Rusiya Televiziyasının Birinci kanalı Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalının nümayişini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Xalq artisti Valeriyanın festival çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi avqustun 17-də Rusiya Televiziyasının birinci kanalında yayımlanacaq. Tamaşaçılar Valeriyanın ifalarını, onun Yeqor Krid, Kristina Orbakayte, Aleksandr Panayotov və Nikolay Baskovla duetlərini, habelə Qlük`oza, Yuliana Karaulova, Darya Antonyuk, İrina Dubtsova, Ani Lorak, Jasmin, A`Studio qrupu və başqalarının çıxışlarını izləmək imkanı qazanacaqlar.

İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun ifaları dinləmək imkanı qazanıblar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Mənbə: https://azertag.az