Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib. Səhnə əsərində, həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Andrey Romanenko, Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Əli Əsgərov və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Əliəhməd İbrahimov və solist Nina Makarova da çıxış edəcək. Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.