Sentyabrın 29-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, Əməkdar artist Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Mənbə: https://azertag.az