DƏYMƏSİN
Çöldə yaman soyuqdu,
Geyin xəyallarımı.
Əynini qalın elə,
Soyuq belə dəyməsin.
Telinə yağan yağış,
Ürəyimi isladır.
Xəyaldan çətir düzəlt,
Yağış telə dəyməsin.
Qoxunu duymaq üçün,
Çıxmışam sizin yola.
Adını təkrar edim,
Dodaq dilə dəyməsin.
Bayırda əsən külək,
Qanını qaraltmasın.
Sarım dörd bir yanını,
Telin yelə dəyməsin.
11.02.2016
ƏTİR QOXUNU
Gəl qısıl qoynuma, ay canım-gözüm,
Öpüm tellərindən çəkim qoxunu.
Sarılıb boynuna, söhbətim-sözüm,
Tənha gecələrdə qatım yuxumu.
Saxla əllərini əlimin üstə,
Adın qabar qoyub dilimin üstə.
İstə qumral gözlüm, canımı istə,
Sənə peşkəş edim azı, çoxumu.
Diqqətlə qulaq as mənim sözümə,
Danışma, gözünü zillə gözümə,
Söykə yanağını, söykə üzümə,
Sapla ürəyimə müjgan oxunu.
Sənə yazdığımı ürəkdən dedim,
Ölüncə yanında mən gəlim-gedim.
Əynimə geyəndə hər gün hiss edim,
Bütün paltarımda ətir qoxunu.
12.02.2016