* * *
Bilmədik ki , kimdən talanıb gedən
Milyonun , milyardın hayı çıxıbdı!
Başda oturanın , gör , neçəsinə
Aşotla Avanes dayı çıxıbdı
Bu məzlum milləti sarıb ətalət,
Yayılır bir ucdan aclıq , səfalət!
Qeyb olub bu yurdda haqqla ədalət
Bar verən ağaca ayı çıxıbdı!
Gücü çatmır tuta bu sarayları,
Bu bərkgedənləri , bu daydayları,
Sürüşür Bakının torpaq layları,
Üstünə altdakı layı çıxıbdı!
Görəndə deyirsən sərgidi dünya,
Qalib , fırıldaqdı bu gidi dünya!
Bir vaxtlar lap təzə tər idi dünya,
Köhnəlib , onun da zayı çıxıbdı!
15 yanvar 2005
ANA VӘTӘN HAQQINDA
Biz Cavanşir , Babək nəsli , Koroğlu xələfiyik
Haqsızlığa qarşı çıxan ədalət tərəfiyik ,
Oğuz boyu Türk oğlu Türk , qızılbaş səfəviyik ,
Şücaətlə coşar , çağlar qaynardı türk qanımız ,
Dastan olub tarix boyu şöhrətimiz, şanımız!
Həm Zəngəzur , həm Göyçəli, həm də Qarabağlıyıq ,
Aranında aranlıyıq , dağlarında dağlıyıq
Hər birimiz bir qəhrəman Azərbaycan oğluyuq ,
Ana yurda bağlanıbdı ruhumuzla canımız ,
Dastan olub tarix boyu şöhrətimiz, şanımız!
Mənfur yağı pusqudadır hər an izləyir bizi ,
Qalib deyir , əsir yurdlar müdam səsləyir bizi ,
Hələ döyüş qarşıdadır zəfər gözləyir bizi ,
Doğulacaq Mübariztək neçə qəhrəmanımız
Dastan olub tarix boyu şöhrətimiz, şanımız!