“Aslanın erkəyi, dişisi olmaz” deyib atalar. Bəlkə də atalar bunu döyüşçü qadınlar üçün deyib, bilmirəm, ancaq hər halda bir yaranış səbəbi vardır. Ataların bu sözünü dəstəkləyərək gündəmə gətirməyimin səbəbi isə bax, o aslan kimi qadınlardan biridir. Bu atalar sözü əyninə biçilmiş onlarla, yüzlərlə qadın var ki, ömür vəfa etsə boyasız qələmimlə onların da “rəsmini çəkməyi” düşünürəm. Adını çoxdan eşidib, imzasıyla daha əvvəldən tanış olsam da şəxsini son illərdə tanımışam. Və nədənsə ilk gördüyüm andan söhbətləri, həyatsevərliyi, müasir düşüncəsi və bir də içdənliyi onunla aramızda bir doğmalıq, yaxınlıq körpüsü salıb. Pafossuz Vətən sevgisi, əli- könlü açıq, sözü-özü bütöv bir qadındı qəhrəmanım. Bu qədər doğmalığa, sevgiyə rəğmən onu necə təqdim edəcəyimi bilmirəm. Adının önündə çəkə biləcəyim titullar öz yerində, gördüyü işlərin sıralanmasına nəzər yetirəndə… bax budu çətinliyim. Xeyriyyəçi deyim, işgüzar qadın deyim, jurnalist deyim… Yaxşısı budu mən onu sadə adıyla təqdim edim. Müsahibim zamanın ələyindən,dövranın kələyindən, qələm- söz döyüşündən üzüağ çıxmış jurnalist Zümrüd Baloğlanovadı.
Manevr.az əməkdaşımızın jurnalist Zümrüd Baloğlanova ilə müsahibəsini təqdim edir:
-Xoş gördük, Zümrüd xanım! Söhbətə hardan-necə başlamaq çətinliyim olmasa da, sizi təqdim etməkdə çətinlik çəkdim. Çoxşaxəli fəaliyyətinizi nəzərə alsaq necə, daha doğrusu, kim kimi təqdim olunmaq istərdiniz?
– Hər halda gözümün nurunu, beynimin ziyasını, qolumun gücünü sərf etdiyim jurnalistlik peşəsii ömrümün qayəsidir.
-Mən sizi “Aslanın erkəyi, dişisi olmaz” donunda görürəm və düşünürəm ki, sizi tanıyan hər kəs mənimlə razıdır. Siz nə düşünürsünüz?
-İt ilində, Şir bürcündə doğulandan bundan artıq nə gözləmək olar ki?! Hər ikisi hücum mövqeyində dayanan canlılardır. Məndə də bu canlılardan güclü əsər-əlamət var, sona qədər düzgün bildiyimin yanındayam, müdafiəçisiyəm, istər insan, istər hadisə olsun. Heç nədən qorxmaz və çəkilməzəm.
-Xarakterinizlə peşəniz arasındakı oxşarlıq və sıx bağlılıq bütövlüyünüzü gün işığı kimi aydın göstərir. O üzdənmi jurnalist olmağı seçmisiniz?
-Düzünü söyləyim ki, yox. Yəqin canımda gendən gəlmə də nəsə var. Atam da, anam da məsul vəzifələrdə çalışmış, həmişə haqqın yanında olmuşlar. Sizə öz balacalıq həyatımdan bir nümunə gətirim…1-ci sinfdə oxuyurdum, tənəffüs vaxtı iki sinif yoldaşımın etdiyi bir söhbətin qulaq günahkarı oldum. Uşaqlar kəndimizin ən kriminal məhəlləsi olan Seyid məhləsindən idilər. Biri o birisinə deyirdi ki, atamgil əmimin işinə kömək eləmədiyinə görə bu gecə Baloglanovun həyətində pul basdıracaq və sonra onu tutduracaqlar. Axşam atam işdən qayıdan kimi yanını kəsdirib uşaqlardan eşitdiyimi bitdə-bitdə ona danışdım… atam başımı sığallayıb əyilib alnımdan öpdü və axşamla öz iş yerinə qayıtdı, elə gecəykən də əməliyyat plan qurulub həyətimizin o başında iki nəfər divardakı taxçada daşı qaldırıb altında pul gizlətdikləri anda həbsə alındılar… -Nisbətən yuxarı sinflərdə milis sistemində işləyən atamın yazı-pozu işlərində ona köməklik edir, cinayət hadisələrinin təsvirini, dəlillərin toplanmasını, şahidlərin izahatlarını maraqla oxuyurb üzünü köçürürdüm. Sonra da mütaliə dairəmə Konan Doyl kimi məşhur yazıçı – onun Şerlok Holms və doktor Vatsonukimi dedektivləri daxil oldular. Cinayət axtarışı sahəsindəki həvəsimə bir gün atam qəti olaraq “tabu” qoydu. – Bu iş qız-qadın işi deyil,- dedi. Sonradan da gələcək peşə istiqamətimin müəyyənləşməsində Mailə Muradxanlının güclü təsiri və təşviqi oldu.
-Uzun illər ayrı-ayrı mətbuat orqanlarında müxtəlif vəzifələrdə işləmisiniz. Harda daha çox özünüz ola bildiniz?
-İlk dəfə olaraq, 8-ci sinfdə ürəklənib “Azərbaycan Gəncləri” qəzetinə özümün maraqlı saydığım mövzuda müsabiqə yazısı göndərdim. Yazının makina variantı tələb olunurdu. Qəsəbə Soivetində Çimnaz adlı bir makinaçı xanım işləyirdi. Anamdan xahiş etdim ki, yazımın makinada yazılması üçün bu qadınla danışsın. İki gündən sonra anam cibimə 3 manat pul qoyub məni qəsəbə Sovetinin qapısından içəri salıb dedi, -mən xahiş etmişəm, qalanını da sən özün Çimnaz xalana izah edərsən. Yazımı utana-utana stolun üzərinə qoyub onun makinada yazılmasını bu yaşlı xanımdan xahiş etdim. – Get, iki gündən sonra gəlib apararsan, – dedi Çimnaz xanım. Deyilən vaxtda gələndə, bu xanım-xatın qadın ayağa qalxaraq alnımdan öpdü və dedi ki, səndən gələcəkdə ya yaxşı jurnalist çıxacaq, ya yaxşı yazıçı. Başımı sığallayaraq, pulu da qaytarıb özümə verdi…. həmin gün qanadım yox idi uçmağa, müsabiqədə yer tutmasam da, qadının bu uğur diləyi jurnalistlik kimi böyük həyat yolumda əsil xeyir-duam oldu..11-ci sinifdə Son zəngimiz şərəfinə hazırladığım və axşamla sinif qızlarımızla birlikdə sinif otağımızın yanına vurduğumuz “Arzular” divar qəzeti sərbəst buraxdığım ilk “mətbu orqanı” oldu, məhz bu qəzetdə gələcəkdə jurnalist olacağımı etiraf edirdim. Bu mətbuat orqanlarının hər birinin jurnalistlik həyatımda öz yeri, öz rolu olub. “Sosialist Sumqayıtı”nin sənaye-tikinti şöbəsində işləməyim məni şəhərin nəhəng tikinti və sənaye həyatının qaynar qoynuna atdı, Sumqayıt gözlərim qarşısında sürətlə böyüyürdü. Böyük kimyanın texnoloji proseslərini, idarıəetməsini öyrənmək üçün şox vaxt kimyaçılara qoşulub müəssisələrdə iş nöbbələrinə də çıxırdım. Kimya kombinatı adlandırılan üzvi sintez zavodunun hər sexinin, hər istehsalatının inşaat meydançalarında, istifadəyə verilməsində ayaq izlərim qalıb, qəzet səhifələrində yazılarım – reportajlarım, zarisovkalarım, oçerklərim, tənqidi yazılarım dərc olunub.
P.S. Üzvi cintez zavodu benzol istehsalatının buraxılışına yığılmış şəhər və müəssisə rəhbərləri, mütəxəssislər, laborantlar, hamı, hamı spesfik iş geyimində idi. Təkcə mən onlar arasında gündəliik geyimimdə görünürdüm. Lap qabaq cərgədə əlimdə bloknot-qələm dayanmışdım. Bu da yəqin ki, Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevin nəzərindən qaçmadı. Birdən üzümə iti bir nəzər salıb soruşdu ki, mən bu istehsalatda nə peşənin sahibiyəm? Bu qəfil sualdan çaş-baş qalsam da, özümü tez ələ alıb – jurnalistəm- dedim,-buraxılışdan reportaj hazırlamağa gəlmişəm… yəqin ki, mən tək cılız, sısqa bir qıza ya yazığı gəldiyindən, ya da inamsızlığından çox həlim səslə soruşdu, – benzolun kimyəvi formulunu bilərsənmi? –Bəli, yoldaş birinci katıb,uzunsov altıguşə şəklində üçtərəfli qayıdışla CH2… başını məmnunluqla tərpədərək razılığını bildirdi…Həmin görüşdən və buraxılışdan “Sosialist Sumqayıtı” qəzetində “Altıbucaq labirintində” adlı geniş reportajım getdi….
Hansı mətbuat orqanında özümü jurnalist kimi daha çox realizə etmişəm sualına isə belə cavab verə bilərəm: dediyim kimi oxuduğum məktəb bütün respublikada tanınmış məktəb idi. Böyük dramaturqumuz Cəfər Cabbarlının adını daşıyırdı və uşaq ağlımızla dərk edirdik ki, biz fərqli bir məkanda təhsil alırıq.
ARAYIŞ : Məktəbimizin 1936-cı ildə tikilmiş binasının indi də böyük əzəmətli görkəmi ilə lap uzaqdan nəzər-diqqəti cəlb ediir. 5-ci mərtəbəsində geniş – hər cür avadanlıqla, hətta royalına qədər təchiz edilmiş geniş akt zalı var. Bu yaxınlarda onun dövlət tərəfindən əsaslı təmiri keçırılmiş və açılışında hörmətli prezidentimiz İlham Əliyev cənabları iştirak etmişdir.
Hər il məktəbdə dekabrın 30-da Cəfər Cabbarlının xatirə gecəsi keçirilirdi. Bu gecələrdə yazıçının həyat yoldaşı Sona xanım, oğlu Aydın, respublikanın tanınmış yazıçı və şairləri- Seyfəddin Dağlı, Cabir Novruz, Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu və bir şoxları iştirak edirdilər.Və onların əksəriyyəti Mərkəzi Komitənin orqanı olan “Kirpi” siyasi satira jurnalının əməkdaşları idi. Ataların deyimidir, niyyətin hara, mənzilin ora. Özümü ən çox “Kirpi” jurnalında tapmış kimi hiss etmişəm jurnalistlik fəaliyyətimdə. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, o jurnalın tarixində yeganə yaradıcı qadın əməkdaş kimi mən çalışmışam və ora felyeton şöbəsinin redaktoru kimi dəvət olunmuşam. Şəhərimizdəki məşhur Falçı Məlahət barəsində yazdığım “Bir dəstə kart, bir ovuc noxud, beş manat pul” felyetonum mənim bu jurnalda debütüm oldu. Felyeton yaxşı qarşılandı, müsbət rəylər gəldi, məşhur falçıya dələduzluq maddəsi ilə cinayət işi açıldı. Sonra daha 5 aktual mövzuda yazdığım felyetonu özüm ortalıqda görünmədən poçtla redaksiyaya göndərdim. Arxamca, necə deyərlər, çox qədimi də olsa, bir ifadə işlədəcəyəm, o vaxtlar az bir müddət çaslışdığım “Kimyaçı” qəzeti redaksiyasına “atlı-kazaq”gəldi, ərizə və şikayətlər şöbəsinin redaktoru Adil Axundov mənimlə görüşərək bu məşhur və hörmətli jurnala işə dəvət edildiyimi bildirdi…Əsl jurnalistlik fəaliyyətim də elə o dövrdən- 1979-cu ilin sentyabrından başladı…Bu fəaliyyətimin bəzəyi, naxışı da elə o jurnalda işlədiyim 15 il oldu…
-Liderlik, idarəçilik, işgüzarlıq. Hansı daha çox var sizdə?
-Hər üçü qanımda, canımdadır. Perpettium mobile, yəni ki, daimi mühərrik kimi bir şeyəm. Heç nəyi öyrənməkdən, bilməkdən usanmıram, nəyə baş aparsam, onu axırında nöqtəsini qoymalıyam. Orta məktəbimiz eksperimental təhsil ocağı olduğundan 8-ci sinfdən başlayaraq hər dərs ilində bizə bir peşəni öyrədir və mən də həmin peşəni cani-dildən öyrənirdim. Beləliklə, orta məktəbi bitirəndə dərzi-tikişçinin 2-ci dərəcəli diplomunu aldım, foto, kinooperatorluq, tornaçı ( ən azından dəzgahda çəkic başlığı yonub hazırlaya bilirdim) peşələrinə yiyələnmişdim. Sonradan mətbəədə linotipistlik və mürəttibliyi də üstünə gətirdim. İndi keçdiyim həyat yoluna baxanda, mənə elə gəlir ki, bu həyatda bütün uğurlara məhz ağıl, həvəs və işgüzarlığın vəhdəti yol aça bilər.
-İşgüzar xanım kimi fəaliyyətə hal-hazırda təsisçisi və direktoru olduğunuz “Möhür” nəşriyyat müəssisəsindən başlamısınız, ya ona qədər də fəaliyyətiniz vardı?
-Çox vaxt belə bir sualla qarşılaşıram ki, niyə jurnaldakı ciddi işi-peşəni buraxıb təkrar Sumqayıta qayıtdın, oralarda da elə yer-yurd olub bilərdin, axı, sən zatən də bakılısan? Cavabında Analıq peşəsi bütün peşələrin fövqündə dayanır, -deyirəm. Bircə övladımı yaşıma görə çox gec tapmışdım. Həyat yoldaşım isə iş ilə bağlı ezamiyyətlərdə çox olurdu. Balacam 1-ci sinfə gedəndə, qız uşağıdır deyənə, onu heç kəsin ümidinə nəzarətsiz qoymaq istəmədim. Beləliklə, çox götür-qoydan sonra yenə öz doğma yer-yurduma- Sumqayıtıma qayıtdım və hər daşı-divarı mənə doğma olan bir şəhərdə kiçik sahibkarlıqla məşğul olmağı qərarlaşdırdım.
ARAYIŞ: hələ 8-ci sinfdə oxuyanda, atam milis sistemində 35 il işlədiyinə görə Xruşşovun o dövrə görə verdiyi göstərişə əsasən sistemdən istefaya çıxdı. Ailədə 7 uşaq idik, böyüyü də mən. Maddi durumumuz bir qədər ağırlaşdı. Məişət çətinliklərimizi ürəyimə yaxın tutduğumdan oturub anamla məsləhətləşdim, dəriniə getmirəm, elə həyətdəcə öz kiçik biznesimi qurub, ailəmə gündəlik olaraq 3-5 manat qazanc gətirməyə başladım ki, bu da az vaxtda ailəmizin çətinlikdən çıxmasına böyük dəstək oldu.( Bu mövzuya toxunanda, həmişə İngiltərənin baş naziri – “dəmir ledi” E. Tetçeri xatırladıram ki , o da öz biznesinə peraşki satmaqdan başlayıb) Mətbəə işini yaxşı bildiyimdən və dost-tanışlarımın köməyi ilə özümə balaca bir sahə yaratdım. Həm də sahibkarlıqda əsas meyar sayılan zamanın nəbzini tuta bildim, Doğma şəhərimin doğma insanları mənə bu işdə böyük dəstək oldular. O vaxtlar şəhər mənzil- təsərrüfatı idarəsinin rəisi – bu gün şəhərimizin abadlaşdırılmasında və gözəlləşməsində misilsiz xidmətləri olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun mənə təmənnasız və minnətsiz verdiyi qazanxana yerində səliqə-sahman yaradaraq buranı özəlləşdirdim. Müasir tələblərə uyğun ofis və mətbəə yaratdım. Latın qrafikasına keçid, dövlət atributların dəyişən vaxtı idi. Və beləliklə, Bakıdan mütəxəssis və texnologiya gətirməklə möhür istehsalı sahəsini açdım, gərgin iş rejimində işləyərək, şəhərdə bu sahədə olan təlabatı tamamilə ödəyə bildik. Kiçik həcmli kitablar, blanklar, titul vərəqələr, vizitkalar və s. çapına başladıq. Şəhər əhalisinin get-gəl ayağını Bakıdan kəsdik, xeyli adama iş yeri açdıq, bir cəmiyyətdən başqa bir cəmiyyətə keçid dövrü idi. Ölkədə böyük büdcə kəsirləri vardı. Ağdərə müharibəsinin qızğın vaxtı idi. Əhaliyə dolanışıq, güzəran lazımdı. İşçilərin əmək haqlarını , əmək haqlarından ayırmaları, dövriyyə vergilərini və s. ödəməklə dövlət büdcəsinə milyonlarla manat xeyir verdik.
-Bu sahədə nə kimi uğurlarınız var? Nəşriyyat evlərinin artdığı bir dövrdə işləmək çətin deyil ki?
-Sahibkar kimi fəaliyyətimi genişləndirdikcə, tikintilər apardım, iki köhnə, uçuq-bərbad yeri özəlləşdirərək təmir edib müasir iş sahəsinə çevirdim. Bir sözlə, yorulmaq bilmədəın çalışdım, mühasibat asılılığıdan qurtarmaq üşün hesabat aparmağı dərindən-dərinə öyrəndim, kiçik biznesi bütün aspektlərdə idarə edə bilən sahibkara şevrildim. Xeyriyyə işlərimzin görünən və görünməyən tərəfləri var. Müəssisəmizin nəzdində qaçqın, köçkün və şəhid ailələrinə pulsuz hüquqi yardım göstərən qurum fəaliyyət göstərir. Əgər savab sayila biləcəksə, bir Qarabağ qazısini indi də himayədə saxlamağımı, bir müharibə veteranına əsaslı köməyimi, Oqtay adlı bir bomjun ayağını amputasiyadan qurtarmağımı, bir böyrək xəstəsi olmuş uşağın hazırda sağlam yaşamasını və neçə belə işləri də savaba yazmaq olar. Müəssisənin fəaliyyət tarixində belə xeyirxah əməllərimiz yetəri qədərdir. 1997-ci ildə Danimarka Qaçqınlar Şurasının BMT xətti ilə Nasoslu – indiki Hacı Zeynalabdin qəsəbəsindəki uşaq bağçasında qaçqınlara kömək məqsədli tədbir keçirilirdi. Şuranın xətti ilə qaçqınlara yardım məqsədli müxtəlif məişət yönümlü kursların təşkilindən ağız dolusu “pəh-pəhlə” danışılırdı. Ertəsi günü təsisçisi və rəhbəri olduğm “Möhür” kiçik müəssisənin adından rəsmi məktubla bu şuranın İçəri şəhərdə yerləşən ofisinə getdim. Müraciətdə qaçqın gənclərimizin müasir zəmanənin tələblərinə uyğun olaraq yeni texnika və texnologiyalar öyrədsilməsi məsələsini qaldırdım.. Bir neçə dəfə get-gəldən sonra şuradan 1 ədəd kompüter dəsti əldə edə bildim, ikincisini isə öz hesabımıza İsrailin “Link” fırmasından 999 USD alıb, ofisimizin bir hissəsində kompüter operatorluğu kursları təşkil etdik. Kurs rəhbəri olaraq respublika Tələbə qəbulu komnissiyasından ödənişli mütəxəssis dəvət etdik. Sarı-Qaya bağlar massivində yerləşən qaçqın düşərgəsindən 240 nəfər yeniyetmə və gəncə pulsuz kompüter kursları təşkil etdik. 6 aylıq kursarı 2 buraxılışa başa vuran bu gənclərə Danimarka Qaçqınlar Şurasının Sertifikatı və qiymətli hədiyyələri verildı. Məhz bizim bu təşəbbüsümüzdən sonra Sumqayıtda gənclərə kütlıəvi kompüter operatorluğu vərdişlərinə öyrədilməsi başlanıldı. Kurslarımızı bitirən çağrışçı gənclərin bir çoxu cəbhə bölgələrindəki qərargahlarda kompüter operatorları kimi xidmət etməyə başladı. Hətta bir qədər sonra həmin gənclərdən birinin xahişi ilə Ağdam cəbhə qərargahına bir ədəd kompüter və bir ədəd A3 formatlı printer də bağışladıq. Elşən Qurbanov adlı bir gəncimizi isə Ankarada 3 asylıq təlim kurslarına göndərməklə o vaxtlar hələ buralarda formalaşmamnış turizm və otel işinin idarə olunmaüsına yönəltdik. Hazırda həmin gənc bu sahədə tanınmış idarəçilərdən biridir.
-İşləyirsinizsə deməli, qazancınız da var. Sözün hər iki mənasında…
-Başqalarından fərqli olaraq, işim çətinə düşəndə, mən heç vaxt “ağlamadım”. İşləyirəmsə, deməli, qazancım da vardı, Müəssisədə çalışanlara hətta aylıq, rüblük, illik mükafat da verirdik.Sahibkarlığa keçdiyim . 25 il ərzində neşə-neşə işçini təqaüdə yola salmışam.. Ən başlıcası, xeyriyyəçilik məqsədilə xeyli vəsaitlər köçürə bilmişəm… 92-ci il sentyabrın 19- da şəxsi təşəbbüsümlə döyüşən orduya kömək məqsədilə keçirdiyim marafonda şəhər sakinlərimizin bir nəfər kimi iştirak etməsi də həyatıma yazdığın məmnunluq hərəkətlərimdən biridir. Ertəsi günü şəhər sosial bankına sumqayıtlılar adından 30 milyon rubldan çox pul, prezidentin ləl-cəvahirat fonduna 289 qram qızıl köçürdük. Şəhərimizin salnaməsinə yazılan bu böyük tədbirin afişasını, yığılan vəsaitin təhvil qəbzlərini bir xatırə kimi hələ də əzizləyib saxlayıram..
-”Kirpi”nin küləyi hələ də başlar üstündə əsir… sosial şəbəkədə tez-tez “tikan”larınız görünür…
Cavanlıqda ”Azərbaycan Gəncləri” “ Kommunist “ qəzetlərinin, “Azərbaycan qadını” jurnalının, Bolqarıstanda buraxılan “Drujba” jurnalının aktiv yazarlarından olmuşam. Hətta bir dəfə Ermənistanın mərkəzi qəzetlərindən olan “Sovet Ermənistanı” qəzetində “ Çiçəklənən Sumqayıt” adlı iki podvallıq yazım da dərc edilib. “Ulduz” jurnalında bədii yazılarım gedib. İndi də sosial şəbəkələr məni rahat buraxmadıqları kimi, mən də onları dinc buraxmıram. Az.Press.az-da, SİA-zda, birdə ki “Azad Azərbaycan” qəzetində müntəzəm yazılarım gedir. Sonuncu yazım 1918-ci ildə qaçhaqaç qaxtı Hindistana “fəraq” etmiş Şaumyanın Azərbaycanda ilişib qalmış və sonradan psixatrik dispanserdə saxlanılmış oğlu barəsindəki “O adam” tədqiqat yazımdır. Uşaqlıqda üzbəüz gördüyüm Sergeyi – tariximizin bu tutarlı faktını azadlıq dünyasınadək gətirib çıxardım və nəhayət ki, Az.Press.az-da buna dair əhatəli yazım dərc olundu..
11.Özünəməxsus sarkazm, sətiraltılar, ciddi “zarafat”lar hələ də qığılcımlanan “Kirpi”ocağının şöləsidi, yoxsa, siz elə bu idiniz?
-İnsan yaranışdan bu dünyaya hansı xasiyyətdə gəlibsə və bu xasiyyətin üstünə yaxşılığa doğru nəsə gətiribsə, bu onun ancaq şərəfləndirə bilər. Mən həmişə faktlarla danışmağı xoşlayıram. Körpəlik vaxtı anam malyariyaya tutulduğundan mənə süd verə bilmirmiş. Pirşagı kənd ibtidai sinfində müəllimə olan Ümbülbanu xanım anama bacılıq edərək körpə Fəridə qızının südünü mənə əmizdirirmiş. Fəridə əri ilə birlikdə Özbəkistanda Bayram-Əli şəhərinin tikintisinə köçüb getdikdən sonra Ümbülbanı müəllimə tək yaşadığından, artıq mən də böyüdüyümdən , atamın bacısı olmadığına görə ona həmişə bibi deyir, Pirşağıya gedib tez-tez ona baş çəkirdim. Üzürlü sayın, bir vaxtlar hətta elçilərimə “hə” cavabının verilməsini də anamdan ona həvalə olunmasını xahiş etmişdim, Çox sonralar həyat yoldaşımla Orta Asiyada səyahətdə olarkən Bayram-Əli şəhərinə gedərək beluc dostumuz Əyyubun köməkliyi ilə azərbaycanlılar yaşayan məhəllədə Fəridə ilə əri Hüseynağanı axtarıb tapmış, onların qonağı olmuşduq. Bu görüş səhnəsini dillə ifadə etməkdə bu gün də çətinlik çəkirəm. Yalnız daşıdığım ata famılıyam məni bu görüşdə bütün sorğu-suallardan qurtarmış, kimliyimi onlara tanıtdırmışdı. İki qızları vardı, biri həkim, biri müəllimə. Onların xoşbəxt,firavan yaşamalarını gözümlə görüb şad xəbərlərini Pirşağıya gedib bibimə çatdırdqda, ərini müharibədə itirmiş, yeganə övladından ayrı düşmüş bu yaşlı qadının gözləri yaşla dolaraq, mənə titrəyişli səslə,- halal olsun sənə verdiyim süd,-deyərək məni bağrına basmışdı.Onun bu titrək səsi indi də qulaqlarımdadır və mən bunu öz dünyamda ən savab işlərdən biri kimi sayıram.
Sarkazm, hadısələrə rişxəndli və ayıq münasibət, karikatur bənzətməli əhvalatlar mənim indi də danışıq tərzimdir, istəsəm də- istəməsəm də bu mənim illərdən keçib gələrək canımda-qanımda formalaşan bu tövr davranışımdır.
ARAYIŞ: 1961-ci ildə Lenin rayonunun C. Cabbarlı adına 187 nömrəli eksperimental məktəi Bakının say-seçmə məktəblərindən olduğuna görə iş təcrübəsini yaymaq məqsədilə “Gözəl ənənələr” adlı kitab buraxılmışdı. 7-ci sinfdə oxuyurdum onda, Füzuli, Cavid, Müşfiq pərəstişkarı idim. Cavidlə Müşfiq yenicə reablitasiya olub bəraət almışdılar. Məktəb direktorumuz – sonradan Əliağa Vahid yaradıcılığından dissertasiya müdafiə edib alimlik dərəcəsi almış Məmməd Məmmədov Cavid və Müşfiq yaradıcılığını ədəbiyyat dərnəyində bizə cani-dildən öyrədirdi. Başqa bir ədəbiyyat dərnəyinə isə Şərəf müəllimə rəhbərlik edirdi. Hər iki dərnəkdə iştirak edib öz aləmimdə müqayisəli nəticəyə gəlirdim. Şərəf müəllimənin məşğələlərinin birində kamali-ədəblə ayağa qalxıb bu dərnəyin işıni o ki var tənqid etdim.Və bir də onun məşğələləri məni qane etmədiyindən iştirakçısı olmadı. Həmin kitabda bu öz əksini tapdığından bir müddət məktəbdə utana-utana gəzdim. Bu kitabı indi də o illərdən əziz xatirə kimi saxlayıram.
-Haralısan, hardansan sualı qarşımdakına qarşı bir ögeylik hissi oyadır məndə. Bu sualdan uzağam. Ancaq diqqətimi çəkən bir məsələ buna bənzər bir sualı qaçılmaz edir. Söhbətlərinizdən sizin Kəlbəcərdən, Laçından olduğunuzu yəqin etmişdim. O yerlərə bu qədər sevgi, bağlılıq… insan yurd yeri haqqında bu qədər içdən, kövrələ-kövrələ danışa bilər. Əslində doğum məkanınız haradı?
-1946-cı il avqustun 23-də Abşeronun Pirşağı kıəndindəki dəniz ləpədöyənində balıqçı vətəgəsində anadan olmuşam. 1964-cü ildə Lenin rayonunun Maştağa qəsəbəsində C. Cabbarlı adına 187 nömrəli eksperimental orta məktəbi qızıl medalla bitirib atamın doğulub boya-başa çatdığı, gəncliyini yaşadığı, işləyib-püxtələşdiyi bu torpaqlara –Sumqayıt adlı gənclik şəhərinə gəlmişəm…
Sumqayıtımizda illərlə “haralısan” sualına heç rast gəlmədim, ta ki, qaçqınlıq-köçkünlük dövrü baş verənə qədər. Mənim üçün ölkəmin şimalı-cənubu, şərqi-qərbi yoxdur. Heş vaxt da kimsəyə bu sualı vermirəm. Bunu aşağılayıcı bir hal kimi başa düşürəm. Amma özümə doğma bildiyim, təvbiətini, insanlarını əziz tutduğum, tez- tez yada saldığım məkanlar, ərazilər var. Oraların duz-çörəyini kəsmiş, buz bulaqlarının suyunu içmiş, insanları ilə dostlaşıb doğmalaşmışam. Kəlbəcər, Laçın Zəngilandan olan nə qədər dost-tanışım var.
-1992-93- cü illərdə Qarabağ və ətraf rayonlarda baş verənlərə göz yuman məmur tayfasından fərqli olaraq sıravi adamlar bacardığı köməyi əsirgəmirdi. Siz də bir vətəndaş, bir jurnalist olaraq o acınacaqlı dövrdə işğalla üz-üzə qalan Kəlbəcər əhalisinə maddi-mənəvi dəstək köstərməkdən çəkinməmisiniz. Bu barədə özünüz danışsanız yaxşı olar.
-Kəlbəcərin düşmən əhatəsində qaldığı vaxtlarda sumqayıtlılar öz kömək əllərini o rayonun üzərindən çəkmədilər. Böyük bir maşın kolonu ilə erməni kəndlərinin içərisindən- Sərsəngin kənarı ilə oranın əhalisinə benzin, şüşə, ərzaq və palpaltar göndərdik, Kolonun üstündə həyat yoldaşım, “Liftservis” İdarəsinin rəisi Cümşüd İsmiyev, ındiki Əşya bazarının sahibi Hacı Asif, çox hörmətli müəlliməmiz – Əsgər anası saydığımız Tirmə Qurbanova və başqa mərd insanlarımız bu yardımı sağ-salamat mənzil başına çatdırdılar. Allah rəhmət eləsin fotoqrafımız Məqsəd Quliyevi, bu səfəri qorxu altında olsa da video-lentə almışdır və bu çəkiliş Cümşüd İsmiyevdə o vaxtdan bu vaxta qiymətli bir xatırə kimi saxlanılır.
-Xeyriyyəçilik, səxa, könül sevindirmək… şəxsinizdə cəm olmuş mənəvi keyfiyyətlər üzünüzə nur çiləyib sanki. Gen daşıyıcısı olaraq valideynlərinizdənmi örnək almısınız?
-Nədə oxşamasam da, könül sevindirmək, əliaçıqlıq, səxavətdə dəqiqlikə valideynlərimə oxşamşam. 2-ci Dünya müharıbəsindən sonra çətinlik illəri idi. Çörək qıtlığı, pal-paltar çətinliyi, dəftər-qələm, kitab çatışmazlığıcamaatə çox sıxırdı.. İmkansız ailələrin uşaqları konfet, peçenya, hətta mandarin kimi yeməlilərə tamarzı idilər. Atamın təşviqi ilə anam hər il evimizdə böyük yolka ağaclı qurar, Yeni il şənliyi təşkil edər, qonşu uşlaqları bu yolkanın ətrafına toplayardı. Dayım Şaxta baba geyimində uşaqlara bayram hədiyyələri paylayardı. Bağlamaların içərisinə uşaqların arzu etdikləri yeməli şeylərdən başqa kiçik bir oyuncaq,bir dəst geyim dəa qoyulardı. Buna ata-anamın bəzən bir-neçə ayliq əmək haqqı qabaqcadan toplanıb sərf edilərdi.
-Sumqayıtda doğulmasanız da demək olar ki, ömrünüzün, fəaliyyətinizin çox hissəsi bu şəhərlə bağlıdı. Sumqayıt nə dərəcədə doğmadı sizə?
Azərbaycanın hər bölgəsini, hər dağıni-daşını, meşəsini gəzdim, hər bulağının suyundan içdim, gözəl insanlarını tanıdım, çoxlu dost-tanın qazandım. Laçının Zarında dağda qarın qurd salmasına, Kəlbəcərdə İstisuyun dolaylarına , Taxtı yaylasına və Səməd Vurğunun vəsf elədiyi Ceyran bulağına tamaışa etdim, alaçıqları, bu alaçıqlardan boylanan al-əlvan geyimli, su pərisinə oxşar qız-gəlnlərimizin, yaşıl çəmənliklərə yayılmış qoyun-quzu sürülərinin, laləli düzlərimizin seyriə daldım, Zəngilanda dünyaca məşhur Çinar meçəsinin kənarındakı, İbrahim bulağının üstündə çörək kəsdim, xalq mahnısında deyildiyi kimi yaxın-uzaq Şuşamızın İsa bulağına endim.. Amma bütün gördüyüm gözəlliklərə rəğmən öz doğma Sumqayıtımdan başqa heç bir yerdə qərar tuta bilmədim. Necə deyərlər, gəzdim İran-Turanı, cənnət bildim buranı – öz doğma Sumqayıtımı. “ Kommunist” nəşriyyatında ev növbəsinə dayananlara mənzillər paylanarkən mən Bakıdan deyil, dost-tanışlarımın, qohumlarımın, illərlə ünsiyyətə olduğum insanların yaşadığı, boya-başa çatdığım bir məkandan – öz şəhərimdən ayrı düşməyi bacarmadım, güzəştli mənzil öz şəhərimdə aldım…
…Bir dəfə redaksiyanın səhər planyorkasinda əməkdaşlarımızdan birsi sözarası dedi ki, niyə Zümrüd xanım yasadığı şəhərdən bir dəfə də olsun tənqidi yazı vermir, niyə bu şəhəri qoltuğuna alıb saxlayır, bilmirik? Həmən kəsə- məşhur felyetonçumuz sayılan ağdamlı Mürşüd Dadaşova tərəf çevrilmədən dərhal cavabını belə veridim – Sizlərin Ucarından, Balakəninindən, Kürdəmirindən, Ağdamindan jurnalda tənqidi yazılar gedəndə, mən də öz Sumqayıtımdan yazacam,-dedim. Şünki o vaxtlar jurnalımızın yazılarının kəsdiyi başa söz yox idi. Tənqid obyekti barəsində çox ciddi cəza tədbiriləri görülürdü.
-Bildiyimə görə atanızın Sumqayıtda “əl izləri” var. Bir az da atanızdan, şəhərimizin qurulmasında göstərdiyi əməkdən danışın.
1940- 47-ci illərdə İES-Tikinti, Corat, Novxanı, Fatmayi, Goradil ərazisində milis sahə rəisi işləmiş atam Baloğlanov Nohbala Əkbər oglu sağlığında bu torpaqlarda çəkilən zəhmət, vüsət alan quruculuq işlərindən xatirələrə dalıb danışdiqca danışır, əzablı-əziyyətli günləri də unutmurdu.
İES-tikinti idarəsinin baraklarında iş və yaşayış üçün ayrılmış otaqlarda yerləşən atam təzə-təzə iş təyinatı alanda, tikinti ərazisində oğru qanunları işləyirdi. Ev oğruları, cibgirlər, ortalıqda mənəm-mənəm deyib atamanlıq edənlər, ordudan fərariliklə yayınanlar…
Ağır cinayətlərin kökü kəsüilməyən bir vaxtda, gecə-gündüz bilmədən quldur dəstəsinin aşkar edilib ləğv edilməsi sahəsində gərgin işlər apardıqlarını, bu yolda hansı əziyyətlərdən keçdiklərini danışardı atam. Böyük bir quldur dəstəsinin ələ keçirilməsi üçün qurduqları əməliyyat planı müsbət nəticə verir və cinayətkar dəstənin ləğvini gerçəkləşdirir. Bu hadisədən sonra atam Qırmızı Ulduz Ordeni ilə təltif olunur. Yaxşı əməliyyatçı olduğuna görə sonradan atamı bir illiyə Türkmənstan Respublikasına ezam edərək orada da təcrübəsindən səhra yollarında baş verən ağır cinayət hadisələrinin açılmasında yararlanıblar.
-Hardasa oxumuşam ki, yüksək sivilizasiya dünyanı məhvə aparacaq. Dünyanı bilmirəm amma deyəsən insanlığın məhvinin astanasındayıq. Sizcə sivilizasiya, inkişaf insanların mənəvi bağlılığına soyuqluq, sünilik gətirən başlıca amildir?
– Doğum səhadətnaməmə görə bakılı sayılsam da, Bakıda yaşamaq mənim bəzi həyat prinsiplərimlə zidiyyət təşkil edir. Döstluq, əl uzatmaq, kömək olmaq Bakıda çay suyunun alt qatı təkindir, isti-soyuqluğu dəyişilməz qalır. Kədərlı, çətin günlərində donuq üzlər, soyuq baxışlarla rastlaşırsan. Gecənin bir yarısı nəsə bir hadisə baş verdikdə, qonşu qapını döyməyə əlin gəlmir, cürətin yetmir. Sumqayıt… bura özgə, doğma bir məkandır., harayına yüzlərlə hay verilir, sənə arxa- dayaq olmaq istəyənlər özləri ayaqlaqrı ilə qapına gəlirlər. Biz bu şəhərdə belə görmüşük, belə də yaşayırıq. Kiməsə biz kömək olmuşuq, kimsə də bizə kömək olub.
-Dost seçimində yanıldığınız olubmu? Ən çox insanlarla dostsunuz, yoxsa qələmlə?
O ki, qaldı şəxsi dostluğuma, jurnalistika sahəsində mənə örnək olmuş Zərifə xanım Təhməzovanı, Sevil xanım Bayramovanı və Xasay Cahangirovu mənə xeyirxahlıqlarına görə həmişə əziz tutmuşam.
-Ciddi görkəminizin, bəzən kəskin ifadələrinizin, sərt baxışlarınızın fonunda kövrək bir ürək, duyğu dolu bir ruh gzlətdiyinizin fərqinə varanda içinizdəki həyat eşqinin hardan qaynaqlandığını duymamaq mümkün deyil. Sizin üçün sevgi nədir?
-Məncə, bu sualınıza əvvəlki cavablarımdan doğru-düzgün izahat vermişəm. Bu dünyanın enişlı-yoxuşlu həyat yolları mənə çox şeylər öyrədib. Həmişə haqqa haq olmağa, nahaqqa nahaq olmağa çalışmışam, Sərt göründüyüm qədər də xeyirxahlığa, insanlara ürək qızdırmaga, can yandırmaağa meyilliyəm. Və çoxları da bu xasiyyətimdən bəhrələnirlər. Çex kommunist-yazıçısı, məhbəsdə edam olunmuş Yulius Fuçikin bu sözlərini tez-tez həyat qayəm kimi işlədirəm: -İnsanlar, mən Sizi sevirdim…İnsanları sev ki, onlar da səni sevə bilsinlər.
– Maraqlı, səmimi söhbət üçün təşəkkür edirəm, Zümrüd xanım!
Söhbətləşdi: Sevinc Qərib
Manevr.az
Mənbə: http://manevr.az/