abdullamuellim

(“Didərgin şərqisi”,”Qaçqın harayı” silsiləsindən)

Bu çöllərin durnaları didərgin,
Bu torpağı parçalar kim,didər kim?
Bu göylərin yaxasını didər kin,
Qarı nənə,ağı deyib ağlama!

Qarı nənə,göyün üzü qaradır,
Astarı göy,əyan üzü qaradır.
Qarı nənə,bu göy üzüqaradır,
Qarı nənə,ağı deyib ağlama!

Qara bulud qara gündür,qara gün,
Qara teli ağ edəndir qara gün.
Sən də,mən də qaragünük,qaragün,
Qarı nənə,ağı deyib ağlama!

İslanmışıq-qorxumuz yox yağışdan,
Ya payızdan deyilik biz,ya qışdan.
Ayağımız üzülübdü yoxuşdan,
Qarı nənə,ağı deyib ağlama!

Görən kimə göy üzü daş saxlayır?!
Yurdu gedən bədəndə baş saxlayır.
Hərə bir cür vətəndə baş saxlayır,
Qarı nənə,ağı deyib ağlama!

Gözümüzdə göz dağıdır Xocalı,
Bu qüssədən,Allah,ürək qocalır!
Vətən para deyil dərdi borc alım,
Qarı nənə,ağı deyib ağlama!

Yurdumuzda qərib olduq neçəmiz,
Yadlaşdıqca Həkərimiz,Göyçəmiz.
Gör kim idik,necə endik heçə biz,
Qari nənə,ağı deyib ağlama!

Azərbaycan.Quba.1996.