“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Hardasan, əzizim?
Bu ikicə kəlmədə asılı qalıb dözüm,
Hardansa gələcək sənli günlərim…
Axı hara gedib, hara üz tutub?
O sənli günlərim…
Sənli günlərim…
Qaytar “sənli” olanımı…
Itirmə olub-qalanımı…
Unuduram hərdən səni…
Unuduram…
Təmasını…
Nəfəsini…
Incəliyin kölgəsində gizlənməyi bacaran
Əsl kişi istəyini…
Unuduram… İnanmırsan?
Yaxşı…
Nə tez tutdun “yalanımı?”
Qaytar “sənli”liyimi, gülüm…
Qaytar mənə “mənliyimi”…
Hardasan, əzizim?
Ürəyimin yerində bir ovuc torpaq asılı qalıb havadan…
Indi kimsə üfürəcək…
O torpaq dənələri köksümdən qopacaq…
Sənli xatirələrə töküləcək…
Hardasan axı?
Demirsən, yazıqdı bu dəli Leylim…
Bilmirsən, bu ürək sənsiz darıxır?
Hardasan, əzizim?
Qayıt…
Mən olmuşam suyu qurumuş bir çay…
Dərdli nəğməm sənsiz keçən gecələrdə,
Zülmətin lap dərinində uyuyan,
Mürgülü xatirələrə “lay-lay”…
Bax, nolur, dön gəldiyin yola bax…
Yollarda hər gedənin ayaq izindən bir nöqtə düşüb…
O nöqtələr uzun, dönülməz həsrət yolunda,
Bir də mənim xəyalımda mehribanlaşıb…
Bir-birinə sığınıb, iki sözdə birləşib…
Bax… oxuya bilirsən?
Orda yazılıb ki…
Hardasan, əzizim?
* * *
Baxışında qar donub,
Gözümdən yağış yağır.
Xatirəylə ovunub,
Günüm yolundan çıxır…
Daha mənə söyləmə,
Gün çıxacaq nağılı…
Bilmirsənsə, öyrətmə
Unutmağa ağılı…
Soyuqluğun öyrədib,
Ömrün qışı hardadır…
Kirpiklərin gizlədib,
Baxışında qardadır…
2014