”un yaradıcılarından və ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilir. “Sərt üslub” – çoxcəhətli həyat gerçəkliyini bütün qəlizliyiylə, çətinlikləriylə ifadə etməkdir. Çətinliklərə mərd-mərdanə sinə gərmək və qalib gəlməkdir. “Sərt üslub” dünyaya çəhrayı eynəklə yox, ayıq və açıq gözlə baxmaq, onu bəzək-düzəksiz görmək və göstərmək cəhdidir. “Sərt üslub” qurucu, yaradıcı insanların – fəhlələrin və bəstəkarların, neftçilərin və yazıçıların bədii obrazlarını plakat nikbinliyiylə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən gələn etiraflarını oxuduqca bir daha əmin olurdum ki, bu “sərt üslub” hardasa rəssamın uşaqlıq və yeniyetməlik çağında qarşısına çıxmış sərt həyat sınaqlarıyla bağlıdır.

    Tahirin atasını – görkəmli partiya işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş, 1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır:

    “O sentyabr axşamında hava çox xoş idi. Təqribən axşam 10-da qapımızı döydülər. İki nəfər içəri girdi. Anam həyəcanla: – Nə olub? – deyə soruşdu. Atam: – Məndən şübhələnmə – dedi – narahat olma, tezliklə qayıdacam.

    Onu apardılar. Mən pəncərədən baxırdım. Atam onu aparan iki adamla tini burulub gözdən itdi. Bu səhnə ömürlük yaddaşıma həkk olundu. Bundan sonra atamı daha heç vaxt görmədim”.

    O zaman Tahirin doqquz yaşı varmış və donub qalmış kinokadr kimi bu səhnəni bütün həyatı boyu unutmayıb. On illərin içindən keçirib hafizəsində saxlayıb.

    R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin hansı əzab-əziyyətlərə, məşəqqətlərə düçar olduğundan danışır. Anasının – Sona xanımın beş uşağı necə qəhrəmancasına böyüdüb yetişdirməsindən bəhs edir. Ən yaxın qohumların, qonşuların daha onların qapılarını açmamalarından söz açır. Amma Tahir müdrik mərhəmətlə onları qınamır. Zəmanənın insanları ağır imtahana çəkdiyini nəzərə alır.

    Ən gənc yaşlarından afişalar çəkərək, asfalt üzərində rəsmlər yaradaraq Tahir ailələrinin az çox dolanışığını təmin edirmiş. Rəsmə marağı ona lap kiçik yaşlarından atası təlqin edib. Moskvanın və Leninqradın ali rəssamlıq məktəblərinə daxil olmaq istəyilə bütün imtahanları uğurla verib və instituta… qəbul edilməyib. Axı tərcümeyi-halında siyasi məhkum olunmuş insanın oğlu olduğunu qeyd edirdi. Və bütün bioqrafik məlumatlarda bu məlumatın altını qırmızı xətlə cızırmışlar, Tahir Salahovun əksər əsərlərində sənətinin özəl işarəsi kimi qırmızı xəttin, ya qırmızı detalın olması burdan doğulmayıbmı?

    R.Abbasova rəssamı elə məsələlərdən danışmağa vadar edir ki, o, təbii təvazökarlığı və nəcabətinə görə özü heç vaxt bu məsələləri car çəkməzdi. Amma bu faktlar da böyük rəssamın tərcümeyi-halında izsiz qalmamalıdır. Özü əqidəli və bu sözün ən dəqiq, ən yüksək mənasında realist Tahir Salahov heç bir dəbdə olan “izm”lərə meyil göstərmədi, amma bununla belə, başqa istiqamətlərdə, ayrı üslublarda işləyən rəssamların da – əgər onlar həqiqətən istedadlıydılarsa – dəyərini bilir. Bu baxımdan o, “Abşeron məktəbi” adlanan və o dövrdə rəsmi siyasi və sənət dairlərində saya salınmayan bir qrup rəssamı – Mir Cavadı, Rasim Babayevi, Tofiq Cavadovu, Əşrəf Muradı, Qorxmaz Əfəndiyevi “hədsiz dərəcədə istedadlı” sayaraq onlara hər növ yardım göstərib. Azərbaycan Rəssamlar İttifaqının sədri və SSRİ katibi olaraq Tahirin onların hər birinin taleyində xeyirxah rolu var.

    Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti ağır olan rəssamla müqavilə bağlayaraq ona o vaxt üçün çox böyük məbləğ – 15 min manat verir. Mir Cavadın Türkiyə xəstəxanasında müalicəsinə yardım edir. Səttar Bəhlulzadə də xəstələnəndə təcili şəkildə onun işlərini alıb müalicə üçün gərək olan məbləğlə təmin edir.

    Toğrul Nərimanbəyovun anası İrmanın bəraət qazanıb Bakıya dönməsi, mənzillə təmin olunması da Tahirin xidmətidir.

    Tahir Salahov rus rəssamı Pavel Nikonovun “Geoloqlar” tablosunu xilas edib. Məhz bu əsərinə görə N.S.Xruşşovun nadan hücumlarına məruz qalan rəssam tablosunu məhv etmək qərarına gəlir. Tahir onu bu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirir. Xruşşov və onun sənət siyasəti süquta uğrayandan sonra Nikonovu Azərbaycana dəvət edir və xilas olunmuş işini ona təqdim edir. Rəssamın taleyin (daha doğrusu, Tahirin) bu gözlənilməz töhfəsindən necə xoşbəxt olduğunu təsəvvür etmək olar.

    Həqiqi istedadın bir cəhəti də başqalarının istedadlarına sevinməkdir. Paxıllar o adamlardır ki, həsəd çəkdiklərindən nə qədər aşağı olduqlarını özləri də dərk edirlər. Dərk edirlər, amma xislətləriylə bacara bilmirlər.

    Tahir Salahovun “peredvijniklər” adlanan XIX əsr rus rəssamlarına münasibəti də maraqlıdır. Bu rəssamlara bədii cəhətdən deyil, mövzuları baxımından qiymət verir. O işlərini qeyd edir ki, onlarda sosial mövzular qabarıq ifadə olunub – Perovun “Üçlük”, Yaroşenkonun “Hər yerdə həyat”, Repinin “Təbliğatçının həbsi” və “Gözləmirdik” əsərlərinə münasibəti T.Salahovun özünün də sənətdə vətəndaşlıq mövqeyinin nə qədər önəmli saydığını göstərir.

    İctimai xadim kimi Tahirin xidmətləri sırasında Moskvada sovet ideologiyasına daban-dabana zidd olan Robert Rauşenberq, Ruffino Tamaya (onun obrazları Mir Cavadın obrazlarına yaxındır), Frensis Bekon (əlbəttə, orta əsr filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur Qərb sənətkarlarının Moskvada sərgilərinin təşkil edilməsidir. Tahirin məqsədi bütün dünyanın bələd olduğu çağdaş sənət örnəkləriylə ölkəni də tanış etmək idi. Onu da deyək ki, bütün bu rəssamların sənəti Tahir Salahovun estetik prinsiplərindən çox uzaqdır. Elə bunda da rəssamın tolerantlığı, başqa üslublara yalnız dözümlülüyü deyil, həm də anlaşıqlı, dəyərverici münasibəti görünür.

    T.Salahov özündən qabaqki nəslin nümayəndələri – Azərbaycan rəssamlarına da xüsusi ehtiramla yanaşır. Sələflərə inkarçı, yekəxana, lovğa, bəzən təhqiredici yanaşma yalnız nankorluğun yox, eyni zamanda tərbiyəsizliyin örnəyidir. Yalnız rəssamlar deyil, başqa sənət sahibləri də keçmişə nəcib münasibət bəsləməyi Tahirdən öyrənməlidirlər. T.Salahov özündən əvvəlki sənətkarlar – Qəzənfər Xalıqov, Lətif Kərimov, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Tağı Tağıyev haqqında böyük hörmətlə danışır.

    Mən də Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə Məmmədxanlının həyat yoldaşı Tağı Tağıyevin evində tanış oldum. Qonşu idilər. Tez-tez dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov Tahirgilə qonaq gələrdi. Bəzən onlar və Toğrulun əmisi, kinooperator Arif Nərimanbəyov Tağıgilə keçərdilər.

    Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun yaradıcılığı atamın də diqqətini çəkmişdi. Özü poeziyada novator olan Rəsul Rza hansı fəhmləsə tək ədəbiyyatda yox, musiqidə, rəssamlıqda da yeniliyi, qeyri-adiliyi duyur, bəyənir və dəstəkləyirdi. Moskva Konservatoriyasını bitirib Bakıya qayıdanda çox da xoş münasibətlə rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən biri də atam idi. Qarayevin bir söhbətini xatırlayıram. Şostakoviçə qarşı növbəti yöndəmsiz tənqid kampaniyası başlayanda onun tələbələri Qarayev və Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini bilmək üçün “Quran” səhifələrinə üz tuturlar. Müqəddəs kitabı açıb rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir dəyənəklərlə döyəcəklər – Qarayev bunu gülə-gülə danışırdı. Çox illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi: Yox, orda belə yazılmışdı: – Sizi dəmir qırmaclarla döyəcəklər.

    O vaxt Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək məqsədilə xüsusi olaraq məhz onunçün yeni vəzifə yaradır: – Kinoteatrların musiqi rəhbəri. Axı o illərdə kinoteatrların öz orkestrləri vardı və seansqabağı çalardılar.

    Rəsul Rza cahil, küt tənqiddən gənc istedadlı şairləri də qoruyurdu – Əli Kərimi, Məmməd Arazı, Fikrət Qocanı, Vaqif Səmədoğlunu… İndi onlar klassik sayılır və o hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib, sanki heç belə şeylər olmayıb.

    Qəribə şakərimiz var. Sənətə bənzərsiz yaradıcılıqla gələn gənc istedadlar ilk addımlarında top-tüfənglə qarşılanırlar, özlərini təsdiq edəndən, hamı tərəfindən qəbul və təqdir olunandan sonra onları vaxtilə tənqid edənlər də bu xora qoşulurlar, haçansa nəinki onlara, hətta onların müdafiəçilərinə də hücumlarını yaddan çıxarırlar.

    Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk addımlarında onlar da şiddətli və əsassız tənqidlərə məruz qaldılar, Bir gün Toğrulun tamamilə bədbinləşib ölkədən çıxıb getmək istəməsini də xatırlayıram. Amma gənc rəssamlara qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul Rza elə ilk işlərindən Tahirə də, Toğrula da diqqət yetirdi, onları özüylə Azərbaycan rayonlarına aparırdı, barələrində müsbət rəy yazırdı. Toğrul haqqında “Pravda” qəzetində, Tahir haqqında Moskvanın “Tvorçestvo” jurnalında. T.Salahovun əsərlərini – “Səhər eşalonu”, “Rezervuarlar”, “Fəhlənin portreti”ni yüksək qimətləndirdiyinə görə Moskvanın mötəbər sənətşünası Andrey Lebedev Rasul Rzaya ciddi iradlar bildirmişdi.

    Gənc rəssamlara iradları yalnız mühafizəkar sənətşünaslar deyil, bəzi partiya xadimləri də tuturdular. Belə hadisələrdən birini Tahir xatırlayır:

    “Yadımdadır mənim “Yeni dəniz” (1970) şəklimin təqdimatında MK-nın məsul işçilərindən biri məndən soruşdu: – Tahir, niyə sənin fəhlələrin belə ciddidirlər, niyə heç gülümsəmirlər? Heydər Əliyev söhbətə qarışdı: Onlar niyə gülməlidirlər ki… İşləyiblər, əmək sərf ediblər – bu çox ağır zəhmətdir”. Bir qədər sonra “Yeni dəniz” tabloma görə mən ilk dövlət mükafatımı aldım”.

    Heydər Əliyev sonralar da Tahir Salahovu həmişə dəstəkləyirdi, onun böyük istedadını, həyatın müxtəlif sınaqlarında dəyanətini və sədaqətini yüksək qiymətləndirirdi.

    Tahir Salahov tez bir zamanda sənətiylə özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən müxtəlif mükafatlara və ən yüksək adlara layiq görüldü. Rəssamın ilk yaradıcılıq dövründə – gəncliyinin ən kövrək, həssas illərində aldığı yaralar da sağaldı, bəlkə də unuduldu.

    Sovet sisteminin sənətkarlara münasibətində qəribə bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən salırdı. Tahir Salahovun portretlərini çəkdiyi sənət adamları da bütün bunları yaşamışdılar – Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də, Andrey Voznesenski də. Eyni aqibəti Rəsul Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr tutan, fəxri adlarla təltif olunan şair qısa müddət ərzində qurduğu və on il rəhbərlik etdiyi ensiklopediyadan Moskvanın təhriki ilə uzaqlaşdırıldı, deputat “seçilmədi”, SSRİ Yazıçılar İttifaqı İdarə Həyətinə düşmədi. Halbuki uzun illər boyu həm deputat, həm də İdarə Heyətinin üzvü olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə o, yenidən deputat seçildi, Sosialist Əməyi Qəhrəmanı adı aldı. Ömrünün məhz o bəlalı dövründə Tahir atamın portretini çəkdi. Bu, kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.

    Rəsul Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm söhbətimiz zamanı dedi ki, atasını çox erkən yaşında itirdiyindən xüsusilə ilk gənclik illərində Rəsul Rzanın ona atalıq qayğısını heç vaxt unutmur.

    Rəsul Rza Tahirə məqalə həsr edib və orada portret üzərində işi xatırlayır:

    “Bir də görürdün ki, Tahir müəyyən bir şəkildə, müəyyən bir tərzdə səni otuzdurur və başlayır işləməyə. Baxıb görürsən ki, doğrudan, çəkdiyi şəkil istər oxşarlığı, istər üzünun ifadə məzmunu etibarilə çox yaxşıdır. Səhərə vədələşib vaxt qoyurduq ki, davam etsin. Səhər gələndə görürdüm ki, Tahir bütün kompozisiyanı dəyişib təzədən başlayır. Belə bir, iki, üç dörd dəfə…Bir də görürsən ki, yalnız əlləri çəkməklə bir neçə seans məşğul oldu”.

    Raya xanım mənə T.Salahovla söhbətlər kitabına Ön söz yazmağı təklif edəndə qarşıma problem çıxdı. Məsələ ondadır ki, 2003-cü ildə Tahirin 75 illiyində onun haqqında “Sədaqət” adlı böyük esse yazmışdım və bu yazı “Bakinski raboçiy” qəzetində dərc olunub, mənim “Azərbaycan ədəbiyyatı, sənəti, mədəniyyəti” üçcildliyimə daxil edilib. Sevdiyim rəssam haqqında yenidən necə yazasan ki, dediklərini təkrar etməyəsən. İndiki yazımda buna çalışdım, rəssam haqqında demədiklərimi söyləməyə cəhd etdim. Köhnə yazımdan yalnız bircə sitat gətirmək istəyirəm:

    “Bir dəfə özüm də bilmədən Salahovun işləməsinin şahidi oldum. Tahir uzun illər boyu görüşəndə deyirdi ki, şəklimi çəkmək istəyir. Onun çox gərgin həyat ritmini bildiyim üçün özüm bunu heç vaxt rəssama xatırlatmırdım. İki il bundan qabaq ən yaxın və əski dostumu, istedadlı bəstəkar Emin Sabitoğlunu itirdim. Tahir də onunla dost idi. Vəfatının ikinci günü Emingildəydik. Televizoru qurmuşduq. Bəstəkar haqqında nekroloq səslənməyə başladı. Altı yaşından tanıdığım və bütün şüurlu həyatımı çiyin-çiyinə yaşadığım bir dost haqqında bu vida sözlərini eşidərkən nə hala düşdüyümü təsəvvür etmək olar. Bu hisslərin sifətimdə necə əks olunduğunu isə az sonra Tahirin demə, bu vaxt çəkdiyi qrafik portretimdən bildim. Yəqin ki, bu mənim ən kədərli şəklimdir. Amma mənə çox əzizdir. Həm Eminin xatirəsiylə bağlı olduğuna görə, həm də Tahirin qələmindən çıxdığına görə”.

    O gündən çox illər keçdi və bir səhər Tahir zəng elədi, məni İçərişəhərdəki muzey-emalatxanasına dəvət etdi. Məlum oldu ki, portretimi çəkmək niyyətindədi.

    Dörd-beş seansa mənim iki qrafik və bir irihəcmli yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim və şəkil çəkdiyi zaman da əlimdə qəlyan tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi eynən elə tutaram – elə bil əlimdə qəlyan var. Bir az düşünüb köməkçisini göndərdi eynən belə bir qəlyan aldırdı və yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə başladı. Mən sənətkarın ən xırda detallara belə necə “vasvasılıqla” yanaşdığının şahidi oldum. Portretimdə mənə təsir edən bir detal da o oldu ki, arxa planda atamın məşhur şəklini yerləşdirmişdi. Tahir Salahovla bu yaradıcılıq görüşləri, iş seansları, məhrəm söhbətlər ömrümün unudulmaz xatirələrindəndir. Tahir özü də bu barədə deyib:

    “Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Əvvəllər atasının – gözəl şair Rəsul Rzanın portretini çəkmişdim. Anar – bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”.

    Tahirə çox minnətdaram bu səmimi sözlərinə görə də, birini mənə bağışladığı gözəl portretlərimə görə də.

    Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli Prezidentimiz İlham Əliyev onu Birinci dərəcəli Əmək ordeniylə təltif etdi.

    Böyük sənətkarımıza nə arzu etmək olar, uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları…

    Bir də mənim bir arzumun həyata keçirməsini. Bu arzularımı Tahirə demişəm. T.Salahov Dədə Qorqudun, klassik və çağdaş şairlərimizin parlaq portretlərini çəkib. İstərdim ki, gənc Füzulinin də portretini çəksin. Məhz gənc Füzulinin, çünki adətən bu şairi çox qoca yaşında təsvir edirlər. Sevgi haqqında ən incə və ən ehtiraslı şeirlər müəllifini saçı-saqqalı ağarmış ixtiyar obrazında görmək adama qəribə gəlir. Tahir Salahovun fırçasıyla canlandırılmış gənc Füzuli onun şeirlərindən aldığımız zövqə uyğun bir obraz olardı. Bir də Tahirə təklif etdim ki, milli faciəmiz Xocalı soyqırımını əks etdirən bir tablo barədə düşünsün. Tahir Salahov belə bir şəkil çəksə İnsanlığın Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur “Hernika”sıyla yanaşı yer tutardı.

    R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm fikirlərini söyləyir. Sanki özü özüylə təkbətək danışır.

    Təklikdə, amma bizim hamımızla birlikdə.

    2 dekabr 2018

    Mənbə: https://edebiyyatqazeti.az/