İnsanlar da pul kimidir… Funksiyaları var… Pula çevrilib bəzi insanlar… Pul əlində çox olduqca, pul funksiyalarını daşıyır onlar…
Pulla bu həyatda az qala hər şeyi almaq olar… Pula satılır… Bəzi insanlar belə pula satılır…
Xoşbəxtliyini də pulla ala bilərsən… Sağlamlığını da…
Pulun olmayanda xoşbəxt ola bilmirsən, pulla satılanları ala bilmirsən deyə… Ac qarnına xoşbəxtlik olacaq qida?Əsla!
Pulsuz olsan, sağlamlığın da, gedər əlindən… Pulsuz səni nə müayinə edərlər, nə müalicə, nə də cərrahiyyə əməliyyatına salıb, qurtararlar həyatını, pulsuz ölümə məhkumsan, xəstəsənsə…
Pulla sevgini də almaq olur… Az olub məgər pula görə sevənlər, ailə quranlar, pula görə boşanan, ailəsini atanlar? Hətta balaca uşaqlarını da pulla ala bilərsən… Onlar belə əlinə baxırlar ki, nə almısan?
Pulun başqa forması rüşvət, hörmətdir, bir də ki, can rahatlığıdır…
Nə qədər çox olarsa, o qədər sənə də tələb çoxalacaq…
Pulun olduqca, ağlını gərək itirməyəsən… Gözə də gəlməyəsən… Gözə gəldinsə, paxılların, tozsoran tozu soyuran kimi səni soyuracaq, aldadıb, pulunu əlindən alıb, havaya sovuracaq insanların, qeybətini edənlərin, şər-böhtanların, söz-söhbətlərin qurbanına çevrilmək üçün pulunu, özünü gözə soxmayasan gərək…
Susmağı öyrən… İşin, maaşın, digər qanuni gəlir mənbələrin haqqında danışma… Əsl insan kimi bu həyatı yaşamağı öyrən…
Pul sənə hörmət, şöhrət, uğur, sevgi və daha çox pul gətirər…
Pul sənə bilik və təcrübə də verər…
Pulla alarsan təhsilini, pulla düzələrsən işə…
İşlədikcə, pulunu çıxartmağa çalışarsan… Çox pul qazandıqca, daha çox pul qazanmaq istəyərsən…
Pulla növbəti işə düzələrsən…
Çox pulun olduqca, itirərsən bank hesabındakı məbləğini, depozit seyflərindəki dəyərliləri, ev, mülklərinin sayını…
Pulun çox olduqca, özünü də itirə bilərsən zamanla…
Pul kimi cansız olarsan zamanla…
Pul kimi sənin də funksiyan olar…
Səni də puluna görə dəyərə mindirirlər, dəyəri ölçürsən, dəyəri ölçmək üçün bir vasitəyə çevrilirsən… Dəyərin olduqca, dəyərsizləşirsən… Yeni dəyər meyarı çıxana qədər…
Pul kimi sən də ödəniş vasitəsisən… Kiminsə yerinə borc, kredit ödəmək, kiminsə üçün nəsə aldıqda, ödəniş etmək, kiminsə xərclərini qarşılamaq, adından istifadə edilmək kimi hallarla rastlaşarsan…
Kimsə adından istifadə edər, adın vizit kartına çevrilər sanki…
Qazandığın pulun bir zaman əvəzini ödəyəcəksən, baha başa gələcək bu ödəniş sənə…Altından çıxa bilməzsən bəzən…
Pul kimi səni də dövriyyəyə buraxarlar, yarınmalı olacaqsan, yarınmadığın adam qalmayacaq, dövriyyədə olduqca, yorulursan, gündəmdə olan pul kimi yüz əl, sima görürsən, məkan və zamanlar dəyişir, dövriyyədə çox olduqca, yararsız hala düşürsən, dəyərdən düşürsən, ya dövriyyədən çıxarılırsan, ya da yeni pul ilə əvəz edirlər səni… Ya da özün yeni pula çevrilirsən, dəyişilirsən…
Pul kimi yığım vasitəsisən… Sənin ətrafına yığılırlar, ya sən yığırsan ətrafına, ya sən kiminsə ətrafına yığılırsan… Kimin üçün sən əmanət olursan, kimin üçün borc, kimin üçün aktiv, kimin üçün passiv-öhdəlik…
O qədər yığırlar ki, sən boğulursan çoxluqdan, daralır yerin, yığılırsan boğaza…
Pul kimi sən də dünyaviləşirsən, sosiallaşırsan, məşhurlaşırsan, bazarda tələb və təklifi formalaşdırırsan… Tələb artdıqca sənə, olursan gündəmdə, qaldırırsan qiymətini… Tələb azaldıqca, gündəmdən düşürsən, dəyər-dəyməzinə satırsan özünü… Ya da üzürsən… Üzdükcə, üzülürsən… Üzməyi bacarmadığın halda, boğulub ölürsən…
Pul kimi sən də təminat qismində çıxış edirsən… Kiməsə zamin olursan, kiminsə arxasında durursan, kiməsə dayaqsan… Kimsə təminat kimi dayanır arxanda…
Pul kimi xəzinəni xatırladırsan, öz xəzinən var, qorunduğun yer, ehtiyata çevrilirsən… Pulun çox olduqca, büdcəyə, xəzinəyə gah yaxın olursan, gah da ki, uzaq…
Pul kimi mübadilə vasitəsisən… Mübadilə edilirsən, mübadilə edirsən… Mübadilə zamanı formalaşır dəyərin, sənə olan tələb və təklif…
Hər kəsin pulla ifadə olunacaq bir dəyəri, qiyməti var…
Bəs sənin pulla ifadə olunan dəyərin, qiymətin hansı məbləğ arasındadır?