Polad Sabirli

İstəmirəm təm-tarağı

İstəmirəm təm-tarağı,
Könlüm, gözüm toxdur, Allah.
Sözdür qəlbimin çırağı,
Var-dövlətim çoxdur, Allah.

Sən ilham ver, mən də yazım,
Qoy yayılsın xoş avazım.
Xoşbəxt olsun oğlum, qızım,
Başqa arzum yoxdur, Allah.

Daşdan-daşa dəydi başım,
And yerimdi damım,daşım
İti sözüm, sərt baxışım,
Yaydan çıxan oxdur, Allah.

Haram tikə götürənin,
Ömrə dərd-qəm gətirənin,
Haqqı-sayı itirənin,
Qarşısına çıxdı, Allah.

23.10.2016.

Baba

Yaxın dostumun şərəfinə baba olması münasibətilə

Nə yaxşı hiss imiş babalıq hissi,
Balamın balası, şirindən şirin.
Adamın həyata artır həvəsi,
Görəndə övladın barın, bəhərin.

Uşaqla uşaqdı müdrik babalar,
Nəvənin önündə uşaqlaşırlar.
Göstərə-göstərə mərdlik, babalar,
Artıq cavanlıqdan uzaqlaşırlar.

Nəvənin xoş günü, adı naminə,
Ocaq altda yanar, oda köz olar.
Hər vaxt sinə gərər, o çətin günə,
Zülmətə nur saçan bir cüt göz olar.

Şam kimi əriyər, od kimi yanar,
Babadan hümmətdi, nəvədən xidmət.
Ahıl vaxtında da, dincliyin danar,
Nəvəyə ömrünü verər əmanət.

Qədrini bilənə olaydı qismət,
Kaş bu müqəddəs ad, bu şərəfli ad.
Tanrının verdiyi şipşirin nemət,
Babaya nəvədi, ataya övlad.

Kəsdiyi çörəyin halallığını,
Nəvənin qanına hopdurar baba.
Saxlayar adının cəlallığını,
Həqiqət yolunda mərd durar baba.

29.01.2017.