rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Vətən borcunu yerinə yetirərkən şəhid olmüş əsgər- Cəlil Ələsgər oğlunun xatirəsinə

Ağlamayın ata, ana, sızlayar qəlbim,
Əcəl məni harda tutar , necə biləydim?.
Zalım fələk tora saldı, zavala gəldim,
Bitdi Sizə, Vətənimə şanlı xidmətim-
Şəhid əsgər olmaq imiş mənim qismətim.

Bir qız sevdim, xalı vardı gül yanağında,
Əhdi-peyman bağlamışdıq, gənclik çağında.
Onun üçün gün sayırdım Soyuq dağında,
Boynu bükük qaldı yarım, ilk məhəbbətim-
Toyu yasa dönmək imiş mənim qismətim.

Bu Allahın təqdiridir, nə etmək olar?,
Hər bir kəsə ömür yazıb, vaxt gələr dolar.
Bəzən güllər açılmamış, qönçəykən solar,
Xəzan vurdu, tələf oldu sərvi-qamətim-
Nakam, cavan getmək imiş mənim qismətim.

Qəbrim üstə gül-çiçəklər, düzməyə gəlin,
Nakam, cavan, daş şəklimi, süzməyə gəlin.
Demirəm ki, özünüzü , üzməyə gəlin,
Ruhum görsün yaşıyacaq xətir, hörmətim-
Daim cavan qalmaq imiş, mənim qismətim.

Mən şəhidəm Vətən, Ana, millət yolunda,
Halal olsun torpağıma, canım, qanım da.
Azərbaycan əsgərini siz salın yada,
Yadda qalsın igidliyim, həm mətanətim-
Vətən oğlu olmaq imiş, mənim qismətim.