Nigeriyanın məşhur “LİL Magazine” mətbəx jurnalının avqust nömrəsində Azərbaycan yeməklərindən bəhs edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan mətbəxinə ekskursiya” adlı silsilə məqalələrin müəllifi bu ölkədə yaşayan həmyerlimiz Billurə Bayramovadır.
Jurnalın 14 və 36-cı səhifələrində yer alan yazılarda Azərbaycan mətbəxinin ən ləziz təamlarından bəhs edilib: “Ərazicə elə də böyük olmasa da Azərbaycanın mətbəxi qədim və zənginliyi ilə daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan mətbəxində müasir mətbəx nümunələri ilə yanaşı ənənəvi qədim yemək reseptləri də qorunub saxlanılmaqdadır. Bu mətbəxdə mis və gil qablardan istifadə edilməsi bir ənənə olsa da, həmçinin bu qablar yeməyə fərqli bir dad, ləzzət də verir”.
Müəllif nigeriyalı oxuculara Azərbaycan mətbəxində xüsusi yeri olan ənənəvi “Saciçi yeməyi”nin reseptini təqdim etməklə yanaşı, onun ölkəmizin qədim, tarixi məkanlarından olan Lahıc misgərlərinin hazırladığı xüsusi saclarda bişirildiyini də diqqətə çatdırır.
Jurnalda, həmçinin milli mətbəximizin ən ləziz təamlarından olan düşbərə, qutab və digər yeməklər barədə məlumat verilir. Müəllif düşbərə, ət və göyərti qutabının içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını izah edir.
Mənbə: https://azertag.az