Salam, xəstəliyim…
Mən səninlə nə eyləyim?
Boşa qoyuram, dolmur,
Doluya qoyuram, almır.
Və məni kimsə anlamır…
Mən xəstəyəm;
Xərçəng, talassemiya,
Epilepsiya vəs.
Dünyada nə qədər xəstəlik var?
Hamısından bir azam.
Hamısından bir-bir yazam?
Yox, ömrüm yetməz.
Xəstəliklərdən ölənlər kimi.
Qorxum ölmək deyil,
Qorxum möhtaclıq,
Anlayışa aclıq…
Söyləyirəm açıq-saçıq;
Mənə dəyməyin.
Yorğunam,
Qırıq-qırıq,
bəlkə parça-parça…
Ancaq sizi güldürəcək,
Sevəcək qədər gücüm var.
Sizin üçün gülürəm,
Sevdiyiniz gülüşlərim,
Xoşbəxt gördüyünüz gözlərim
Sizin üçündür, əzizlərim!
Bu şeir bütün xəstəliklərin,
Bütün xəstələrin dilidir.
Xəstə olmayan anlamaz, bəllidir.
Canınız sağ olsun,
Başınız sağ olsun.
Xəstələri qırmayın,
Xəstələri yormayın.
Xəstəliyi dərs ona,
Siz də tərs olmayın.
Qınamayın…
Necə xəstə olub, niyə olub…
Həyatda hər şey olur…
İnsan bəzən yorulur…
Seçir xəstə olmağı,
Bəzən qəsdlə,
Bəzən fəxrlə xəstə olur.
Dili uzun olsun,
Məni siz xəstə etdiniz desin deyə;
Günah keçisi tapılsın deyə…
Amma bəzən körpələr,
Uşaqlar, yeniyetmələr,
Gənclər xəstələnir…
Xəstəliklər müəllimdir.
Müəllimlər bilir…
Kimə yoluxmaq lazım.
Kimə dərs vermək lazım.
Yorğunam, müəllim,
Bəlkə daha dərsə gəlməyim?!