(Səməd Vurğun sayağı)
Ocaq dağı oyatdımı,
Sazım səni, sözüm səni?
Könül quşu qanadlandı,
Görən kimi gözüm səni…
Arzum budur saz əlimdə,
Şirin mahnılar dilimdə,
Bir dəli köhlən belində,
Qarış-qarış gəzim səni.
Sözü süzdüm süzgəcindən,
Qaçdım insanın gəcindən,
Min türfə gözəl içindən,
Özüm seçdim, özüm səni.
Qayaların qalanıbdır,
“Könlüm evi talanıbdır”,
Neçə yerdən dolanıbdır,
Mənim yolum, izim səni.
Quzqulaqlı dağ ətəyi,
Körpə baldırğan özəyi,
Dağgülü, qaymaqçiçəyi,
Misralara düzüm səni.
Sağım meşə, solum meşə,
Səni gəzdim mən həmişə.
Necə qıyım, ay bənövşə,
Öz kökündən üzüm səni?!
Ocaq dağı, məni dinlə,
Özüm qəsdən bilə-bilə,
İstəmədim sözlərimlə,
Yorum səni, üzüm səni…
1961
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan “Seçilmiş əsərləri” kitabından götürülüb.