Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

* * *

Yastığım tük deyil, daşdı mənimki,
Yollarım boşluğa tuşdu mənimki,
Baharı sevmirəm, qışdı mənimki,
Mənimki borandı, tüfandı şair,
Üşüyər ürəyin amandı şair.

İnanma, bu ömrün vəfası yoxdur.
Dərd verən allahın dəvası yoxdur.
Şərəfli həyatın səfası yoxdur,
Cənnət uydurmadı, gümandı şair,
Adəmi aldadan imandı şair.

Dünyaya saf gəldin çirkləndin ama,
Nə İsa Məsihsən, nə Məryəm ana.
Çəkdiyin siqaret bircə uduma,
Tütündü, qətrandı, dumandı şair
Çəkmə zəhrimarı, ziyandı şair.

Xoş üzün görmüşük haçan dünyanın,
Özü, öz əksindən qaçan dünyanın?
Bizik iç üzünü açan dünyanın,
Həyat yaxşılara ziyandı şair,
Azadlıq ən şirin yalandı şair.

Çözə bilmişikmi haqq nə nahaq nə?
Sonu nə olacaq, bunun baxaq nə.
Ömürə nə gələk, bölək, çıxaq nə?
Bərabər ölümə tamamdı şair.
Bizimki iynədir, samandı şair…

* * *

Yaxşı ki, o səhər ölmədim,
O sən gedən səhəri deyirəm.
Yadındadır, mən topladım
Əşyalarını hələ?
Hıçqırıqlar içində pıçıldadım da
Get, gülə- gülə.

Yox e, sözüm onda deyil,
Yaxşı eləyib getdin.
Qalıb nə edəcəkdin ki ,
Viranə ürəyimdə?
Onsuzda əzəl gündən
Yalançı məhəbbətdin,
Onsuzda düşmən bıçağı idin
Kürəyimdə.

Bax heç zəng etmirəm də,
Nə də axtarıb,sormuram.
Həvəsində deyiləm qapalı dəftərin,
Çoxdan külünü sovurmuşam,
Lənətə gəlmiş vərəqlərin.

Sonra demə unuda bilmədin məni,
Lovğalıq qatma gülüşünə.
Danışmağı sevmirsən bilirəm,
Sussmağın da anlam verir
Gedişinə…