12647929_456084107917624_702711598_n

Bir cüt göz gəzirəm məni ağlaya,
Yağan göz yağışı qəmi dağlaya.
Ürək arayıram məni bağlaya,
Qəribə eşqimin qərib selinə.

Sevilə bilmədim sevdiyim qədər,
Sevinə bilməyən sevgimmi hədər?!
Sevdim,sevdiyimə sevindi qədər
Daş atıb ömrümün sükut gölünə.

Dil açır sözümə dönən o çağım,
Qürbəti andırır dinən o çağım.
Kimi isitdisə dünən ocağım,
Bu gün ağız büzür nəmli külünə.

Qınama dünyanı-dünya qəbirdə,
Xəncəri korşalan qınam səbirdə.
Gülmə içimdəki göyərən dərdə,
Ağla qəribsəyən tənha gülünə.

Bu sevda ot deyil göyərə bir də,
Od deyil alışa bu qərib dərdə.
Başıma iş açma durduğum yerdə,
Calayıb yalanı qəlib dilinə.

Gözə kül üfürüb sovurma külü,
Külümdə közərən gileyəm,gülüm.
Sözümü izləyən güləyən,gülüm.
Çətin ki o çağlar düşə əlinə!

22.04.2016.
Azərbaycan.Quba.