qm

Dərbənd həsrətim

Gedirəm, yenidən qayıdam, gələm,
Sevgimi bölüşəm, sevincdən öləm.
Həsrəti qılınctək doğrayam, böləm,
Bitmədi, ey anam Dərbənd, həsrətim!

Ömrü qısa oldu ilk vüsalımın,
Həsrətdən nəm çəkdi ucu şalımın.
O göyçək hüsnünlə bir şad halımı
Etmədi, ey anam Dərbənd, həsrətim!

Dağına, daşına sarılacaqdım,
Gözünün yaşına sorulacaqdım.
Bayraqtək başına sancılacaqdım,
Yetmədi, ey anam Dərbənd, həsrətim!

Yeriyə bilmədim bir addım belə,
Tutuldum – doğmammış hər yadım belə.
Unutdum… Dərbəndmiş öz adım belə,
İtmədi, ey anam Dərbənd, həsrətim!

Mən sənə Dərbəndmi, Təbrizmi deyim,
Bu qoşa qanada əkizmi deyim,
Türklüyü yaşadan bir izmi deyim,
Ötmədi, ey anam Dərbənd, həsrətim!

Can atdım “can” deyəm, dilim lal oldu,
Hər ləhzə qəlbimə axan bal oldu.
Ürək elə coşdu – halbahal oldu,
Getmədi, ey anam Dərbənd, həsrətim!

Dəmirqapı Dərbənd, ey ulu Dərbənd,
Bir qolum Təbrizdi, bir qolum Dərbənd.
Müqəddəs pir yolum, sirr yolum Dərbənd,
Bitmədi, ey anam Dərbənd, həsrətim,
Ötmədi, ey anam Dərbənd, həsrətim!