Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
HƏSRƏTİN
Bu gün anam Surə xanımın vəfatının ildönümüdür.
Allah cəmi dünyasını dəyişmiş Ata- Analarımıza rəhmət
eləsin! Məkanları cənnət olsun!
Hər gələn yeni gün daha da artır,
Könül, qəlb göynədən dərin həsrətin.
Nə sənə ün yetir, nə əlim çatır,
Köks dolu, laybalay sənin həsrətin.
Sənin məzarındır tək səcdəgahım,
Mənim ən hüzurlu, mərhəm dərgahım.
Gəlib dərdləşdikcə səngiyir ahım,
Anasız qız olmaq nə qədər çətin…
Can Anam! Görmədin sən bu günləri,
Dönüb sağın- solun üzü, yönləri.
Sağ olsan deyərdin.”dönüb dinləri”,
Məhv olub dəyəri namus, qeyrətin.
Əyyam, vaxt dəyişib, yeni zamandı,
Dövran dəyişməyib, həmin Dövrandı.
Bacı da, qardaş da haqqımı dandı,
Bilənlər gizlətmir təcüb, heyrətin.
Anacan çox etdim ərzi- gileyi,
Qızın Haqqdan dilər hər bir diləyi.
Bükülməz Dövranın polad biləyi,
Heç zaman itirməz əzmin, qüdrətin.
ÖLƏN ARZULAR
“Könül dəftərim”- silsiləsindən
Ömrün baharını vermişəm bada,
Həmdəmim olubdur dərd,bəla,qada.
Daha xəyallarım, çatmayır dada,
Sızlayır qəlbimdə, ölən arzular.
Olmayıb dərs verib, məni oyadan,
Qurtaram qəflətdən, şirin röyadan.
Ümidim əl üzüb artıq dünyadan,
Sızlayır qəlbimdə, ölən arzular.
Ayrılıq, tənhalıq, necə yamandır,
Geri dön, bağışla, gülüm amandır.
Peşiman olmuşam, xeyli zamandır,
Sızlayır qəlbimdə, ölən arzular.
Yıxmışam evimi, özüm həmişə,
Sənsiz ağlayacaq, gözüm həmişə.
Çatmayır dadıma, dözüm həmişə,
Sızlayır qəlbimdə, ölən arzular.
Dövran Kərəm olub, sənin oduna,
Şeir , nəğmə qoşur, eşqi adına.
Daha nə etsin ki, düşsün yadına?
Sızlayır qəlbində, ölən arzular