Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
DÜNYA
“Ol” dedi Yaradan, bircə sözündən,
Gül kimi boy atdı, böyüdü dünya.
Bəzəndi, düzəndi, al-yaşıl oldu,
Bitirdi almanı, söyüdü dünya.
Adəmi, Həvvanı gətrdi cana,
Bəşər övladını verdi cahana,
Müqəddəs ad verdi ata, anaya,
Yetirdi qorxağı, iyidi dünya.
Verdi bəndəsinə min bir əzabı,
Hər kəsi sınadı, çəkdi hesabı,
Yendirdi göylərdən neçə kitabı,
Tanıdı mollanı, seyidi dünya.
Böldü torpaqları, milləti, eli,
Ayırdi insanı, ayırdı dili,
Oynadı şimşəyi, kükrədi seli,
Verdi məsləhəti, öyüdü dünya.
Birini qul etdi, birini ağa,
Bükdü hər insanı axırda ağa,
Girdi şeytan qəlbə, cin aralığa,
Batdıq biz günaha “ay gidi” dünya.
GÖZƏL
Gülümsə üzümə, qoy mən də gülüm,
Tay sənsiz yaşamaq zülümdü, zülüm,
Qoyma həsrətindən, dərdindən ölüm,
Çəkmə gözlərimdən gözünü, gözəl.
Baxışın Günəştək nur saçır hər an,
Qəlbimdi eşqinlə alışıb yanan,
Məni naz-qəmzənlə üzmə ey canan,
Eşidim mehriban sözünü, gözəl.
Sən mənə nə olar, mərhəmət eylə,
Bəzə bu dünyanı qiyamət eylə,
Eşqini sən mənə əmanət eylə,
Görüm camalını, üzünü, gözəl.
Nolar bu dünyanı sən mənə qıysan,
Canımsan, gözümsən, mənə həyansan,
Sən mənim ruhumu qəlbimi duysan,
Deyərəm sözlərin düzünü, gözəl.
Sinəmdə quş kimi çırpınır ürək,
Dərdindən dəliyəm, sevimli mələk,
Gül ki, gülsün dünya, açılsın çiçək,
Alışdır bu eşqin közünü, gözəl.