Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) yeni layihəyə start verilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihəyə Xəzər rayonunda yerləşən mədəni-maarif müəssisələri, uşaq evləri, uşaq bağçaları, doğum evləri, sosial müdafiə müəssisələri, yay uşaq düşərgələri, istirahət mərkəzləri, park və açıq tipli bağlarda yerləşən istirahət məkanları cəlb edilib.

Layihə çərçivəsində Xəzər rayonunun qəsəbə və kəndlərində “Bütün ailəliklə oxuyuruq”, “Oxucunu birlikdə böyüdürük” adlı müsabiqələr, oxu günləri, mütaliə saatları təşkil olunub. Kitab sərgilərində bəzi vətəndaşların şəxsi kitabxanalarından nümunələr, kitabça kolleksiyaları, habelə mütaliəyə dair qeydlər və inşalar nümayiş edilir.

Layihənin “Uşaqlar – uşaqlar üçün oxuyur” aksiyası Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Şağan, Türkan qəsəbələrində reallaşıb. Bununla yanaşı, sözügedən rayonun müxtəlif ərazilərində yay oxu zalları təşkil olunmaqla yanaşı, nisbətən böyük yaşlı uşaqlar kiçik yaşlıların mütaliəsinə rəhbərlik edib, kollektiv oxu günləri həyata keçirilib. Eyni zamanda, uşaqların oxuduqları materiallar əsasında sual-cavab gecələri, viktorinalar, intellektual oyunlar, kitab müzakirələri, “Kitab diaqnostikası” təşkil olunub.

Qeyd edək ki, yaxın vaxtlarda MKS “Siz hələ də oxumursunuz? O zaman biz sizə gəlirik” adlı aksiyasına start verəcək.

Mənbə: https://azertag.az