rd

Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Qızıl qələm” media mükafatı laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı xüsusi müxbirini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

HƏLƏ VAXT VAR DEYƏN KƏSİN

Hələ vaxt var deyən kəsin,
Dünya çox çəkdi nazını.
Fələk qəfil kəsdi səsin,
Dünən qıldıq namazını.

Inanmırdı Haqq yazana,
Rişxənd edərdi azana.
Çırpınırdı çox qazana,
Itirdi çoxdan azını.

Tamah hissi alovlandı,
Gah itirdi, gah qazandı.
Imanını, dini dandı,
Kəsdi nəzir, niyazını.

Qafil idi, yazıq nadan,
Enməzdi göydən, fəzadan.
Qorxmazdı qədər, qəzadan,
Əcəl sıxdı boğazını.

Nə görmüşdü pulda, varda?
Qazandığı qaldı burda.
Görən necə yatır gorda?
Yazan yazdı son yazını.

09.02.2016.

GÖNDƏRƏSƏN

Camalını görcək, aşiq olmuşam,
Ağlar bulud kimi, yaman dolmuşam.
Payız yarpağıtək, inan solmuşam,
Könül isitməyə, yay göndərəsən.

Gələsən ömrümə bahar,yaz kimi,
Qonasan sinəmə telli saz kimi.
Çəkəsən cəfamı sərvi-naz kimi,
Bu aşiq qəlbimə pay göndərəsən.

Ağ atlı igidsən, kəhər belində,
Səmum küləkləri, tumar telində.
Sənə vurulmamaq, deyil əlimdə,
Sevda harayıma, hay göndərəsən.

Vəsfi- tərifin çox, olub yanımda,
Mehri- məhəbbətin, coşub qanımda.
Eşqin məskən salıb qəlbdə, canımda,
Sevgimə- sevgini, tay göndərəsən.

Dəyərin dərk edək zamanın, anın,
Gəl tutaq nəbzini fani dünyanın.
Sənsiz yaman olar, ömrü Dövranın,
Zülmət gecəsinə, ay göndərəsən.

10.02.2016.