Category: Mədəniyyət

  • Mədəniyyət naziri Xızıda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də saat 11:00-da Xızı şəhərində vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Heydər Əliyev küçəsi, 37) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

    Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə (əlaqələndirici şəxs: Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

    Mənbə: https://azertag.az

  • “YARAT” da Rusiya istehsalı olan filmlər nümayiş ediləcək

    Yanvarın 15-29-da “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan qısametrajlı filmlər nümayiş ediləcək.

    AZƏRTAC xəbər verir ki, qeyd edilən müddət ərzində beş ekran əsəri kinosevərlərin ixtiyarına veriləcək. Belə ki, qonaqlar “Qız və dilək ağacı”, “Doğum günü”, “Yepyeni”, “Dalan” və “Planetlərin paradı” filmlərinə baxa biləcəklər. Ekran əsərlərinin xronometrajı 88 dəqiqədir.

    Mənbə: https://azertag.az

  • Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

    Ölkə başçısının yanvarın 11-də imzaladığı Sərəncamla 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu dövlət başçısının şairin yaradıcılığına böyük diqqətinin göstəricisidir.

    AZƏRTAC xəbər verir ki, ölümündən 600 ildən artıq vaxt keçsə də, şair şeiriyyəti, fəlsəfi fikirləri ilə bu gün də bəşəriyyətə xidmət edir. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rolu var. Dahi mütəfəkkir qəlbləri qılınc gücünə yox, sözünün qüdrəti ilə fəth edib, söz sənəti ilə əbədilik qazanıb. Ölkəmizin elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsə sahibdir. Nəsimi öz yaradıcılığında ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.

    Yeri gəlmişkən, 2018-ci il ölkəmizin mədəni mühitində Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi ilə də əlamətdar olub. Sentyabrın 27-dən 30-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan mədəniyyət tədbiri çərçivəsində bir sıra sərgilər açılıb. Festival həm də dahi Nəsimi yaradıcılığından nümunələrin təqdim olunması ilə yadda qalıb. Ən əsası bu mötəbər tədbir ölkəmizlə yanaşı, sərhədləri aşaraq Heydər Əliyev Fondunun, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada da təşkil olunub. Çünki Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Festivalın əsas qayəsi də o idi ki, bəşəriyyət 600 il əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda fədakarlıq göstərdiyi bəşəri dəyərlər ətrafında birləşməlidir. Çünki onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. 2019-cu ilin “Nəsimi ili” elan olunması görkəmli Azərbaycan şairi və mütəfəkkirinin ruhuna böyük hörmətin təzahürüdür.

    Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsimiyə həsr olunmuş çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulu

    Mənbə: https://azertag.az

  • Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası yenidən səhnədə

    Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.

    Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

    Səhnə əsəri Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.

    Səhnə əsərində rolları Xalq artistləri Qərinə Kərimova, Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Tural Ağasıyev, İlham Nəzərov, Səbinə Vahabzadə, Fəridə Məmmədova və başqaları canlandıracaq.

    Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

    Mənbə: https://azertag.az

  • “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi olacaq

    Yanvarın 18-də Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən açılan sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.

    Qeyd edək ki, sərgi ötən ilin oktyabrın 23-də açılıb.

    Mənbə: https://azertag.az

  • 20 Yanvar – tarixdə bu gün..

    Yanvarın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında “20 Yanvar – tarixdə bu gün…” adlı elmi-praktik seminar keçiriləcək.

    Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na və qurumun elm şöbəsinin “İllik iş planı”na əsasən təşkil ediləcək.

    Tərtib olunmuş proqrama əsasən filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçiriləcək tədbirdə Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyeva, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı Sevda Məmmədova və 20 Yanvar faciəsinin şahidi Gülüş Mursakulova məruzələrlə çıxış edəcəklər.

    Tədbirdə, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunacaq və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında kompozisiya təqdim ediləcək.

    Mənbə: https://azertag.az

  • Mirzə Şəfi ədəbi ənənələri bərpa olunur

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc yazarlar üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” təşkil olunacaq.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu məclisdə məktəblilər və tələbələr bədii əsərlərin yazılma sirlərini öyrənəcək, şeir, poema, esse, nağıl və s. janrlarda yazdıqları yazıları təqdim edəcəklər. Ədəbi məclisin sədri, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovadır.

    Məclisin hər üzvünə üzvlük biletləri təqdim ediləcək. Ən yaxşı gənc yazarlar isə diplom və təşəkkürnamələrlə təltif olunacaqlar. Məclis dekabr ayından başlayaraq şənbə günləri təşkil olunacaq.

  • Daşkənd və Bakıda dramaturq Maqsud Şeyxzadənin 110 illik yubileyi qeyd olunacaq

    Bu il özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.

    AZƏRTAC-a Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, bu münasibətlə Daşkənd və Bakıda beynəlxalq elmi konfranslar keçiriləcək.

    Belə ki, bu il dekabrın 14-də Daşkənddə baş tutacaq tədbir AMM-i Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu, habelə Şeyxzadənin uzun illər fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq.

    Konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları – akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Hamidulla Hamidi, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış edəcəklər.

    Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan böyük şair və dramaturq Maqsud Şeyxzadənin yubileyi ədibin vətəni Azərbaycanda da geniş qeyd olunacaq.

    Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın “Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkəti ilə birgə təşkil olunacaq yubiley tədbiri Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

    Tədbirlər çərçivəsində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdiriləcək.

    Yubileylə əlaqədar Mədəniyyət Mərkəzin layihəsi ilə Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda Şeyxzadənin “Bir zamanlar”, “Bahar yağışı” adlı şeirləri özbək və Azərbaycan dillərində yer alıb. Tədbirlər çərçivəsində bu kitab iştirakçılara təqdim olunacaq.

    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

  • Türkiyənin “Kanal 7” televiziyasında Azərbaycandan bəhs olunub VİDEO

    Türkiyənin “Kanal 7” televiziyasında Özlem Tuncanın təqdimatı ilə hər bazar günü yayımlanan “Dünyanı gəzirəm” verilişinin budəfəki buraxılışında ölkəmizdən bəhs olunub.

    AZƏRTAC xəbər verir ki, verilişdə paytaxt Bakının görməli yerləri, tarixi məkanları barədə geniş məlumat verilir.

    Aparıcı izləyicilərinə Bakıda ilk dəfə şəhər turuna çıxdığını deyir. Bildirir ki, Azərbaycanın paytaxtı müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə çəkən bir şəhərdir.

    Müəllif bildirir ki, Bakı bir-birindən gözəl park və xiyabanları, Xəzər dənizinin sahili boyu uzanan bulvarı, geniş və səliqəli küçələri ilə göz oxşayır. Bakının simvollarından biri olan “Alov qüllələri”, qədim İçərişəhər haqqında türkiyəli izləyicilərə məlumat verən aparıcı küçələrindən ədviyyat qoxusu gələn tarixi qala divarlarının əhatələdiyi İçərişəhərin onda xoş bir təsir oyatdığını vurğulayır. Verilişdə Şirvanşahlar sarayının Bakının unikal tarixi məkanlardan olduğu bildirilir. Burada sərgilənən muzeydəki eksponatların bu yurdun qədim tarixindən soraq verdiyi diqqətə çatdırılır.

    Verilişdə “Dünyanı gəzirəm”in yaradıcı heyətinin səfər çərçivəsində Bakının Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət etdikləri bildirilir.

  • Üç ölkənin opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

    Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası təqdim olunacaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib. Səhnə əsərində, həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Andrey Romanenko, Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Əli Əsgərov və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Əliəhməd İbrahimov və solist Nina Makarova da çıxış edəcək. Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

  • UNESCO-nun baş qərargahında TÜRKSOY-un 25 illik yubileyi qeyd olunub

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illik yubileyi münasibətilə Avropa turnesinə çıxıb.

    AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərargahında türk dünyasını təmsil edən 5 ölkədən 27 artistin iştirakı ilə təşkil edilən konsert proqramı tamaşaçıların rəğbəti və alqışları ilə qarşılanıb.

    Əvvəlcə Nərminə Rəsulbəyova TÜRKSOY-un tarixi və 25 illik yubileyi barədə məlumat verib.

    Sonra çıxış edən qurumun baş katibi Düsen Kaseinov TÜRKSOY-un üzv dövlətlərinin mədəniyyət nazirləri adından tamaşaçıları salamlayıb və kamera orkestri haqqında danışıb. O, UNESCO-nun rəhbərliyinə, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinə təşəkkürünü bildirib. TÜRKSOY-un baş katibi dünyanın yaradıcı gənclərinin dostluğu sayəsində mədəniyyətlər və dinlər arasında dialoqu möhkəmlətmək məqsədi daşıyan belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, türk mənşəli xalqların musiqiçilərindən ibarət orkestr ümumi mədəniyyətimizin, adət-ənənələrimizin bütün dünyada tanıdılması istiqamətində vacib rol oynayır.

    Diqqətə çatdırıb ki, TÜRKSOY yarandığı gündən UNESCO ilə mədəniyyət, maddi və qeyri-maddi mədəni irsin mühafizəsi sahələrində daim sıx əməkdaşlıq edir.

    UNESCO-nun üzv dövlətlər və tərəfdaşlar bölməsinin direktoru Genc Seiti bildirib ki, mədəni irsin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi təşkilatın əsas məqsədidir. O, xalqların daha da yaxınlaşmasında mədəniyyətin rolundan danışıb. TÜRKSOY-un Gənclərdən Kamera Orkestrinin də milli ənənələrin gələcək nəsillərə ötürülməsində böyük rolu olduğunu diqqətə çatdırıb.

    Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan olan gənc ifaçılardan ibarət Kamera Orkestrinin konserti olub. Azərbaycan Simfonik Orkestrinin dirijoru, TÜRKSOY Gənclər Kamera Orkestrinin qonaq-dirijoru Mustafa Mehmandarovun idarə etdiyi orkestrin konsertində türk dünyası klassiklərinin əsərləri səsləndirilib. Konsertdə azərbaycanlı Hüsenalıyev Hüseynalı (skripka) və Üzeyir Mahmudbəyli (viola) də iştirak ediblər. Nuriyyə Hüseynova “Yar bizə qonaq gələcək” folklor mahnısını ifa edib. Orkestr Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası səsləndirilib. Musiqilərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

    Konsert çərçivəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi açılıb. Açılış mərasimində ölkəmizi UNESCO yanında daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev təmsil edib.

    TÜRKSOY-un Gənclər Kamera Orkestrinin növbəti konsertləri müvafiq olaraq Avstriyada və Sloveniyada olacaqdır.

    Şəhla Ağalarova
    AZƏRTAC-ın xüsusi müxbiri
    Paris

  • Hüseyn Cavidin “Seçilmiş əsərləri” Daşkənddə özbək dilində işıq üzü görüb

    Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Bakıdakı “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin layihəsi ilə böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin “Seçilmiş əsərləri” paytaxtdakı “Kamolak” nəşriyyatında özbək dilində çap olunub.

    Kitabda çap edilən “Əmir Teymur”, “Şeyx Sənan” və “Səyavuş” dramlarını mərhum özbək tərcüməçi Usman Kuçkar, “Peyğəmbər” əsərini isə özbək dilinə şair Tahir Qahhar çevirib.

    Layihənin rəhbəri AMM-nin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya elmləri doktoru Sona Vəliyevadır.

    Kitaba yazdığı “Ön söz”də akademik, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli qeyd edir ki, Hüseyn Cavid XX əsrin Azərbaycan romantik şeirinin istedadlı nümayəndələrindəndir. Alim yazıda Azərbaycan ədəbiyyatının orta əsrlər dövründə keçdiyi inkişaf mərhələsindən söz açır, ədəbi cərəyanlar haqqında fikirlərini bölüşür, Hüseyn Cavid yaradıcılığı barədə məlumat verir, əsərlərini təhlil edir və onun şeir üslubunun fərqli cəhətlərini, romantik-fəlsəfi mahiyyətini oxucularla bölüşüb.

    İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə dram janrında əsər yazan romantik sənətkarlardan olan Hüseyn Cavidin ölkəmizdə romantik dramaturgiya məktəbinin əsasını qoyduğunu qeyd edib.

    Mənbə: http://olaylar.az

  • Azərbaycan Dövlət Musiqili Teatrında ustad dərsləri

    Fransada yaşayan məşhur həmyerlimiz – rejissor Emil Səlimov Musiqili Teatrda olub, teatrın rəhbərliyi və aktyor heyəti ilə görüşüb. Media nümayəndələrinin də böyük maraqla izlədiyi görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev əvvəlcə peşəkar rejissor məktəbinin layiqli nümayəndəsi – Emil Səlimov barədə geniş məlumat verib.
    “Emil Səlimov dünya teatr məkanında xüsusi çəkisi olan insandır. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının “Səhnə rejissorluğu” fakultəsinin məzunudur. Bir müddət öz ixtisası üzrə Rusiyada çalışsa da, sonralar Fransaya köçüb və artıq 35 ildir ki, vətəndən uzaqlarda yaşayır. E.Səlimov təkcə Fransada deyil, dünyanın müxtəlif ölkələrində teatr hərakatlarında hərəkətverici qüvvə kimi tanınır. Parisdə onun müəllifi olduğu “Emil Səlimov metodu” adlı teatr məktəbi fəaliyyət göstərir…” – deyərək Ə.Lalayev sözü və meydanı həmyerlimizə verib.
    Uzun ayrılıqdan sonra doğma vətənində olduğuna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan Emil Səlimov səmimi söhbətin ardınca teatrın bütün gənc aktyorlarını səhnəyə dəvət edib, onlara ustad dərsləri keçib və qısa vaxt ərzində qarşılıqlı olaraq gözəl nəticə əldə edib.
    Dünyanın bir çox teatrlarında tamaşalara quruluş vermiş görkəmli rejissor Musiqili Teatrda keçdiyi ustad dərsində gənc sənətçilərdə təkcə nitq vasitəsilə deyil, şüuraltı olaraq mimika, jestika, bədən dili ilə söhbətetmə vərdişlərini möhkələndirən, tamaşaçını inandırmaq bacarığını aşılayan məşğələlər aparıb.
    Sonda Emil Səlimov gənc aktyorlardan razı qaldığını və onların hər birinin güclü yaradıcı potensialının olduğunu nəzərə çatdırıb, gələcəkdə Musiqili Teatrla sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

    Fəridə ASLANOVA,
    Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri

  • “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək

    Gələn il İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək.

    AZƏRTAC müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

    “Eurovision-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

    Mahnı müsabiqəsində ölkəmizlə yanaşı, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirak edəcək.

    Xatırladaq ki, “Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirakı sentyabrın 18-də elan olunub.

    Mənbə: http://www.azertag.az

  • Mədəniyyət naziri Qusarda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 21-də, saat 11.00-da Qusar rayonunda vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

    Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

    Mənbə: https://azertag.az

  • Mahnı Teatrı yeni mövsümi möhtəşəm konsert proqramı ilə açacaq

    Sentyabrın 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümünü açıq elan edəcək. Həmin gün teatrın musiqi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim ediləcək.

    Bu sözləri AZƏRTAC-a teatrın direktor müavini İlqar Musayev deyib. “Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılmış estrada-simfonik orkestrinin müşayiəti ilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq mahnılar səsləndiriləcək. Bundan başqa, sentyabrın 22-də teatrda növbəti konsert olacaq. Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq”,- deyə İ.Musayev söyləyib.

    Mənbə: https://azertag.az

  • Filarmoniyada görkəmli bəstəkar Murad Kajlayevin əsərləri səslənəcək

    Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

    Qeyd edək ki, səkkiz gün davam edəcək festival çərçivəsində bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə həsr edilmiş konsert proqramları keçiriləcək.

    Mənbə: https://azertag.az

  • “Xəstə Qasımın dastanı” kitabı çap olunub

    Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən “Xəstə Qasımın dastanı” adlı yeni kitab nəşr olunub.

    Bu barədə AZƏRTAC-a məlumat verən birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Uğur” nəşriyyat-poliqrafiya mərkəzində işıq üzü görmüş kitabda XVIII əsrin görkəmli el sənətkarı Xəstə Qasım Tikmədaşlının dastan-rəvayət səciyyəsi daşıyan üç səfərindən söhbət açılır.

    Dastanı təqdim edən aşıq Hüseyn Qoşqarlı, nəşrə hazırlayanı AAB-ın sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

    Kitaba yazdığı geniş “Ön söz”də professor M.Qasımlının da qeyd etdiyi kimi, həm ustadnamələri, həm gözəlləmələri, həm də ürfani-fəlsəfi şeirləri ilə mükəmməl şair və aşıq kimi ucalan Xəstə Qasımın elin yaddaşında, xüsusən də saz-söz sinədəftərlərinin hafizəsində yaşayan çoxsaylı dastan-rəvayətlərindən üç məşhur səfəri – “Xəstə Qasıma vergi verilməsi”, “Xəstə Qasımın Dağıstan səfəri” və “Xəstə Qasımın Şamaxı səfəri”ni mükəmməl şəkildə nəşr etməklə Azərbaycan Aşıqlar Birliyi orta çağ aşıq ədəbiyyatının dəyərli bir örnəyini yenidən dövriyyəyə qaytarmış olub.

    Mənbə: https://azertag.az

  • Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək

    Sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və incəsənətin yaşadılması məqsədi daşıyan Festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

    Altı əsr əvvəl yaşamış böyük şair İmadəddin Nəsiminin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar məna qüvvəsi və kəsərli səmimiliyi ilə hər kəsi vücudun sirri qarşısında fikrə dalmağa, qəlbin ən dərin qatlarına seyr etməyə çağırır.

    Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

    Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.

    Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq. Müsabiqəyə gənc şairlər Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Festival çərçivəsində, həmçinin muğam və mənəviyyata səsləyən musiqilər ifa olunacaq.

    Şamaxının Meysəri kəndində “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı da keçiriləcək. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş libaslar nümayiş etdiriləcək.

    Daha sonra AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar önündə” adlı akustik və elektron musiqi axşamı keçiriləcək. Proqramda Sahib Paşazadə, İrşad Hüseyn (Azərbaycan), Ali Phi (İran), Sati Kazanova (Rusiya), Rabih Beaini (Livan/Almaniya), Abdel Karim ( Livan), “Hanoy” dueti: Nguen Le (Vyetnam/Fransa) və Ngo Hong Quang (Vyetnam), Görkem Şen (Türkiyə), “Ar Bərd” dueti (Fransa) iştirak edəcəklər.

    Sentyabrın 28-də isə Bakıda, Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsiminin müasir kontekstlərdə dərk edilməsi” mövzusunda mühazirəsi keçiriləcək.

    Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Canlı həyat” (“Live Life”) sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

    Heydər Əliyev Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun (Barjeel Foundation) təqdim etdiyi “Hürufiyyə” sərgisi isə 26 rəngkarlıq və qrafika əsərlərindən ibarət olacaq. Bu əsərlər bir sıra ərəb ölkələrində yaşayan, müasirlərimiz olan rəssamlara aiddir və “hürufiyyə” (hərflər, xəttatlıq üzərində qurulan təsvirlər) adlı, son 20 ildə geniş vüsət almış cərəyanı nümayiş etdirir. Ekspozisiyada, həmçinin Azərbaycanın Əməkdar rəssamı Tərlan Qorçunun bir neçə rəsm tablosu təqdim olunacaq.

    Daha sonra proqram “ambient musiqi” janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayan İnonun (Brian Eno) “77 milyon rəsm” musiqi və video-art instalyasiyası ilə davam edəcək. Bu əsər indiyədək Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun, Roma və digər şəhərlərdə nümayiş olunub.

    Tədbirin rəsmi açılış mərasimi də Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də axşam Mərkəzdəki konsert proqramında Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar, XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri üzərinə gənc və orta nəsil bəstəkarların Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı üçün yeni işləmələri, dahi bəstəkar Fikrət Əmirovun “Nəsimi haqqında Dastan” əsəri, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı səslənəcək. Konsertdə Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif də çıxış edəcək.

    Festivalın həmin günü Kamera və Orqan musiqisi zalında Azərbaycanın əməkdar artistləri Rain Sultanov və İsfar Sarabskinin mənəviyyat və əbədi dəyərləri vəsf edən “Silsilə” (“Cycle”) musiqi layihəsinin təqdimatı ilə başa çatacaq. Bu layihədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edəcək.

    Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində tanınmış yoqa ustası Nandan Qautam (Nandan Gautam) ilə “Bədii yoqa sessiyası” keçiriləcək. N.Qautamın keçirdiyi məşğələni özünün müəllifi olduğu musiqi müşayiət edəcək.

    Sentyabrın 29-da, həmçinin Şirvanşahlar sarayında görkəmli alman bəstəkarı Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus deb sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək. Bəstəkar əsərdə bir not belə yazmadan, öz vəzifəsini ifaçıları mənəvi cəhətdən ruhlandıran mətnlər tərtib etməkdə görüb. Musiqiçilər həmin mətnləri oxuyaraq sərbəst improvizələr edir və bu prosesdə onlar həm müəllifdən, həm də bir-birinin ifasından ilhamlanmış olurlar. Musiqiçilərin eyni məkanda deyil, saray kompleksinin bir-birindən aralı müxtəlif guşələrində yerləşdirilməsi sanki xəlvətlikdə, tənhalıqda həqiqəti dərketməni təcəssüm etdirir. Müasir kommunikasiya vasitələri ilə bu ayrı-ayrı musiqi ifaları birləşdirilib, internet vasitəsilə canlı yayımlanacaq. Layihədə fərqli mədəniyyət və üslubları təmsil edən musiqiçilər – Azərbaycandan əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyublu və xarici ölkələrdən Kudsi Erguner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato ( Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.

    Sentyabrın 29-da, həmçinin Daş Salnamə Muzeyində dünyaşöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi olacaq, ardınca isə sual-cavab sessiyası keçiriləcək.

    Daş Salnamə Muzeyində, eyni zamanda, ölməz Nəsimidən ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı musiqi layihəsi təqdim olunacaq. Səhnədə beş muğam ifaçısı ilə yanaşı, elektron musiqi ifaçısı da çıxış edəcək; Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Şirzad Fətəliyev (zurna və balaban), Kamran Kərimov (nağara), Fərhad Fərzəliyev (elektron musiqi və səs dizaynı).

    Həmin gün, həmçinin Dənizkənarı Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs edən qrupun çıxışı olacaq. “DanceAbility Azərbaycan” təşkilatının üçhəftəlik təlimləri nəticəsində ərsəyə gələcək bu çıxış zamanı həm sağlam, həm fiziki imkanları məhdud şəxslər bir araya gələrək rəqs və hərəkətlə özlərini ifadə etmək sevincini paylaşacaqlar. Bu rəqslər Bakı bulvarına Nəsiminin insanda ali və kamil bir məxluq görmək fəlsəfəsinin ruhunu gətirəcək.

    Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq. Layihədə 10-dək yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamı iştirak edəcək, binanın divarları üzərində öz əsərlərini yaradacaqlar. Bunların arasında ABŞ, Cənubi Afrika, Braziliya, Belçika, İspaniya və Fransa rəssamları olacaq. Uşaq və yeniyetmələr əsərlərin yaradılması prosesini yaxından müşahidə edib, ustad rəssamların rəhbərliyi ilə rəsmlər çəkəcəklər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri daha sonra həmin eskizləri binanın divarlarına böyük ölçüdə əks etdirəcəklər.

    Həmin gün “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq olacaq, Paraqvayın məşhur, uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestrinin (tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən ibarət orkestr) konsert proqramı təqdim ediləcək.

    Festival günlərində İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqları qədim Bakıya səyahət etdirəcək. İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə – məsələn, divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında, hətta “QR kod” texnologiyası əsasında hər hansı bir mənzərə üzərində “canlandırılaraq” izləyicinin qarşısına çıxacaq.

    Festivalın sonunda Bakı Media Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

    Mənbə: https://azertag.az

  • Azərbaycanın ilk rok-operası – “Səyyah Sindibad”

    Sentyabrın 28-də Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Saraydan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq yazılan “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.

    Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, Azərbaycan, rus, ingilis, italyan, Çex dillərində mətnlər və eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri yer alıb.

    Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

    Səhnə əsərinin musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Musiqinin bir çox janrlarının yer aldığı əsər 40 dəqiqə davam edəcək.

    Qeyd edək ki, əsərin müəllifi Rizvan Sədirxanov ölkəmizdən kənarda musiqi sənətimizin layiqli nümayəndəsi kimi tanınır. O, İtaliya Musiqi Akademiyasında təhsil alıb. İtaliyada Benyamin Cili adına tenorlar müsabiqəsində iştirak etmək hüququ qazanıb və xüsusi mükafata layiq görülüb. Rizvan Sədirxanova mükafatı XX əsrin böyük tenoru, dünya opera sənətinin ulduzu Franko Korelli şəxsən təqdim edib. Rizvan Sədirxanovun Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünya klassik musiqisinin incilərinin, Azərbaycan və xarici ölkə şairlərinin sözlərinə bəstələnmiş müxtəlif dillərdə mahnıların toplandığı “Səmimi qəlbdən” və “Şairin ürəyi” adlı iki musiqi albomu işıq üzü görüb. İtaliya, Rusiya, Türkiyə və İsraildə konsertləri, irimiqyaslı musiqi tədbirlərində çıxışları, ustad dərsləri baş tutub. Müxtəlif illərdə Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli və başqa görkəmli müğənnilərlə eyni səhnədə çıxış edib. Rizvan Sədirxanovun Azərbaycan və xarici ölkələrdən olan tələbələri dünyanın məşhur musiqi akademiyalarında təhsil alır və opera səhnələrində çıxış edirlər.

    Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan almaq olar.

    Mənbə: https://azertag.az

  • Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yeni layihənin icrasına başlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) yeni layihəyə start verilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihəyə Xəzər rayonunda yerləşən mədəni-maarif müəssisələri, uşaq evləri, uşaq bağçaları, doğum evləri, sosial müdafiə müəssisələri, yay uşaq düşərgələri, istirahət mərkəzləri, park və açıq tipli bağlarda yerləşən istirahət məkanları cəlb edilib.

    Layihə çərçivəsində Xəzər rayonunun qəsəbə və kəndlərində “Bütün ailəliklə oxuyuruq”, “Oxucunu birlikdə böyüdürük” adlı müsabiqələr, oxu günləri, mütaliə saatları təşkil olunub. Kitab sərgilərində bəzi vətəndaşların şəxsi kitabxanalarından nümunələr, kitabça kolleksiyaları, habelə mütaliəyə dair qeydlər və inşalar nümayiş edilir.

    Layihənin “Uşaqlar – uşaqlar üçün oxuyur” aksiyası Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Şağan, Türkan qəsəbələrində reallaşıb. Bununla yanaşı, sözügedən rayonun müxtəlif ərazilərində yay oxu zalları təşkil olunmaqla yanaşı, nisbətən böyük yaşlı uşaqlar kiçik yaşlıların mütaliəsinə rəhbərlik edib, kollektiv oxu günləri həyata keçirilib. Eyni zamanda, uşaqların oxuduqları materiallar əsasında sual-cavab gecələri, viktorinalar, intellektual oyunlar, kitab müzakirələri, “Kitab diaqnostikası” təşkil olunub.

    Qeyd edək ki, yaxın vaxtlarda MKS “Siz hələ də oxumursunuz? O zaman biz sizə gəlirik” adlı aksiyasına start verəcək.

    Mənbə: https://azertag.az

  • Kukla Teatrı sentyabr repertuarını açıqlayıb

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.

    AZƏRTAC teatrın repertuarını təqdim edir:

    15 sentyabr – Şarl Perro. “Qırmızı papaq”, rus xalq nağılı “Durna balığı”;

    16 sentyabr – ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, Azərbaycan xalq nağılı “Şəngülüm, Məngülüm”;

    21 sentyabr – A.Şaiq. “Tıq-tıq və Taq-taqın nağılı”;

    22 sentyabr – Kəmalə Ağayeva. “Göyçək Fatma”;

    23 sentyabr – Əli Səmədov. “Cik-cik xanım”;

    28 sentyabr – Astrid Lindqren. “Karlson”;

    29 sentyabr – Leprens de Bomon. “Gözəl və bədheybət”, Canni Rodari. “Çipollino”;

    30 sentyabr – Mirmehdi Seyidzadə. “Cırtdan”, “Üç cəsur”.

    Tamaşalar 12:00, 14:00 və 16:00-da başlanır.

    Mənbə: https://azertag.az

  • Bu gün Soçidə gənc ifaçıların “Novaya volna” beynəlxalq müsabiqəsi başlanır

    Bu gün Soçidə gənc ifaçıların XVII “Novaya volna” beynəlxalq müsabiqəsi başlanır.

    AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müsabiqədə 10 ölkədən, o cümlədən Azərbaycan, Bolqarıstan, Yunanıstan, İtaliya, Qazaxıstan, Kanada, Malta, Rusiya, Ukrayna və Ermənistandan 15 finalçı çıxış edəcək. Rusiya müsabiqədə üç ifaçı – Ana Zorina, Darya Antonyuk və Dan Rozin, habelə üç musiqi kollektivi ilə təmsil olunur. Sentyabrın 9-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri bəstəkar və prodüser İqor Krutoydur.

    Azərbaycanı müsabiqədə Emil Qədirov təmsil edir.

    “Novala volna” bu gün estrada ulduzlarının ənənəvi qala-konserti ilə başlayacaq. Tamaşaçıları Filip Kirkorov, Sergey Lazarev, Dima Bilan, Diana Arbenina, Nikolay Baskov və başqalarının çıxışları gözləyir.

    Mənbə: https://azertag.az

  • Musiqili Teatr sentyabr repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünə sentyabrın 20-də “O olmasın, bu olsun” tamaşası ilə start verəcək.

    Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova AZƏRTAC-a bildirib ki, tamaşa Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq. Bu ölməz əsərdə əsas rolları Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.

    Bundan başqa, sənət ocağının səhnəsində sentyabrın 22-də “Arşın mal alan”, 23-də “Nuri-didə Ceyhun” tamaşaları nümayiş ediləcək.

    Teatrın yaradıcı kollektivi sentyabrın 28-də “Ər və arvad”, 29-da “Mən dəyərəm min cavana”, 30-da isə “Bankir adaxlı” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

    Azərbaycan Dövlət Musiqili Teatrı günlərini yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

    Mənbə: https://azertag.az

  • Anna Netrebko və Yusif Eyvazov Şlezviq-Holşteyn festivalının bağlanış konsertində çıxış edəcəklər

    Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 26-da Almaniyada Şlezviq-Holşteyn festivalının bağlanış qala-konsertində çıxış edəcəklər. Konsert Almaniyanın Lübek şəhərinin Konsert və Konqres Mərkəzində keçiriləcək.

    AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, qala-konsertdə C.Verdi, A.Ponkyelli, C.Puççini və başqalarının operalarından ariyalar səsləndiriləcək.

    Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

    Karyerasına İtaliyada başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

    Mənbə: https://azertag.az

  • Violonçel ifaçısı Camal Əliyev İngiltərədə keçiriləcək festivalda çıxış edəcək

    Sentyabrın 20-dən 30-dək İngiltərənin Kolçester şəhərində “Roman River” festivalı keçiriləcək.

    AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev festival çərçivəsində sentyabrın 28-də Müqəddəs Məryəm kilsəsində Eduard Elqarın violonçel üçün konsertini səsləndirəcək.

    Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

    Mənbə: https://azertag.az

  • Aktyor Corc Kluni bir ildə 239 milyon dollar qazanıb

    “Forbes” jurnalının versiyasına görə, Corc Kluni ilin ən çox pul ödənilən aktyorlarının reytinqinə başçılıq edir.

    AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kluni 12 ayda 239 milyon dollar qazanıb. Kino çəkilişlərində qonorardan əlavə, ikiqat Oskar mükafatı laureatı yaradıcısı olduğu Casamigos Tequila kompaniyasının satışından əhəmiyyətli qazanc götürüb. Tekila istehsalçısı olan kompaniya təxminən 1 milyard dollara satılıb.

    Siyahıda ikinci yeri 124 milyon dollarla Dueyn Conson tutur. O, bu mövqeyə “Cumanci: cəngəlliyin çağırışı” filmində iştirakı sayəsində çıxıb. Reytinqin üçüncü pilləsində oğul Robert Dauni qərarlaşıb (81 milyon dollar). Ona qazancın böyük hissəsini “Qisasçılar” kinosiklində çəkilişlər gətirib.

    “Forbes”in illik reytinqində sonrakı yerləri Kris Hemsfort (64,5 milyon dollar), Ceki Çan (45,5 milyon dollar), Uill Smit (42 milyon dollar), Akşay Kumar (40,5 milyon dollar), Adam Sendler (39,5 milyon dollar), Salman Kxan (38,5 milyon dollar) və Kris Evans (34 milyon dollar) tuturlar.

    Jurnal ulduzların reytinq siyahısını 2017-ci il iyunun 1-dən 2018-ci il iyunun 1-dək olan dövrdəki qazancı əsasında tərtib edib. Dünyada ən yüksək ödənişli 10 aktyor hesabat dövründə ümumilikdə 748,5 milyon dollar qazanıb.

    Mənbə: https://azertag.az

  • Daim ürəklərdə yaşayan unudulmaz aktyor

    Bu gün Xalq artisti Şahmar Ələkbərovun anadan olmasının 75-ci ildönümü tamam olur

    Şahmar Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə dünyaya göz açıb. Cəmi 49 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kino aktyoru və rejissor Şahmar Ələkbərovun anadan olmasının 75-ci ildönümü tamam olur.

    O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

    Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.

    Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.

    Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. “Yeddi oğul istərəm” filminə tamaşa edəndə hamımız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.

    Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi “İmtahan” filmi olub. Sonra “Sahilsiz gecə”ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan “Qəzəlxan” filmi də uğurlu alınıb. Bu film Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

    Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

    Mənbə: https://azertag.az

  • “Şollerin arxivi” filmi növbəti kubokunu qazanıb

    Azərbaycanda istehsal olan “Şollerin arxivi” bədii filminin beynəlxalq festivallardakı uğurları davam edir.

    Belə ki, bədii film Hindistanda keçirilən “Lake City İnternational” film festivalında “Ən yaxşı film” kateqoriyasının qalibi olub. Birinci yerə çıxaraq kubok qazanan ekran əsərinin Hindistan bazarına çıxarılması üçün təklif də gəlib.

    Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov AZƏRTAC-a bildirib ki, film, həmçinin İngiltərənin 27-ci Çiçester festivalında finala yüksəlib: “Ekran əsəri “Social Machinery film festivalında da final mərhələsindədir və bu yaxınlarda da nəticələr əldə olunacaq. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ekranlaşdırılıb. “Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. “Şollerin arxivi” ilin sonuna qədər daha bir neçə beynəlxalq festivalda nümayiş olunacaq”.

    Mənbə: https://azertag.az

  • Aşıq Şəmşir – Xalq ruhunun tərcümanı

    Bu il Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə C.Cabbarlı adına Mərkəzi Kitabxananın oxu zalında Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş “Xalq ruhunun tərcümanı” adlı ədəbi-bədii tədbir keçirilib.

    Tədbirin qonaqları Aşıq Şəmşir yaradıcılığından, onun bitib tükənməyən söz dünyasından söhbət açaraq əsərlərindən nümunələr səsləndiriblər. Tədbirin qonağı aşıq Şəmşir yurdu Kəlbəcərdə yaşamış, şair Hümmət Əmrahov aşıqla bağlı xatirələrini bölüşüb, ona həsr etdiyi şeir nümunələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Mənbə: https://azertag.az

  • Xətai Sənət Mərkəzinin uşaqlar üçün elan etdiyi rəsm müsabiqəsi davam edir

    Xəbər verdiyimiz kimi, Bakı Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsinə start verilib.

    Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.

    Müsabiqənin məqsədi tətil ərzində yadda qalan, onların diqqətini çəkən, hadisə və məkanları, fiqur və ya epizodları uşaq və yeniyetmələrin təqdimatında tablo üzərində görməkdir.

    İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru adlı elektron ünvanına göndərməlidirlər. Müsabiqəyə 12-17 yaş arası uşaqlar və yeniyetmələr qatıla bilər.

    Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlər seçiləcək.

    Mənbə: https://azertag.az

  • Sözün sayəsində dünyanı dolaşdım

    Əməkdar jurnalist Flora Xəlilzadənin 65 yaşı tamam olur

    Onun yazılarını hamı oxuyur. Çünki nədən, kimdən yazmasına baxmayaraq hər zaman həqiqəti yazır, qəlbindən keçəni yazır, bəlkə də elə bu səbəbdən oxucu rəğbəti qazanır. Xalq şairi Məmməd Arazın poeziya bulağından su içən, professor Qulu Xəlilovdan dərs alan Flora Xəlilzadə başqa cür yaza bilməz.

    Müsahibələrindən birində “Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də, sinədəftər xanım idi. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdır”, – söyləyən Əməkdar jurnalist Flora Xəlilzadə Azərbaycan publisistikasında öz sözünü demiş qələm sahiblərindəndir.

    Bu günlərdə 65 yaşını qeyd edəcək sevimli həmkarım haqqında bildiklərimi, oxuduqlarımı, eşitdiklərimi oxucularla bölüşmək istədim.

    İyirmi kitaba sığmayan məqalələr

    Flora Xəlilzadə 1953-cü il avqustun 23-də Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində dünyaya göz açıb. Vağədi kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olub. 1977-ci ildə ali təhsilini başa vuraraq “Azərbaycan təbiəti” jurnalında, “Azərbaycan müəllimi” və “Azərbaycan” qəzetlərində fəaliyyət göstərib, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Yadigarlar” verilişinin yaradıcısı, layihə rəhbəri, oğlu Bəhruz Niftəliyevlə birgə aparıcısıdır.

    Deyilənə görə, uşaq vaxtı anasının iradlarına baxmayaraq hündür ağaclara dırmanar, özünü yüksəkliklərdə görmək istəyərmiş. Elə ölkə mətbuatında da addım-addım irəliləyib, pillə-pillə yüksəlib, yuxusuz gecələri bahasına ad-san qazanıb Flora Xəlilzadə. İlk qələm təcrübəsindən sevilməyə başlayan Flora xanım nə öyrənməkdən usanıb, nə də yazıb-yaratmaqdan. O, gördüyü işin qarşılığında heç vaxt kimdənsə nə isə ummayıb. Yazmağı, özü də yaxşı yazmağı özünə bir jurnalist olaraq borc bilib. Bunu həm də dərs aldığı, dünyalar qədər sevdiyi unudulmaz müəllimləri qarşısında bir imtahan bilib. Sevənləri də olub, gözü götürməyənləri də. Hər bir yazısında öz dəstxətini göstərməyi bacarıb. Heç kimin demədiyini qələmə almağı, naqisliklərə irad tutmağı, qətiyyətini, dözümünü, iradəsini, mübarizə əzmini oxucularla bölüşməyi bacarıb. Qədirbilən oxucular onun sadiq dostları olub. Bəlkə də elə onların həvəsinə yazıb-yaradıb. Sayı-hesabı bilinməyən məqalələrini toplayıb, nə az, nə çox – 20 kitab ərsəyə gətirib. Bu kitablarda bir peşəkar qələm adamının hadisələrə həssas münasibəti, ağrısı-acısı hiss olunmaqdadır. Bu yazılarda bir vətənpərvərin yurd sevgisi, bir vətəndaşın qəlb ağrısı duyulur.

    Onun publisistik məqalələri obrazlılığı, üslubu, təqdimatı, axıcılığı ilə oxucunu cəlb edir. Qələmə aldığı mövzuların poetik sərlövhələri həm də müəllifin həyata şairanə baxışından xəbər verir. Bu yazılarda, özü demişkən, “Söz uğrunda döyüşənlər” əks olunub. Xalq şairi Nigar Rəfibəyli haqqında yazdığı “Çəməndə çiçəklər, meşədə quşlar – poeziyamızda Nigarın şeirləri”, böyük yazıçımız Mir Cəlala həsr etdiyi “Sənətin şöhrət zirvəsi”, şair Qasım Qasımzadəyə həsr etdiyi “Zamanın ümmanında itən damlalar”, Xalq yazıçısı Əzizə Cəfərzadə haqqında “Xəyalımızda yanan işıq əbədi ayrılığın qüssəsi”, Xalq yazıçısı İlyas Əfəndiyevə yazdığı “Ədəbiyyatın solmayan çiçəkləri” və digər məqalələri oxucunun xəyal aləmini, həyata və dünyaya baxışını zənginləşdirir, insan həyatı daha dərindən dərk edir. Bu yazılar, müasirlərinin söylədiyi kimi, “zamansız yazılardır”.

    Elmi, ədəbi-publisistik, tənqidi məqalələri ilə diqqət mərkəzində olan Flora Xəlilzadə haqqında müasirləri dəyərli fikirlər söyləyiblər. Görkəmli tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusifli yazıb: “Flora Xəlilzadə professional yazardır. Belə yazarların sayı mətbuata sığınıb at oynadan, amma o atın üstündə duruş gətirməyənlərin sayından qat-qat azdır. Flora xanım o azlardan biridir və öz yazıları ilə o çoxları utandırır. Yəni biz bilirik ki, yazı necə olmalıdır – ən yaxşı yazılar ən yaxşı insanlara oxşayır, təmiz, saf, mənən qürurlu, heç bir maddiyyat əsiri olmayıb, öz daxili azadlığını hifz edən insanlar kimi. Professional səviyyə təkcə savadla, biliklə, dünyagörüşü ilə ölçülmür, həm də daxili mədəniyyətlə ölçülür. Bu daxili mədəniyyət tələb edir ki, nə yazırsan, kimdən yazırsan, hansı mövzuya, hansı problemə müraciət edirsən, təki yalana, jurnalist “oyunbazlığına” meyil eləmə. Həyatın nəfəsini öz nəfəsinə qatıb yazıya ver”.

    Yadıma gül nənəm, nər babam düşdü…

    Qırx ildən çoxdur peşəkar jurnalist kimi mətbuatda çalışan Flora Xəlilzadənin “Bənövşə ətirli səs”, “Analar”, “Bu mənim tale yolum”, “Taleyimdən keçən adamlar”, “Məmməd Araza məktub”, “İgidliyin son zirvəsi”, “Ruhumuzun ünvanı Şuşa” və digər publisistik kitabları ilə yanaşı, ədəbi yaradıcılığının məhsulu olan “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxular” adlı şeir kitabları da çap olunub.

    Onun şeirlərində peşəkarlıqla yanaşı, incə lirizm, həzin kədər, yurd nisgili, torpaq həsrəti oxucunu düşünməyə sövq edir:

    Ulu Tanrım, üz tutmuşam adına,

    Ürəyimi yaralayan zülüm var.

    Mən yurdsuzu salarsanmı yadına,

    Xəyalımda dağılmış bir elim var?..

    Təsadüfi deyil ki, Flora Xəlilzadə şeirlərində bəzən doğma Uruduna pərvazlanır, elinin, obasının, ocaq yerinin, anasının bişirdiyi çörəyin, ata yurdunun ətrini alır.

    Qaya kimi sərt görünən, amma bənövşə kimi kövrək ürəyə malik Flora xanım məharətli qələm sahibi kimi öz sənətinin bütün sirlərinə bələddir, sözü deməyin, fikrini cilalamağın yolunu bilir, xəyalları, arzuları, həssas duyğuları ilə ürəklərə körpü salır:

    Yenə bahar gəldi, qaynadı qanım,

    Könlümə öz evim, öz obam düşdü.

    Ölümü, dirimi gərəkdi anım,

    Yadıma gül nənəm, nər babam düşdü…

    Ürəyimsiz kəlmə yazan deyiləm…

    Hər zaman dili saf, sözü kəsərli həmkarımın əsl elm, sənət və ədəbiyyat adamları haqqında ürəklə yazdığı yazılardan zövq almışam. O da həmişə M.Arazın “Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər ki, öz əlimdi yazanım…”, – fikrinə söykənib. Bu, həyatın, sənət fədailərinin ömrünün davamı deməkdir. Təmənnasız insanlığa və mədəniyyətə xidmət deməkdir.

    Flora xanım özü hazırladığı, 7 cildlik nəzərdə tutulan “Yazdıqlarım” adlı külliyyatının I cildinin müqəddiməsində bu sevginin səbəbini daha gözəl izah edir: “Sözün dərgahında, sözün hüzurunda həmişə başı uca dayanmaq üçün ürəyimin diktəsindən uzağa getməməyə çalışdım. Bu çarpışmaların, ziddiyyət dolu həyatın içində istəyimə nə dərəcədə nail oldum deyə bilmərəm. Tanrı bilir ki, söz mənim üçün dünyanın bütün var-dövlətindən yuxarıda dayanır. Söz mənim üçün diri bir xilqətdir, müqəddəs varlıqdır. Baxır bu xilqəti, varlığı necə duyursan, onu oxucuya, ya da səni eşidənə necə çatdıra bilirsən? Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir…

    Təsəllim budur ki, Sözün gətirdiyi rəğbətdən, məhəbbətdən mənən bəhrələndim, tanındım, sevildim, oxucu diqqəti qazandım, məhz Sözün sayəsində dünyanı dolaşdım!”

    Bu gün öz işini uğurla davam etdirir Flora Xəlilzadə. Yeni yaradıcılıq axtarışları və tükənməz sevgi ilə xalqın dəyərli ziyalılarını, ədiblərini geniş kütləyə tanıdır, ömürlərə işıq salır, unudulanları xatırlayır. Ən maraqlısı da odur ki, Flora Xəlilzadə bu gün təkcə özü mətbuatda külüng vurmur, həm də övladları Elnur və Bəhruz onun yolunu sevə-sevə davam etdirirlər.

    Flora Xəlilzadənin çəkdiyi zəhmət hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü kimi bir çox mükafatlara layiq görülüb. Onun aldığı mükafatları sadalasaq uzun bir siyahı alınar. Hər zaman yaradıcı adamlara diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin sərəncamları ilə aldığı “Tərəqqi” medalını və “Əməkdar jurnalist” fəxri adını isə həyatının ən böyük uğuru hesab edir.

    Oxucuların gözündə publisist kimi məşhurlaşan, bəzən yazdığı şeirləri üzə çıxarmaq istəməyən, “məni publisist kimi tanıyın” deyən sevimli həmkarımıza cansağlığı, uzun ömür arzulayırıq! Müasir mətbuatımız onunla daha oxunaqlı, daha cəlbedicidir.

    Zərəngiz Mansurova
    AZƏRTAC-ın müxbiri

    Mənbə: https://azertag.az

  • Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək

    Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Astana şəhərində təsis toplantısı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev beynəlxalq işçi qrupunun sədri seçilib.

    İşçi qrupunun yaradılmasında məqsəd türkdilli xalqların maddi-mədəni irsinin qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartlar işləyib hazırlamaqdır. Bundan əlavə, işçi qrupu muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyanı üzərinə götürüb.

    Toplantıda TWESCO-nun prezidenti Darxan Kıdırəli, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi aparatının katibi Kuatjan Ualiyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Monqolustanın muzeyşünaslıq işləri üzrə rəsmi nümayəndələri, muzey rəhbərləri, TÜRKSOY və Macarıstanın Astanadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

    Tədbirdə türk və türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun Əsasnaməsi təsdiq olunub. Əsasnamədə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi, Avrasiya türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər qeyd olunur.

    Mənbə: https://azertag.az

  • Daşkənddə Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film hazırlanır

    Daşkənddə özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə “İki xalqın qüruru” adlı sənədli film hazırlanır.

    AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan filmin rejissoru Özbəkistanda yaşayan soydaşımız Eldar Məmmədovdur. Filmdə arxiv materiallarından istifadə edilib, habelə filmin yaradıcı heyəti ədibin vətəni Azərbaycanda olub, şairin doğulduğu Ağdaş rayonuna gedib, bir sıra maraqlı məlumatlar əldə edib, müsahibələr lentə alıb.

    Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Maqsud Şeyxzadə irsini təbliğ etmək, habelə xalqlar arasında dostluq əlaqələrinin daha da genişlənməsinə dəstək olmaqdır. Sənədli materialların, həm də bədii parçaların yer aldığı filmdə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və özbək xalqlarının ədəbiyyatına verdiyi töhfə, yaratdığı ölməz əsərlər öz əksini tapacaq.

    “Özbək ədəbiyyatının “Şekspiri” adlandırılan Maqsud Şeyxzadənin qardaş xalqın ədəbiyyatının və ədəbiyyatşünaslığının inkişafında əvəzsiz xidmətləri olub.

    Onun anadan olmasının 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda Maqsud Şeyxzadənin əsərləri özbək və Azərbaycan dillərində yer alıb. Həmçinin Mədəniyyət Mərkəzinin “Dostluq muzeyi”ndə dahi şairə həsr olunan bölmənin yaradılması nəzərdə tutulur, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə birgə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində şairə həsr olunan xatirə gecəsinin keçirilməsi planlaşdırılır.

    Yubileylə bağlı Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu il bir sıra digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

    Ədibin “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy” faciələri, “Daşkəndnamə”, “Ağsaqqal” poemaları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Daşkənddə yazıçının altı cildlik seçilmiş əsərləri çap olunub.

    M.Şeyxzadə N.Gəncəvi, Ş.Rustaveli, M.Füzuli, V.Şekspir, İ.Höte, C.Bayron, A.S.Puşkin, M.Lermontov, M.F.Axundzadə və digər dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib.

    Maqsud Şeyxzadə ölümündən sonra Özbəkistanın birinci Prezidenti İslam Kərimovun Fərmanı ilə “Böyük xidmətlərə görə” ordeni ilə təltif olunub.

    Mədəniyyət Mərkəzindən bildirilib ki, “İki xalqın qüruru” filminin Özbəkistanda və Azərbaycanda təqdimatı keçiriləcək, film televiziya kanallarına göndəriləcək.

    Qulu Kəngərli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Daşkənd

    Mənbə: https://azertag.az

  • Bakıda Azərbaycan aşpazlarının birinci konqresi keçiriləcək

    Avqustun 21-də Bakı “Boulevard Hotel”də ölkəmizin qastronomik həyatında əlamətdar hadisə – Azərbaycan aşpazlarının birinci konqresi keçiriləcək.

    AZƏRTAC təşkilatçılara istinadən xəbər verir ki, konqresin əsas məqsədi təcrübə və fikir mübadiləsi aparılması üçün platforma yaratmaq, aşpaz və qida istehsalçılarını bir araya toplamaqdır.

    Konqres çərçivəsində bir neçə təqdimat keçiriləcək, bunlardan biri aşpazlara həsr olunmuş ilk sayt – Chefs.az saytının təqdimatı olacaq. Bu sayt vasitəsilə aşpazların reyestri, vakansiyalar bölməsi, xəbərlər və digər faydalı məlumatlara çıxış əldə etmək olacaq. Həmçinin uşaq evləri və aztəminatlı ailələrdə böyüyən gənclərə aşpazlıq sənətinin əsaslarını öyrənməyə köməklik edəcək “İlk Addım” xeyriyyə layihəsinin təqdimatı olacaq. Qeyd edək ki, xeyriyyə məqsədi daşıyan sözügedən layihə Hesab.az/Goldenpay ilə birlikdə təşkil olunub.

    Həmçinin konqres çərçivəsində “Azərbaycan Aşpazlarının Gildiyası”nın yaradılması elan olunacaq, inkişaf planları və gələcək perspektivləri haqqında məlumat veriləcək.

    Konqresin təşkilatçısı kulinar bloger Fərhad Aşurbəylinin sədrlik etdiyi Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyidir. Konqresdə Azərbaycan və xaricdən olan ümumilikdə 200-ə yaxın qonağın iştirakı planlaşdırılır.

    Mənbə: https://azertag.az

  • Qurban bayramı münasibətilə Qəbələdə konsert proqramı təqdim olunacaq

    Avqustun 21-23-də Azərbaycan Milli Konservatoriyası, Heydər Əliyev Konqres Mərkəzi və “Qafqaz” Otellər Şəbəkəsinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Qurban bayramı” münasibətilə konsert proqramı təqdim olunacaq.

    Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, konsertin ilk günü Əməkdar artist Təyyar Bayramov maraqlı ifaları ilə qonaqların görüşünə gələcək. Konsertdə xanəndəni Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcək. Həmçinin xanəndənin tələbələrinin çıxışları nəzərdə tutulub.

    Konsertin ikinci günü Xalq artistləri Mənsum İbrahimovun, üçüncü günü isə Azər Zeynalovun solo konserti təşkil olunacaq.

    Mənbə: https://azertag.az

  • Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında “Qu gölü” baleti nümayiş etdiriləcək

    Sentyabrın 29-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

    AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, Əməkdar artist Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq.

    T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

    Mənbə: https://azertag.az

  • Anna Netrebko və Yusif Eyvazovun Monakoda konserti olacaq

    Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) avqustun 23-də Monakoda Monte-Karlo Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

    AZƏRTAC Monte-Karlo Opera Teatrının saytına istinadla xəbər verir ki, konsertdə С.Verdi, N.Rimski-Korsakov, С.Puççini və başqalarının əsərləri səsləndiriləcək.

    Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

    Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

    Mənbə: https://azertag.az

  • Azərbaycan nümayəndə heyəti Özbəkistanda muğam sənəti forumunda iştirak edəcək

    Sentyabrın 6-dan 10-dək Özbəkistanın Şəhrisəbz şəhərində ilk dəfə olaraq beynəlxalq muğam (makom) sənəti forumu keçiriləcək. Tədbirdə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri iştirak edəcəklər.

    Özbəkistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, UNESCO-nun himayəsi altında keçiriləcək forumda “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq. Qeyd edək ki, makom – özbək musiqisində vokal-instrumental silsilədir.

    Tədbir Oksaroy meydanında və ona yaxın ərazilərdə keçiriləcək. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil ediləcək, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı olacaq.

    Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq tellərinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

    Forumda Əməkdar artist, Milli Konservatoriyanın müəllimi, istedadlı tar ifaçısı Sahib Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

    Mənbə: https://azertag.az

  • “YARAT”da qısametrajlı film festivalı keçiriləcək

    Avqustun 21-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qisametrajlı film festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festival çərçivəsində altı filmin nümayişi nəzərdə tutulur. Keçirildiyi 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

    Hazırda festival 40 ölkə, 100 şəhər və altı qitəni əhatə edərək il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir.

    Mənbə: https://azertag.az

  • “Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində…

    Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) kitabı işıq üzü görüb.

    Tərcümə Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səkkiz əsr ərzində yaradılmış poetik irsi əhatə edən Türkiyə poeziyasının ümumi mənzərəsini küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda Şəyyad Həmzə, Cəlaləddin Rumi, Yunus Əmrə, Qaracaoğlan, Namiq Kamal, Yusif Ziya Ortaç, Mehmet Akif Ərsoy, Aşıq Veysəl, Nazim Hikmət, Səbahəddin Ali, Orxan Vəli Kanık, Mehmet Kamal, Can Yücəl, Camal Sürəyya, Əhməd Oktay, Nevzat Çelik və digər ədiblərin şeirləri toplanıb.

    Kitabı tərtib edən və dilimizə uyğunlaşdıran Əhməd Oğuz, redaktoru və “Ön söz”ün müəllifi Nəriman Əbdülrəhmanlıdır.

    Mənbə: https://azertag.az

  • Vaqif Mustafayev sənədli film festivalının münsiflər heyətinə rəhbərlik edəcək

    Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinə rəhbərlik edəcək.

    AZƏRTAC xəbər verir ki, Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.

    İlk dəfə 2016-cı ildə təşkil edilən festivala “5 ölkə, 7 şəhər, 1 festival” devizi ilə start verilib. Ötən il festivalın əhatə dairəsi bir qədər genişlənərək 6 ölkəyə və 13 şəhərə çatıb. Bu il isə Türk Dünyası Sənədli Filmlər Festivalında 7 ölkənin iştirakı nəzərdə tutulur və artıq film seçimi başlayıb.

    Festival 2018-ci il oktyabrın 2-dən noyabrın 10-dək davam edəcək.

    Qeyd edək ki, təkcə ölkəmizdə deyil, həmçinin beynəlxalq kino aləmində böyük nüfuza malik rejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin avqustun 28-də 65 yaşı tamam olur.

    Mənbə: https://azertag.az

  • Nəzrin Rəşidova Litvada keçiriləcək festival-konfransda çıxış edəcək

    Sentyabrın 4-dən 6-dək Vilnüsdə, Litva Musiqi və Teatr Akademiyasında musiqi perfomansı və incəsənət sahəsində tədqiqatlara dair üçüncü festival-konfrans keçiriləcək.

    AZƏRTAC festival-konfransın saytına istinadla xəbər verir ki, tədbir çərçivəsində sentyabrın 6-da azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın mühazirə-konserti olacaq. Çıxışın mövzusu fransız skripkaçı, bəstəkar və pedaqoq Emil Sorenin etüd və kaprislərinin bərpa edilib diskə yazılmasına həsr olunacaq.

    Mənbə: https://azertag.az

  • Bakı Beynəlxalq Caz Festivalının proqramı zəngindir

    Oktyabrın 14-dən 28-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı zəngindir. Festivalın konsert proqramları Beynəlxalq Muğam Mərkəzində və Rotunda Caz Klubunda təşkil olunacaq.

    AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində gitaraçı, Azərbaycanın Əməkdar artisti Həsən Bağırov (Sankt-Peterburq), pianoçu cazmen Leonid Ptaşka (İsrail) çıxış edəcəklər. Oktyabrın 16-da Rotunda Caz Klubunda saksofon ifaçısı Uve Ştaynmetsin (Almaniya), ayın 19-da müğənni Laura Poldverenin (Estoniya), 20-də Jan Şole triosunun (Fransa), 21-də İsveçin musiqi qrupunun konserti olacaq.

    Azərbaycan Cazı Günündə – oktyabrın 22-də Rotunda Caz Klubunda Elvin Bəşirov qrupu konsert proqramı ilə çıxış edəcək. Rotunda Caz Klubunda oktyabrın 23-də Can Cankaya və Kağan Yıldız (Türkiyə), 24-də Martin Salemi triosu (Belçika), 25-də Helge Lien triosu (Norveç), 26-da Maykl Pipoquinha (Braziliya), 27-də Ruben Hein triosunun (Belçika) konsert verəcəklər. Festivala oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-dan olan musiqiçilər Qreqori Maretin və Kristi Daşiyelin çıxışı ilə yekun vurulacaq.

    Qeyd edək ki, festival çərçivəsində oktyabrın 15-dən 18-dək Bakıda Beynəlxalq Caz Müsabiqəsi də keçiriləcək.

    Bakı Caz Festivalı 2017-ci ildən “European Jazz Network” təşkilatının üzvüdür.

    Mənbə: https://azertag.az

  • “JARA-2018” beynəlxalq musiqi festivalına həsr edilən filmin çəkilişləri davam edir

    Xalq artisti Emin Ağalarovun baş prodüseri olduğu və işçi adı “Jara v Baku” olan filmin çəkilişləri davam edir. Filmin əsas qəhrəmanları moskvalı qız Darya və bakılı oğlan Muraddır. Filmdə, həmçinin iyulun 26-dan 29-dək Bakıda keçirilmiş “JARA-2018” beynəlxalq musiqi festivalında iştirak etmiş Rusiya estradasının ən parlaq ulduzları da çəkiliblər. Kinolayihənin prodüseri Teymur Cəfərovdur.

    AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən mətbuat konfransında filmin prodüseri T.Cəfərov çəkiliş prosesi, məqsədlər və layihə komandasının üzləşdiyi problemlər barədə danışıb: “Filmdə hər şey ulduzların “Jara”ya gəldiyi təyyarədə başlayır. Elə həmin təyyarədə “Qolos” layihəsinin qalibi olan qəhrəmanımız Daşa da uçur. Ardından filmin hər bir qəhrəmanının arzusunun həyata keçməsinə gətirib çıxaran müxtəlif süjet xətləri başlayır. Filmin personajlarından biri də elə şəhərin özüdür. Bakını əcnəbi tamaşaçıya mükəmməl şəhər kimi təqdim etmək istəyirik”.

    Filmdə əsas rollardan birini “JARA” festivalında səhnəyə çıxmaq xoşbəxtliyi yaşamış qəhrəman obrazını canlandıran aktrisa Diana Pojarskaya oynayacaq. Murad rolunda isə aktyor Nail Abraxmanov çəkilib.

    Qeyd edək ki, filmin Azərbaycandakı distribüter şirkəti “Cinema Distribution”dur və o, “Cinemaplus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

    Mənbə: https://azertag.az

  • Nigeriyanın “LİL Magazine” jurnalı Azərbaycan yeməklərindən yazıb

    Nigeriyanın məşhur “LİL Magazine” mətbəx jurnalının avqust nömrəsində Azərbaycan yeməklərindən bəhs edilib.

    AZƏRTAC xəbər verir ki, “Azərbaycan mətbəxinə ekskursiya” adlı silsilə məqalələrin müəllifi bu ölkədə yaşayan həmyerlimiz Billurə Bayramovadır.

    Jurnalın 14 və 36-cı səhifələrində yer alan yazılarda Azərbaycan mətbəxinin ən ləziz təamlarından bəhs edilib: “Ərazicə elə də böyük olmasa da Azərbaycanın mətbəxi qədim və zənginliyi ilə daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan mətbəxində müasir mətbəx nümunələri ilə yanaşı ənənəvi qədim yemək reseptləri də qorunub saxlanılmaqdadır. Bu mətbəxdə mis və gil qablardan istifadə edilməsi bir ənənə olsa da, həmçinin bu qablar yeməyə fərqli bir dad, ləzzət də verir”.

    Müəllif nigeriyalı oxuculara Azərbaycan mətbəxində xüsusi yeri olan ənənəvi “Saciçi yeməyi”nin reseptini təqdim etməklə yanaşı, onun ölkəmizin qədim, tarixi məkanlarından olan Lahıc misgərlərinin hazırladığı xüsusi saclarda bişirildiyini də diqqətə çatdırır.

    Jurnalda, həmçinin milli mətbəximizin ən ləziz təamlarından olan düşbərə, qutab və digər yeməklər barədə məlumat verilir. Müəllif düşbərə, ət və göyərti qutabının içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını izah edir.

    Mənbə: https://azertag.az

  • Valeriyanın “Jara-2018” çərçivəsində yubiley gecəsi Rusiyanın Birinci kanalında yayımlanacaq

    Rusiya Televiziyasının Birinci kanalı Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalının nümayişini davam etdirir.

    AZƏRTAC xəbər verir ki, Rusiyanın Xalq artisti Valeriyanın festival çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi avqustun 17-də Rusiya Televiziyasının birinci kanalında yayımlanacaq. Tamaşaçılar Valeriyanın ifalarını, onun Yeqor Krid, Kristina Orbakayte, Aleksandr Panayotov və Nikolay Baskovla duetlərini, habelə Qlük`oza, Yuliana Karaulova, Darya Antonyuk, İrina Dubtsova, Ani Lorak, Jasmin, A`Studio qrupu və başqalarının çıxışlarını izləmək imkanı qazanacaqlar.

    İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun ifaları dinləmək imkanı qazanıblar.

    Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

    Mənbə: https://azertag.az

  • Şervud Andersonun “Vaynzburq Ohayo” kitabının onlayn versiyası təqdim edilib

    Azərbaycan Tərcümə Mərkəzinin son nəşrlərindən olan Şervud Andersonun hekayələrindən ibarət “Vaynzburq Ohayo” kitabının onlayn versiyası “açıq kitab” elektron kitabxanası oxucuların ixtiyarına verilib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabxana izləyiciləri mərkəzin www.achiqkitab.az saytına daxil olmaqla nəşrdən pulsuz yararlana bilərlər.

    Mənbə: https://azertag.az

  • Heydər Əliyev Sarayında “Dəfinələr adası” tamaşası təqdim olunacaq

    Noyabrın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq süjet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək.

    Rusiyanın ən yaxşı rəqqaslarından olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

    Mənbə: https://azertag.az

  • “Mənim fransız filmim” layihəsi çərçivəsində “Son nəfəsdə” filmi təqdim olunacaq

    Avqustun 17-də “Landmark”da Bakıdakı Fransız İnstitutunun “Mənim fransız filmim” layihəsi çərçivəsində fotoqraf, art-kurator, “Artlogos” klubunun spikeri Rüstəm Hüseynovun və Jan-Lük Qodarın “Son nəfəsdə” adlı filmi təqdim olunacaq.

    Fransanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekran əsəri ingilis altyazıları ilə nümayiş olunacaq.

    Filmlərə baxmaq üçün giriş sərbəstdir.

    Mənbə: https://azertag.az

  • Əsgərlərin andiçmə mərasiminə həsr edilən konsert olub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət sarayı “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi çərçivəsində konsert proqramı təqdim edib.

    AZƏRTAC xəbər verir ki, konsertdə “Dalğalar” instrumental ansamblı, gənc müğənnilər Sakit Mehdizadə, Esmira Məmmədova və başqaları çıxış ediblər.

    Hərbi-vətənpərvərlik mövzusuna həsr edilmiş konsert proqramı maraqla qarşılanıb.

    Mənbə: https://azertag.az

  • C.Cabbarlının hekayələri Türkiyədə nəşr olunub

    Mədəniyyət Nazirliyinin 2016-cı ildən reallaşdırdığı “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu günlərdə layihə çərçivəsində görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələrindən ibarət kitab nəşr olunub.

    Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap edilən kitab türkiyəli oxucuların marağına səbəb olub.

    Mənbə: https://azertag.az

  • Azərbaycanın Əməkdar artisti İstanbulda konsert proqramı ilə çıxış edib

    Azərbaycanın Əməkdar artisti pianoçu, bəstəkar, dirijor Turan Manafzadə İstanbulda “All Saints” Kilsəsində konsert proqramı ilə çıxış edib. O, səhnəni türk əsilli gənc skripka ifaçısı Mevsim Engin ilə bölüşüb.

    AZƏRTAC xəbər verir ki, konsertdə dünya klassiklərinin əsərləri ilə yanaşı, fransız bəstəkar Claude Debussy və Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərləri də ifa olunub. Əməkdar artist Turan Manafzadə konsert proqramında öz bəstələrini də səsləndirib. “Qəlbimə düşər damcılar”, “Sən eşqin özüsən” və “Ay Laçın” mahnıları dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılanıb.

    Konsert proqramı gənc sənətçilərin ifasında “Sarı gəlin” mahnısının səsləndirilməsi ilə başa çatıb.

    Qeyd edək ki, Turan Manafzadə 2017-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb.

    Mənbə: https://azertag.az

  • Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsində

    Moskvada yaşayan həmvətənimiz Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsinin iştirakçıları sırasındadır.

    AZƏRTAC xəbər verir ki, sentyabrın 4-dən 9-dək keçiriləcək final mərhələsində 16 ifaçı mübarizə aparacaq.

    Aprelin 17-18-də Moskvada “Novaya volna-2018” beynəlxalq müsabiqəsinin yarımfinalı olub. Yarımfinalda dünyanın müxtəlif ölkələrindən 150 musiqiçi iştirak edib. Rusiyanın Xalq artisti İqor Krutoyun sədrlik etdiyi münsiflər heyətində Rusiyanın Xalq artisti Filip Kirkorov, müsabiqənin rejissoru Aleksandr Revzin, musiqi prodüseri Anastasiya Muxina yer alıb.

    Xatırladaq ki, Emil Qədirovun Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsertləri olub. O, Rusiya Televiziyasının Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı olub. Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak edir. “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkə bəstəkarlarının romansları və estrada mahnıları daxildir.

    Mənbə: https://azertag.az

  • Sözü-söhbəti unudulmayan şair

    Bu gün Xalq şairi Qabilin anadan olmasının 92-ci ildönümü tamam olur

    Azərbaycanın Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.

    Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.

    AZƏRTAC bu gün anadan olmasının 92-ci ildönümü tamam olan Qabilin bir neçə lətifəsini oxuculara təqdim edir.

    Xalq yazıçısı İsmayıl Şıxlının Qabil haqqında yazdığı “Dostum Qabilin qəribə əhvalatları” kitabından:

    Ostarojno, Qabil!

    Bir gün şairlər yığılıb Sabir Rüstəmxanlının toyuna gedirlər. Maşın karvanına da Qabil başçılıq edir. Dərələr, təpələr aşırlar, çaylar, körpülər keçirlər, kəndlərin birindən keçəndə meşə ilə əhatə olunmuş səfalı bir yerdə qəflətən Qabil maşını saxlayır. Dostları yanına gəlirlər:

    – Nə olub, Qabil, niyə dayandın?

    – Görmürsünüz, qabaqda nə yazılıb?

    – Nə yazılıb?

    – Yazılıb ki, “Ostarojno, Qabil!”

    Yoldaşları yazını diqqətlə oxuyurlar:

    – Ostarojno, kabel!

    – Hə, Kabel, onda getdik!

    Nöşün yol vermir

    Bir gün Qabil maşınla Şüvəlandan gəlirmiş. Montin (indiki Nərimanov) qəsəbəsinə gedən geniş yolun başlanğıcında maşını saxlayır, gözləyir ki, milisioner ona yol versin. Beş dəqiqə, on dəqiqə keçir, siqnal verir, ona yol verən olmur. Axırda əsəbiləşib maşından düşür və hirslə qışqırır:

    – Ələ, nə qədər gözləmək olar, nöşün yol vermirsən?

    Bu zaman bir nəfər ona yaxınlaşıb gülə-gülə deyir:

    – Ay yoldaş, yolun ortasında dayanan milisioner deyil, heykəldir, Leninin heykəli.

    – Həri, bəs, nöşün yol vermir, arxasını mənə çevirib?

    Mənim ondan xoşum gəlir

    Qapımıza tez-tez açar salırdılar. Şaqqıltıya durub açırdım. Görürdüm ki, Qabildir, qan-tər içində əlləşir. Üzr istəyib bir mərtəbə qalxırdı. Bir dəfə yenə qapımıza açar saldılar. Durub açdım. Şübhəsiz, Qabil idi, qan-tər içində əlləşirdi. Gülməyim tutdu.

    – Qabil, deyəsən qapımı ayrı rəngdə boyamalı olacağam ki, dəyişik salmayasan.

    – Pis olmaz, – deyə sakitcə cavab verdi və pilləkənləri qalxdı. Birdən geri döndü:

    – Mirzə, hansı rəngi vuracaqsan? Məsləhətdir, mavi rəngi vurasan, mənim ondan xoşum gəlir.

    Oğlu Mahir Qabiloğlunun “Atam Qabilin qəribə əhvalatları” kitabından:

    Deyişmə

    Qabil müəllimin Şamaxıda çoxlu dostları vardı. Onlar hər dəfə Bakıya gələndə bizə 10-15 litr çaxır gətirərdilər. Atam da evdə qonaqlıqdan əlavə qonşulara da bu çaxırdan pay verərdi. Günlərin bir günü atam belə paylardan birini də qonşumuz Xalq yazıçısı Hüseyn Abbaszadəyə göndərir. Bir az keçir qapı döyülür. Hüseyn müəllim oğlu İlqarla atama bir məktub göndərir:

    İçmə çaxırı, ay Qabil!
    Yoxdu axırı, ay Qabil!
    İçki elə bir şeydir ki,
    Açır paxırı, ay Qabil!
    Sonrasına da bir cümlə əlavə edib ki, “Buna baxmayaraq, çaxır üçün sağ ol!”.

    Qabil də dərhal bir vərəq götürüb naməyə cavab yazır:

    Fayda verir cana çaxır, ya Hüseyn!
    Üz qızarır, gözlər axır, ya Hüseyn!
    Gəl, şərabın bəhrinə bir baş vuraq,
    Gül kimiyik – yoxdur paxır, ya Hüseyn!
    “EO və KO”

    “Volqa”mızın dövlət nömrə nişanını dəyişdirmişdik – 10 EO 545. Dayım baxır gülməyi tutur. Fikrət dayımın da maşınının nömrəsi 10 KO 137 idi.

    – Bu nə nömrədir, e, ay Qabil?

    – Nömrədir də, Mahir seçib.

    – Bildik e, nömrədir. Bəs bu “EO” nədir?

    Atam bilir ki, dayım nəyəsə işarə edir. Sadəcə bunu onun öz dilindən eşitmək istəyir:

    -“EO”, yəni ki eşşək oğlu. Sonra?

    -Onda belə çıxır ki, mənim nömrəm də KO-dur. Mən də demək köpək oğlu?…

    -Yox. Sən kişi oğlusan!.

    On bir manata təkər

    Sovet dövrü idi. Hər şey qıt olduğu kimi, maşın təkəri də tapılmırdı. Əldən 50 manata güclə tapmaq olurdu. Günlərin bir günü atam gəlib dedi ki, 4 təkər aldım Sabunçu dairəsində. Özü də biri 11 manata. Üstündən 5-6 ay keçmişdi ki, evə “povestka” gəldi. Bəs, sizi Lenin rayon prokurorluğuna çağırırlar. Özü də bu prokuror dostu Zakir Zeynalovdan idi. Məəttəl qaldıq ki, görəsən neyləyib? Getdik Sabunçuya, prokurorluğa. Bir saatdan sonra gəlib dedi ki, təkər aldığım mağazada “yeyinti” olub. Satıcını tutublar, o da and-aman edib ki, düz satıram. İnanmırsız, şair Qabildən soruşun təkəri ona 11 manata vermişəm. Bunlar da inanmayıb. Yaxşı ki, mənim adım uşağın yadında qalıb, qanının arasına girdim onun.

    Mənbə: https://azertag.az

  • Böyük sənətkarın irsini yaşadan muzey

    Maestronun mənzil muzeyində 6 mindın çox eksponat qorunub saxlanılır

    Maestronun adını daşıyan mənzil muzeyi, istər onun təmayülünü, istərsə də şəxsiyyət kimi insani mahiyyətini tarix üçün əbədi olaraq arxivləşdirib. 30 ilə yaxındır ki, muzey kimi fəaliyyət göstərən bu ocaq xalqımızın maddi-mənəvi xəzinəsi və tarixi sayılan böyük şəxsiyyət-Niyazini ürəklərdə yaşadaraq onun mükəmməl yaradıcılığının mühafizəkarına çevrilib. Maestro bu mənzildə 1958-ci ildən ömrünün sonunadək, yəni 1984-cü ilədək yaşayıb, yaradıb. Muzeyə daxil olanda sanki maestro ilə qarşılaşırsan. Maestronun divardan asılan böyük tablosu səni salamlayır, bir anlıq onunla eyni millətin övladı olmağınla fəxr edirsən. Bir növ özünü onun müasiri kimi hiss edirsən. Memorial otaqlar, ekspozisiya zalı və qonaq otağı- hər birində maestronun özünü, onun böyüklüyünü və dahiliyini hiss edirsən.

    Muzeydə yaşayan ömür

    Bu tarixi məkanla yaxından tanış olmaq üçün muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramovla həmsöhbət olduq. Rza müəllim deyir ki, son iki ildə muzey tərəfindən maestro yaradıcılığına aid bir çox materiallar əldə olunub. Bunlar əsasən fotolar, kitablar, proqramlar, sənədlər, afişalar, rəsm əsərləri, DVD və CD disklərdir. Təkcə 2017-ci ildə əldə olunmuş materialların sayı 72 ədəd olub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazi irsinin tədqiqi və təbliği istiqamətində xeyli işlər görüb.

    Muzey Niyazi irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində də fəaliyyətini mükəmməl şəkildə qurub. Mənzil-muzeyin əsas vəzifəsi maestronun həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ etmək, gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini tanıtmaqdır.

    Rza Bayramovun sözlərinə görə, hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdır. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və qədəri ilə ölçülür. Niyazinin mənzil muzeyi yaradılarkən əldə olunmuş materialların sayı 4707 ədəd olub. Hazırda muzeydə 6500-dək eksponat qorunub saxlanılır və nümayiş olunur. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları, proqramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramvalları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir. Niyaziyə aid materiallar, eyni zamanda, Azərbaycan Tarixi Muzeyində 273 ədəd, S.Mümtaz adına Azərbaycan Dövlət İncəsənət və Ədəbiyyat arxivində 1604 qovluqda 4905 ədəd, Mərkəzi Dövlət Səsyazıları Arxivində 214 ədəd saxlanılır. Ümumiyyətlə, muzeyimiz Niyazi arxivinin zənginləşdirilməsi, təbliği və tədqiqi məqsədilə toplama işini həmişə diqqət mərkəzində saxlayır.

    Niyazi dünya musiqi xəzinəsinin
    tanınmış simalarının yaddaşında…
    Muzeydə olarkən onu da öyrəndik ki, muzeyin əməkdaşları arxivlərlə ictimaiyyətin tanışlığı üçün məqsədyönlü işlər görür. “Piano üçün pyeslər” not kitabı və bu kitaba daxil olan əsərlərin CD diski də elə muzey işçiləri tərəfindən hazırlanıb. Niyazinin mənzil muzeyinin bukleti Azərbaycan və rus dillərində çap edilib. Bundan əlavə, çap edilən “Təsviri sənət əsərləri Niyazinin mənzil muzeyində” açıqca dəstinə demək olar ki, muzeydə saxlanılan görkəmli təsviri sənət ustalarının Niyazi ilə bağlı yazdıqları 16 ədəd əsərlər daxildir. Eyni zamanda, “Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində” illüstrasiyalı kataloqunu (burada Niyazinin not əlyazmaları, sənədlər, proqramlar və afişaların siyahısı fotoşəkillərlə birgə təqdim olunur) göstərmək olar. Bu işlərdə Mədəniyyət Nazirliyinin bilavasitə rəhbərliyi və maddi dəstəyi də önəmli rol oynayır. Muzeydə vaxtaşırı ölkəmizin musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr olunmuş tədbirlər, Niyazinin xatirə gecələri, sərgilər təşkil olunur. Bu istiqamətdə gördüyümüz işlər Niyazi yaradıcılığının təbliğinə yönəlib. Bu gün muzeyə elmi-tədqiqat işləri üçün müraciət edənlərin sayı da yetərincədir. Hər zaman Niyazinin fond materiallarından istifadə üçün muzeyə müraciət edən hər bir şəxsə, təşkilata, elm və mədəniyyət müəssisələrinin nümayəndələrinə film, o cümlədən veriliş çəkilişi üçün müraciət edən televiziya şirkətlərinə müvafiq qaydada imkanlar yaradılıb. Muzeyə mütəmadi olaraq arxivlərdən istifadə etməklə tədqiqat işləri aparmaq üçün müxtəlif tədris, elm və mədəniyyət müəssisələrinin nümayəndələri- bəstəkarlar, musiqişünaslar, ali təhsil ocaqlarının magistr və tələbələri müraciətlər edirlər. Eyni zamanda, hər il adı çəkilən tədris ocaqlarının tələbələri muzeydə tədris təcrübəsi keçirlər. Dünya musiqi xəzinəsinin tanınmış inciləri- dirijorlar, bəstəkarlar ölkəmizə səfərə gələndə həmkarlarını yad eləməkdən ötəri muzeyə baş çəkir, həmkarlarını yad edirlər. Son dövrlərdə muzeyi ziyarət etmiş məşhur musiqiçilərdən dünya şöhrətli dirijor Yuri Temirkanov və SSRİ Xalq artisti Tamara Sinyavskayanı xüsusi qeyd etmək lazımdır. Bundan başqa, Türkiyənin məşhur dirijoru Gürer Aykal, məşhur pianoçu İdil Biret, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru M.A Brızqalov, görkəmli dirijor, Belarusun Xalq artisti, Belarus Milli Akademik Böyük Opera Teatrının baş dirijoru Vyaçeslav Voliç, Latviyanın tanınmış dirijoru Andris Vekumnieks və başqalarını göstərmək olar. Niyazinin mənzil muzeyi mövcud olduğu dövr ərzində Azərbaycan xalqının yüksək musiqi mədəniyyətinə, incəsənətə malik olduğunu təbliğ etmək və Niyazi irsinin gələcək nəsillərə çatdırılması naminə daim fəaliyyətdə olan canlı təşkilat statusunu qoruyub saxlayır. Çünki Niyazi sənəti əbədidir. Onun istedadı, yaradıcılıq fəaliyyəti və yorulmadan çəkdiyi böyük zəhmət əsl ümumxalq məhəbbəti qazanıb.

    Maestronun mənzil-muzeyi dövlət qayğısı ilə əhatələnib

    Ölkəmizdə muzeylərə diqqət və muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, həmişə muzeylərə böyük önəm verərək bu sahəyə diqqət və qayğı ilə yanaşıb. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə, tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Bu gün də o ənənə davam etdirilir.

    R. Bayramov söyləyir ki, maestronun mənzil-muzeyi və onun əməkdaşlarına dövlət tərəfindən yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə və incəsənətimizə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycan muzeyləri son illər inkişaf dövrünü yaşamaqdadır: “Bu qayğı bizi daha yaxşı işləməyə, mədəni irsimizi daha yaxşı təbliğ etməyə ruhlandırır. Əməyimizin mütəmadi olaraq bu cür yüksək qiymətləndirilməsi, bizə, sadə muzey işçilərinə böyük stimul olmaqla yanaşı, fəaliyyətimizə göstərilən diqqətin təzahürüdür. Buna görə ölkə rəhbərliyinə minnətdarıq. Göstərilən bu etimadı bundan sonra da doğrultmağa çalışacağıq”.

    Ceyhun Alışlı
    AZƏRTAC-ın müxbiri

    Mənbə: https://azertag.az

  • Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Xalq yazıçısı Anar ilə görüş keçirilib

    Daşkənddə keçirilən “Klassik və müasir özbək ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılmasının aktual məsələləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, universitetin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

    Görüşdən əvvəl Anar və digər qonaqlar böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar.

    Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid tədbiri açaraq Anarın həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Özbəkistanda kitablarının dərc olunduğunu bildirib, onun son illərdə Daşkənddə iki kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb.

    Yazıçı Firuz Mustafa Anarın əsərlərinin məziyyətlərindən danışıb, onun ancaq keçmiş SSRİ məkanında deyil, dünyanın əksər ölkələrində tanındığını vurğulayıb. O, Anarın Özbəkistanda çap edilən əsərləri haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

    Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və digər çıxış edənlər Azərbaycan yazıçıları arasında Anarın Özbəkistanda daha populyar olduğunu bildirib, onun əsərlərinin bu ölkədə çox sevildiyini qeyd ediblər.

    Azərbaycan yazıçıları konfrans çərçivəsində qədim Səmərqənd şəhərində də olublar.

    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

    Mənbə: https://azertag.az

  • Növbəti kitab-sərgi yarmarkasına start verilir

    Avqustun 15-dən “Hədəf” Nəşrləri və “XAN” nəşriyyatı Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kitab sərgi-yarmarkasına start verir.

    Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, sərgi-yarmarka bir ay müddətində Binəqədi rayonunda yerləşən Heydər Əliyev Parkında təşkil olunacaq. Həftənin bütün günləri təşkil olunacaq sərgidə hər gün saat 11:00-dən 22:00-dək kitabsevərlər istədikləri nəşrlərlə tanış ola biləcəklər. Sərgi müddətində “XAN” nəşriyyatının yazarlarının oxucularla görüş günləri nəzərdə tutulub.

    Kitab sərgi-yarmarkasında təqdim olunacaq nəşrlərə böyük endirimlər olacaq.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs QARAYEV

    Vəzifəsi: Nazir

    Əlaqə nömrəsi: +994 12 493 43 98

    E-poçt: mct@mct.gov.az

    13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub.

    TƏHSİLİ

    1963-1973-cü illərdə – 23 saylı orta məktəb;
    1973-1978-ci illərdə – Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu;
    1989-1992-ci illərdə – Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturası (1992-ci ilin yanvar ayında “1918-1930-cu illərdə – Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək “Fəlsəfə elmləri namizədi” elmi dərəcəsi;
    1992-ci ildə – Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kursları.

    ƏMƏK FƏALİYYƏTİ

    1978-ci ildə – Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi;
    1980-1985-ci illərdə – Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri;
    1985-1989-cu illərdə – Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb;
    1992-1993-cü illərdə – Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında baş müəllim;
    1993-1994-cü illərdə “İMPROTEKS Kommers” kiçik müəssisəsində müdir;
    1994-2001-ci illərdə – Gənclər və idman naziri;
    2001-2006-cı illərdə – Gənclər, idman və turizm naziri;
    2006-2018-ci illərdə – Mədəniyyət və turizm naziri;
    2018-cı ildən – Mədəniyyət naziri.

    İCTİMAİ-SİYASİ FƏALİYYƏTİ

    Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980-1991-ci illərdə – Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
    Ailəlidir, bir övladı var.

    Mənbə: http://mct.gov.az

  • “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı rəsm müsabiqəsi davam edir

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi elan edilib.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan müsabiqənin məqsədi qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaqdır.

    Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər, ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 30-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru elektron ünvanına göndərməlidir.

    Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq. Müsabiqənin yekun sərgisi – Xətai Sənət Mərkəzində keçiriləcək.

    Qeyd edək ki, müsabiqənin informasiya tərəfdaşları sırasında AZƏRTAC-da var.

    Mənbə: https://azertag.az