Blog

  • 22 Mart Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü

    İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919İkinci ŞıxlıGəncə quberniyası – 26 iyul 1995Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

    İsmayıl Şıxlı

    İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

    İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali QafqazKrım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

    Ədəbi yaradıcılığıRedaktə

    İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    İctimai-siyasi fəaliyyətiRedaktə

    İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].

    Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].

    VəfatıRedaktə

    1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

  • Xalq şairi Hüseyn ARİF.”Deyiləm”

    Ey mənim arxamca yumruq oynadan,
    Bərkə çox düşmüşəm, qorxaq deyiləm.
    Ayağım yer tutur, əlim əldədir,
    İnsandan, torpaqdan uzaq deyiləm.

    Əzəldən həm eşqim, həm nifrətim var,
    Canımda tükənməz hərarətim var,
    Bir qəlbdə min sözüm, min söhbətim var,
    Həyatda beşgünlük qonaq deyiləm.

    Ölçmə hər yetəni öz sağ, solunla,
    Tərpətmə qayanı gücsüz qolunla,
    Hüseynə dərs demə, yeri yolunla,
    Mən dünya görmüşəm, uşaq deyiləm.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qızlardan oğlanlara”

    Qızlardan oğlanlara

    Oğlanlar,qızlara hörmət eləyin,
    Ya sevin qızları,ya redd eleyin.
    Aldadıb atmayın,günahdı qızlar
    Sabahkı ən əziz anadı qızlar.

    Səsində həya var,gözündə ovsun,
    Evdə dilavərdi,çöldə lal olur.
    Gözünüz qızların gözündə olsun,-
    O gözdə daimi bir sual olur.

    Qızlar anadılar,oğlanlar ata,
    Kim deyir,bu işi bir əyən olmur?!
    Qızların qız baxtı gözəl olsa da
    Gəlinlik vaxtları müəyyən olmur.

    Fikirə öyrəşir,qəmə qatlaşır,
    Qəlbində yaşadır,sirrini təkcə.
    Öz ata evində qızlar yadlaşır
    Yad oğlan evinə meyl eylədikcə.

    Qəlbini sevdiyi oğlana deyir,
    Ancaq rəfiqəsi soruşsa,danar.
    Özgə anasına qız ana deyir,
    Özgə atasına qız olan qızlar.

    Qızlar aldanandı,siz aldatmayın,
    Aldanıb yananın qanı buz qalar.
    Qolları üstündə gedib yatmayın,
    Yazıqdı,əbədi yuxusuz qalar.

    Görüşə getməyin ürək sevməsə
    Sözümü,a qızlar,ucuz tutmayın.
    Ürəkdən çəkirik nə çəkiriksə,
    Bunu da həyatda siz unutmayın.

  • Xalq şairi Zəlimxan YAQUB.”Qanad bağışladı küləklər mənə”

    Mələk dodağında səslər eşitdim,
    Ruhuma hopdurdum o səsləri mən.
    Qəlbimə köçürdüm, qanıma yığdım,
    Bütün sevgiləri, həvəsləri mən.

    Şeyximin yolunda olmadım naşı,
    Tökdüm Yunus kimi gözümdən yaşı,
    Vaxtında tanıdım Hacı Bektaşı,
    Sevdim o sevdiyi həvəsləri mən.

    Qanad bağışladı küləklər mənə,
    Güc verdi tanrılar, fələklər mənə,
    “Dağıt!” deməsəydi, mələklər mənə,
    Dağıda bilməzdim qəfəsləri mən.

    *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş “Mən bir dağ çayıyam…” adlı şeirlər kitabından seçilərək dərc olunub

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətəndaş”

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – bir Vətənin övladıyıq biz.
    Anamız eynidir, qardaşıq demək,
    Mən sənə arxayam, sən mənə kömək.

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – iki canda bir ürəyik biz.
    Gücsüzük, bir heçik sən də, mən də tək,
    Vətənə güvənib olduq Vətəndaş.
    Mənim ürəyimi qanatsın gərək,
    Sənin dırnağına dəyən çırtma daş.

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – bir iqlimdə böyümüşük biz.
    Səni də, məni də böyüdən Vətən,
    Sənə də anadır, mənə də ana.
    Sən də cavabdehsən, mən də hər zaman
    Vahid anamızın xoşbaxtlığına.

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – bir qaynaqdan su içmişik biz.
    O su qəlbimizdə coşdu, qaynadı,
    Eyni bir ad ilə tanıtdı bizi.
    Vətənin ünvanı, Vətənin adı
    Bizə xatırlatdı vəzifəmizi!

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Vətən əbədidir, gedəriyik biz.
    İnsan qüvvətlidir öz vətənində.
    Bilirik, dünyaya biz niyə gəldik.
    O, bizi yaradan, biz ona bəndə,
    Yaradan uğrunda ölməyə gəldik.

  • Coşqun XƏLİLOĞLU.Vurğun


    Xalq şairi S.Vurğunun ölməz xatirəsinə

    İlk bahar günündə doğuldu Vurğun,
    Sənət dünyasının baharı oldu.
    Ucaldı, ən uca dağ oldu, Vurğun,
    Ana yurdumuzun vüqarı oldu.

    Tükənməz həvəslə yaratdı, yazdı,
    Sözləri məsəl tək düşdü dillərə.
    Yurdu gecə-gündüz dolandı, gəzdi,
    Ürəkdən bağlıydı doğma ellərə.

    Sevirdi Muğanı, Mili, Şirvanı,
    Qobustan sevimli oylağı idi.
    Ötdü məhəbbətlə ömür karvanı,
    Hər elin ən əziz qonağı idi.

    Xalqla bir döyündü, vurdu ürəyi, Xalqın uğurları onun sevinci,
    Oldu insanların dostu, gərəyi,
    İlhamla yaratdı sözlərdən inci.

    Əlli il yaşadı, cəmi əlli il,
    Şeir dünyasının günəşi sönməz.
    Zirvədə durmusan məğrur qartal tək,
    Qartal zirvələrdən heç zaman enməz.

    Nəqədər şeir var, söz dünyası var,
    Vətən sevgisiylə coşacaq Vurğun.
    Gələndə qaranquş gələndə bahar,
    Bahar nəğmələri qoşacaq Vurğun.
    2006- cı il

  • Coşqun XƏLİLOĞLU.”Novruz bayramı”

      
        Azərbaycan Yazıçılar Birliyinin üzvü
    
             

    Qız-gəlin göyərdib yaşıl səməni,
    Uşaqlar nə böyük tonqal çatıbdır,
    Bürüyüb güllərin ətri çəməni,
    Quzular yamacda şehə batıbdır.

    Kimisi qonşuya tullayır papaq,
    Kimisi tullanır üstündən odun,
    Kimisi qapını xəlvət pusaraq
    Ağzına tullayır bir ovuc qovut.

    Kosa keçəl ilə çıxarır oyun,
    Bayram xonçasını heybəyə yığır,
    Payızda etməkçün özünün toyun
    Keçəllə nə qədər oyundan çıxır.

    Bişirir analar ləziz xörəklər,
    Yumurta boyanır yaşıl, qırmızı,
    Düzülüb süfrəyə şirin çörəklər,
    Hamı qarşılayır sevinclə yazı.

    Şamlar yandırılır ürəkdə niyyət,
    Xalqımın arzusu xoşbəxtlik, xoş gün,
    Baharla yurduma gəlsin səadət,
    Elimdə, obamda olsun toy-düyün.

    Novruz xalqımızın əziz bayramı,
    Sevinc bayramıdır, saz bayramıdır,
    Novruzda ürəkdən sevinir hamı,
    Novruz ən müqəddəs yaz bayramıdır.

  • 21 Mart Xalq şairi Səməd Vurğunun doğum günüdü

    ANA

    Pək cocuğdum, yerə gömdülər səni,
    Həyata qanadsız atdılar məni.
    Bax, necə pozulub ömür gülşəni,
    Həyat sənsiz mənə zindandır, ana!

    Qoynunda bəslənir gözəl diləklər,
    Layiqdir səcdəyə sənə mələklər,
    Nerdəsən, gözlərim həp səni bəklər,
    Bax evladın nasıl giryandır, ana!

    Sən bir günəş idin, doğdum da, batdın,
    Yazıq evladını qəmlərə atdın.
    Bir cavab ver, hanki murada çatdın
    Torpaqlarda neçə zamandır, ana!

    Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
    Əzizim anacan, gözüm anacan!
    Yumuq gözlərini aç da bir oyan,
    Şimdi zaman başqa zamandır, ana!

    Yıxılıb payinə öpmək istərəm,
    Analıq mehrini görmək istərəm,
    Səni görmək üçün ölmək istərəm,
    Təsəlim ah ilə fəğandır, ana!

    DAĞLAR

    Binələri çadır- çadır
    Çox gəzmişəm özüm, dağlar!
    Qüdrətini sizdən aldı
    Mənim sazım, sözüm, dağlar!

    Maral gəzər asta – asta,
    Enib gələr çeşmə üstə.
    Gözüm yolda, könlüm səsdə,
    Deyin, necə dözüm, dağlar?

    Hər obanın bir yaylağı,
    Hər tərlanın öz oylağı;
    Dolaylarda bahar çağı:
    Bir doyunca gəzim, dağlar!

    Qayaları baş – başadır,
    Güneyləri tamaşadır.
    Gödək ömrü çox yaşadır,
    Canım dağlar, gözüm dağlar!

    Bir qonağam bu dünyada,
    Bir gün ömrüm gedər bada;
    Vurğunu da salar yada
    Düz ilqarlı bizim dağlar

    ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!

    Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!

    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal…
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!

    Ovçuluğa meyil saldım,
    Gecə – gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə – süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?

    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!

    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm…
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim , bir də Vətən:
    -Şair, nə tez qocaldın sən!

    CEYRAN

    erdən ayağını quş kimi üzüb,
    Yay kimi dartınıb, ox kimi süzüb,
    Yenə öz sürünü nizamla düzüb,
    Baş alıb gedirsən hayana, ceyran?

    Əzəldən meylini salıb çöllərə,
    Bəxtini tapşırdın bizim ellərə,
    O qara gözlərin düşdü dillərə.
    Dişlərin oxşayır mərcana, ceyran!

    Bir məsəl qalmışdır ata-babadan:
    Uçarda turacdır, qaçarda ceyran
    Bir mən deyiləm ki, hüsnünə heyran,
    Şöhrətin yayılıb hər yana, ceyran!

    Sükuta qərq olmuş ürəyimlə mən
    Keçirəm yenə də Muğan çölündən.
    Yanında balası, yağış gölündən
    Əyilib su içir bir ana ceyran!

    Elə ki, son bahar min büsat qurur,
    Kolları-kosları yıxıb uçurur,
    Sıxlaşıb bir yerə baş-başa durur
    Düşəndə çovğuna, borana ceyran.

    On addım kənarda yatmayır təkə,
    Gəzinir, oylağa baş çəkə-çəkə.
    Gələn qaraltıdır, yoxsa təhlükə?
    Bir özünə baxır, bir ona ceyran!

    Ovçu, insaf elə, keçmə bu düzdən!
    O çöllər qızını ayırma bizdən!
    Qoyma ağrı keçə ürəyimizdən, –
    Qıyma öz qanına boyana ceyran!
    Nə gözəl yaraşır Muğana ceyran!

    AZƏRBAYCAN

    Çox keçmişəm bu dağlardan,
    Durna gözlü bulaqlardan;
    Eşitmişəm uzaqlardan
    Sakit axan arazları;
    Sınamışam dostu, yarı…

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sana:
    Hankı səmtə, hankı yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!

    Fəqət səndən gen düşəndə,
    Ayrılıq məndən düşəndə,
    Saçlarıma dən düşəndə
    Boğar aylar, illər məni,
    Qınamasın ellər məni.

    Dağlarının başı qardır,
    Ağ örpəyın buludlardır.
    Böyük bir keçmişin vardır;
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.

    Düşdün uğursuz dillərə,
    Nəhs aylara, nəhs illərə.
    Nəsillərdən nəslərə
    Keçən bir şöhrətin vardır;
    Oğlun, qızın bəxtiyardır…

    Hey baxıram bu düzlərə,
    Ala gözlü gündüzlərə;
    Qara xallı ağ üzlərə
    Könül istər şeir yaza;
    Gəncləşirəm yaza-yaza…

    Bir tərəfin bəhri-Xəzər,
    Yaşılbaş? sonalar gəzər;
    Xəyalım dolanar gəzər
    Gah Muğanı, gah Eldarı,
    Mənzil uzaq, ömür yarı!

    Sıra dağlar, gen dərələr,
    Ürək açan mənzərələr…
    Ceyran qaçar, cüyür mələr,
    Nə çoxdur oylağın sənin!
    Aranın, yaylağın sənin.

    Keç bu dağdan, bu arandan,
    Astaradan, Lənkərandan.
    Afrikadan, Hindistandan
    Qonaq gəlir bizə quşlar,
    Zülm əlindən qurtulmuşlar…

    Bu yerlərdə limon sarı,
    Əyir, salır budaqları;
    Dağlaraının dümağ qarı
    Yaranmışdır qarlı qışdan,
    Bir səngərdir yaranışdan.

    Lənkəranın gülü rəng-rəng,
    Yurdumuzun qızları tək.
    Dəmlə çayı, tök ver görək,
    Anamın dilbər gəlini!
    Yadlara açma əlini.

    Sarı sünbül bizim çörək,
    Pambığımız çiçək-çiçək,
    Hər üzümdən bir şirə çək
    Səhər-səhər acqarına,
    Qüvvət olsun qollarına.

    Min Qazaxda köhlən ata,
    Yalmanına yata-yata,
    At qan tərə bata-bata,
    Göy yaylaqlar belinə qalx,
    Kəpəz dağdan Göy gölə bax!..

    Ey azad gün, azad insan,
    Doyunca iç bu bahardan!
    Bizim xalı-xalçalardan
    Sar çinarlar kölgəsinə,
    Alqış günəş ölkəsinə!

    Könlüm keçir Qarabağdan,
    Gah bu dağdan, gah o dağdan;
    Axşam üstü qoy uzaqdan
    Havalansın Xanın səsi,
    Qarabağın şikəstəsi.

    Gözəl Vətən! Mənan dərin,
    Beşiyisən gözəllərin
    Aşıq deyər sərin-sərin,
    Son günəşin qucağısan
    Şeir, sənət ocağısan.

    Ölməz könül, ölməz əsər
    Nizamilər, Füzulilər!
    Əlin qələm, sinən dəftər,
    De gəlsin hər nəyin vardır,
    Deyilən söz yadigardır.

    Bir dön bizım Bakıya bax,
    Sahilləri çıraq-çıraq,
    Buruqları hayqıraraq
    Nərə salır boz çollərə,
    İşıqlanır hər dağ, dərə.

    Nazlandıqca sərin külək
    Sahillərə sinə gərək,
    Bizim Bakı – bizim ürək!
    İşıqdadır qüvvət sözü,
    Səhərlərin ülkər gözü.

    Gözəl Vətən! O gün ki, sən
    Al bayraqlı bir səhərdən
    İlham aldın…yarandım mən.
    Gülür torpaq, gülür insan
    Qoca Şərqin qapısısan.

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrilarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

  • Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının rəhbəri şair Barat Vüsal “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib

    Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının rəhbəri şair Barat Vüsal “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir.

    Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Baghirov Vəkillər Kollegiyasının Rəyasət Heyəti və bütün vəkil korpusu adından Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, “Vəkil marşı”nın müəllifi şair Barat Vüsalı 70 illik yubileyi münasibətilə təbrik etmiş və Barat Vüsal “Azərbaycan Vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir.
    Təbrik məktubu və döş nişanı Anar müəllimin tapşırığına əsasən bu gün tərəfimdən Barat Vüsala təqdim edildi.
    Barat Vüsalın yaradıcılığına verdiyi yüksək dəyərə görə Vəkillər Kollegiyasının sədri Anar müəllimə və Rəyasət Heyətinin bütün üzvlərinə təşəkkür edirəm.

           
  • Azərbaycanlı gənc yazar Kamran Murquzovun məqaləsi “Usare” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “İctimai-siyasi cərəyanlar və onların mahiyyəti” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın organı “Usare” iki aylık kültür, edebiyat, sanat dergisi 24. sayısında “İctimai-siyasi cərəyanlar və onların mahiyyəti” adlı məqaləsi dərc olunub.

    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır.

    Qeyd edək ki, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun “Yoxtu ehtiyacın Senin” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Xalq şairi Hüseyn ARİF.”Qayıt, uşaqlığım!”

    Qayıt, uşaqlığım, qayıt bir anlıq…
    İtən günlərimi tapmaq istərəm.
    Minib axşamüstü qarğı atımı,
    Yollardan-yollara çapmaq istərəm…

    Qayıt, uşaqlığım, qayıt bir anlıq…
    Yeriyib, yıxılıb, qaçmaq istərəm.
    Səhərlər çiynimdə məktəb çantası,
    Sinif otağını açmaq istərəm.

    Qayıt, uşaqlığım, qayıt bir anlıq…
    Mən səni bağrıma basmaq istərəm.
    Nənəmin saxlancı ala çatıyla,
    Ağacdan yelləncək asmaq istərəm.

    Qayıt, uşaqlığım, qayıt bir anlıq…
    Sən niyə tez keçdin? Bilmək istərəm…
    Həyat şirin imiş, mən bu dünyaya,
    Yenidən doğulub gəlmək istərəm…

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Zəlimxan YAQUB.”Yol”

    Yaradanım yaxşı

    Yaradanım yaxşı bilir,
    Yolum kimlərin yoludu.
    Dünənin söhbəti deyil,
    Lap qədimlərin yoludu.

    Məni qış-yaz anan yollar,
    Tanrıya uzanan yollar,
    Halallıq qazanan yollar,
    Xoş qədəmlərin yoludu.

    Qulaq Haqqdan gələn səsdə,
    Könül gündə yüz həvəsdə,
    Mənim yolum pərdə üstə,
    Yanan simlərin yoludu.

    Ruhum yollara bələddi,
    Yol çaşanlar xəcalətdi,
    NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,
    Yol ADƏMlərin yoludu.

    6.VII.2005

    *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş “Mən bir dağ çayıyam…” adlı şeirlər kitabından seçilərək dərc olunub

  • Coşqun XƏLİLOĞLU.“ƏBƏDİ CƏNNƏTƏ KÖÇMÜSƏN”

    “ƏBƏDİ CƏNNƏTƏ KÖÇMÜSƏN”

              
        Azərbaycan Yazıçılar Birliyinin üzvü
                              

    Əslən Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, göstərdiyi şücaətə görə “ Vətən uğrunda” medalı ilə təltif edilmiş Bayramov Səid Eldəniz oğlunun əziz xatirəsinə ithaf edirəm.

    Adının mənası – xoşbəxt, uğurlu,
    Çöhrən, üzün- gözün, necə də nurlu,
    Yaşadın ömrünü, qısa, qürurlu,
    Şəhidlik şərbətin içmisən, Səid,
    Əbədi cəənətə köçmüsən, Səid.

    Elimin sevimli balası oldun,
    Yağının qənimi, bəlası oldun,
    Yurdumun sipəri, qalası oldun,
    Bu yolu qorxmadan seçmisən, Səid.
    Əbədi cənnətə köçmüsən, Səid.

    Kafirlər bu yurdda qalammaz, dedin,
    Tülküdən şir, aslan olammaz, dedin,
    Mərd oğul rahat yatammaz, dedin,
    Düşməni məhv edib, biçmisən, Səid,
    Əbədi cənnətə köçmüsən, Səid.

    Çöl-Ərəbin fəxri, vüqarı oldun,
    Söhbəti, ülfəti, ilqarı oldun,
    Tükənməz dövləti, həm varı oldun,
    Sanki qızılgülsən, açmısan, Səid,
    Əbədi cənnətə köçmüsən, Səid.

    Bizim ordumuzdur qələbə çalan,
    Düşmənin ordusun eylədik, talan,
    Azaddır Füzuli, Şuşa, Zəngilan,
    İşıqsan, nur, şəfəq saçmısan, Səid,
    Əbədi cənnətə köçmüsən, Səid.
    30.01.21.

  • Rafiq ODAY.”GÜLNAR A GÜLDÜ…” (Təcnis)

    Elə pak, elə saf ürəyi var ki,
    Tikan da, qanqal da Gülnara güldü.
    Sanki bu dünyanın adamı deyil,
    Güllər də baxışıb Gülnara güldü.

    Hansı gül söyləməz güləm mən qəşəng, –
    Təbiət qoynundan gül əmmən qəşəng!
    Nar dərəm, sevinəm-güləm mən qəşəng,
    Nar gülə güldüsə, gül nara güldü.

    Deyincə: sevgisiz yaşa, sın, gözəl, –
    Məni quru yuyub, yaş asın, gözəl,
    Rəhm eylə Odaya, yaşasın, gözəl, –
    Mənim bu sözümə Gülnar a güldü…

  • Rafiq ODAY.”ÇANAQQALA ZƏFƏRİ”

    ÇANAQQALA ZƏFƏRİ

    Çanaqqala Zəfərinin 100 illiyində yazılıb.

    Azadlığı başa tac
    Seçənlərin püşküdü,
    Vətənə namus andı
    İçənlərin püşküdü,
    Bu andla şirin candan
    Keçənlərin püşküdü, –
    Əbədiyyət yoluna
    Çıxanların səfəri,
    Çanaqqala zəfəri!

    Gözümüzün qan adlı,
    Seli, suyu qurudu,
    Bu qan aydan arıdı,
    Bu qan sudan dururdu,
    Türkün qurtuluş himni,
    Varolma düsturudu,
    Odur bizə bəxş edən
    Al şəfəqli səhəri,
    Çanaqqala zəfəri!

    Qos-qoca bir ağacı
    Qurutmaq mümkün deyil.
    Buna təşəbbüsləri
    Unutmaq mümkün deyil,
    Yüz səksən milyon bu gün
    Qürurla: “Türküm” – deyir.
    Bitib-tükənərmi heç
    Qırx budağın bəhəri? –
    Çanaqqala zəfəri!

    Qorxu bizdən uzaqdı,
    Kənardı hürkü, Tanrım.
    Neylər sonsuz səmaya,
    Bir ovuc bürkü, Tanrım,
    Türk – Tanrının əsgəri,
    Qorusun Türkü Tanrım.
    Göyün yerə müjdəsi,
    Yerin göyə xəbəri, –
    Çanaqqala zəfəri!

    18 mart 2015.

  • Qafqaz ƏVƏZOĞLU.”İlahi, nə yaxşı tanıtdın mənə”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    • Ta görünmürsən, hardasan?- deyən “dostlara”

    İlahi, nə yaxşı tanıtdın mənə,
    Dövrəmdə su kimi axan dostları.
    Elə hey şənimə badə qaldırıb,
    Özünü gözümə soxan dostları.

    Çoxunun yolunda olsam da bir şam,
    Şükür ki, qaz kimi yolunmamışam.
    Demə müşk sanmışam, ənbər sanmışam,
    Sarımsaq dostları, soğan dostları.

    Özümü dəhləyib daşa çəkmişəm,
    Miniblər belimə qoşa – çəkmişəm.
    Özüm də bilmədən başa çəkmişəm,
    Yalandan gurlayıb çaxan dostları.

    Hər dosta qəlbimdə bir yuva qurdum,
    Dərdlərin dərdimə qatıb qovurdum…
    Yüküm əyiləndə gen duran dördüm,
    Cibimdə böyüyüb çıxan dostları.

    Qafqaz Əvəzoğlu, mən yazıq, fağır,
    Qonaqlıq verməkdən olmuşdum yağır.
    Çox şükür, yaxşı ki, tanıdım axır,
    “Sağılan” dostları, “sağan” dostları…

  • Qafqaz ƏVƏZOĞLU.”Vaxtıdı”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    Ətəyini çırmalayıb getdi qış,
    Düzdə mehin dağda çənin vaxtıdı.
    Danaqıran yal-yamacı bürüyüb,
    Karlı oğlan, yüz pencənin vaxtıdı.

    Gün əridir zirvələrdə sal buzu,
    Yal-yamacdan şaqqıldayıb axır su.
    El yığışıb yola saldı Novruzu,
    Al fidanın, tər qönçənin vaxtıdı.

    Silkələnib çöllər açdı qırışın,
    Yedik getdi kətəsini çirişin.
    Çərtib çıxan quzqulağın, keşnişin,
    Kəkoğlunun, mərövcənin vaxtıdı.

    Əvəzoğlu, çıx dağlarla görüşə,
    Hər tərəfdən ətir saçır bənövşə…
    Göy çəməndə yan verməyə bir döşə,
    Mütəkkənin, döşəkçənin vaxtıdı!

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Dərdimin yorğanı qalın”

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Dərdimin yorğanı qalın,
    Çək üstümə, üşüyürəm.
    Arzularım ayaqyalın,
    Daşımaqdan tövşüyürəm.

    Xırda-xırda səpələdim,
    İçimə haqqın qanını.
    Üzümə tutub gedirəm,
    Düzüb qoşduğum yalanı.

    Fikirlərim qalıb çıplaq,
    İçimdə sözüm talanır.
    Düşüncələrim od tutur,
    Qəlbimdə dözüm talanır.

    Ömür sayım yarpaq-yarpaq,
    Xəzəl olub can üşüdür.
    Ruhum gəzir sınıq-salxaq,
    Harayımı kim eşidir.

    Qara kağızda ağ yalan,
    Vətən, vətən dilək açır.
    Haqsızlığa qalxan əllər,
    Hər yetənə bələk açır.

    15.02.18

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ya dağı qalır”(Təcnis)

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Nakam məhəbbətin qəlbdə, könüldə,
    Ya həsrəti qalır, ya dağı qalır.
    Yurdda qalan övlad əsil olmasa,
    Elə bil yurdunda yad, ağı qalır.

    Zəhərli əlin də, yad ayağın da,
    Yenə mənə yaddır, yad, ayağında,
    Əgər qorunmasa yad ayağında,
    Əlbəttə, çəməni, ya dağı qalır.

    Dərya varsa, çalxalanım, üzüm də,
    Arı qonar, şirə gəzər üzümdə,
    Nəcibəyəm, nə zamandı üzümdə,
    Azarın sarısı, ya dağı qalır.

  • Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Bir dərd tapdım geyindim,
    Boyumdan yekə çıxdı…
    Soyunmağa ərindim…
    Boyum da heçə çıxdı…

    Yamanmış əl uzadan
    Dərd bozardan donuma…
    Tanrıymış
    ən uzaqdan
    Sevda yazan sonuma…

    Bu gün sonuncu dəfə
    Sevələdim adını…
    Sən demə, “son” özü də
    “Ilk”in məşum qadını…
    Tanrı, insafın olsun,

    Adam unudularmı?
    Eh…
    Hanı telefonum?
    Məni axtaran varmı?…
    (2017)

  • Şəfa VƏLİYEVA.”Büyümüşüm, ANNE…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    büyümüşüm, anne…
    bakışlarının dokunduğu resimlerimde hala güller açıyormu, bilmiyorum…
    karşında beni ne zamandır ağlayan bulmuyorsun…
    omuzlarına yaslanmıyor başım…
    inlemiyor dilim “dertliyim”-diye…
    büyümüşüm, anne…
    korkmuyorum ayrılıklardan…
    ürpenmiyorum garip nazarlardan…
    ve adını bilmiyorum sol yanımda çırpınan her neyse…
    yürek böyle olmuyor, anne…
    yürek sevebiliyor… sevilebiliyor…umutlana biliyor…
    kaçıyorum, anne…
    kaçamadığım acılardan daha beter kaçıyorum…
    arzularımı kendine götürüp dağlara çalan zamandan kaçıyorum…
    kederimi seviyorum belki… belki onsuz kalamadığım bu yüzden…
    inandınmı, anne?
    büyümüşmüyüm, anne?

  • Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (II şeir)

    This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    ŞAİR QARDAŞ, HƏNCƏRİSƏN, HƏNCƏRİ?!

    Əzizimiz gözəl şair Zaməddin Ziyadoğlunun “Həncərisən?” şeirinə nəzirə

    Sığınıb Allahın dərgahına sən,
    Çağırma köməyə Sultan Səncəri.
    Müqəddəs torpaqdan qayıdan zaman,
    Çıxart sən belindən iti xəncəri,
    Şair qardaş, həncərisən, həncəri?!

    Qiyamət qopacaq, qiyamət, Hacı,
    Düşəndə torpağa alnının təri.
    Kəsərli şerinlə qəlbə yol tapan,
    Kitabdan arada sən göndər bəri,
    Şair qardaş, həncərisən, həncəri?!

    Bakı şəhəri. 14 fevral 2010-cu il.

  • Kənan AYDINOĞLU.”Şair qardaş, həncərisən, həncəri?!” (I şeir)

    This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    ŞAİR QARDAŞ, HƏNCƏRİSƏN, HƏNCƏRİ?!

    Əzizimiz gözəl şair Zaməddin Ziyadoğlunun “Həncərisən?” şeirinə nəzirə

    Yaxınlara söylə görək bu anda,
    Şair qardaş, həncərisən, həncəri?!
    Xanlıqlardan sən Bakıya gələndə,
    Şair qardaş, həncərisən, həncəri?!
    Şair qardaş, həncərisən, həncəri?!

    Avey dağdan xəbər göndər bu yana,
    Razı olmam şər qüvvələr oyana.
    Xocalıdan, Qubadlıdan bu yana,
    Şair qardaş, həncərisən, həncəri?!
    Şair qardaş, həncərisən, həncəri?!

    Dağlar özü narahatdı səhərdən,
    Güzarın düşəndə böyük şəhərdən,
    Söylə, ayrılanda qəmdən, kədərdən,
    Şair qardaş, həncərisən, həncəri?!

    Şair qardaş, həncərisən, həncəri?!
    Vaqif qoşmasında bələnən zaman,
    Nur dağın başına ələnən zaman
    Heyran bayrağında yellənən zaman,
    Şair qardaş, həncərisən, həncəri?!

    Şair qardaş, həncərisən, həncəri?!
    Gəzib dolaşandan Ana torpağı,
    Başının üstündə Vətən bayrağı
    Yenə seyr etdikcə doğma Qazağı,
    Şair qardaş, həncərisən, həncəri?!
    Şair qardaş, həncərisən, həncəri?!

    Bakı şəhəri. 14 fevral 2010-cu il.

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (II hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri

    BAYRAM GİLEYİ

    Bütün küsənlər barışır

    Vallah sənsiz çox ağırdı bu halım,
    Mən yanıram, sənsə baxıb gülürsən.
    Küsənlər də tay barışır, ay zalım,
    Həsrətimin ünvanını bilirsən.

    Xəyallarım hey dolaşır yolları,
    Səndən ötrü zirvə keçdim, dağ aşdım,
    Unudarmı söylə görüm yar, yarı,
    Dərdin , qəmin qapısında dolaşdım.

    Sən sevdirdin, bu dünyanı sən mənə.
    Ürəyimdə sönməz ocaq qaladın.
    Bu canımı qurban dedim mən sənə,
    Dodağımda əzbər olub tay adın.

    Heç bilmirəm nədir axı günahım,
    Nyə üzün döndü məndən vəfasız,
    Fələklərə çatır naləm bu ahım,
    Ağzım, dilim qalıb indi duasız,
    Həsrətindən bir şam kimi, yanıram.

    Gözlərimin seli, suyu qurumur,
    Gəl barışaq, səni doğma sanıram
    Əziz Musa səndən bir xoş söz umur.

    EŞQİM

    Gül, çiçək açıbdı, bahar, yaz eşqim,
    Hər gülün, çiçəyin gözləri gülür.
    Dönüb pərvanəyə, indi naz eşqim,
    Şairin nəğməsi, sözləri gülür.

    Dünyanı bəzəyir bu eşqin nuru,
    Savabdı güllərə şeir söyləsən,
    Allahım sevdiyim bu qızı qoru,
    Tanrı bu gözəli xoşbəxt eylə, sən.

    Vallah günahın da gözəli olur,
    Çatır arzusuna səbr yiyəsi,
    Deyə bilmədiyim sözlərim solur,
    Təbiət oyadır eşqi, həvəsi.

    Sevgidən alışar daş da bu bahar,
    Açılıb çəməndə nərgiz, bənövşə,
    Qalmayıb ürəkdə həsrət, intizar,
    Çıxıb sevgililər indi görüşə.

    Sevgi ilahidən verilən nemət,
    Məhəbbət olmasa yanarmı Ay, Gün.
    Dönür bir cənnətə yazda təbiət,
    Allah ürək verir sevənlər üçün.

    Sevgiylə yaradıb Allah dünyanı,
    Gözəllik bəxş edib çölə, çəmənə,
    Çıxardıb cənnətdən Adəm, Həvvanı,
    Gəl bu ayrılığı, sən vermə mənə.

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (I hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri

    YAZMIŞAM

    İllah verib mənə bu yurd, bu elim,
    Yaxdığımı, sevə-sevə yazmışam.
    Sevgi ilə, ötüşübdü hər ilim,
    Yazdığımı, sevə-sevə yazmışam.

    Coşub, daşıb bu illərdə ilhamım,
    Açılıbdı aydın, nurlu sabahım,
    Hər vaxt olub, mənə dayaq Allahım,
    Yazdığımı, sevə-sevə yazmışam.

    Vaxt olub ki, məni sıxıb zamana,
    Tuş gəlmişəm yaxşılara, yamana.
    Söykənmişəm gecə-gündüz gümana,
    Yazdığımı, sevə-sevə yazmışam.

    Sınaqlardan mən üzü ağ çıxmışam,
    Bu dünyaya alını açıq baxmışam,
    Gözlərimi zirvələrə taxmışam,
    Yazdığımı, sevə-sevə yazmışam,

    Sözlər özü misralanıb sinəmdə,
    Şimşək çaxıb, od qalanıb sinəmdə,
    Çox dərdlərə sinə gərib, sinəm də,
    Yazdığımı, sevə-sevə yazmışam.

    Sevgi mənə qanad verib, ruh verib,
    Yazdığımı Tanrı özü göndərib,
    Əziz Musa göydən ulduzlar dərib,
    Yazdığımı, sevə-sevə yazmışam.

    SƏNİ QISQANIRAM MƏN

    Meh əsir, astaca saçından öpür,
    Səni küləklərə, qısqanıram mən.
    Durnalar göylərdən lələklər tökür,
    Səni lələklərə, qısqanıram mən.

    Arılar çoxalıb getmə yaxına,
    Başını qaldırıb, baxma baxana,
    Hər gülü, çiçəyi taxma yaxana,
    Səni çiçəklərə, qısqanıram mən.

    Qısqanc xəyalımdan çox şeilər keçir,
    Gözlərim tay ağı qaradan seçir,
    İşığa gələn var, işığı keçir,
    Səni şəfəqlərə, qısqanıram mən.

    Bir sənə bağlıdır bu ürək, bu can,
    Gəl salma araya, sən bir nahaq qan,
    Hüri, mələkləri qov sən, yanından,
    Səni mələklərə, qısqanıram mən.

    Sanıram dağ, daş da sənə vurular,
    Sel, su səni görüb, durar, durular,
    Səni görən zaman, dilim lal olar,
    Səni diləklərə, qısqanıram mən.

    Həsrətin gözümün yaşını tökər,
    Əziz bu sevgidən, bir gör nə çəkər,
    Ürək sözə baxmaz, sevirsə əgər,
    Səni ürəklərə, qısqanıram mən,

  • Şair-yazıçı Coşqun XƏLİLOĞLU

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    COŞQUN XƏLİLOĞLU (Coşqun Xəlil oğlu İbrahimli) 1960-cı ilin dekabr ayının 27-də Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun – indiki Azərbaycan Neft Akademiyasının məzunudur. Neft sənayesində-SOCAR-ın “Kompleks qazma işləri” trestində şöbə rəisi vəzifəsində  işləyir. Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur. Yazıları müxtəlif mətbu orqanlarda, o cümlədən, “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarında, “Respublika”, “Ədalət”, “Xalq qəzeti”, “Kredo” qəzetlərində dərc olunmuşdur. Bir neçə kitabın müəllifidir. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvüdür.

  • Coşqun XƏLİLOĞLU.”Fərrux kimi oğullar”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Əslən Kürdəmir rayonunun Şilyan kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, medalları ilə təltif edilmiş tankçı baş leytenant Hüseynov Fərrux Baxış oğlunun əziz xatirəsinə ithaf edirəm.

    Uşaqlıqdan arzusu
    Hərbçi olmaq idi,
    Kafirləri yurdumdan
    Bir yolluq qovmaq idi.

    Hərb elminin sirlərin
    Öyrənib zabit oldu,
    Eli-obanı sevən
    Cəsur bir igid oldu.

    Üz-gözündən yağırdı
    Qalibiliyyət, cəsarət,
    Qarabağ uğrunda o,
    Göstərdi çox şücaət.

    Tankçı komandir idi,
    Sevirdi, sənətini,
    Qazanmışdı orduda
    Hamının hörmətini.

    Əsgərlərinə arxa,
    Böyük bir qardaş idi,
    Onların hər birinə
    Dost idi, sirdaş idi.

    Döyüşərkən düşmənlə
    Yaralansa da ağır,
    Dedi, dayanmaq olmaz,
    Vətən məni çağırır.

    Yenə cəbhəyə getdi,
    Döyüşlərə atıldı,
    Müqəddəs savaşlara,
    Yenə qəlbən qatıldı.

    Şəhidliyə qovuşdu,
    Öiməz qəhrəman oldu,
    Düşməni məhv eylədi,
    İntiqam yaman oldu.

    Fərrux, biz hünərindən
    Duyuruq bir fəxarət,
    Göstərdin döyüşlərdə
    Gör, nə qədər rəşadət.

    Matəmə bürünübdür,
    Bil, qan ağlayır yağı,
    Fərrux kimi oğullar
    Vətən edir torpağı!

    19.12.2020.

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

    Bəşirli Xatirə Bədrəddin qızı

    Sadırxanov Ridvan Sultanoviç

    Şamilova Kübra Əsədulla qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Əlibəyli Şəfəq Ənvər qızı

    “Tərəqqi” medalı ilə

    Allahyarov Kamil Hüseyn oğlu

    Əliyeva Fatma Oruc Kuli qızı

    Səfiyeva İnarə Bahadur qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşları təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Baliyeva Natalya Gennadyevna

    Əmirbəyova Rita Cəmil qızı

    “Tərəqqi” medalı ilə

    Lerman Viktoriya Anatolyevna

    Rudıçev Nikolay Nikolayeviç

    Saprıkina Lyudmila Qennadiyevna.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq artisti”

    Osmanov Fuad Tacəddin oğlu

    “Əməkdar artist”

    Ağayeva Həcər Maqsud qızı

    Dubovitskaya Mariya Aleksandrovna

    Əmirbəyov Oleq Arnoldoviç

    Hacıyeva Natavan Nizami qızı

    İmranova İnna Aleksandrovna

    Klimaşeva Bella Vladislavovna

    Məmmədov Murad Məmməd oğlu

    Omelçenko Yuri Vladimiroviç

    Rəhimov Teymur Əsgər oğlu

    Sokolenko Milana Aleksandrovna

    “Əməkdar mədəniyyət işçisi”

    Məmmədov İlham Əli İslam oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 17 mart 2021-ci il.

    Mənbə: http://president.az/

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri


    Hələ gözlərimiz çox şey görəcək,
    Görəsən bu imiş sondakı eyib.
    Kimə acıyasan,kimə yanasan?
    Hamı bir-birinin haqqını yeyib.

    Hər kəsi tökdüyü nahaq qan tutur,
    Son birdi yuxunu hayana yozsan.
    Birdimi,beşdimi günahımız ki!
    İlahi,hansını bağışlayasan?!

    İtmir,göz yaşının çıxır əvəzi,
    Gülərlər özgəyə gülən adama.
    Daha yaxınları qurban kəsəcək
    Qocalıb adamtək ölən adama.

    Ömür-gün davası budumu yoxsa?
    Pozur çoxlarının qəsdini ölüm.
    Dəyişib əvvəlki qiyafəsini,
    Kəsib başımızın üstünü ölüm.

    Bu da bir sınaqdı,bu da imtahan,
    Qurunun oduna yaş necə yanır?
    Gərək canın yana,cızdağın çıxa,
    Biləsən ocaqda daş necə yanır…

    Kimi yandıracaq bu od,bu atəş?
    İlahi işıq tut,çıxıb getməyə.
    İlahi,yiyə dur yaratdığına,
    Ilahi,möhlət ver tövbə etməyə.


    Çox gözlədin,çıxmadı qanadların,uçasan,
    Yüyürüb bir sevginin arxasınca yıxıldın.
    Bir yetim bənövşəydi ümidin kol dibində,
    Bir gecikən bahara göz açınca yıxıldın…

    Sən demə yalan imiş div də,qızıl alma da…
    Eşitdiyin nağılın hamısı boşa çıxdı.
    İçib göz yaşlarını dərdin elə böyüdü,
    Çoxu küsənib dedi,bəxtəvər dağa çıxdı.

    İndi özün tutuşub öz oduna yanırsan,
    Bir əlçim bulud da yox,qəzəbini soyuda.
    Dərdini danışmağa bir uçuq divar da yox,
    Axı uşaq deyilsən,səni kimsə ovuda.

    Bəs kimə üz tutasan,kimə gileylənəsən?
    Dünya çoxdan beləymiş, vəfasız çıxdı hamı…
    Deyirdi “qayıdacam” o zalım balası da…
    Gedənlər geri dönmür,yollar udur adamı.

    Nə gələn var,nə gedən…durnalar köçüb gedir.
    Qapını külək döyür,pəncərəni yağışlar…
    Sən onun günahından ürəyində keçmisən,
    Nə ola,dönüb deyə bircə dəfə “bağışla…”

  • Şəfa VƏLİYEVA.”Epidemiyada darıxan qoca” (Hekayə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Bahar bu il daha gözəl gəlmişdi…  Ağaclar yaşıl yarpaqlarını, ağ, çəhrayı çiçəklərini üzlərinə rübənd edib xəfifcə gülümsəyirdilər.
     

    Günəş işıqlarının gur qəhqəhələri otağın pəncərəsindən içəri təpilir, masanın küncünü, yerə sərilən xalçanın solğun saçaqlarını, qocanın çəliyinin ucundakı kiçik dəmir parçasını qıdıqlayırdı. Qoca divanda uzanıb mütəkkəni başının altına qoymuşdu. Gözucu çəliyinin qıdıqlanmasına baxır, min fikrə düşürdü. O, yaşadığı ömrün  səksən səkkizinci  baharını belə qarşılamağı heç ağlına da gətirməzdi. 


    Hələ ötən il özünə söz vermişdi ki, səkkizlər qoşalaşan  baharda  kəndə gedəcək, əvvəlcə ata-anasının, sonra da iyirmi ildi onu bu dünyanın  su tutmaz üzündə tək qoyan üzüdönmüşünün məzarına baş çəkəcək, elə qəbristanlığın üst tərəfindəcə bitən nərgizlərdən bir ovuc yığacaq, “İmdad qayası”nın dibində oturacaq, çəliyini  də yanına uzadacaq, üzü kəndə baxa-baxa o nərgizlərin çiçəklərinin arxasındakı yumrucuqları yeyəcək…  Bir ildi hər dəfə bu haqda fikirləşəndə ağzında qalan  iki tək-bir cüt dişinin ucunda qəribə göynərti duyurdu.  Hiss edirdi ki, o, böyüdüyü kənd üçün, nərgiz yumrucuqları yemək üçün təkcə ürəyiylə, ruhuyla deyil, barmaqlarının ucunacan, dişlərinin dibinəcən darıxıb… Ömründə belə darıxmaq tanımamışdı. Hər şey üçün darıxmağı anbaan tanıyırdı;  sevmişdi, sevdiyi qonşu qızını ona verməmişdilər, sevdiyiyçün darıxmışdı. Bir gün  anlamışdı ki, bu darıxmaq onun sevgisi qədər güclü deyil, sevdiyini götürüb o kənddən çıxmışdı, darıxmağa ilk dəfə onda qələbə çalmışdı…


    Sonra illər boyu ata-anasıyçün, kiçik qardaşıyçün darıxmışdı… Bu darxımaq sevdiyiyçün darıxmağa bənzəmirdi, həm də heç bənzəmirdi… İndi  onun ürəyindəki  göynəyə  gözlərinin acışığı da qarışırdı. Hərdən ümid edirdi ki, heç olmasa, bircə gilə gözlərindən yaş çıxsa, o acışıq da, o göynək də öləziyər, bir hovur dizlərini yerə qoyarlar. Amma, yox, bu darıxmaq “Diziaynalı pəhləvan”a dönürdü,  hər dəfəsində onu bir barmağıyla yenir,  vicdan dağının zirvəsinə qaldırır, ordan günah gölünün sahilinə tullayırdı.  Darıxmağa məğlub olandan sonra gözlərini sıxıb iki gilə yaş çıxarmağa da heyi qalmırdı… İlbəil gücsüzləşdiyini hiss edir, bir yandan da öz gücsüzlüyünə, bu dəfə “əlahəzrət darıxmağa” itaət etməyə məcbur qaldığına yanırdı. Bir gün sevdiyinin də onun kimi “darıxmağa kəniz olduğunu” anladı…  Canının bir parçası bildiyi sevdiyinin ürəyindəki nisgilin iki qatını öz ürəyinə yükləyəndə dərk etdi ki, baxışlarını onun baxışlarından yayındırır. Günbəgün bir-birindən gizlənən bəbəklər  onların xoşbəxtlik hilalının üzündəki ləkələrə bənzəyir, hilal iriləndikcə ləkə də böyüyürdü… Bir gün yenə darıxmağın onu günah gölünün sahilinə  tulladığı anlarda yapışmışdı sevdiyinin biləyindən, üz tutmuşdu avtovağzala…İki nəfərlik bilet və üzü kəndə gedən avtobusun çirkli pəncərəsindən görünən ala-boz çöllər…


    Onlar kəndə çatanda axşam idi,  mal-qoyun örüşdən qayıdırdı, hamı kəndin girəcəyindəki “Lətifin bulağı”nın yanında toplaşmışdı. Avtobusu elə orda saxlatmışdı, sevdiyinin biləyindən bu dəfə daha ürəklə, daha cəsarətlə yapışıb çəkmişdi… Avtobusdan düşər-düşməz  özünü həmkəndlilərinə sarı atmışdı, hamını bir-bir qucaqlayıb bağrına basmışdı;  babasıyla qan düşməni olan Xanbaba kişini də, nənəsinin kəlağayısının ucuna daş bağlayan Növrəstə arvadı da… Sevdalarına uluların yadigarı bu kəndi qurban edənləri  kənd camaatı sevinclə, gülüşlə qarşılamışdı.


    Başını Xanbaba kişinin kürkünə söykəyə-söykəyə, üzünü Növrəstə arvadın güllü şalının saçaqlarına sürtə-sürtə bir də onda ayılmışdı ki, öz ata ocağının alaqapısına çatıb. Dizləri titrəmişdi, alaqapının yanında mal-qara üçün qoyulmuş yastı duz daşının üstündə oturmaq istəmişdi. Arxadan ovcunun içinə  ürkək barmaqlar təpiləndə anlamışdı ki, yox, bura qədər gəlib çıxandan sonra onun titrəməyə, döyüşün bu məqamında darıxmağa qələbə çalmadan qollarını yanına salmağa haqqı yoxdur… Həm də sevdiyinin barmaqları belə ürkəkcəsinə onun ovcunun içində tərləyərkən heç yoxdur… Bir əlli sevdiyinin əlindən yapışmışdı, o biri əliylə alaqapını itələyib qəti addımlarla həyətə girmişdi.  Tövlədən çıxan atasıyla əldamından çıxan anası toqquşmuşdu, əvvəl bir-birlərinə, sonra da təəccüblə qarşılarında dayanmış oğullarına baxmışdılar. Qəfildən atası üzünü çəpərin o tayına tutub haraylamışdı:


    – Quda, ay quda! Gözümüz aydın, qaçaqlar gəlib!


    Çəpərin o tayından sevdiyinin atasının səsi daha gur eşidilmişdi:


    – Ayə, mən quzunu kəsim, sən manqalı qala!


    Özünü atasının üstünə atmışdı, bir əliylə onun çiynini qucaqlayarkən bir əliylə sevdiyinin əlini anasının önlüyünün cibinə salmışdı. Başı atasının sinəsində dəli bir hönkürtü çıxmışdı ürəyindən… O hönkürtü  selə dönüb axmış,  darıxmağı qabağına qatıb onun ruhundan  çıxarmış, uzaqlara, hələ heç kimin adını qoya bilmədiyi o uzaq diyara qovmuşdu…


    Ondan sonra darıxmaq onunçün “suyun başında oturan əjdaha” olmamışdı. Hərdən-hərdən, şəhərin səs-küyü içində qulağına bir quzu mələrtisi gələndə, bazarda qaloşların qiyməti düşəndə, mağazada kartofu kiloyla alanda darıxmışdı kəndli ömrü üçün… Bu darıxmağın başına daş salmağı yaxşı bilirdi, həmin günün sabahı sevdiyiylə yan-yana avtovağzaldakı kassanın qabağında bitirdi… Və onların darıxmağı  kənddə keçirdikləri ilk axşamdaca quzuların mələrtisində, dayçaların kişnərtisində itirdi…


    -Uşağımız olmayacaqmı? –demişdi bir dəfə sevdiyi  sözlərinə yarınisgil, yarıümid  qataraq.


    – Allah bilir… – deyə cavab vermişdi sevdiyinə…


    Bir də onda anlamışdı ki, darıxmaq yenə “əlahəzrətə” dönür sevdiyinin ürəyində, bu dəfə hökmünün sonsuz  olacağına əmindir özü də… Ürəyində darıxmağı çox qınamışdı, söymüşdü; “kişisən, mənimlə cəngə çıx, sevdiyimə dəymə!”-demişdi,  sonunda bu mübarizədə aciz olduğunu dərk etmişdi…  Sevdiyi  bala üçün darxıdıqca, o,  sevdiyinin gözlərinin içinə daha uzun-uzun baxmağı,  duyğularını bu gözlərdə azdırmağı, beləcə, ona darıxmağı unutdurmağı öyrənmişdi…  Sevdiyinə darıxmağı unutdurduğu anlarda özünü cəngavər sanırdı… Ürəyinin dərinliyində isə artıq qəbul etmişdi ki, darıxmaq mərd düşmən deyil… Bu gün boy göstərməsə də, sabah yeni həmlələriylə birotaqlı evlərinin içində at oynadacaq; kitab rəfində  “Dünya uşaq ədəbiyyatı” seriyasından bir kitab artacaq, tikiş maşınının yanında  uşaq önlüyünün eskizləri peyda olacaq, ya da sevdiyinin paltosunun cibindən üstündə uşaq şəkli olan  təqvim çıxacaq… Beləcə, o, darxımağın bu yönünü də tanımışdı… Tanıdıqca,  çiyinləri bükülür, saçında bir tel daha ağarır, barmaqlarının ucunun dərisi bir az da sərtləşirdi… O, sevdiyini darıxmağa uduzurdu…


    … İyirmi il əvvəl darıxmaq sevdiyini onun ömrünün naxışlarından sökmüş, əcəlin əriş-arğacına qatmışdı… İyirmi il idi ki, “sevdiyim” deyə başladığı cümlələri  “üzüdönmüş”lə başlayırdı… Qəribədi ki, iyirmi ildə bir dəfə də olsun üzüdönmüş üçün darıxmamışdı… Darıxmaq sevdiyini aparandan bəri qoca heç nəyə toxunmamışdı, dəhlizdəki asılqanda boynu tozlanan qəhvəyi paltonun cibindəki uşaq şəkilli təqvim də olduğu kimi dururdu, tikiş maşınının siyirməsindəki önlük eskizləri də…   Saçağı sökülən mütəkkənin rəngi getmiş üzü də iyirmi il idi ki, dəyişdirilmirdi,  qoca başını bu mütəkkəyə söykəyəndə  ilk dəfə  yaxasını darıxmağa tanıdan  qonşu qızının mehrini hiss edir, gülümsəyir: “Gör nətərdi sevdiyinçün darıxmaq, ay üzüdönmüş? Mən gələnədək darıx o qəbristanlıqda….”- deyə  pıçıldayırdı…


    İndi, ömür nəğməsinin səksən səkkizinci sətrində qoca yaman darıxırdı… Hər gün ürəyi atlanır, gödəkçəsinin cibindəki pullarını, sənədlərini yoxlayır: “Bu gün deyəcəklər, daha virus yoxdu, bu gün deyəcəklər…”- deyə-deyə radionu açır, “Xəbərlər” proqramı başlayanacan  qışda endirimlə aldığı təzə ayaqqabılarını cidd-cəhdlə geyinməyə çalışırdı. Ayaqqabısının bir tayını geyinib o biri tayına çatanacan aparıcı qızın səsi evə yayılırdı:


    – Bu gün də  dünyada koronavirusa yoluxanların sayı artdı. “Evdə qal-sağlam qal” şüarına əməl edərək, özünüzü qoruyun. Xüsusən,  altmış beş yaşdan yuxarılar, unutmayın, eviniz sizin qalanızdır…


    Ardınca da “Bu qala bizim qala…” mahnısı səslənirdi… Qocanın əlləri boşalır, geyindiyi ayaqqabısına baxır, geyinmədiyi ayaqqabısına əyilmiş barmaqlarıyla sığal çəkir, sanki onu təsəlli etməyə çalışırmış kimi pıçıldayırdı: “Darıxma, yəqin sabah səni də geyinərəm…”  Ayaqqabısını, gödəkçəsini dəhlizdə rahatlayandan sonra bir müddət üzüdönmüşün  paltosuna baxır, asta-asta  otağa qayıdırdı. Çəliyini divanın ayaq tərəfinə söykəyir, başını mütəkkəyə əmanət edir, qonşu qızın mehriylə xumarlanırdı…


    Heç ağlına da gətirməzdi ki,  səksən səkkizinci baharı belə-əli bir ağaca dəymədən, ayağını bir daş incitmədən, üzüdönmüşün məzarına baş çəkmədən qarşılayacaq… Desəydilər, inanmazdı ki, ömrünün bu vaxtında dişlərinin dibinəcən nərgiz yumrucuqları üçün darıxacaq… Qat-qat kitablardan oxusaydı, gülüb keçərdi ki, bu bahar şəhər bazarında quzuqulağı, quzuqarnı, yemlik, gicitkən satılmayacaq, o da hərəsindən bir manatlıq alıb özünə kənd süfrəsi açmayacaq…


    … Günəşin qəhqəsiylə qıdıqlanan çəliyinə baxa-baxa qocanı heyrət bürüyürdü…  Ona elə gəlirdi ki, indiyədək günəş heç vaxt belə ürəkdən gülməyib, ağaclar belə nazlanmayıb,  quşlar belə qəşəng oxumayıb…  Qoca yavaş-yavaş durub pəncərənin qarşısına keçdi, açıq pəncərədən eşiyə boylandı. Yaxınlıqdakı xəstəxananın həyətində dayanan təcili tibbi yardım maşınından bir xəstə düşürürdülər.  Xüsusi geyimli tibb işçilərinin təkcə gözləri görünürdü. Qocanın ürəyi  sıxıldı… Əli çatsaydı, o tibb işçilərinin hamısının üzündəki maskanı cırıb atar, onları ətrafa  baxmağa məcbur edərdi. Haray çəkərdi ki: “Başınızı qaldırın, bir ətrafa baxın, görün nə gözəldi ağaclar… Nə gözəldi gün işığı…”  Boğazını arıtlayıb fikrindəkiləri ucadan demək istədi. Elə bu vaxt tibb işçilərindən biri ona baxıb əl elədi. Qoca duruxdu… Ürəyində tibb işçilərinin dərdinə yandı… Yandığı dərd kösöv-kösöv közərdikcə ilin-günün bu vaxtında canını, ruhunu  həyat ağacının köklərinə şirə edən tibb işçilərinə ürəyində həsəd apardı… Qəhərini dodaqlarına yığıb  köksünü ötürdü… Sonra gülümsədi… Damarları çıxmış əllərini  havaya qaldırıb yellədi, gözlərindən axan iki damla yaşı  bahar nəsimi yalayıb keçdi… Səsi titrəsə də qoca ürəyindəkiləri dilinə gətirməkdən utanmadı:


    -Mən sizinçün darıxmışam, ay adamlar! –deyə  gücü çatdıqca bağırdı…


    Az keçmədi ki, qocanın yaşadığı binanın bütün pəncərələri  bircə-bircə açıldı, quşların cəh-cəhinə qadın-kişi gülüşləri, uşaq ağlamaları qarışdıqca qocanın gözlərində axan yaşlar çoxalır, əllərinin titrəməsi artırdı…  İndi qoca üçün darıxmağın bir adı nərgizgülü yumrucuğuydusa, bir adı da baharı yaşamaq idi… Bu il bahar daha gözəl gəlmişdi…

  • Günel NATİQ.”Gözəl günlər naminə…0

    Covid-19 pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan həkimlərə ithaf olunur

    Allahyar

    Palatada iki nəfərik. Mən və Ulduzxan. Hələ bir həftə qabaq mən yüngülvari sətəlcəm olduğumu düşünürdüm; ölümcül virusa yoluxduğumun fərqində deyildim. Əvvəl boğazım ağrıdı, sonra bədənimi qəribə bir halsızlıq bürüdü və quru, öldürücü öskürək başladı… Bu azar-bezarın keçib-gedəcəyini düşünürdüm, amma ikinci həftə halım daha da xarablaşdı, üstəlik, təngnəfəslik əmələ gəldi. Təcili xəstəxanaya gətirildim, analiz götürüldü, nəticələr müsbət çıxdı. Ətrafımda olan adamlar karantinə götürüldü. Etiraf edirəm, səhlənkarlıq etmişəm, özünütəcrid qaydalarına əməl etməmişəm. Bir də koronavirusun uzaq Çindən ayaq açıb məmləkətimizə qədər gələcəyi kimin ağlına gələrdi ki?! Əslində, yenə o fikirdəyəm ki, alnımıza nə yazılıbsa, o da olacaq.

    Epidemiya təzə başlayanda münəccim dostumuz Ulduzxan planetlərin düzülüşündən və bunun bizim həyatımıza təsirindən bir saat moizə oxumuşdu. Mən isə öz növbəmdə gülmüşdüm. Onunla həmişə mübahisəmiz olur bu barədə. O, nicatımızın kainatda olduğuna əmindir. Mən Allahın hökmünə inanıram. Allah ən böyük analitikdir. Hər şeyi elə təhlil edib ki… Ən incəliyinə qədər. Allahın yazısına redaktə yoxdur. Mən belə deyəndə astroloq dostum gülür. O mənə gülür, mən də ona. Amma bircə Allah bilir ki, bu mübahisəmizdə hansımız haqlıyıq.

    Onu bilirəm ki, bu zəhrimara qalmış virus Allahın təhdididir, cəzalandırma metodudur. İnsan Allahın yolundan çıxdı, harama əl uzatdı. Allah da onu cəzalandırdı; yer üzünə bu bəlanı göndərərək “ey İnsan, özünə gəl”, – dedi.

    Ulduzxan

    Bahar fəsli bizim məmləkətə səhər saatlarında qədəm qoymuşdu. Bizi ilk Günəş təbrik etdi. Sonra həkimlər gəldilər. Birinin əlində səməni vardı, bayramlaşdıq, – inşallah, gələn bayramı öz evinizdə, ailə-uşaqla bir yerdə keçirərsiniz, – dedilər. Nəvəmə tapşırmışam axşam bütün xəstələrimin əvəzindən tonqaldan hoppansın, – deyən həkim əlindəki səmənini dolabın üstünə qoyub çıxdı. Gözlərindən gülümsəməsini hiss etmək olurdu.

    Palatada mənəm, bir də Allahyardı. Xəyalım yenə də nəhayətsiz Kainatdadır. Əslində, bu, təbiidir. Çünki insan hara getsə də, Kainatın bir zərrəsidir və özündə bütün Kainatı ehtiva edir.

    Belə danışmağıma baxmayın, öskürək tutanda bütün nəzəriyyələr yadımdan çıxır, elə bil vücudumun ağırlığı ağrıyıb-göynəyən yerlərimə – sinəmə, ciyərlərimə çökür.

    Astroloq deyəndə ulduz falı yada düşür, amma əsl astrologiya minillik təcrübə və biliklərdən ibarət olan mürəkkəb sistemdir. Bu vasitəylə biz öz mahiyyətimizi anlayıb yolumuzu təyin edə bilərik.

    İnsanın ən böyük problemi odur ki, onu yetişdirən kainata qarşı çıxır, özünü kainatdan kənar hesab edir, insan düşüncəsinin kosmosdan eneji çəkən bir maqnit – maddi bir varlıq ola biləcəyinə inanmır. İnsanlar nəinki kosmik varlıqları qavramırlar, həm də onları zərərli təsirlərə çevirirlər. Epidemiyalar, təbii fəlakətlər bunun nəticəsində meydana çıxır və bunlar üçün insan özü məsuliyyət daşıyır.

    Mən kainat və insan münasibətlərindən, astrologiyadan danışanda molla dostumuz Allahyar deyir: “Allahu-əkbər, Allahın əmrinə qarşı çıxırsan. Bunlar xurafatdır”. Ha and-aman eləsəm ki, bu sözlərin özü xurafatdı, inanan deyil.

    Molla dostumuz Axirətə inanır. Keçən dəfə bir aktyorun koronavirusdan dünyasını dəyişdiyini həyəcanlı bir şəkildə mənə danışanda zarafata saldım. “İndi o dünyada tamaşalarını göstərər”, – dedim.

    Allahyar tərs-tərs mənə baxdı. Əslində, epidemiya ilə bağlı söz-söhbətləri unutmaq üçün zarafat etdiyimi anlamamış deyil. – Deyirlər, aktyor xaricdən gətirib infeksiyanı… Olacağı varmış, – Allahyar deyir, – olacağa çarə yoxdur…”. 

    Həkimxan

    Epidemiya qəribə bir kinlə, acıqla gəldi. Elə bil insanlıqla davası varmış. Nəyinsə intiqamını alırmış. Təbiətin intiqamı nə yaman olurmuş! Dünya necə kiçik və aciz imiş! Biz isə “qoca dünya”, “müdrik dünya”, – deyirdik, dünyanı yenilməz bilirdik… Tibb elmi son yüzilliklər ərzində çox nailiyyətlər əldə edib. İndi isə geriyə baxanda, sanki heç nə görmürük. Koronavirusun acı nəticələri qarşımızda elə suallar qoyur ki, üstündən sükutla keçirik. Cavabı sükut olan suallardan qorxmuşam həmişə. İndi bütün dünya bu sükuta bələnib.

    İndi bir fərdin qələbəsi bütün bəşəriyyəti xilas edə bilər. Ona görə mən və mənim kimi yüzlərlə həkim demək olar ki, dincəlmədən çalışırıq. Tibbi personalın da yoluxma riski var. Amma bu, bizi qorxutmur.

    Həmişə ənginliyi, fəzaları fəth etmək istəmişəm. Uşaq vaxtı bir-birimizə söz vermişdik ki, təyyarəçi olacağıq – Mən, Ulduzxan və Allahyar. Bizə nankorluq edən, torpaqlarımızı əlimizdən alan, atalarımızı, qardaşlarımızı öldürən düşmənimizi məhv etmək istəyirdik. Bu hiss indi də məni düşmənə qarşı, bütövlükdə insanlığın düşmənlərinə qarşı vuruşmağa sövq edir. Ona görə yox ki, insan mükəmməldir. Belə baxanda, insanın o qədər cinayətləri var ki: müharibələr edir, heyvanları öldürür, quşları ovlayır, gölləri, çayları çirkləndirir, dənizləri qurudub özünə göydələn tikir… İnsanı ona görə xilas etmək lazımdır ki, o, yeganə canlıdır, mükəmməlliyə can atır. Məhz buna görə insanlığa hörmət edirəm.

    Texnologiya əsrində özümüzdən o qədər uzaq düşmüşük ki, öz ruhumuzu belə hiss etmirik. Halbuki insan elə buna görə insandır.

    Ey sonsuz kainata, fəzalara can atan insan, bir dəfə də dönüb özünə baxsana. Özünə yol başla, heç olmasa buna cəhd et. Bəlkə, bu yol səni arzuladığın ənginliyə çıxaracaq…

    Bir şey bilirəm ki, bu epidemiyadan sonra dünya başqa cür olacaq. Çünki insan özünə gedən yolu tanıdı. İndi geriyə yolu yoxdur. Kahinlər öz hücrələrinə çəkilib necə özünüdərk yolunu tuturlar? Bax, insan da özüylə baş-başa qalıb özünü daha dərindən dərk edəcək, anlayacaq ki, maddiyyat ancaq xeyirxahlıq etmək, özünü insan kimi hiss etmək üçün lazımdı.

    Mən öz missiyamı indi daha yaxşı anlayıram. Ona görə sonuna qədər mübarizə edəcəyəm. Mən həkiməm və son sözümü də bu yolla deyəcəyəm.

    Allahyar

    İndi düşünməyə, keçmişi xatırlamağa daha çox vaxtım var. Hadisələr zəncirvaridir, birini xatırlayanda, olub-bitənlər bir-bir yada düşür.

    Mən idim, Həkimxan idi, Ulduzxan idi… 90-cı illərə, Qarabağ düyününə düşmüşdü uşaqlığımız. Bütün arzularımız da bu düyünə düşmüşdü… Günlərin birində Ulduzxanın atasını müharibəyə apardılar. Kəndlərdən birinin müdafiəsi vaxtı düşmən gülləsinə tuş gəldi.

    “Güllə də səni çox sevirmiş, ay bala”, – anası ağlayanda deyirdi. Yaxşı adam imiş, hamı sevirdi onu. Güllə də sevmişdi.

    Ulduzxan o gündən sonra uzaq yolların xəyalını qurmaqla təsəlli tapırdı. Xəyalən o uzaq yollardan əsgər geyimində olan atası gəlirdi və onu çiyninə qaldırırdı – sevdiyimiz filmdə qələbədən sonra oğlunu başının üstünə qaldıran qəhrəman kimi.

    Ulduzxan o gündən söz vermişdi ki, pilot olacaq və qırıcı təyyarəsi ilə düşməndən atasının hayıfını alacaq. Mən və Həkimxan da onu tək qoymamaq üçün söz vermişdik. Biz də təyyarəçi olacaqdıq.

    Ulduzxan

    Həmin yay Allahyar da fəlakət yaşamışdı. Yay tətilində anası ilə kəndə gedərkən yol qəzasına düşmüşdülər. Anası hadisə yerində can vermiş, özünün isə bir ayağı qopmuşdu. O da ayağıkəsik davam eləmişdi həyata. Həm anasızlığın, həm də yaşadığı komplekslərin sıxıntısı…

    Daha futbol oynaya bilmirdi. Biz futbol oynayanda o kənardan durub baxırdı. Bəlkə də, ayağını düşünürdü. Yəqin ki, acığı tuturdu, çünki ayağı ondan uzaq düşəndən sonra o da bizdən uzaq düşmüşdü…

    Atası evlənmişdi. Evə gələn qadın əvvəl onunla yaxşı rəftar edirdi, amma Allahyar ona isinişmədiyindən ögey anasında da dostumuza qarşı kin əmələ gəlmişdi. Bir dəfə qonşular analığını laqeydlikdə təqsirləndirəndə dünya görmüş qadın olan nənəm demişdi ki, ay bala, uzaqdan döyüş adama asan gəlir. Vallah o tifillə o gəlinin dərdini tərəzidə çəksələr, o qadınınkı ağır gələr…

    Kim bilir, bəlkə o qadın da Allahyar kimi sevgisizlikdən əziyyət çəkirdi.

    Amma Həkimxanın həyatı bizimki kimi deyildi. Ata-anası, onu çox sevən doğmaları vardı. Evləri nağıllardakı padşahların sarayına bənzəyirdi. Bizə elə gəlirdi ki, Həkimxan vaxt keçdikcə bizdən soyuyur və uzaqlaşır, çünki uşaq vaxtı görmədiyi, fərqinə varmadığı yoxsulluğumuzu indi görməyə başlamışdı.

    Allahyar

    Mən idim, Ulduzxan idi, Həkimxan idi. Sevincimiz də, kədərimiz də ortaq idi. Amma böyüdükcə ortaq baxışlarımız qeybə çəkilir, sözümüz tükənirdi. Bizi bir yerdə artıq heç nə narahat etmirdi. Biz bir yerdə heç nəyə sevinə bilmirdik. Bir yerdə kədərlənə bilmirdik. Dərdlərimizi də paylaşa bilmirdik.

    Bir dəfə Həkimxan ağ kostyumda gəlmişdi məktəbə. Guya ki, ehtiyatsızlıqdan mürəkkəb tökdüm kostyumuna. Dönüb baxdı, amma heç nə demədi. Yəqin ki, nəsə deməyi də lazım bilmədi.

    Əslində, mən ağ kostyumun sevincini bölüşmək istəyirdim, amma onun gözlərində təkəbbür sezdim.  Bəlkə də, mənə elə gəldi. Hər halda mən ondan deyil, o təkəbbürlü baxışlardan intiqam almaq istədim.

    Əslində, bizim problemimiz bilirsiz nədən ibarətdir? Bizə yaxın insanın nələri sevdiyini bilirik, amma içindəki peşmanlıqlardan, məyusluqlardan, dağıntılardan xəbərimiz yoxdur. Bizdə də elə oldu.

    Məktəbi bitirəndən sonra Həkimxanın atası yeni tikilmiş binada mənzil aldı, ailəcə daşındılar və əlaqəmiz kəsildi. Onsuz da yaxın görünsək də, mənən çoxdan ayrılmışdıq. 

    Sonra dedilər ki, oxuyub, doktor olub…

    Mən məktəbi qurtarandan sonra işləmək məcburiyyətində qaldım. Psixoloji problemlər üstümə çökmüşdü. Daxili sabitliyi müqəddəs kitablarda axtarırdım. “Quran” oxudum, mollalıq eləməyə başladım.

    Ulduzxan zarafatla deyir ki, aranızda bircə mən uşaq vaxtı qurduğumuz xəyallara sahib çıxdım – təyyarəçi olmasam da, astroloq oldum: “Könlüm fəzalardan enmədi”.

    Həkimxan

    Eyni məhəllədə böyümüşdük – Mən, Allahyar və Ulduzxan. Əvvəl aramızdakı fərqləri görmürdük. Sonra olanlar olmuşdu. Ulduzxanın atasını müharibəyə aparmışdılar, ölüsü qayıtmışdı… Sonra anam bizə baxıb ağlamışdı. Bilməmişdim, o bizim də atamızın öləcəyindən qorxur, yoxsa dostumuzun atasız qaldığına ağlayır. Həmin gün atam da başını qaldırıb üzümüzə baxmadı. Elə bil sağ qaldığından utanırdı. Sonra mənə pul verib “Ulduzxanın yolunun üstünə qoy, tapıb sevinsin”, – dedi.  O pullar hər yerdə Ulduzxanın “qarşısına çıxırdı” – yolda, parkda, bufetdə…

    Sonra Allahyarın üzləşdiyi fəlakət… Allahyarın ayağının elə olmağında elə bil mən günahkar idim. Bəzən ayağımın ağrıdığını bəhanə edib onun kimi axsayırdım. Futbol oynayanda bütün qollarımı ona həsr edirdim – o bunu bilsə də, bilməsə də. Əsas o idi ki, mən bunu bilirdim və öz “günahımı” yuyurdum.

    Yəqin, mən özümü, öz duyğularımı ifadə edə bilmirdim, ona görə dostlarıma yaxın olmaq istədikcə, onlar məndən uzaqlaşırdı. Bir dəfə məktəbə ağ kostyumda getmişdim. Mən bahalı təzə kostyumda, onlar adi, köhnəlmiş geyimdə… Ulduzxanın əli titrədi, mürəkkəb kostyumumun üstünə töküldü. Səhv iş gördüyümün yalnız o vaxt fərqinə vardım. Ondan sonra paltarlarımı köhnəldib geyinirdim, ayaqqabımı isə palçığa bulaşdırırdım.

    Sonra yollarımız ayrıldı. Bu illər ərzində onları düşünmüşdüm, amma birlikdə daha çox tənhalaşacağımızı bildiyimdən görüşməyə can atmamışdım.

    Koronavirus infeksiyasına yoluxmuş xəstələrin siyahısında tanış adları görəndə qəribə hisslər keçirdim. Bir tərəfdən, pandemiya təlaşı, digər tərəfdən, doğma adamların yenidən qarşıma çıxması… Sonra özlərini gördüm. Üzlərinin yarısını maska örtsə də, gözləri onları “ələ verdi”.

    Yenə bizik – Mən, Allahyar və Ulduzxan. Elə bil keçmişimiz qayıdıb gəlib, o keçmiş ki, biz özümüz də fərqində olmadan onun yolunu gözləmişik…

    Ulduzxan

    Mənim ehtimalıma görə, pandemiya bizdən yan keçməliydi, amma heyhat. Epidemiyanın məni bu dərəcədə tənhalığa sürükləyəcəyini ehtimal etməmişdim. Dörd divarın arasına sıxılmışdım. Üstəlik, içimdəki virus da məni özümdən uzağa itələmək istəyirdi. Bədənim virusun əlində əsir-yesir idi. Bircə ruhum mənim idi, yalnız ruhum mənə doğmaydı. Bu müddətdə ondan aralı düşdüyümün indi fərqinə varırdım.

    Həyatla ölüm arasındaydım. Elə bil sinəmdən daş asılmışdı. “Qanda oksigen kəskin azalıb, ağciyər çatışmazlığı var, amma qorxmayın, birlikdə savaşıb qalib gələcəyik”, – dedi tanış bir səs. Çətinliklə başımı qaldırıb baxdım. Əynində xüsusi geyim, üzündə qoruyucu maska olan bu şəxs digər həkimlərdən fərqlənmirdi. Amma enli qoruyucu şüşənin arxasından görünən gözləri onu “ələ verdi”. Həkimxan idi, bizim uşaqlıq dostumuz.

    Qeyri-ixtiyari əlimi ona uzatdım, sonra təhlükəni xatırlayıb tez geri çəkdim. Amma əlimi tutdu, həyatdan qopmaq üzrə olsam da, güclü əlin hərarətini və enerjisini hiss etdim. Nöqtə boyda görünən bir işıq üçün yaşamaq ümidinin oyandığını duydum.

    Çətin günlər davam edirdi. Ürəkbulanma, qızdırma, nəfəs darlığı… Elə bil boğazımın yerində ət parçası vardı. Fikirlərim reallıqla rabitəsini itirirdi. Gözümə qarabasmalar görünürdü. Dəfələrlə həyatdan tamamilə qopduğumu düşündüm, amma həkimlərin fədakarlığı – bəzi məqamlarda sərt tələbkarlığı, bəzi məqamlarda şəfqəti dadıma yetişdi. Bir gənc həkim vardı, gecə-gündüz arı kimi çalışırdı, olduqca diqqətcil, mehriban və gülərüz idi, hərçənd maskanın altından təbəssüm bilinmir…

    Ən böyük dayağım isə Həkimxan idi. Dostumun yanımda olduğunu duymaq belə mənə yetərli idi.

    Sonrakı iki gün əvvəlki günlərə nisbətən rahat keçdi. Amma bilirdik ki, bu, müvəqqəti yüngülləşmədir, virus tamamilə məhv olmayınca sağalmadan söhbət gedə bilməz.

    Yenə üçümüzük – Mən, Allahyar, Həkimxan.

    “Mən elə bilirdim, həkimlər xəstələnmirlər, ölmürlər, ona görə həkim oldum”, – zarafatla deyir Həkimxan. Onun sözlərinə gülə bilmirik, amma mimikalarla hisslərimizi bəlli edirik (onsuz da bir-birimizin ən xırda üz cizgilərinə də bələdik).

    Mən də danışıram. Qınayıram, ittiham edirəm, amma bəlkə də (kim bilir) heyifsilənirəm.

    – Bilirsiz ki, atam öldükdən sonra mən hər gecə ona şikayət edirdim? O qədər sizdən gileylənmişəm ki. Məsələn, Həkimxan, sən topumu götürüb qaçanda… Allahyar oyunda cığallıq edəndə. İkiniz bir olub balaca boyuma güləndə…

    – Hər gün atan sənin yuxularına gəlirdi?

    – Hə. Hər gün.

    Həkimxan zəndlə mənə baxır.

    – Nədi, inanmırsan? – mən incimiş halda deyirəm.

    – İnanıram, – Həkimxan deyir.

    – Mən də inanıram, – Allahyar dillənir, – yuxularda biz daha xoşbəxt oluruq. Çünki mən də heç vaxt özümü yuxuda şikəst görmədim. Heç bircə dəfə də.

    – Biz də səni heç vaxt fərqli görmədik, – Həkimxan deyir.

    – Doğrudan? – Allahyar bizə inamsız baxır.

    – Hə, – mən təsdiqləyirəm.

    – Amma mənim sizə acığım tuturdu…

    – Nəyə görə?

    – Heç özüm də bilmirəm nəyə görə. Yəqin ki, sizin kimi ola bilmədiyimə görə. Ürəyimdə sizinlə o qədər dalaşmışam ki.

    Xəstəlik bizi yaman kövrək edib. Xatirələrimizi, məyusluqlarımızı, peşmanlıqlarımızı bir-birinin ardınca dilə gətiririk. Bəlkə də Allahyarla mən bir də işıqlı dünyaya çıxa bilməyəcəyik. Burda həyat elə monotondu ki. Şərait yaxşıdı, amma mənəvi darlığımız qoymur nəfəs almağa. Elə bil divara dirənmişik. Özü də başqası yox, özümüz-özümüzü divara dirəmişik.

    Allahyar

    Xatirələrimiz bitmək bilmir. Bəzən danışa bilməyəndə hansısa hərəkətlə, ya bir sözlə, keçmişdə olub-bitən hansısa bir hadisəni yada salırıq. Üçümüz də o vaxta qayıdırıq, bir-birimizi sorğulayırıq. Sən demə, bizi yalnız xəyali uçurumlar ayırıb, əslində, belə bir uçurum yoxmuş. Eyni adammışıq demə. Varlı, ya yoxsul, sağlam, ya xəstə olmağımızdan asılı olmayaraq.

    Bir dəfə kəsilmiş ayağımın ağrısını danışdım Həkimxana. Dedim, hər gün o ağrını duyurdum. Hətta gecələr o ağrı məni yatmağa qoymurdu. Sən bunu haradan biləcəkdin ki? Sən sevdiyin qızla ilk görüşə gedəndə mən kəsilmiş ayağımın dərdindəydim. “Bu görkəmlə məni heç kim qəbul etməz”,- fikriylə özümə əzab verirdim. Bu vaxt Həkimxan qəribə bir şey dedi. Demə, onun da öz kompleksləri varmış:

    – Sən də heç vaxt bilməmisən ki, mən sənin ünsiyyət qura bilmək bacarığına həsəd aparmışam. Sən hamımızdan seçilirdin, çünki adamlarla daha asan dil tapa bilirdin. Mən isə özümə qapalıydım, duyğularımı ifadə edə bilmirdim.

    Gec də olsa bunları öyrənmək gözəl idi.

    Əslində, həyat necə də sadəymiş.

    Biz isə komplekslərimizlə həyatı ağırlaşdırır, onu özümüzə düşmən edir, daxili dünyamızı viran qoyuruq.

    Müalicə prosesi yorucu və əzablı idi. Yüksək temperatura dözüm göstərmək müşkül olurdu. Dəhşətli yorğunluq bədənimə hakim kəsilmişdi. Aramsız üşütmə keçirirdim. Bəzən nəbzim zəifləyir, son həddə gəlib çatdığımı düşünürdüm. Hər dəfə özümə gələndə həkim dostumu başımın üstündə görür, daxilən rahatlıq tapırdım. Çünki insan ağrısını bölüşəndə yüngülləşir. Və nə qədər ki, sənin ağrını paylaşan biri var, demək, ümid var.

    Həkimxan

    Bir aydır evə getmirəm. Çünki xəstələrlə təmas vaxtı koronavirusa yoluxub-yoluxmadığımı bilmirəm. Mənim kimi evə infeksiya aparmaq qorxusu ilə xüsusi ayrılmış yerlərdə, otellərdə gecələyən həkimlər çoxdur. Evdəkilərlə telefon vasitəsilə görüntülü danışırıq. “Bizim üçün evdə qalın, çünki biz sizin üçün burdayıq”, – deyirik. Koronavirusu digər viruslardan fərqləndirən əsas özəllik onun sürətlə yayılmasıdır. İnsanlar yalnız özlərini təcrid edərək yayılmanın qarşısını ala bilər. 

    Vəziyyət ağırdır, dünyada epidemiya qurbanlarının sayı gün-gündən artır, Covid-19 əleyhinə vaksin hələ tapılmayıb, ən böyük dövlətlər kiçicik bir virusun əlində aciz qalıblar.

    Bütün hallarda pandemiya tarixdə qalacaq – insanlığın həm gücünün, həm də gücsüzlüyünün simvolu kimi… Bu durum mənə həyatdakı missiyamı anlamaqda kömək etdi. Bəlkə də mən bütün həyatım boyu bu anı gözləmişəm. İndi, ölsəm də heyifsilənmərəm.

    Hərçənd yaşamaq ümidləri gün-gündən artan Ulduzxanla Allahyar gələcək gözəl günlərin xəyallarını qururlar. Allahyar deyir ki, çoxdandır xəyal qurmağı tərgitmişdim, indi isə dipdiri bir xəyalım var – bu çətin günləri dəf edib gözəl günlər naminə yaşamaq.

    Bu bir ayda bir-birimizlə çox ünsiyyət qurduq, duyğularımızı paylaşdıq. Bizi ayıran sərhədlərdən danışdıq. Məni görməzdən gəldiklərini düşündüyüm üçün onlardan uzaqlaşdığımı dedim. Sən demə, onlar da məndən eyni səbəbdən uzaqlaşıblar.

    Bəzən adi bir anlaşılmazlıq bütün həyatımızı idarə edir. Halbuki bircə gözəl söz bütün taleyimizi dəyişə bilər. Biz insanlar hər şeyi elə mürəkkəbləşdiririk ki. Eqolarımızı bəsləyərək təklikdə daha xoşbəxt olacağımızı düşünürük. Halbuki tənhalıqda qaldığımız bu günlər bizə öyrətdi ki, insanların bir-birinə doğrudan da çox ehtiyacı var…

    Bir vaxtlar təyyarəçi olmaq istəyirdik. Yüksəkliyi sevirdik. Yenə də sevirik. İnsanlıq üçün etdiyin fədakarlıq da səni mənən ucalda bilər.

    Ulduzxan

    Dünən Həkimxan Allahyarı müayinə edərkən zarafatla dedi ki, çoxdandır “olacağa çarə yoxdur”, – demirsən, deyəsən, axirətə getmək fikrinin daşını atmısan.

    Mən də onun zarafatına qoşulub dedim ki, xoşbəxt ulduz altında doğulmuşuq, bizə zaval yoxdur.

    Allahyar da ordan qayıtdı ki, ay Ulduzxan, mən sənə ümidliyəm, sən də mənə. Görək başımıza nə gəlir.

    Həkimxan başını yellədi: “Mən də elə bildim, siz mənə güvənirsiniz, amma görürəm ki, hələ də öz aləminizdəsiniz. Ay dostlar, nə alın yazısı, nə ulduz, tibbə güvənin, tibbə!”.

    Dedim: “Həkimxan qardaşım, bu dediyim, əlbəttə ki, zarafatdır, həyatımız üçün tibbə, siz həkimlərə borclu olduğumuzu bilirik. Vaxtında köməyimizə yetişməsəydiniz, yəqin ki, axirətə çoxdan varmışdım, münəccim dostumuzun da ruhu kosmik fəzalarda uçurdu”.

    Gülüşdük. Əslində, buna gülmək də demək olmazdı, maskanın altından gülüşə bənzər boğuq səslər çıxardıq. Amma xoşbəxt idik. Xoşbəxt idik ki, yenə eyni şeylərə gülə, sevinə bilirik…

    Allahyar

    Koronavirusla mübarizə apardığım bu çətin günlər həyatımda yeni mərhələ oldu. Elə hesab etdim ki, yenidən dünyaya gəldim. Ona görə yox ki, sağalıram. Ona görə ki, özümü, insanları və dünyanı yenidən dərk edirəm.

    Bədənim, sanki Əzraillə mübarizədən qalib çıxıb. Ölümə qalib gələ biləcəyimi təsəvvür etməzdim. Məndən olsa, taleyə buraxardım hər şeyi. “Alnıma nə yazılıbsa, o da olacaq”, – deyib təslim olardım. Amma həkimlərimiz məni ölümün pəncəsindən qurtardı. Həkimxan ən ümidsiz vaxtlarımızda da bizi ruhdan düşməyə qoymur, ölüm ayağında olan ən çarəsiz xəstələri də yaşatmaq üçün böyük iradə və fədakarlıq göstərirdi. 

    Sonrakı iki gündə Həkimxan ortalarda görünmədi. Düşünürdük ki, yəqin, yaxşılaşmışıq, o da durumumuzdan rahatlayıb, indi daha ağır xəstələrin müalicəsi ilə maşğuldur. Bizi müayinə edən həkimdən xəbər alanda “Həkimxanın testi müsbət çıxıb, karantinə alındı”, – dedi.

    İndi fikir bizi götürüb… Ulduzxanla pəncərədən Günəşə baxır və onu aramızda gözləyirik.

    Həkimxan

    Uzandığım çarpayının pəncərəyə yaxın qoyulmasını xahiş etdim. Pəncərədən Günəşə baxıram və düşünürəm ki, göy üzünü görmək xoşbəxtlikdir, – istər yağmurlu olsun, istər günəşli… Doğma insanları görmək xoşbəxtlikdir… Evdə məni gözləyən doğmalarımı yenidən görə bilmək üçün xəstəliklə mübarizə aparıram. Hələ heç nə itirilməyib. Həyata toxuna bilməsəm də, onu görə bilirəm.

    Bilmirəm, yönüm ölümə tərəfdir, yoxsa həyata, amma bütün hallarda ümidliyəm. İnsanlığa ümidliyəm. Sevinirəm ki, illərdən bəri ürəyimin toz basmış “rəflərində” yığılıb qalan duyğularımı ifadə etdim, onları Günəşə çıxardım.

    Nə olursa-olsun, yenə dostluq, insanlıq var olacaq. Yenə mən olacam, Allahyar olacaq, Ulduzxan olacaq…

    Sosial məsafə saxladığımız bu günlərdə bir-birimizə mənən yaxın olduq. Artıq istəsək də uzaqlaşa bilmərik. Əslində, heç birimiz xəyallarımıza xəyanət etmədik. Hər birimizin missiyasında bir ənginlik vardı. İstədiyimiz də bu idi – insanlıq üçün savaşmaq. Mən də savaşdım. Və bütün hallarda biz qazandıq.

    Minilliklər ərzində dünyanı təcrübələrimizlə, elmi biliklərimizlə böyütmüşük. Halbuki ən böyük silahı, ən təsirli dərmanı – sevgini əldən vermişik. İnsanın ən böyük silahı sevgiymiş, indi anladıq…

    Ulduzxan

    Bu gün məni və Allahyarı ilk dəfə Günəşə çıxardılar. Elə bil, dərin yuxudan ayılmışıq. Elə bil, neçə min ili yuxuda keçirmişik. “Ölsəm, bir də min il sonra dirilsəm”, – deyir şair. Elə bil ölüb min il sonra dirilmişik. İndi anlayırıq ki, həyat ona görə gözəldir ki, yaşamaq üçün yeni şans verir. Həkimxan dostumuz deyirdi bunu.

    Bu səhər o, dünyasını dəyişdi… Haqqa yürüdü… Bütün mübarizə əzmini, ümidini, gücünü bizlərə xərclədi, özünü qorumağa heç nəyi qalmadı… Mən deyərdim ki, gözəgörünməz düşmənlə mübarizədə qəhrəmancasına şəhid oldu…

    Təsəllimiz budur ki, onunla çox şeyləri paylaşmağa, bir-birimizi anlamağa macal tapdıq. İnsanlıq üçün dəyər daşıdığımızı anladıq…

    O deyirdi ki, əgər kimsə xəstə yatağından qalxıb Günəşi görəcəksə, demək, insanlığın gözəl günlər görəcəyinə həmişə parlaq bir ümid və sarsılmaz bir inam olacaq…

    Və yalnız gözəl günlər naminə yaşayacağıq.

    23-27 aprel 2020 Bakı

  • Azərbaycanlı yazıçı Əyyub Qiyasın “Varislər” kitabının I cildi işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Əyyub Qiyasın “Varislər” kitabının I cildi işıq üzü görüb. “Varislər” layihəsi Əyyub Qiyas ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsidir.

    Kitabın birinci cildində müəllifin 2020-2021-ci illərdə görüşüb söhbət etdiyi 50 varislə müsahibəsi yer alıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şairə-publisist Nəbicə İlkinin “İki Vətən qızı” adlı yeni kitabı işıq üzü görüb

    Bakı şəhərində 100 səhifə, 100 tiraj həcmində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Türkmen Edebiyatı ve Yazarlar Birliyinin, İLESAM Edebiyat Eseri Sahib Meslek Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, şairə-publisist Nəbicə İlkinin “İki Vətən qızı” adlı yeni kitabı işıq üzü görüb. Kitabda Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndli haqqında Azərbaycan və Dərbənd şairlərinin, qələm sahiblərinin yazısı, şeirləri toplanıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub. Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı qərarı ilə yayımlanıb. Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən on səkkizinci nəşrdir. Monoqrafiya AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin “Böyük vətəndaş yazıçı və görkəmli ictimai xadim” başlıqlı ön sözü ilə çap olunub.

    Kitabın elmi redaktoru və “Muxtar Auezov və böyük çöl mədəniyyəti” adlı giriş hissənin müəllifi filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Ramiz Əsgərdir. Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayevadır.

    Monoqrafiyada qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun (1897-1961) həyatı və yaradıcılığı elmi cəhətdən dəyərləndirilir. Ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri tədqiqat obyektinə çevrilmişdir.

    180 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Dörd fəsildən ibarət kitabın Azərbaycan, türk, qazax, rus dillərində ədəbiyyat siyahısı vardır. Birinci fəsli (Muxtar Auezov: Həyatı, ədəbi və ictimai mühiti) Xuraman Hümmətova, ikinci fəsli (Muxtar Auezovun hekayə və povestlərində qazax milli düşüncəsi) Nizami Tağısoy, üçüncü fəsli (Muxtar Auezovun roman yaradıcılığı) Teymur Turan, dördüncü fəsli (Muxtar Auezovun dramaturgiyası) Nizami Tağısoy tərəfindən yazılmışdır.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BİZƏ ÇOX GÖRMƏYİN XARABA YURDU”

    Nigaran gözlərə qaranlıq çökür,
    Elə sanırdıq ki, ağ nura düşdük.
    Bizsiz ata yurdu müsibət çəkir,
    Yağışdan qurtarıb, yağmura düşdük…

    Hamının vicvicə düşüb canına,
    Utancaq arzular boy ata bilmir…
    Ürəyim dönsə də Aşıq Cünuna,
    Səsim Koroğlunu oyada bilmir…

    Yaman nigaranam, itib dincliyim,
    Sağalmır qəlbimə vurulan zədə.
    Dəcəl uşaqlığım, qaynar gəncliyim
    Məni tapacaqmı təzə binədə?!

    Divanə könlümün deyil o çağı,
    Bizə zülüm verib qaraguruhlar…
    Əlimlə yanmasa ata ocağı
    Ora qayıdarmı pərvanə ruhlar?

    Kəndim – xatirəylə dolu xəzinə,
    Burda yol gözləyən xeyli bulaq var.
    Dönüb baxacaqmı Qeysin üzünə,
    Bu Məcnun sevdalı Leyli bulaqlar?

    Ciyəri hicrandan ələyə dönən
    Bəlkə şəfa tapa nağıllı kənddə…
    Doğma yurd dərdindən dəliyə dönən
    Xoşbəxt olacaqmı “Ağıllı kənd”də?

    Bu da bir sınaqdı, nə küs, nə inci,
    El gözündən düşən boy ata bilmir…
    Nə günə qalmışıq, zəfər sevinci
    Qara bəxtimizi oyada bilmir…

    Nuru azalsa da, göz o göz deyil; –
    Halal yurd yerimiz sonalanıbdır.
    Təkcə həyətimiz, evimiz deyil
    İndi səbrimiz də minalanıbdır…

    Divanə Məcnun tək mən də dəliyəm,
    Öz doğma Leylimi könlüm haraylar…
    Hələ görməmişəm xoşbəxt eləyə
    Qılbi viranəni abad saraylar…

    Onu cəlb etmədi nurlu səhərlər, –
    Həmişə könlümdə qəm yuva qurdu…
    Cavanlara qalsın abad şəhərlər,
    Bizə çox görməyin xaraba yurdu…

    20.02.2021

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”SEHRİL ADDAMACLAR”

    Qışdan yaza keçmək üçün
    Gərək hava bir az qıza.
    Ana torpaq məhəbbətlə
    Gəl-gəl deyə Bahar qıza.

    Qışın qarşısını kəsən
    Çəmənlər yaz hasarıdı…
    Qorxumuz yoxdu soyuqdan,
    Üzümüz yaza sarıdı…

    Önümüzü kəsə bilməz
    Çovgunlu dağ, qarlı yamac…
    Yaza gedən yol üstündə
    Hər çərşəmbə bir addamac…

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Bahar duyğuları”

    BAHAR DUYĞULARI

    Ulduzlar əridi, açıldı səhər,
    Şəfəqlər səpildi yerə zər kimi.
    Qızardı üfüqlər, yandı üfüqlər
    Həyadan qızaran gəlinlər kimi.

    Göylərə nur saçan mehriban gözəl
    Süzgün baxışıyla hər yana baxdı.
    Təbiət dirçəldi sanki əlbəhəl,
    Torpağın canına hərarət axdı.

    Günəş boy göstərdi, qalxdı yuxarı,
    Gəzdirdi dünyaya xumar gözünü.
    Qayadan sallanan buz salxımları
    Dartınıb, qayadan atdı özünü.

    Qışdan təhvil aldı dünyanı bahar,
    Əriyib töküldü qar muncuq-muncuq.
    Uçdu budaqlardan ağ libaslı qar,
    Qondu budaqlara yaşıl tumurcuq…

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Bu şəhər dəyişib”

    Bu həyatın əvvəli sevinc,
    sonu kədərdi…
    Bu şəhərdə bizdən yaşlılar
    barmaqla sayılacaq qədərdi…
    Öz yaşıdlarımız isə
    ilbəil azalır…
    Ömür günəşi
    günbəgün sozalır,
    istisi günbəgün azalır…
    Gün altında olanda belə
    üşüyürəm,
    elə bil kölgədə gəzirəm.
    Bu şəhərin adamları
    elə dəyişib ki,
    küçəyə çıxanda
    elə bilirəm ki,
    qərib bir ölkədə gəzirəm…
    16.10.2016

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ZAMANIN YANAN KÖRPÜLƏRİ VƏ HƏSRƏT SELLƏRİ”

    İşı çalxanmaqdı qədim nehrənin,
    Ürəkdən gələn yaş gözü göynədir.
    Geriyə yol yoxdu, zaman nəhrinin
    Yanan körpüləri bizi göynədir …

    Könlüm viranədir, dağılıb huşum,
    Nələr qazanmışam mən yetmiş ilə?
    Şəkilə çevrilib əllim, altmışım,
    Nəfəs-nəfəsəyəm mən yetmiş ilə…

    Dadmışıq taleyin ömür payından,
    Arzular beşiyi olub qəlbimiz.
    Adlayıb zamanın neçə çayından
    Üzü gələcəyə can atmışiq biz…

    İçimdə bir körpə uşaq ağlayır,
    İnsanın xoş günü keçmişindədi.
    Zamanın çayları, coşur çağlayır,
    Ömür dəyirmanı öz işindədi…

    Həsrət ayazında bir sazaq idim,
    Bu da son, indidən dərd məni alıb…
    Əllidən, altmışdan yüz uzaq idi,
    Yetmişdən üç addım məsafə qalıb…

    Geriyə dönərmi ömrün axarı,
    Meydan oxusaq da biz dağa, daşa?
    Onsuz da dünyanın yoxdu axırı,
    İstər əlli yaşa, istər yüz yaşa!

    Dərd abıra salıb neçə arsızı,
    Xoşbəxt günlərimiz arxada qalıb.
    Anamın gözündə qalan arzusu
    Qəlbimi ağrıda-ağrıda qalıb…

    Vətənsiz bir ömür ömür-gün deyil,
    Zaman arzumuzu verdi yellərə…
    Dönmək istəsək də, bu mümkün deyil
    Atalı, analı xoşbəxt illərə…

    Özüm tək qaçqındı könül dincliyim,
    Hələ də ürəyim dərd közündədi…
    Dəcəl uşaqlığım, qaynar gəncliyim
    Yanan körpülərin o üzündədi…

    Ağrı elə ağrı, dərd elə dərddi,
    Onun qocamanı, körpəsi yoxdu.
    Zamanın dəyişməz qanunu sərtdi,
    Həsrət sellərinin körpüsü yoxdu…

    27.12.2019

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    (Mirvarid Dilbazi)

    İstəsəydim səni səndən alardım,
    Gözəlləri öz taxtından salardım.
    Ürəyimi ürəyinə çalardım,
    Sən yanardın, mən baxardım tüstünə.

    Ulduz olub öz zirvəmdən enərdim,
    Dövrəndəki mələkləri yönərdim.
    Al laləyə, qərənfilə dönərdim,
    Səpilərdim yollarının üstünə.

    İstəsəydim vüsalına yeterdim,
    Mən gül olub ürəyində bitərdim,
    Orda bülbül fəryadıyla ötərdim,
    Mən yanardım, sən baxardın tüstümə.

    Ölsəm, bir gün gəl qəbrimin üstünə,
    Bircə dəstə bənövşə qoy, bəsimdir.
    Baş üstündə bir qaranquş ötəcək,
    O da sənə minnetdarlıq səsimdir .

    Bilmirəm

    Sən-qəhqəhə,
    Mən-göz yaşı.
    Hardasan, könlüm sirdaşı?
    Tufanlıdır ömrün qışı.
    Sən gül!
    Mən gülə bilmirəm.

    Şənlik içindəykən aləm,
    Nədir könlümdəki bu qəm?
    Neyləyim ki, mən bəxti kəm
    Dərdimi bilə bilmirəm.

    Qəm əyib məğrur başımı,
    İtirmişəm sirdaşımı,
    Selə dönən göz yaşımı
    Üzümdən silə bilmirəm.

    Səhrada bitmiş bir güləm,
    Fəsli quraq keçən iləm.
    İstəyirəm sənsiz öləm,
    Neyləyim, ölə bilmirəm.

  • Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

    Gəl çıxaq seyrinə uca dağların, 
    Çəmən olan yerdə xalça nə lazım, 
    Gözündən su içək buz bulaqların, 
    Lilpar olan yerdə dolça nə lazım. 

    Nə kaman götürək, nə tar, nə qaval, 
    Orda nəğmə də var, nəğməkar da var. 
    Yarıb buludları dinəndə qartal 
    O səsə bərabər bir səs harda var.

    Torpağın ətrini fikirləşəndə, 
    İpək tellərinə çiçək taxarsan. 
    Səhərlər yadına güzgü düşəndə, 
    Maral baxan gölə sən də baxarsan. 

    …Gəlin təbiəti biz də düşünək, 
    O özü hər şeyi düşünən kimi. 

    Milyon naxış vurur bahar torpağa,
    Güvənib hüsnünə: – Baharam, – demir.
    Zirvə buz bağlayıb, bürünür ağa,
    Donur axşam-sabah: – Donuram! – demir.

    Palıd sakit qalxıb, səssiz boy atır,
    Söyüd dirçəlməmiş özünü dartır,
    Gölməçə harayı qulaq batırır,
    Ümman dilə gəlib: – Mən varam! – demir.

    Tufanlar qoynunda sınaqdan çıxan,
    Sağında, solunda şimşəklər çaxan,
    Başında yüz dəfə tüstülər qalxan
    Dağ yanır, bir dəfə: – Yanıram! – demir.

    Çətin gün həyatın imtahanıdı
    Yaxşını yamanı tarix tanıdı,
    Sınsa da igidin qolu, qanadı,
    Sındırıb özünü sınıram demir.

  • Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər

    Oylağımda boran qopdu bir zaman,
    Dağ başını qar almağa başladı.
    Qanadından yaralandı laçınım,
    Turacımı sar almağa başladı.

    Qapımızı döydü qara bir külək,
    Bağçamızda nə gül qoydu, nə çiçək;
    Payız fəsli şaxta vurmuş xəzəltək
    İrzi-rəngim saralmağa başladı.

    Zaman gəldi… üzümüzə doğdu gün,
    Çiçəklədi ilk baharı ömrümün,
    Büsat qurdu hər məhlədə toy, düyün –
    Yar könlünü yar almağa başladı.

    Qocalığı heç qaxmayın başıma,
    Yeni çatır ömrüm əlli yaşına,
    Ağ gün çəkdi sağ əlini başıma
    Ağ saçlarım qaralmağa başladı.

    Dərdin alım

    Çiçəklərdən səni könlüm
    Dilər keçər, dərdin alım.
    Xəyalın tez-tez yanımdan
    Gülər keçər, dərdin alım.

    Bahar çağı səhər erkən,
    Göy çəməndə gəzəndə sən,
    Bilirsənmi ürəyimdən,
    Nələr keçər, dərdin alım.

    Demə dünya bir qəfəsdir,
    Mahnılarım quru səsdir,
    Osmanın eşqi həvəsdir,
    Gələr keçər, dərdin alım.

  • Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər

    Gərək

    Elindən, günündən ayrılan könül, 
    Arabir vaxt tapıb ağlasın gərək. 
    Əziz kimsələri qırılmış kimi, 
    Yas tutub qaralar bağlasın gərək. 

    Demirəm incidib üzsün özünü, 
    Əl üzüb dünyadan yumsun gözünü, 
    Nə qədər olsa da Vətən sözünü, 
    Duysun ürəyində, anlasın gərək. 

    Bir şikəstə neyəm, bir qırıq kaman, 
    Görmədim bir bəla-həsrətdən yaman, 
    Vurğun ellər deyib ağlar hər zaman, 
    Onun qaydasıdır, ağlasın gərək.

    Şikayət

    Qulaq asın, dost-aşnalar,
    Bir pərişan kamanım var.
    Bu rübabın һər telində
    Yüz aһım var, amanım var.

    Nə tez keçdi ilk baһarım,
    Xəzan əsdi, soldu barım.
    Nə dövrana etibarım,
    Nə insana gümanım var.

    Sazım һanı? Sözüm һanı?
    Uçdu könlüm xanımanı…
    İtirmişəm el-obanı,
    Nə bir dağım, aranım var.

    Könül! Daha kimsəsiz gəz,
    Belə dərdə dözmək olmaz.
    Bir dağam ki, göz işləməz,
    Karvan keçməz dumanım var.

  • Ustad Aşıq ŞƏMŞİR.Seçmə şeirlər

    İmiş

    Dərdləndim ki, şeir yazam,
    Dərd insana ziyan imiş.
    Yıxıb ömür sarayını,
    Axır viran qoyan imiş.

    İnsan undur, dünya ələk,
    Onda gördüm min bir kələk,
    Dost dediyim qoca fələk,
    Demə, adam soyan imiş.

    Doğru çıxmır etibara,
    Dostluq hara, sitəm hara,
    Dönür zəhərli şahmara,
    Bir amansız çayan imiş.

    Şəmşir yazdın təsirli söz,
    Kəlmə lətif, mənası düz,
    Bu dünyadan doymayan göz,
    Az ömürdən doyan imiş.

    Birdi

    Dava günü mərd iyidə
    Bərk də birdi, boş da birdi.
    Günün yaxşı keçən zaman
    Yay da birdi, qış da birdi.

    Hər mətləbi tez qanana,
    Mənasını düz qanana,
    İşarədən söz qanana,
    Göz də birdi, qaş da birdi.

    Düçar olsan pis üzlərə,
    Sən də bəd ol bəd gözlərə,
    Hesabını bilməzlərə
    Üç də birdi, beş də birdi.

    Dost adını anmayana,
    El halına yanmayana,
    Bal ləzzətin qanmayana,
    Şor da birdi, aş da birdi.

    Çox demə, mətləb uzana,
    Rəhmət nəsihət yazana.
    Nabələdə, yol azana
    Dağ da birdi, daş da birdi.

    Şəmşir, sənin toxdu gözün,
    Onun üçün gülər üzün,
    Sadə danış, keçsin sözün,
    Zor da birdi, xoş da birdi.

  • Sarı AŞIQ.Seçmə şeirlər

    A yaxşı

    Şikar edib tutdum bir şahi tərlan,
    Sən etdin ağlımı zail, a Yaxşı!
    Səni sevən keçər canü sərindən,
    Olar camalına mail, a Yaxşı!

    Məhəbbəti olan istər sazını,
    Mən çəkərəm hər dəm sənin nazını.
    Şəmsü Qəmər kimi görgəz üzünü,
    Gün təki aləmə yayıl, a Yaxşı!

    Qaşların bir oxdu, kirpiyin almaz,
    Haramdan oxlasan, oram sağalmaz.
    Gedər bu gözəllik sənə də qalmaz,
    Əgərçi sərxoşsan, ayıl a Yaxşı!

    Məni sənə aşiq etdi yaradan,
    Səyrağıbı haqq götürsün aradan.
    İstəyirsən xəbər tutgil Sarıdan,
    Yollarında mənəm sail a Yaxşı!

    Gəlmədin

    Vədə verib mənə, gəlləm demişdin,
    Gözüm qaldı intizarda, gəlmədin.
    Sənsiz mənim ağlamaqdı munisim,
    Mənsur kimi qaldım darda, gəlmədin.

    Əlif qəddim əydi hicran məlalı,
    Necə xəlq eyləmiş qaşın hilalı,
    Saldı məni qəmə zülfün xəyalı,
    Məni qoydun eşq barda gəlmədin.

    Mən elə Aşıqəm ey vədə xilaf,
    Nizəni ahundan çərx olar şikar,
    Belə olar ay bimürvət, nainsaf,
    Getdi əldən ixtiyar da gəlmədin.

  • Xəstə Qasım TİKMƏDAŞLI.Seçmə şeirlər

    Dünya

    Gəl, bir səndən xəbər alım,
    Süleymandan qalan dünya.
    Əzəli gül kimi açıb,
    Axırında solan dünya.

    De görüm, nəyə talıbsan,
    Dərsini kimdən alıbsan?
    Neçə min yol boşalıbsan,
    Neçə min yol dolan dünya.

    Xəstə Qasım, qalıb naçar,
    Bu sirri bəs, kimlər açar?
    Gələn qonar, qonan köçər,
    Hey salarsan talan dünya.

    Ay ariflər

    Ay ariflər, bir tərlanım uçubdu,
    Sağ əlimdən sol əlimə alınca.
    Onu tutan xeyrü-bəhrin görməsin,
    Mən yazığın naləsi var dalınca.

    Gümüş kəmər bağlayıbdı belinə,
    Danışdıqca mail oldum dilinə,
    Gül uzatdım nazlı yarın əlinə,
    Canım aldı, gülü məndən alınca.

    Alimdən dərs aldım əlif-bey üçün.
    Sürahilər düzülübdü mey üçün,
    Dəli könül, qəm çəkirsən nə üçün?
    Qəmli günün şad günü var yanınca.

    Xəstə Qasım vədə verdi yüz ilə,
    Yaşılbaşlar göldən-gölə düzülə.
    Bir igid ki, qatarından üzülə,
    Ölüm yeydi, bu dünyada qalınca.

  • Ustad Aşıq Abbas TUFARQANLI.Seçmə şeirlər

    Vaxtıdı

    Budu gəldi bahar fəsli,
    Dağların lala vaxtıdı.
    Açılıbdı qızıl güllər,
    Bülbülün bala vaxtıdı.

    Bülbüllər dolandı bağı,
    Bir xəlvət eylə otağı.
    Sənə qurban olum saqi,
    Mey ver, piyalə vaxtıdı.

    Mən Abbasam, boyu bəstə,
    Dərdindən olmuşam xəstə.
    Al başımı dizin üstə,
    Çal yataq, layla vaxtıdı.

    Dilbər

    Uca dağların başına,
    Qorxuram qar yağa, dilbәr!
    Aldın ağlımı başımdan,
    Saldın dağdan-dağa, dilbər!

    Güllәrin içindә gülәm,
    Oxuyan şeyda bülbülәm,
    Mәn bir qolu bağlı qulam,
    Sәn olmusan ağa, dilbәr!

    Güllәrin içindә xaram,
    Gül üzünә intizaram,
    Mәn әvvәlki köһnә yaram,
    Dolan soldan sağa, dilbәr!

    Sən arısan, mәn dә şana,
    Dәrdindən oldum divana,
    Saldırmısan bəndәrxana,
    Dolan gəl otağa, dilbәr!

    Qul Abbasın gözü səndә,
    Olmuşam divanә mәn də,
    Bir cüt şamama sinәndə.
    Endir tağdan tağa, dilbər!

  • Coşqun XƏLİLOĞLU.”Şəhid məzarı”

    • Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Baba, Şəhid məzarı nədir?

    Müqəddəs pirimizdir,
    Ziyarət yerimizdir,
    Bayatı, şeirimizdir,
    Bala, şəhid məzarı.

    Orda igid uyuyur,
    Əsgər, zabit uyuyur,
    Ölməz bir ad uyuyur,
    Ödur şəhid məzarı.

    Bəzənibdir güllərlə,
    Əlvan qızılgüllərlə,
    Saysız qərənfillərlə,
    Bala, şəhid məzarı.

    Dur, saxlayaraq ayaq,
    Lap yaxından tanıyaq,
    Canlıdır – bunu duyaq,
    Bala, şəhid məzarı.

    Bu gündür, gələcəkdir,
    Hamımıza örnəkdir,
    Qəhrəmanlıq deməkdir,
    Bala, şəhid məzarı.

    Şairlərin sözüdür,
    Həqiqətin özüdür,
    Tariximin izidir,
    Bala, şəhid məzarı.

    Sözümü saxla yadda,
    Torpaq qalammaz yadda,
    Şanlı, ünvandı, addı,
    Bala, şəhid məzarı.

    14.01.2020.

  • Coşqun XƏLİLOĞLU.”Şəhidim” (Esse)

     Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm.

    Sən, xalqımızın fəxri, qürur mənbəyi, əbədi yaşar övladısan. Sən, Günəşin  doğmasında, küləyin əsməsində, yarpaqların pıçıltısında, yağışın yağmasında xatırlanacaqsan. Baharın gəlişində, təbiətin oyanışında, qaranquşların qayıtmasında, bənövşənin kol dibindən boy atmasında, çayların şırıltisinda  səni duyacaq, eşidəcək, görəcəyik.

    Lalələr qızaranda, çəmənlər yaşıllaşanda, qızılgüllər açanda, həzin bir nəğmə dinləyəndə, gözəl bir rəsm əsərinə baxanda sən bizimlə bir yerdə olacaqsan. Yox-yox! Sən heç bizdən ayrlmayacaqsan, daim yaşayacaqsan.

    Sən, Polad kimi əyilməzliyinlə, Ana Vətən  uğrunda canını verməkdən qorxmayan Mübarizliyinlə, düz İlqarınla bizimlə olacaqsan. Böyük  Türk dünyasında, o cümlədən Azərbaycanımızda  yeni doğulan körpələrə sənin adını vermək əsil şərəf olacaq. Şəhər və qəsəbələrimizin ən yaxşı küçələrinə,  parklarına, məktəblərinə, uşaq bağçalarına sənin adın veriləcək. Sinfin əlaçı, ən yaxşı şagirdi, bir zamanlar sənin əyləşdiyin parta arxasında əyləşəcəklər, sənə oxşamağa, hər  yerdə, həmişə nümunə olmağa çalışacaqlar.

    Sənin şəninə nə qədər şeir qoşulacaq, nəğmə və mahnılar bəstələnəcək, nəsr əsərləri yazılacaq. Sənin igidliyin, şücaətin dastana çevriləcək, aşıqlar onu şövqlə, həvəslə, yanıqlı, kövrək, həzin, həm də gələcəyə inamlı bir səslə oxuyacaqlar.

    Sən, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim müharibəsində tarix yazdın, elə qəhrəmanlıqlar, elə hünərlər göstərdin ki,  qələm bunu ifadə etməkdə necə də acizdir. Bizə Ali Baş komandanımızın imzasıyla bəxş edilmiş, əbədi Zəfər Gününün qazanılmasında sənin misilsiz rəşadətin, zəhmətin var. “Təki, Vətən yaşasın!” deyərək fəda etdiyin canın bahasına  qazanılmış qələbəyə sonsuza qədər  yaşayacaq ölməz ruhun şahidlik etdi.

    Bax, qəhrəmanım, biz sənə “Şəhidim” deyirik. Sən, kiminsə bioloji olaraq övladı, qardaşı, atası olsan da, bizim hər  birimizin ən yaxını,  ən əzizi, doğmasısan. Sən bizim qürururmuz, fəximiz, ölməz, əbədi yaşarımsan.

    Sənə borcluyuq şəhidim. Fəxr edirik ki, düşmən, onun mifə çevrilmiş ordusu məhv edildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Qanın yerdə qalmadı. Qanın  töküldüyü vətən torpağı müqəddəsləşdi. Üçrəngli bayrağımız həmin torpaqlarda əbədi dalğalandı.

     Sən, vətənin torpağı, daşı, vətəndaşı oldun. Vətən sənə “OĞUL” dedi. Yaşasın böyük Türk dünyası!  Yaşasın Azərbaycan!  Şəhidlər ölməzdir!

  • Xalq şairi Rəsul RZA.Küçələr

    YETİM KÜÇƏ

    Təbrizdə bir küçə var –
    “Yetim küçə”.
    Bu adı mən vermişdim ona,
    yanıqlı bir gecə.
    Yanaşıdır, çəpəkidir
    Təbrizin küçələri.
    Gah ayrılır bir-birindən,
    gah bir-birini kəsir
    Təbrizin küçələri.
    Gördüklərimdən yüzdə biri
    qalmayıb xatirimdə.
    Ancaq bu gün olmuş kimi
    qalıb yadımda
    bir uşaq hıçqırığı da,
    bir qadın da.
    Bir səs eşitdim;
    yana-yana ağlayan
    uşaq səsi.
    Səkidə bir qaraltı,
    bir qadın oturub
    arxasını dayamışdı divara,
    qucağında uşaq.
    Küçədə çapırdı atını
    Belədən-belə
    sazaqlı külək – avara.
    Soyuq, şinelimin içində
    göynədirdi sinəmi, qollarımı.
    Ana!
    Ana!
    Səsi
    sancılırdı qulağıma
    iynə-iynə.
    Yaxınlaşdım.
    Bacım qalx!
    Bacım…
    Ayaqlarım sancıldı yerə.
    Donmuş qadını qucaqlayaraq
    Ana!
    Ana! – deyə
    fəryad edirdi uşaq.
    Xatırladıqca Təbrizin
    o sazaqlı, o qaranlıq gecələrini;
    deyirəm: məşəl kimi yandırıb qəlbimi
    isindirə biləydim
    dünyanın bütün
    yetim küçələrini.


    Fevral, 1970

    QƏMLİ KÜÇƏ



    Bu gün də beşi getdi,
    dünən də.
    Başıma evlər dolanır
    yolçuların ürəyi
    nizamsız döyünəndə.
    Bir qoca bu gün
    son mənzilə yola saldı
    tələbə oğlunu.
    Bir ana dünən
    göz yaşıyla islatdı
    gəlin qızının toy noğulunu.
    Yəqin xoşbəxt küçələr də var;
    bayramlı, toylu.
    Mən olmuşam
    insanların son mənzil yolu.
    Mən qəmli küçəyəm, qəmli.
    Sinəsi yoxuşlu,
    səkiləri əynəmli.
    Bir gün ayrıldım
    gecənin səksəkəli yuxusundan.
    Baş ucumda yeni binaların
    əzəlini gördüm.
    Dirsəkləndim qranitə;
    anam şəhərin
    mavi gözlü gözəlini gördüm.
    Aynasında neçə
    göyəzən kölgəsi.
    Qoynunda insan səsi,
    həyat nəfəsi.
    Bildim mənim payıma
    qüssə düşüb, qəm düşüb.
    Sinəmdə son mənzil səfərləri
    üst-üstə düşüb.
    Bəzən bir neçə adamlı olur
    bu səfər,
    bəzən gur izdihamlı.
    Mən bilirəm kim qərib gedir,
    kim tanışlı, arxalı.
    Kim soyuq nəfəsli,
    kim cırılmış yaxalı.
    Eşidirəm ötürənlərin
    söhbətini.
    Kiminin yanıqlı təəssüfünü,
    kiminin qeybətini.
    Bəzən, az qalıram yarılam
    qəzəbimdən.
    İnsanlar xəbərsizdir
    daşlarımın əzabından.
    Qibtə edənlər də olur
    əzəmətinə son səfərin.
    Duymuşam ürək ağrısını
    bir gedənə min nəfərin.
    Mən qəmli küçəyəm, qəmli.
    Bilirəm kim gedir
    üstümdən, soyuq nəfəsli,
    kim keçir ağır matəmli.
    Bir arzum var;
    Son mənzilin yoluna
    ağlamayan ürəklə
    gəlməsin insanlar.
    Sevincə, qeybətə,
    qərəzli qiymətə
    başqa yer tapılar.

  • Xalq şairi Nigar RƏFİBƏYLi.”Sənsiz”

    SƏNSİZ

    Bir son bahar da düşdü
    ömrümün təqvimindən,
    Nə sənə məhəbbətim,
    nə həsrətim azaldı.
    Özüm də heç bilmirəm
    niyə bir ömür boyu
    Gözüm uzaq yollarda –
    sənin yolunda qaldı.
    Bir qocaman dağ olsan
    səni vurub yıxardım.
    Ürəyimdən ən incə
    teli necə qopardım?
    Dünyada gözəl də çox,
    gözəl ürəklər də çox.
    Şirin-şirin arzular,
    incə diləklər də çox.
    Bir sən oldun könlümün
    yaxın dostu, həmdəmi.
    Sən olmazsan tutmazdı
    bəlkə əlim qələmi.
    Sən olmazsan baharın
    yazın ətri olmazdı.
    Sən olmazsan bir dünya
    sevinc belə çox azdı.
    Baharın çiçəkləri
    açıb solmasın sənsiz.
    Ömrüm sənsiz olmasın,
    şerim olmasın sənsiz.

  • Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər

    Aprel şəhidləri

    Bizi ilk qarşılayan
    Aprel şəhidləriydi,
    Bu Cocuq Mərcanlının
    Ən müqəddəs yeriydi.
    Ayağına gül qoyduq
    Şəklinə baş əydik.
    Ay oğul, təki belə
    Toyunuza gələydik.
    Daim gənc qalarsınız
    Göz aydın, üzü gülər,
    Daim ayağınızı
    Öpəcək qızılgüllər.
    Əsgər gedən oğullar
    Burdan gedər döyüşə.
    Sevən yaşıdlarınız
    Bura gələr görüşə.
    Gələnlər gedəcəklər
    Kimi ucalacaqdı,
    Kimi qocalacaqdı,
    Kimi zəfər çalacaq!
    Düşməndən intiqamı
    Dönə-dönə alacaq!
    Aprel döyüşçüləri
    Belə cavan qalacaq.
    Onlar zamandan güclü,
    Dövrandan üstündülər.
    Onlar gecə aydılar.
    Gündüzlər də gündülər…
    Eh… Bunlar hamısı sözdü,
    Şəhidlər ölümsüzdü!

    Şuşa Məscidi

    Cocuq Mərcanlıya
    Şuşadan qonaq gəlib.
    Cocuq Mərcanlının ağ gününə.
    Geyinib dümağ gəlib.
    Şuşanın məscidi namaza durub.
    Əllərini Allah dərgahına qaldırıb.
    Qarabağa azadlıq diləyir.
    “Allahım, köməyimiz ol” – deyir.
    Azanın səsi
    Haqqın qapısını döyür.
    Məscid onun üzüdü,
    İçi insan içidi.
    Bu Şuşadakı Məscidin özüdü,
    Əsgərlərimizə gəlmiş elçidi.
    Gəlin bizi alın! – deyir.
    Gəlin zəfər çalın! – deyir.
    Azərbaycanın ən uca Şuşa səhnəsindən,
    “Qarabağ Şikəstəsi”nin səsindən
    Ən uca zənguləsindən
    Yadları salın!
    Qarabağı alın! – deyir.
    Məsciddə görüş
    Ruhu titrədən bir görüşdü.
    Ordumuz ayağa qalxsa
    Şimşək kimi çaxsa
    Ordumuz üçün ən asan iş döyüşdü .
    Qalanını tarix yazır.
    Hər azərbaycanlının içində
    Bir əsgər var
    Döyüşə hazır!

  • Xalq şairi Ramiz RÖVŞƏN.Seçmə şeirlər

    HİRSLİ ADAM
     
    Bu adamı dindirməyin, hirslidi;
    Qapısına əzazil it bağlanan
    ev kimi hirsli.
    Cırtdana aldanan
    div kimi hirsli.
    Bir sarışın gözəlin
    ipək saçları da
    yumşaltmaz onu.
    Hirslidi –
    dişləri qırılmış
    daraq kimi hirsli.
    Məclisin şirin yerində
    qəfil sönüb qaralmış.
    çıraq kimi hirsli.
    Hirsindən gözləri görmür dörd yanı,
    Ağzı kilidlənib bığının altda.
    Gecə də, gündüz də qaradır qanı,
    Ona yaxın düşmür ağcaqanad da.
    Hirsi ağrı kimi gəzir canında,
    Hirslidi –
    yaralı ov kimi hirsli.
    Uduzulan oyunun son anında
    Qapı dirəyinə dəyən
    top kimi hirsli.
    Küsdürüb özündən bütün dostları,
    sevmir özünü də, özgəsini də.
    Bəlkə də, çəkdiyi papirosların
    xatirinə alır nəfəsini də.
    Bağlanıb üzünə
    bütün qapılar…
    Yox, hələ açıqdı ümid qapısı.
    Hələ ki, çəkməyə papirosu var,
    Təki yandırmağa kibrit tapılsın…
     
    1971
     
    ƏLLƏRİMİN YUVASI
     
    Əllərimin yuvasıdı ciblərim;
    əllərim quş kimi dənləyir hər gün
    cibimdəki pulları.
    Cibimdə sən deyən pulum da yoxdu,
    Əllərim yarıac-yarıtoxdu.
    Qəpik-quruşla
    başını aldadır hələ əllərim.
    Qorxuram bu gedişlə
    axırda acından ölə əllərim.
    Atalar deyib ki, “Pul əl çirkidi”.
    Axı hansı ata deyib bu sözü?
    Əli dirsəyəcən pula batanmı?
    Yastığının altına
    pulları qat-qat düzüb
    şirin-şirin yatanmı?
    Kim deyib? Kim?!
    Mənim tərtəmizdi əllərim, atam.
    Bircə qəpiksizdi əllərim, atam…
    Axı bu əllərlə neyləyə billəm?
    Nə bir saqqız alıb çeynəyə billəm,
    nə bir gül-
    bir qıza bağışlamağa.
    Bu əllər bir şeyə yarıyar ancaq;
    yaxşı çəpik çalıb alqışlamağa.
    Mənsiz də, –
    nə çoxdu çəpik çalanlar…
    Yatın ciblərimdə, yatın, əllərim.
    Şirin yuxulara batın, əllərim.
    Yuxuda görün ki,
    göydən pul yağır,
    Yağır şax yüzlüklər göydən dən kimi.
    Dənləyin o pulları
    quşlar dənləyən kimi.
    Doyun o pullardan, doyun, əllərim.
    Öpüb göz üstünə qoyun, əllərim.
    Qəflətən səksənib
    qalxın yuxudan;
    O pullar nə oldu, nə oldu, atam?!
    … Şirin yuxulara aldanmaz adam,
    Gedin, əlinizi yuyun, əllərim…
     
    1972
     
    QARIŞQA ÖMRÜ
     
    Yaşamaq, doğrudan, çox gözəl işdi,
    Bir az pulun olsun, bir az imkanın.
    Dörd yanın şıdırğı alış-verişdi;
    Arzu bazarıdı, ümid dükanı.
    Dolan bu bazarı, atam balası,
    Simiclik eləmə qəpik-quruşa.
    Lənkəran limonu, Şəki halvası…
    Turşu şirinə qat, şirini turşa.
    Hələ o şütüyən maşınlara bax,
    Baxıb için-için bir az yan hələ.
    Sənə də bir maşın yetirər Allah,
    Bir az səbrini bas, cavansan hələ.
    Hələ ki bu metro düşüb baxtına,
    Axına qarışıb sən də axarsan.
    Girib “Baksovet”də yerin altına,
    Montində xortdayıb yerdən çıxarsan.
    Belə yaşayarsan ömrünü hər gün,
    Axı kim deyir ki, sən pis gündəsən?..
    Qarışqa ömrüdü hələ ki ömrün,
    Yerin gah altında, gah üstündəsən.
    Darıxma, qarışqam, az qalıb yaza,
    səni sevindirər bu gələn bahar.
    Atlı qarışqasan, bəlkə… haçansa
    hələ qanadlanıb uçmağın da var.
    Mən də qarışqayam, qadası, mən də,
    Bunu yazdım sənə mən öz adımdan.
    Yəqin bu yerlərdən uçub gedəndə
    Mənə əl eləmək çıxmaz yadından…
     
    1973
     
    MƏNİ SAYMAYANLAR
     
    Mənim bu dünyada xoşbəxt olmağa
    görən haqqım varmı?
    Yəqin ki, yoxdu.
    Bir gün bu dünyadan qaçıb uzağa,
    deyərəm: ilahi, dünyan soyuqdu.
    Deyərəm: ilahi, bu necə işdi,
    tüpür günəşə də, tüpür aya da.
    Ya sən bu dünyanı tamam dəyişdir,
    ya özgə gözlə bax bu dünyaya da.
    Bir az yağışdan kəs, bir az buluddan,
    qoy bu köhnə evin damı dammasın.
    Bir az sevincdən kəs, bir az ümiddən,
    qarışdır dərdimə, – havalanmasın.
    Özün ki həmişə göydən baxırsan,
    Mən axı kiməm ki, səni aldadam.
    Kefim saz olanda –
    yaddan çıxırsan,
    Kefim pis olanda –
    düşürsən yada.
    İndi ha söz qoşum aya, ulduza,
    Ha deyim, bu gecə gözəl gecədi.
    Bu gecə mən sənə üz tutmuşamsa,
    Özün bilirsən ki, kefim necədi.
    Nə çoxdu kefimə soğan doğrayan,
    Kefimdən xörəkmi bişirəcəklər?
    Mən axı nə şaham, nə şah oğluyam,
    Məni hansı taxtdan düşürəcəklər?!
    Məni saymayanı mən də saymadım,
    Artdı gündən-günə saymadıqlarım.
    Sən mənim başıma ağıl qoymadın,
    Onların başına ağıl qoy barı.
    Məni saymayanlar axmaqdı, axmaq,
    Onlar nə bilir ki, axı kiməm mən?
    Məni saymayanlar bir vaxt sayacaq,
    Onda görəcəklər; bir yox, minəm mən!..
     

  • Xalq şairi Musa YAQUB.Seçmə şeirlər

    Taleyin qisməti

    Taleyin qisməti rast saldı bizi.
    Yolumuz haradasa qırılacaqsa,
    İtirəcəyiksə, bir-birimizi,
    Xatirəm yadında qalmayacaqsa,
    Bu əllər mənimki olmayacaqsa,
    Bu tellər mənimki olmayacaqsa,
    Gəl məni, özünə öyrətmə məni,
    Hicran qorxusuyla göynətmə məni.

    Əlimi saçıma öyrətmə belə,
    Gözümü gözünə öyrətmə belə,
    Üzümü üzünə öyrətmə belə,

    Mən bir az baharlı budaq kimiyəm,
    Bir az da sadəlövh uşaq kimiyəm.
    Bala atasına qovuşan kimi,
    Leylək yuvasına yovuşan kimi,
    Arı gül-çiçəyə uyuşan kimi,
    Eh, mən də adama tez yovuşanam,
    Sevgi atəşində tez alışanam.
    Amma ki, sönməyim çox çətin olur,
    Sevgidən dönməyim çox çətin olur,
    Öyrətmə özünə, öyrətmə məni.

    Bəlkə gözləmirdik bu xoş görüşü,
    Yaman qəribədir dünyanın işi;
    Heç vaxt yollarında dayanmadığın,
    Heç həndəvərində dolanmadığın
    Gəlib birdən sənə nə şirin olur!
    Ömrünün içində ömür doğulur.
    Bu şirinim acı olacaq isə,
    Bir qismət çiçəyim solacaq isə,
    Öyrətmə özünə, öyrətmə məni.
    Könlümdə yerin var, qopmaz yerindən,
    Bir əkiz ləçəyi, haça budağı
    Ayırmaq olmursa biri-birindən,
    Məni də ayırmaq çətindir, axı
    Öyrətmə özünə, öyrətmə məni.

    Yox buna taqətim, yox buna tabım,
    Əlimi əlindən üzmək əzabım,
    Sonra bu əzaba dözmək əzabım…
    Yoxsa da, könlümün sınıqları var-
    Hicranın köz basmış yanıqları var
    Mənim dərdlərimin ayaqları var-
    Harda olsa, gəlib tapacaq məni.
    Yaxıb yandıracaq bu ocaq səni
    Gəl məni özünə öyrətmə belə,
    Əlimi əlinə öyrətmə belə,