Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabı “Mütərcim” nəşriyyatında Nərgiz Əfəndiyevanın tərcüməsində “Ne perom napisannıe” adı ilə rus dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət kitabın “Status-esselər” adlanan birinci hissəsində müəllifin təxminən on ildən çox zaman kəsiyini əhatə edən və sosial şəbəkələrdə yazdığı statusları toplanıb. Bu statuslarda əsasən ictimai həyatla sıx təmasda olan şair-publisistin hadisələrə operativ münasibəti yer alıb. Kitabın ikinci hissəsi olan “Sms-esselər” bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranılır. “Sms-esselər”i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının parçaları da.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz”də qeyd etdiyi kimi, bu kitabla Rəşad Məcid Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində yeni janrlara imza atıb: “Rəşad Məcidin statusları və “sms-esseləri” müstəqillik dövr Azərbaycan sosial şəbəkə ədəbiyyatının yol xəritəsidir. Rəşad Məcidin statusları və sms-ləri gələcək bir romanın eskizləridir. Rəşad Məcidin statusları və sms-ləri – Azərbaycan qrafik ədəbiyyatının yeni tarixi mərhələdəki ilk təzahürləridir. Nəhayət, Rəşad Məcidin statusları və sms-ləri böyük ədəbiyyatın feysbukdakı stenoqramıdır. Bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid sosial şəbəkələrdəki status və sms dünyasına da yeni bir yaradıcılıq ab-havası gətirən novator yazıçıdır”.
Qeyd edək ki, “Qələmsiz yazılanlar” kitabı ilk dəfə 2019-cu ildə Azərbaycan dilində çap edilib. Kitab Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb, haqqında bir çox yazılar işıq üzü görüb. Bundan sonra isə kitab yenə həmin il yazıçı İmdat Avşarın tərcüməsində Türkiyədə türk dilində nəşr olunub və Türk Ədəbiyyatı Vəqfində təqdimat mərasimi keçirilib.
Mənbə: https://azertag.az/