QAYTAR MƏNİ ÖZ DÜNYAMA

Getməyimi istəmirsən,
Qaytar məni öz dünyama.
Qəlbimi sən ki, bilirsən,
Qan ağlayan torpağıma,
Qaytar məni öz dünyama.

O dağlara,bulaqlara,
Qərib qalan qayalara,
Buz bağlayan ocaqlara.
Qaytar məni dövranıma,
Qaytar məni öz dünyama.

O füsünkar gecələrə,
Qaynar olan bir şəhərə,
Həsrətliyəm o günlərə.
Qaytar məni Ağdamıma,
Qaytar məni öz dünyama.

Xarıbülbül bitən yerə,
Şuşam qalıb yad ellərə,
İnamım yox kimsələrə.
Qaytar məni Daşaltıma,
Qaytar məni öz dünyama.

Dağ döşündə məskən salan,
Qərib olub xəstə qalan,
Ayaq altda hey tapdanan.
Xankəndimə,Laçınıma,
Qaytar məni öz dünyama.

Dumanlı Taxtabaşına,
Kəlbəcərə,Zəngilana,
Turşsuyuma,Yalbaşına.
Cəbrayıla,çinarıma,
Qaytar məni öz dünyama.

Xocavəndə,Ağdərəyə,
Gözü yolda Fizuliyə,
Bulaq üstü gözəlliyə.
Dərdli qalan Zarıslıma,
Qaytar məni öz dünyama.

Xocalıda kədər axar,
İntiqamın elim alar,
Qubadlımda var yaralar.
Demə şair sən qayıtma,
Qaytar məni öz dünyama.

Çeşmələrim küskün qaynar,
Qanqallıdı bütün yollar,
Dərələrdə bir fəryad var.
Qaytar məni yurd-yuvama,
Qaytar məni öz dünyama.

Xanım küsüb,Cabbar ağlar,
Vaqif bizə kinlə baxar,
Aç yolları məni apar.
O dövrana,xoş çağıma,
Qaytar məni öz dünyama.

Ömür gəlib başa çatır,
Elimə yox bircə cığır,
Vidadidə xəstə yatır.
Qaytar məni dərmanıma,
Qaytar məni öz dünyama.

Bakı 18-11-2015 gecə 05-27

“ÖTƏN GÜNƏ GÜN ÇATMAZ, CALASAN GÜNÜ GÜNƏ”.

(Həyat nə qəribəsən,
Böyük bir möcüsəsən,
Həm dərd,həmdə sevincsən.
“Ötən günə gün çatmaz,
Calasan günü günə”.)

Ömrün sarayında dastanlar yatır,
İllər ötür,illəri gözləyirsən.
Sanki dağ döşündən bir çeşmə axır,
Özündə bilmədən gün ötürürsən,
Bu günlər bir ömrü yaman azaldır.

Uşaqlıqda bir duyğuyla yaşarsan,
Məktəb illərini başa vurarsan,
“Ali məktəb”,gəncliyə atılarsan.
Bax onda qəlbində sevgi oyanır,
Bu günlər bir ömrü yaman azaldır.

Qəlbinin hökmüylə sevərsən birin,
Bir gözəl axtarıb,gəzər gözlərin,
Əsiri olarsan bu məhəbbətin.
Yenə fikir,xəyal məni aparır,
Bu günlər bir ömrü yaman azaldır.

Bir gün ata olub fərəhlənərsən,
Övladı böyüdüb nəvə görərsən,
Elə ki,qocaldın əsa gəzərsən.
Ömrün qatarıda səni aparır,
Bu günlər bir ömrü yaman azaldır.

Bir gün ata gedir haqq dünyasına,
Atasız bir həsrət hopur canına,
Dözürsən ananın sən yoxluğuna.
Səni də o dünya yaman çağırır,
Bu günlər bir ömrü yaman azaldır.

Bacı ,qardaş gedir,dəyişir dövran,
Düşünürsən,nəyə lazımdı insan?
Hərdən ömür verir fələyə cavan.
Bu yoxluq ürəkdən səni yandırır,
Bu günlər bir ömrü yaman azaldır.

Əvvəl sevinclisən,sonu kədərli,
Görürsən bu dünya dərdlidi-dərdli,
İtirirsən özündə bir gözəli.
İnsan qocaldıqca dərdləri artır,
Bu günlər bir ömrü yaman azaldır.

Vidadi,qocaldın ömürdə getdi,
Bağında,bağçanda həsrətlər bitdi,
İndi qara torpaq təkcə sənindi.
Ata,babaların səni çağırır,
Bu günlər bir ömrü yaman azaldır.

Bakı 03-12-2015