“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilib.

Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə ilk öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək narkomaniya, onun fəsadları, insanlara, xüsusən də gənclərə, cəmiyyətə vurduğu zərərlər barədə məlumat verib. Daha sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş informasiya verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Mənbə: https://culture.gov.az/