mm

HƏLƏ

Mən öz məsləkimin, öz amalımın,
Bir arzu qanadlı quşuyam hələ.
Gərək sədlər aşan xoş xəyalımın,
Şirin dünyasında yaşayam hələ.

Kürə pıçıldayır dərdini Araz,
Həsrət payımıza çox düşüb”bir az”,
Qəlbimi didsə də yetişmiş muraz,
Gərək ürəyimdə daşıyam hələ.

Fikir üyüdürəm, söz ələyirəm,
Sönmüş ocaqları çözələyirəm,
Vətənin dərdini təzələyirəm.
Yara bağlamaqda naşıyam hələ.

Yolum hamar oldu yamana kimi,
Haqqım büdrəmədi yalana kimi,
Buludlar qaralar dolana kimi,
Mən ömrün bəmbəyaz qışıyam hələ.

Dünya başdan-başa müəmma, təzad,
Fikirlər dolaşıq, xəyallar azad,
Məslək yollarında bələdçim həyat,
Bu yolda bir ümid daşıyam hələ.

BİR GÜN

Bir gün Babək inamından doğulub,
Bu dünyaya gələsiyəm, gələsi.
Xəyanətin yarasından sağalıb,
Ömrüm boyu güləsiyəm, güləsi.

Sinəmdədir ağrıları hər dağın,
Daha yada fürsət verməz korluğum,
Vətən adlı bu müqəddəs varlığın,
Gözlərinin giləsiyəm, giləsi.

Şöhrətimi yadellilər çox danıb,
Arzularım tonqal-tonqal qalanıb,
Dustaq olub ulu dilim, talanıb,
Hələ yadlar köləsiyəm, köləsi.

Bu torpağa bəd fikirlə gələnin,
Millətimə tənə edib gülənin,
Vətənimi parçalayıb bölənin,
Ürəyini böləsiyəm, böləsi.

Coşqun-coşqun dalğalardan keçərəm,
Araz-Araz sularından içərəm,
Sərhədləri doğrayaram, biçərəm,
Koroğlunun dəlisiyəm, dəlisi.

Misri qılınc, – misri qəzəb əlimdə,
Oğuzların cəng havası dilimdə,
Geci-tezi bu böhtanlar selində,
Varlığımı biləsiyəm, biləsi.

Qalx a Dədə, al Qopuzu, çal görək,
Bəlkə onda cana gələk, kükrəyək,
Bu min ilin yuxusunu ləkətək,
Tariximdən siləsiyəm, siləsi.

Bağışlama günahımı, amandır,
Yollarımız hələ çəndir, dumandır,
Belə gündə bağışlanmaq yamandır,
Bir də yatsam öləsiyəm, öləsi.