Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edirəm.
Sumqayıt elə gözəl şəhərdir ki…
Mavi gözlü Xəzərimin sahilində şahə qalxan dalğalara sinə gərən məğrur şəhərim. Bəzən də sakit, həlim dalğaların laylasıyla baş-başa verib uyuyan, dincini alan şəhərim. Geniş və səliqəli küçələr, tıxacsız yollar, ruha rahatlıq gətirən parklar, xiyabanlar, göz oxşayan yaşıllıqlar, gül-çiçəklər…
Sumqayıt elə gözəl şəhərdir ki…
Əlini cibinə qoyub piyada gəzmək istəsən bir də baxarsan ki, bircə saata şəhərin bu başından o biri başına gedib çatmısan. Və gəzməkdən yorulmamısan, əksinə, həm özün dinclik tapmısan, həm də ruhun. Avtobus lazımdırsa saatlarla gözləmirsən, hər marşrut öz intervalında gəlir. Mən hələ hər tərəfə az qala iki-üç alternativin olmasını demirəm. 7 nömrəli marşrut da ki, öz gözəlliyində. Şəhər turuna çıxmaq istəyirsən, buyur min, şəhəri dolan, gözəlliklərdən feyziyab ol, dolanıb gələndən sonra da elə mindiyin yerdəcə düş.
Sumqayıt elə gözəl şəhərdir ki…
Başdan-başa çiçəklənən, gözəlləşən şəhərim mənim. Küçələrdən keçəndə hiss edirsən ki, ətrafa xoş bir ətir yayılıb. O saat bilirsən ki, hansısa dükana yenicə isti zavod çörəyi gətiriblər. Bu həm də şəhərimizin ekoloyi cəhətdən təmizliyindən xəbər verir. Onilliklər öncə şəhərə o qədər yad iy, qoxu buraxılırdı ki, başqa iyləri hiss etmək olmurdu. İndi isə şəhərimiz regionun ən təmiz və ən gözəl şəhərlərindən biridir. Zərərli və zəhərli zavodlar ləğv edilib. Yerində dünya standartlaarına cavab verən yeni müəssələr inşa olunub. Milyonlarca ağac, kol bitkiləri, gül-çiçək əkilib, şəhərim yaşıllıqlar diyarına çevrilib.
Sumqayıt elə gözəl şəhərdir ki…
Yaradılan nümunəvi məhəllələr, abadlaşan küçələr, parklar, dünya gözəli bulvar kompleksi adamı heyran edir. Bulvar demişkən, dənizkənarı bulvarımız çox möhtəşəmdir. Möcüzədir, möcüzə. Uşaqlıq arzularımın gerçəkləşdiyi məkan. Ulu öndər Heydər Əliyevin, qüdrətli sənətkarımız İmadəddin Nəsiminin adlarını daşıyan parklar – gözəllikləri ilə adamı valeh edir. Körpə balaların sevdiyi məkanlardır bu yerlər. Gözəl və mənalı istirahət etmək istəyirsənsə buyur gəl. Gözəllikdən həzz ala-ala xəyallar, duyğular içərisində itirsən. Son illərin töhfələri olan Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, əsaslı təmir olunmuş Sumqayıt Dövlət Dram teatrı və “Kimyaçı” Mədəniyyət sarayı, Sumqayıt bulvar kompleksi, digər inzibati və sosial binalar. Hazırda bulvarın davamı kimi bir kilometrlik ərazidə yeni bulvarın salınması, Muğam Mərkəzinin tikintisi, “Nizami” kinoteatrının sökülüb müasir üslubda yenidən tikilməsi və sair və ilaxır. Bu gözəlliklərdən adam doymur ki… Bir dəfə gəzdinmi, hər gün gəzmək istəyəcəksən. Mən səninlə fəxr edirəm taleyimin şəhəri doğma Sumqayıt.
Sumqayıt elə gözəl şəhərdir ki…
Sumqayıtım, gözəl diyarım, hamı sənin dönməzliyinə, qüdrətinə, mətanətinə, qonaqpərvərliyinə, sülhsevərliyinə, insanların əzminə, zəhmətə bağlılığına heyran qalıb. Bir vaxtlar susuz səhraya bənzəyən, qoynunda ilanlar mələşən, sahilinə insan ayağı dəyməyən şəhərim mənim. Artıq o vaxtdan 70 il ötür, düz 70 il. Bu illərin qayğılı günləri, hünər nəğmələri bizimlə qoşa addımladı. Hər gün bir buğda boyda böyüyən şəhərim mənim. Sənin gözəlliyinə baxdıqca qürurlanır, fərəhlənir, sevincim aşıb-daşır. Bir bilsən səni necə çox sevdiyimi?! Niyə də sevməyim?! Mən sənin qoynunda doğuldum, burada böyüdüm, təhsil aldım, sevdim-sevildim.
Səhralar qoynunda bir əfsanəsən,
Güllü-gülüstansan, şəhərim mənim.
Artıq yetmiş yaşa qədəm qoymusan,
Zəfərlə açılır səhərim mənim.
Sumqayıt elə gözəl şəhərdir ki…
Gündən-günə böyüyən, gözəlləşən, çiçəklənən şəhərim mənim. Sumqayıtın gənclər şəhəri adlandırılması heç də təsadüfi deyildi. Bu gün də şəhər sakinlərinin böyük bir hissəsini gənclər təşkil edir. Son illər əhalinin yaşayış səviyyəsi və sosial rifah halı əhəmiyyətli dərəcədə yüksəlib. Şəhər bu gün elmin, təhsilin, mədəniyyətin inkişafına öz töhfələrini verir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın ən nüfuzlu təhsil ocaqlarından sayılır. Şəhərdə Dövlət Dram teatrı fəaliyyət göstərir. Sumqayıt idman sahəsindəki uğurları ilə də fərqlənir. Azərbaycanın əfsanəvi cüdoçusu, paralimpiyaçısı, fəxrimiz İlham Zəkiyev məhz bu şəhərdə böyüyüb boya-başa çatıb, bu şəhərin yetirməsidir.
Sumqayıt elə gözəl şəhərdir ki…
Hər bir şəhərin özünün bir simvolu var. Sumqayıtın da simvolu göyərçin abidəsidir. Bu abidənin müəllifi Azərbaycan Respublikasının Əməkdar rəssamı Vaqif Nəzirovdur. Şəhərimiz ölkənin ikinci böyük sənaye şəhəridir. Sumqayıta şəhər statusu 1949-cu il noyabrın 22-də verilib və biz bir neçə gündən sonra şəhərimizin 70 illik yubileyini təntənə ilə qeyd edəcəyik.
Şəninə söz demək şərəfdi mənə,
Adını adına ad eyləmişəm.
Vətən, işığını, nurunu sənin,
Sinəmdə gəzdirib od eyləmişəm.
İllər yel atında, hökmündə zaman,
Başıma gəlibdi qəlbimə daman.
Yerin ürəyimin başında hər an,
Mən səni həmişə yad eyləmişəm.
Dünya neçə kərə oxundan çıxıb,
Cahana sığmayan vətənə sığıb.
Sənin dərd-sərini sinəmə yığıb,
Dilimdə yanıqlı ud eyləmişəm.
Sumqayıt elə gözəl şəhərdir ki…
Bu gözəllikləri yaradan insan əlləridir. Qoy bu əllər yorulmasın və daim var olsun. Sumqayıtı həmişə diqqət mərkəzində saxlayan, qayğısını əsirgəməyən möhtərəm cənab Prezidentimiz İlham Əliyevə eşq olsun. Bu yolda gecəsini gündüzünə qatan şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova bütün sumqayıtlılar adından dərin təşəkkürümüzü bildirirk.
Sevinirəm ki, şəhərimizin gözəlləşməsində bizim kollektivin – 11 nömrəli MKS-nin də əməyi var. Kollektivimiz əzmlə çalışır, öhdəmizə düşən işi, verilən tapşırıqları vaxtlı-vaxtında, şəhərimizə sevgi ilə, vurğunluqla yerinə yetiririk. 11 nömrəli MKS-nin rəisi Quliyev İsgəndər Sultan oğlu da hamı kimi şəhərimizdə aparılan abadlıq və quruculuq işlərində yaxından iştirak edir. Biz də onun ətrafında sıx birləşərək şəhərin gözəlliyinə, təmizliyinə öz töhfəmizi veririk.
70 yaşın mübarək, Sumqayıtım – doğma və əsrarəngiz şəhərim mənim!
Yetmişə yetişdin, yetmiş nədir ki? –
Adına minillik dastan bağlaram.
Sənin torpağını, sənin daşını
Öpüb, gözlərimin üstə saxlaram!
Nailə Xudaş qızı MEHDİYEVA,
Sumqayıt şəhər 11 saylı
Mənzil-Kommunal Sahəsinin hesabdarı.