Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 8 il ötür.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.
O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da yazıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı “Şənlən, mənim xalqım” uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010-2012-ci illərdə O.Zülfüqarov “Məlik Məmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı görkəmli sənətkarın rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.
Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.
Mənbə: https://azertag.az/