10401883_1440887946165403_7254518012399833604_n

TƏRCÜMEYİ-HAL

Emil Rasimoğlu -1991-ci il iyun ayının 27-də Salyan rayonunun Yuxarı Xalac kəndində anadan olmuşdur.1998-ci ildə Xalac kənd 2 saylı orta məktəbinə getmiş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. Hələ məktəbdə oxuyarkən-2003-cü ildən bədii yaradıcılığa başlamışdır. 2008-ci ildən “Kürün töhfəsi” ədəbi birliyinin üzvü, 2012-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2013-cü ildən Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, “Gənc Ədiblər Məktəbi”nin üzvü, 2012-ci il oktyabr ayından “Ziyalı Ocağı” İctimai Birliyinin Redaksiya, Yaradıcı, Nümayəndə Heyətinin Fəxri üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyyətinin üzvü və “Azərbaycan ədəbiyyatı”, ”Türkiyə ədəbiyyatı”, ”Publisistika”, ”Elektron kitablar” bölmələrinin əməkdaşı, 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir. Şeirləri “Yeni Azərbaycan”, ”Respublika gəncləri”, ”Kaspi”, ”Aysberq və həyat”, “İlham çeşməsi”, “Yeni Axtarış”, “İrəvan Press”, “Möhtəşəm Azərbaycan”,”Qələbə” və digər qəzetlərdə, 2010-cu ildə “Muğanın səsi”, 2012-ci ildə “Bölgələrdən səslər” kitablarında çap olunmuş, Dünya Gənc Türk Yazarlar Birliyinin elektron orqanına, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına yerləşdirilmişdir.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edilmişdir. Müntəzəm olaraq dövrü mətbuatda şeirləri çap olunur. 2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin tələbəsidir.

Getmə uzaqlara…

Qəlbimdən,bəxtimdən,nə də gözümdən,
Ayrılıb ox kimi itmə,sən Allah.
Axtarıb tapmaram,ölüm taparam,
Getmə uzaqlara,getmə sən Allah.

Oldun taleyimə nəsib,sevgilim,
Ürəyim səsinlə əsib,sevgilim.
Əlimi boş qoyub,küsüb,sevgilim,
Getmə uzaqlara,getmə sən Allah.

Çoxları baharda qəmlə qışlayıb,
Hələ sevgi çağım indi başlayıb.
Mənə bir ömürlük dərd bağışlayıb,
Getmə uzaqlara,getmə sən Allah.

Sən getsən,ruhum da,çıxıb gedəcək,
Məni torpaq üstə yıxıb gedəcək,
Gələnlər gözünü sıxıb gedəcək,
Getmə uzaqlara,getmə sən Allah.

Gələr Günəşdə yox,yağışımda nur,
Görünməz cığırada,yoxuşumda nur.
Sinəmdə od sönər,baxışımda nur,
Getmə uzaqlara,getmə sən Allah.

Aylar da,illər də,kəm gələcəkdir,
Kipriyin üstünə nəm gələcəkdir,
Bəs getsən,görüşə kim gələcəkdir?!
Getmə uzaqlara,getmə sən Allah.

Ocaq var nur yoxdu,ocaq var çəndi,
Tək-tənha kədərlə otaq var çəndi,
Uzaqlar dumandı,uzaqlar çəndi,
Getmə uzaqlara,getmə sən Allah.

Mütləq bilib…

Torpağından dərgahına üz tutub,
Dizim üstə qol açmışam,İlahi!
Ürəyimlə qollarıma,qolumla,
Dualara yol açmışam,İlahi!

Bel bükmədim yerdə “mən”in önündə,
Xeyrə qarşı şər-düşmənin önündə.
Mütləq bilib bircə sənin önündə,
Varlığımla alçalmışam,İlahi!

Nəfəs verdin cana gəldim anamda,
Zülmətində hey dincəldim anamda.
Doğulanda qupba güldüm anamda,
Eşqin ilə gül açmışam,İlahi!

Özgə yəhərində,özgə yəhərdə,
Səyyah oldum yaratdığın “şəhər”də.
Tapıb səni hər açılan səhərdə,
Yolun üstə əl açmışam,İlahi!

Mən kim idim qamətimi şux tutam,
Bədənimə ruhumu dayaq tutam,
Yer üzündə söz kəsəm,ayaq tutam,
“Danış”:-dedin,dil açmışam,İlahi!

Zaman dərdi…

Vətənimin taleyində neyləyim,
Qara yelli zaman dərdi var imiş.
Yaşadıqca düşünürəm, İlahi,
Yaman günün, yaman dərdi var imiş.

Qiyamətdi! Ana sına, ürəkdən,
Can qovurub yana, sına ürəkdən…
Neçə şəhid anasına ürəkdən,
Ah çəkdirən “cavan” dərdi var imiş.

Tanrım, selnən axan qanın yu, yurdun,
Yarasına məlhəm ola su… yurdun,
Dözəmmirəm, alovlanıb bu yurdun,
Nəfəsində yanan dərdi var imiş.

Ağ səhərli bəxti öldü çağların,
Zirvələrdi önündə alçaqların,
Ayrılıqda tənha, mətin dağların,
Səmasında duman dərdi var imiş.

Bütövlükdə sərhədi var, gör kimin,
Tapdalanan torpaq kimin, yer kimin?!.
Başı məğrur, əli qılınc türkümün ,
Sinəsində Turan dərdi var imiş.