Blog

  • AĞVALİDEYN YAXUD ZAVALLI MƏŞƏDİ ZAMAN BİR-İKİ SÖZ

    Seyid Hüseynin “Ağvalideyn yaxud zavallı Məşədi Zaman” hekayəsi 1911-ci ildə çap olunmuşdur. Yazıçı əsəri inqilabdan əvvəlki yaradıcılıq mərhələsində ərsəyə gətirmişdir. Mövzusunu Azərbaycan məişətindən alan hekayədə yanlış övlad tərbiyəsinin yol açdığı faciə Məşədi Zaman və oğlu Kərimin timsalında əksini tapmışdır. Tərəflərin fərdi xarakteri, həyata, gələcəyə dair duyğu və düşüncələri paralel şəkildə verilmişdir. Övladına zəhmətsiz ağ gün arzulayan ata Məşədi Zaman ilə valideyn üzünə “ağ” olan Kərim qarşılaşdırılmışdır. Hekayə ibrətamiz səciyyəsi ilə ədibin digər hekayələrindən seçilir. Seyid Hüseyn yazıçılığına xas olan dövri aktuallıq, həyatilik və real təsvirçilik burada da gözlənilmişdir.

    Övladının xoşbəxt həyata zəhmətsiz nail olacağını düşünən ata qədir-qiymət bilməyən oğul tərəfindən qara qəpiksiz küçəyə atılır. Beləliklə, Zavallı Məşədi Zaman min əziyyətlə qazandığı mal-mülkdən də olur, gələcəyə dair xəyallarından da. Gəmi kirayəsi düzəltməklə özünə bir gün-güzəran edəcəyini düşünür. Ömrünün axır zamanını məmləkəti İranda keçirmək üçün tədarük görməyə başlayır. Əlində bir çörək parası olmayan Məşədi Zaman yol ağzında oturub dilənçilik etməyə məcbur olur. Aclıq, qocalıq onu tamam taqətdən salır, qoca kişi məscid həyətində günlərlə ah-nalə ilə zarıldayır. Gecəni sükut bürüdüyü vaxt Məşədi Zaman əbədi yuxuya dalaraq xəstəliyindən də, uğradığı faciədən də birdəfəlik qurtulur.

    Atasını biçarə həyata sövq edən Kərimin fəlakəti, təbii ki, qaçılmaz olur. O, atadanqalma bütün sərmayəni özünün və arvadının əyləncəsinə xərcləyib bitirdikdən sonra yenə pul almaq niyyətilə İrana yollanır. Ancaq Kərim düşdüyü fırtınadan heç cür xilas ola bilmir və o, canını ləpələrin arasında tapşırmalı olur.

    Heç bir zəhmət çəkmədən mala, mülkə sahib olan Kərim əlindəki sərmayəyə güvənib bütün ömrü boyunca hər şeyin belə dövran edəcəyini sanır. Artıq “boğaz” bildiyi atası Məşədi Zamanı evdən atmaqla, həm onu, həm də özünü fəlakətə salır və sonda ilahi ədalətdən layiqli cəzasını alır. Hekayə ilk dəfə əski Azərbaycan əlifbasından müasir qrafikaya transfoneliterasiya olunur.

    Təhminə Vəliyeva

    AĞVALİDEYN YAXUD ZAVALLI MƏŞƏDİ ZAMAN

    BİR-İKİ SÖZ

    “Adamın heyvaniyyəti yeməklə, ruhaniyyəti oxumaqla qaimdir” kəlamı-həkimanəsinə nəzərə böylə bir əsri-tərəqqidə kəndimizin mütaliəyə və oxumağa nə qədər ehtiyacımız olduğunu nəzərə alaraq işbu kitabçanı nəşrə başlamaqla, minbəd bu qisim hekayələrin entişarına çalışmamızı möhtərəm oxucularımıza vəd edirik. Hərçənd bu nəşriyyatımız dairəi-ədəbiyyatdan bəiddirlərsə də, lakin nəzərimdə məqbul olacağına ümidlər elüyoruz.

    Nəşr olunan əsərlərimizin hər biri barədə tənqid edib səhvlərimizi bizə göstərən əşxasə bəyani-təşəkkür edəcəyiz.

    OTAQDA

    Qış zamanı idi. Hava nəhayət mərtəbədə soyuq idi. Gecədən bir qədər keçmişdi. Məşədi Zaman oğlu Kərim ilə bir balaca otaqda yatmaqdan ötrü uzanmışdılar. Kərim uyquya getmişdi, amma Məşədi Zaman öz gələcək gününü düşünürdü: havanın soyuq günlərində bizə bir pəristar yox. Ata və oğul ikimiz bir otaqda yaşayırız. Kərimin anası Fatiməni də ruzgar əlimizdən aldı, nə etməli? Olacağa çarə yoxdur. Bənim də ömrümün çoğu gedib, azı qalmışdır. Daha qocalmışam, gözlərim görməyir, qulaqlarım eşitməyir, bədənimdə qüvvətdən düşmüşdür. Demək, bənim daha pul qazanmaq və evlənmək vaxtım qurtarmış! Oğlum Kərim də maşallah böyüyüb cavan olmuşdur. Yaxşısı budur ki, onu evləndirərəm. Gəlinim həm bəndən mütəvəccih olar və həm oğlum Kərimə xidmət edər və cəmi ömrümdə böyük zəhmət və məşəqqətlə yığıb cəm etdiyim var-yoxumu da qoyub Kərim üçün bir dükan açaram. O qazanar, həm bəni saxlar, həm özünü. Zəhmətdən xilas olub asudə yaşar…”

    Məşədi Zaman bu növ fikirləri edəndən sonra özlüyündə buna qərar verdi ki, öz həmşəhərlisi olan pinəduz Ağabalanın qızını Kərim üçün təzvic edə və bazar başında dəxi onun üçün bir baqqal dükanı tərtib verə. Ta ki dünyanın qəmindən və ruzgarın cəfasından ömrünün axırında da olmuş olsa, bir qədər azad olub rahat yaşaya.

    DİVAR DİBİNDƏ

    Günorta zamanı idi. Qış, bahar keçib, yay gəlmişdi. Günün istisi yerə düşərək yerin buxarını havaya qalxızıb şəhəri dəmirçi kürəsinə döndərmişdi. Göydə uçan quşlar havanın istisinə tab gətirəməyib yerə tökülürdülər. Adamlar taqətsiz, başlarında (şəmsiyə),kimi (fayton) ilə, kimisi piyada biixtiyaranə evlərinə və mənzillərinə rahat olmaq üçün çəkilir idilər. Araba və fayton atlarının bəzisi kəsrəti-hərarətdən yerə yıqılıb biixtiyar qalıyor idilər. Bir nəfər qoca hammal dalında palan özünü bir divar dibinə verib taqətsiz uzanmışdı. Əlindəki çirkli qırmızı dəstmal ilə alnından gəlib üzündən və gözündən axan tərini siliyordı.

    Bu qoca kişi kim imiş?

    Bu, həman Məşədi Zaman idi ki, özünün var-yoxunu oğluna sərf edib onunçün dükan açandan sonra öz təzə gəlini onun evdə olmaq zəhmətinə dözməyib onu oğlu Kərimə qovalatdırır Məşədini. Bununla belə ona çörək də verməyirdi ki, qoca kişi başını bir növ dolandıra. Məişət bunu bu vəqtində hammallıq etməyə məcbur etmişdi. Fikrində bir gəmi kirayəsi düzəltmək də varıydı ki, ömrünün axır çağını gedib öz vətəni olan İranda qala. Çünki bunu yığın etmişdi ki, əgər xudanəkərdə, qürbət vilayətdə bu naxoş olsa, oğlu Kərim buna pəristar olmayacaq… Amma günün hərarəti, özünün qocalığı bunun bu fikrinə mane oluyordu. Bu o qədər işləməyirdi ki, həm yeyə, həm mənzil kirayəsi verə və həm də vətəninə getmək üçün gəmi kirayəsi düzəldə. Bununçün axır zamanlarda fəqir Məşədi Zaman mənzildən çıxıb karvansaraların həyətində yatıyordu. Bununla belə, yenə gəmi kirayəsi düzəltməyə müvəffəq olmayırdı. Çünki kəsrəti-zəfdən bu lazımi qədər işləyəməyirdi və günün də hərarəti bir tərəfdən bunun qüvvətini kəsiyordu. Bu qədər ki, özünü divar kölgəsinə çəkib oğlunun naxələfliyini birəbir yadına gətirərək öz gələcəyini fikir edib kəndi halına giryan edirdi.

    YOL AĞZINDA

    Səhər zamanı idi. Bütün xalq yuxudan ayılıb hər biri öz işinin ardınca gediyor idilər. Alış-verişçilər dükanlarını açıb alış-verişinə məşğul idilər. Kasıblar kəsblərinə, fəhlələr işlərinə tərəf gediyor idilər. Bikar cavanlar da bağlara və dağlara tərəf yönəlmişdilər. Bir küçədə və bir yolun ağzında bir nəfər qoca kişi əyləşib başını aşağı sallamışdı. Bu qoca kişinin bu vəqt yol ağzında əyləşməsi kəndisinin dilənçi olduğunu məlum ediyordu. Amma başını aşağı salıb xəlayiqə baxmaması bunun xəcalət çəkdiyini göstəriyordu.

    Dilənçi ki xəcalət çəkməz! Bu onunçün xəcalət çəkirdi ki, dilənçi deyildi və yol ağzında əyləşib gözünü xalqın əlinə dikən deyildi. Bunu bu işə vadar edən varıydı.

    Bunu bu işə vadar edən həm aclıq və həm naxoşluq idi ki, daha işləyəməyirdi.

    Bu kim imiş?

    Bu, həman bizim zavallı Məşədi Zaman idi ki, oğlunu evləndirib xoşbəxt edəndən sonra özü bədbəxt olub dilənçilik ediyordu. Və yayın istisi bunu naxoş edib işləməyinə mane olmuşdu və burada da bu fikirlə əyləşmişdi ki, hər növlə olmuş olsa, bir gəmi kirayəsi düzəldib əziz vətəninə gedə. Hərçənd bir neçə dəfə oğluna müraciət etmişdisə də, oğlu Kərim əvvəllərdə buna cavab edib axırda döyüb yola salmış imiş. Buna görə fəqir Məşədi Zaman yol ağzında dilənçilik ediyordu.

    ***

    MƏSCİD HƏYƏTİNDƏ

    Gecə zamanı idi. Ayın qaranlıq günləri idi. Ulduzların cümləsi çıxıb səfhəi-asimanı bir məclisi-nəşatə döndərmişdi. Sabitələr dayanıb səyyarələr silsiləcünbanlıq ediyor idilər. (Cədi) vəsəti-asimanda sədri-məclis olmuşdu, (Zöhrə) rəqsini tamam edib məclisdən getmişdi, (Pərvin) baş-başa çatıb ittifaq yapmışdı.

    (Nəbatün-nəş) ixtilaf edib hərəsi bir tərəfə dağılışdı. (Mərix) sərxpuşi-məclisə təzə qədəmi-nəhadə olmuşdu. Bağlarda, ağacların budaqlarında quşlar öz balalarını qanadlarının altına çəkib yatmışdılar. Quzular çöllərdə, analarının yanlarında uyquya getmişdilər. Çobanlar kürklərini başlarının altına qoyub xabi-nazə məşğul idilər. Köpəklər başlarını əllərinin üzərinə qoyub gözlərini yummuşdular. Dəryadakı balıqlari-cümləsi asudə, kimisi suyun üzərində, kimisi altında dayanmışdılar. Çöllərdə dovşanlar səyyadların qorxusunu müvəqqəti olaraq ürəklərindən çıxarıb kolların altında dinc və fərağət olmuşdular. Dənizlərin suyu dayanıb dalğalanmayırdı. Havada ehtizaz yox idi. Ağacların yarpağı yekdigərinə dəyməyirdi. Göydən yavaş-yavaş şəbnəm gəliyordu. Guya bütün dünya bir fəramuşxanaya dönüb cəmi məxluqat ələmi-sükutə dalmışdı. Fəqət tək bir məscidin mədrəsəsindən bir nəfərin zarıntısı gəliyordu.

    Əcəba, bu elə bir vəqtdə o zarıllayan kim imiş? Və nə üçün zarıllayor imiş?

    Bu, bizim zavallı Məşədi Zaman idi ki, kəsrəti-zəf və pirbunu bu hala gətirmişdi. Bir tərəfdən aclıq, digər tərəfdən qərib olub pəristarsız olmaq və bunlar ilə bərabər mövt ilə pəncələşib özünün məğlubiyyətini müşahidə etməglənin bunu zarılladıyordu. Demək olar, mövcudatın böylə bir ələmi-sükutə dalması bu zavallının halına giryan olmalarını göstəriyordu və ku gün gələn şəbnəmdə əşki-çeşmi mövcudat imiş.

    DALĞALAR ARASINDA

    Yay qurtarıb, payız çoxdan daxil olmuşdu. Göyün üzünü qara buludlar əhatə etmişdi. Bir tərəfdən bərk külək əsiyordu. Ağacların budaqları yekdigərinə dəyiyordu. Quşlar cərəyani-havaya tab gətirə bilməyib bir-birlərindən pərakəndə olmuşdular. Dənizin suyu dağ kibi dalğalanıb sahili-dəryaya tərəf yekdigərini təqib edərək gediyor idilər. Balıqlar özlərini qayaların dibinə verib daldalanmışdılar.

    Dənizin ortasında dağ kibi dalğaların arasında yelkəni cırılmış və divarı sınmış bir gəmiyi görmək olardı ki, içindəki sərnişinlər dərgahi-İlahiyə əl götürübözlərinin bu vərtədən xilas olmalarını istirham ediyordular. Kimi də ki tayfalar gəmiyə dolan suyu kamali-təhallüklə təmizləməyə çalışıyordılar ki, bəlkə özlərini girdabi-bəladan xilas edələr.

    Görəsən bu nələrin bu qisim çalışmaları özlərinə bir rahi-nicat veri?

    Xeyr, vermədi. Çünki bu nələrin məyanında bir ələm vardı ki, bədbəxtlik əsəri olaraq bu təsadüfə düçar olmuş imiş. O da məscid həyətində tərki-həyat edən bizim Məşədi Zamanın oğlu Kərim idi. Atasının vəfatından sonra özünün naxələfliyindən əlindəki sərmayəyi tələf edib, kəsrəti-fəqr və zərurət bunu İrana səfər etməyə məcbur edir ki, orada olan atasının malını və əmlakını satıb təkrar övrətinə mülhəq ola. Amma yolda atasının naləsi və Allahın bəlası bunu tutub həlakətində ciddü cəhd ediyordu.

    ***

    LƏPƏ DÖYƏNDƏ

    Səhər zamanı idi. Gecə yatan gözlər uyqudan ayılmışdılar. Hər kəs öz kəsbinin dalınca gediyordu. Odun qıranlar baltalarını çəkənlərinə alıb meşəyə gediyor idilər. Quşlar yuvalarını tərk edib ruzi dalısınca uçurdular. Bağbanlar bağlardan meyvəcat dərib heyvanata yükləyərək satmaq üçün şəhərlərə və qəryələrə aparıyordular. Uşaqlar dəstə-dəstə kitablarını qoltuqlarına alıb məktəbə tərəf gediyordular. Havanın küləyi dayanıb yavaş-yavaş ehtizazi-havadan əmələ gələn (nəsimi-səba) gəliyordu. Havanın üzündə olan qarabuludlardan əsər qalmayıb, fəqət ətrafi-üfüqdə atılmış pambıq kibi ağ buludlar görmək oluyordu. Dənizin dağ kibi ləpələri dayanıb, ancaq ləpədə gündə yavaş-yavaş suyun tərpənməyini görmək oluyordu. Bu suyun kənarında bir nəfər üryan meyid düşmüşdü ki, baş tərəfi qumun və torpağın üstə qalaçalar düzəldən suyun içində idi. Ləpələrin yekdigərinə çarpışması bu məfruqun bəzmi-əzasının dərisini aparmışdı.

    Bu, Məşədi Zamanın oğlu Kərim idi ki, girdabdan xilas olamayıb Allahın bəlası ilə tərki-həyat etmiş idi. Çünki valideyn üzünə ağ olmaq bundan artıq nəticə verməz və böyləcə olmalıdır!

    SON

  • “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin Baş redaktoru cənab Teymur ƏHMƏDOV dünyasını dəyişib

    16 mart 2021-ci il tarixində tanınmış tədqiqatçı alim, yazıçı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, akademik, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru cənab Teymur Əhmədov 90 yaşında dünyasını dəyişib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Rafiq ODAY.”Keçir”

    Keçir

    Öz günümə ağlamıram,
    Günüm ağlamaqdan keçib.
    Ağlamağın faydası nə?
    Gülüm, ağlamaqdan keçib.

    Qısıl yaşa tək içində,
    Öz dərdini çək içində.
    Ömrümüz ələk içində,
    Qəddimiz yumaqdan keçir.

    Tərk olduq təkə dönüncə,
    Biz ürkə-ürkə dönüncə,
    Çuxamız kürkə dönüncə,
    Bəlkə yüz yamaqdan keçib.

    Bu həyat bir qəm sandığı,
    Kim açsın, de, kim, sandığı?
    Ac balığın yem sandığı
    Ölümü qarmaqdan keçir.

    Haqqın uvandı, tərsi bir,
    Haqq oğlu haqqa nə Sibir?!
    Dolanmaq başın nəsibi,
    Dolamaq, barmaqdan keçir.

    Tanısa qəmlər yaxanı,
    Kim tikər qəmlər yıxanı?
    Naz ilə qəmlər yaxanın
    Sevgisi bu baxtdan keçir.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Yalın arzular”

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    YALIN ARZULAR

    Arzularım yalın qalıb,
    Ağlım olubdu piyada.
    Qəlbimin əmrindən çıxa,
    Duyğular məni oyada.

    Bəzən sığal çəkib dərdə,
    Son ümidə göz tikirəm.
    Sökülürəm ilmə-ilmə,
    Şeir üçün söz tikirəm.

    Birdən enir köksüm üstə,
    Hardasa etdiyim günah.
    Ömrümü udur ahəstə,
    Günahımdan doğan sabah.

    Bəyaz heyrətimi didir,
    Bəzən şübhə, bəzən küsü.
    Məni məndən alıb gedir,
    Bir eşqin yanar tüstüsü.

    Vüsalımın yolu quzey,
    Xəyalıma çən gətirir.
    Taleyimin yolu giley,
    Saçlarıma dən gətirir.

    Dünya gerçək, dünya yalan,
    Gümanlar şübhə oyadır.
    Dərdlərimdi mənə qalan,
    Deyən “Durnalar qayıdır”..

    Ümidlərim çılpaq, yalın,
    Yollarına qırov düşüb.
    Arzularım gedən yolun,
    Dünyasına alov düşüb..

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Şeirimin bahar gözü,
    Yaşla dolub, kövrəlibdi.
    Yaz nəfəsli ürəyimdə
    Qış yenidən dirçəlibdi.

    Hər sözümün bənövşəsi,
    Qara xallı laləsi var.
    Vətən deyən dillərimin
    Göyə qalxan naləsi var.

    Misra-misra qocalıram,
    Kəlmə-kəlmə can verirəm.
    Şeir-şeir ucalıram,
    Vətən boyda qan verirəm.

    Sözlərimin soyqrımı,
    Dillərimdən asılıbdı.
    Qələm tutan əllərimi
    Gör kimlər daşa basıbdı.

  • Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti – Şəfa Vəlinin essesi

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o, adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda boy verirdi.

    Bir gün adı “layla”ydı, səhərisi “oxşama”… Əkin tarlalarında “holavar”dı, yaylaqlarda “sayaçı sözləri”… Toyda “mahnı” olurdu, vayda “ağı”ya dönürdü. Hə, ədəbiyyat insan düşüncəsinin həyata nisbətində buqələmundu. İndi də elədi… Artıq adı olsa da, yenə buqələmunluğuna sadiqdir. Axı, həyata adaptasiya olmağa məhkumdur.

    İnsanlara heç vaxt qara fondakı ağ nöqtə maraqlı olmayıb çünki. Bunun xüsusilik olduğunun fərqində olublar. Amma bu xüsusiliyi ya lənətləyiblər, ya da ondan qorxublar. Yalnız bəzi adamlar bu ağ nöqtəni anladan sözlər söylədikdən sonra yavaş-yavaş maraqlanmağa başlayıblar ki, “bu ağ nöqtə, görəsən, əslində nədir?”  Elə bu sualla da o bəzi adamların arxasına düşüblər, başına toplaşıblar. Həmin adamların bəzisinin söylədikləri xoşlarına gəlib; başına sığal çəkib, adına hörmət ediblər. Bəzisinin söylədiklərisə xoşlarına gəlməyib; onu birliklərindən qovub, çöllərə salıblar, adını “dərviş” qoyublar, ya da daş-qalaq eləyib, insanın zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtirasdan həzz alıblar.

    Xoşlarına gələn söylənənlər ağ nöqtəyə “ağ nöqtə” deməyib. Axı, ağ nöqtə olduğunu hamı onsuz da görürdü. Bəzi adamlar ağ nöqtəni “işıqlı gələcəyin müjdəçisi”, “zülmət saçlı gecənin qoynundakı sevgi ulduzu” kimi sözlərlə elə ahəngdarcasına anladırdılar ki… İnsanlar yavaş-yavaş beyinlərinin içində hansısa xoş, ülvi duyğunun tərpəndiyini, oyandığını hiss edirdilər. Bu, onlara xoş gəlirdi… Elə həmin xoşluqla da bəzi adamların söylədiklərinə həvəslə, maraqla qulaq asırdılar.

    Beləcə, ədəbiyyat terminoloji ünvanına doğru yol başlayırdı… Və bu yol minilliklər boyunca uzanırdı. İndi də uzanır…

    İkinci minilliyi tamamlamışıq, ədəbiyyatı öz adıyla tanıyırıq, sevib-sevməmək də əlimizdədir. Bizimlə birgə doğulan ədəbiyyata valideynlərimizin canının-qanının qarışdığını dərk edirik. Artıq ağ nöqtənin elmi, bədii, fəlsəfi,  sosial, ictimai, informativ, primitiv, estetik, etik və sair və ilaxır  aspektdən izahını verməyə qadirik.  Lakin zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtiras hələ bizim genlərimizdə özünü axtarışdadır. Elə buna görə də qəfildən, üçüncü minilliyin başlanğıcında ədəbiyyatda “zorlama” prosesi “bumm” elədi.

    Bu proses ədəbiyyata ad qoyulduğu gündən başlamışdı. Nə vaxt ki, ədəbiyyat elm kimi qəbul edildi, öyrədilməyə, öyrənilməyə başladı, ədəbiyyatın özülünü idrakında, ruhunda yaradan o bəzi adamlar anlamalıydı növbəti döngədə nələr olacağını…

    Demək, onlar anlamamışdılar. Yaxud anlamaq istəməmişdilər. Məsuliyyəti öz üzərlərinə götürmək istəməmişdilər. Ədəbiyyatın faciəvi aqibətini növbəti zaman döngəsinə – övladlarına ötürmüşdülər. Təbii, burda “özünüqoruma instinkti”ni müdafiə etmək labüddür. Lakin ədəbiyyatı çərçivələrə salıb, qanun-qaydalara bölüb, terminologiyanın məngənəsində sıxanlar “təbii” sözünü çoxdan quylamışdılar.

    Həmin quyunun kənarında da bir ağac vardı, bir də onun köklərini gəmirən iki siçan. Eynilə “Kəlilə və Dimnə”də anladılan kimi. O siçanlar ağacın kökünü gəmirdikcə, arı yuvasından süzülən baldan barmaq-barmaq dadmaq “həyat eşqi” adlanırdı.

    “Zorlama prosesi” ağ nöqtə haqqında bütün deyilmişləri inkarla təzahür etdi ilk dəfə. Çünki daha ağ nöqtə haqqında deyilməmiş xoş söz yoxuydu. İndi də başlandı, bəd sözlərin dilə gətirilməyinə. Bu da ədəbiyyatı çirkinləşdirməkdən başqa heç nəyə yaramadı. Beləcə, zövqsüzlük yarandı…

    Prosesin ikinci mərhələsi bir addım öndəkini aşağılamaqla davam etdi. Bir vaxtlar ağ nöqtə haqqında ən xoşagəlimli sözləri söyləmiş bəzi adamların nəvələri babalarının adının əvvəlində çirkin sözlər yazmaqdan çəkinmədilər. Bu, onların öz-özlərinə qarşı etdiyi mərhəmətsizlikdi…

    Üçüncü mərhələdə ədəbiyyat termininə sığınan kəlmələrin əksəriyyəti insan hisslərinin adını dəyişdirməyə meylləndi. Bir vaxtlar insanların beynində oyanan xoş duyğulardan birinin adı “sevgi” idi… İndi ölüb-öldürməyin, asıb-kəsməyin, sevgidən məhrum olan hər şeyin adına “sevgi” deyilirdi. Bu da sevgisizliyin özüydü…

    Atalara sadiqliyin yeganə əlaməti onların hər şeyi “üçdən deməsi”nin  lazımi məqamda “qızıl qayda” olmasıdı. Və üçüncü mərhələdə hər şey yenidən ilkə – birinci mərhələyə qayıtdı. Bu dövrilik üçüncü minilliyə başlayan insanın şüurundan yaşamına hopdu…

    Bu gün mən də yazıram… O da, o birisi də yazır… Yazılanları gün-gün, an-an müqayisə etdikcə zövqsüzlüyün, mərhəmətsizliyin, sevgisizliyin bir-birinə olan ədasından başqa heç nəyi tapa bilmirik. Ümumiyyətlə, heç axtarmırıq da…

    Əgər ağ nöqtə haqqında deyilən bütün “sizlik”lər bu günün insanının xoşuna gəlirsə, demək, yeni ictimai formasiyanın astanasındayıq. Demək, ədəbiyyatdakı ədəbsizliyimizlə zombiləri yaratmağa nail oluruq… Hətta, nail olmuşuq…

    Gəncə, 21 mart 2018

  • Şəfa VƏLİYEVA.”Kim dedi ki, dözürəm?!”


    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Kim dedi ki, dözürəm?!
    hər günüm tək səbirdi…
    sevdam üzü göylərə
    hönkürdüyüm təkbirdi…
    dön…
    bu ayrılıq deyil…
    baş qatmaqdı, dərvişim…
    gülüşüm nazlıq deyil,
    utanmaqdı hər işim…
    onda nənəm pıçıldadı:
    “vay, yazısı qara gəlmiş”,..
    ağrılarım puçurladı:
    -sevdam, qadan yara gəlmiş!
    ya da dönmə…söylə ordan:
    -Olmur eşqdən ölmək! Yox!
    dönmə… axı uzaqlardan
    sevmək olur,
    sevilmək yox…
    Şəfa Vəli
    (2018)

  • “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi işıq üzü görüb

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi nəşr edilib. İnstitut Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli 4 saylı iclas protokolunun qərarı ilə nəşr olunan üçüncü cild “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” bölməsini əhatə edir. 1092 səhifəlik kitabın baş redaksiya şurasına Ramiz Mehdiyev (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli, Ataəmi Mirzəyev, Fəridə Əzizova daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), Ataəmi Mirzəyev (məsul redaktor), Nüşabə Araslı, Fəridə Əzizova, İmamverdi Həmidov, Zəkulla Bayramlı (məsul redaktorun müavini), Çingiz Sadıqoğlu, Bəsirə Əzizəliyevadan (məsul katib) ibarətdir.

    “Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Orta əsrlər Azərbaycan ədəbiyyatı: anadilli ədəbiyyat epoxası” və Azadə Rüstəmovanın “Orta əsrlər Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi və inkişaf mərhələləri” adlı irihəcmli tədqiqatları ilə başlayır.

    Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının üçüncü – “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” cildində anadilli bədii yaradıcılığın ilk nümunələrinin araşdırılması zamanı bu ədəbiyyatın həm ümumtrük qaynaqları, həm də Yaxın və Orta Şərq ədəbiyyatı ənənələri nəzərə alınıb. Orta əsrlər türk dilli və fars dilli Azərbaycan şairlərinin yaradıcılığı hərtərəfli tədqiq edilməklə bərabər, Məhəmməd Füzulinin təkraredilməz sənət incilərinin çağdaş ədəbiyyatşünaslıq elminin nailiyyətləri səviyyəsində interpretasiyasına xüsusi önəm verilib.

    Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Ataəmi Mirzəyev, Azadə Rüstəmova, Möhsün Nağısoylu, Nüşabə Araslı, Fəridə Əzizova, Teymur Kərimli, Zəkulla Bayramlı Çingiz Sadıqoğlu, Qədim Qubadov, Firudin Qurbansoy, Vəcihə Feyzullayeva, Səltənət Əliyeva, Rəhim Əliyev, Səadət Şıxıyeva, Əbülfəz Kərimov, Könül Hacıyeva, Tahir Məhərrəmov, Azadə Musabəyli, Zəhra Allahverdiyeva, Gülçin Babayeva, Paşa Kərimov, Məhərrəm Qasımlı kimi alimlərin tədqiqatları yer alıb.

    Kitabın birinci fəsli “XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı”, ikinci fəsli “XV əsr Azərbaycan ədəbiyyatı”, üçüncü fəsli “XVI əsr Azərbaycan ədəbiyyatı”nı əhatə edir. Azərbaycan, türk, rus, ərəb, fars, özbək, türkmən, tatar, ingilis və digər Avropa dillərində 869 sayında ədəbiyyat siyahısını Səadət Şıxıyeva, Səltənət Əliyeva, Fatimə Kərimova və Fidan Hacıyeva sistemləşdirib. Kitabda eyni zamanda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.

    Gülnar Səma                          

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Görkəmli ədəbiyyatşünas-alim, şair Vüqar Əhmədlə görüş

            13 mart 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayonu Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədlə zoom proqramı vasitəsilə onlayn görüş keçirilib. Görüşü giriş sözü ilə Ağdam rayon Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənov açaraq hörmətli qonağı tədbir iştirakçılarına təqdim edib. Azərbaycan ədəbiyyatında Vüqar Əhməd yaradıcılığının rolu və əhəmiyyəti haqqında danışıb. Sonra sözü Ağdam rayon Zəngişalı kənd Mədəniyyət Evinin direktoru Fikrət Əliyevə verib. Fikrət müəllim Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Bundan sonra çıxış edən Fikrət müəllim bildirib ki, “çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Vüqar Əhmədlə görüş Ağdam rayonunun mədəniyyət işçiləri üçün gözəl hədiyyə oldu. Vüqar Əhməd elmi, şeiri, musiqini bir arada birləşdirməyi bacaran görkəmli şəxsiyyətdir. Üç istiqamətdə fəaliyyət göstərərək, böyük uğurlar qazanmaq hər adamın işi deyil. Çox xoşdur ki, dəyərli şairimiz, ədəbiyyatşünas Vüqar Əhməd bizim müasirimizdir və bizimlə canlı ünsiyyətdədir. Biz ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.Yeni görüşlər arzusu ilə!” Çıxışdan sonra Fikrət müəllim şair, ədəbiyyatşünas Vüqar Əhmədə sual ünvanlayıb. Xalqımızın yeni qəhrəmanlıq səhifəsinin ədəbiyyatımızda işıqlandırılması ilə bağlı verilən bu suala şair çox dolğun cavab verib.

    Tədbirin aparıcısı Zaur Həsənov sözü şair Vəliyəddin Adil Ağdamlıya verib. Adil müəllim görkəmli qonağı salamlayaraq,onun elmi, bədii yaradıcılığının əhəmiyyətindən, dünya miqyasında xalqımızı layiqincə tanıtmasından söz açıb. Şairə ünvanladığı sualını  Azərbaycan ədəbiyyatının gələcək inkişafını davam etdirən kadrların hazırlanması ilə bağlayıb. Çıxış üçün söz alan filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi Fəridə Hicran bu görüşdən qürur duyduğunu vurğulayıb. Şair İlqar Boranoğlu şair, professor Vüqar Əhmədlə görüşün çox maraqlı olduğunu, ona yaradıcılığında daim uğurlar arzuladığını bildirib. Sualı isə ondan ibarət olub ki, Vüqar Əhməd gənc yazarlara və oxuculara hansı məsləhətləri verərdi? Görüşün iştirakçılarından növbəti söz alan Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Hacı Nizami olub.O da öz növbəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi müasirimiz Vüqar Əhmədə yaradıcılıq uğurları arzulayıb, görüşdən məmnun qaldığını bildirib.

    Tədbirdə şair, ədəbiyyatşünas Vüqar Əhməd sualları cavablandırdıqdan sonra şeirlərindən seçmələr təqdim edib və görüş iştirakçilarina özünün zəngin yaradıcılığından, elm sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb.Vətən müharibəsi bitdikdən, Qarabağımız azad olunduqdan sonra məhz Qarabağ bölgəsində mədəniyyət işçiləri ilə belə görüşdən razı qaldığını bildirib. Görüşün sonunda Zaur Həsənov vaxt ayırıb Ağcabədi və Ağdam mədəniyyət işçiləri ilə görüşdüyünə görə şair, ədəbiyyatşünas Vüqar Əhmədə xüsusi təşəkkürünü bildirib.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Azərbaycan”

    Od ürəkli, od nəfəsli diyarımsan
    Ocağına canım qurban, Azərbaycan!
    Əzilsən də, əyilməyən vüqarımsan
    Bu çağına canım qurban, Azərbayca !

    Savaşlardan alnıaçıq çıxan zaman
    Tarixlərə bağışladın neçə qurban.
    Hər qonşuda bir parçası əsir qalan
    Torpağına canım qurban, Azərbaycan!

    Neçə gizli sərvət yatır qucağında,
    Neçə ölkə od aparır ocağından.
    Azadlığın al rəmzi var bayrağında
    Bayrağına canım qurban, Azərbaycan!

    Hər uğurun gələcəyə bir yol açır,
    Hər dost elə xoş niyyətin işıq saçır.
    Hər millətə , hər məzhəbə isti, açıq
    Qucağına canım qurban, Azərbaycan!

    Başım üstdə məğrur-məğrur dalğalanan
    Bayrağına canım qurban, Azərbaycan!
    Ruhuma büt , cismim üçün vətən olan
    Torpağına canım qurban, Azərbaycan!

  • Xalq şairi Zəlimxan YAQUB.”Dünya”

    Vaxtında uzadıb kömək əlini,
    Vermədin mənimlə əl-ələ, dünya!
    Nəyimə gərəkdi vaxtı keçəndə,
    Göydən qızıl yağdır, ləl ələ, dünya!

    Acı yel üstümdən əsdikcə əsdi,
    Yağan qar yolumu bağladı, kəsdi.
    Gəl, məni bu qədər yandırma, bəsdi,
    Mən ki nə Kərəməm, nə Lələ, dünya!

    Yolsuz yoxuşlarda yordum dizləri,
    Ahımla qurutdum göy dənizləri.
    Qaldı kürəyimdə kəndir izləri,
    Dərdi dərd üstündən şələlə, dünya!

    Aşılmaz dağları mən necə aşım,
    Zəlimxan, fikirdən çatılıb qaşım.
    O sənin daşındı, bu mənim başım,
    Nə qədər istəsən, gəl, ələ, dünya!

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətəndaş”

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – bir Vətənin övladıyıq biz.
    Anamız eynidir, qardaşıq demək,
    Mən sənə arxayam, sən mənə kömək.

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – iki canda bir ürəyik biz.
    Gücsüzük, bir heçik sən də, mən də tək,
    Vətənə güvənib olduq Vətəndaş.
    Mənim ürəyimi qanatsın gərək,
    Sənin dırnağına dəyən çırtma daş.

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – bir iqlimdə böyümüşük biz.
    Səni də, məni də böyüdən Vətən,
    Sənə də anadır, mənə də ana.
    Sən də cavabdehsən, mən də hər zaman
    Vahid anamızın xoşbaxtlığına.

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Yəni – bir qaynaqdan su içmişik biz.
    O su qəlbimizdə coşdu, qaynadı,
    Eyni bir ad ilə tanıtdı bizi.
    Vətənin ünvanı, Vətənin adı
    Bizə xatırlatdı vəzifəmizi!

    Vətəndaş! Nə gözəl səslənir bu söz,
    Vətən əbədidir, gedəriyik biz.
    İnsan qüvvətlidir öz vətənində.
    Bilirik, dünyaya biz niyə gəldik.
    O, bizi yaradan, biz ona bəndə,
    Yaradan uğrunda ölməyə gəldik.

  • Xalq şairi Xəlil Rza ULUTÜRK.”Qaytar mənim qüdrətimi, AZƏRBAYCAN!”


    (ixtisarla)Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş.
    Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş.
    Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.
    Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.
    Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.
    Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!

    Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan.
    Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.
    Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan.
    Boğazından yapışanı boğmalısan, boğacaqsan.
    Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan.
    Öz bətnindən doğacaqsan İstiqlalı, Azadlığı.
    Qüdrətim ol, ey ümidim, ey qəhrəman Od torpağı!

    Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək.
    Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək.
    Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.
    Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək.
    Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək.
    Gözlərimin çeşməsilə suvarıram o növrağı,
    Növrağımsan, bayrağımsan, Odər yurdu, Od torpağı!

  • Xalq şairi Məmməd ARAZ.”Azərbaycan–dünyam mənim”

    Azərbaycan – qayalarda bitən bir çiçək,
    Azərbaycan – çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı vəsf eləyərək,
    Azərbaycan dünyasından baxar dünyaya.

    Azərbaycan – mayası nur, qayəsi nur ki…
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” – deyiləndə ayağa dur ki,
    Füzulinin ürəyinə toxuna bilər.

     Oğulları Kür gəzdirər biləklərində,
    Oğulların göz atəşi gözəl əridir.
    Azərbaycan səhərinin bəbəklərində
    Qütb ulduzu, dan ulduzu gözəlləridir.

     İllər olub – kürrələrdə dəmir olmuşuq,
    Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
    Od gölündə, buz çölündə gəmi olmuşuq,
    Biz Bakının ilk səadət carçılarıyıq.

     Min illərlə zülmətlərə yollar açıqdı,
    Dalğalandı Sabirlərin ümman dünyası,
    Azərbaycan qatarı da yollara çıxdı
    Dağılanda Qoca Şərqin duman dünyası.

     Azərbaycan – mayası nur, qayəsi nur ki…
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” deyiləndə ayağa dur ki,
    Ana yurdun ürəyinə toxuna bilər.

    1970.

  • Xalq şairi QABİL.”Mərsiyə (20 yanvar şəhidlərinə)”

    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
    Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
    Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
    Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,
    Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
    Gözü qanımla xumar düşmənimin məstinə bax,
    Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
    Ölmədi! Şanlı şəhid oldu necə yüzlərimiz
    Bu saat Kərbü bəla düzləridir düzlərimiz,
    Necə qan ağlamasın üzlərimiz-gözlərimiz,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Kim görüb böylə mərasim ola milyonlar ilə,
    Bakı insan axınıyla dola miiyoniar ilə,
    Salına şanlı şəhidlər yola milyonlar ilə,
    Analarla bacılar saç yola miiyonlar ilə,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Qəbrin üstündə də heç kukla olar çanta ilə,
    Ağ gəlinlik fatası… qırmızı al lenta ilə.
    Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
    Açınız tarixi, həm indi elə, onda elə…
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Düşdü dildən-dilə bu qətl, bu matemgahımız,
    Çatdı hər ölkəyə bu şəhri-bəyani ahımız,
    Gördü aləm ki, aman… cəlladımızmış şahımız,
    Yoxsa da bir şeyimiz, vardı fəqət allahımız,
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Hər qızıl güllü məzar – sinəmizin dağı, məzar!
    Əyilir üstünə göy qübbəsinin tağı, məzar.
    Hər məzar qanlı beşik – laylayı ağı, məzar!
    Dayanıb tam alacaq bizdən hələ yağı, məzar!
    Gecəni atəş ilə qırmızı dan eylədilər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
    Qan haçan yerdə qaiıb, təzələ öz yaddaşını!
    Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
    Görməyib ancaq hələ böylə cinayət işini…
    Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
    Gecəni atəş ilə qırmızı dan eylədiiər,
    Xalqımı-millətimi gülləbaran eylədilər.

    Yanvar, 1990.

  • Xalq şairi Nəbi XƏZRİ.”Dərələr”

    DƏRƏLƏR

    Çinarlar qatar-qatar,
    Qalxıb zirvəyə çatar
    Dağa qısılıb yatar
    Mışıl-mışıl dəгələг,
    Yaşıl-yaşıl dəгələг

    Sizlərə vurğunam mən,
    Bəzəyiniz şəfəqdən
    Günəş çıxar üfüqdən
    Ovuc-ovuc zər ələr,
    Dərələr, ay dəгələг

    Sevdiyiniz ağaclar
    Küknarmıdır, şammıdır?!
    Sizdən qalxan dumanlar
    Dağlara salammıdır?

    Quş kimi üstünüzdən
    Qanad çalım, dərələr!
    Şamlıqda bir axşamlıq
    Qonaq qalım, dərələr!

    Əgər ki, yıxılsam çinar göstərin,
    Mən ona söykənib arana baxım.
    Gözlərim görməsə Göygölü verin,
    Mən onun gözüylə cahana baxım.

    Hər yerdə, həmişə
    Sənsən gümanım,
    Canım-gözüm mənim,
    Azərbaycanım!

    Sən günəş, mən isə bir zərrə kimi
    Diriykən oğlunam,Ölsəm torpağın.
    Sən ki, döyündürdün mənim qəlbimi,
    Sən uca çinarsan, mənsə yarpağın.

    Mənəm sənin özün,
    Ey eşqim, canım,
    Sənsən özüm mənim,
    Azərbaycanım!

    Sizlərdən yollar keçər,
    Siz yaxşı ki, varsınız,
    dəгələг, ay dəгələг
    Zirvələrə açılan
    Geniş qapılarsınız,
    dəгələг, ay dəгələг

    QEYD: Bu şeirə görkəmli bəstəkarımız Emin Sabitoğlu (1937-2000) mahnı bəstələmişdir.

  • Xalq şairi Cabir NOVRUZ.”Mənim ölməz şeirlərim”

    This image has an empty alt attribute; its file name is xscn-300x300.jpg

    Xoş gəlmisiz bu dünyaya, balalarım,
    Sevinclərim, əzablarım, bəlalarım.
    Siz gəldiniz, bilirsiniz neylədiniz?
    Oğul idim, məni ata eylədiniz.
    Qəşənglərim, kifirlərim, keçəllərim,
    Fərman verib
    Anama da nənə adı
    bəxş eyləyən dəcəllərim.
    Aşıb-daşdı evimizdə gülüşünüz,
    Bilirsizmi nələr etdi gəlişiniz?
    Gəlişiniz qələm çəkdi dincliyimə,
    Gəlişiniz nöqtə qoydu gəncliyimə.
    Siz gəldiniz, öz-özümü unutdum mən,
    Siz gəldiniz, “mən” sözünü unutdum mən.
    Hara getsəm indi sizi düşünürəm,
    Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
    Hara getsəm sizin üçün dən yığıram,
    Nə dən yığsam üçünüzə tən yığıram.
    Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu
    Mirzənin,
    Bircə kərə demirəm ki, bu da mənim.
    Anam deyir: -Heç özünə baxmayırsan, oğul,
    tamam,
    Vallah, sənə özüm paltar alasıyam.
    Nə eləsin axı anam,
    Onlar mənim balamdırsa,
    Mən də onun balasıyam.
    Çiçəksiniz, həyatımla bitirmişəm,
    Bu dünyaya mən üç insan gətirmişəm,
    Milyonların qabağında cavabdehəm
    onlar üçün,
    İstəyirəm şer deyəm onlar üçün.
    Oxusunlar ağılları kəsən zaman,
    Öz oğlundan, öz qızından küsən zaman.
    Salam mənim Mirzələrim, Vüqarlarım,
    Müşfiqlərim,
    Evimizin çıraqları – işıqlarım.
    Siz ölməzlik abidəsi,
    Əsrlərə gedib çatan ata səsi.
    Sizin üçün gündüz əsib, gecə əsib,
    Soyuqları, istiləri dilim ilə yalamışam.
    Sözlərimin mən boyundan min yol kəsib,
    Sizin xırda boyunuza calamışam.
    Arzularım, əməllərim,
    Mənə oxşar diri sözlü, diri gözlü
    heykəllərim.
    Yuxunuzdan duran zaman gecələri
    İtirirəm sətirləri, hecaları,
    dil-dil ötən ilhamım da dildən düşür,
    Qoca nənə, cavan ana əldən düşür.
    Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
    asam,
    Kiçik Müşfiq istəmir ki, şer yazam,
    Kim deyim bu dərdimi,
    Böyük Müşfiq sağ olsaydı bu halıma
    dözərdimi?!
    Sizin üçün qənd alaram, bal alaram,
    Min arzumu, istəyimi qanadaram.
    Sizi, əziz balalarım,
    Sətir-sətir böyüdürəm,
    Misra-misra yaradıram.
    Sevinclərim, əzablarım,
    Yüz-yüz susan, yazılmayan şerlərə
    cavablarım.
    Vaxt olub ki, dediyimdən dönməmişəm –
    sizin üçün!
    Vaxt olub ki, vəzifəli bir alçağın
    Qabağında dinməmişəm sizin üçün!
    Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
    Bu dünyaya verib sizi,
    Sonra sakit,
    Sonra rahat, bu dünyadan gedəcəyəm.
    Belə ömür mənə xoşdur.
    Öz səhvini görməyənlər,
    Heç nə yaza bilməyənlər
    Məndən sonra desələr ki, az yazmışdır,
    Onda çıxın ortalığa,
    Ömrüm boyu yaratdığım şerlərim –
    işıqlarım.
    Onda çıxın ortalığa,
    Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!

    1965

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” poemasınnın I hissəsi

    Heydər Baba, ildırımlar şaxanda,
    Sellər, sular şaqqıldayıb axanda,
    Qızlar ona səf bağlayıb baxanda,
    Salam olsun şövkətizə, elizə,
    Mənim də bir adım gəlsin dilizə.

    Heydər Baba, kəkliklərin uçanda,
    Göl dibindən dovşan qalxıb qaçanda,
    Bağçaların çiçəklənib açanda,
    Bizdən də bir mümkün olsa, yad elə,
    Açılmayan ürəkləri şad elə.

    Bayram yeli çardaqları yıxanda,
    Novruzgülü, qarçiçəyi çıxanda,
    Ağ buludlar köynəklərin sıxanda,
    Bizdən də bir yad eləyən sağ olsun,
    Dərdlərimiz qoy dikəlsin dağ olsun.

    Məmmədhüseyn Şəhriyar
    Heydər Baba, gün dalını dağlasın,
    Üzün gülsün, bulaqların ağlasın,
    Uşaqlarun bir dəstə gül bağlasın,
    Yel gələndə ver gətirsin bu yana,
    Bəlkə mənim yatmış bəxtim oyana.

    Heydər Baba, sənin yüzün ağ olsun,
    Dörd bir yanın bulaq olsun, bağ olsun,
    Bizdən sonra sənin başın sağ olsun,
    Dünya qəzov-qədər, ölüm-itimdir,
    Dünya boyu oğulsuzdur, yetimdir.

    Heydər Baba, yolum səndən kəc oldu,
    Ömrüm keçdi, gələmmədim, gec oldu,
    Heç bilmədim gözəllərin necoldu,
    Bilmez idim döngələr var, dönüm var,
    Itginlik var, ayrılık var, ölüm var.

    Heydər Baba, igid əmək itirməz,
    Ömür keçər, əfsus bərə bitirməz,
    Namərd olan ömrü başa yetirməz,
    Biz də vallah, unutmarıq sizləri,
    Görəmməsək, halal edin bizləri.

    Heydər Baba, Mirəjdər səslənəndə,
    Kənd içinə səsdən-küydən düşəndə,
    Aşıq Rüstəm sazın dilləndirəndə,
    Yadındadır, nə hövləsək qaçardım?
    Quşlar təkin qanad çalıb uçardım.

    Şəngilava yurdu, aşıq alması,
    Gahdan gedib orda qonaq qalması,
    Daş atması, alma-heyva salması,
    Qalıb şirin yuxu kimin yadımda,
    Əsər qoyub ruhumda, hər zadımda.

    Heydər Baba, Quru gölün qazları,
    Gədiklərin sazaq çalan sazları,
    Kənd-kövşənin payızları, yazları,
    Bir sinema pərdəsidir gözümdə,
    Tək oturub, seyr edərəm özüm də.

    Heydər Baba, Qaraçəmən cadası,
    Çovuşların gələr səsi, sədası,
    Kərbəlaya gedənlərin qadası,
    Düşsün bu ac yolsuzların gözünə,
    Təməddünün uyduq yalan sözünə.

    Heydər Baba, şeytan bizi azdırıb,
    Məhəbbəti ürəklərdən qazdırıb,
    Qara günün sər-nüviştin yazdırıb,
    Salıb xalqı bir-birinin canına,
    Barışığı bələşdirib qanına.

    Göz yaşına baxan olsa, qan axmaz,
    Insan olan xəncər belinə taxmaz,
    Amma heyif, kor tutduğun buraxmaz,
    Behiştimiz cəhənnəm olmaqdadır,
    Zilhiccəmiz məhərrəm olmaqdadır.

    Xəzan yeli yarpaqları tökəndə,
    Bulud dağdan yenib kəndə köçəndə,
    Şeyxülislam gözəl səsin çəkəndə,
    Nisgilli söz ürəklərə dəyərdi,
    Ağaclar da Allaha baş əyərdi.

    Daşlı bulaq daş-qumunan dolmasın,
    Bağçaları saralmasın, solmasın,
    Ordan keçən atlı susuz olmasın,
    Deynə bulaq, heyran olsun, axarsan,
    Üfüqlərə xumar-xumar baxarsan.

    Heydər Baba, dağın daşın sərəsi,
    Keklik oxur, dalısında fərəsi,
    Quzuların ağı, bozu, qərəsı,
    Bir gedəydim dağ-dərələr uzunu,
    Oxuyaydım: “Çoban, qaytar quzunu”.

    Heydər Baba, Sulu yerin düzündə,
    Bulaq qaynar çay-çəmənin gözünde,
    Bulaqotu üzər suyun üzündə,
    Gözəl quşlar ordan gəlib keçərlər,
    Xəlvətləyib bulaqdan su içərlər.

    Biçin üstü sünbül biçən oraqlar,
    Elə bil ki, zülfü darar daraqlar,
    Şikarçılar bildirçini soraqlar,
    Biçinçilər ayranların içərlər,
    Bihuşlanıb sondan durub biçerler.

    Heydər Baba, kəndin günü batanda,
    Uşaqların şamın yeyib yatanda,
    Ay buluddan çıxıb qaş-göz atanda,
    Bizdən də bir sən onlara qissə de,
    Qissəmizdə çoxlu qəmü-qüssə de.

    Qarı nənə gecə nağıl deyəndə,
    Külek qalxıb qapı-bacanı döyəndə,
    Qurd keçinin Şəngülüsün yeyəndə,
    Mən qayıdıb bir də uşaq olaydım,
    Bir gül açıb ondan sonra solaydım.

    Əmməcanın bal-bəlləsin yeyərdim,
    Sondan durub üst donumu geyərdim,
    Bağçalarda tiringəni deyərdim,
    Ay özümü o əzdirən günlərim,
    Ağac minib, at gəzdirən günlərim.

    Həçi xala çayda paltar yuyardı,
    Məmmədsadıx damlarını suvardı,
    Heç bilməzdik dağdır, daşdır, divardır
    Hər yan gəldi, şıllaq atıb aşardıq,
    Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.

    Şeyxəlislam münacatı deyərdi,
    Məşədrəhim ləbbadəni geyərdi,
    Məşdəcəli bozbaşları yeyərdi,
    Biz xoş idik, heyrat olsun, toy olsun,
    Fərq eləməz, hər nolacaq, qoy olsun.

    Melikniyaz vərəndilin salardı,
    Atın çapıb qıyqacıdan çalardı,
    Qırğı təkin gədik başın alardı.
    Dolayıya qızlar açıb pəncərə,
    Pəncərələrdən nə gözəl mənzərə.

    Heydər Baba, kəndin toyun tutanda,
    Qız gəlinlər həna, piltə satanda,
    Bəy gəlinə damdan alma atanda,
    Mənim də o qızlarında gözüm var,
    Aşıqların sazlarında sözüm var.

    Heydər Baba, bulaqların yarpızı,
    Bostanların gülbəsəri, qarpızı,
    Çərçilərin ağ nobatı, saqqızı,
    Indi də var damağımda, dad verər
    Itgin gedən günlərimdən yad verər.

    Bayram idi, gecəquşu oxurdu,
    Adaxlı qız bəy corabın toxurdu,
    Hər kəs şalın bir bacadan soxurdu,
    Ay nə gözəl qaydadı şal sallamaq,
    Bəy şalına bayramlığın bağlamaq.

    Şal istədim mən də evdə ağladım,
    Bir şal alıb tez belimə bağladım,
    Qulamgilə qaçdım, şalı salladım,
    Fatma xala mənə corab bağladı,
    Xan nənəmi yada salıb ağladı.

    Heydər Baba, Mirzəmmədin bağçası,
    Bağçaların turşaşirin alçası,
    Gəlinlərin düzmələri, taxçası
    Hey düzülər gözlərimin rəfində,
    Heyimə vurar xatirələr səfində.

    Bayram olub, qızıl palçıq əzərlər,
    Naqqış vurub, otaqları bəzərlər,
    Taxçalara dizmələri dizərlər
    Qız-gəlinin fındıqçası, hənası,
    Həvəslənər anası, qaynanası.

    Baxıcının sözü-sovu, kağızı
    Inəklərin bulaması, ağızı,
    Çərşənbənin girdəkanı, mövizi
    Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
    Ayna təkin bəxtim açıl, çərşənbə”.

    Yumurtanı göyçək, güllü boyardıq,
    Çaqqışdırıb sınanların soyardıq,
    Oynamaqdan bircə məgər doyardıq,
    Əli mənə yaşıl aşıq verərdi,
    İrza mənə novruzgülü dərərdi.

    Novruzəli xərməndə vəl sürərdi,
    Gahdan yenib küləşlərin kürərdi,
    Dağdan da bir çoban iti hürərdi,
    Onda gördün, ulaq ayaq saxladı,
    Dağa baxıb qulaqların şaxladı.

    Axşambaşı naxırınan gələndə,
    Qoduqları çəkib vurardıq bəndə,
    Naxır keçib gedib yetəndə kəndə,
    Heyvanları çılpaq minib qovardıq,
    Söz çıxsaydı, sinə gərib sovardıq. .

    Yaz gecəsi çayda sular şarıldar,
    Daş qayalar seldə aşıb karıldar,
    Qaranlıqda qurdun gözü parıldar,
    Itlər gördün, qurdu seçib ulaşdı,
    Qurd da gördün, qalxıb gədikdən aşdı.

    Qış gecəsi tövlələrin otağı,
    Kəndlilərin oturağı, yatağı,
    Buxarıda yanar odun yanağı,
    Şəbçərəsi, girdəkanı, iydəsi,
    Kəndi basar gülüb-danışmaq səsi.

    Şüca xaloğlunun Bakı sovqatı,
    Damda quran samavarı, söhbəti,
    Yadımdadı şəstli qəddi, qaməti,
    Cünəmməyin toyu döndü yas oldu,
    vənəqızın bəxt aynası kas oldu.

    Heydər Baba, Nənəqızın gözləri,
    Rəxşəndənin şirin-şirin sözləri,
    Türki dedim, oxusunlar özləri,
    Bilsinlər ki, adam gedər, ad qalar,
    Yaxşı-pisdən ağızda bir dad qalar.

    Yaz qabağı gün güneyi döyəndə,
    Kənd uşağı qar gülləsin sövəndə,
    Kürəkçilər dağda kürək zivəndə,
    Mənim ruhum elə bilin ordadır,
    Kəklik kimi batıb qalıb, qardadır.

    Qarı nənə uzadanda işini,
    Gün buludda əyirərdi teşini,
    Qurd qocalıb, səkdirəndə dişini,
    Sürü qalxıb dolayıdan aşardı,
    Baydaların südü aşıb-daşardı.

    Həccəsultan əmmə dişin qısardı,
    Mollabağır əmoğlu tez mısardı,
    Təndir yanıb, tüstü evi basardı,
    Çaydanımız ərsin üstə qaynardı,
    Qovurğamız sac içində oynardı.

    Bostan pozub gətirirdik aşağı,
    Doldururduq evdə taxta-tabağı,
    Təndirlərdə bişirərdik qabağı,
    Özün yeyib, toxumların çırtlardıq,
    Çox yeməkdən lap az qala çatlardıq.

    Vərziğandan armud satan gelende,
    Uşaqların səsi düşərdi kəndə,
    Biz də bu yandan eşidib biləndə,
    Şıllaq atıb bir qışqırıq salardıq,
    Buğda verib armudlardan alardıq.

    Mirzə Tağıynan gecə getdik çaya,
    Mən baxıram seldə boğulmuş aya,
    Birdən ışıq düşdü o tay bağçaya,
    “Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
    Heç bilmədik nə vaxt güllükdən aşdıq.

    Heydər Baba, ağaçların ucaldı,
    Amma hayıf, cavanların qocaldı,
    Toğluların arıqlayıb acaldı,
    Kölgə döndü, gün batdı, qaş qarəldi,
    Qurdun gözü qaranlıqda bərəldi.

    Eşitmişəm yanır Allah çırağı,
    Dayır olub məscidizin bulağı,
    Rahat olub kəndin evi, uşağı,
    Mənsurxanın əli-qolu var olsun,
    Harda qalsa, Allah ona yar olsun.

    Heydər Baba, Moll’ Ibrahim var, ya yox?
    Məktəb açar, oxur uşaqlar, ya yox?
    Xərmən üstü məktəbi bağlar, ya yox?
    Məndən axunda yetirərsən salam,
    Ədəbli bir salam malakəlam.

    Həci Sultan əmmə gedib Təbrizə
    Amma nə Tebriz ki, gələmmir bizə,
    Balam, durun qoyaq gedək evimizə,
    Ağa öldü, tufağımız dağıldı,
    Qoyun olan yad gedibən sağıldı.

    Heydər Baba, dünya yalan dünyadı,
    Süleymandan, Nuhdan qalan dünyadı,
    Oğul doğan, dərdə salan dünyadı,
    Hər kimsəyə hər nə verib, alıbdı,
    Əflatundan bir quru ad qalıbdı.

    Heydər Baba, yaru-yoldaş döndülər,
    Bir-bir məni çöldə qoyub, çöndülər,
    Çeşmələrim, çıraqlarım söndülər,
    Yaman yerdə gün döndü, axşam oldu,
    Dünya bizə xarabei-şam oldu.

    Emoğluynan gedən gecə Qıpçağa,
    Ay ki, çıxdı, atlar gəldi oynağa,
    Dırmaşırdıq, dağdan aşırdıq dağa,
    Məşməmixan göy atını oynatdı,
    Tüfəngini aşırdı, şaqqıldatdı.

    Heydər Baba, Qara kolun dərəsi,
    Xoşginab’ın yolu, bəndi, bərəsi,
    Orda düşər çil kəkliyin fərəsi,
    Ordan keçər yurdumuzun özünə,
    Biz də keçək yurdumuzun sözünə.

    Xoşginabı yaman günə kim salıb?
    Seyidlərdən kim qırılıb, kim qalıb?
    Amir Qafar dam daşını kim alıb?
    Bulaq genə gəlib gölü doldurur,
    Ya quruyub, bağçaları soldurur?

    Amir Qafar seyidlərin tacıydı,
    Şahlar şikar etməsi qıyqacıydı,
    Mərdə şirin, namərdə çox acıydı,
    Məzlumların haqqı üstə əsərdi,
    Zalimləri qılınc təkin kəsərdi.

    Mirmustafa dayı, ucaboy baba,
    Heykəlli-saqqallı Tolustoy baba,
    Eylərdi yas meclisini toy, baba
    Xoşginabın abi-rusu, ərdəmi,
    Məscidlərin, məclislərin görkəmi.

    Məcdüssadat gülərdi bağlar kimi,
    Guruldardı, buludlu dağlar kimi,
    Söz ağzında ərirdi yağlar kimi,
    Alnıaçıq, yaxşı, dərin qanardı,
    Yaşıl gözler çıraq kimi yanardı.

    Mənim atam süfrəli bir kişiydi,
    El əlindən tutmaq onun işiydi,
    Gözəllərin axıra qalmışıydı,
    Ondan sonra dönərgələr dönüblər,
    Məhəbbətin çırağları sönüblər.

    Mirsalehin dəlisovluq etməsi,
    Mirəzizin şirin şaxsey getməsi,
    Mirməmmədin quruması, bitməsi,
    Indi desək, əhvalatdır, nağıldır,
    Keçdi getdi, itdi batdı, dağıldı.

    Mirəbdülün aynada qaş yaxması,
    Çövçülərindən qaşının axması,
    Boylanması, dam-divardan baxması,
    Şah Abbasın dürbini, ya dəş bixeyr,
    Xoşginabın xoş günü, ya dəş bixeyr.

    Sitar’əmmə nəzikləri yapardı,
    Mirqadir də hərdən birin qapardı,
    Qapıb yeyib dayça təkin çapardı,
    Gülməliydi onun nəzik qapması,
    Əmməmin də ərsiyinin şappası.

    Heydər Baba, Amir Heydər neyləyir?
    Gəlin yenə samavarı göynəyir,
    Daha qocalıb, alt əngini çeynəyir,
    Qulaq batıb, gözü girib qaşına,
    Yazıq əmmə, hava gəlib başına.

    Xanım əmmə Mirəbdülün sözünü,
    Eşidəndə əyər ağzı-gözünü,
    Məlkamıda verər onun özünü,
    Davaların şuxluğunan qatarlar,
    Əti yeyib, başı atıb yatarlar.

    Fizzəxanım Xoşginabın gülüydü,
    Amir Yəhya əmiqızının quluydu,
    Rüxsarə artist idi, sevgiliydi,
    Seyid Hüseyn Mirsalehi yamsılar,
    Əmir Cəfər qeyrətlidir, qan salar.

    Səhər tezdən naxırçılar gələrdi,
    Qoyun-quzu dam-bacadan mələrdi,
    Əmməcanım körpələrin bələrdi,
    Təndirlərin qovzanardı tüstüsü,
    Çörəklərin gözəl iyi, istisi.

    Göyərçinlər dəstə qalxıb uçarlar,
    Gün saçanda qızıl pərdə açarlar,
    Qızıl pərdə açıb, yığıb qaçallar,
    Gün ucalıb, artar dağın cəlalı,
    Təbiətin cavanlanar cəmalı.

    Heydər Baba, qarlı dağlar aşanda,
    Gecə karvan yolun aşıb çaşanda,
    Mən hardasam, Tehranda, ya Kaşanda,
    Uzaqlardan gözüm seçər onları,
    Xəyal gəlib, aşıb keçər onları.

    Bir çıxaydım Damqayanın daşına,
    Bir baxaydım keçmişinə, yaşına,
    Bir görəydim nələr gəlib başına,
    Mən də onun qarlarıyla ağlardım,
    Qış donduran ürəkləri dağlardım.

    Heydər Baba, gül-qönçəsi xəndandır
    Amma hayıf, ürək qəzası qandır,
    Zindəganlıq, bir qaranlıq zindandır,
    Bu zindanın dərbəçəsin açan yox,
    Bu darlıqdan bir qurtulub qaçan yox.

    Heydər Baba, göylər bütün dumandı,
    Günlərimiz bir-birindən yamandı,
    Bir-birizdən ayrılmayın, amandı,
    Yaxşılığı əlimizdən alıblar,
    Yaxşı bizi yaman günə salıblar!

    Bir soruşun bu qarqınmış fələkdən,
    Nə istəyir bu qurduğu kələkdən?
    Deynə, keçirt ulduzları ələkdən,
    Qoy tökülsün, bu yer yüzü dağılsın,
    Bu şeytanlıq qurğusu bir yığılsın.

    Bir uçaydım bu çırpınan yelinən,
    Bağlaşaydım dağdan aşan selinən,
    Ağlaşaydım uzaq düşən elinən,
    Bir görəydim ayrılığı kim saldı?
    Ölkəmizdə kim qırıldı, kim qaldı?

    Mən sənintək dağa saldım nəfəsi,
    Sən də qaytar, göylərə sal bu səsi,
    Bayquşun da dar olmasın qəfəsi,
    Burda bir şir darda qalıb, bağırır,
    Mürüvvətsiz insanları çağırır.

    Heydər Baba, qeyrət qanın qaynarkən,
    Qaraquşlar səndən qopub qalxarkən,
    O sıldırım daşlarıynan oynarkən,
    Qovzan, mənim hümmətimi orda gör,
    Ordan əyil, qamətimi darda gör.

    Heydər Baba, gecə durna keçəndə,
    Koroğlunun gözü qara seçəndə,
    Qıratını minib, kəsib-biçəndə,
    Mən də burdan tez mətləbə çatmaram,
    Eyvaz gəlib çatmayıncan yatmaram.

    Heydər Baba, mərd oğullar doğginan,
    Namərdlərin burunların ovginan,
    Gədiklərdə qurdları tut boğginan,
    Qoy quzular ayın-şayın otlasın,
    Qoyunların quyruqların qatlasın.

    Heydər Baba, sənin gönlün şad olsun,
    Dünya varkən ağzın dolu dad olsun,
    Səndən keçən tanış olsun, yad olsun,
    Deynə, mənim şair oğlum Şəhriyar,
    Bir ömürdür qəm üstünə qəm qalar.

  • Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər

    MƏNİM FƏLSƏFƏM

    Düyünlü sözlərdən heç gəlməz xoşum,
    Aydın həqiqətdir mənim fəlsəfəm.
    Vətənə, millətə, qardaş ellərə
    Dərin məhəbbətdir mənim fəlsəfəm.

    Dumanlı arzular, xam xəyal deyil,
    Şan-şöhrət uğrunda qalmaqal deyil;
    Fitnə-əsad deyil, puç amal deyil,
    Haqdır, ədalətdir mənim fəlsəfəm.

    Mən çox bəlalara gərmişəm sinə,
    Haqqı yazmamışam heç vaxt tərsinə.
    Ulu babaların yaxşı irsinə
    Əbədi hörmətdir mənim fəlsəfəm.

    Mənasız ədavət nəyimə gərək,
    Dar gündə mal-dövlət nəyimə gərək,
    Acizlik, ətalət nəyimə gərək,
    Hünərdir, cürətdir mənim fəlsəfəm.

    Xalqımın şöhrəti tutub cahanı,
    Odur dilimdəki mahnımın canı.
    Məslək düşməniylə döyüş zamanı
    Yalnız rəşadətdir mənim fəlsəfəm.

    Gərək son verilsin hər fəlakətə,
    İnsanam, düşmənəm zülmə, vəhşətə;
    Azadlıq aşiqi bəşəriyyətə
    Can-başla xidmətdir mənim fəlsəfəm.

    Zəhmətsiz bir ömrün nə mənası var?
    İnsana zəfərsiz yaraşmaz vüqar.
    Qardaşa, yoldaşa, dosta etibar,
    Düşmənə nifrətdir mənim fəlsəfəm!

    GECƏNİN ROMANTİKASI
    Bu yatmış küçələrdə bu gecə mənəm ayıq,
    Mənəm addımlarımla bu sükuta yaraşıq.
    Deyil yalnız bu gecə, bir çox gecələr belə,
    Çıxaraq küçələrə gəzirəm gülə-gülə.
    Yeriyirəm – xəyalım, ürəyim, beynim atəş, –
    Sonsuz nəşə duyuram, bu sonsuz gəzhagəzdən
    Ayaqlar silməsinlər deyə, qurudur günəş –
    Küçələrə yazdığım şerimi səhər tezdən.
    Bu gecə təkbaşıma gəzirəm küçələri;
    Baxıram birləşmədən gözlərimin çəpəri.
    Yeriyirəm, şerimi ötərək dodaqaltı.
    İşığam qaranlıqda, deyiləm bir qaraltı.
    Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə
    Yeriyirəm, mənimlə yeriyir bu gecə də…
    Yurdumun addımından geri qalmır addımım,
    Ulduzlar rəqs edirlər dövrəsində adımın…
    Yeriyirəm, əməlim əlimdə fanar kimi,
    Baxışımla səmanı kəsirəm bir nar kimi.
    Qəlbim od alsın deyə, uduram ulduzları,
    Şerimin köhnə dostu, göz vuran ulduzları
    Mənəm addımlayaraq sürüyən öz kölgəmi,
    Mənəm gənc ürəyimdə daşıyan, gənc ölkəmi.
    Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə
    Yeriyirəm, mənimlə yeriyir bu gecə də…
    Evlərin qapısında göz qırpa-qırpa yanan
    Elektrik lampası deyil, misralarımdır.
    Ta uzaq pəncərədən qılınc kimi uzana
    İşığın pərvanəsi mənim öz dildarımdır
    Bilirəm ki, sevgilim baxaraq yollarıma
    Nigaran gözləriylə hər an gözləyir məni;
    O bu saat görməyir ulduzu da, ayı da,
    Bir xəyal aləmində sanki izləyir məni.
    Başqa bir pəncərədə mənim şair yoldaşım
    Bir baxınız, dayamış başını masasına.
    Deyir ki, söz tap, başım, deyir ki, söz ver başım
    Ölməz sözlər gərəkdir ölməzlər dünyasına!..
    Başqa bir pəncərədə fikrə dalmış mühəndis,
    Gələcək buruqların nəqş edir cizgisini.
    Bir daha güldürməkçün bu yurdun güzgüsünü
    Yerlərin alt qatında arayır qızıl dəniz.
    Bu ulduzlu, bu aylı, bu ilhamlı gecədə,
    Yeriyirəm, mənimlə yeriyir bu gecə də.
    Artıq mən sahildəyəm… bu sahil mənə tanış,
    Bu sahil mənə yaxın, bu deyil bir aldanış
    Mən də ilk gəncliyimdə, ilk bahar səmasını
    Öz sevgilimlə birgə seyr etmişəm bu suda.
    Udaraq salxım-salxım dənizin havasnı:
    Durmuşam sevgilimçin bu sahildə pusquda,
    Bəsdir bu qədər gəzdin, dedim özüm özümə,
    Gecə görəsən, qulaq asacaqmı sözümə?
    Gecənin qulağına: “Gündüz gəlir, qaç!”-dedim.

    • Sevgilim, günəş doğur, pəncərəni aç!- dedim!
  • Xalq şairi Məmməd RAHİM.”Azərbaycanım mənim”

    Dünyada ölkələr var,
    Biri-birindən qəşəng.
    Doğma yurdum, şən diyar,
    Çəmənlərin rəngbərəng.
    Sən hər yerdən gözəlsən,
    Bir işıqlı əməlsən.
    Qoy dolanım başına,
    Torpağına, daşına
    Qurbandır canım mənim,
    Azərbaycanım mənim.

    Dünyanın çox çayı var,
    Kim deyər ki, tayı var.
    Kürümün, Arazımın,
    Baharımın, yazımın
    Gülşəni Odlar eli.
    Babəkin, Koroğlunun
    Vətəni Odlar eli.
    Sənin sahillərində
    Xəyallara dalmışam,
    Baxıb çinarlarına
    Çinar tək ucalmışam.
    Suların can dərmanı.
    Qonaqcıllar içində
    Sənin bənzərin hanı?
    Dinim, imanım mənim,
    Azərbaycanım mənim.

    Dünyanın çox dağı var –
    Əzəmətli, vüqarlı,
    Yaxını, uzağı var,
    Başı daima qarlı.
    Zirvəsindən bir dəfə
    Xəbər belə verən yox,
    O yerlərə qalxmağa
    Əsla yol göstərən yox.
    Uca deyil gözümdə
    Heç biri Şah dağımdan,
    Öz ana torpağımdan
    Qəşəng diyar bilmirəm,
    Bəlkə də, var, bilmirəm.
    Sənin əzəmətini 
    Dünyada tək sanıram.
    Vüqarını dağlardan
    Daha yüksək sanıram.
    Ölməz ad-sanım mənim,
    Azərbaycanım mənim.

    Doğma yurdum, de, sənin
    Qucağında nə yoxdur?
    Xəzinənə çatası
    Zəngin xəzinə yoxdur.
    Sənsən bu yer üzünün
    Ən nadir məmləkəti.
    Millətimin şöhrəti,
    Arzum, gümanım mənim,
    Azərbaycanım mənim.

    Dünyanın dənizləri
    Ümmanları az deyil,
    O qədər gölləri var,
    Üz qayıqla ilbəil.
    Fəqət deyin hansı göl
    Gözəldir Göy gölüm tək?
    Hansı dənizdir qəşəng
    Mənim Xəzərim kimi?
    Sinəsində od yanıb
    Deyin hansı şəhərin
    Mənim şəhərim kimi.
    Gül açmış qucağında
    Arzum, hissim, niyyətim.
    Get işıqlı günlərə,
    Azad cümhuriyyətim,
    Bu günündən sabahın
    Daha da uğurludur.
    Dünya bunu bilir ki,
    Gələcəyin nurludur.


    Mənə səadət dolu
    Qızıl bir cam vermisən,
    Gözəllikdən yazmağa
    Bitməz ilham vermisən.
    Vətən eşqini duyan,
    Sözlərimi oxuyan
    Bilir nədən gözəlsən.
    Məndən ötrü nə üçün
    Hər ölkədən gözəlsən,
    Şöhrətim, şanım mənim,
    Azərbaycanım mənim!

  • Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər

    BİR DAMLAYAM

    Mənim azadlığım dumansız səma,
    Təzə dənə dolmuş tər sünbüllərdir.
    Mənim səadətim bu el, bu oba,
    Bir də şəfəq içən körpə güllərdir.

    Mənim arzularım min-min gəncliyin
    Həyat yollarında addım səsidir.
    Mənim ümidilərim neçə körpənin
    Beşik-beşik qalxan qəhqəsidir.

    Mənim hünərim də, mənim gücüm də
    Birlikdir, birliyin öz səsiyəm mən.
    Bu birlik eşqiylə hey zaman-zaman
    Bəxtəvər-bəxtəvər ötəsiyəm mən…

    Mənim nəğmələrim ana laylası,
    Ana nəfəsindən almışdır qida.
    Şeirim müjdə verən qaranquşlar tək
    Yenə qanadlanıb uçur havada…

    Mənim dəyanətim Tomris nənəmin
    Düşmənə bac verməz vüqarındandır.
    Mənim məhəbbətim elin, elatın
    Pozulmaz andından, ilqarındandır.

    Bir zərrə varlığam, bir damlayam mən,
    Bu dərin dənizdə, coşqun sularda.
    Sənə minnətdaram, Vətən, ay Vətən,
    Yaşasam da harda, olsam da harda

    KİM DEYİR

    Kim deyir bitməmiş qalacaq nəğməm,
    Kim deyir sınacaq könül tarım da.
    Elə alovludur, odludur sinəm
    Qalmaz arzularım, qalmaz yarıda.

    Kim deyir bu günüm olacaq röya,
    Sabah unudulub gedəsiyəm mən?
    Qarışıb nə qədər şirin arzuya
    Yenə də, yenə də ötəsiyəm mən

    Kim deyir… inanma hər deyilənə,
    Mən böyük dənizin bir damlasıyam.
    Yazmağı öz xalqım öyrətdi mənə,
    Mən onun danışan, dinən sazıyam.

    Kim deyir bu gün var, sabah yoxuq biz,
    Hər deyilən sözə inanmayın ha.
    Həyat bir dalğalı, haraylı dəniz,
    Dalğalar gah enər, gah qalxar şaha.

    Ləpələr bir insan ömrünə bənzər,
    Ləpələr bitməmiş, ləpələr gələr.
    Sahil qumlarına səpildikcə zər
    Suların qoynundan nəğmə yüksələr.

    Bu səhər dünyaya ilkin göz açan
    Gör neçə oğul var, gör neçə qız var.
    Kim deyir qonaqdır dünyada insan
    Bizim sabahımız, sabahımız var.

    Həyatda daş üstə daş qoyan kəsin
    Ömrü qara daşa dönərmi deyin.
    Bu insan nəfəsli torpağın, ərzin,
    Odu, hərarəti sönərmi deyin.

    Kim deyir bitməmiş qalacaq nəğməm,
    İnanma, inanma hər deyilənə.
    Beşikdə qımışıb, ağlayan körpə
    Sanki şirin mahnı oxuyur mənə.

    Kim deyir bu günüm olacaq röya,
    Sabah unudulub gedəsiyəm mən.
    Qarışıb nə qədər şirin arzuya
    Yenə də, yenə də ötəsiyəm mən.

    KÖNLÜM

    Yenə nə dolmusan , nə çağlayırsan,
    A mənim sevdalı, havalı könlüm?
    Yenə gizli-gizli nə ağlayırsan,
    Kimdən öyrənmisən bu halı könlüm?

    De, hansı həsrətdən belə darıxdın,
    Dönüb göz yaşına üzümə axdın
    Hicrana rats gəldi bu dönük baxtın,
    Sinəmdə gəzdirdin məlalı, könlüm.

    Mənim həmaxşamım, həmsəhərmisən,
    Xəyal yollarında həmsəfərimsən .
    Mənim dağılmayan bir şəhərimsən,
    Ay mənə özümdən vəfalı könlüm.

    Demə vida etdi ilk bahar bizə,
    Ömrün payız fəsli yar olar bizə.
    Darıxma tapılar havadar bizə,
    Ay böyük arxalı, obalı könlüm.

    Mənim əhdim sənsən, ilqarım sənsən,
    Varlı sayılsam da, o varım sənsən.
    Mənim dinim də sən, tanrım da sənsən,
    Bu Gülgün nəğməmin cəlalı könlüm.

    SEVGİN VARSA

    Bir çiçəkdim, günəşimdin sən mənim,
    Bir ürəkdim, atəşimdin sən mənim.
    Yarpaqlarım günəşsizdir, sevgilim.
    Qəlbim yaman atəşsizdir, sevgilim.

    Qanadları kövrək quşam elə bil,
    Həsrətinçin doğulmuşam elə bil.
    İtirmişəm dincliyimi, yuxumu.
    Necə deyim… heç insafın yoxdumu.

    Bir ömürəm rəva görmə donum mən.
    İstəyirəm atəşində yanım mən.
    Paltarımı şəfəqlərdən biçib gəl,
    Sevgin varsa, dumanları keçib gəl

    HƏRDƏN

    Kimsə bir dost kimi yad edir məni
    Hardasa nəğməmi oxuyan olur.
    Elə bil dünyanın məhəbbətini –
    Mənə bəxş edirlər, ürəyim dolur.

    Bəzən məclislərdə düşürəm yada,
    Deyirəm əməyim getməmiş hədər.
    Kiçik bir damlayam coşqun sularda,
    Haqqım var sevinim bir damla qədər…

    Bəzən həzin-həzin çalıb ötürəm,
    Hardasa, kiminsə kövrəlir qəlbi.
    Bəzən müjdələrə çevrilir nəğməm,
    Döyür qapıları qaranquş kimi…

    Dönüb saf gülüşə qonuram bəzən
    Kiminsə üzünə yox olur qəmim,
    Kiminsə qəlbində yaşayıram mən,
    Demək, yaşamağa haqqım var mənim…

    Mənim sevinməyə haqqım var, haqqım,
    Damlayam, yaşadar nəhrlər məni…
    Sevin, sən də sevin, Vətən torpağım,
    Kimsə, haradasa yad edər məni…

  • Xalq şairi Balaş AZƏROĞLU.”İnqilab şairiyəm”

    Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,
    Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
    Nə qədim əsrləri yada salıb ağlayan,
    Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
    Nə dövrün hakiminə şeir yazıb pul alan,
    Nə cəlladlar önündə həyat üçün alçalan,
    Nə peymana, nə saqi, nə sərab şairiyəm,
    Azadlığın carçısı inqilab şairiyəm.

    Mən əyilib hakimin əllərindən öpmədim,
    Şeirimi çiçək kimi ayaqlara səpmədim.
    Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
    Nə saray məddahıyam dərgahlardan qovulam.
    Mən ellərin oğluyam, ellər böyütmüş məni.
    Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
    Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
    Azadlığın carçısı inqilab şairiyəm.

    Mənim könül dəftərim bənzəyir gülüstana,
    Onda yer verilməmiş qarlı qışa, tufana,
    Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
    Baharın həsrətilə yaşayıram özüm də.
    Mən əl açıb göylərdən diləmədim azadlıq,
    Mənim arxalandığım onlardan daha artıq.
    Ölkələr həsrət çəkən afitab şairiyəm,
    Azadlığın carçısı inqilab şairiyəm.

  • Xalq şairi Söhrab TAHİR.”Tərif”

    Tərifin qəribə hörməti vardır,
    Tərifin neçə cür sifəti vardır.
    Vardır başqasını pisləyən tərif,
    Bir söyüş tərif var, bir ögey tərif,
    Borc tərif, bəy tərif, həm giley tərif.

    Bir az tərifinin vaxtı keçəndə
    Köhnə rezin kimi boşalır adam,
    Durub tərif üçün qapılar gəzir,
    Tərif naqqalını tapıb dincəlir,
    Köhnə rezin kimi boşalır adam.
    Acı xəmir kimi turşalır adam.
    Hansı iclasdasa dəliqanlını
    Dilucu təriflə cilovlayırlar,
    Neçə qarınqulu indi hardasa
    Nəsə tərifləyib pilovlayırlar.
    Olanı deyəndə ləzzəti olmur,
    Olanı deyəndə bu tərif olmur,
    İstəyir ver ona olan dünyanı,
    Ləzzət vermək üçün gərək deyəsən
    Onun qalmayanla, olmayanını.
    Bəzən özləri də utanıb qalır
    Başsızı başlıca tərifləyənlər.
    Bir yaxşı adamı pisləmək üçün
    Bir pisi yaxşıca tərifləyənlər.
    Tərifin nə yaman hörməti vardır,
    Tərifin neçə cür sifəti vardır,
    Ancaq tərif yoxdur,
    Var düz, var yalan,
    Tərifdir-yalandır nə varsa qalan.

  • Xalq şairi Söhrab TAHİR.”Daha”

    This image has an empty alt attribute; its file name is S%C3%B6hrab_Tahir.jpeg-225x300.jpeg

    Dədi dərd olmuşdur elin də mənə,
    Ağladım, bir naşı güləndə mənə,
    Heç kəs ağlamasın öləndə mənə,
    Mən heç vaxt, heç zaman ölmərəm daha!

    Azad qardaşım var, onunla xoşam,
    mən gərək sahili sahilə qoşam,
    iki bölünməkdən elə qorxmuşam
    Çöpü də ikiyə bölmərəm daha!

    Dənizlər, dəryalar mənə dayazdır,
    Ən dərin bir çay var, o da Arazdır.
    Mənə görüş verin, azadlıq azdır,
    Görüşsəm ayrılmaq bilmərəm daha.

    Ömrümdən qürbətlər, yadlar qovulsun,
    Keçmişim yiyəsiz qaldı, qoy olsun!…
    Ancaq gələcəyim mənimki olsun,
    Mən onu ömrümdən silmərəm daha!

    Mənim səadətim hardasa itdi,
    O asan gəlmişdi, asan da getdi,
    Mənə nə etdisə səadət etdi,
    Bədbaxt səadətə gülmərəm daha!

    Qorxaqlar önümdə çöküb əyilsin,
    Vətənsiz vüqarım göyə dikəlsin;
    Deyin azadlığa ardımca gəlsin,
    Mən onun ardınca gəlmərəm daha.

  • Xalq şairi Həkimə BİLLURİ.Seçmə şeirlər

    Təbriz

    Qollarım dolana boynuna bir gün
    Yenə baş qoyaram dizinə Təbriz
    Həsrətdən hicrandan cana doymuşam
    Doyunca baxaram gözünə Təbriz

    Bulanıq suların axsın durulsun,
    Təzə güllərindən büsat qurulsun
    O gül camalına birdə vurulsun
    Bir qubar qonmasın üzünə Təbriz

    Gülüstan bağının seyrinə gəlim
    Lalə yamacında birdə dincəlim
    Ötən günlərimə yetişməz əlim
    Düşüm heç olmasa izinə Təbriz

    Bulanıq suların axsın durulsun
    Təzə güllərindən büsat qurulsun
    Ö gül camalına birdə vurulusun
    Bir qubar qonmasın üzünə Təbriz

    ANA

    Təbriz kədərliydi, sən ağlayırdın,
    Gecəydi biz səndən ayrılan zaman.
    Pərişan görkəmin, o son sözlərin,
    Bir an xatirimdən çıxmamış, inan.

    Adını dilimə gətirəndə mən,
    Sanki alov yaxır dodaqlarımı.
    Yaxın gəl, yaxın gəl öpüm üzündən,
    Öpüm rəngi qaçmış yanaqlarını.

    Elə məlul-məlul baxma üzümə,
    Baxışın qəlbimə od saçır, sənin.
    Sən yalqız deyilsən, sıxma qəlbini,
    Böyük bir xalqın var, böyük vətənin.

    O xalqın, o elin qızısan, sən də
    Onun qüdrəti də, şöhrəti də var.
    Qəhrəman yurdumuz sarsılmamışdır,
    Soyub talasa da onu yağılar.

    Bilirəm, çox sıxır səni ayrılıq,
    Əsarət dünyası başına dardır.
    Lakin unutma ki, hər bir gecənin,
    Min bir şüa saçan gündüzü vardır!

    “Əlimdən nə gəlir?”, demə bir daha
    Demə ki, qocayam, saçlarım düm ağ.
    Vətən öz qəhrəman oğlu, qızını
    Hər zaman, hər zaman gənc saxlayacaq.

    Alnının xətləri, bəyaz saçların,
    Keçmiş həyatından bir yadigardır.
    Hörmət o saçlara, nifrət keçmişə:
    Bu günün öz adı, mə’nası vardır!

    Qalx ana, qalx ana, səni döyüşə
    Çağıran öz qızın, öz vətənindir!
    Bax, yanır odlarda Odlar Diyarı,
    Bu vətən, bu torpaq, bu el sənindir!

  • Nargis İsmayılovanı doğum günü münasibətilə təbrik edirik! (12 mart)

     Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Nargis İsmayılovanı ,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • 14 mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü

    Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçışairtərcüməçissenaristAzərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı

    Ailəsi

    Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
    1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.
    Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
    1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

    Həyatı

    Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il[1].

    Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
    1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
    Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

    Fəaliyyəti[redaktə | əsas redaktə]

    Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

    Anar və Ziya Bünyadov

    1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
    1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
    Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].

    Mükafatları

    Əsərləri

    • Ağ liman
    • Ömür yolu. Yaradıcılığı
    • Beşmərtəbəli evin altıncı mərtəbəsi
    • Əlaqə
    • Vahimə
    • Yaxşı padşahın nağılı
    • Otel otağı
    • Mütləq görüşərik
    • Qırmızı “Limuzin”
    • Gürcü familyası
    • Dantenin yubileyi
    • Şəhərin yay günləri
    • Təhminə və Zaur
    • Mən, sən, o və telefon
    • Macal
    • Sizsiz
    • Ağ qoç, Qara qoç

    Tərcümələri

    Filmoqrafiya

    Filmin adıİlSsenari müəllifiƏsər müəllifiQuruluşçu rejissorAktyorİştirakçıHaqqındaFilmin növü
    Dəniz1965Qısametrajlı sənədli film
    Torpaq. Dəniz. Od. Səma1967Tammetrajlı bədii film
    Qobustan1967Qısametrajlı sənədli film
    Hər axşam on birdə1968Tammetrajlı bədii filmi
    Bu, Səttar Bəhlulzadədir1969Qısametrajlı sənədli televiziya filmi
    Gün keçdi1971Tammetrajlı bədii film
    Nəsimi1971Qısametrajlı sənədli film
    Gecə işıqları1972İki hissəli bədii film
    Yığıncaq1972
    Xatirələr sahili1972Tammetrajlı bədii film
    Var olun, qızlar…1972Tammetrajlı bədii film
    Dədə Qorqud1975Tammetrajlı bədii film
    Daşlar danışanda1976Qısametrajlı sənədli film
    İşgüzar adamlar (film, 1977)1977“Mozalan” süjeti
    Dantenin yubileyi1978Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi1978Tammetrajlı televiziya tamaşası
    Üzeyir ömrü1981Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi1983Tammetrajlı bədii film
    Qəm pəncərəsi1986Tammetrajlı bədii film

    Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər

    1. Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
    2. Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
    3. İmtahan (film, 1987) (ssenari müəllifi);
    4. Əlaqə (film, 1989) (ssenari müəllifi);
    5. Təhminə (film, 1993) (ssenari müəllifi);
    6. Otel otağı (film, 1998) (ssenari müəllifi);
    7. Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
    8. Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
    9. Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

    Əsərləri əsasında çəkilmiş bədii filmlər

    1. Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
    2. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
    3. Sizə məktub var (film, 1998) (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında)
    4. Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın “Dantenin yubileyi” povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan ŞensoySuna KesginRasim Öztəkin və b.);
    5. Tilsim (film, 2005) (Anarın “Vahimə” hekayəsi əsasında).
    6. “Ve telefon”. Türkiyə. (Anarın “Mən, sən, o və telefon” əsəri əsasında); rejissor Nuran Evren.
    7. Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)

    Ssenariləri əsasında çəkilmiş sənədli filmlər

    1. Aşıqlar (film, 1983) (ssenari müəllifi);
    2. Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);
    3. Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
    4. Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).

    Ssenariləri əsasında çəkilmiş televiziya filmləri

    1. Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);
    2. Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);
    3. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
    4. Salur Qazanın evi talandığı boy (film, 2001)

    Ssenariləri əsasında çəkilmiş cizgi filmlər

    1. Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).

    İdeyası əsasında çəkilmiş filmlər

    1. Evləri göydələn yar (film, 2010) (ideya və süjet)

    Haqqında çəkilmiş sənədli filmlər

    1. Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
    2. Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu

    Maraqlı faktlar

    • Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
    • Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]

    Mənbə

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
    • Anara kino fenomeni demək olarmı? TƏHLİL

    İstinadlar

    1.  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. president.az, 01.03.2019  (azərb.)
    2.  Anar başqan seçildi
    3.  Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı
    4.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı — anl.az saytı
    5.  Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
    6.  “525-ci qəzet“, 7 oktyabr1999
  • 12 mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

    Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə12 mart 1906NovxanıBakı qəzası – 10 iyun 1989Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.

    Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.

    Həyatı

    Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı[1] kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (19371938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan”“Kirpi” jurnallarının və ” Советский писатель” (sovetskiy pisatel)” redaksiya heyətlərinə üzv seçilmişdir.

    Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.

    1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

    Yaradıcılığı

    Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.

    Əsərləri

    Filmoqrafiya

    1. Qanlı zəmi (film, 1985)

    İstinadlar

    1.  http://www.anl.az/el/r/rs_h.pdf

    Mənbə

    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.

    Vikimənbədə Süleyman Rüstəm ilə əlaqəli məlumatlar var.

  • 12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

    This image has an empty alt attribute; its file name is xscn-300x300.jpg

    Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]

    Həyatı

    Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]

    1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.

    Yaradıcılığı

    Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.

    Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.

    Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.

    Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

    Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

    Şeirlərinə yazılmış mahnılar
    Video

    Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi
    Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi
    Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev
    Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev
    Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov
    Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov
    Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov
    Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov

    Audio

    Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi
    Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov
    Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov
    İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov
    Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov
    Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov
    Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov

  • Xalq şairi Hüseyn ARİF.”Ana”

    Heyifdir, Anasız olmasın uşaq,
    Başından min boran, qar gəlib keçər.
    Qurumaz, çəkilməz gözünün yaşı,
    Gecəsi, gündüzü zar gəlib keçər.

    Əmi, dayı qucağına götürməz,
    Qohum, qonşu ona nəzər yetirməz,
    Ata da cibində alıb gətirməz,
    Nə qədər əlindən var gəlib keçər.

    Sanarsan yanağı solğun xəzəldir.
    Nəşəsiz yaşamaq ömür gözəldir.
    HÜSEYN, hər şeydən Ana gözəldir,
    Bəs, niyə könlündən yar gəlib keçər?!

    *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Gülüm”

    Belimin tutub ağrısı,
    dəryazı sən gətir, gülüm.
    Qoca vaxtı gəl sən məni,
    Baxtavara yetir, gülüm.

    Qurbanam şirin dilinə,
    Tikan batmasın əlinə,
    Toz qonar zərif telinə,
    Çək zülfünü ətir, gülüm.

    Zimistanla etmə oyun,
    Qar-borana çəkmə boyun,
    İki inək, beş də qoyun,
    Artıq varsa, itir, gülüm.

    Haqq sözümə baxsan, əgər
    Belə zəhmət çəkmə hədər.
    Bağbanı ol alma becər,
    Bağ sal, bağça bitir. gülüm.

    Qorxma yaza çıxar arıq,
    ŞƏMŞİR, Haqqa ümidvarıq,
    Yorularsan, ac qalarıq,
    Kim bişirər fətir, gülüm?!

    *Bu şeir Əməkdar mədəniyyət işçisi, Ustad şair Aşıq Şəmşirin 1980-ci ildə Bakı şəhərində “Yazıçı” nəşriyyatı tərəfindən işıq üzü görən “Şeirlər” kitabından seçilərək götürülüb.

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Ürəyi daşdandəmı?!”

    Həsrətimin qatar-qatar kərvanı başdandımı?!
    Ürəyim yaman döyünür, yoxsa təlaşdandımı?!
    Uzaq illər yaxın gəlməz haraylasam, yüz dəfə,
    Xatirələr unudulur yaddaşdan, huşdandımı?!

    Daha ömür dağlarıma yavaş-yavaş çən düşür,
    Lalə, nərgiz uzaqlaşır, bənövşələr gen düşür.
    Zaman məni tez qocaldır, saçlarıma dən düşür,
    Bilmirəm qəmdən, qəhərdən, yoxsa ki, yaşdandımı?!

    Bir sonanın həsrətindən dərdim dərdə calandı,
    Könlüm evi şəhərlərdən daha betər talandı,
    VƏTƏNOĞLU atəşlərə qalam-qalam qalandı,
    Zalım qızı dönüb baxmır ürəyi daşdandımı?!

    *Bu şeir şair Bəhmən Vətənoğlunun 2019-cu ildə Bakı şəhərində işıq üzü görən “ALLAH eşqi ilə” adlı şeirlər və poemalar kitabından seçilərək götürülüb.

  • Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyətsizliyi….

    26 fevral 2021-ci il tarixdə Rusiyanın Leninqrad vilayəti, Şlisserburq “Bakı”  kafesində kütləvi atışma baç vermiş, 38 yaşlı azərbaycanlı qətlə yetirilmişdir. Qətli törədən şəxsin tapılması üçün şəhərin hüquq mühafizə orqanları hərəkətə Keçmiş, görünməyən planlar hazırlamışdır. Belə ki, Rusiya polisi qarşısına çıxan azərbaycanlı iş adamlarını gün ərzində bir neçə dəfə polis idarələrinə aparır, saatlarla sorğu-suala tutur.

    Bütün bu məsələlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu susur. Bu isə Rusiyada yaşayan azərbaycanlı iş adamlarının fəaliyyətinə ciddi zərər vurur və haqllı narazılıqlara səbəb olur.

    Ümid edirik ki, məsələyə Azərbaycan hakimiyyəti münasibət bildirəcək.

    Mənbə: http://kultur.az/

  • Coşqun XƏLİLOĞLU.”İgid Əbülhəsən, mərd Əbülhəsən!”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

               

    Əslən Kürdəmir rayonunun Mollakənd kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif olunmuş Əbülhəsən Balaş oğlu Eyvazovun əziz xatirəsinə ithaf edirəm.

    Bu müqəddəs yolu könüllü seçdi,
    Üçrəngli bayrağı öpüb, and içdi,
    Doğma vətən üçün canından keçdi,
    İgid Əbülhəsən, mərd Əbülhəsən!

    Üzündən, gözündən tökülürdü nur,
    İşlədi, zəhmətlə qazandı uğur,
    Belə övladyla el duyur qürur,
    İgid Əbülhəsən, mərd Əbülhəsən!

    Dostlar arasında hörmətli idi,
    Necə qorxmaz idi, cürətli idi,
    Sözü bütöv idi, qeyrətli idi,
    İgid Əbülhəsən, mərd Əbülhəsən!

    Aprel döyüşündə döyüşmüşdü o,
    Bir anda böyüyüb, dəyişmişdi o,
    Düşmənlə mərdliklə vuruşmuşdu o,
    İgid Əbülhəsən, mərd Əbülhəsən!

    Fəxr edilən oğul, vəfalı qardaş,
    Füzulidə qoydu yağını çaşbaş,
    Düşmənin qolları qırılaydı kaş…
    İgid Əbülhəsən, mərd Əbülhəsən!

    Vətən basılmazdır, şəhidlər ölməz,
    Düşmənlər bir daha sevinməz, gülməz,
    Adı qəlbimizdən heç vaxt silinməz,
    İgid Əbülhəsən, mərd Əbülhəsən!


    07.12.20.

  • Coşqun XƏLİLOĞLU.”Zəfər ilə”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, ölümündən sonra “Vətən uğrunda” ,”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şəhid zabit Tural Yadulla oğlu Eyyubovun ölməz xatirəsinə ithaf edirəm!

    Sevirdi bu vətəni, sevirdi bu torpağı,
    Hər bir zaman gəlirdi, xoş səsi, xoş sorağı,
    Öpüb aylı-ulduzlu, o üç rəngli bayrağı,
    Yollandı döyüşlərə, yollandı hünər ilə,
    İnanırdı, dönəcək geriyə, zəfər ilə.

    Hamı bilir o, necə, mərd idi, igid idi,
    Bacarıqlı komandir, cəsur bir zabit idi,
    Qorxmayırdı ölümdən, mələklər şahid idi,
    Taleyinə düşmüşdü, döyüş-fitnə, şər ilə,
    İnanırdı, dönəcək geriyə, zəfər ilə.

    Çox qəhrəman yetirib doğulduğu Mollakənd,
    İşğalda qala bilməz nə bir şəhər, nə bir kənd,
    Keçdi neçə dağ-dərə, aşdı yamac, bərə, bənd,
    Adını tarixlərə yazdı bu səfər ilə,
    İnanırdı, dönəcək geriyə, zəfər ilə.

    Bu yurdu, bu torpağı suvararaq qanıyla,
    Torpağı vətən edir qəhrəmanlar canıyla,
    Azərbaycan tanındı şöhrətiylə, şanıyla,
    Millət yenilməz olur, ərən ilə, ər ilə,
    İnanırdı, dönəcək geriyə, zəfər ilə.

    Yağıları məhv etdi rəşadətli ordumuz,
    Tural, səni unutmaz, bil, müqəddəs yurdumuz,
    Artıq həyata keçib neçə illik arzumuz,
    Xalqımız fəxr eyləyir səntək hünərvər ilə,
    Müharibə qurtardı, şanlı bir zəfər ilə!

  • Coşqun XƏLİLOĞLU.”Vətən adlı andınız”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm.

    Siz ey vətən yolunda öz canından keçənlər,
    Şəhidlik şərbətini fəxarətlə içənlər,
    Bir yolluq xalqımızın ürəyinə köçənlər,
    Yaddan çıxmaz heç zaman, unudulmaz adınız,
    Əhsən, halaldır sizə, vətən adlı andınız!

    Elə yol seçdiniz ki, hər addımı gülüstan,
    Hünəriniz əfsanə, hünəriniz bir dastan,
    Sizdəki cəsarətə aləm qalıbdır heyran,
    Vətən şamına dönüb, pərvanə tək yandınız,
    Əhsən, halaldır, sizə, vətən adlı andınız!

    Nə danışsaq, nə desək, sizsiniz söhbətimiz,
    Sizinlə gözəl olur mehrimiz, ülfətimiz,
    Tükənməz bir ümmandır sizə məhəbbətimiz,
    Vətəni doğma, əziz, pak ananız sandınız,
    Əhsən, halaldır, sizə, vətən adlı andınız!

    Həyatı Allah verir hər insana bir dəfə,
    Elə yaşayasan ki, yol verməyəsən səhvə,
    Vətənə şirin canı qəlbən etdiniz “töhfə”,
    Kafirlərdən torpağı qanınızla aldınız,
    Əhsən, halaldır, sizə, vətən adlı andınız!

  • Leyla ƏLİYEVA.”O dərdli uşağın göz yaşı üçün…”

    Bombalar səs-səsə veriblər yenə,
    Vətənin bağrından qan axır indi.
    Düşmən gülləsinə tuş olan əsgər,
    Yaran qəlbin qədər dərin, dərindi.

    Ağlayır bir ata itirmiş uşaq,
    Ağlayır göylərdə Günəş də bu gün.
    Ellikcə savaşa hazırıq, Vətən,
    O dərdli uşağın göz yaşı üçün.

    Bir gün qayıdacaq yerinə hər şey,
    Bir gün sevinəcək bu yurd, bu ocaq…
    Ancaq o atanın isti qucağı
    Bir də o uşağa açılmayacaq.

    Elimiz qələbə sorağı gözlər:
    Gözləri yoldadı, qulağı səsdə.
    Analar əlini qoyub and içir
    Oğul itkisinin ağrısı üstə.

    Gün gələr, o zəfər xəbəri gələr,
    Öpər igidlərin başdaşlarını.
    Ata nisgilylə qovrulan uşaq
    Dəfn elər gözündə göz yaşlarını.

    Tərcümə edən: Salam Sarvan

    Mənbə: https://aydinyol.aztc.gov.az/

  • Leyla ƏLİYEVA.”Azərbaycan əsgəri haqqında”

    ƏSGƏR

    Əsgər… Ədalətə tapınan insan.
    Qəlbi Qələbənin eşqiylə yanar.
    Əsgər… Ürəyində vətən vəfası,
    Köksündə bir sükut çığırtısı var.

    Güllə qabağında qırpılmaz gözü,
    Günəşin önünü dağ kəsə bilməz!
    Əsgər gözəl bilir: sevginin üzü
    Həqiqət nurundan heç vədə dönməz.

    Qorxusuz gözləri yırtar gecəni,
    Alnına qırmızı kölgə salar dan…
    Zülmətdən qorxmağı anlamaq olar,
    Dərd odur, dərd odur Gündən qorxasan.

    Eşidər Allahın pıçıltısını,
    İlahi nəfəsdən gərilər sinə.
    O, yalan içində batan dünyanın
    Yükünü qaldırar çiyinlərinə.

    Əsgər… Öz yurduna ilahi bir pay:
    Doğulub müqəddəs gündə, saatda.
    Zalımın bu nankor, bu kor kölgəsi
    Əriyər qəlbinin işığı altda.

    Gərər sinəsini şərə, şeytana,
    Elin hər daşının həyanı olar.
    Taleyi yazılmış açıq alnını
    Söykər sərhəd boyu uzanan yola.

    Sancılar bayraqtək yüksəkliklərə,
    Günəşə qoşulub yanan çıraqdı.
    Yeriyər, yer titrər ayağı altda,
    And yeri vicdandı, and yeri haqdı.

    Onun vətənindən müqəddəsi yox,
    Onun dağlarından yoxdu ucası.
    Düşür sümüyünə torpağın indi
    Mətin addımların melodiyası.

    Hər insan Allahın səsidir axı:
    Nə qorxar qanından, nə can əsirgər.
    Gözünün rəngində torpaq qarası,
    Kürəyi vətənin hasarı əsgər.


    Bombalar səs-səsə veriblər yenə,
    Vətənin bağrından qan axır indi.
    Düşmən gülləsinə tuş olan əsgər,
    Yaran qəlbin qədər dərin, dərindi.

    Ağlayır bir ata itirmiş uşaq,
    Ağlayır göylərdə Günəş də bu gün.
    Ellikcə savaşa hazırıq, Vətən,
    O dərdli uşağın göz yaşı üçün.

    Bir gün qayıdacaq yerinə hər şey,
    Bir gün sevinəcək bu yurd, bu ocaq…
    Ancaq o atanın isti qucağı
    Bir də o uşağa açılmayacaq.

    Elimiz qələbə sorağı gözlər:
    Gözləri yoldadı, qulağı səsdə.
    Analar əlini qoyub and içir
    Oğul itkisinin ağrısı üstə.

    Gün gələr, o zəfər xəbəri gələr,
    Öpər igidlərin başdaşlarını.
    Ata nisgiliylə qovrulan uşaq
    Dəfn elər gözündə göz yaşlarını.

    Tərcümə edən: Salam Sarvan

    Mənbə: https://aydinyol.aztc.gov.az/

  • Xalq yazıçısı İsmayıl ŞIXLI.“Namus qaçağı” (Hekayə)

    O dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü.

    Onun toyu idi. Bu axşam mağar başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı. Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.

    Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü zurnaları qoşalaşdırırdılar. O bılirdi ki, kəndin qız-gəlinləri boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların, koftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal verib, tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin gətirərdilər.

    O sevinirdi. Səhər-səhər sulamağa apardığı at da yəhərin altında oynayır, yüyəni çeynəyib boynunu sağa-sola əyir və qar basmış yollarda cığır açırdı. Elə bil başa düşürdü ki, sahibi böyütdüyü, gözünün ağı-qarası təkcə balası İlyasın əlini başına yığacaqdı. Onun da evinə gəlni gələcək, onun da qara damı silinib-süpürüləcək, taxtın üstündə gərdək qurulacaq, qapısında şax bəzədilib lopa yandırılacaqdı.

    Kəndin kənarındakı balaca çayın suyu gecənin şaxtasından sırsıra bağlayıb donmuşdu. Buz layları yatağını aşıb ətrafa yayılmışdı. At yelini saxlamadı. Sahibinin yüyənini çəkməsinə fikir vermədən özünü suya saldı. Buz layları çat-çat olub çilikləndi. Hardasa lap yaxında at kişnədi. İlyas qanrılıb baxdı. Gələn koxalıların Rəşidi idi.

    O, İlyasın bərabərində atın başını çəkdi. Hər ikisi bir-birini süzdü. İlyas onun uca boyuna, vəznəli çuxasına, buxara papağına, gümüş toqqalı sallamalı kəmərinə, belindəki xəncərinə baxdı, o da İlyasın məxmərdən tikilmiş qalife şalvarına, zər baftalı nişan dolağına, çəkmələrinə, nimdaş pencəyinə və papağına.

    – Deyəsən, toy eləyirsən?

    – Bəli.

    – Mənim qabağıma keçirsən?

    İlyas diksindi. Elə bil güllə kimi açılan bu sərt sözdən at da diksindi. Başını qaldırıb fınxırdı. Onun burnundan fısqıran nəfəs zolaqlanıb havanı yardı. 

    – Zöhrə mənim nişanlımdır.

    – Elə gözəl qız sənin kim gədaya yem ola bilməz.

    – Ağzını təmiz saxla!

    Cilovların çəkilməsi ilə atların döş-döşə dayanması bir oldu. Onların nəfəsi bir-birini vurdu. İlyasın əli gödəkcəsinin cibindəki naqanın dəstəyini sıxdı.

    Rəşid özündən xeyli cavan olan, üzünə yenicə ülgüc dəymiş İlyası yuxarıdan aşağı, rişxəndlə süzdü. Yüyəni çeynəyən atın başını çəkib qamçını havada oynatdı.

    – Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram.

    Elə bil İiyasın gözündə hər şey qaraldı. Kəndin üstünə yorğan kimi sərilmiş qar da, şırıltı ilə axan büllur suyun üzünə yayılan buz da, solğun- solğun işıldayıb göz qamaşdıran gün də birdən-birə yoxa çıxdı. İndiyə qədər eşitdiklərinə inanmamışdı. Rəşidin “toy gecəsi qızı onun əlindən alacam, sonra istəsə özünə qaytararam” deməsinə fikir verməmişdi, “ara sözüdür” “ deyə xəbər gətirənləri sakitləşdirmişdi. Bir də Rəşidin arvad-uşağı vardı. O, belə fikrə düşsə, qan su yerinə axardı. Namusu itə veriblər, it də yeməyib. Belə şey olardımı?

    İlyas fikirdən ayılıb özünə gələndə Rəşid uzaqlaşmışdı. İlyas isə hələ də çayın kənarında dayanmışdı. Gözlənilməz zərbədən özünü elə itirmişdi ki, yerindən tərpənə bilmirdi. Atasından eşitmişdi ki, koxalılar tayfası arxalı tayfadı, özləri də mərdimazardırlar. Əllərindən nə köpəkoğluluq desən, gələrdi. Şura hökuməti yeni qurulanda bir az səslərini içlərinə salmışdılar, amma indi, dağda-daşda qaçaq-quldur dəstəsi çoxalır. Onlar da yenidən kəndin ortasında at oynadıb, ona-buna sataşırdılar. Bilirdilər ki, onların kəndi əldən-ayaqdan uzaq yerdədir, dağ gədiklərinin arxasında yerləşən bu kəndə gəlmək üçün bələnlər aşıb, dərələr keçmək lazımdır. Qış aylarında isə yol-iz bağlanır, yaz gəlib dağların qarı tamam əriməmiş divan-dərə adamları buralarda görünmür.

    İlyas atını mahmızladı. Özünü nə qədər şax tutsa da, sınmışdı, bayaqkı şuxluğu yox idi, həyətə çatan kimi atası da bunu hiss etdi, gözlərini oğlunun üzündən çəkmədi. Sakitcə atı tövləyə aparan oğluna baxdı. İlyas heç nə olmamış kimi xeyli qapıda hərləndi, mağar yerini yoxladı, tədarük görənlərə baş çəkdi və birdən atasına yaxınlaşıb “Siz işinizdə olun, – dedi – mən axşama qayıdacağam”. Kişi dinmədi. Doqqazdan çıxıb dağlara doğru addımlayan oğlunun arxasınca baxa-baxa qaldı.

    O, Zöhrəni ilk dəfə bir yay axşamı bulaq üstündə görmüşdü. Elə o gündən də qızı ürəyi tutmuşdu. Amma ona yaxınlaşa bilməmişdi. Xeyli vaxt uzaqdan-uzağa qızın qarasıyla gəzib, izini izinə qatmışdı. Hiss eləmişdi ki, sinəsi doludur, onun qabağını kəsib bircə kəlmə deyə bilsə, ürəyindəkilərin hamısı gözü açılmış bulaq kimi poqquldayıb qaynayacaq. Evdə-eşikdə qərar tuta bilmirdi. Dolama cığırla dağın döşünə qalxır, ağacların daldasında gizlənir, çaya enir, bulaq üstünü kəsdirir, hər yerdə o qırmızı donlu qızı axtarırdı.

    Bir dəfə yenə meşənin dərinliyinə çəkilmişdi. Ürəyi dolu idi, dərdini açmağa bir adam tapmırdı. İstəyirdi ki, özünə bir sirdaş tapsın, hər şeyi ona danışsın ki, bəlkə, yüngülləşə. Heç ömründə oxumamışdı, anıma indi söz sinəsini deşirdi, oxumaq istəyirdi. Birdən papağının dalını qaldırdı, onun səsi şaqqıldayıb meşədə, qarşıdakı qayalarda cingildədi: “Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü”. Elə bil yüngülləşdi. Ürəyini boşaldıb nəfəsini dərdi. Hər şey susmuşdu. Bircə onun qayalarda əks-səda verib təkrarlanan səsindən başqa.

    Qaqqıltı qopdu. O, yerindən sıçrayıb dinşədi. Səs aşağıdan gəlirdi, bulaq üstündən. İlyas başa düşdü ki, gülüşən qızlardı. Ona, onun mahnısına gülürdülər. Bədənini soyuq tər basdı, istədi dağyuxarı dırmaşsın, baş alıb bu yerlərdən getsin, ilim-ilim itsin ki, ona gülən qızların səsini bir də eşitməsin. Amma ayaq saxladı. Dinlədi. Gülüş qarışıq bir səs gəldi qulağına:

    – Yandıran yansın, ədə, özünə nə divan tutursan?

    Ağaclar yenidən səs-səsə verib şaqqıldadı. Yarpaqlar titrədi. Amma bu gülüşlər səngiyəndə o, aydınca bir səs də eşitdi:

    – Gədəni niyə utandırırsınız, qoyun oxusun, yaxşı səsi var.

    Bu sözləri deyən Zöhrə idi. Onu yandırıb-yaxan, dağlara-daşlara salan Zöhrə!

    Bir dəfə ürəkləndi. Bulağın üstünə endi. Qızlar onu görən kimi özlərini yığışdırdılar. Sürüşüb çiyinlərinə düşən kəlağayılanın irəli çəkib saçlarını qulaqlarının arxasına yığdılar. Koftalarının yaxasını, donlarının büzmələrini dartışdırdılar. Bəziləri də həyalı gəlinlər kimi kəlağayılarının bir ucunu ağızlarına yaxınlaşdırıb yaşmaq tutdu. İlyas özünü itirdi. Səhər-səhər bulaq suyunda güzgülənib sığallanan bu qızların hansına yaxınlaşıb nə deyəcəyini bilmədi. Onların lal sükutundan, qayır-qayır qaynayan gözlərindəki bic şıltaqlıqdan qorxdu. Bilirdi ki, bu yerə baxan qızların dilinə düşmək yaman işdir, Allah adamı onların şitliyindən saxlasın. Dili-dodağı təpidi, udqundu və güclə dilləndi:

    – Bir içim su verin, nə olar?!

    Səhənglərini cərgə ilə düzən qızların arasından bir pıçıltı keçdi və oğlan bulağın novuna əyilmiş Zöhrəni indicə gördü. Qız əlindəki nilufəri dolça kimi su ilə doldurub İlyasa verdi. O, əlləri titrəyə-titrəyə suyu aldı, başına çəkdi və bir də istədi. Zöhrə çiçəyi kənara qoyub dolçanı doldurdu. O, dişi göynəsə də qabı birnəfəsə boşaltdı və yenə su istədi. “Bu yazığın ciyarı yanırmış ki,” – deyə kimsə söz atdı. Qızların bu atmacasına cavab vermədi. Üçüncü dolçanı yarıya qədər içdi və qalanını Zöhrənin yalın ayağına tökdü. 

    Qız diksindi, qonur gözlərini İlyasın üzünə zillədi. Bu baxışlarda ani bir qığılcım oynadı, şimşək kimi çaxdı və qızın dodaqları qaçdı. Qızın qımışmağı təzədən onun canına od saldı. Bulaq başından nə vaxt aralandığından, dağa necə dırmaşdığından xəbəri olmadı. Bir də onu gördü ki, iri bir vələsin altında, göy otluqda, çiçəklərin arasında uzanmışdır. Qızların gülüşü yenidən qulaqlarına dolub güyüldədi. Amma ürəyi sakitləşmişdi. Suyu qızın ayağına tökmüşdü. Demək, ürək sözünü demişdi. Bu, dağlarda bir adət idi. Çoxdan, lap dədə-babadan qalma adət. Qız da hirslənməmişdi, əvvəlcə qımışmış, sonra da başını aşağı salıb qızarmışdı. Demək, onun da ürəyi oğlanı tutmuşdu…

    Bir gün kənddə yenə toy vardı. Oktyabr bayramının ildönümünü qeyd edirdilər. O vaxt qayda idi: kənd camaatı məktəbin qabağına toplaşardı. Uşaqlar rəngli kağızlardan naxışlar kəsər, zəncir düzəldər və sinif otaqlarını, eyvanları bəzəyərdilər. Kənd cavanları atlarının quyruğunu düyüb cıdıra hazırlaşardılar.

    Qulplu qazanlarda xörək bişər, qara zurna dilə gələrdi. Düz nağıllardakı kimi üç gün, üç gecə çalıb-oynayardılar. Hava xoş idi. Elə məktəbin həyətində son bahar yaşıllığının üstünə gəbə-kilim də döşəmişdilər. Kəndin ahıl arvadları, qızları, gəlinləri bardaş qurub oturmuşdular. Zurnaçılar ortada, stulda əyləşmişdilər.

    Əvvəlcə cıdırhəngi çalındı, sonra güləşəngi. Cavanlar at çapıb, qurşaq tutub yorulandan sonra oyun başladı. Kəndin gözəlləri qoşalaşdılar.

    İlyasın gözü bacısıyla Zöhrədəydi. Onlar yanaşı oturmuşdular. Bu gün hər şey həll olunmalıydı. İlyasın bacısı meydana çıxmalı, ortada bir az hərlənəndən sonra Zöhrəni çağırıb oynatmalı idi.

    Zurnaçılara yanaşdı. Qulaqlarına nəsə pıçıldadı. Sümüyə düşən ağır bir hava çalınan kimi İlyasın bacısı ayağa durdu, qollarını qaldırıb bir dövrə vurdu və oynaya-oynaya gedib Zöhrənin qabağında dayandı. Qız əvvəlcə dartındı, oynamaq istəmədi. Onu dümsükləyib ayağa qaldırdılar. Zöhrənin başında bənövşəyi yelinli ağ kəlağayı vardı. Cığaları qıvrılıb yanağına düşmüşdü. Qırmızı koftasının yaxasına pullar düzülmüşdü. Qırçınlı uzun donu topuğuna enirdi. Hiss olunurdu ki, dikdaban çəkməsini yenicə geyinib.

    Qol-qola verib ortada süzdülər. Dəfçi nəsə qışqırdı, kiminsə adını çəkdi, “Sağ olsun oynayanlar” – dedi. İlyas bunları eşitmədi. Onun gözü Zöhrə ilə bacısındaydı. Zöhrənin oyunu onu valeh etmişdi. Bu qız nə gözəl oynayırdı, asta-asta, sındıra-sindıra. Dəfçi hər dəfə çomağını dəfə endirəndə qızın qolları tərpənirdi buğum-buğum.

    İlyasın bacısı oyununa ara vermədən hərləndi və sezilmədən Zöhrənin kəlağayısının yelənli ucunu ələ keçirdi. Zöhrə gözünü yumub-açınca ovcundakı pulu kəlağayının ucuna düyünlədi. Bu qızı bəlləmək deməkdi.

    Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil. İlyas gördü ki, qız qıpqırmızı oldu və dartındı. Ancaq bacısı qızı tərpənməyə qoymadı, qucaqlayıb üzündən öpdü. Zöhrə başını aşağı salıb yerinə keçəndə dəfçi yenə qışqırdı:

    – Sağ olsun oynayan nişanlısıynan…

    İndi o, dizinə qədər qara bata-bata, ağacların budağından yapışa-yapışa dağa qalxır, meşənin dərinliyində özünə məskən salmış Qaçaq Süleymanın yanına gedirdi. İlyas qaçaqların harada gizləndiyini təxminən bilirdi. Eşitmişdi ki, Süleymanın dəstəsi əzgilli taladan bir az o yana, Sarı qayanın alt tərəfində yerin altında lağım atıb, özlərinə sığınacaq düzəldiblər. Bura əlçatmaz bir yer idi. Qışda orada daldalanır, yaz-yay aylarında bir az da yuxarı qalxırdılar. Yuxarı qalxdıqca qar daha da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. Onun qaşı, kirpikləri buz bağlamışdı. Papağının sallama qulaqları donub quş qanadları kimi havada qalmışdı.

    İlyas Qaçaq Süleymanı bircə dəfə görmüşdü. Düz iki il bundan əvvəl, belə qarlı bir gündə, qaçaqlar atlarını çapıb kəndə doluşdular. Boğazına kəndir saldıqları bir adamı atın yedəyində darta-darta məktəbin qabağındakı meydana gətirdilər. Hamı tamaşaya yığışdı. İlyas boğazı kəndirli adamı tanıdı. Müəllim idi. Şəhərdən gəlib qonşu kənddə dərs deyirdi. Onun paltosunu çıxartmışdılar. Bircə köynəkdə idi. Dizə qədər qara batmışdı.

    Qaçaqlardan biri qaşqa kəhər atını məhmizləyib qabağa çıxdı. İlyasın nəzərinə ilk çarpan onun çatılmış qaşları altında parıldayan qan sağılmış gözləri oldu. Kişinin üzündəki tüklər də biz-biz idi. İribədənli, enlikürəkli, genişsinəli bu adam yəhərin üstündə qırğı kimi oturmuşdu. Kürkünün üstündən bağladığı onaçılan, çiynindən aşırılan çalın-çarpaz qoltuqaltılar, yəhərin qaşından asdığı beşaçılan onun zəhmli sifətini daha müdhiş göstərirdi.

    – Camaat, bilirsinizmi bunun günahı nədir?

    Heç kəsdən səs çıxmadı. Hamı dönüb qarın içində başı, sinəsi açıq dayanan müəllimə baxdı. Onun sifəti, qulaqları şaxtadan göyərmişdi.

    – Bu bizim namusumuza toxunub. – Elə bil camaatın üstünə su ələndi.

    Bunu hiss edən qaçaq sözünü tamamladı, – qızları başına yığıb teatr çıxardıb.

    Kəndin ağsaqqallarından biri çiyninə saldığı kürkünün yaxasını çəkib düzəltdi və bir-iki addım irəli yeridi.

    – İndi fikrin nədi, ay oğul?

    – Gözünüzün qabağında bunun başını kəsəcəm.

    – Əl saxla, a bala, adam hər şeydən ötəri qan tökməz. Görmürsənmi fağırın biridi, çevir balalarının başına, burax getsin.

    Qaçaq Süleymanın üzü əsdi. Qamçısı ilə papağını alnından geri itələdi.

    Onun gözləri kişinin üzünə zilləndi.

    – Yəni deyirsən, namusumuzu ayaqlar altına ataq?

    – Kim deyir onu, a bala, namussuz yaşamaqdan ölmək yaxşıdır. Qaçaq Süleyman inadından dönmək istəmədi. Amma kənd camaatı ondan əl çəkmədi. Əl-ayağına düşdülər, yalvar-yaxar edib qaçağı yumşaltdılar.

    – Yaxşı, anan namaz üstündəymiş, qurban ol bunlara. Səni buraxıram, amma burdan elə əkilərsən ki, heç izin-tozun da qalmaz. Bir də gözümə dəysən böyük tikəni qulağın boyda eləyəcəm.

    Müəllimin boynundan kəndiri açdılar. Paltosunu verdilər və dağlardan arana enən cığırla yola saldılar.

    Qaçaq Süleyman kənddən getməzdən əvvəl atının cilovunu çəkdi.

    – Camaat, – dedi – yadınızda saxlayın, məni çöllərə salan elin na-musudur.

    Nə qədər sağam, qoymaram bu mahalda bir adamın namusuna toxun- sunlar!

    İlyas səhər çay kənarında Rəşidlə sözləşəndən sonra bunları yadına saldı və dağlara üz tutdu. Onun gözünə heç nə görünmürdü. Nə şaxtanı hiss edir, nə də qaranlığa düşüb qurd-quşa yem ola biləcəyini ağlına gətirirdi. Onun beynində bircə fikir dolaşırdı: harda olsa, Qaçaq Süleymanı tapmaq, ürəyindən keçənləri düz gözünün içinə demək.

    O bilirdi ki, qaçaq öz adamlarına tapşırıb onu tikə-tikə doğratdıra bilər, ya da özü əli titrəmədən onaçılanın tətiyini sıxar və həddini aşmış bu cavanı bir andaca yox edər. İlyas bunların hamısını ürəyində ölçüb-biçmişdi və necə deyərlər, kəfəni boynuna dolamışdı. Yəqin etmişdi ki, bu yoldan sağ- salamat qayıtmayacaq, amma fikrindən dönməmişdi.

    – Dayan, kimsən?

    İlyas fikirdən ayılanda sinəsinə tuşlamnış lüləni gördü və anladı ki, qaçaqlara rast gəlib. Sevindi.

    – Məni Qaçaq Süleymanın yanına aparın.

    – Aldatdım deməzsən ki?

    – Doğru sözümdür. Vacib işim var.

    – Ə, sənin onnan nə işin ola bilər?

    – Olmasa, bu boranda, qarda bələnlər aşıb buraya gəlməzdim ki? İlyasın sərt cavabı qaçağı bir az çaşdırdı. Tüfəngi aşağı salıb ona yaxınlaşdı.

    Diqqətlə üst-başını süzdü və arxaya keçdi.

    – Düş qabağıma! Onsuz da buradan salamat qayıtmayacaqsan.

    – Qayıtmayanda da qayıtmaram, məni niyə qorxudursan?

    – Yekə-yekə danışma, düş qabağıma.

    O, içəri girəndə Qaçaq Süleyman qara damın küncündə, peçin yanına qoyulmuş taxtın üstündə, mütəkkəyə dirsəklənərək uzanmışdı. Çəkmələrini soyunsa da yarağını çıxartmamışdı. Qoltuqaltıları çiynində, tüfəngi yanında, onaçılan qarnının üstündəydi. İlyası görəndə dikəldi, ayaqlarını taxtdan sallayıb oturdu və qan sağılmış gözlərini onun üzünə zillədi. İlyas bu zəhmli baxışlardan sarsılmadı, əksinə, sakitləşdi. Əslinə baxsan ona elə gəlirdi. O bilmirdi ki, keyləşib. Qulaqları heç nə eşitmir, gözləri gözlərinə sancılmış gözlərdən başqa, heç nə görmür, harada olduğunu, kiminlə üz-üzə dayandığını belə ayırd edə bilmirdi.

    – Xeyir ola, komsomol, niyə gəlibsən?

    Bu səs onu ayıltdı. Beyninin uğultusu, qulaqlarının güyültüsü bircə anda yoxa çıxdı və qaçağın özü də elə bil dumandan sıyrılıb bütün aydınlığı ilə önündə dayandı. İlyas qurumuş dodaqlarını dili ilə islatdı və düz onun gözünün içinə baxdı.

    – Sənin üzünə tüpürməyə.

    Bircə an, yalnız bircə an ortalığa sükut çökdü. İlyas elə bil çiyinlərini ildırım daşıtək basıb əzən yükün altından çıxıb yüngülləşdi. Ona elə gəldi ki, sinəsi genişləndi, nəfəsi açıldı. Və birdən qan sağılmış gözlərin sərt baxışlarını üzündə hiss etdi. Bu baxışların üzünə sancılması ilə qollarının daldan qanrılıb burulması bir oldu. Onu sürüyüb bayıra atmaq istədilər.

    Qaçaq Süleymanın zəhmli, amiranə səsi eşidildi:

    – Buraxın, qoyun sözünü axıracan desin. Niyə mənim üzümə tüpürürsən, bala?

    – Ona görə ki, yalançısan, hər yerdə namusdan danışırsan, amma sənə arxalananlar namussuzluq eləyirlər. Toy günü gəlini nişanlısının əlindən almaq istəyirlər.

    Kişini elə bil ilan çaldı. Yerindən sıçrayıb dik atıldı.

    – Kimdi o biqeyrət?

    – Koxalıların Rəşidi.

    Qaçaq Süleymanın qaşlarının çatıldı. Üzünün tukləri biz-biz oldu. İlyas gördü ki, kişinin geniş sinəsi körük kimi qabarıb endi. Bir xeyli fikirli-fikirli ortada hərləndikdən sonra taxtın üstünə uzanıb mütəkkəyə dirsəkləndi.

    İlyasın sözü onu yaman tutmuşdu. Doğrudan da, onu çöllərə salan nəydi? Neçə il idi ki, evindən-eşiyindən niyə didərgin düşmüşdü? Kim idi onu yuvasından hürküdən? Süleymanın atası da, özü də, elə qohum-qar-daşları da şura hökuməti qurulanda hamıdan çox sevinmişdilər. Yenicə ayrılan açılıb, dirçəlmişdilər. Onların nəsli kasıb dolanmışdı, amma heç kəsin qabağında əyilməmişdilər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusdur.

    Gərək təkcə öz namusunu yox, qonum-qonşunun, el-obanın da namusunu qoruyasan. Kişi olan başqasının qız-gəlininə xain gözlə baxmaz.

    Bu sözlər uşaqlıqdan onun beyninə həkk olunmuşdu. Sonra böyüyüb kəndin dəliqanlılarına qoşulanda da, toyda-mağarda cıdıra çıxıb at çapanda da, kəndin cavanları ilə qurşaq tutub güləşəndə də atasının sözləri qulaqlarından getmirdi. Onu barmaqla göstərirdilər. Kürəkləri enli, beli nazik idi, az qalırdı üzükdən keçsin. Ona gözü düşənlər çox idi. Bilirdi ki, kəndin qızları onun dalınca həsrətlə boylanırdılar və az qalırdılar ki, qabağa düşüb ürəklərini açsınlar, altdan yuxarı üzünə baxıb həyadan pörtə-pörtə “Noolar, mənciyəzi al” desinlər. Ona söz atan gəlinlər də olurdu. Amma Süleyman onlara gözünün ucuyla da baxmırdı. Kəndin ağsaqqalları “halal olsun, kişinin oğluna” – deyib, onunla qürurlanardılar.

    Onu kənddə yenicə düzəlmiş komsomol özəyinə katib seçdilər. Cavanları başına topladı, əkinə-biçinə, məktəbə, savad kurslarına kömək elədi. Dəstə getdikcə böyüdü, Süleymanın sorağı da böyüdü, ətraf kəndlərə də yayıldı.

    Onların kəndində Əbdürrəhman adında bir bəy də vardı. Əzazilin  biriydi, boylu arvadlar onu görəndə uşaq salardılar. Şura hökuməti quru-landa başına dəstə toplayıb bir neçə il heç kəsi tanımaq istəməmişdi. Atını çapıb hamıya bildirmişdi ki, buraların ağası mənəm, başqa xəyala düşməyin. Bir dəfə də Süleymanın qabağını kəsib hədələmişdi. “Deyəsən, çox əllaməlik eləyirsən, bala, ağır otur, batman gəl, başın bədəninə ağırlıq eləməsin”. Hətta bir dəfə üstünə tüfəng də çəkmişdi. Güllə Süleymanın papağını silib keçmişdi.

    Bir gecə “Gepo”nun adamları sakitcə gəlib, Əbdürrəhman bəyi də, oğlanlarını da apardılar. Onların evini idarə elədilər. Üst gözdə kənd şurası, firqə özəyi yerləşdi. Bir otaq da komsomola verdilər. Arvad-uşağı isə aşağı, zirzəmiyə oxşar yerə köçürdülər.

    Bəyin bir cüt maral kimi qızı vardı, abırlı, həyalı. Kəndin arasına az- az çıxardılar, ataları tutulandan sonra isə heç gözə görünmədilər. Süleyman göz qoyardı, qızlar zirzəminin qaranlıq küncündə bir-birinin qoynuna qısılıb oturardılar. Oduna, suya da qarı ilə bəyin arvadı gedərdi. Atası bir dəfə Süleymanı bir küncə çəkdi. “Oğul, – dedi – bilirəm komsomolsunuz, bəylərlə vuruşursunuz, yaxşı eləyirsiniz. Amma arvadda, uşaqda işiniz olmasın. Qulağıma pis sözlər gəlir. Deyəsən, Keçəl Xondulu dinc durmur. Yadında saxla, elin namusu bizim namusumuzdur. Təmiz adımızı ləkələməyin”. Atasının sözündən sonra Süleyman yoldaşlarına göz qoydu. Tapşırdı ki, farağat otursunlar.

    Bir dəfə gecədən xeyli keçmiş idarədən işıq gəldiyini gördü. Qanrıldı. Elə bildi ki, rayondan təhkimçi gəlib, nə isə vacib bir işi var. Qapının ağzına çatanda heyrətləndi. İçəridən taqqıltı gəlirdi. Elə bil süpürüşürdülər. Kimsə hıçqırırdı. Süleyman çiynini qapıya verdi və ona elə bir güc gəldi ki, zirzəmi yerindən oynadı. İçəri girəndən gözlərinə inanmadı. Əbdürrəhman bəyin qızları küncə qısılmışdılar. Üst-başları cırıq-cırıq idi, saçları üzlərinə dağılmışdı. Keçəl Xondulu porsuq kimi qızarmışdı. Qollarını çirməmiş, köynəyinin yaxasını açmışdı. Şalvarının üstündən tumanbağısı sallanırdı. Gözləri pişik gözü kimi parıldayırdı. Qapı açılanda boynunu içəri çəkib belini donqarlandırdı və qan hərisi vəhşiyə dönərək yay kimi gərildi. Bircə atı da keçsə, irəli atılacaqdı. Süleymanın beyni uğuldadı və gözlərinə qan sağıldı. Naqanı çıxartmağı ilə tətiyi çəkməyi bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə…

    Bayırda at fınxırdı. Ayaq tappıltıları və qarışıq səslər eşidildi. Sonra qara damın qapısı cırıltı ilə açıldı. Qapı aralanan kimi içəri soxulan işıq zolağı damın yarıqaranlıq havasını qılınc kimi doğradı, divarda süründü və taxtın üstündə uzanmış Süleymanın üstünə düşdü, qapı örtülən kimi də yox oldu. İlyas dik atıldı. Qarlı havadan sonra gözü qamaşan və evin ortasında dayanıb boylanan Rəşidi görəndə qan beyninə sıçradı. Amma Qaçaq Süleyman yerindən tərpənmədi. Gözü qaranlığa alışandan sonra qollarını açıb üstünə yeriyən Rəşidə əhəmiyyət vermədi. Mütəkkəyə dirsəkli halda uzandı, bir azca ayaqlarını yığıb, taxtın aşağı tərəfində ona yer elədi. Rəşid pərt olsa da, üstünü vurmadı, ayaq tərəfdə oturdu. Onlara çay gətirdilər. Yalnız bundan sonra Qaçaq Süleyman başını qaldırıb qonağın üzünə baxdı:

    – Kürkünü soyun, soyuq dəyər.

    Onun sakit, amiranə səsi Rəşidi çaşdırdı. Gözü Süleymanın üzündə qımışa-qımışa kürkünü çıxartdı.

    – Deyirlər kəndinizdə toy var?

    Qəfil sualdan Rəşid diksindi. Stəkanı nəlbəkiyə qoyub qaçağın üzünə baxdı. Bilmədi nə desin.

    – Niyə dinmirsən?

    Rəşid tələsik cavab verdi:

    – Var.

    – Kimin toyudur?

    – Murad kişinin dığası İlyasın. – Rəşid elə bil dirçəldi. Qaş-gözünü oynadıb sözünə davam etdi. – İndi hər qor-qoduq adam olub ortaya düşüb. Başın haqqı ona dağ çəkəcəm.

    İlyas dözmədi. Küncdən çıxıb irəli gəlmək istədi. Amma Süleyman gözünü ağardıb onu yerində oturtdu. Deyəsən, Rəşid heç onu görmürdü.

    – Fikrin nədir?

    – Elə bu gecə qızı onun əlindən alacam.

    – Araya qan düşməyindən qorxmursan?

    – Nədən qorxacam? Dalımda dağ kimi dayanıbsan.

    Qaçaq Süleyman papağını çıxardıb dizinin üstünə qoydu. Fikirli-fikirli başını ovxaladı. Ortalığa çökən sükut xeyli çəkdi. Birdən onun qaqqıltısı divarda şaqqıldadı. Rəşid də ona qoşuldu, Gözləri yaşarıncaya qədər güluşdülər. 

    – Ağzıyın dadını yaman bilirsən ha.

    – Bə nə. Gərək bu gəda-güdələrın anasını ağladasan.

    – Bə qorxmursan?

    – Nədən?

    – Xam qızla yatmaqdan.

    – Arxayın ol, hələ canım suludu.

    İlyas küncdəcə dayanıb söhbətin hayana səmt alacağını gözləyirdi. Dişi bağırsaqlarını kəssə də susurdu. Başına nə iş gələcəyini bilmirdi. Bircə onu hiss edirdi ki, Qaçaq Süleymanın səsi titrəyir, qaşları çatılır və üzünün tükləri biz-biz olur.

    Süleyman papağını başına qoydu. Ayaqlarını taxtdan sallayıb oturdu. Əvvəlcə peçin yanında quruyan çəkmələrini geyindi, sonra ayağa qalxıb kürkünü, onaçılanı belinə bağladı, qamçısını əlinə aldı. Rəşidin çaşdığını görüb dilləndi:

    – Dur gedək. – Onlar qapıya yaxınlaşdılar. Qaçaq Süleyman Rəşidi qabağa salıb geri dondü. – Komsomol, sən də dur. Rəşid qanrılıb İlyasa baxmaq istədi, ancaq Süleyman itələyib onu bayıra çıxartdı.

    Hava ayazımışdı. Gün işıldasa da soyuq idi. Meşəyə, talalara sərilmiş qar adamın gözünü qamaşdırırdı.

    – Atları bəri çəkin!

    Qaçaqlar bir göz qırpımında tövlədə saxladıqları yəhərli-yüyənli atları gətirdilər. Qaçaq Süleyman ayağını üzəngiyə qoyan kimi sıçrayıb atın belinə qalxdı. O biriləri də atlandılar. Yalnız bu zaman İlyas özünü itirdi. Buraya gəldiyinə peşman oldu, özünü danladı.

    Qaçaq Süleyman bu saat iki il bundan əvvəl müəllimin boğazına kəndir salıb kəndə gəldiyi şəklə düşmüşdü. Qaşları çatılmış, üzünün tükləri biz- biz olub kirpi tikanına dönmüşdü. Beşaçılanı yəhərin qaşından asılmışdı, çalın-çarpaz bağladığı qoltuqaltıları, onaçılanı yerindəydi.

    İlyas gözlədi ki, bu saat onun paltarını soyunduracaqlar, boğazına ip salıb atın döşünə qatacaqlar, dərə aşağı sürüyüb kəndə aparacaqlar və kim bilir başına daha nə kimi oyunlar açacaqlar. Ürəyində özünü yaman danladı, uşaqlıq elədiyini başa düşdü. “Özüm heç, bir can borcluyam, öldürərlər cəhənnəmə öldürsünlər, amma el-oba biabır olacaq.”

    Rəşid atın üstündən dönüb rişxəndlə ona baxanda az qaldı ürəyi partlasın.Qaçaq Süleyman cilovu gəmirən atın başını dartdı.

    – Təzə bəyə də at verin.

    Rəşid təəccübləndi:

    – Onu da aparaq?

    – Bə nə. Heç bəysiz də toy olar?

    İlyasa at gətirdilər. Oğlan duruxdu. Gözlərini Qaçaq Süleymanın qan sağılmış gözlərinə zillədi və ilk dəfə bu gözlərdə mehribanlığa bənzər bir işartı gördü. Deyəsən kişinin sifəti də işıqlanmışdı. Dodağında təbəssümə bənzər bir şey sezilirdi.

    – Min, bala, səni toya piyada aparmayacağıq ki? Eldən ayıb olar.

    İlyas bu sözlərin arxasında dərin, gizli bir kinayə olduğundan şübhələnsə də, sıçrayıb atın belinə qalxdı. Qaçaqlar atları mahmızlayıb özlərinin tanıdıqları kəsə yolla dərəyə endilər.

    Sazaq başlamışdı. Atların ayaqlarının altında qar xarıldayırdı. Ağacların budaqları şaxtadan çatlayıb qırılırdı. Orda-burda qarğalar qarıldaşırdı. İlyası fikir götürmüşdü. Qaçaq Süleymanın sözlərini bir yana yoza bilmirdi. “Təzə bəyə at verin!”, “Səni toya piyada aparmayacağıq ki?” Bunlar nə demək idi? Yoxsa məni ələ salırdılar? Görəsən, atam indi neyləyir? Yəqin, damın üstünə çıxıb-düşməkdən, yollara baxmaqdan gözünün kökü saralıb. Barı anama heç nə deməyəydi, yazıq arvadın bağrı çatlayar. Görəsən, qız evinin qulağına bir şey çatmayıb ki? Zöhrə indi mənim harada olduğumu bilirmi? Bilirmi ki, qaçaqların yanındayam, ondan ötəri gəlib buralara çıxmışam. Özümü də işə salmışam, onu da. Bəlkə, heç buraya gəlməyəydim, Rəşid mənə neyləyə bilərdi ki? Heç camaat qoyardımı ki, kənddə namussuzluq ola. Nəysə… Özü yıxılan ağlamaz, Allaha pənah…

    Onlar dərənin aşağısı ilə axan çayın sahilinə çatdılar. Su buz bağlayıb ağız-ağıza qovuşmuşdu. Qaçaq Süleyman cilovu çəkib buzun altında axan suyun həzin şırıltısına qulaq asdı. Sonra qamçı ilə yoldaşlarına nəsə işarə etdi. İki nəfər atdan düşdü. Buzun üstü ilə çayın ortasına qədər getdilər. Tüfəngin qundağı ilə buzu sındırdılar. Quyunun ağzı boyda dəyirmi yer açdılar. Qaçaq Süleyman üzünü Rəşidə tərəf tutub gülümsündü:

    – Çimməklə aran necədir?

    – Bu soyuqda?

    – Bəli. Deyirlər soyuq su adamın belini bərkidir.

    Rəşid döyükdü. Süleymanın üzünə baxdı. Bilmədi gülsün, yoxsa ciddiləşsin.

    – Zarafatı burax.

    – Zarafat niyə, düz sözümdür, axşam qız yanında olacaqsan.

    Rəşid atın cilovunu çəkib qaçağın üzünə bozardı:

    – Başına at təpibdir, nədir, məni ələ salırsan?

    – Dedim ki, çiməcəksən!

    O, əlini naqana aparmaq istədi. Elə bu an qamçı Rəşidin üzündə şaq- qıldadı və Qaçaq Süleymanın hirs dolu boğuq səsi eşidildi:

    – Atdan düş, oğraş!!!

    Onu sürüyüb yerə saldılar. Kürkünü, şalvarını, pencəyini çıxartdılar.

    Bircə tuman-köynəyinə dəymədilər. Qolundan yapışıb darta-darta suyun ortasına gətirdilər. Çapalamasına, yalvarmasına fikir vermədilər. Suya basıb çıxartdılar. Bircə anda bədəni qıpqırmızı oldu. İslaq tuman-köynək ətinə yapışdı. Çənəsi şaqqıldadı. Buna fikir vermədilər, yenidən qolundan yapışıb buzun sınıq yerinə saldılar. Onun söyüşlərini, iniltiyə çevrilən yalvarışlarını eşitmədilər. Başçı “bəsdi” deyənə qədər çimizdirdilər. Axırıncı dəfə başıaşağı suya salıb kənara atdılar. Rəşid şappıltı ilə buzun üstünə sərildi. Onu geyindirib atın belinə atdılar. Şallaqdan hürkən at, baş götürüb dərə aşağı çapdı.

    İlyas cınqırını çıxartmadan, heyrət və sevinclə gördüklərinə tamaşa edirdi. O, özünü elə itirmiş və elə keyləşmişdi ki, Qaçaq Süleymanın səsini eşitmədi:

    – A bala, get arxayın toyunu başla, bir köpəkoğlu sənə söz deyə bilməz. Bəlkə, özüm də gəldim.

    İlyası iki atlının müşayiəti ilə yola saldılar.

    Həmin axşam iki yerdə səhərəcən işıq yandı. Biri Murad kişinin həyətındə, o biri isə Rəşidin evində. Murad kişinin həyətində yanan lopa idi, Rəşidin evində otuzluq lampa. Murad kişinin tərtəmiz silinib-süpürülmüş və palaz döşənmiş samanlığında mağar idi – çalıb-oynayırdılar, Rəşidgildə isə sətəlcəmdən od tutub yanan kişiyə küpə salır, üstünü yorğanla bərk-bərk örtürdülər.

    Səhər tezdən zurnaçılar damın üstünə çıxıb “atdandırma” çalanda bir dəstə atlı dağlara qalxdı. Cağ yerinə qədər ot döşənib üstünə gəbə, yorğan- döşək salınmış arabada bəzəkli bir gəlin üzünə salınmış duvağı aralayıb göz qamaşdıran qarda cığır salan təkərlərin izi ilə evlərinə baxıb kövrələ-kövrələ Murad kişinin qapısına gəldi.

    Kəndin aşağısında, koxalılar tərəfdənsə ağlaşma səsi ucaldı.

  • Xalq yazıçısı İsmayıl ŞIXLI.”Namərd gülləsi” (Hekayə)

                                                                                                                      Dostum Hüseyn Arifə

      Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynargözlü kəhərin işıldayan dərisinə,səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də… Amma indi, illaha da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı…
    O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların kölgəsində dayandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi.Qara qılçaq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb-solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların dibindən axana arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış palaza, döşəkcə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini soyunsun, nə də tüfəngini, qoltuqaltısını çıxardıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən qorxacaqdı? Kərəm yəqin ki, bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa da qorxusu yoxdu. O, ömründə əliyalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı…
    Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxzası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarının yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. O qədər anasının əmcəyini kəsənlər var ki… Elə biri gəlmə Mürşüd.
    Onun əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan – oap çoxdan, Niftalıgilin doqqazında üstü-başı yamaqlı, acından hülqumu qalxıb-enən, mə’lul-müşkül baxışı bir oğlan boynunu büküb dayanmışdı. əlində əsa, çiynində nimdaş heyvə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü, batmış quyunun dibindəki su kimi güclə işıldayırdı.
    Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, “a bala, kimsən”? – deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, hardansa azıb gəlmiş bu allah bəndəsinə təffərinclə baxdı və başa düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənin öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən dırnağa diqqətlə süzdü və “yox, bu dama öldürüb qaçana oxşamır – deyə ürəyindən keçirdi. – Yəqin başqa əmması var”. əslinə baxsan kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.
    Elə bil qərib bunu hiss etdi, qışın girhagirində, qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi:

    – Qaçqınam, ay dayı, heç kimim yoxdu.
    Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi
    – Buranı sənə kim nişan verib?
    – Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm.
    Ata oğula baxdı, oğul da ataya.
    – Adın nədir?
    – Mürşüd.
      Düzmü deyirdi, allah bili, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər.
    Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.
    Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı.
    Niftalı bir gün eşitdi ki, Mürşüd arvadına incidir. Həftələrnən evə gəlmir, şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar.
    – Niyə görünmürsən? – Nə olub, görünməyim vacibdir? – Bəlkə bir sözüm var? – Sənin mənə nə sözün ola bilər? – Ə, nə yekə-yekə danışırsan? – Danışmayanda, susmayacağam ki?
    Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar. Yolun tozu göyə qalxdı.
    – Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!
    – Artıq-əskik danışma, sözünü de!
    Niftalı kişi hirsini zorla boğdu.
    – Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, dalına bülöv çalaram, bildin?!
    – Qələt eləyərsən, keçmişini də yanına alarsan!
    – Ə, gəlmə köpəkoğlu, mənəcavab qaytarırsan?!
      Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu. Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi kimi qəzəblənib onu tapdaladı.Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qıvrılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü. Xəncər havada parıldadı.
    – Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.
    Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı.
    – Di get, qurban ol evdəkilərə.
    Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü və birdən yüyəni dartıb geri qanrıldı.
    – Yaxşı, a koxa, bu hayfı səndən almasam, kişi deyiləm. – Niftalı özünə gələnəcən atın başını qanırıb qışqırdı. – Mənə sırdığın qancığı da gəlib apara btlərsən!
    Koxa taı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb…
    Niftalı koxalığa keçəndən sonra itəsə də, istəməsə də xətrə dəyməli olurdu. Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tutmamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma belə şyelərdən ötrü el-oba ilə üz-göz ol, görüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Eə ki boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!
    Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə cırıldayırdılar ki, adam qulağını tutmalı olurdu. Niftalını koxanı isti, üstəlikdə cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsini, başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini suya uzatdı. Kür tərəfdən uzanıb qəbiristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları görmədi. Cırcıramalrın səsi qulağına düşdüyündən atların fınxırtısını, üzəngilərin cingiltisini, ayaq tappılöıların eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı. Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı.
    – Namərd köpəkoğlu!
    Daha heç nə eşitmədi. Ktvşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı, uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü…
    Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı. Gözləri qapalı idi.Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşəmnçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək eləsin. Elə bil bunu Niftalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı. Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədənin titrəyib dartındı, elə bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.
    – İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki, əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?
    Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq təkin atılıb düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi.
    – Kərəm? – Düz tanımısan, Niftalı, mənəm. – Lap yaxşı, sən olmağın yaxşıdır.
    Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir adamıydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə düşən, onun qanına susayan, füpsət tapan kimi ələ verməyə hazır olan adam dyeildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sirdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona bir-neçə dəfə ismarıc eləmişdi ki, kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı, qulaqburması vermək üçün.
    – Dəstəndə təzə adam varmı?
    Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi.
    – Var.
    – Kimdi?
    – Mürşüd.
    – O gədamı?
    Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.
    – Mənə pənah gətirdi, neyləyim?
    – Bizə də pənah gətirmişdi, axırınıkı, gördün.
    Kişi inildədi. Kərəmə elə gəldi ki, onu inildədən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır.
    Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi.
    – İndi arxayın ölə bilərəm… Şükür allaha, zənnim puça çıxdı… Yoxsa o dünyaya niskilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin… Başımı bir azca yuxarı qaldır.
    Kərəm onun qoltuğunu altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə mey əsirdi, yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil səslə cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa ilğımmı keçir.
    Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü ki, kişinin halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son döyüntülərini keçirən ürəyin damarlara vurduğu axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi.
    – Kərəm, bircə diləyim var…
    – De görüm.
    – Naqanını çıxart, məni alnımdan özün vur.
    – Nə danışırsan?
    – Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb… Kişini kişi öldürər, qardaş, gəda-güda yox.
    – Əlim qalxmaz.
    – Dediyimi eləməsən, atayın belindən gəlməyibsən.
    Kişinin sinəsi qalxdı və asta-asta endi.
    Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi tüfəngi hərləyib elə buradaca, tülkm kimi büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi. “Onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar”- deyə düşündü. Bir də əlini murdarlamaq istəmədi.
    – Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik.
    Kərim qərara almışdı. Niftalı koxanın meyidini kəndə özü aparacaqdı. Kişini əlləri üstünə alacaq, atı isə dalcan gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-haray salıb üz-gözünü cıracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə onlara güllə də atacaqdılar. Artıq-əskik danışanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində belə naəmrdlər tapılsın. O, əmin idi ki, meyidi sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə, qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz tutacaqlar.
    Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var…
    Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı…

                                                                                                                                  1987

  • “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2020-ci ildə ikinci sayı nəşr olunub. 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir.

    “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”da Qazan xan və Uruz silsiləsi” məqaləsi ilə açılır.

    Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

    “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Azərbaycan ədəbiyyatı”, “Mətbuat tarixi”, “Ədəbi tənqid”, “Folklorşünaslıq”, “Yubileylər” və “Xronika-2020” rubrikalarından ibarətdir.

    “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir.

    Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

                          İctimaiyyətlə əlaqələr şöbəsi

  • Coşqun XƏLİLOĞLU.”Qəhrəman Atam”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ŞƏHİD BALALARININ DİLİNDƏN


    Atam şəhid olubdur,
    Qarabağ savaşında,
    Cənnətə qovuşubdur,
    Otuz altı yaşında.
    Başlarkən müharibə
    Dedi, getməliyəm mən,
    Qarabağı düşməndən
    Azad etməliyəm mən.
    Gülümsünüb, diqqətlə
    Baxdı mənim üzümə,
    Maşallah, böyümüsən,
    Diqqət elə, sözümə:
    -Bu torpaq babalardan
    Bizə bir əmanətdir,
    Torpağı yada vermək
    Günahdır, xəyanətdir.
    Torpağımız kafirin
    Əlində qala bilməz,
    Qarabağsız bu diyar
    Yurd, vətən ola bilməz.
    Məhv eyləyib düşməni
    Qayıdarıq, inşallah,
    Anam dedi, qorusun,
    Sizləri, qadir Allah
    Döyüşlərə atıldı
    Atam bir aslan kimi,
    Düşmənlərlə vuruşdu,
    Əsil qəhrəman kimi.
    Əlində avtomatı
    Daim irəli keçdi,
    Düşməni milçək kimi
    Məhv etdi, qırdı, biçdi.
    Atam qəhrəman olub,
    Dostları da şahiddir,
    Gecə yuxuma gəlir,
    Gül üzlü bir şəhiddir.
    Atamla fəxr edirəm
    O, qələbə çalıbdır,
    Qarabağı düşməndən
    Öz qanıyla alıbdır.
    22.12.20.

  • Coşqun XƏLİLOĞLU.”Azərbaycan əsgəri”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Dayanıb gecə-gündüz
    Vətənin keşiyində,
    Mərdlik öyrədib ona
    Anası beşiyində.

    Qəhrəman millətimin,
    Ulu Türkün öğludur,
    Cəsarətdə, qeyrətdə,
    Babəkdir, Koroğludur.

    Qorxmazdır, Mübarizdir,
    Cəsur bir övladdır o,
    Yenilməz qəhrəmandır,
    Əyilməz Poladdır o.

    Azərbaycan əsgəri
    Xalqımızdan güc aldı,
    Müqəddəs bir savaşda
    Düşmənindən öc aldı.

    Qeyrətiylə, gücüylə
    Necə öyünməyim mən,
    Xilaskar əsgərin var,
    Gözlərin aydın vətən.

    Qovdu yurdumuzdan o,
    Xain, rəzil yağını,
    Düşməndən azad etdi,
    Müqəddəs torpağını.

    Azərbaycan əsgəri
    Məhv eylədi düşməni,
    Ən böyük arzusudur
    Bütöv görmək vətəni!

    Hazırdır hər əmrinə
    Ali Baş Komandanın,
    Daim üstündə olsun
    Nəzəri yaradanın.

    Hələ neçə zəfərə
    O, imza atacaqdır,
    Xalqımın sevincinə
    Min sevinc qatacaqdır!

  • Coşqun XƏLİLOĞLU.”Ağlama, anam, ağlama”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Böyüyüb bir igid oldum,
    Ağlama, anam, ağlama.
    Yurd uğrunda şəhid oldum,
    Ağlama, anam, ağlama.

    Şirin laylanla böyüdüm,
    Mənə deyirdin, “İgidim”,
    Qulağımdadır öyüdün,
    Ağlama, anam, ağlama.

    Yeridim düşmən üstünə,
    Yağını qoydum, pis günə,
    Canım, ağı demə mənə,
    Ağlama, anam, ağlama.

    Axı, niyə ağlayırsan,
    Qara yaylıq bağlayırsan,
    Ürəyimi dağlayırsan,
    Ağlama, anam, ağlama.

    Mən məğlub yox, qalib oldum,
    Öz yurduma sahib oldum,
    Dərd-qəminə təbib oldum
    Ağlama, anam, ağlama.

    Mən vətən torpağındayam,
    Bir çiçəkli bağındayam,
    Anamın qucağındayam,
    Ağlama, anam, ağlama.

    Burda neçə qardaşıq biz,
    Etibarlı yoldaşıq biz,
    Vəfalı dost, sirdaşıq biz,
    Ağlama, anam, ağlama.

    Sən ağlarkən dolur gözüm,
    Saralır bənizim, üzüm,
    Canım-gözüm, budur, sözüm;
    Ağlama, anam, ağlama.

    Dayan, bir bax – qızılgüləm,
    Al laləyəm, qərənfiləm,
    Nəğmə oxuyan bülbüləm,
    Ağlama, anam, ağlama.

    Əyilmə, dik tut başını,
    Sel eyləmə göz yaşını,
    Qeyd elə, hər il yaşımı,
    Ağlama, anam, ağlama.

    19.12.2020

  • Azərbaycan SSRi-nin Xalq şairi Samvel Avanesoviç QRİQORYAN

    Samvel Avanesoviç Qriqoryan (20 aprel 1907ŞuşakəndYelizavetpol quberniyası – 7 iyun 1987Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985).

    Həyatı

    Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşakənd kəndinə dəmirçi ailəsində anadan olub[1]. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib.

    1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

    Azərbaycan Radio Verilişləri Komitəsində işləyib.

    Qriqoryan 7 iyun 1987-ci ildə dünyasını dəyişmişdir.

    Yaradıcılığı

    Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

    1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb.

    A. PuşkinM. LermontovT. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini (Sabir, “Բանաստեղծություններ” (“Şeirlər”), Yerevan, Haypetrat, 1957; Sabir, “Մանկական բանաստեղծություններ” (“Uşaq şeirləri”), Bakı, Uşaqgəncnəşr, 1960; Sabir “Հատընտիր” (“Seçilmiş əsərləri”), Yerevan, Haypetrat, 1962) erməni dilinə tərcümə edib.

    1943-cü ildən Azərbaycan Yazıçılar İttifaqının erməni bölməsinin rəhbəri, 1957-ci ildən Bakıda erməni dilində nəşr olunan “Ədəbi Azərbaycan” (erm. Գրական Ադրբեջան) jurnalının redaktoru olub.

    Samvel Qriqoryanın 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında “Dünya qəlbimdədir” adlı kitabı işıq üzü görüb.

    “Ədəbiyyat və incəsənət” qəzetinin 1976-cı il sayında Samvel Qriqoryanın “Bir foto-şəklin tarixi” yazısı işıq üzü görüb.

    Qriqoryanın Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ərəfəsində dahi bəstəkarla bağlı xatirələri “Ədəbiyyat və İncəsənət” qəzetinin 1984-cü il 3 avqust sayında dərc olunub.

    Qriqoryanın “Kommunist” qəzeti 1984-cü il, 30 noyabr sayında “Azərbaycan” adlı şeiri dərc olunub.

    “Ədəbiyyat və İncəsənət” qəzetinin 1986-cı il, 24 oktyabr sayında Samvel Qriqoryan Azərbaycanın xalq şairi Səməd Vurğuna həsr etdiyi şeir işıq üzü görüb.

    1986-cı ildə isə xalq şairi Süleyman Rüstəmin anadan olmasının 80 illiyi münasibətilə Samvel Qriqoryan ona açıq məktubla təbrikini çatdırıb. “Ədəbiyyat və incəsənət” qəzetinin 14 mart sayındaı “Şair dostuma açıq məktub”u dərc olunub.

    İstinadlar

    1.  Azərbaycanın Xalq Şairi olan erməni ARAŞDIRMA

    Ədəbiyyat

    Kateqoriyalar

  • Azərbaycan SSRi-nin ilk Xalq yazıçısı Aleksandr Minasoviç MOVSİSYAN

    Aleksandr Şirvanzadə (erm. Ալեքսանդր Մինասի Շիրվանզադե, əsl adı Aleksandr Minasoviç Movsisyan; 18.4.1859 — 7.8.1935) — “Şamaxı ermənisi”, Azərbaycan SSR və Ermənistan SSR-in xalq yazıçısı[1].

    Həyatı[redaktə | əsas redaktə]

    Əslən erməni olan Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb.

    19051910-cu illərdə Parisdə, 19101915-ci illərdə Tbilisidə yaşayıb, sonra isə ABŞ-a, Kaliforniyaya yollanıb.

    1931-ci ildə ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley iclasındakı nitqində deyirdi:

    Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim… Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri başlanıb. Lakin gözlərimin xəstə olması dərhal gəlməyimə mane oldu.

    “Xaos”, “Namus”, “Hami”, “Neft zavodunda yanğın”, “Cinli”, “Şərəf üçün”, “Fatma və Əsəd” kimi əsərlərin müəllifidir. Bu əsərlərdə əsasən Bakı və Şamaxıda gördüyü hadisələri qələmə alıb.

    Azərbaycanın xalq yazıçısı[redaktə | əsas redaktə]

    Şirvanzadə Azərbaycan SSR-in Xalq yazıçısı adına 1930-cu ildə layiq görülüb. Bununla da o, Azərbaycan SSR-nin ilk xalq yazıçısı hesab olunur. Eyni ildə Şirvanzadə Ermənistan SSR-in də Xalq yazıçısı adını alıb.

    Əkbər Yerevanlı “Şirvanzadə və Azərbaycan mühiti” məqaləsində qeyd edir: “Aleksandr Şirvanzadə öz həyatı və yaradıcılığı ilə nə qədər ermənidirsə, bir o qədər də azərbaycanlıdır. O, hər iki xalqa, hər iki ədəbiyyata xidmət edən ölməz sənətkardır. Heç təsadüfü deyildir ki, Zaqafqaziya respublikaları içərisində birinci olaraq Azərbaycanda ona xalq yazıçısı adı verilmişdir”.

    Azərbaycan SSR-in ali icraedici orqanı olan Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində 14 mart 1930-cu ilədək Qəzənfər Musabəyov, həmin tarixdən 1932-ci ilədək isə Dadaş Bünyadzadə çalışıb. Bu səbəbdən, Şirvanzadəyə xalq yazıçısı adının kim tərəfindən verildiyini müəyyənləşdirmək bir qədər çətindir.

    C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiqlə dostluq[redaktə | əsas redaktə]

    O zamankı araşdırmaçılar Şirvanzadənin Cəlil Məmmədquluzadə və Abdulla Şaiqlə dostluq münasibətləri olduğunu da yazıblar. Şirvanzadənin Haqverdiyevlə daha yaxşı münasibətləri varmış.

    1929-cu ildə Zaqafqaziya yazıçılarının İrəvan, Bakı və Tiflisdə keçirilən görüşləri zamanı Şirvanzadə ilə Haqverdiyev arasında maraqlı dialoq olur. Abdulla Şaiq “Haqverdiyev haqqında xatirələrim”də bu barədə yazır: “1929-cu ildə Gürcüstan və Ermənistan şairləri ilə görüşə getmişdik. Başçımız Haqverdiyev idi. Şirvanzadə də bizimlə bərabər idi. Ə. Haqverdiyev Şirvanzadə ilə köhnədən dost idi. Yerevanda söhbət üçün bir gün Ə. Haqverdiyevin yanına getdim. Erməni artistlərinin səhnədə göstərdikləri milli rəqslərdən və bu iki xalqın həyat, adət, musiqi və rəqslərinin bir-birinə nə qədər yaxın olduğundan danışırdılar. Şirvanzadə dedi: “Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız. Haqverdiyev erməni həyatından yeni əsər yazmağa söz verdi. Ə. Haqverdiyev verdiyi vədi unutmadı. O, Azərbaycan və erməni xalqlarının dostluğunu əks etdirən “Çox gözəl” (1931) adlı bir pyes yazdı. (“Azərbaycan gəncləri” qəzeti, 12/XII 1948. N149(4473).

    Maraqlıdır ki, 1883-cü ildə “Kəşkül” jurnalının redaktoru və naşiri Cəlal Ünsizadə ondan Azərbaycan həyatından bir əsər yazmasını xahiş edir. Şirvanzadə bu xahişi yerinə yetirir və həmin il “Fatma və Əsəd” hekayəsini yazır. Cəlal Ünsizadə hekayəni “Kəşkül”də çap edir.

    Əkbər Yerevanlı həmçinin yazır ki, Şirvanzadə erməni dilinin böyük müdafiəçilərindən olub: “O, səlis, təmiz erməni dilində yazmağı, kütləvi xarici təsirlərdən uzaqda durmağı tələb edir və özü belə yazırdı. O, X. Abovyanın Azərbaycan sözlərilə qarışıq dilini, erməni ədəbi dil tarixində böyük rol oynamasına baxmayaraq, bəyənmirdi. Çünki Abovyan erməni dilinin bir ləhcəsində yazmış və həddindən çox Azərbaycan sözləri işlətmişdi”.

    Buna baxmayaraq, Şirvanzadə öz yaradıcılığında Azərbaycan dilindən istifadə edib.

    Əsərləri[redaktə | əsas redaktə]

    • “Namus”
    • “Nakam qız”

    Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı “Namus” romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi eyniadlı “Namus” filmi ilk erməni bədii filmi sayılmaqdadır.

    Həmçinin bax[redaktə | əsas redaktə]

    İstinadlar[redaktə | əsas redaktə]

    1.  Abbas Zamanov, “Şərhlər”. Həmidə Məmmədquluzadə, “Mirzə Cəlil haqqında xatirələrim”, “Azərnəşr”, 1967. səh. 195

    Xarici keçidlər

  • Rafiq ODAY.”TANRIM, BİZ EYNİ DƏRDDƏYİK”

    Dönüb, dönüb, eyni yerə,
    De nədən gəlirik, Tanrım?
    Bu dərdlər mənim üstümə,
    Binədən gəlir ilk, Tanrım.

    Boz sərçə kimi heç yerə
    Köçmək niyyətində deyil.
    Yuvası viran könlümdə,
    Özgə həyətində deyil.

    Bir ayrı ünvanı yoxmu,
    Yaxamı sevən dərdlərin?!
    Ya padşaha könül verə,
    Ya xanı sevə dərdlərin?!

    Bir qurtuluş yolu göstər,
    Bu zalım dərdin əlindən.
    Nə əhvalım bir əhvaldı,
    Hə halım dərdin əlindən.

    Bu qədər dərdə mübtəla
    Dönməzmi bir könül daşa?!
    Tanrım, biz eyni dərddəyik,
    Möhtacıq bir könüldaşa.

  • “ŞƏHİDLƏR CAN VERDİ, VƏTƏN QURTULDU!”

    Zeynalabdin Novruzoğlunun “Yazdım-yazmadım” kitabı barədə təəssüratlarım…

    Başı qorumaq üçün,
    Dili qorumalısan.
    Dili qorumaq üçün,
    Bəzən lal olmalısan.
    Abrı qorumaq üçün
    Nəfsi qorumalısan
    Nəfsi qorumaq üçün,
    İnsan doğulmalısan.

    Elə bir zamanda yaşayırıq ki, gənclərə “bu yolla get” deyə tövsiyyə edə, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi həyatnamələri oxuda bilmirik. Çünki indiki “Z” nəsil nümayəndələrinin öz cığırı, öz yolu var. O yolda yanlışlıq da olsa, bu nəsil çəkinmir, sürətli addımlarla yalnız irəliyə doğru gedir. Bizə isə onların addımlarını saymaq, yıxılanda “vay” deyə uflamaq, yıxanda “ah” deyə ahlamaq qalır.
    Çox şikayətçiydik yeni nəsildən. Amma son olaylar göstərdi ki, əslində, bu nəsil bizdən qat-qat məntiqli, ürəkli, cəsarətlidir. Bu qərara Qarabağ döyüşlərinə gözlərini belə qırpmadan atılan gənclərimizi görəndə gəldik. Bəli, “Z” nəslinin gəncləri birdən-birə ahıllaşdılar, müdrikləşdilər, qəlblərində Vətən sevgisi, qollarında güc, gözlərində düşmənə nifrət döyüşə atıldılar, azad etdilər tapdaq altında inləyən torpaqları, tarixi mədəniyyəti, qeyrəti, kişiliyi…
    Bəs, bu gənc nəsil necə yetişdi? Onlar öz kiçik ürəklərində bu böyüklükdə sevgini, cəsarəti necə sığışdırdılar? İndi haqqında danışacağım adamlar – öyrətmənlər, alimlər, sənətkarlar, yaradıcılar yetişdirdi onları. Həmin öyrətmənlərdən biri və birincisi də yazımın girişində örnək gətirdiyim nəsihətnamənin müəllifi Zeynalabdin Novruzoğludur. Yaşadığı dövr ərzində dilini, başını, abrını, gendən gələrək onunla doğulan nəfsini qoruyan və əsil insan olan Zeynalabdin Novruzoğlu!
    O, bu insani keyfiyyətlərlə tək özünü qorumur, həm də ətrafındakılara – sürət, texnika əsrinin gənclərinə əsil insan olmağı öyrədir. Tarix müəllimi Zeynalabdin Novruzoğlu tarixi yazacaq (yazan) balalara üzünü tutaraq:

    Bu torpaq düşmənə verilə bilməz,
    Bu torpaq nənəmin şal örpəyidir.

    -deyir, neçə-neçə ananın sinəsinə vurulacaq oğul dağının qarşısını alan, Vətənin başını uca edənləri əzizləyir:

    Qəhrəmanlar Vətən üçün can verir,
    Öz ömründən sənə, mənə pay verir.
    – misralarıyla müqəddəs Şəhidlərimizin ruhuna abidələr yaradır, “Vətən! Vətən!” deyə “qəhrəman”lıq edənləri qınayır:

    Gəl yazaq
    Şəhidlərin başdaşına
    Kim ki Vətəni sevdi,
    əcəl aldı apardı.
    “Vətən!” “Vətən!” deyənlər,
    Rütbə aldı, ad aldı.

    .
    …Bəzən elə hadisələr olur ki, ilk vaxtlar həmin hadisəni faciə kimi qəbul edirik. Zaman keçəndən sonra olayın əslində zərurət – vacibiyyət olduğunu görür, özümüzü yenidən tanıyırıq. Özünüdərk isə onurumuzu artırır, başımızı uca, üzümüzü ağ edir. Belə hadisələrə örnək olaraq yaxın tariximizi – 20 Yanvarı misal çəkə bilərəm.
    Qanlı Yanvara hamımız kimi Zeynalabdin Novruzoğlu da faciə olaraq yanaşdı və elə həmin illərdə “Qurğuşun yağışı yağdı Bakıya” adlı şeirini yazdı. O dəhşətli gecəni təsvir edən şeirin sonuncu misrası belədir:

    .
    Asfalt səkilərdə lalə göyərdi,
    Şəhidlər can verdi, Vətən qurtuldu.

    Şair bu faciəni söz edən şeirini Vətənin qurtuluşuyla sonlandırdı. Şairlər Tanrının söz adamları, öz adamlarıdır deyirlər. Ona görə də Tanrının öz adamı Zeynalabdin Novruzoğlu irəlini gördü, o ağrının altında sevincimizdən bəhs etdi. Bu gün biz 20 Yanvar olayını faciə, matəm günü kimi deyil, fəxarət, qurtuluş, Azərbaycan xalqının kimlik tarixi kimi qeyd edirik. Bu barədə danışmaq tez olsa da, əminəm ki, zaman gələcək, 2020-ci ilin 44 günlük müharibə günləri də tariximizə bayram kimi düşəcək, gələcək nəsillər bu gündən sevinclə söz açacaqlar….

    ***

    Zeynalabdin Novruzoğlunun əsərlərini oxuduqca, bu yaradıcılığın ana xəttinin müdrik kəlamlar – aforizmlərdən ibarət olduğunu görürük: “Hər kəs ağlı boyda görür, dərk edir”, “Təklənən bir öküz çaqqaldan qorxar”, Başı buludlara söykənən dağın, ayağı uçurumda, dərədə olar!”, Ağlın hünərindən çox olsa əgər, ağırlıq eyləyib, səni əzəcək”, “Qoşa qanadlardır ağıl və hünər, birləşsə, səmada qartal görünər”, “Daha da böyüyür, gözəl görünür, kiçik dairəyə sığan böyüklük”, “Arximed axtardı elə bir nöqtə, dünyanı yerindən oynada bilə”, “Bir damla göz yaşı bacarar bunu, onun ağrısını qəlb duya bilməz”, “Bulaq suyu kimi təmiz adamlar, selə qarışanda murdarlanırlar!”, “Kütlə təfəkkürü hər şeyə qadirdir!”, “Siyasətin ticarətlə qohumluğu var, ikisi də alıb-satır, dəllaldır onlar!”, “Xalqı qəlbən sevənlər, bunu xalqa demirlər!”, “İnsanlıqdan üz döndərən bir tula, ya zora baş əyər, ya da ki pula!”, “Lalın dili beynəlxalq dil” və s…

    WhatsApp Image 2021-02-24 at 01.25.11 (1)

    ***
    Bölmə yeri qitələrə, Tanrı bütöv yaradıb,
    Tövrat, Zabur, İncil, Quran” hamımıza irs qalıb.

    Şair bu misralarında evangelist təfəkkürə söykənərək, müqəddəs dördlüyü ( “Tövrat”, “Zabur”, “İncil”, “Quran”) biri-birindən ayırmadan Allahın yaratdığı ali irqi bir olmağa çağırır, Allahın adından istifadə edərək, yerlərdə – fani dünyada qurulan Allah evlərinin (“Kilsəni şeytan yaratdı. Kilsə yalanlarını Allaha doğruldan qurumun adıdır” L.N.Tolstoy) əslində ürəyimizdə olmağının vacibliyindən bəhs edir, din, dil, irq, millət, təbəqə ayrıseçkiliyə “yox” deyir, bütün dünyanın dərdini çiyninə alaraq bəşəriyyəti mutlu görmək istəyir:

    İstərəm dünyanın dərdlərini mən,
    Alam öz çiynimə, baş alıb gedəm…

    ***
    Aşağıdakı misralara diqqət edək:

    İnanan inansın, inanmayan heç,
    Araz içimizdən axırmış bizim.
    Buyur, bu Araz, bu da körpü, keç,
    Araz içimizdən axırmış bizim!

    .
    Bu misralarda Araz təkcə hamımızın bildiyi tanıdığı iki qardaşın ayrılıq simvolu deyil. Araz fanilərin tapındığı din olaraq qabarır. Araz safdır, Araz müqəddəsdir, Araz qovuşduran, Araz ayırandır, Araz yaradandır, Araz Tanrıdır! O tanrıya inanan da var, inanmayan da. Bəlkə də Siratdır – doğru yolumuzdur Araz. Bu, içimizdən axan Arazın tükdən nazik, qılıncdan kəsərli körpüsündən hər kəs keçə bilərmi? Bu körpüdən keçmək üçün cəsarətin, dəyanətin, qüdrətin, nurun olmalı, işıqlandırmalısan ətrafı… Arazı keçərsək, Tanrı sevgimizi, Tanrı əmanəti yurd-yuvamızı, qeyrətimizi, adımızı, dilimizi… qaytaracağıq deyə içindən keçirir şair (Bu yerdə böyük şairimiz Bəxtiyar Vahabzadəni xatırlamaq çox gözəldir: “Arazın üstündən keçə bilmirəm, Araz dərdim olub sinəmdən keçir…”)…
    …“Analar gecənin simaforları” misralarında isə şair analar üçün ölməz bir abidə yaradır. O, “gecənin simaforları” deyərkən, anaların əslində həyatın simaforları, həyatın özü, üzü olduğunu qeyd edərək, anaları Tanrı üzlü – nurlu, Tanrı xislətli – yaradan, Tanrı heysiyyatlı – qoruyan, Tanrı ürəkli – sevən, Tanrı cəsarətli… adlandırır.

    Zeynalabdin Novruzoğlunun yaradıcılığında təmsillər də geniş yer alıb. O, zamanımızdakı eybəcərlikləri lirizmin yumşaq qəlibində deyil, təmsildə qınağa çəkməyi daha məqsədəuyğun bilir:

    Qurdun ağzı bağlanar,
    Qoyun yeyər, yağlanar.
    Nehrədə yağ çalxanar,
    Tərəzi düz çəkəndə
    ***
    Torpaq ölər, dirilməz,
    Dirilməsə bitirməz.
    Əkən-biçən bilinməz,
    Tərəzi səhv çəkəndə.

    Bəzən bu eybəcərliklər təmsilin də qəlibindən daşaraq satiraya yol açır:

    .
    Harda buyruq var, bilir,
    Harda quyruq, var, bilir,
    Harda yumruq var, bilir,
    Yaltaq tərif deyəcək.

    .
    Və yaxud:

    .
    Çıxdığın baş, durduğun yer özgənin,
    Öz kölgəsi ola bilməz kölgənin.

    .
    Yaxud:

    .
    Tərif kiçikləri böyük göstərir,
    Üfürür, şişirdir, öyür göstərir.
    Tənqid yol göstərir, döyür, göstərir,
    Tənqiddən qorxuram, yaman qorxuram.

    Bu müdrik kəlamlı, geniş ürəkli insanın içində məsum, ağıllı, həm də dəcəl bir körpənin yatdığını görürük. Müəllifin uşaqlar üçün yazdığı əsərlərində həmin körpə özünü daha yaxından göstərir:

    .
    Göy üzü qarajdı,
    Ulduzlar maşın.

    .
    Şair, uşaq dilində danışmağı, uşaqlar kimi düşünməyi elə bacarır ki, bu məsumiyyətə böyüklər də qoşulur.
    “Quşcuğaz” şeirinə diqqət edək. Bu misralarda canlı təbiətə qayğı qabarır, xoşbəxtliyin açarının sevgidə olduğu önə çıxır:

    .
    Bir sarı dimdik,
    Qondu budağa.
    Görüncə onu
    Çıxdım eyvana.
    O var səsiylə
    “Cik-cik” edirdi.
    Quru budağı
    Dimdikləyirdi.
    Gördüm ki acdı,
    Yemə möhtacdı.
    Gətirdim dəni,
    Uzatdım ona.
    Budaqdan uçub,
    Qondu qoluma.
    Yedikcə-yedi,
    Doydu quşcuğaz.
    O gündən mənim
    Oldu quşcuğaz.

    .

    “Anlarsan” şeiri də uşaqların dilinə yatımlığı, uşaq təfəkkürünə uyumu, çətin tələffüs edilən kəlmələrdən uzaqlığı ilə diqqəti çəkir. Burada da müəllifin əksər uşaq şeirlərindəki kimi ailəyə, ətrafa, heyvanlara, təbiətə məhəbbət aşılanır, halallığın ən yüksək keyfiyyət olduğu qabarır, bir sözlə, maarifləndirmə prinsipi önə çəkilir. Şeirin qəhrəmanı Pərvizin “Qara inəkdən ağ süd, necə sağır nənəsi?” kimi suallarına atası bir cavab verir: “Kitab oxumalı, elmələrə sahib olmalısan! O zaman bütün sualların cavabını biləcəksən!”
    Bu baxımdan, şairin “Qoca və çörəksatan” poması da təqdirəlayiqdir. Tək yaşayan adama çörəkçi: “Tək olduğun halda niyə hər gün üç çörək alırsan?” deyir. Adam isə cavabında: “Üç çörəyin birini, borcuma verirəm mən”, – deyir, – yəni valideynlərinə. “Birini borc verirəm” – övladlarına, – “Birini də özüm yeyirəm!” – deyir.
    Zeynalabdin Novruzoğlu bayatıları da lakonikliyi, bədii və fəlsəfi tutumu ilə özünəməxsusdur:

    Əzizim, dağdan ağır,
    Təpəsi dağdan ağır.
    Ananın göz yaşıdı,
    Damlası dağdan ağır.
    ***
    Əzizim, Qarabağda,
    Qara quş qara bağda.
    Qara bəxtim ağarsa,
    Ağarar Qarabağda.
    ***
    Görüşə həsrət Araz,
    Öpüşə həsrət Araz.
    İgidlər nərəsinə,
    Döyüşə həsrət Araz!

    .
    Nəzmin hər bir növündə qələmini sınayan, hər mövzuya uyğun qəlib seçən (əslində, sözü pıçıldayan Tanrı onun qəlibini də özü biçir) Zeynalabdin Novruzoğlu ədəbiyyat, söz adamlarına və sözüsevənlərə sübut edir ki, o, söz yolunun hər bir cığırına yaxşı bələddir. Sözdən şaxələnən hansı izlə addımlasa, büdrəməyəcək, yıxılmayacaq.
    Kitabın son bölümündə müəllifin müxtəlif illərdə yazdığı oçerklər, esselər toplanmışdır. Bu publisistik yazılar da quruluş və yanaşma tərzinə görə orjinal, məntiq və məna çalarına görə səciyyəvidir.
    … Zeynalabdin Novruzoğlu ilə şəxsən tanış deyiləm. Bu yaxınlarda şairin qardaşı oğlu Cavid Tofiqoğu mənə “Yazdım-yazmadım” adlı, nəfis tərtibatla işlənmiş bir kitab təqdim etdi (275 səhifədən ibarət. “Elm və təhsil” nəşriyyatı-2014). “Lirik şeirlər”, “Satirik şeirlər”, “Təmsillər”, “Uşaq şeirləri”, “Poemalar”, ”İkiliklər”, “Bayatılar”, “Məqalələr” bölümlərindən ibarət olan bu toplunu sadəcə varaqlamaq istədiyim halda, şeirlərin dil axıcılığı, bədiiliyi, sözlərin rəng çaları, fonetik qohumluğu, hadisələrə yanaşma özəlliyi və s. kitabı son nöqtəsinə qədər oxutdurdu.
    Zeynalabdin Novruzoğlu Naxçıvanda doğulub və orada yaşayır. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tələbəlik illərindən publisistik yazıları və şeirləri ilə mətbuatda müntəzəm olaraq çıxış edir. “Zaman yaratmağa qadir deyil” (1998), “Əldə gül, dildə tikan” (2009), “Yazdım-yazmadım” (2014) şeir kitablarının müəllifi, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Başqaları üçün özünü yandıranlardan:
    Tütə-tütə, yana-yana yaşamışam mən,
    Buz üstündə yanan oda oxşamışam mən.

    Ölmək üçün deyil, yaşamaq üşün ölümün gözünə dik baxanlardandır.

    Ölmək üçün yaşama,
    Yaşamaqçün öl, olar!

    26168538_1973881102625558_3805349614218759972_n

    Dəyərli insan, pedaqoq, şair, publisist Zeynalabdin Novruzoğlu ilə “Ürəkdən ürəyə görünən yolda” qarşılaşdığım üçün məmnunam. Şairlə üz-üzə söhbət etmək arzusuyla yazıma son qoyuram…
    Hörmətlə: İradə Aytel

  • Şair Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabı işıq üzü görüb

    “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə “Ləman” nəşriyyatında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Gürcüstan Aşıqlar Birliyinin sabiq sədri, “Dərviş” cəmiyyətinin qurucusu və başqanı, şair, publisist, folklor tədqiqatçısı Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Güllü Eldar Tomarlı, texniki redaktoru Vüsal Əmirov, məsləhətçisi Savalan Osmanlı, “Ön söz” müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

    Kitab müəllifin oxucularla növbəti-səkkizinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, bundan öncə Tiflis şəhərində nəşr olunan “Dədə Qorqud” dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin və Gürcüstan Yazıçılar Birliyinin üzvü, şair Dərviş Osman Əhmədoğlunun “Borçalıda yanan ocaq” və “Mənim söz karvanım” adlı şeir kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Xalq şairi Mirvarid DİLBAZİ.Uşaq şeirləri

    Ana

    Əziz anam.,can anam,
    Mənim mehriban anam
    Arzum budur hər səhər
    Səndən əvvəl oyanam.
    Gecələr oyaq anam,
    Ömrümə dayaq anam,
    İstərəm tez böyüyüb,
    Qulluğunda dayanım

              Nənəm

    Nənəmi çox sevirəm,
    Dəyməyirəm xətrinə.
    Heyran qalmışam onun,
    Saçlarının ətrinə.
    O, mənə söhbət açır,
    Yurdun igidlərindən.
    Dilində nağıllaşan
    Vətən igidlərindən.

         Babam

    Yaman sevirəm,
    Babamı yaman.
    Ayrılmaram mən
    Ondan bircə an.
    Sözü -söhbəti
    Şəkərdir, şəkər.
    Belə babadan
    De, kim əl çəkər.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Ey bixəbər!”

    Mən səni sevdiyim qədər,
    Bir daşı sevsəydim əgər.
    Daş dünüb insan olardı,
    Bir quşu sevsəydim əgər,
    O donub terlan olardi.
    Hər gün qonub pəncərəmə,
    Mənə nəğmə oxuyardı.
    Könlüm belə qan olmasın,
    Halım pərişan olmasın!
    Sən nə daşsan,
    Sən nə quşsan.
    Ne gozumden axan yawsan,
    Niyə yoxdur səndən xəbər?
    Niyə gözüyaşlı qalıb?
    O müqəddəs xatirələr?

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Kişi”

    Hər papaq qoyana kişi desəm mən,
    Kişilər inciyər səxavətimdən.
    Elə qadınlar da böyüdüb vətən,
    Günahdır onlara kişi deməsəm.

    Kişi -alınmayan qala deməkdir.
    vətənə arxadır, elə köməkdir.
    Kişi -məhvəridir yer kürrəsinin,
    Onun çiyni üstə durur qitələr.

    Ocaqdır, odunda onun isinin,
    Mayakdır, ümmanda o yol göstərər.
    Çıraqdır, bir evdə o sönsə əgər,
    O evə zülmətin nəfəsi girər.

    Kişi sözü versə insan-insana,
    Vəkalət, zəmanət nə gərək ona!

    Kişi cəsarətdir, kişi hünərdir,
    Qardaşdır, oğuldur, yenilməz ərdir.

    Səngərdir, sipərdir, dincliyi saxlar,
    Kişisiz vətəni düşman ayaqlar.

    1978

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Şirin dilim”

    Saçlarından tel əsəndə,
    Telinə qurban olmuşam.
    Dilin sözə tələsəndə,
    Dilinə qurban olmuşam.

    Təzə çıxan süd dişinə,
    Qəh-qəhəli gülüşünə.
    Tırıp- tırıp yerişinə,
    Çox baxıb heyran olmuşam.

    Yanağının gülü solsa,
    Könlün bir an tutqun olsa,
    Bir ağrıyla gözün dolsa,
    Mən ürəyi qan olmuşam.

    Keçib getdi ayım, ilim,
    Sən açıldın, qönçə gülüm,
    ” Ana” deyən gündən dilin,
    Ən xoşbəxt insan olmuşam.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”İncənin yolları burma-burmadı…”

    İncənin yolları burma-burmadı…
    Yolçu oldum yollar məni yormadı,
    Elə bilmə,el halımı sormadı?..
    Qərib gəldim,qərib getdim vətəndən!

    Bu el mənim nənəm-babam elidi,
    İncə çayı,göz yaşımın selidi,
    Mən gəlmişəm,il ayrılıq ilidi,
    Cənnətdəyəm,bura gəlib-gedəndən!

    İncə kəndim,sazın-sözün vətəni,
    Şair etdin,səni qəlbən sevəni,
    Mirvaridəm,könlüm sənə güvəni,
    Anadiltək,İsaq-Musaq ötəndən.

  • Xalq şairi Osman SARIVƏLLi.”Sazın dərdi”

    Hər kim ustasıdır, asandır onun,
    Oğurluq, əyrilik, talan əlində.
    Həqiqət özü də oyuncaq olur,
    Yalançı əlində, yalan əlində.

    Ya danəndə olun, ya olun dəni,
    Oyuncaq etməyin siz hər yetəni,
    Dindirə bilməzsən ölsən də, mənim,
    Mən dilə gəlirəm çalan əlində.

    Nə saz sevir onu, nə xoşlayır tar,
    Yazıq məni, göyə hey atıb, tutar.
    Qaça da bilmirəm, qalmışam naçar,
    Hər şeydən yarımçıq qalan əlində.

    Adam var, ulduzlar seyrinə çıxar,
    Adam var, dağ çapar, gücü dağ yıxar.
    Kəlin də kəlləsi qabıqdan çıxar,
    Sənətdən kəl olan kalan əlində.

    Maraqlanan yoxdur günah kimdədir,
    Yazıq nə aşıqdır, nə xanəndədir.
    Mən əsir olmuşam, səbəbi nədir,
    Hər şeydən yarımçıq qalan əlində?

    1976

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.

  • Xalq şairi Osman SARIVƏLLi.”Gəlsin!”

    Mənimlə xoş məclis qurma qistəyən,
    Qoy Ocaq dağının başına gəlsin!
    Əgər Oyuqluda* yorulsa, atı,
    Barı Divəklinin qaşına gəlsin!

    Mənim Telliqayam, Dəvədaşım var,
    Hər yerdə öz dostum, öz sirdaşım var…
    Bizim oylaqlara gəlməsin yadlar,
    Mehriban dost gəlsin, aşina gəlsin!

    Mənasız keçməsin bir an ömür-hün,
    Yaşıl bir talada toy oldu bu gün.
    Ürəkdən istərdimŞ belə toy-düyün,
    Əryan cavanların başına gəlsin!

    Dağlar zivəsidir eşqim vüqarı…
    Sözümdən incisə, könlümün yarı,
    Qoy elə çəksin ki, qoşa yayları,
    Nizə kirpikləri qaşına gəlsin!

    Kim hünərlə vuyrur iş külüngünü-
    Dağ çapır həftənin altı gününü,
    Haqqı var, kef üçün, yeddinci günü,
    Mehriban bulağın başına gəlsin!

    Nə yazın dərdi var, indi nə qışın,
    Bu gün siz nişandan, toydan danışın!
    Məclisdə əyləşən dostun, tanışın,
    İstərəm bu mahnı xoşuna gəlsin!

    Kirovakan, 1961

    *Oyluqlu, Divəkli-dağ adlarıdır.

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.

  • Xalq şairi Osman SARIVƏLLi.”Səni”

    (Səməd Vurğun sayağı)

    Ocaq dağı oyatdımı,
    Sazım səni, sözüm səni?
    Könül quşu qanadlandı,
    Görən kimi gözüm səni…

    Arzum budur saz əlimdə,
    Şirin mahnılar dilimdə,
    Bir dəli köhlən belində,
    Qarış-qarış gəzim səni.

    Sözü süzdüm süzgəcindən,
    Qaçdım insanın gəcindən,
    Min türfə gözəl içindən,
    Özüm seçdim, özüm səni.

    Qayaların qalanıbdır,
    “Könlüm evi talanıbdır”,
    Neçə yerdən dolanıbdır,
    Mənim yolum, izim səni.

    Quzqulaqlı dağ ətəyi,
    Körpə baldırğan özəyi,
    Dağgülü, qaymaqçiçəyi,
    Misralara düzüm səni.

    Sağım meşə, solum meşə,
    Səni gəzdim mən həmişə.
    Necə qıyım, ay bənövşə,
    Öz kökündən üzüm səni?!

    Ocaq dağı, məni dinlə,
    Özüm qəsdən bilə-bilə,
    İstəmədim sözlərimlə,
    Yorum səni, üzüm səni…

    1961

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.

  • Xalq şairi Osman SARIVƏLLi.”Qalıbdır”

    Mahnı qoşdun çiçəklərə bir zaman,
    İndi dolan bu yerləri, alış, yan,
    Seyrangahda ceyranları ovlayan,
    Ovçuların oylaqları qalıbdır.

    Ərimişdir, dağ döüşndən enib qar,
    İndi dağda nə qoyun var, nə mal var,
    Köçən gündən ağır ellər, obalar,
    Gözü yolda yaylaqları qalıbdır.

    Aşıq dedi: gözüm qaldı sənəmdə,
    Nə onda bir cürət oldu, nə məndə,
    Gözəllərin zolaq-zolaq sinəmdə,
    Bilərsiniz nə dağları qalıbdır…

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.

  • Xalq şairi Osman SARIVƏLLi.”Var mənim”

    Axşam, səhər seyrə çıxan, ay pəri,
    Gülüstanda gülüzarım var mənim!
    Gözüm yoxdur, gülşənində, gülündə,
    Öz bağçamda öz nigarım var mənim!

    Hicranda hər günüm keçdi il kimi,
    Soldu rəngim xəzan vurmuş gül kimi,
    Sədaqətə sadiq oldum qul kimi,
    Etibara etibarım var mənim!

    Əgər düşsə, oylağıma güzarı,
    Silinməzmi bu könlümün qübarı?!
    Gələr, deyə gecə-gündüz yolları,
    Gözləyirəm, intizarım var mənim!

    Saçlarına nə sığal ver, nə bəzən!
    Eşq oduna alışmaram bir də mən,
    Əhdi-peyman müqəddəsdir əzəldən.
    Düz əhdinə düz ilqarım var mənim!

    Öz elində, öz obanda gəz, dolan!
    Bu yerlərdə nə qış, nə də yaz dolan!
    Az işvələn, az cilələn, az dolan:
    Naz eyləmə, nazlı yarım var mənim!

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.

  • Xalq şairi Hüseyn ARİF.”Tüstü gəlir”

    Baxıram pəncərədən
    Oyanıb səhər-səhər;
    Meşədən tüstü gəlir,
    Könlümü sıxır kədər.

    Düşünürəm bəlkə də,
    Tüstü deyil, dumandır.
    Dağlar kəsib aranı,
    Uzaqlıq nə yamandır.

    Qıymaram palıdlara,
    Dostumdur vələs, çinar,
    Meşədən tüstü gəlir,
    Yatmayın, ay adamlar!

    *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.