UĞURLU YOLDAYAM MƏN
Sürətlə getməsəm də, yenə də yoldayam mən,
Yerimdə saysam əgər, mənə nə deyər vətən.
Desin görək bu yolda kim məni yorğun görüb?
Ömrüm bahar, yaz görüb, qar görüb, çovğun görüb.
Vətənimin adından, millətimin adından,
dövlətimin adından
Yaşıl gözlüklülərin gözlərini ovduğum,
Yaşıl qələmliləri gülşənlərdən qovduğum
Çıxmayıbdır yadımdan,
Çıxmayacaq heç zaman.
Qırmızı gözlüyümlə baxıb nələr görürəm,
Nə səhnələrgörürəm.
Tapdıqca fürsət yenə
Təəssüf, min təəssüf, məslək düşmənlərinə
Tamam güzəştə getmək fikrinə düşən olur,
İşlənən günahların üstündən keçən olur.
Əvvəldən yolsuzları görən gözüm olmayıb,
Millətimin yanında yalan sözüm olmayıb,
Durmamışam kənarda dar gündə, bərk ayaqda,
Görürəm ki, yenə də tək-tək küncdə, bucaqda.
Yalan başdan dilində əzbər edib milləti
Ya açıq, ya xəlvəti
Məndən doğru sözümün heyfini alan da var,
Günəşli gündüzümün heyfini alan da var.
Bəli, fürsət tapanda,
Ağacdan ata minib sola, sağa çatanda,
Yüz qızıl kitabımın heyfıni alan da var.
Bir para adamların orta istedadını
Kefi istəyən kimi şişirdib yazan da var.
Şərəfli yollar keçən ustadların adını
Qələminin ucuyla, gizlində pozan da var.
Paslı ürəklərdəki,
Yaslı ürəklərdəki
Bizə qarşı nifrəti,
Qəzəbi, küdurəti
Bu gülşəndə qoymuram zərrəcə kök atmağa,
Bir tabuta yükləyib basdırıram torpağa.
Bir yerdə saymaqla heç əzəldən yoxdur aram,
Yenə də yollardayam, yenə də yollardayam.
*Bu şeir Xalq şairi Süleyman Rüstəmin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş Üçcildlik “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur