İsa HƏSƏNOĞLU (İsa Həsən oğlu Əliyev) 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində dünyaya göz açıb.1999-cu ildə Culfa şəhər 2 saylı orta məktəbin birinci sinfinə qədəm qoyub.2010-cu ildə orta məktəbi bitirib və həmin il Bakı Dövlət Universitetinin “Komputer elmləri” ixtisası üzrə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. Hal-hazırda Bakı Dövlət Universitetin magistratura pilləsi üzrə I kurs tələbəsidir.
Ədəbiyyata marağı, onunla yaxından tanışlığı orta məktəb illərinə təsadüf edir. 2009-cu ildən bəri ədəbi fəaliyyəti mövcuddur. Şeirləri “Bakı Universiteti” qəzetində çap olunmuşdur.
2012-ci ildə dərc olunan “Könül dəryası” adlı şeirlər toplusu kitabı oxucularla ilk görüşüdür.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdən Paytaxta… Paytaxtdan Bölgələrə” adlı layihə çərçivəsində işıq üzü görən “Bölgələrdən səslər” kitabının ikinci hissəsində şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
AZƏRBAYCAN
Bütün varlığımla bağlıyam sənə,
Yolunda şəhidlik hədəfdir mənə,
Üçrəngli bayrağın şərəfdir mənə…
O dalğalandıqca dincəlir canım,
Səadət qatarı Azərbaycanım!
Tarix boyu gəlməz dərdlərin saya,
Soydaşlar bölünmüş o tay,bu taya,
Sorağın yayılmış bütün dünyaya…
Ey mənim şöhrətim,ey mənim şanım,
Ömrümün baharı Azərbaycanım!
Qarabağ qəlbimdə çevrilib közə,
Daş ürək gərəkdir bu dərdə dözə.
Həsrətəm Göyçəyə,Dərbənd,Təbrizə…
Sənsən intizarım,sənsən hicranım,
Könlümün qubarı Azərbaycanım!
Qızında var Nigar,Həcər qeyrəti,
Oğlunda Koroğlu,Babək qüdrəti,
Xalqında yaşayır mərdlik adəti…
Uğrunda fədadır hər damla qanım,
İgidlik yazarı Azərbaycanım!
Nizami,Nəsimi,Füzuli ölməz,
Zəmanə Vaqifdən yetirə bilməz,
Sabirtək satirist bir daha gəlməz…
Ey ürfan aləmim,ey söz ünvanım,
Şairlər diyarı Azərbaycanım!
Görsən də bəlalar çətindən çətin,
İndi müstəqillik olub qismətin.
Zəngindir tarixin,mədəniyyətin…
Gücünlə əriyir yağı düşmanım,
Başı dik,yuxarı, Azərbaycanım!!!
3 avqust 2012-ci il.
Necə dərin gözlərin var!
“Necə dərin gözlərin var!”
Şirin sözlüm,
Gülər üzlüm,
Saf baxışlı ahu gözlüm!
Gözüm doysa, könlüm baxar,
Necə dərin gözlərin var!
O saflığa,dərinliyə
Hər baxdıqca istəsəm də,
İstəməsəm də dalıram.
Gücüm olmur çıxım üzə,
Yavaş-yavaş boğuluram.
Bir gün həmin dərinlikdə burulğana düşsəm əgər,
Gözlərində ölsəm əgər,
Mənə qüsl verməsinlər.
Çünki sənin aydan arı,
Sudan duru, Gözlərində paklaşmışam.
Paklığıma şübhən qalsa,
Yuyulmağım vacib olsa…
Bilirəm ki, gedişimlə çox incidəyəcəm səni,
O halda,ey ahu gözlüm,
Gedişimə axıtdığın, göz yaşınla yuyun məni.
09.07.2014
Ağlama,”sulu göz” deyən olmasın.
Gül üzlüm,ayrılıq vaxtı yetişdi,
Ağlama,”sulu göz” deyən olmasın.
Könlünə əhdimlə qıfıl vururam,
Mən yoxkən qapısın döyən olmasın.
Sən əsgər yarısan,dik tut başını!
Məndən söhbət düşsə,tut göz yaşını,
Yerə dik hayqıran saf baxışını
Nalə çəkdiyini duyan olmasın.
Səni küskün gördüm,böyüdü dərdim
Sınmaz qürurumu yoluna sərdim,
Əlimdə olsaydı sərhəd çəkərdim
O kövrək xətrinə dəyən olmasın.
“Əlvida” deməyə varmayır dilim,
Gizlət kədərini,ey solğun gülüm,
Səni məğrur görüm,əyilməz görüm,
Əyilməz qəddimi əyən olmasın.
Ey İsa, yarının boşdu barmağı,
Eşqinə güvənib qoparma bağı,
Unutma ki,tez-tez məktub yazmağı,
Bəylik libasını geyən olmasın.
19.04.2014
BAHAR QARI
Aram-aram, həzin-həzin,
Qar ələnir göydən yerə.
Geyindirir ağ gəlinlik ağaclara,çiçəklərə.
Hər dənəsi bambaşqadır,
Bir aləmdir,bir dünyadır.
Bir-birini incitmədən,
Bir-birinə toxunmadan rahat-rahat uçuşurlar,
Sanki, yerə yetmək üçün bir-birilə yarışırlar,
Yerə yetmiş dostlarına yetmək üçün tələsirlər,
Təbiəti çox incidən,
Ləkələyən pislikləri örtmək üçün tələsirlər.
Xəbər tutub bundan külək,
Yeri, göyü titrədərək
Əsir, qara vermir aman,
Görünür ki, yağan qarı,
Torpağa qısqanır yaman.
30.03.201
SANIRDIM
Qabaqlar mən belə deyildim,gülüm,
Dünyanı mənasız, əbəs sanırdım.
Xəyanət mərmisi dəyəndən bəri,
Özümü ürəkdən şikəst sanırdım.
Gedişi sakitcə , sezilməz oldu,
Hirsimdən göz yaşım süzülməz oldu,
Bir müddət ayrılıq dözülməz oldu,
Duyduğum hər səsi o səs sanırdım.
Mənə həmdəm oldu naleyi-ahım,
Aldandım yox ikən təqsir, günahım,
Nə dünənim vardı, nə də sabahım,
Həyatı aldığım nəfəs sanırdım.
Qəlbimi verməzdim daha kimsəyə,
Sən gəldin, baxışım döndü hər şeyə.
Bir zaman yalqızdım, tənhaydım deyə
Ömrümü kiçik bir qəfəs sanırdım.
Güldürdün hər şeyə nifrət edəni,
Firavan həyata döndərdin məni,
Özüm də bilmədən sevmişəm səni,
Mən səni keçici həvəs sanırdım.