10174900_715715711806063_8525064819558902131_n

Günay HƏSƏNLİ (Həsənli Günay Nəriman qızı) 1987-ci il noyabr ayının 9-da Gəncə şəhərində anadan olub. Orta təhsilini Tovuz rayon Dönük Qırıqlı kəndindəki D.Süleymanov adına tam orta məktəbdə alıb.
Çox erkən yaşlarından şeirlər yazmağa başlayıb. Şeirləri dövrü mətbuatda mütəmadi dərc olunub. “Qızıl qələm”, “Heydər ata” və s. mükafatlara layiq görülüb.
Respublikada nəşr olunan “Kompas”, “İslahat”, “Dövlət və qanun”, “Tovuz”, “Azərbaycan Dünyası”, “SM-press”, “Azərbaycan”, “Azad Qələm” və bir sıra almanaxlarda ədəbi-bədii publisistlik yazıları müxtəlif qəzetlərdə dərc olunub. SMTV(hazırkı TTV) adlı televiziya şirkətində aparıcı-repartyor kimi çalışıb. Hal-hazırda Axın İctimai Birliyində ümumi şöbə rəhbəri və Günəş jurnalında xususi müxbir kimi çalışır. Axın Poeziya Klubunun sədridir.Varislər Ədəbi Məclisinin, Dünya Gənc Türk Yazarları Birliyinin və Gənc Ədiblər Məktəbinin üzvüdür.
Bakı Slavyan Universitetinin tələbəsidir.Bir oğlu, bir qızı var.

HEYİF ÇIXIR

Etibar yox bu dünyaya,
Dünya məndən heyif çıxır.
Heç bilmirəm neynəmişəm,
Düşməni tək mənə baxır.

Neçə dağın partlatmışam,
Vüqarımı sınıb görən?
Sinəsinə od tulladım,
Meşəsimi yanıb görən?

Məcrasından çıxarmışam
Çaylarının axarını?
Bacarsaydım dəyişərdim
Həqiqətin baxarını.

İnsanına kələk qurub,
Çevirmişəm oyuncağa?
Evcik qurub oynatmışam?
Biri ata, biri ana…

Dartılmışam sapand kimi,
Tışlanmışam göy üzünə?
Çoxmu möhkəm dəymişəm ki,
Göylərinin göy gözünə?

DAŞ

Daş olub tökülmüşəm,
Bu dünyanın başına.
O da döndərib mənim,
Baharımı qışıma.

Vaxtsız belimi büküb,
Qara damımı söküb,
O da daşını töküb,
Mənim dərsli başıma.

Sağdan atdım ona daş,
Soldan atdım ona daş,
Çevrilib gəldi birbaş
Dəydi mənim başıma.

Daş atma, daşa dəyər,
Oxu çək, qaşa dəyər,
Min baş, bir başa dəyər,
Kül dünyanın başına.

20.04.2014

Zaman

Sən məni haraya gətirdin zaman?
Namus da,qeyrət də,ar da satılır.
Hərraca qoyulub insan ürəyi
Bülbüllə yanaşı sar da satılır.

İnsanlıq adında şey qalmayıbdır,
Belke orda-burda közərəni var.
İnsanlıar əyilib doğru yolundan,
Bəlkə də bir neçə düzələni var.

İnsan ləyaqəti,insan qeyrəti,
Hər addım başında tapdanıb gedir.
Yerində dayanıb,dursan da sakit,
Zaman özü səni bax, məcbur edir.

İnsan öz əliylə qazır quyunu,
Qazanın özünü salır bu zaman.
Pulu olan deyir yıxılmaram mən,
Mağallaq aşanda ağlayır yaman.

Dəyirman daşı tək fırlanır zaman,
Bu gün biri qalxır, sabahsa enir.
Əhli-cahan bilir onun işini,
Bax,insanlar nə danışır,nə dinir.

Dinib neynəyəcək təlxək zamana,
Dərhal onu zaman araya qoyar.
Min kələk gətirər onun başına,
O da bu həyatdan tamamca doyar
.
Tərki-dünya olar insanın ruhu,
Bununla bir ömür bitmiş sayılar.
Bir körpə dünyaya göz açar bu vaxt,
Bu qanuna “zaman”adı qoyular.

15.08.2004

Ölüm məni istəmir
Mən ölüm istəyirəm,
Ölüm məni istəmir.
Məni öldürmək üçün
Gəlib rüşvət istəyir.
Tumarlayıb başını
Sevə-sevə söylədim.
Qardaşımsan,bacımsan,
Səni istəyir bu can.
Apar məni nə olar!
Lap ata, anam da ol,
Şirinimsən, acımsan.
Gəl çıx otur başımda
Sən mənom daşa dönmüş
Şəkilli baş tacımsan.
Boylanma mənə gendən
Qorxma gəl mənə sarı.
Səni sevdiyim qədər,
Sevə bilməz yar-yarı.
Selə dönüb gəlirsən,
Yuyursan sağ-solumu.
Aparsan bütöv apar
Gəl qırma qıç,qolumu.
Mən səni gözəyirəm,
Gözləyənim var deyə.
Neçə qollar açılıb,
Hey səsləyir “gəl” deyə.
Mən ölüm istəyirəm,
Ölüm məni istəmir.
Məni öldürmək üçün
Gəlib rüşvət istəyir.
Söylə sənə nə verim?
Acgöz olub getmisən.
Dünyanın varındanmı?
Arlının arındanmı?
Yarlının yarındanmı?
O uca zirvələrin,
Ərinməz qarındanmı?
Söylə sənə nə verim?
Gücüm canıma çatar,
Gəl də canımı apar.
Canımı rüşvət verim…
“Ölümü aldarıram,
Susun,susun,dinməyin!”
Rüşvət verdiyim canın,
Həmin o can olduğun
Ölümə bildirməyin…

25.04.2014

DOYUM

Gəl bağrıma basım səni,
Başımı çiyninə qoyum.
Kövrəlmişəm sənin kimi,
Bərkdən ağlıyım, doyum.

Sən gurulda, mən hönkürüm,
Çağlasın Arazım, Kürüm,
Göz yaşıma divar hörüm,
Dərddən ağlıyım, doyum.

Gözümüzdən süzülsün nəm,
Yer üzünə qoysun qədəm,
Mən buludam, bulud da mən,
Hərdən ağlıyım, doyum.

28.09.2014