Getdin,

On oyuncağım vardı,

Onunu da apardın.

Mənim sağdakı beşim

Soldakı beşimə yetmir.

Nə var ki addım atmağa?

Bilirsən də, mən yıxılan deyiləm.

Amma hansı qüvvə qaçırar ayaqlarımı?

Hər sığalda çırpınardı ürəyim,

İndi yüz çəkic gətir, səsi çıxmaz.

Getdin,

Gözlərimin yaşı axmaz.

Deyirlər, böyüklər ağlamaz,

Ruhuma baxma, oyuncağım yoxdur.

Dənizə getdim,

İslanmamış qayıtdım.

Otların da üstündə ayaqyalın gəzmirəm,

Qabağına qaçmıram itlərin, pişiklərin,

Ciyərlərimə çəkməyi unuduram

Yağışda torpaq qoxusunu.

Sən heç bilirsən, baharın xəzan qorxusunu?

Sevgilərin qəfil çökən duman qorxusunu?

Yaxşı ki, balıqlar dənizə danışmır yuxusunu…

Nə zamansa yadına düşsəm,

Bil ki, yaxşıyam.

Yaxşıyam, sən yaxşı ol.

Mənbə: https://edebiyyat.az/