Category: Mədəniyyət

  • X Bakı Beynəlxalq Kitab Sərgisi: Qazaxıstanın dövlət xadiminin kitabı təqdim olunub

    X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayevin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Gözlədiyimiz xoşbəxtlik” kitabı oxuculara təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında əsərin əhəmiyyətindən danışıb.

    “Malik Otarbayevin qələmi həyat həqiqətlərini, insanların münasibətlərindəki incə və dərin duyğularını gözəl şəkildə əks etdirir. Hər bir obrazın hekayəsi daxili dünyamızın arzuları və gündəlik həyatımızın reallıqları arasındakı mübarizənin əksi kimi görünür”, – deyə fondun prezidenti bildirib.

    Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında Malik Otarbayevin milli dəyərlərdən ilham alan bir yazıçı olduğunu deyib. “Biz çox xoşbəxtik ki, onun əsərləri Qazaxıstanın hüdudlarında da tanınır. Kitabın hər səhifəsi dəyərli fikirlərlə zəngindir”, – deyə səfir qeyd edib.

    Şairlər Əkbər Qoşalı, İntiqam Yaşar və digər çıxışçılar əsərin əhəmiyyətindən söz açıblar. Onlar kitabda təsvir edilən hisslər və insanı mənəvi cəhətdən zənginləşdirəcək düşüncələrin ümumən bəşər övladına ünvanlandığını diqqətə çatdırıblar.

    Tədbir bədii hissə ilə davam edib.

    Sonda müəllifin imza sessiyası keçirilib.

    Mənbə: https://azertag.az/

  • Görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin kitabının Azərbaycan dilində təqdimatı keçirilib

    X Bakı Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondu görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” kitabının Azərbaycan dilində təqdimatını və 100 illik yubiley mərasimini keçirib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Berdibek Sokpakbaevin bir çox maraqlı əsərlər yazdığını, bunlardan birinin də qazax uşaq ədəbiyyatının şah əsərlərindən olan “Mənim adım Kojadır” povesti olduğunu söyləyib. Kitabın dünyanın 68 dilinə tərcümə olunduğunu diqqətə çatdıran Fondun prezidenti rəhbərlik etdiyi qurumun Türk dünyasının zəngin irsinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə kitabı ilk dəfə Azərbaycan dilinə tərcümədə oxuculara təqdim etdiyini bildirib.

    Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev yazıçının bir çox böyük romanlara imza atdığını diqqətə çatdırıb. O, “Mənim adım Kojadır” əsərinin gənc nəslə milli dəyərlərə sahib çıxmağı öyrətdiyini deyib. Prezidentin müşaviri bildirib ki, əsəri ilk dəfə rus dilinə çevirən yazıçının qızı Samal Sokpakbayeva olub. “Kitabın bir çox ölkədə təbliğində Samal xanımın böyük rolu var”, – deyə o əlavə edib.

    Malik Otarbayev kitabın çox əhəmiyyətli olduğunu vurğulayaraq Türk Mədəniyyəti və İrsi Fondunun böyük bir işə imza atdığını deyib.

    Almatı vilayətinin Mədəniyyət, arxivlər və sənədləşmə idarəsinin rəhbəri Daniyar Əliyev, yazıçının qızı Samal Sokpakbayeva kitab ilə bağlı fikirlərini bölüşüblər. Çıxışçılar bu cür tədbirlərin iki ölkə arasında mədəni əlaqələrə töhfə verəcəyini vurğulayıblar.

    Kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tərcümə edənlər Xanım Aydın, Rǝbiqə Nazimqızı, Xatirə Nurgül, redaktoru isə Fərid Hüseyndir.

    Kitaba bu il 100 illik yubileyi qeyd olunan görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” povesti daxil edilib. Bu əsər dünya uşaq ədəbiyyatının sevilən nümunələrindən biridir.

    Əsərdə uşaqların özünəməxsus dünyagörüşü, mühitin onlara təsiri, habelə insanın islahı üçün ən vacib məsələnin vicdan olduğu fikri önə çəkilir.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

    Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür.

    AZƏRTAC xəbər verir ki, böyük sənətkarın vəfatından 24 il ötür.

    Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.

    Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.

    1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meylini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, Dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə – 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.

    O dövrün gənclərinin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Üzeyir Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.

    Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləyib, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürüb. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.

    1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhvali-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır – M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhvali-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.

    Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.

    Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, Vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.

    1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.

    Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.

    O, 1951-ci ildə Moskva Konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.

    Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhvali-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.

    Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu – xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.

    T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhvali-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.

    Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

    T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, “Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.

    Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.

    Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi Ulu Öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.

    Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.

    Mənbə: https://azertag.az/

  • Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. 
    Sərgi çərçivəsində oktyabrın 2-də Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən nəşr olunan görkəmli qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin (1923-1986) Azərbaycan dilinə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib. 
    Tədbirdə çıxış edən TMİF-in prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan, insanları sülhə səsləyən “Xüsusi tapşırıq” kitabının “Türk ədəbiyyatının inciləri” seriyasından çap olunduğunu bildirib. “Qazax ədəbiyyatının detektiv janrının banilərindən olan Kemel Tokayev türk mədəniyyətinin və söz sənətinin inkişafına böyük töhfələr verib. O, yazıçılıq fəaliyyəti ilə yanaşı, jurnalistika ilə də məşğul olub, publisistik əsərlərində Qazaxıstanın mühüm mədəni və sosial məsələlərini işıqlandırıb. Bu nəşr fondun görkəmli yazıçının zəngin yaradıcılığının öyrənilməsinə və ədəbi irsinin təbliğinə verdiyi töhfədir. Ümid edirik ki, bu nəşr gələcək nəsillər üçün vacib bir qaynaq olacaq”, – deyə o əlavə edib.
    Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev bildirib ki, Kemel Tokayev hər bir əsərini arxiv məlumatlarına, etibarlı mənbələrə əsaslanaraq qələmə alıb: Bu gün eyni zamanda Türk dünyasının məşhur yazıçısı Kemel Tokayevin doğum günüdür. Bu əlamətdar gündə Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində nəşrin təqdimatı böyük əhəmiyyət kəsb edir”.
    Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar Qazaxıstanı çox sevdiyini, görkəmli yazıçı Abay haqqında məqalə yazdığını vurğulayıb. O eyni zamanda Kemel Tokayevin yaradıcılığına böyük hörmət bəslədiyini qeyd edib.
    AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev “Xüsusi tapşırıq” kitabının Azərbaycan dilində nəşr olunmasının əhəmiyyətini yüksək qiymətləndirib.
    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da kitab və onun müəllifi haqqında söz açıblar. Qeyd olunub ki, bu kitab yerli oxucuların Kemel Tokayevin yaradıcılığı ilə tanışlığına imkan yaradacaq.
    Kitabın layihə rəhbəri və ön sözün müəllifi TMİF-in prezidenti Aktoti Raimkulova, tərcüməçisi Rǝbiqə Nazimqızı, redaktoru Əkbər Qoşalıdır.

    Mənbə: https://culture.gov.az/

  • Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı

    Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə bədii hissə təqdim edilib.

    Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirilib. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olunub. Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayıb, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib. Sonra qonaqlar sərgi ilə tanış olublar.

    Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.

    Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər. Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək. Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

    Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq.

    Sərgiyə giriş ödənişsizdir.

    Mənbə: https://culture.gov.az/

  • Çağdaş Azərbaycan ədəbiyyatı antologiyası çap olunub

    Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyası işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir.

    Kitaba Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, Natiq Rəsulzadənin hekayələri, Xalq şairlərindən Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayev, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın da əsərləri antologiyada yer alıb.

    Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini bərpa etmiş “Yazıçı” nəşriyyatının “Booker Publishing house” nəşriyyat evi ilə birgə ərsəyə gətirdiyi antologiyanın təqdimatı 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində baş tutacaq.

    Mənbə: https://azertag.az/

  • “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçinin “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatı keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, nəşrin müəllifi – kərküklü şair və tədqiqatçı, Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, eləcə də Türk Ağsaqqalları Birliyinin İdarə Heyətinin üzvləri, Akademiyanın müxtəlif institutlarının əməkdaşları və digərləri iştirak ediblər.
    Əvvəlcə türkmən ədəbiyyatına dair AMEA-da nəşr olunmuş kitabların sərgisinə baxış keçirilib.
    Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Ordumuzun, xalqımızın vəhdəti ilə şanlı Zəfər tariximizin yazıldığı 44 günlük Vətən müharibəsindən danışıb. O, Vətən müharibəsində qazanılan Zəfərimizlə 30 illik işğal siyasətinə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri, həmçinin 2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin edildiyini söyləyib. Vurğulayıb ki, bu şanlı Qələbə nəinki müstəqillik dövrünün, hətta çoxəsrlik dövlətçilik tariximizin ən əlamətdar hadisəsi və zirvə məqamıdır.
    Akademik İsa Həbibbəyli Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin uzaqgörən Ulu Öndər Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsi olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladaraq, bu sənədi ölkəmizin ictimai-siyasi həyatında nadir tarixi hadisə kimi dəyərləndirib: “Həqiqətən, xoşbəxt insanlarıq ki, ölkəmizin bu tarixi günlərinin canlı şahidi və iştirakçısı oluruq. Bizə bu sevincli günləri, anları yaşatdığı üçün ölkə başçısına dərin minnətdarlığımızı bildiririk”. AMEA prezidenti Anım Günü ilə bağlı Akademiyanın institutlarında da müxtəlif tədbirlərin təşkil edildiyini söyləyib. O, Vətən müharibəsində qazandığımız şanlı Qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb.
    Daha sonra akademik İsa Həbibbəyli İraq-Türkman və Azərbaycan ədəbiyyatının əlaqələrindən danışaraq, ölkəmizdə İraq türkmanları haqqında geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb. Ədəbiyyat institutunun əməkdaşı, professor Qəzənfər Paşayevin fəaliyyətində İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliğinin xüsusi yer tutduğunu deyən alim onun “Altı il Dəclə-Fərat sahillərində” əsərini janrına görə publisist roman kimi dəyərləndirib. O, İraq-türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli sözügedən şuranın sədri, professor Qəzənfər Paşayev isə müavini təyin olunublar.
    Akademik İsa Həbibbəyli, həmçinin ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il tarixli 25 yanvar Sərəncamına əsasən AMEA-da təşkil olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfransda İraqdan çoxlu sayda nümayəndənin iştirak etdiyini xatırladıb. AMEA prezidenti bu il Kərkükdə və Bağdadda birgə konfransların təşkilinin nəzərdə tutulduğunu, həmçinin Məhəmməd Füzulinin məzarını əyani olaraq ziyarət etməyin planlaşdırıldığını deyib. O, AMEA-nın bir sıra institutlarının Kərkük Kültür Dərnəyi ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini bildirib.
    Elmi ictimaiyyətə təqdim olunan “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının əhəmiyyəti haqqında danışan akademik İsa Həbibbəyli topluda İraq türkmanlarının Dədə Qorqudu sayılan Əta Tərzibaşının fəaliyyətinin bütün istiqamətlərinin əks olunduğunu söyləyib. Qeyd edib ki, bu nəşr indiyə qədər Əta Tərzibaşı haqqında yazılmış ən əhatəli kitab kimi də əhəmiyyətlidir.
    Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, professor Qəzənfər Paşayev “Azərbaycanda Əta Tərzibaşı haqqında tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Əta Tərzibaşının ömür yolu və zəngin bədii yaradıcılığı haqqında məlumat verib, ədibin Azərbaycan–İraq ədəbi-mədəni əlaqələrinin inkişafındakı rolundan danışıb. O, Əta Tərzibaşı ilə bağlı xatirələrini bölüşüb.
    Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi təqdimatın təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
    Daha sonra Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüsəmli, teleaparıcı Fəxriyyə Lilpar (İsayeva) Əta Tərzibaşının yaradıcılığındakı xidmətlərinə görə Kərkük Kültür Dərnəyi tərəfindən mükafatlandırılıblar.
    Tədbirdə Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva, Ədəbiyyat İnstitutunun şöbə müdirləri, professorlar İmamverdi Həmidov və Asif Rüstəmli, institutun baş elmi işçisi, professor Nizami Tağısoy və filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov çıxış edərək İraq türkmanlarından olan Əta Tərzibaşının yaradıcılığının birliyimizin təməl daşlarından olduğunu söyləyiblər. Çıxışlarda Əta Tərzibaşının 100 illiyinə töhfə olan “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbə olacağı vurğulanıb.
    Gülnar Səma
    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş kitab Özbəkistanda oxuculara təqdim olunub

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vətən üçün can fəda edən qəhrəmanlar” (Vatan uchun jon fido qilgan qahromanlar) adlı kitab 27 Sentyabr – Anım Günü münasibətilə Mədəniyyət Mərkəzinin foyesində sərgilənərək geniş oxucu kütləsinə təqdim edilib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, özbək dilində çap edilmiş və müəllifi mərhum jurnalist-tədqiqatçı Mövlan Şükürzadə olan kitabda birinci Qarabağ savaşında şəhid olmuş Özbəkistanda anadan olan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovun həyatı, döyüş yolu, silahdaşlarının, onu yaxından tanıyanların, ailəsinin onunla bağlı xatirələri yer alır.

    Sözügedən kitabın nəşrində əsas məqsəd Azərbaycan xalqının suverenlik və ərazi bütövlüyü yolunda apardığı mübarizəni özbək oxuculara çatdırmaq və gənc nəsillərin milli vətənpərvərlik ruhunda yetişməsinə xidmət göstərməkdir.

    Mənbə: https://azertag.az/

  • Bu gün böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür

    Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.

    XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli alimin və yazıçının vəfatından 46 il ötür.

    Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə – Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb.

    Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darül müəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

    Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsətmişdir. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

    Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Onun böyük zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir.

    Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

    XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi tanınmış söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

    Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.

    Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazırdı: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

    İlk dəfə 1937-1939-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də təkrar çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunan “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

    Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri də böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

    Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub.

    XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin masaüstü kitabı olmuşdur. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

    Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.

    “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə edib.

    Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri uzun illərdir ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Əməkdar elm xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz qoyub ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.

    1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.

    Kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

    “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu, həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

    İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

    Mənbə: https://azertag.az/

  • Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb

    Milli Kitabxanada “27 sentyabr – Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

    Ənənəvi sərgidə qazanılan Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, cəsur Vətən oğullarının – qəhrəmanlarımızın sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

    Ənənəvi sərgi bir həftə davam edəcək.

    Mənbə: https://azertag.az/

  • Bu gün Bülbülün anım günüdür

    Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün vəfatından 63 il ötür.

    O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

    Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

    Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

    Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

    Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.

    Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.

    Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.

    Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.

    Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

    Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.

    Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.

    Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.

    Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

    Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

    Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

    1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Sənətkarın Şuşadakı ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. 2021-ci il avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.

    Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

    Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.

    Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

    Mənbə: https://azertag.az/

  • Astanada Füzuli irsi anıldı: Azərbaycan və Qazaxıstan alimlərinin fikirləri

    Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanasında qazax dilində “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclis təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları bu mühüm hadisə ilə bağlı öz fikirlərini bölüşüblər.

    Mənbə: https://azertag.az/

  • Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək.

    Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.

    Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

    Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur. Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək. Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

    Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək

    • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novorossiyskdə (Rusiya) keçiriləcək “Teatr limanı” VI Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
    • AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, festival sentyabrın 20-dən 29-dək Novorossiysk, Kabardinka və Gelendjik səhnələrində keçiriləcək.
    • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 23-də Novorossiyskdə, sentyabrın 25-də isə Kabardinkada alman yazıçısı Patrik Zyuskindin eyniadlı pyesi əsasında hazırlanmış “Kontrabas” tamaşasını təqdim edəcək.
    • Bu, musiqi alətinə olan sevgisinə görə orkestr karyerasından imtina edən musiqiçinin parlaq monoloqudur. Tamaşa məhəbbət, tənhalıq və musiqidən, bir əmələ coşqun həvəs və onu etməyə qadir olmamaq, yüksək ilahi duyğusu və ona nail olmağın qeyri-mümkünlüyü, qəhrəmanı əzab-əziyyət çəkməyə məcbur edən kişinin qadına olan sevgisindən bəhs edir.
    • Festivalda Azərbaycanla yanaşı, Rusiya Federasiyasının 11 regionundan 16 teatr, eləcə də Norveçdən bir kollektiv iştirak edəcək. “Teatr limanı” 2018-ci ildən Rusiyanın cənubunda, Novorossiyskdə keçirilən yeganə davamlı beynəlxalq teatr festivalıdır.

    Mənbə: https://azertag.az/

  • “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı – çap olunub

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının növbəti (2024 №1) sayı nəşr olunub.

    1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

    “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Bu say akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli haqqında söz” adlı məqaləsi ilə açılır. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbovadır.

    Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Məhəmməd Füzuli – 530”, “Azərbaycan ədəbiyyatı” və “Mətbuat tarixi” bölmələrindən ibarətdir.

    “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir.

    science.gov.az

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Azərbaycanlı yazıçı Şəfa Vəliyevanın hekayəsi “Çağdaş Azərbaycan hekayəsi” antologiyasında işıq üzü görüb

    Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayımlanan “Çağdaş Azərbaycan hekayəsi” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyevanın hekayəsi işıq üzü görüb.

    Layihənin rəhbəri Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalıdır.

    Qeyd edək ki, “Çağdaş Azərbaycan hekayəsi” antologiyasının Azərbaycan Respublikasında və Qardaş Tatarıstan Respublikasında təqdimatı nəzərdə tutulub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

    Moskvada “Mədinə” Nəşriyyat evinin “İslamın minarəsi” beynəlxalq jurnalının yeni sayı işıq üzü görüb. Beynəlxalq Müsəlman Forumunun məsul katibi, jurnalın baş redaktoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinovun təklifi ilə buraxılış bütövlüklə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub.

    Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru, “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü Səfa Kərimovun AZƏRTAC-a verdiyi məlumata görə, layihəyə Azərbaycan tərəfdən Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru Rafael Hüseynov rəhbərlik edib.

    Ötən əsrin birinci yarısında görkəmli alimlər Yevgeni Bertels və Aqafanqel Krımskinin Nizami Gəncəvi yaradıcılığı ilə bağlı apardıqları tədqiqatlardan sonra Rusiya şərqşünaslığında uzun illər ərzində ilk dəfə olaraq, məşhur Rusiya və Azərbaycan alimlərinin dahi Azərbaycan şairi haqqında nadir birgə məqalələr toplusu hazırlanıb.

    Giriş sözündə Damir Muxetdinov Nizaminin adının bu gün Rusiyada da yaşadığını, burada onun sevildiyini, qiymətləndirildiyini və oxunduğunu qeyd edib: “Sankt-Peterburqda, Rusiya Milli Kitabxanasının kolleksiyalarında, Nizaminin əsərlərindən ibarət ən qədim əlyazma saxlanılır ki, bu da XIV əsrin ikinci yarısına aiddir. Şəhərin Petroqrad tərəfində isə onun şərəfinə abidə ucaldılıb”.

    Akademik R.Hüseynov öz tədqiqatında Nizami poetik məktəbinin qlobal əhəmiyyətindən danışıb: “Gəncədən olan müdrik insanın dahiliyi məhz onun yaradıcılığının gələcəklə dolu olması, poeziyasının sözün hərəkətinin qabaqcadan görməsinə, gələcəyin qurulmasına əsaslanmasından ibarətdir: “Nizamidən əvvəl və sonrakı korifeylərin heç biri belə uzun ardıcıl və tərəfdar, bu qədər uzun ədəbi əks-səda buraxmaq missiyasına malik deyildi”.

    Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “İz” elmi-tədqiqat jurnalının baş redaktoru Dəmir Babazadə-Aranelli “Sonsuz Nizami Gəncəvi” məqaləsində şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının müasir bəşəriyyət üçün aktuallığından bəhs edir.

    Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli də mühüm araşdırmalarını bölüşüb.

    Azərbaycan Diplomatik Akademiyasının baş müəllimi İlahə Hacıyeva və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş elmi işçisi İradə Musayevanın jurnalın yeni sayında dərc olunmuş məqalələri yüksək elmi-tədqiqat səviyyəsini təsdiqləyib.

    Jurnalda “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət İncəsənət Akademiyasının professoru, Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədovun iştirakı ilə hazırlanmış Nizami əsərlərinin tərtibatına və illüstrasiya seriyasına xüsusi diqqət yetirilir.

    Yeni jurnalın ilk nüsxələri Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayının və XX Beynəlxalq Müsəlman Forumunun iştirakçılarına təqdim olunacaq.

    Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Moskva

    Mənbə: https://azertag.az/

  • “Çağdaş Azərbaycan hekayəsi” tatarca yayımlanıb

    Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalının layihə rəhbəri olduğu antologiya, Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayımlanıb.

    Kazandakı ünlü “Yazıçı” nəşriyyatında nəfis şəkildə işıq üzü görən antologiyanın tərtibçisi Tatarıstan Yazıçılar Birliyinin başqan müavini İlsiyar Qaripova, məsləhətçisi Tatarıstanda yaşayan tanınmış azərbaycanlı vəkil İsmət Orucəliyev, rəyçiləri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşar, “Çukurova Ədəbiyyatçılar Dərnəyi” İctimai Birliyinin fəxri başqanı İlqar Türkoğludur.

    Tatarıstan Dövlət Şurasının Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər Komitəsinin üzvü Rkail Zəydullanın ön sözü və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın “Bakıdan Kazana ədəbi və əbədi salam” “Ön söz”ü ilə açılan antologiyanın I cildində əsasən 90-cılar ədəbi nəslinə mənsub olan 18 yazıçımızın hekayəsi toplanıb.

    Antologiyanın Azərbaycanda və Tatarıstanda təqdimatı nəzərdə tutulur.

    Mənbə: https://azertag.az/

  • Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

    Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

    Mənbə: https://azertag.az/

  • Bəstəkarlar İttifaqı Musiqi Günü münasibətilə silsilə təbdirlər keçirəcək

    Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı müxtəlif tədbirlərlə çıxış edəcək.

    Bu barədə AZƏRTAC-a İttifaqın mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, sentyabrın 24-ü saat 12:00-da İttifaqın Konfrans zalında “Üzeyir Hacıbəyli – akademik” mövzusunda elmi konfrans reallaşacaq. Sentyabrın 25-i saat 15:00-da İttifaqın Üzeyir Hacıbəyli konsert salonunda bəstəkarların yeni əsərlərindən ibarət kamera-instrumental konserti keçiriləcək.

    Tədbirlərə giriş sərbəstdir.

    Mənbə: https://azertag.az/

  • Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək

    Oktyabrın 5-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Türk dünyasının gənc yazarlarının I Bakı forumu keçiriləcək. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər.

    Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar AZƏRTAC-a bildirib ki, layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.

    Onun sözlərinə gərə, həmçinin oktyabrın 4-də Türk Mədəniyyəti və İrsi Fondu və Sosial Tədqiqatlar Mərkəzinin də tərəfdaşı olduğu layihə çərçivəsində “Türk dünyası şeir günü – Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni” adlı tədbir reallaşacaq. İştirakçılara Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət nəşr olunan kitab təqdim olunacaq.

    Mənbə: https://azertag.az/

  • Məktəblilər üçün “İspan xalq nağılları” kitabı nəşr olunub

    Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı nəfis tərtibatlı, rəngli illüstrasiyalı “İspan xalq nağılları” kitabını nəşr edib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məktəblilərin mütaliəsi üçün nəzərdə tutulan kitaba dostluq, sədaqət, mərhəmət kimi mövzuları əhatə edən “Qara quzu”, “Xəlifə və çoban”, “Xuan Arrada”, “Yaralı aslan”, “Xilaskar torağay”, “Şahzadə və dilənçi”, “Şair və xəlifə”, “Xəsis dəyirmançı” kimi ibrətamiz məzmunlu nağıllar daxil edilib.

    Nağılların ispan dilindən tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, redaktoru Selcan Abasovadır.

    Kitabı yaxın günlərdə kitab evləri və mağazalarından əldə etmək olar.

    Mənbə: https://azertag.az/

  • Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Məmməd Araz dünyası” (həyatı və yaradıcılığı) kitabı işıq üzü görüb. “Sənətkarın elmi pasportu – 55” seriyasına daxil olan tədqiqat Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə nəşr edilib.

    Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. 1994-cü ildə yazılmış “Yaddaş poeziyası” sərlövhəli Ön söz AMEA-nın müxbir üzvü, mərhum alim Yaşar Qarayevə məxsusdur.

            Rəyçiləri filologiya elmləri doktoru Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlıdır. 220 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

            Qeyd edək ki, ilk dəfə 1994-cü ildə nəşr olunan tədqiqat Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə yenidən hazırlanmış, yeni fəsillər əlavə edilmişdir.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq

    Sentyabrın 17-dən 19-dək Ufa şəhərində keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XVII Forumunda Başqırdıstan Respublikasının Milli Kitabxanası unikal “MDB xalqlarının mədəni irsi” adlı sərgisini təqdim edəcək.

    Bu barədə AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir.

    Təşkilatçılar bildirib ki, sərgidə kitabxana fondlarından MDB xalqlarının tarixi və mədəniyyətinə həsr olunmuş ən yaxşı və məzmunlu kitablar təqdim olunacaq.

    Sərgidə aşağıdakı nəşrlər təqdim olunacaq:

    “Koblandı-Batır” qazax xalq qəhrəmanlıq dastanı, “Huyrlukqa-Həmra” və “Sayatla Həmra” adlı iki türkmən məhəbbət dastanı, “Manas” Qırğız xalq dastanı və XX əsrin əvvəllərində müasir Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrində nəşr olunmuş digər nadir kitablar, rus, başqırd və tatar dillərində nəşr edilmiş qazax, qırğız, özbək, tacik müəlliflərinin çox sayda kitabları. Sərgi folklor, yaradıcılıq və milli geyimlərə həsr olunmuş kitablarla tamamlanacaq.

    Tədbirin məqsədi ümumi mədəni səriştənin formalaşdırılması, MDB ölkələri xalqlarının ədəbiyyat dünyasına yiyələnmə, mütaliə mədəniyyətinin və xalqlar dostluğunun təbliğidir.

    Xatırladaq ki, MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalıları Forumunun təşkilatçıları MDB iştirakçısı olan Dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Başqırdıstan Respublikası Hökumətidir.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür

    Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 137-ci ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.

    Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.

    Yazıçı ilk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində olan “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alıb.

    Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.

    Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da işıq üzü görüb.

    O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə “Müsavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilib.

    Yusif Vəzir həmin dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, ədəbi yaradıcılığını da davam etdirib. “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi-coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb.

    “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.

    Repressiya dövründə – 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.

    1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-in Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı il iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.

    Onun “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.

    1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan “Voljskaya volna” kitab festivalında təmsil olunacaq

    Sentyabrın 19-dan 22-dək Rusiyanın Saratov şəhərində “Voljskaya volna” kitab festivalı keçiriləcək.

    AZƏRTAC təşkilatçılara istinadla xəbər verir ki, festival çərçivəsində ziyarətçilər müəlliflərlə görüşə, mühazirələri dinləyə, kitabların təqdimatlarında iştirak edə bilərlər. Böyük kitab yarmarkası tədbirin qonaqlarının sərəncamında olacaq.

    Qeyd edək ki, ötən il “Voljskaya volna”nı təxminən 20 min nəfər ziyarət edib. Şəhərə Rusiya Federasiyasının müxtəlif yerlərindən, o cümlədən Azərbaycan və Belarusdan 50-dən çox yazıçı, şair, ədəbi ictimaiyyətin nümayəndələri gəliblər. Yarmarkada Rusiyanın 30 regionundan 140 nəşriyyatın kitabları təqdim olunacaq. Festivalın proqramına 80-dən çox hadisə daxildir.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq artisti Muxtar Dadaşovun doğum günüdür

    Kino tariximizdə iz qoyan, dərinməzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun anadan olmasının 111-ci ildönümü tamam olur.

    O, 1913-cü il sentyabrın 11-də Bakıda dünyaya göz açıb. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. Belə ki, Akademik Milli Dram Teatrının səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifələr açır. Qəlbində görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq arzuları baş qaldırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsində çalışır. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir. 1933-cü ildə operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəkilişində iştirak edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında) quruluşçu operatoru olur.

    Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.

    O, kino haqqında danışanda deyərdi: “Kino həyatın aynasıdır. Sabir demişkən, “düzü-düz, əyrini-əyri” əks etdirməyə qadir olan möcüzədir. O, mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır”. Doğrudan da, Muxtar Dadaşov kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görsənib.

    Muxtar Dadaşov 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində operator köməkçisi olub. Xalq artisti Leyla Bədirbəyli bu filmin çəkilişlərindən söz düşəndə Muxtar Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi. “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.

    Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız da rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov…

    Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, Muxtar Dadaşov müharibənin gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini, kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən G.Əliyevi, A.Nematullanı, R.Rüstəmovu və başqalarını bu filmə çəkib. Sonra filmi genişləndirərək “Bakı-42” adı ilə lentə alıb. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmayıb. Nəhayət, 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini çəkərək istədiyinə nail olub. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman kəşfiyyatçıların ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirib.

    O, həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, sonra həmin kadrları filmdə canlandırıb.

    Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın bir çox ölkələrində göstərilib. Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafata layiq görülüb. Sənətkarın gərgin və yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub.

    1998-ci il mayın 7-də vəfat edən sənətkar bu gün də hörmət və məhəbbətlə yad edilir. Çəkdiyi ekran əsərləri xalqımızın milli-mənəvi dəyəri kimi qorunub saxlanılır.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq

    Sentyabrın 13-dən 15-dək Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, ölkəmizi festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək.

    Mərkəzdən verilən məlumatda bildirilib ki, əsrlər boyu Anadolunun zəngin mədəni həyatını formalaşdıran yörüklər, yəni, köçəri həyat tərzi sürən xalqlar Türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. Antalya bu qədim mədəniyyətin ən parlaq nümunələrinin yaşadıldığı şəhərlərdən biridir və bu zəngin mədəni irsin gələcək nəsillərə ötürülməsi vəzifəsini üzərinə götürməyi hədəfləyib.

    Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Festival Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil olunacaq.

    Tədbirdə Türk dünyasının müxtəlif guşələrindən yerli musiqi və rəqs proqramları təqdim olunacaq, milli çadırlar qurulacaq, türkdilli xalqlar öz mədəniyyətləri və sənətlərini nümayiş etdirəcəklər. Festivalda, həmçinin unudulmaqda olan əl işləri ustalarının əsərləri sərgilənəcək, ənənəvi Türk mətbəxinin nümunələri qonaqlara təqdim ediləcək, idman yarışları keçiriləcək.

    Festivalda çox sayda yerli və xarici turist, ümumilikdə iki yüz mindən çox insanın iştirakı gözlənilir.

    Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunacaq.

    Mədəniyyət Mərkəzimizin təşkil edəcəyi Azərbaycan çadırında ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş şəkildə sərgilənəcək, qonaqlara milli şirniyyatlarımız təqdim olunacaq. Festival çərçivəsində təşkil olunacaq bədii hissədə Azərbaycan musiqiləri və rəqsləri ifa ediləcək. Konsertdə Azərbaycanın Xalq artisti Azərin, Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, tar ifaçısı Pərviz Musayev, mərkəzin nəzdindəki “Xəzər” Xalq Rəqsləri Ansamblı milli və xalq musiqi nümunələrimizi təqdim edəcəklər.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür

    Onun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapmışdır. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirmişdir. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan vermişdir.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, bənzərsiz kaman ustası Habil Əliyevin vəfatından 9 il ötür.

    Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.

    Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

    Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

    Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.

    Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub.

    Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.

    Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.

    Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

    Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

    Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

    Mənbə: https://azertag.az/

  • Əməkdar rəssam ABŞ-da “Yaz təranələri” əsəri ilə Azərbaycanı təmsil edir

    Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndi dünya üzrə seçilmiş 17 məşhur sürrealist rəssam içində “Yaz təranələri” əsəri ilə ölkəmizi ABŞ-da təmsil edir.

    AZƏRTAC xəbər verir ki, Vaşinqtondakı “Shotgun Studio” incəsənət qalereyasında açılan sərginin üç ay davam etməsi gözlənilir.

    Sərginin baş kuratoru Amerika sürrealist rəssamı Roch Fautch və Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeirondur. Onların təşkilatçılığı ilə həyata keçirən sərgidə heykəl, instalyasiya və müasir sürreal sənət nümayişi ilə birgə, həmçinin davamlı olaraq yaradıcı performanslar, şou olacağı da gözlənilir.

    Sərgi iştirakçıları xüsusi seçim turu vasitəsilə təsdiq olunublar.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Aşıqlar Birliyində “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq

    2024-cü il sentyabrın 5-də saat 12-də Azərbaycan Aşıqlar Birliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq. Tədbirdə folklorşünas alimlər, ustad və gənc aşıqlar çıxış edəcəklər. İştirakçılara audiodisklər təqdim olunacaq. Arzu edənlər iştirak edə bilərlər.

  • Azərbaycandan Dubaya turist axını xeyli artıb

    Ötən ilin yayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında turizmin inkişafına faydalı təsir göstərib. Xüsusilə, təkcə 2023-cü ildə Azərbaycandan Dubaya turist axını 2022-ci il ilə müqayisədə 69 faiz artıb. Bu barədə Dubay İqtisadiyyat və Turizm Departamentinin Bakıda təşkil etdiyi tədbirdə deyilib.

    Dubayın İqtisadiyyat və Turizm Departamentinin Asiya-Sakit Okean regionunda beynəlxalq əməliyyatlar üzrə regional direktoru Şahab Şayan AZƏRTAC -a bildirib ki, bu tendensiya 2024-cü ildə də davam edəcək: bu ilin ilk altı ayında Azərbaycandan gələn turistlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 faiz artıb, bu da Dubayın artan cəlbediciliyindən xəbər verir. Dubay və Bakı arasında birbaşa uçuşların mövcud olması şəhərlər arasında əlaqələri daha da gücləndirir.

    Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı gücləndirir və bu, turizm seqmentində də baş verir: “Azərbaycan Dubay üçün getdikcə perspektivli bazara çevrilir və biz bu prosesin şahidi olmaqdan şadıq. Bu irəliləyiş regionlar arasında əlaqələrin güclənməsini və Dubayın aparıcı turizm istiqaməti kimi statusunu təsdiqləyir. Biz turizm infrastrukturunu daim təkmilləşdirir və Azərbaycandan olan səyahətçilər üçün istirahəti unudulmaz, rahat və təhlükəsiz etmək üçün unikal təəssüratlar təklif edirik”.

    Onun sözlərinə görə, Dubaya beynəlxalq turist axını da artmaqda davam edir. 2023-cü il rekord il oldu – əmirlik 17,15 milyon xarici turist qəbul edib. Turizm artımı 2024-cü ildə də davam edib: yanvar-iyun aylarında 9,31 milyon beynəlxalq turist Dubayı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

    Azərbaycandan və dünyanın hər yerindən gələn turistləri Dubayda tarixi və mədəni yerləri ziyarət etmək imkanı cəlb edir. Dubayın şərq koloriti ilə zəngin bazarları da turistlərdə eyni dərəcədə maraq doğurur.

    BƏƏ-də kruiz turizmi sektoru da fəal inkişaf edir. Hazırda Dubaya 8 kruiz marşrutu təklif edən 8 kruiz layneri gəlir. Onlardan biri turistlər üçün çox cəlbedici olan BƏƏ ətrafında kruiz təklif edir.

    Qeyd etmək lazımdır ki, Dubayın yüksək nailiyyətləri beynəlxalq səviyyədə tanınıb: 2024-cü ilin əvvəlində şəhər ardıcıl üçüncü dəfə “Tripadvisor Travellers’ Choice Awards” tərəfindən tərtib edilən ən yaxşı turizm istiqamətləri siyahısında birinci yerdə qərarlaşıb.

    Dubay dünyanın hər yerindən turistləri cəlb edən müxtəlif tədbirlərin keçirilməsi və yeni görməli yerlərinin aşılması sayəsində də qlobal istirahət və əyləncə məkanı kimi etibarını gücləndirməyə davam edir.

    Ən son əlamətdar hadisələrdən biri də “Dubai Parks and Resorts”da yerləşən və məşhur futbol klubunun himayəsi altında fəaliyyət göstərən bir növ ilk olan “Real Madrid World” əyləncə parkının açılışı olub. Bu, ötən ilin o

    ktyabrında DET və Real Madrid arasında imzalanmış, hər iki təşkilatın inkişafı üçün yeni perspektivlər açan və 2033-cü ilə qədər ölkənin ÜDM-ni ikiqat artırmağı hədəfləyən Dubay İqtisadi Proqramını (D33) dəstəkləyən uzunmüddətli saziş sayəsində mümkün olmuşdur.

    Mənbə: https://azertag.az/

  • Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Reimemaschine” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin alman dilinə tərcümə edilmiş “Ey həq əhli, yəqin imiş bu xəbər” şeirinin yayımına başlayıb.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin alman dilinə tərcümə müəllifi tanınmış alman tərcüməçisi Martin Remanedir.

    Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.

    Mənbə: https://azertag.az/

  • “Bakıdan Gəncəyə” layihəsində konsert təşkil olunacaq

    Sentyabrın 24-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Bakıdan Gəncəyə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə klassik musiqi gecəsi keçiriləcək.

    Bu barədə AZƏRTAC-a filarmoniyadan məlumat verilib.

    Konsert proqramında Xalq artisti Sevinc İbrahimova, Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Taleh Yahyayev, Günel Hacıyeva, Səma Həmzəyeva dünya və Azərbaycan bəstəkarlarının əsərləri ilə çıxış edəcəklər.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür

    Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 8 il ötür.

    Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.

    1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.

    O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da yazıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı “Şənlən, mənim xalqım” uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.

    2010-2012-ci illərdə O.Zülfüqarov “Məlik Məmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı görkəmli sənətkarın rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

    Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

    Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.

    Mənbə: https://azertag.az/

  • “Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü başa çatıb

    Bu il Moldova Respublikasının Qaqauz Yeri muxtar bölgəsinin yaradılmasının 30-cu ildönümü qeyd edilir. Bu münasibətlə “Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü keçirilib. “TÜRKSOY-un rəssamlar görüşü” ənənəvi layihəsinə Qaqauz Yerinin mərkəzi Komrat şəhəri ev sahibliyi edib.

    AZƏRTAC xəbər verir ki, Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi Türk dünyası rəssamları arasında təcrübə mübadiləsinə şərait yaratmaq və qaqauz mədəniyyətini rəsmlərin dili ilə beynəlxalq aləmə tanıtmaqdan ibarət olub.

    “Müasir Qaqauz Yeri”, “Qaqauz diyarının təbiəti”, “Qaqauz xalqının adət-ənənələri” mövzularını əhatə edən sənət görüşünə Qaqauz Yeri, Azərbaycan və Türkiyədən rəssamlar qatılıblar.

    Avqustun 29-da Komrat şəhərindəki Təsviri İncəsənət Qalereyasında rəssamlar görüşünün bağlanış mərasimi və layihə çərçivəsində rəssamların ərsəyə gətirdikləri əsərlərin (ümumilikdə 39 rəsm) sərgisi açılıb.

    Nümayiş etdirilən əsərlərdə muxtar bölgənin təbiəti, mədəni irsi və s. əksini tapıb. Qaqauz Yeri Baş Mədəniyyət İdarəsinin rəisi Marina Semyonova on gün davam edən tədbirin reallaşmasına verdiyi dəstəyə görə TÜRKSOY-un Baş katibi Sultan Raevə təşəkkürünü bildirib: “Türk dünyası mədəniyyətinin və sivilizasiyasının qorunması, inkişafı və təbliğində əsas rol oynayan TÜRKSOY-un fəaliyyətimizdə iştirakından və dəstəyindən çox məmnunuq və bu köməyi yüksək qiymətləndiririk. Layihəyə qatılan rəssamlara yeni yaradıcılıq uğurları arzulayıram”.

    Bağlanış mərasiminin sonunda layihədə iştirak edən rəssamlara Baş Mədəniyyət İdarəsinin diplom və hədiyyələri təqdim edilib. Tədbir bədii proqramla başa çatıb.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda Qran-Pri mükafatına layiq görülüb

    Azərbaycanın “Simurq” muğam ansamblı avqustun 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-Pri mükafatına layiq görülüb.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.

    Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.

    Mənbə: https://azertag.az/

  • Səxavət Məmmədovun xatirəsinə həsr olunan konsert təşkil olunacaq

    Oktyabrın 24-də Heydər Əliyev Sarayında unudulmaz xanəndə Səxavət Məmmədovun xatirəsinə həsr olunmuş muğam konserti keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, xatirə gecəsində Qarabağ muğam məktəbinin ən parlaq nümayəndələri səhnədən Səxavət Məmmədovla virtual duetlərini təqdim edəcəklər. Tamaşaçılar həmçinin mərhum sənətkarın ifa etdiyi mahnıları muğam ifaçılarının təqdimatında dinləyəcəklər.

    Konsertdə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Firuz Səxavət (Məmmədov), Cabir Abdullayev, Zakir Əliyev və tanınmış ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Malik Həsənov, Şahmar Hacıyev, Əliyar Məmmədov və Anar Məmmədov səhnəyə çıxacaqlar.

    Musiqi sənətimizdə iz qoymuş Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyub. Ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. “Hümayun” xalq ansamblının solisti olub. Sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb. Yaratdığı “Qarabağ” instrumental ansamblının kollektivi ilə getdiyi ölkələrdə muğamımızın təbliğinə töhfələr verib. 30 sentyabr 1991-ci ildə avtomobil qəzasında vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür

    Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban Primovun anım günüdür.

    AZƏRTAC xəbər verir ki, bu gün tanınmış tarzən Qurban Pirimovun vəfatından 59 il ötür.

    Azərbaycan musiqisi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.

    1905-ci il gənc tarzən üçün uğurlu olub. Belə ki, Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Şuşinski xatirələrində onu belə yad edir:

    “Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, “Rahab” ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən “Rahab”ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.

    Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, “öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun”.

    Ustad sənətkar 1965-ci il avqustun 29-da Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 89-cu ili tamam olur

    Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.

    Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə gəlib. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı vardı.

    Partiya üzvü olmayan şərqşünas-alim bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.

    Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir”.

    Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.

    Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.

    “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Görkəmli yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəndir bu sözlər. Onun əsərlərini və özünü xatırladıqca bu sözlərin yazıçının obraz dili ilə dediyi öz kredosu olduğunu anlayırsan. Öz kredosuna layiqli olaraq yaşamış Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkdir.

    İllər ötsə də onun yazdığı əsərlər nəinki aktuallığını itirmir, həm də böyük məhəbbətlə oxunur.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanlı rejissorun filmi Cənubi Koreyada mükafat qazanıb

    Rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmi Cənubi Koreyada keçirilən sənədli film festivalı – “EBS International Documentary Festival”da Qran-Pri qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə rejissor özü məlumat verib.

    2024-cü ilin istehsalı olan tammetrajlı sənədli film (xronometrajı 87 dəqiqə) Azərbaycan və talış dillərində çəkilib. Ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

    Ekran əsəri bundan öncə Almaniyada (Köln şəhəri) kino sahəsi üzrə nüfuzlu mükafatlardan sayılan, operator (təsvir rejissorluğu) və montaj (qrafika) işinə görə verilən “Alman Kamera Mükafatı”nın (Deutscher Kamerapreis) qalibləri sırasında yer almışdı. Almaniyanın WDR və ZDF teleradio şirkətləri tərəfindən dəstəklənən müsabiqədə “Kinomexanikin qayıdışı” “Təsvir həllinə görə” nominasiyasında (operator Daniel Quliyev) fərqlənmişdi.

    Filmin qəhrəmanı keçmiş kinomexanik Samid oğlunu iş qəzasında itirəndən bəri tənha və melanxolik hisslərlə yaşayır. Bu əhvaldan qurtulmaq üçün əvvəlki peşəsinə qayıtmaq, kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Gənc Ayazı da bu işə təşviq edir. Aralarında böyük yaş fərqi olsa da, hər ikisinin kinoya həvəsi var və ucqar kənddə kütləvi kino nümayişini yenidən təşkil etmək ideyası ilə yaşayırlar. Bunun üçün kənd sakinlərini kino ekranı üçün yer tikməyə inandırmaq, köhnə proyektorları təmir etmək, rəhbərlikdən icazə almaq və s. lazımdır…

    Mənbə: https://azertag.az/

  • “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir.

    Bu barədə AZƏRTAC-a məlumat verən AAB sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli bildirib ki, birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbəri olduğu layihənin həyata keçirilməsində əsas məqsəd əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra ölkəmizin müxtəlif guşələrində məskunlaşmış aşıqların musiqi repertuarının daha da zənginləşməsinə yardımçı olmaq, onların ifalarından ibarət audiodisk hazırlayıb geniş ictimaiyyətə təqdim etməkdir.

    Vurğulanıb ki, layihə üzərində işlər icra planında nəzərdə tutulmuş qrafikə uyğun olaraq həyata keçirilir. Artıq ifaları audiodiskdə yer alacaq əslən Qərbi Azərbaycandan olan ustad və gənc aşıqların dəqiqləşdirilməsi, onların ifa edəcəkləri aşıq musiqisi və mətnin müəyyənləşdirilməsi, ifaların ayrı-ayrılıqda yazıya alınması kimi işlər arxada qalıb, yaxın günlərdə isə audiodiskin çoxaldılması işləri yekunlaşaq. Bu zaman Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi aşıq mühitlərinin əhatə olunması diqqət mərkəzində olub. İfa olunan musiqi və mətn seçiminə də xüsusi diqqət yetirilib – Qərbi Azərbaycan aşıq mühitləri ilə bağlı olan saz havalarına və vətənpərvərlik, tarixi torpaqlarımızdakı yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib.

    Audiodiskdə Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmran Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadların ifaları da yer alır.

    Mənbə: https://azertag.az/

  • Nemət Tahiri doğum günü münasibətilə təbrik edirik! (27 Avqust 1987-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Həyat yükü

    Bir an olsun, ana haqqı,
    Onda seçər tükdən-tükü.
    Boynumuzda ana haqqı,
    Çiynimizdə övlad yükü.

    Yer üzünə kədər yağır.
    Kəndir nazik, yüküm ağır.
    Çiyinlərim oldu yağır.
    Nə ağırmış həyat yükü.

    Yerə,göyə sığmaz insan,
    Nəfsə uyar, doymaz insan,
    Son mənzilə gedər insan,
    Varı, yoxu bir at yükü.

    * * *

    Brilyant, cəvahir, qızıl,
    Özünü asıb intihar edir.
    Sanki dar ağacıdır qadın qulağı.
    Uşaqdan böyüyə hər kəsin yeri
    Bələkdi, beşikdi, hüzurdu, sevgidi
    Sığaldı qadın qucağı
    Dünyanı dəyişər hər kəlməsi…
    Kişini yaşadar, öldürər…
    Hakimdi, cəlladdı, həkimdi, dərmandı
    qadın dodağı…
    Hara getsə, cənnəti aparar ora
    Dinclikdi, ruzidi, bərəkətdi, ocaqdı,
    qadın ayağı…
    Bəzən günəş doğar üzündə
    Bəzən bulud ağlar üzündə
    Sevgi, nifrət, ümid, qayğı, məhəbbət…
    Nə istəsən, yaparsan, taparsan
    gözlərində…
    Udur kədəri, qurudar göz yaşını…
    Solmadın, solmasın qadın yanağı…

    Cavabsız sevgi

    Nazını çəkməyə hazırdım hər an
    Çünki mənasızdır əzabsız sevgi
    Ancaq ki, insanı bir ağac kimi
    İçindən çürüdür cavabsız sevgi

    Yanımda olsan da, mənə uzaqsan
    Hər yandan üstümə həsrət çilənir
    Baxışın bənzəyir ölüm hökmünə
    Gözündən üzümə nifrət çilənir

    Sanmaki, hər işin doğrudur, düzdür
    Ömrünü puç edər əyrilər bir gün
    Sevgimə gülərək alçaltma məni
    Nifrətin sevgiyə çevrilər bir gün

    ***

    Çəkilməyən,dözülməyən,
    Dediyiniz o dərd mənəm.
    Qova-qova namərd edib
    Söydüyünüz o mərd mənəm.

    Özümə də bir az yadam.
    Bir az suyam,bir az odam.
    Həm küləyəm,həm torpağam.
    Bildiyiniz o dörd mənəm.

    Dostu azdır,düşməni çox
    Qarnı acdır,gözləri tox
    Kölgəsinə güvəni yox
    Yalquzağam,bozqurd mənəm.

    Qan qoxuyur çiçəkləri.
    Kəfənsizdir şəhidləri.
    Kimsəsiz “ruhlar şəhəri”-
    Gördüyünüz o yurd mənəm.

  • Mehriban Əliyeva – Azərbaycan humanizminin simvolu

    Bu gün doğum gününü qeyd edən Mehriban xanımın ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

    Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir.

    Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib. Haqlı olaraq onu Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

    AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına nəzər salır.

    Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti Ulu Öndərin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə tükənməz məhəbbət qazandırıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.

    Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.

    Mehriban xanım, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfələr verir. Artıq 20 ildir ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu mədəni landşaftı”, eyni zamanda, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Eyni zamanda, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

    2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Mehriban xanımın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.

    Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.

    Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

    Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

    Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Eyni zamanda, Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.

    Əhalinin sağlamlığı məsələsi də Mehriban Əliyevanın daim xüsusi diqqət göstərdiyi sahələrdəndir. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.

    Azərbaycanın birinci xanımının tapşırığına əsasən aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva özünün xeyriyyəçilik fəaliyyəti ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Artıq ictimai həyatımızda xüsusi yer tutan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etməkdə və genişlənməkdədir.

    Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.

    Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Respublikamızda bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili hətta inkişaf etmiş ölkələri heyran qoydu. Təsadüfi deyil ki, Mehriban xanım idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalına layiq görülüb.

    Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.

    Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı… Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

    Mehriban xanım xalqın sevgisi, etimadı ilə öz ömür kitabını yazmaqda davam edir, onu ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.

    Mənbə: https://azertag.az/

  • Ölkəmizə gələn turistlərin sayında yüksək artım var

    Bu ilin birinci yarısında qoruqları 305 min 376 nəfər ziyarət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 201 min 138 nəfər və yaxud 52 faiz artım deməkdir. Qoruqlara gedənlərin 218 min 967 nəfəri xarici ziyarətçidir. Bu da ötənilki göstəricilərlə müqayisədə 78 faiz çoxdur.

    Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

    Agentlikdən onu da bildiriblər ki, ölkəmizin kifayət qədər mədəni turizm potensialı var. Azərbaycana üz tutan turistlər ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etmək arzusundadırlar. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Tarixi abidələri və qoruqları görməyə gedən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər.

    Müşahidələr göstərir ki, turistlər tarixi abidələrlə daha yaxından maraqlanırlar. Bakı, Şəki, Qəbələ və işğaldan azad edilmiş rayonlarımızda mövcud abidələri mədəni turizm marşrutları kimi gələn turistlərə düzgün təqdim etməklə, ölkəmizin tarixini, mədəniyyətini təbliğ edilir. Ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi səviyyədə istifadə edilməsi də daha çox turist axınına səbəb ola bilər.

    Mənbə: https://azertag.az/

  • Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu

    Türk Mədəniyyəti və İrsi Fondunun 12 yaşı tamam oldu. Türk dünyagörüşünə görə, 12 illik “muşol jas” dövrü yenilənmə simvolu deməkdir.

    AZƏRTAC xəbər verir ki, Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, TÜRKPA, Türk İnvestisiya Fondu kimi təşkilatlar ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanıb, türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox layihələr həyata keçirib, Türk dünyasında olan mövcud mədəni əlaqələri daha da möhkəmləndirib. Fond bundan sonra da bu mühüm missiyanı davam etdirəcək, Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün birgə işlər həyata keçirəcək.

    Xatırladaq ki, 2012-ci il avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurasının Sammitində türk dövlətlərinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının qərarı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovaya həsr olunmuş poçt markası hazırlanıb

    Ümumdünya Poçt İttifaqı Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovaya həsr olunan poçt bloku ilə bağlı paylaşım edib. “Azərpoçt” tərəfindən hazırlanmış poçt markası Vəcihə Səmədovanın 100 iliyinə həsr edilib. Paylaşım İttifaqın “She Stamps” layihəsi çərçivəsində həyata keçirilib.

    “Azərpoçt”dan AZƏRTAC-a bildirilib ki, blokun üzərində rəssamın portreti və rəsm əsərləri təsvir olunub.

    Azərbaycanın Əməkdar incəsənət xadimi Vəcihə Səmədova 1924-cü ildə anadan olub. Görkəmli Azərbaycan rəssamı ölkəmizin təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır.

    Qısa ömür yaşayan və fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakı, Moskva, Sofiya və digər şəhərlərdə uğurla nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.

    Vəcihə Səmədova 1965-ci ildə vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu onun adını daşıyır.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

    • Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxmışdı. Babası, dayıları Qazaxıstanda, Türkiyədə torpağa tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu. Beləliklə, böyük bir ailənin üzvlərindən heç birinə mənsub olduqları Dilbazilər nəslinin doğma kəndində – Qazaxın Xanlıqlar (indiki Musaköy) kəndində öz ulu babalarının yatdıqları torpaqda uyumaq qismət olmadı.
    • AZƏRTAC xəbər verir ki, avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 112-ci ildönümü tamam olur.
    • Qazax rayonunun Xanlıqlar kəndində anadan olan Mədinə Paşa qızı Dilbazi atasını erkən itirdiyindən Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Əhatə olunduğu mühit onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. 1920-ci ildə Bakıda – darülmüəllimata daxil olan Mirvarid oranı bitirdikdən sonra Biləcəridəki onillik dəmir yolu məktəbində və digər məktəblərdə müəllim işləyib. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış bu gənc qız Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
    • Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.
    • Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
    • Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı – sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övlad duyğularının, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən Mirvarid Dilbazi özü haqqında “Şair və ana – tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda”, – deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.
    • Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
    • Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.
    • Öz içindən yanan bir ocağam mən,
    • Yandıqca daha gur yanacağam mən!
    • – yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.
    • Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar mədəniyyət işçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

    Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.

    AZƏRTAC xəbər verir ki, bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 99-cu ildönümü tamam olub.

    Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

    Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

    Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü olub.

    Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

    Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.

    Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır”.

    Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

    Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı “Şəhidlər” poeması ilə yeni bir tarix yazdı.

    Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Qabilin anadan olmasından 98 il ötür

    Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairinin anadan olmasının 98-ci ildönümü tamam olur.

    Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

    O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.

    Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

    Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir – məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adi şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.

    Onu hər zaman sevdirən şeirlərindən biri də “Səhv düşəndə yerimiz” adlanır. 1969-cu ildə yazılan bu şeir zaman keçdikcə gündən-günə müasirləşib. Nəsillər dəyişdikcə bu gün də cavanlaşmaqda davam edir.

    Duman dağı dolanar,

    Qiyamət olar.

    Duman yola sallanar,

    Müsibət olar.

    Müsibət oluruq biz,

    Səhv düşəndə yerimiz.

    Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda, həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

    Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.

    Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.

    Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

    Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

    Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.

    Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.

    2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.

    Mənbə: https://azertag.az/

  • 21 Mart-Novruz bayramıdı!

    Novruz bayramı (Tərcümə: Yeni Gün bayramıBahar bayramıfars. نوروز (Novruz), özb. Navruztürkm. Nowruzqaz. Naurızqırğ. Nooruztürk. Nevruzkrımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram.

    Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq AzərbaycanİranƏfqanıstanTacikistanÖzbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

    2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.SSRİ-nin poçt markası. Azərbaycanda Novruz

    Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

    Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

    Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.

    Çərşənbələr[redaktə | mənbəni redaktə et]

    Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – suodtorpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni suodtorpaq və yelə bağlıdır insan.

    • Birinci su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir, çayların donu açılır,torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır.Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
    • İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
    • Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
    • Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.
    • Novruz bayramında xüsusi şirniyyatlarla bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır, qoğalşəkərbura, badamburan, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
    • Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı ifade edir.

    Adətləri[redaktə | mənbəni redaktə et]

    Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

    1. Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
    2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
    3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
    4. Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
    5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
    6. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
    7. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
    8. Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
    9. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
    10. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
    11. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
    12. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür

    Dünya xalqlarının bayramı kimi[redaktə | mənbəni redaktə et]

    Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

    Novruz Azərbaycanla yanaşı İrandaTürkmənistandaTacikistandaÖzbəkistandaPakistandaQazaxıstandaQırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

    Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-AncelesTorontoLondonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

    Azərbaycanda[redaktə | mənbəni redaktə et]

     Əsas məqalə: Novruz bayramı Azərbaycanda

    Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.Edit

  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü

    İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919İkinci ŞıxlıGəncə quberniyası – 26 iyul 1995Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

    İsmayıl Şıxlı

    İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

    İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali QafqazKrım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

    Ədəbi yaradıcılığıRedaktə

    İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    İctimai-siyasi fəaliyyətiRedaktə

    İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].

    Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].

    VəfatıRedaktə

    1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü

    Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909İkinci ŞıxlıQazax qəzası – 10 mart 1965[1]Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü.

    Mündəricat

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.

    1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */

    Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    Mehdi Huseyn.jpg

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1. ↑ Jump up to:1 2 3 4 Гусейн Мехти // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. МоскваСоветская энциклопедия, 1969.
    2.  “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.

    Mənbə[redaktə | mənbəni redaktə et]

    • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

    Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906Yuxarı SalahlıQazax qəzası – 27 may 1956Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (19411948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.

    Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.

    1918-ci ildə görkəmli ədəbiyyatşünas və Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902–1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.

    Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924QazaxQuba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.

    Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, VaqifVidadiZakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq FikrətNamiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

    1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.

    Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

    Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.

    1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.

    1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.

    Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.

    1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonunİlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.

    1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.

    1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.

    Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.

    1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.

    Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.

    1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun KrımMozdokQroznıNovorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.

    1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.

    Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”[1]

    Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.

    1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.

    1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.

    Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950–1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.

    Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.

    Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.

    1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]

    O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.

    1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.

    Ölümü[redaktə | mənbəni redaktə et]

    1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

    1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.

    Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

  • Xəyalə SEVİLİ doğum günü münasibətilə təbrik edirik! (18 Mart)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə Sevili doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Xalq yazıçısı İsmayıl Şıxlıya həsr olunmuş “Onun ölməyən dünyası” adlı tədbir keçiriləcək

    Hörmətli ədəbiyyatsevərlər!

    Bildiyiniz kimi, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyidir. Bu münasibətlə 18 mart 2024-cü il tarixində saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Ədəbiyyat Fondu olaraq Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir keçiriləcək.

    Ruhu şad olsun böyük yazıçı və alovlu vətənpərvər, böyük AZƏRBAYCANLI İsmayıl ŞIXLININ!

  • “Avroviziya 2024” müsabiqəsində Azərbaycan hansı mahnı ilə təmsil olunacaq?

    “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı martın 15-i Bakı vaxtı ilə saat 12:30-da Avroviziyanın rəsmi yutub kanalında və İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

    Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Öncə bildirildiyi kimi, mahnı müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirir. Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree – Fəxri İsmayılov özüdür. Qeyd olunan vaxtda ictimaiyyətə ilk dəfə açıqlanacaq mahnı üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər – Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles da işləyib.

    Qeyd edək ki, mahnının muğam hissəsini “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin finalçısı İlkin Dövlətov ifa edəcək. Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.

    Mənbə: https://azertag.az/

  • Avstriya Milli Kitabxanasında Novruz şənliyi keçirilib VİDEO

    Avstriyada geniş oxucu kütləsinə malik və əsasən diplomatik korpusun fəaliyyətindən bəhs edən “Society“ dərgisinin təşkilatçılığı ilə ölkənin Milli Kitabxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, bayram şənliyinə Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələri qatılıblar. Bayram tədbirində ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, yerli media, Şərq mədəniyyəti və musiqisinə maraq göstərən insanlar iştirak ediblər.

    Bayram şənliyində ondan çox ölkənin hər biri ayrıca guşədə Novruzla bağlı adət-ənənə, kitab və broşürlər, suvenir və şirniyyatlar təqdim ediblər. Azərbaycan guşəsində xalqımızın əziz bayramı Novruz barədə materiallarla yanaşı, Azərbaycana səyahət üçün məlumatlandırıcı kitabçalar, eləcə də mədəniyyətimiz, tariximiz, mətbəximiz, musiqi və adət-ənənələrimiz barədə materiallar təqdim olunub. Xüsusi ekranda isə Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş olunub.

    Kulinariya bölməsində isə ölkələr öz milli mətbəxlərini təqdim ediblər. Burada da tədbir iştirakçıları Azərbaycanın milli təamlarına qonaq ediliblər.

    Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan, İraq, İran və Əfqanıstan musiqiçiləri səhnəyə çıxıblar. Görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu Novruz bayramı münasibətilə xüsusi proqramla çıxış edib. Azərbaycan ifaçılarının təqdimatı böyük marağa və sürəkli alqışlara səbəb olub və tədbirin aparıcısı proqramdankənar əlavə mahnıların ifasını xahiş edib.

    Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri milli rəqslərimizlə proqramı davam etdiriblər.

    Elgün Niftəli

    AZƏRTAC-ın xüsusi müxbiri

    Vyana 

    Mənbə: https://azertag.az/

  • Azərbaycanlı gənc yazıçı Şəfa VƏLİ hekayə müsabiqəsinin qalibləri sırasında

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) “Ulduz” jurnalı ilə birlikdə keçirdiyi “Məişət zorakılığına YOX deyək!” mövzusunda hekayə müsabiqəsində “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəli müsabiqənin qalibləri sırasında yer alıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi