Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Deməzdim bu sevgidən,
sən uddun, mən uduzdum.
Elə həmin qış idin,
Elə həmin payızdım.
Bərabər olmadıq ki,
Sən tənha, mən yalnızdım.
Adını hər nə qoysaq
Daş olar, sevgi olmaz.
Belə ömür, gün olmaz.
Ehtirasın, şəhvətin
Qucağında iki lal.
Bu dəlilik içində
Mum olmaz ki, ihtilal.
Ürəyində getmisən,
Nə mənası desəm qal?
Bitib tükəndim artıq.
Məndən sənə yem olmaz.
Belə ömür gün olmaz.
Sayrışan ulduzların,
Sehrinə dalıb qaldım.
Yaş olub gözlərindən
Axmadım, dolub qaldım.
Mən sənin dünənində,
Eləcə donub qaldım.
Özgəninsən bilirəm,
Bizimki mümkün olmaz.
Belə ömür gün olmaz.
Həsrət göy qurşağıymış,
Rəngli, əlvan dərd imiş.
Getdiyin bütün yollar,
Ayağıma yurd imiş.
Şübhə ilan deyilmiş,
Kiçik, sinsi qurd imiş.
Qalanı təfərrüat,
Bu boyda sürgün olmaz.
Belə ömür gün olmaz…
* * *
Necə oldu yollar səni yormadı,
Gecə oldu, ulduz aya qovuşdu.
Taleyimə yazdım səni, olmadı,
Uşaq kimi olmazlara alışdıq.
Tökdü xəzəl hələ dünən gül açan,
Hədər oldu neçə-neçə fəsillər.
Dirənmədik bu sevgidə sonacan,
Aramızda soyuq yellər əsirlər.
Bu nə gücdür dalğaları oyadan,
Dəyişibdir çalarları rənglərin.
Birdəfəlik çıx ömrümdən ay adam,
Kəs arasın məktubların zənglərin.
Necə oldu yollar səni yormadı,
Boyun əydim intizara, dərdə mən.
Bu nağılın sonu gözəl olmadı,
Almaları cin apardı, Birdənəm…