Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bahar gəlib, buludunu sərinlət,
Yağış olub ürəyimə yağ, Şuşam.
Ağır qanlı döyüşlərdən çıxmısan
Çox şükür ki, çox şükür ki, sağ, Şuşam.

Görüşümə sən gəldikcə röyada,
İllər boyu nifrin tökdüm mən yada.
Səndən uca şəhər yoxdur dünyada,
Dörd tərəfi qala Şuşam, dağ Şuşam.

Dolanırsan Natəvanın sözündə,
Qoy qalmasın arzu-kamın gözündə,
Dönüb İsa bulağına özün də
Şırıl-şırıl zümzüməylə ax, Şuşam.

Cıdır düzü qucağında yazlanır,
Bülbüllərin gülüstanda sazlanır,
Xarıbülbül bir gəlintək nazlanır,
Düşmənləri yandır Şuşam, yax, Şuşam.

Bu gözəllik bizi bizdən alası,
“Şuşa qala”m igidlərin qalası,
Fatehlərin tarixlərdə qalası,
Əbədidir sən əyləşən taxt, Şuşam.

Tonqalımız dağ döşündə qalanıb,
Düşmənlərin könlü-qəlbi talanıb,
İgidlərin qanı ilə sulanıb,
Güllər açıb sinəndəki bağ, Şuşam.

Həsrətimiz köçüb getdi qürbətə,
Qurban olum adındakı qeyrətə,
Gətirmisən hamımızı heyrətə,
Şeir yazır Aynur sənə, bax, Şuşam.

Mənbə: https://edebiyyatqazeti.az/