Blog

  • Çilənay Nur Faiqdən yeni şeirlər

    Sınmış ürəklərin çilik şüşəsi

    Gedilən yollarda ayaqları dəlir.
    Həsrətin çəkirəm o insanın ki,
    Gedilə bilməyən yollardan gəlir.

    Durub kənardan da seyr etmək olmur,
    Qabağa getməyə hünərim yoxdur.
    Ümidi, arzunu nəyə bağlayım?
    Sabaha çıxacaq dünənim yoxdur.

    21.08.2023


    Getdiyin yollardan baxma geriyə,
    Baxsan da, qayıtmaq şansını itirdin.
    Sevgidən bir addım öndə gedəndən,
    Bütün şanslarını tamam itirdin.

    Seçdiyin həyatı get yaşa indi!
    Amma ki, yoluma izin düşməsin.
    Səni tapşırmışam öz vicdanına,
    Peşmanlıq yoluna izin düşməsin.

    Gözləmə ah edib, kin saxlayacam,
    Mən o yaşlarımı çoxdan keçmişəm.
    Sən mənim gözümü açandan bəri,
    Doğrunun yolunu rahat seçmişəm.

    01.02.2023


    Göynəyir bağrımda sağalmaz yaram,
    Sənin yoxluğunu unutmaq olmur.
    Qurudu gözümdən tökülən yaşlar,
    Qəlbə töküləni qurutmaq olmur.

    Gedəndə baxmadın geriyə niyə?
    Bilmədin, gözümün işığı sönər?
    Nə ağır qanunu varmış dünyanın?
    Sevdiyin insanlar torpağa dönər.

    23.02.2023

    Mənbə: https://edebiyyat.az/

  • 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şeirlər

    Qadının özünə minnətdaram mən!

    “Mənim həyatımın nə mənası var,
    Sizin üzünüzdə gülüş olmasa”.
    Xalq şairi Nəriman Həsənzadə
    .

    İnsanın özündən xəbərsiz, inan,
    Narahat duyğular bu gün də yatmır.
    Duyub yaşadıqca ömrün gününü,
    Bəzən görürsən ki, nəyinsə çatmır.

    Sonradan keçdikcə ömürdən günlər,
    İlk görüş, ilk gülüş yadına düşür.
    Sən demə, bu ömrün ən çətin günü,
    Gəlib bu dünyada qadına düşür.

    Duyulsa, uzaqdan nəfəsi yenə,
    Bu dünya qayğıya bürünəcəkdi.
    Könlünü almaqçün dağların özü,
    Qadın arxasınca sürünəcəkdi.

    Axı çox həssasdı bütün varlığı,
    Dünəni, bu günü qoruyur bütün.
    Qadının özünə minnətdaram mən,
    Belə həssas qəlbli olduğu üçün.

    8 mart 2010-cu il. Bakı şəhəri.

    Qadın ağlamaqçün yaranmayıbdı…

    Soykökə bağlılıq, yurda bağlılıq,-
    Qəhrəman bir yurdun canında olmuş.
    At çapan Koroğlu dəlilərinin,
    Sapandı, qılıncı yanında olmuş.

    Əsrlər boyunca ər meydanında,
    Fərhadtək qayanı bir ana yarmış.
    Yaxşı ki, bir xalqa xidmət göstərən,
    Cəsur bir diyarda qadınlar varmış.

    Ömrün sınağından üzü ağ çıxmış,
    Min igid gözündə darda da belə.
    Yaşınıb, utanıb, çəkinməmişdi,
    Boranda, şaxtada, qarda da belə.

    Şairlər bir yurddan geri qayıtmaz,
    Qadının hüsnündən ilham almamış.
    Nigar da, Həcər də qəhrəmanlıqda,
    Koroğlu, Babəkdən geri qalmamış.

    Qəlbi ovsunlayan siyah telləri,
    Kim sənə dedi ki, daranmayıbdı?!
    Üzündə sevinci görəndə bildim,
    Qadın ağlamaqçün yaranmayıbdı…

    28 avqust 2010-cu il. Bakı şəhəri.

    Kənan AYDINOĞLU.

  • “Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olundu

    Jurnalın mart sayı “Ulduz” jurnalının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi kimi işıq üzü görüb.

    Bu say filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır.

    Məhəmmədhüseyn Şəhriyarla başlayan “Dövrün aparıcı ədəbi simaları” adlı rubrikada şair, yazıçı, tərcüməçi Həbib Sahir, tanınmış yazıçı, tənqidçi, memuarçı Gəncəli Sabahi, azərbaycanlı şair, dramaturq, siyasətçi Məhəmməd Biriya Bağırzadə, şair, türkoloq alim, tərcüməçi Həmid Nitqi Aytan, görkəmli yazıçı, şair, tarixçi-filoloq Məhəmmədtağı Zehtabi, türkoloq-alim, publisist Cavad Heyət, şair Bulud Qaraçurlu Səhənd, şair, tərcüməçi Kərim Məşrutəçi Sönməz, şair, yazıçı, naşir Əli Təbrizli, nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi Rza Bərahəni, yazıçı, dramaturq, ssenarist Qulamhüseyn Saidi, alim, publisist, şair, türkoloq Hüseyn Məhəmmədzadə Sədiq Düzgün, yazıçı, folklor toplayıcısı Səməd Behrəngi, modernist şair Əlirza Nabdil Oxtay, şair, yazıçı Mərziyyə Üsküyi, yazıçı, şair, felyetonçu, tərcüməçi Abbas Makulu Pənahi, şair, ədəbiyyatşünas və tərcüməçi Balaş Azəroğlu, şair, yazıçı, siyasi mühacir Əli Tudə, şair, yazıçı, publisist Söhrab Tahir, şair Mədinə Gülgünün həyat və yaradıcılığı yer alıb.

    “Ulduz” bu sayında Nadir Qüdrətoğlunun şeirləri də işıq üzü görüb.

    “Tribuna” rubrikasında Məti Osmanoğlu Seyran Səxavətin “Ömrün “Ulduz” çağında”n bəhs edib.

    “Nəsr” rubrikasında Alpay Azərin “Ölümdən güclü” hekayəsi dərc olunub.

    “Köhnəlməyən xiffət”də isə Dayandur Sevgin Nəzakət Məmmədlidən söz açıb.

    “Dərgidə kitab” rubrikasında Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (4-cü yazı) yazısı təqdim olunub.

    “Dərgidə sərgi”də Əliş Məmmədovun rəsm əsərləri yer alıb.

    Mənbə: https://edebiyyatqazeti.az

  • “Sarı köynək” – Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

    Yeniyetmələr üçün ustad aşıq Dədə Ələsgərin yaradıcılığını əks etdirən “Sarı köynək” adlı yeni kitab çapdan çıxıb. Kitabda Aşıq Ələsgərin külliyatından seçmə əsərlər toplanıb. Kitab 12 yaşdan yuxarı məktəblilər üçün nəzərdə tutulmuş ilk xüsusi topludur.

    Kitaba “Sarı köynək” adının verilməsi təsadüfi deyil. Bu, Aşıq Ələsgərin ən tanınmış və sevilən şeirlərindən biri olmaqla yanaşı, həm də uşaqlar üçün asanlıqla yadda qalacaq addır. Burada haqq aşığının şeirləri, dastan və rəvayətləri, xatirələri, deyişmələri və onun yaradıcılığına aid bir çox digər nümunələr yer alıb.

    Müasir tərzdə tərtib olunan kitab fərqli illüstrasiyalarla zənginləşdirilib. Nəşrdə yer alan 13 müxtəlif bölmə istedadlı rəssam Orxan Qarayev tərəfindən hazırlanmış, bir-birindən maraqlı məna və obrazları əks etdirən rəsmlərlə tamamlanıb. Kitabın üz qabığı da fərqli – mücərrəd üslubda hazırlanaraq Aşıq Ələsgərin şəxsiyyətini və yaradıcılığını simvolik şəkildə təcəssüm etdirir.

    Aşıq Ələsgər yaradıcılığını əks etdirən “Sarı köynək” kitabının nəşrə hazırlanması və dizaynının müasir standartlara uyğunlaşdırılması layihəsi dahi şairin nəslinin nümayəndəsi, onun kötücəsi Aysel Zahidqızının təşəbbüsüdür. Bundan başqa o, balacalar üçün xarici dillərdə olan kitabları tərcümə etməklə, Azərbaycan uşaq musiqi tarixində unudulmaz iz qoyan bir sıra mahnıları toplayaraq “Doğma mahnılar” adı altında nəfis tərtibatda uşaq musiqi kitabı nəşr etdirməklə də uşaq ədəbiyyatına öz töhfələrini verib.

    “Sarı köynək”  layihəsinin əsas məqsədi aşıq sənətini daha müasir tərtibatda kitab halında təqdim etməklə azyaşlı oxucularda bu sənətə maraq oyatmaqdır.

    Kitab TEAS Press Nəşriyyat Evinin “3 alma” Uşaq Ədəbiyyatı bölməsi tərəfindən nəşrə hazırlanıb və Türkiyədə çap olunub.

    Mənbə: https://edebiyyatqazeti.az

  • Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illiyi münasibətilə qərara alıram:

    Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Hümmətov Namiq Məhəmməd oğlu

    İsbatov İlqar Aydın oğlu

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Qarayev Abdı Nazim oğlu

    Nuriyev Eldar Srac oğlu

    “Tərəqqi” medalı ilə

    Aslanov Nadir Bahadır oğlu

    Babayev Zahid Sabir oğlu

    Kazımlı Elçin Çingiz oğlu

    Qasımov Read Azər oğlu

    Məmmədrzayev Cahangir Cavanşir oğlu

    Rzayev Rövşən Ağarza oğlu

    Umudov Elçin Azər oğlu

    Yusifov Nizami Rasim oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Əliyeva Gülbəniz Baba qızı

    Əzizov Elşən Ələsgər oğlu

    Mehtiyev Natiq Rəşid oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 4 mart 2026-cı il

    Mənbə: https://president.az/

  • Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2368 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin 1.4-cü bəndinə uyğun olaraq qərara alıram:

    1. Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 61847 (altmış bir min səkkiz yüz qırx yeddi) manat vəsait ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

    3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 4 mart 2026-cı il

    Mənbə: https://president.az/

  • Emma, sevimli Emma

    Ədəbiyyatda hər obrazın qasırğa olduğunu deməkdə haqlıyıq… Feysbukda #yazmaqeşqdir,   #oxumaqvəfadır  həştəqləriylə paylaşdıqlarımı toplasam, elə bu adda bir kitab olar. Hərçənd, müasir Azərbaycanda naşir, nəşriyyat problemi yaşayan yazıçıyam, yenə də, general olmağı arzulamayan əsgərə inanılmadığı kimi, kitabının nəşr edilməyini arzulamayan yazıçı da mənimçün qeyri-səmimidir.

              Oxumağı vəfa sayanlardandır həmsöhbətim. Şəfiqə Şirəliyeva Bakı Slavyan Universitetinin tələbəsidir. Bu dəfə onunla romantik ədəbiyyatın şah obrazlarından saydığım Emmadan danışdıq.  Biləndə ki, Şəfiqə də Emmanı sevir, çox sevindim… Ceyn Eyrin kölgəsində qalmış Emma… Mükəmməl işlənmiş obraz… Əsl qadın obrazı…

              Ceyn Austen “Emma”nı yazanda nə düşünüb, yazı masasının baxdığı aynalardan eşikdə hansı kəpənək uçub, soyuyan çayı hansı fincanda olub, bunlarla maraqlanmağa ayaq yeri qoymur Emma. 1815-ci ildə nəşr olunan kitabın ilk oxucusunun kim olmağı mənimçün daha maraqlıdır. Və həmin oxucunun Emmanı mənim baxdığım yerdən görüb-görməməyi…

              Bəlkə də, elə bu maraq idi Emmanı sevən başqa bir oxucunu söylətməyimin səbəbi. Emma Vudhaus kimi bir obrazı yaratmaq yerinə, kiminsə romanında, lap elə hekayəsində  olsun, həmin obrazın özü olmaq necə möhtəşəm olardı!

    ***

              -Emma obrazını anlamaq çətindirmi?

    -Düşünürəm ki, Emma anlaşılması çətin obraz deyil, tam əksinə, onun daxili inkişafı realdır. Əsərin əvvəlində Emma təcrübəsiz, bir az da özündən razı kimi tanıdılır bizə.  Lakin əsərdə zaman irəlilədikcə, biz onun öz səhvlərindən nəticələr çıxardaraq “böyüdüyünü” görürük.

    -Bəlkə də, onun “böyüməyi” Ceyn bacının arzusu idi…

    -Məncə, bu əsərdə müəlliflə obraz arasında arzudan çox inam hiss olunur.  Bir gənc qadının özünütanıma prosesinin haradan başlayıb-haradan bitdiyini kimsə deyə bilməz. Amma bu prosesin qısamüddətli hissəsinə belə, şahidlik etmək, fikrimcə, bütün qadınlara lazımdır. Xüsusilə, gəncliyin yaşıl çəmənində hansı gülü ən çox sevdiyinə dair qəti qərar verə bilməyənlərçün Emma işıq gələn tərəf ola bilər.  Emmanı tanıdıqca, öz səhvlərimizi xatırlayırıq… Əlbəttə, bu xatırlama kifayət edir ki, deyək: “Emma, səni elə gözəl anlayıram…”

    -Harriet Smitə öz fikrincə etdiyi yaxşılıqlarla Emma kimə nəyi sübut etmək istəyirdi?

    -Emmanın  sübut etməyə çalışdığı sosial baxımdan ətrafdakılardan üstünlüyü, bir də, insanlar haqqında yetərincə məlumatlılığı idi. Və biz əsər boyunca görürük ki, onun bu cəhdləri boşuna imiş… Hayberidə hamı Emma Vudhausun sosial üstünlüyünü qəbul edir, ona ehtiram göstərir, hətta sevirlər.  Harrieti Robert Martinə layiq görməməsi Emmanın həyat və insanlar haqqındakı təcrübəsizliyinin göstəricisidir. Müəllif bunu hadisələrin və Harrietlə Emmanın söhbətlərinin fonunda elə gözəl anladır ki! Yəni insan taleyi üzərində eksperiment aparmaq olmaz…

    -Ümid vermək günahdır, yoxsa ümidi qırmaq?

    -Düşünürəm  ki, hər iki hal da pisdir. Hər nə qədər Nitsşe ümidi işgəncə sayırdısa da, ümidin insanların “yaşamağa dəyər” tutanağı olduğunu bilirik. Ümid öləndə  ruh da ölür… Ruhunda dirilik olmayan insan isə, artıq yoxdur. Ümid işıqdır.

    -Emmanın Harrietin ruhunda yandırdığı işıqları tale bir-bir söndürdü.

    -Burda yenə Ceyn Austen möhtəşəmliyini dilə gətirməliyik. Hərçənd, deyirlər ki, ədəbiyyatın cinsi yoxdur, amma bəzən mükəmməl qadın obrazları üçün mütəşəkkir olduqlarımızın elə qadın yazarlar olduğunu da görürük. Harriet obrazının hər şeyə razı təbiətinə onun doğulması və böyüməsinin təsirini Austen  oxuculara ustalıqla, elə obrazın öz diliylə anladır. Bir daha görürük ki, o dövrün İngiltərəsində sosial statuslar taleyin palitrasında da öz sözünü deyir.

    -Sosial statuslar həmişə olub, var və olacaq. Olmasa, dünya elə mifologiyadakı kimi, ya kiminsə çiyinlərində, ya da kiminsə sehrli güzgüsünün içində olardı… Bəlkə də, Emma həmdövrümüz olsaydı, o qız olmazdı.

    -Ailə mühitindən kənarda heç nə görməyən bir qızdır Emma Vudhaus. Müasirimiz olsaydı,  təhsil alardı, özünə karyera qurardı, həyata yalnız evlilikdən ibarətmiş kimi yanaşmazdı. Daxili baxımdan isə, fikrimcə, elə eyni qalardı; hamıya yol göstərməyə çalışan, hamı üçün ən yaxşısını arzulayan, öz sevgisinin və sevildiyinin fərqində olmayan Emma.

    -Amma Frenk Çörçill var…

    -Həm də, yoxdur. Emma üçün Frenk yenə sosial status baxımından ona uyğun olan adam idi, vəssalam! Daxilən isə o, heç vaxt Frenki öz duyğu aləminin mərkəzində tapmadı.

    -Axtardı…

    -Yenə qadın psixologiyası və yenə qadının sevilmək istəyi… Məncə, bu, instinktivdir. İnstinktivlik özünütənqidlə aşılmalıdır. Ceyn Austen bizə bunu əsərin sonlarına yaxın deyir.

    -Razıyam. Müəllif bu romanda öznütənqidin fərqli formalarını verir. Sizcə, müasir qızlar bu özünütənqidin hansı formasına möhtacdır?

    -Vacib olan forma başqaları ilə müqayisə etmədən özünü analiz etməkdir. Çağdaşlarımız  özlərini daim başqaları ilə ölçürlər.  Fizikən də, ruhən də yaralanır insan başqasından geri qaldığını görəndə.  Bir gənc, bir tələbə kimi həmişə özümdən soruşuram: “Dünənki Şəfiqədən nə öyrəndim?” Bu sualın cavabını özümüz tapdığımız kimi, hesabatımızı da özümüzə verməli, qərarlarımızın məsuliyyətini dərk etməliyik.

    -Emmanı sevməmək olarmı?

              -Emmanın Harrietin həyatında yandırıb-söndürdüyü ümidlər, Naytlinin öyüdlərinə və iradlarına etinasız yanaşması oxucuya çox da xoş gəlməyə bilər. Bununla belə, ilk oxunuşdan anlayırıq ki, o, qərəzsiz, səmimi və hər şeydə ədalət axtarandır. Təbii, burada onu da nəzərə almalıyıq ki, hər kəsin ədalət ölçüsü də fərqlidir, o ölçüyə uymaq metodları da… Emma insan kimi mükəmməl deyil. Ki, heç bir insana “o, mükəmməldir!” deyə bilmərik. Amma sizin də dediyiniz kimi, Emma mükəmməl ədəbi obrazdır! Ceyn Austen Emmanı sevib-sevməməyi belə, oxucunun öhdəliyinə buraxır. Bu, onun yazıçı manevridir. Və Emma bu gün hələ də sevilirsə, demək, uğurlu manevrdir.

              -Təşəkkürlər, Şəfiqə! Ədəbiyyatın  Ceyn Austen fəslində görüşdük bu dəfə də… Yolumuz bir də hansı ədəbi fəsildə, hansı obrazın ruh dənizində kəsişəcək, bilmirəm. 

              -Siz sağ olun! O fəsildə, o dənizdə yenidən görüşənədək!

              Şəfa Vəli (2026, mart)

  • Od Çərşənbəsi: Günəşin torpağa ilk toxunuşu

    Od Çərşənbəsi Novruz bayramının ikinci Çərşənbəsidir. Xalq təqvimində Od Çərşənbəsi – Günəşin torpağı və insanın daxili aləmini isitməyə başladığı andır. Əcdadlarımızın inancına görə, məhz bu çərşənbədə Günəşin ilk hərarəti torpağın bağrına hopur və “ölü” təbiət daxildən qaynamağa başlayır.Od çərşənbəsinə bəzi bölgələrimizdə “Üzgü” deyilir. Bu söz qışın “üzülməsi”, yəni gücünün tükənməsi mənasını daşıyır. Araşdırmalar göstərir ki, Od çərşənbəsi qədim türklərin Günəş kultu ilə birbaşa bağlıdır. Bizim üçün Od sadəcə bir fiziki ünsür deyil, ocağın, ailənin və bütövlüyün simvoludur. “Ocağın yanar olsun” alqışı məhz bu çərşənbənin fəlsəfəsindən doğub. Bu gün qalanan hər bir kiçik tonqal, əslində səmada doğan Günəşin yerdəki kiçik bir modelidir.Od çərşənbəsinin süfrəsi öz energetikası və rəng çalarları ilə fərqlənir. Belə ki, süfrənin əsas bəzəyi zəfəranla dəmlənmiş plovdur. Plovun sarı rəngi və dumanı çıxan istisi Günəşin hərarətini təmsil edir. Bu çərşənbədə bişirilən şorqoğalı öz forması və rəngi ilə birbaşa Günəşin təsviridir. Üstünə səpilən xaşxaş və ya küncüt isə kainatın ulduzlarını simvolizə edir. “Ocaq isti olsun” deyə, bu gün süfrəyə mütləq dumanı üstündə olan, kalorili xörəklər (paxlalı plov, kəllə-paça və ya kətə) qoyulur.Od çərşənbəsində hər evdə üzərlik yandırılar. Üzərliyin tüstüsünü evin dörd küncünə gəzdirirlər ki, qışdan qalan bədnəzər və mənfi enerji ocağın istisində yox olub getsin.Bu Çərşənbənin rituallarından biri də səməni isladılmasıdır. Od Çərşənbəsinin Günəşin torpağı isitdiyi gün hesab edildiyi üçün səməninin bu gün isladılması “həyatın daxildən gələn isti ilə oyanması” mənasını verir. Buğda isladılan qaba ilk suyu ailənin ən yaşlısı və ya ən uğurlu sayılan üzvü tökərdi. Bu zaman “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyimi ilə yanaşı, hər bir ailə üzvü üçün bir ovuc buğda götürülüb niyyət edilərdi. İnanılırdı ki, səməni Od çərşənbəsində isladılsa, o il ailənin ocağı heç vaxt sönməz, süfrəsi həmişə ruzi ilə dolar. Səməni qabının ətrafına adətən qırmızı lent bağlanır. Bu qırmızı rəng məhz Odun və Od çərşənbəsinin rəmzidir. Qırmızı rəng həm də enerjini, qoruyuculuğu və həyat eşqini təmsil edir. Od Çərşənbəsində axşam ailə üzvlərinin sayı qədər şam yandırılır. Bu, hər bir fərdin ömrünün “işıqlı və hərarətli” olması üçün edilir. Bu adətlə bizə xatırladır ki, hər bir canlının daxilində sönməz bir ocaq var. Təbiət Günəşlə isindiyi kimi, biz də ailə ocağımızın başında birləşərək mənəvi hərarətimizi artırırıq.

    Müəllif: Nərgiz Mustafayeva (Gəncə)

    Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.

    Mənbə: https://azertag.az/

  • Rüfət AXUNDLU.”Tarixi Zəfər”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

    İllər ötür Azərbaycan, şanlı tarix, o möhtəşəm zəfərindən,
    Od ürəkli igidlərin qisas deyib yürüdüyü haqlı savaş səfərindən…


    44 günə tarix yazan mərd oğul və mərd qızların yaşar olsun,
    Zaman-zaman ürəklərdə bu zəfərin eşqi aşıb-daşar olsun!


    Əli silah tətiyində, şirin candan keçənləri ehtiramla anmadayıq,
    Ana Vətən, qanım sənə halal deyib: Şəhadəti seçənləri ehtiramla anmadayıq!


    Azərbaycan, gör nə gözəl məğrur-məğrur dalğalanır bayrağımız!
    30 ildə görülməmiş çiçək açır, gül bitirir torpağımız!


    “Dəmir yumruq” ətrafında birləşərək, güc göstərən millətin var,
    Bu millətin var olduqca, yaşadıqca sənin hər an qüdrətin var!


    O millət ki, namusunu, qeyrətini qoruyaraq cihad etdi…
    Yağı düşmən viran qoymuş torpaqları qarış-qarış azad etdi!


    O millət ki, uğurunda bir ölərsə min doğular, min yaşadar,
    Sənə əyri baxanları yox etməyə sinəsində kin yaşadar…


    Sənə nankor çıxanlara havan, suyun haram olsun Azərbaycan!
    Gecə-gündüz keşiyində duranlara salam olsun Azərbaycan!

    05.11.2021

  • Rüfət AXUNDLU.”AMALI ZƏFƏR OLANIM”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri

    Səsi dönən haqq səsinə.
    Nursan “ODLAR ÖLKƏSİ”nə.
    Yağı düşmən həmləsinə,
    Sinəsi sipər olanım.


    Dişə-diş, qana-qan dedin,
    Köməkdir YARADAN dedin.
    Öpüb bayrağı can dedin,
    Canında hünər olanım.


    Dik tutanda sən qəddini,
    Bildi düşmən öz həddini.
    Qorudun yurd sərhəddini,
    Yurduna çəpər olanım.


    İgidlik ruhun, canında,
    Namus, qeyrət var qanında.
    Zəfər, hünər meydanında,
    Biri, on nəfər olanım.


    Ər tək, şir tək yarandın sən!
    Öz gücünə inandın sən!
    “ÖLMƏZLİYİ” qazandın sən!
    Amalı zəfər olanım.

    Rüfət Axundlu.

    04.08.2020

  • Nə gözəl atmısan məni…

    Nə gözəl atmısan məni…

    Nə də gözəl unutmusan…

    Başımı qatmısan sənlə…

    Dərdimə ünvan olmusan…

    Yollar uzun…addımlar boz…

    Ümidim sənə tərəfdi…

    Kim dedi bu qisməti yoz?

    Bəxt yazan da bitərəfdi…

    Məni gözəl aldatmısan…

    Mən də gözəl incimişəm…

    Məni şeirinə qatmısan…

    Şeirindən də küsmüşəm…

    Şəfa Vəli (2015)

  • Məni qınamaq şansı verirəm sizə!(“Düşüncə döngələri” silsiləsindən)

    Ana olmaq… Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm. Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır… Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!” Biz şüurlu şəkildə bu öhdəliyi üzərinə götürmüşlərdən danışaq… Çox yox, bircə həftə əvvəl kimə baxırdın, meymun balasından paylaşım edirdi (Punch). Anası tərəfindən tərk edilmiş, digər meymunların yaxına qoymadıqları makaka meymunu… Dünya virtual “ağladı”, “dərdə düşdü” meymun balasına görə. O görüntülərə, həqiqətən, ağlayan biri oldumu? Məşhur markalardan biri meymunun sürüklədiyi, arada söykəndiyi meymun oyuncağına bənzəyən oyuncaqlar istehsal etdi. Adını da qoydu: “Punch`un anası”. Bayaqdan meymun balasına “ağlayan”lar o oyuncaqdan aldılar uşaqlarına… Qarşıma çıxan rəyləri də oxudum, paylaşımlara da göz atdım. Bircə ağıllı rəy vardı, onu da kişi yazmışdı: “Kapitalizm budur; sən anan üçün darıxarsan, kapitalizm sənin ananı satar”. Kişi deyiləm, (kişilərin qadınlara nəzərən daha məntiqli və hadisələri olduğu kimi dəyərləndirdiyi elmi olaraq sübut olunub, mübahisə mövzusu belə, deyil) amma həqiqəti də gizlətməyəcəyəm. Mənim gözlərim də dolmadı makak balasının görüntülərinə baxanda. Normal qarşıladım… Mən öz sinif yoldaşımın 13 yaşında ana olmağının şahidi olan insanam… Mən onun da öz qızını 13 yaşında ərə verdiyini, 28 yaşında nənə olmasıyla öyündüyünü, mənə sonsuz olduğuma görə tənə etdiyini həyati hadisə kimi qarşılamış insanam. Mən bir gecə səhərədək Tanrı Atayla, Təbiət Anayla qismətim (kiminə görə də, qismətsizliyim) üçün həsbihal edib, səhər sosial şəbəkədə asfalt üstünə atılmış çılpaq körpə şəkli görən qadınam… Bununla belə, makaka ağlamadım… Əksinə, düşündüm ki, anasının qoynunda əzizlənənlərdən daha güclü olacaq o! Daha əzmli, daha qüvvətli, çətinliklərə sinə gərmək məqamında daha cəsur olacaq o! Və kənardan müşahidə edincə, bu halı uşaqlarda da görürəm. İmitasiya edilmiş sevgilər uşaqları zəif edir… Hə, burda sizə məni qınamaq şansı verirəm! “Sən nə qanırsan uşaqla necə davranmaq lazımdır?!” sualı hazırdır zehninizdə, bilirəm. Lazım olan andaca dilinizdən eşiyə atılır bu sonundakı nida işarəsi əminlik bildirən cümlə… Unutmayın, immunitet təkcə fiziki bədəndə deyil, zehində də formalaşa bilir. Bu cümləyə qarşı antikorlar var düşüncələrimdə artıq… Məni qınaya bilərsiniz, hə! Amma Şahanə Müşfiqi “Rəqəmsal “analıq”” yazısına görə qınaya bilməzsiniz! Gücünüz çatdığını düşünə bilərsiniz, amma haqqınız çatmır buna! O, gözəl anadır! O, düşünən qadındır! O, həyata canı yanan insandır! O, mənsubu olduğu cəmiyyətin dəyişik düşən ilmələrinin fərqində olan, bu ilmələri yerbəyer etməyi arzulayan, buna çalışan vətəndaşdır! Yediyi yeməyin dadını çıxarmamış çəkib paylaşanları anlamaq istəyərəm. Ziyarət etdiyi tarixi, dini məkanın abu-havasını ruhundan süzdürməmiş şəkil, video çəkib paylaşanlara da güzəşt edə bilərəm. Amma əl boyda uşağın hər anını, həyatı öyrənmək cəhdlərini, yediyini-içdiyini, güldüyünü-ağladığını çəkib dəqiqəbaşı paylaşanları, ən yaxşı mənada, qınayıram. O videolara gələn rəylər, atılan emojilər, videonun artan paylaşım sayı uşağınızın eyninə də deyil, sizin “hamı məni bəyənsin” acgözlüyünüz və yarımçıqlığınızdır. Çünki camaatdan “ay nə gözəl valideynsən!” sözünü eşitmək istəyirsiniz. Halbuki, bu cümlənin ən səmimisini elə öz uşağınız, o da 30 yaşını keçəndən sonra deyəcək… Hə, qarşıdakı 30 il sizin valideynlik öhdəliyinizi necə yerinə yetirəcəyiniz barədə suallarla dolu olacaq. “Mən yaxşı valideyn olmuşam!” cümləsini özünüzə ancaq təsəlli mahiyyətində söyləyə bilərsiniz. O da, yenə, uşağınız 30 yaşını keçəndən sonra… İndi etdiyinizin –uşağınızı öz uşaq dünyasından qoparıb “sosial şəbəkə” adlı qaynar qazanın içinə atmağınızın ikinci adı da var biz göyçəlilərdə. Deyim, onu da öyrənin: görməmişlik! Və bu görməmişlik uşağı ehtiva etmir ha! Sizin həyatı görmədiyinizin, insan amilini tanımadığınızın, daim tərifə olan aclığınızın ölçü vahididir! Səmimiyyətimə kim nə qədər inanar, bilmirəm. Heç özümü kiməsə nəyləsə sübut etmək ehtiyacım da yoxdur. Amma hamının balasının xoşbəxt olmağını, bütün uşaqların uşaqlığı uşaq kimi yaşamağını istəyirəm. Və ali təhsilli pedaqoq, yazıçı kimi sizə bir məsləhət cümləsi yazıram, valideynlər: uşağınızı özünüzdən çox sevin, bunu bacarın! Bütün uşaqlar böyüyəndə çörək tapacaq, yatmağa bir çarpayısı olacaq, amma həyat göstərir ki, cəmiyyətin bütün fərdləri sevgini tanımır. Bunun günahını valideynlərdə görürəm! Xüsusən də, analarda… Məni qınamaqda sərbəstsiniz, analar! Doğmağı bacardığınızla öyünməkdənsə, ana olmağın təvazökarlığını yaşasanız, qınağınızda da sevgi sezilər! Mənim sizi qınadığım kimi…

    Şəfa Vəli (fevral, 2026)

  • Xalq şairi Vahid ƏZİZ.”YETƏR Kİ, GƏLMƏSİN BƏLA AĞILDAN…”

    İllər təravəti üzdən siləndə
    saçalara dən yenər, gözə çən düşər,
    qocalıq şuxluğa üstün gələndə
    adamlar özünün gözündən düşər,

    Ürəyi tez sınar, küsü saxlayar,
    hər an bir dayağa ümid bağlayar,
    qəlbdə biri gülər, biri ağlayar-
    gözyaşı hər iki gözündən düşər,

    Yazıqlar halına yamaq olanın,
    əpriyib, büzüşüb yumaq olanın,
    şamına gənclikdə bihaqq olanın
    alov yad ocaın közündən düşər,

    Qorxar gecələrdən- qaş qaralanda,
    sözdən-söhbətlərdən can yorulanda,
    hərdən doğmalarla aralarında
    qırğın damaq qıran sözündən düşər,

    Xeyli fərqlənsə də həyat nağıldan,
    yetər ki, gəlmısin bəla ağıldan,
    Şair, çox danışma qocalığından,
    ölüm qaralayıb- izinnən düşər…

  • Xalq şairi Vahid ƏZİZ.”CAVAN İDİM…”

    Elə bil ki, O, Əsliydi, mən-Kərəm,
    aman Allah, baş verənlər nəyidi?
    Düşünürdüm-“Onsuz ömür sürmərəm”,
    cavan udim; ağlım kəsən bu idi,

    Rast gələndə lal olurdum; nə deyim?
    boş xülyaydı saçlarını hörməyim,
    ara-sıra qaş-qabaqlı görməyim
    həmin anda şivən idi, vay idi,

    Qəlbdəkinə düşə bilir köz hardan?
    Sanki, vücud alov çəkir bahardan,
    elə bil ki- zühr etmişdik məzardan;
    mən Məcnuna, O, leyliyə tay idi,

    Uduzmazdım- taley cığal oynadı,
    nə deyəsən?- Dünya- belə Dünyadı,
    bir yad oxla sındı eşqin qanadı,
    bəlkə atan- qismət çəkən yay idi?

  • Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümü qeyd edilib

    26 fevral 2026-cı il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Giriş sözü ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun elmi katibi Aygün Bağırlı 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş hadisələrin faktları, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər və insanlıq əleyhinə cinayətlər barədə ətraflı məlumat vermiş, Xocalı soyqırımının tarixi-siyasi konteksti və onun milli yaddaşımızdakı qara səhifə olduğunu vurğulanmışdır.Daha sonra filologiya elmləri doktoru Mərziyyə Nəcəfova çıxış edərək Xocalı faciəsinin Azərbaycan ədəbiyyatında, xüsusilə poeziyada geniş əks olunduğunu qeyd edib. Bildirib ki, Nurəngiz Gün, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi görkəmli söz ustadlarının yaradıcılığında Xocalı mövzusu mühüm yer tutur. Xüsusilə, Nurəngiz Günün “Xocalı simfoniyası” poemasının bir neçə xarici dilə tərcümə olunması və əsər əsasında filmin çəkilməsi faciənin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilib. Qeyd edilib ki, Xocalı şəhidlərinə həsr olunmuş yüzlərlə kitab nəşr edilmiş, publisistik və bədii ədəbiyyatda mövzu geniş şəkildə işlənmişdir. Tədbirdə fiologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın “Azərbaycan publisistikasında Xocalı soyqırımı” mövzusunda məruzəsi dinlənilib. Tədbir iştirakçıları Xocalı soyqırımının tarixi həqiqətlərinin elmi müstəvidə araşdırılmasının, ədəbiyyat və publisistika vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha vurğulayıblar.

  • Məhəmmədhüseyn ŞƏHRİYAR.”AZƏRBAYCAN” (Qəzəl)

    Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
    Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.

    Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
    Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.

    Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub mülki-İran, Azərbaycan.

    Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
    Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
    Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.

    Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.

    Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
    Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!

    İgidlərin İran üçün şəhid olub, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

    Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
    Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

    Bəsdir fəraq odlarından kül ələndi başımıza,
    Dur ayağa!
    Ya azad ol, ya tamam yan, Azərbaycan!

    Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
    Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

  • Əli TUDƏ.”Mən nə gətirdim” 

    Mən öz qardaşıma mehman gələndə

    Bir qələm, bir dəftər, bir can gətirdim.

    Bir şair könlünün arxalandığı…

    Ləkəsiz, boyasız vicdan gətirdim.

    Ucuz tutmasınlar bu sovqatımı,

    Hissimi, duyğumu, ehsasatımı…

    Mən öz varlığımı, öz həyatımı

    Doğma qardaşıma qurban gətirdim.

    Ürək daş deyildir, bir parça ətdir,

    Bəs onu yaşadan hansı qüdrətdir?

    Bir arzu, bir ümid, bir məhəbbətdir,

    Mən o məhəbbətdən nişan gətirdim.

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq

    Fevralın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq. Tərəflər arasındakı imza mərasimindən sonra teatrsevərlərə Braziliya dramaturqu Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur.

  • Arzu HÜSYEN.”Daha bitdi, gözün aydın”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Daha bitdi, gözün aydın.
    Sevindinmi, şad oldunmu?
    Mən hələ bir viranəyəm,
    Sən özün abad oldunmu?

    Yollarımdan gözünü çək,
    Son çırpınış nəyə gərək?
    Ömrümüzün sonunadək —
    Ölüyük, rahat oldunmu?

    Sən məndə bir dərin quyu,
    Lildir, bulanıqdır suyun.
    Mən qurbanlıq qara qoyun,
    Ye, ağzında dad oldummu?

    Tanrı, mən gerçəkmişəmmi?
    De, cəzamı çəkmişəmmi?
    Yetəridək çökmüşəmmi?
    Bəxtimdən azad oldummu?…

  • Banu MUHARREM.”Çoxlarına xüsusilə”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

    Çoxlarının öyündüyü yoxuşdu.
    Çoxlarının göründüyü duruşdu.
    Çoxlarının süründüyü nə xoşdu.
    Çoxlarının etibarı boşdu, boş!

    Çoxlarının sultanlıqdır həvəsi,
    Çoxlarının sözə çatmır nəfəsi.
    Çoxlarının məhəbbətdə qəfəsi,
    Çoxlarının intizarı boşdu , boş!

    Çoxlarının sözü dəyərləndirir.
    Çoxlarının sözü dəyər endirir.
    Çoxlarının sözü diyirləndirir.
    Çoxlarının ixtiyarı boşdu, boş!

    Çoxlarının əqidəsi çolaqdır,
    Çoxlarının rabitəsi qulaqdır.
    Çoxlarının abidəsi ulaqdır.
    Çoxlarının ixtisarı boşdu, boş!

  • Xəyalə SEVİL.”Gedirsənsə, neyləyək, get”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Gedirsənsə, neyləyək, get,
    Yollarını kəsirəm ki?
    Asta-asta ölürəm də,
    Hara tələsirəm ki?!

    Məndən apardığın nədi?
    Bir göstər görüm nəyin var?
    Gözlərimdə, ürəyimdə
    Əcəb, yaxşı ölməyin var.

    Hələ göynəyir sinəmdə,
    Unutmasın yaram səni.
    Qorxuram keçəm səhvindən,
    Yenə bağışlaram səni.

  • Bu gün Su çərşənbəsidir

    Su çərşənbəsi – bərəkət, təmizlik və yenilənmənin rəmzidir

    İnsan yaddaşında bahar təkcə fəslin dəyişməsi deyil, ümidlərin yenidən canlanması, həyatın təzələnməsidir. Günəşin hərarəti artdıqca, sular axdıqca, torpaq isinib nəfəs aldıqca insan da daxilən yenilənir.

    Qədim dünyagörüşünə görə, kainatın və həyatın əsasında dörd ünsür – su, od, hava (yel) və torpaq dayanır. Novruzun gəlişi də məhz bu ilkin başlanğıcların oyanışı ilə əlaqələndirilir.

    Bu il Su çərşənbəsi fevralın 24-nə, Od çərşənbəsi martın 3-nə, Yel çərşənbəsi martın 10-na, Torpaq (İlaxır) çərşənbəsi isə martın 17-nə təsadüf edir. Beləliklə, təbiətin oyanış yolu su ilə başlayır, odla isinib, yellə hərəkətə gəlir və torpaqla tamamlanır.

    Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Su çərşənbəsi ilə bağlı qeydlərini AZƏRTAC-la bölüşüb.

    Su çərşənbəsi – baharın başlanğıcı

    Folklorşünas bildirir ki, Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.

    Xalq yaradıcılığında su müqəddəs başlanğıc kimi təqdim olunur:

    Göydə ulduz ikidir,

    Biri qurdun tüküdür.

    Allah, məni su eylə,

    Su gözəllər yüküdür…

    Suyun gözələ bənzədilməsi, ilahiləşdirilməsi onun müqəddəsliyindən gəlir. Su dünyanın yaranışında əsas rol oynayan ünsürdür.

    Ümumiyyətlə, çərşənbələr adi məsələ deyil, ilin yenilənməsi, dəyişməsi həm də başlanğıcıdır.

    “Yalançı çərşənbələr”

    Atəş Əhmədlinin sözlərinə görə, Novruzaqədərki çərşənbələrin hər biri öz enerjisi və təsiri ilə fərqlənir. Lakin xalq inanclarına görə, hər çərşənbə doğru deyil – fevral ayında qeyd olunan bəzi çərşənbələr “oğru” və ya “yalançı çərşənbə” adlandırılıb. Bunun səbəbi havanın bir anlıq isinməsi, günəşin görünməsi və baharın gəldiyi hissini yaratması olub. Amma ardınca yenidən qar yağır, şaxta düşür və baharın hələ tam gəlmədiyi anlaşılır. Bu çərşənbələr insanları yanıldan, lakin doğru çərşənbələrə aparan keçid mərhələləridir.

    Bölgələrdə Su çərşənbəsi adətləri

    Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Bəzi bölgələrdə isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.

    Axar suya pıçıldanan arzular

    Bu gün də insanlar bulaq başında niyyət tutur, axar suya arzularını pıçıldayır və inamla yenilənməyə çalışırlar. Miflər zamanla dəyişə bilər, lakin Su çərşənbəsinin ruhu – təmizliyə, ruzi-bərəkətə və yeni başlanğıclara inam daim yaşayır.

    İnsanlar bu ənənə ilə yalnız keçmişə hörmət etməyi deyil, gələcəyə ümidlə baxmağı da öyrənirlər. Su çərşənbəsi xatırladır ki, həyatın hər axını, hər başlanğıcı təmiz niyyət və inamla müşayiət olunmalıdır.

    Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

    Su çərşənbəniz mübarək!

    Mənbə: https://azertag.az/

  • Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun
    (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

    Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şair Səməd Vurğunun 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 23 fevral 2026-cı il

    Mənbə: https://president.az/

  • Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib

    Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə İnnsbruk Şəhər Musiqi Məktəbinin direktoru Volfram Rosenberqer arasında musiqi təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova da iştirak edib.

    AZƏRTAC xəbər verir ki, görüş zamanı uşaq və yeniyetmələr üçün musiqi təhsilinin təşkili, peşəkar kadrların hazırlanması, şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Avstriya tərəfləri məktəb səviyyəsində beynəlxalq və yerli müsabiqələrin təşkili, yay və qış musiqi kursları, seminar və vorkşoplar, elmi konfranslar və təcrübə mübadiləsi kimi bir sıra təşəbbüslərin reallaşdırılması barədə səmərəli müzakirələr aparıblar.

    Nazir müavini Murad Hüseynov gənclərin dünyagörüşünün formalaşdırılmasında musiqi təhsilinin rolunu qeyd edib və musiqi məktəblərinin Azərbaycanda böyük ənənələrə malik olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə beynəlxalq təcrübə ilə tanışlıq və fikir mübadiləsi tədrisin aktuallığı və keyfiyyəti baxımında mühüm əhəmiyyətə malikdir.

    V.Rozenberqer rəhbərlik etdiyi məktəb barədə məlumat verib və bildirib ki, İnnsbruk Şəhər Musiqi Məktəbi Avstriyada ən böyük musiqi məktəbidir və şagirdlərin sayı 4700 nəfərdən çoxdur. Məktəb müxtəlif musiqi alətləri üzrə tədris proqramları, simfonik orkestr, caz və rok ansamblları kimi dərnəkləri ilə musiqi təhsilinin geniş spektrini əhatə edən mədəni təhsil müəssisəsidir. Məktəbin proqramlarına klavişli, simli, nəfəs və ritm alətləri, xalq çalğı alətləri, vokal dərsləri və ansambl işi daxildir və bu istiqamətlər üzrə təhsil imkanı məktəbin musiqi mədəniyyətinə aktiv daxil olmasını təmin edir.

    Görüş iştirakçıları uşaqların musiqi bacarıqlarının daha da inkişaf etdirilməsi, məktəb idarəçilik keyfiyyətinin artırılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

    Mənbə: https://azertag.az/

  • AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası “GlobeEdit” akademik nəşriyyatında çap edilib. Monoqrafiyada Azərbaycan postmodern ədəbiyyatı geniş tədqiq obyektinə çevrilərək ictimaiyyətə təqdim edilməkdədir. Kitabda postmodern nəsr, nəzm, dram nümunələri, nəsrə xas fabula və süjet xətlərinə, obrazların açıqlanmasına, postmodern poeziyanın bədii xüsusiyyətlərinə və s. nəzər salınıb.Salidə Şərifovanın nəşr edilən “AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası dörd fəsildən ibarətdir. I fəsil “Postmodern anlayışının yaranması və janr xüsusiyyətləri”, II fəsil “Azərbaycan postmodern nəsri”, III fəsil “Azərbaycan postmodern poeziyası”, IV fəsil “Azərbaycan postmodern dramaturgiyası” adlanır. “Azərbaycan postmodern nəsri” adlı II fəsil “Azərbaycan postmodern nəsrinin bədii xüsusiyyətləri”, “Azərbaycan postmodern nəsrinin fabulası”, “Azərbaycan postmodern nəsrinin süjet xətləri”, “Azərbaycan postmodern nəsrinin obrazları” adlı dörd yarımfəsildən, “Azərbaycan postmodern poeziyası” adlı III fəsil isə “Azərbaycan postmodern poeziyasının bədii xüsusiyyətləri”, “Azərbaycan postmodern dini poeziyası fenomeni” adlı iki yarımfəsildən ibarətdir.Monoqrafik tədqiqat çox yönlü janr imkanları olan ədəbi fenomen kimi Azərbaycan postmodern ədəbiyyatı ilə həm Azərbaycan oxucularına, həm də dünya oxucularına yaxından tanış olmaq imkanı yaradır.

  • Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyasının yeni nəşri işıq üzü görüb. Ədəbiyyat İnstitutu Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayevadır.Monoqrafiyanın “Giriş” hissəsində Əhməd Ağaoğlu XX əsr Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni fikir tarixinin bənzərsiz nümayəndəsi, cəmiyyətin müasirləşməsi haqqında görüşlərinə görə M.F.Axundzadənin layiqli davamçısı olaraq təqdim edilir. Müəllifin fikrincə, M.F.Axundzadənin maarifçilik konsepsiyasında fəal xalq məsələsi öndə dayandığı kimi, Ə.Ağaoğlunun düşüncəsində yetkin millət anlayışı xüsusi önəm kəsb edir. Monoqrafiyanın birinci fəslində Ə.Ağaoğlunun bioqrafiyası zəngin faktlar əsasında təqdim olunur, yazıçının həyatının Şuşa, Tiflis, Paris, Bakı, Ankara və İstanbul dövrü araşdırılır, müasirləri ilə əlaqələrinə ətraflı nəzər salınır. İkinci fəsildə Ə.Ağaoğlunun bədii-fəlsəfi nəsri “Sərbəst insanlar ölkəsində”, “Mən kiməm”, “Tanrı dağında” və “Könülsüz olmaz” əsərləri əsasında tədqiq olunur. Həmin əsərlərdə Ə.Ağaoğlunun türkçülük görüşləri öz əksini tapır. Monoqrafiyanın üçüncü fəslində ədibin Maltada sürgünlükdə qələmə aldığı xatirələri, “Sərbəst firqə xatirələri” və “Altmış yeddi il sonra” memuarları araşdırılır. Müəllifin fikrincə, memuarlar Ə.Ağaoğlunun gerçək obrazının qavranılmasında müstəsna əhəmiyyətə malikdir. Sonuncu fəsildə Ə.Ağaoğlunun epistolyar irsi tədqiq olunur. Onun Maltadan ailə üzvlərinə, habelə Nəriman Nərimanova və müxtəlif illərdə Əli bəy Hüseynzadəyə göndərdiyi məktubların təhlilindən belə nəticə hasil olur ki, yazıçının epistolyar irsi onun xarakterini, zövqünü, baş verən ən mürəkkəb tarixi hadisələrə baxışlarını, siyasi dünyagörüşünü müəyyənləşdirməyə imkan verir. Monoqrafiya Azərbaycan, türk və rus dillərində olan zəngin zəruri bədii və elmi mənbələr əsasında hazırlanıb. Monoqrafiyanın ikinci nəşri Ə.Ağaoğlunun həyatı və yaradıcılıq irsinə böyük maraqla bağlıdır.

  • Xanım ANELA.”Məsafə” (Hekayə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

    Birinci addım: tərketmə

    Güclü hisslərin olduğu yerdə xoşbəxtliyə yer yoxdur. Bəzən düşünürəm, məgər insan yalnız öz hisslərindən zövq alır və bu hissi yaşadığı üçün özünü xoşbəxt hiss edir. Güclü, əlçatmaz məsafəli bir hissi yaşamaqsa hər insana nəsib olmur.

    Məsafə… Əvvəllər bu sözü önəmsəməzdim, lakin indi beynimdə ən çox gəzib-dolanan, məni incidən bir sözə çevrilib – məsafə. Önəmli olan onun yaşamasıdır, səndən uzaq olsa da yaşaması… Bu gün məsafəli sevgiyə bir tamaşaçı gözü ilə baxıb, olanları dərindən hiss edərək düşündüm, sanki özüm yaşayırmışam kimi qəbul edərək…

    İki sevgili, lakin insan deyil, hər gün gördüyümüz, bəzən əhəmiyyət vermədiyimiz ağaclar… Həmin ucqar kəndin kənarındakı torpaq sahəsində bu iki ağacdan başqa ağac gözə dəymirdi. Bu ağacları sahənin yaxınlığındakı evin sahibi əkmişdi. Yay günlərində əkin-biçin işlərində günəşdən daldalanıb kölgəsində dincələcəkdi. Onları yanaşı deyil, aralı – məsafəli əkmişdi. Uzaqdan seyr edə, görə bilirdilər bir-birlərini bu iki kiçik ağac. Amma ümidlərini üzmədən gözləyirdilər. Hər il bir az daha böyüdükcə yaxınlaşırdılar, qol budaqları artdıqca sevinirdilər. Günbəgün, aybaay, ilbəil məsafələri geridə qoyurdular. Ümidlə yaşayaraq, qovuşacaqları günü gözləyərək böyük, yetkin ağac olmuşdular artıq.

         Yaz gəldi, daha da uzadı budaqlar, lakin qovuşmalarına bir yaz daha gərəkdi sevgililərin. Bunun üçün qarlı şaxtalı daha bir qış keçirməli idilər. Ancaq eyni havadan qidalanmaq, bir-birlərinin hər il yaşıllaşıb çiçəkləməyini görmək yetərli idi sanki. Güclü hisslərə sahib olub dilə gətirmədikləri halda bunu hiss etdirə bilirdilər bir-birlərinə sevgililər.

         Sərt qış özünü yetirmişdi. Vaxtilə bu ağacları torpağa qovuşduran evin həyətindən bu dəfə əlibaltalı, mişarlı gənclər peyda oldu hardansa. Tərəddüd eləmədən ağaclardan birini kökündən baltalayıb apardılar… Dilsiz-ağızsız sevgili heç nə deyə bilmədi… Yalnız həmin evin damından çıxan tüstüyə baxıb ağladı səhərə qədər. Çarəsiz və dərdli…

    Zaman öz işini görürdü. Yenə yaz gəlmişdi. Ancaq tək qalan sevgili əvvəlki kimi yarpaqlayıb-çiçəkləməmişdi. Bir həftəyə yaxın idi ki, tənha ağacın kölgəsinə sevgili olan qız-oğlan da ayaq açmışdı. Ağacın üstünü cızıb öz adlarını yazsalar da, tənha ağac ağrı hiss etmirdi. Onu incidən bu iki sevgilini birlikdə xoşbəxt görmək idi. Budaqları yavaş-yavaş quruyurdu. Hər yoldan keçən qurumuş budaqlardan qırıb yerə-göyə tullayırdı. Və yenə qış və yenə o insanlar… Ancaq daha ağlamırdı tənha ağac. Həmin insanları görəndə bu dəfə sevindi. Hər gün ölüb-dirilib əzab çəkməkdənsə, birdəfəlik məhv olmaq, bu əzabdan qurtulmaq istəyirdi. Balta boynuna dayananda son dəfə sevgilisi ilə birlikdə keçirdiyi axırıncı baharı xatırladı və onun üçün də qaranlıq çökdü…

    Bunları düşündükcə məncə insan bircə qənaətə gələ bilər: Ondan uzaqda olsan da, aranızda məsafələr olsa da, onunla eyni kainatı, eyni havanı, eyni hissi paylaşmaqdan xoşbəxtlik hissi duymalısan. O yaşadıqca sən də varsan.

    İkinci addım: qovuşma

    Bəzən təbiətin özü məsafələri yox etmək üçün bizə ikinci həyat, ya da ikinci şans verir…

    …Torpaq sahələrindən birində, bir ailə taxıl səpir, balaca uşaqlarsa oyana bu yana qaçaraq oynayırlar. Gizlənpaç oynayan uşaqlardan biri – balaca qız otların içində gizlənməyə çalışarkən otlardan heç seçilməyən yenicə baş qaldırmış ağacın üstünə oturub onu qırdığının fərqinə varmır. Balaca qız təbiətən ağacları çox sevirdi, amma indi xəbər tutunca çox pis oldu bapbalaca ağacın qırılmağına. Cibindən dəsmalını çıxarıb qırılan budağı yerinə ilişdirib bağladı. Evdən gətirdiyi yer-yeməyin içindən su gətirib ağaccığazın dibinə tökdü.

    Buğda artıq cücərməyə başlamışdı və atası hər dəfə buğdanı suvarmağa gələndə balaca qız da ona qoşulub gəlir, artıq böyümək üzrə olan ağaca qulluq edirdi. Hər qış gələndə donmasın deyə ağacı yaxşıca bükürdü. Aylar dönüb il olurdu. Balaca qız böyüdükcə ağaccığaz da onunla bərabər ilbəil boy atırdı. Artıq balaca deyildi, qollu-budaqlı söyüd olmuşdu. Amma çox tənha idi söyüd… Ətrafında başqa ağac yox idi, ancaq insanlar. Bircə tanıdığı vardı, bu da ona qulluq edən qız idi. Möhkəm dost olmuşdular. Qız günəşdən gizlənəndə onu meh vursun deyə ağac budaqlarını əsdirərdi, yağış yağanda budaqlarını sıxlaşdırıb qızı gizlədərdi. Qız olmayanda budaqlarını kefsiz-könülsüz sallayardı; onu görəndəsə sevincindən yarpaqlarının hamısı xışıldayardı.

    Günlərin birində qız bəyaz gəlinlikdə gəldi ağacın yanına, bu dəfə tək deyildi sevgilisi ilə gəlmişdi. Sevgilisinə ağacını göstərdi, sonra vidalaşıb ağacı öpdü. Sevgilisinin əlindən tutdu və tərəddüd etmədən qayıdıb getdi. Ağac bu gedişin son olduğunu bilirdi və ağlayırdı. Hər budağından, hər yarpağından tökülən yaş damcıları öz köklərinə axırdı, sanki özünə təsəlli verməyə çalışırdı.

    …Gələcəyini ümid edərək gözü yolda qalmışdı söyüdün, ancaq qızdan xəbər yox idi. Ağaca qulluq edəcək, bəlkə də onun varlığından xəbərdar olan başqa heç kim də yox idi. Tənhalığa qərq olmuş ağac günü-gündən qurumağa başladı. Günlərin bir günü bərk tufan qopdu və ağacı kökündən çıxartdı. Qız özünü yetirdi, ancaq artıq gec idi… Ağacının can verdiyini başa düşən qızın sanki ürəyi dağlandı, haldan-hala düşdü. Qəfildən ağacın kök tərəfindən balaca söyüdün cücərdiyini gördü. Gözlərinə sanki işıq gəldi. Bu ikinci həyat, ikinci şans demək idi… Gözünün yaşını silə-silə balaca söyüdü ana kökdən ayırıb özü ilə apardı. Yaşadığı evin həyətinə gətirib ən gözəl guşəsində torpağa basdırdı.

    – İllər keçəcək, böyüyüb anandan da qollu-budaqlı olacaqsan. Biz həmişə birlikdə yaşayacağıq. Uşaqlarımız səninlə, balaca söyüdlərinlə dost olacaqlar, – qız balaca söyüdə pıçıldayıb sevgilisinə sarıldı.

    2013, iyul

  • N.Ə.Həsənzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 18 fevral 2026-cı il

    Mənbə: https://president.az/

  • Xalq şairi Nəriman Həsənzadəyə

    Hörmətli Nəriman Həsənzadə!

    Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.

    Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək, geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız.

    Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləriniz Sizi həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərinizdə müasirlərimizin hiss və düşüncələri öz dolğun bədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olan poema və mənzum pyeslərinizdə keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətləri tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik ruhunda canlandırmısınız. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.

    Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadim kimi səmərəli fəaliyyətiniz Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir.

    İnanırıq ki, milli məfkurəyə sədaqət və mənəvi saflıq aşılayan yaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır.

    Ən xoş arzularla,

    İlham Əliyev

    Azərbaycan Respublikasının

    Prezidenti

    Mehriban Əliyeva

    Azərbaycan Respublikasının

    Birinci vitse-prezidenti

    Bakı şəhəri, 18 fevral 2026-cı il

    Mənbə: https://president.az/

  • RAMAZAN AYININ TƏQVİMİ – 2026

    Qeyd: Mübarək Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilmişdir. Digər bölgələr Mübarək Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləsinlər.

    Mənbə: https://qafqazislam.com/

  • Bu gün Nəriman Həsənzadənin 95 illiyi tamam olur

    Bütün varlığı ilə xalqına bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandır Nəriman Həsənzadə. Millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə ön sıralarda yer alıb.

    AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan poeziyasının, ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən birinin – Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur.

    Nəriman Həsənzadəni xoşbəxt qələm adamlarından hesab etmək olar. Ona görə ki, hər zaman həsrətlə gözlədiyi Qələbə sevincini dadıb. O, tez-tez deyirdi ki, “Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim gedən quşların öz yuvalarına qayıtdığı kimi, Qarabağın qayıdışıdır”. Artıq Xalq şairinin bu arzusu çin olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı yağı tapdağından azad edib.

    Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.

    Xalq şairi 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub, 100-dən artıq şeirinə musiqi bəstələnib.

    Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc edilib. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.

    “Tale mənə şairliyi könül dostu verib”, – deyən şairin qarşıdakı illərdə də əzəli və əbədi “dostu” ilə çox sirdaşlıq edəcəyinə və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcəyinə inanırıq.

    Mənbə: https://azertag.az/

  • Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür

    Əliağa Vahid Azərbaycan poeziyasında qəzəl janrının ən görkəmli nümayəndələrindən və XX əsrin parlaq klassiklərindən biridir. Onun həyatı, yaradıcılığı və ədəbi irsi milli poeziyamızda dərin iz qoyub, bir çox nəsillərə ilham verib. Əliağa Vahid həm klassik şeirin ənənələrini yaşadan, həm də ona yeni nəfəs gətirən sənətkar kimi Azərbaycan ədəbi mühitində həmişə yüksək qiymətləndirilib.

    AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan, Əliağa Vahidin anadan olmasından 131 il ötür.

    “Qəzəl de ki, məşhuri-dövran ola” – Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, – deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əliağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əliağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xəti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

    Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. O, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

    Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

    Mənbə: https://azertag.az/

  • Arzu HÜSEYN.”Səni xatırlamaq istədim bu gün”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Səni xatırlamaq istədim bu gün,
    İllər xatirəmin üstünə kölgə.
    İki yad adamıq, bilirəm, ömrüm,
    Dünyada hər kəsdən tənhayıq bəlkə.

    Səni xatırladım gülüşlərinlə,
    İçimə qəribə ağırlıq çökdü.
    Doldu gözlərimin qəm buludları,
    Getdiyim hər yerə xatirə tökdü.

    Hər yer xatirənmiş, mənsə fikirli,
    Neçə il yaşadım bundan xəbərsiz.
    Sən demə, dünəndə ilişib qalan,
    Qanadı qırılmış xatirəyik biz.

    Ömründə nə idim – sevinc, səadət?
    Yoxsa ki bəxtinə hopan çənmişəm?
    Sən demə, mən səni unutmamışam,
    Təpədən dırnağa xatirənmişəm…

  • Xəyalə SEVİL.Yeni şeirlər (2026)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    * * *

    Onda payızdı havalar,-
    Qış da oldu, yaz da oldu.
    Bitdisə, nə fərqi günah
    Sizdə oldu, bizdə oldu.

    Həsrətin yol yorğunudu,
    Ürəyimə dinc düşübdü.
    Dörd divarın içində
    Mənə bircə künc düşübdü.

    Nədir ki, bu bəlirsizlik,
    Ya tut məni, ya at məni.
    Sənin dalınca göndərsəm,
    Yarıdarmı həyat məni?!

    * * *

    Bir addım irəli, bir addım geri,
    Yenə eyni çıxır yolların sonu.
    Mənə bu havada üşümək qalır,
    Bir də ki, bir də ki, düşünmək onu.

    Təzədən doğulur bu ruh, bu bədən,
    İlahi, silinir yadım, yaddaşım.
    Əlim telefona gedir, qayıdır,
    Görən nə düşünür xəttin o başı?

    Gecənin yarsına qurum saatı,
    Oyanım darıxım, yatım darıxım.
    Bu yaşda ərköyün ruhun başını
    Bilmirəm mən necə qatım… darıxım.

    Ya bir də görməsəm, məni sevməsə?
    Əsən ürəyimdi, yel deyil əsən.
    Mən elə bilirəm səadət odu,
    O nə bilir, necə bilir, görəsən?

  • Banu MUHARREM.”Nə qədər günah tapdım kipriyində, gözündə”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

    Nə qədər günah tapdım kipriyində, gözündə.
    Barmağının izini sildim, təmiz olmadı.
    Silah dodaqlarından ikicə kəlmə atdın.
    Güllələr mat qaldılar, bax gör ölən olmadı?

    Bu ölüm qurtuluşdu,- ölüm qurtuluş deyil.
    Sözlər intihar ipi,- intihar da iş deyil.
    Şeir adlı namələr bir növ bildiriş deyil?
    Mesajlar çoxaldılar ; görüb gülən olmadı.

    Bəzi dərdlər qurumur,insanı dərd qurudur
    Xatırlayandı yaddaş, bir də gördün – unudur.
    İçimə bir qurd düşür,quduzlaşır qudurur-
    Səni o qurdla boğdum, amma, gömən olmadı.

    Könüldən dərd almağı öyrənmədi insanlar.
    Arxada xatirələr dərdlərimə əl sallar.
    Bir sevgi yaşadım ki,şahid oldu nisanlar.
    O sevginin külündə məni görən olmadı?

  • Həyat ŞƏMİ.”İKİ YOXLUQ ARASINDA”

    Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü

    Doğum günümə yazdığım şeir:

    Yenə dolum başladı, yenə yaş üstünə yaş,
    Ömrüm qum saatında əriyir yavaş-yavaş.
    Ruhum inad eyləyən bir uşaq sayağıdır,
    Ürək ki var, dünənin sınıq oyuncağıdır…

    Nə keçmişə əl çatar, nə gələcək bir liman,
    Bircə anlıq işığam, zülməti yırtan zaman.
    Öz içimə qonağam canımın süfrəsində,
    İçim içimi yeyir, bir köç ərəfəsində…

    Nə gələn var, nə gedən, yol mənəm, yolçu mənəm,
    Yol da uzanıb gedir, yolun əlacı mənəm.
    Zaman kor bir dəyirman, üyüdür hər anımı,
    Mən bir toz zərrəsiyəm, bürüyür dörd yanımı.

    Ulduzların dili lal, göy üzü bir dar qəfəs,
    Varlıq — iki yoxluqdan borc alınan bir nəfəs.
    ​Gözümdən sual yağır, mən hara, bu yer hara?
    Sirr mənəm, sirdaş mənəm, kim məni çəkir dara?

    Məkan əbədiyyətin içində bir sancıdır ,
    Varlığım yoxluğumun gecikmiş sevincidir.
    Yer üzü bir aynadır, məni də bağlayarmı?
    Mən sındım, ayna qaldı… Aynalar ağlayarmı?

    09.02.2026

  • Xanım ANELA.”TRANSFORMASİYA”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    – Sara! Qapını aç, Sara!

    – Nə olub, ay qızım? Niyə qapını elə döyürsən? – qonşu qadın öz qapısından təlaşla boylandı.

    – Sara… Saranı görən olub səhərdən? – Fidan qadının cavabını eşitmək üçün səbirsizləndi.

    – Yox… Dünən də görməmişəm. Bir neçə gündür görünmür. Amma sən axı…

    – Hə, mən hər gün gəlirdim… Dünən heç yaxşı deyildi… Telefona cavab vermir, indi də qapını açmır, – deyib barmaqlarını hirslə çeynəməyə başladı.

    ***

    – Hara gedirik?

    – Görmürsən?!

    – Hə… amma…

    Saranın ayağı balaca məzar daşına ilişdi. Niyə bu qədər balaca idi? Boz rəngli məzar daşı. Üstündə balaca bir insan şəkli sanki oyulmuşdu. Çox balaca idi. Qəbir də balaca idi – sanki yeni doğulmuş körpəyə aid idi.

    – Gözlə! – deyə qarşıda gedən rəfiqəsinə çatmağa çalışdı.

    Bu Fidanın səsi idimi? Yox… sanki öz səsi idi. Öz gülüşü. Qarşıda gedən Fidan idi, amma deyildi də. Özünün daha balacaboy, daha yüngül, daha qayğısız variantı. Fidan hündürboy idi axı…

    Qəbiristanlıqda adamlar vardı, amma Sara onların üzlərini seçə bilmirdi. Hamısı sanki siluet idi. Qəbirləri tapdalamamaq üçün diqqətlə addımlayırdı.

    “Atam da burda olmalıdır…” deyə düşündü. “Onun yanına da gedərəm. Amma… mənim məzarım hardadır?”

    – Gəl, – dedi qarşıda gedənə. – Gedək mənim məzarıma. Bir az kənardadır…

    Sara nəhayət ona çatdı. Digər özü gülürdü. Üzündə qəribə bir rahatlıq vardı.

    – Çox kənardayam… Uzaqdayam. Gələ bilməyib heç kim ziyarətə. Baxımsız qalıb məzarım… yəqin…

    Bu sözləri Sara dedi, yoxsa yanındakı “o”? Səsi öz qulağına yad gəldi sanki.

    Ürəyi sürətlə döyünməyə başladı. Əlindəki fotoplyonkanı açıb yenidən burdu, yığdı. Sanki vaxtı geri qaytarmaq üçün mexaniki bir hərəkət edirdi.

    Ayaqları ağırlaşmışdı. Addım ata bilmirdi.

    Yanındakı “özünün” qorxusunu hiss etmiş kimi sakit səslə dedi:

    – Kaş həyat da fotoplyonka kimi geri qaytarıla biləydi… Bu sözləri deyən kimi Sara kürəyindən, tam ürəyinin arxasından bir üşütmə hiss etdi və gözlərini açdı.

    – Sara!

    – Qapını sındıraq!

    – Kənara çəkilin!

    Qapının o biri tərəfindən səslər gəlirdi.

    Sara qalxıb qapını açdı. Fidan onu görən kimi boynuna sarıldı.

    – Çox qorxdum! Çox qorxutdun məni!

    – Mən də… – Sara pıçıldadı və onu qucaqladı. Sanki dünyanın bütün yükü bir anlıq çiyinlərindən götürüldü.

    – Uzun zamandır yata bilmirdim, düşündüm bəlkə dərmandan bir neçəsini içsəm… o da belə oldu…

    – Bir neçəsini? Yəni nə qədərini? Qorxutma məni!

    – Narahat olma, canıma qıyacaq qədər aciz deyiləm…

    Fidan səhərdən qapını döydüyünü, qonşuları yığdığını, nə qədər nigaran qaldığını danışırdı. Sara dinləyirdi. Amma əslində hələ də yuxunun içində idi.

    O, günlərlə yeməkdən-içməkdən kəsilən, evdən çıxmayan Sara deyildi sanki.

    Asta-asta özünü topladı. Duşa girib çıxdı. Saçlarını qurudub səliqəyə saldı. Özünə yaşıl çay dəmlədi.

    Fidan ona qəribə baxırdı.

    – Sən yaxşısan?

    – Hə. Yaxşıyam. Daha da yaxşı olacağam, – dedi Sara.

    Sonra birdən ciddi bir ifadə aldı.

    – Seminarım var.

    – Nə seminar? Nə danışırsan sən? Bu halda?

    – Halıma nə olub ki?

    – Sara…

    – Qalx! Çox işimiz var – etiraz etməsin deyə Fidanın sözünü kəsdi.

    Yaşıl çayından son bir qurtum alıb fincanı masaya qoydu və qapıya doğru qətiyyətlə addımladı.

    ***

    Sara auditoriyaya daxil olan kimi gecikdiyinə görə üzr istədi. Səsi sakit idi. Hətta həddindən artıq sakit.

    Kürsüyə keçdi. Zal demək olar ki, dolu idi.

    Seminar gedirdi. Sara auditoriya ilə diqqətlə danışır, suallara cavab verir, məsələlər üzərində düşüncələrini paylaşırdı. Səsi sakit, ritmi nizamlı, amma hər sözündə auditoriyanı düşündürən bir enerji vardı.

    Seminarın sonuna yaxın Sara üzünü yenidən auditoriyaya tutdu. Bir anlıq dayandı, baxışları zalın hər küncünü süzdü, sonra sakitcə dedi:

    – İndi isə bir nümunə ilə mövzunu bir az daha aydınlaşdırmaq istəyirəm… Bir yuxu haqqında danışacağam. Təbii ki, anonim bir nümunədir.

    (Anonim.)

    Özü bu sözə içində acı-acı gülümsədi. Sonra yuxunu gördüyü kimi danışdı.

    – Qəbiristanlıq… Qəbiristanlıqda çox adam var, amma heç kimin üzü seçilmir. Sanki hamı var, amma heç kim yoxdur.

    (İzdiham içində tənhalıq…)

    – Bu çox tipik simvoldur. Üzlərin görünməməsi insanın öz emosiyalarından dissosiasiya etməsini göstərir. Yəni, hiss var, amma əlaqə yoxdur.

    Əlləri masanın üstündə sakit dayanmışdı. Heç kim onun barmaqlarının titrədiyini görmürdü.

    – Daha sonra yuxuda balaca bir məzar görünür. Ölçüsü uşaq məzarı kimidir.

    Zalda bir neçə nəfər qeydlər apardı.

    – Bu, əksər hallarda uşaqlıq travmasına işarədir. İçimizdə basdırdığımız “uşaq mən”. Biz böyüdükcə onu susdururuq. Güclü olmaq üçün. Tərk edilməmək üçün. Sevilmək üçün.

    (Sevilmək üçün nə qədər dəyişdin, Sara?)

    – Yuxudakı ata fiquru. Yuxunu görən şəxsin atası illər əvvəl dünyasını dəyişmişdi. Köhnə “mən” onun ölümünü tam qəbullanmayıb, bir hissəsi hələ itki ilə barışmamışdı. Yuxuda onun yoxluğu göstərir ki, qorunma və dəstək ehtiyacı artıq fiziki deyil, daxili prosesdir. Yeni “mən” bu yuxuda həm uşaqlıq travmasını, həm də atanı itirməyi qəbul etməyə başlayır. Bu, transformasiyanın bir hissəsidir – köhnə və yeni versiyalar arasında inteqrasiya.

    (Bilirəm… qəbul etməliyəm… barışmalıyam… Səni çox sevirəm, ata!)

    – Yuxudakı digər detal – insanın öz məzarını axtarmasıdır.

    Bir anlıq susdu. Zalda qəribə bir sakitlik yarandı.

    – Öz məzarını axtarmaq nə deməkdir? Bu, köhnə identikliyin artıq funksiyasını itirdiyini göstərir. Psixika deyir ki: “Bu versiya artıq yaşaya bilmir.”

    (Köhnə Sara… sən hələ də burdasan.)

    – Maraqlı məqam odur ki, yuxu görən şəxs o məzarın “kənarda” olduğunu deyir. Uzaqda. Ziyarət olunmayan. Baxımsız.

    Səsi bir az yavaşladı.

    – Bu, çox vaxt insanın öz ehtiyaclarını illərlə ikinci plana atmasının nəticəsidir. Özünü kənara qoymaq. Özünü tərk etmək.

    (Səni yalnız o tərk etməyib. Sən özünü daha əvvəl tərk etmişdin.)

    Sara nəfəsini dərindən aldı.

    – Bir başqa simvol isə fotoplyonkadır. Həyatı geri qaytarmaq istəyi. Keçmişə müdaxilə etmək arzusu. Bu, kontrol ehtiyacıdır. Çünki dəyişiklik qorxuludur.

    (Köhnə versiyanı buraxmaq daha qorxuludur.)

    Zaldan bir tələbə əl qaldırdı:

    – Bəs belə yuxu görən insan nə etməlidir?

    Sara ona baxdı. Baxışları sakit idi. Amma içində bir şey qırıldı.

    – Qəbrin üstünə torpaq atmaq yox – onun qarşısında dayanmaq lazımdır, – dedi. – Qorxmadan baxmaq. Üzləşmək. Yas tutmaq. Çünki transformasiya silmək deyil. Transformasiya qəbul etməkdir.

    Bir neçə saniyəlik sükutdan sonra davam etdi:

    – Hər dəyişimin içində kiçik bir ölüm var. Amma bu ölüm fiziki deyil. Bu, köhnə “mən”in ölümüdür.

    (Köhnə Sara, sən həqiqətən ölməlisən?)

    Səsi yenidən sabitləşdi.

    – Əgər belə bir yuxu görsəniz, bilin ki, beyniniz sizi qorxutmur. Hazırlayır. Bəli, hazırlayır. Nəyə? Bəzən insanın tutmalı olduğu ən ağır yas – başqasına yox, öz köhnə versiyasına tutduğu yasdır.

    Sara lövhəyə tərəf döndü.

    Markerı yenidən əlinə aldı.

    “TRANSFORMASİYA” sözünün altından xətt çəkdi və altına yazdı:

    Qəbul.

    Yas.

    Buraxmaq.

    Sonra bir anlıq dayandı və əlavə etdi:

    – Yeni identiklik seçimi.

    Arxaya çəkildi.

    – Transformasiya bir seçimdir.

    Zalda qəribə bir hərəkətlilik yarandı. Seminar bitmişdi, amma heç kim tələsmirdi. Bir neçə nəfər yaxınlaşıb sual verdi. Biri qeyd etdiyi fikri dəqiqləşdirmək istədi. Digəri şəxsi bir vəziyyətindən danışdı. Sanki hamının içində danışılmamış bir “məzar” var idi.

    Sara hamısını dinlədi. Gülümsəyərək qısa, konkret cavablar verdi. Əvvəlki kimi emosional deyil, amma məsafəli də deyildi.

    Zal tədricən boşaldı. Fidan ona yaxınlaşdı.

    – Saram… başqa cür idin bu gün, – dedi.

    Sara çantasını açıb kağızlarını səliqə ilə yerləşdirdi.

    – Mən də hiss etdim, – dedi sakitcə.

    Telefonu çantaya qoymaq istəyəndə ekran işıqlandı. Buraxılmış zəng – “Sevgim”

    Telefon yenidən titrədi. Fidan baxışlarını ondan çəkmirdi.

    – Odur? – deyə astadan soruşdu.

    Sara cavab vermədi. Sakitcə ekrana baxırdı. Barmağı isə tam ortada idi – nə yaşıl, nə də qırmızı düymədə. Zəng susdu. Sara bir anlıq dayandı. “Sevgim” adını sildi. Sonra adsız nömrəni qara siyahıya əlavə etdi və telefonu çantasına qoydu.

    – Gedək? – dedi.

    Fidan nə deyəcəyini bilmədi. Sadəcə başını tərpətdi.

    Onlar birlikdə auditoriyadan çıxdılar.

    Lövhədə hələ də bir söz qalırdı: TRANSFORMASİYA. Və ilk dəfə idi ki, bu söz Sara üçün nəzəri termin deyildi.

  • Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb

    Milli Kitabxanada ənənəvi olaraq oxu mədəniyyətinin təşviqi, kitaba sevginin aşılanması və cəmiyyətdə paylaşma dəyərlərinin gücləndirilməsi məqsədilə “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ənənəvi sərgidə oxu mədəniyyəti və kitabın cəmiyyətdəki rolu, söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirlər, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, uşaqlar və gənclər üçün nəzərdə tutulmuş maarifləndirici kitablar, Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

    Virtual sərgidə fotolar Ulu Öndər Heydər Əliyevin söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirləri, hər il ənənəvi şəkildə Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar keçirilən tədbirlər haqqında materiallar, kitab marafonu, kitab və oxu mədəniyyəti, kitab çapı və s. haqqında ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

    Mənbə: https://azertag.az/

  • Oxumaq gözəldir, paylaşmaq daha gözəl – Beynəlxalq Kitab Bağışlama Günü

    Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır.

    Kitab bir nəslin digər nəslə qoyub getdiyi ən qiymətli mənəvi mirasdır. Bir kitab bəzən bir qərarı dəyişir, bir düşüncəni formalaşdırır, bir taleyə istiqamət verir. Kitabı paylaşmaq isə oxumaqdan daha dərin təsir yaradır – yeni oxucuların dünyagörüşünə işıq tutur, insanları ortaq dəyərlər və düşüncələr ətrafında birləşdirir.

    AZƏRTAC xəbər verir ki, 14 fevral tarixi kitab oxumağın və paylaşmağın insanları birləşdirən gücünü vurğulayır, bilik və mütaliəyə sevgini təşviq edir.

    Beynəlxalq Kitab Bağışlama Günü (“International Book Giving Day”) ilk dəfə 2012-ci ildə ABŞ-da kitabsevərlər tərəfindən qeyd olunub. Təşəbbüsün müəllifi məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurdur. Maraqlıdır ki, ideya ona balaca oğlunun sadə, amma düşündürücü sualından sonra yaranıb: niyə insanların bir-birinə kitab bağışladığı xüsusi bir gün yoxdur?

    2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan Britaniyaya, Hindistandan Yeni Zelandiyaya qədər müxtəlif ölkələrdən olan blogerlər bu çağırışa qoşularaq günü “Uşaqlara Kitab Bağışlama Günü” kimi qeyd etməyə dəvət ediblər. Qısa zamanda təşəbbüs geniş yayılıb və 14 fevral dünyanın bir çox ölkəsində kitab sevgisini paylaşmaq üçün xüsusi tarixə çevrilib.

    Bu gün hər kəs üçün sadə, amma mənalı bir çağırışdır: sevdiklərinizə və ya ehtiyacı olanlara kitab hədiyyə edin, bilik və hekayələri paylaşın. Çünki hər bir kitab yalnız bir oxucuya deyil, cəmiyyətə də işıq saçır, insanları yaxınlaşdırır və gələcək nəsillərə mədəni sərvət kimi ötürülür.

    Mənbə: https://azertag.az/

  • ABC Academiy-nin həmtəsisçisi Aqil Əliyevi doğum günü münasibətilə təbrik edirik! (13 fevral 1988-ci il)

    Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi, Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin məzununu, ADA Universiteti Qazax Mərkəzinin magistrantını, ABC ACADEMY-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçini ƏLİYEV AQİL SƏFAİL OĞLUNU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir!

    Ən qısa zaman kəsiyində minlərlə insanın həyatını yaxşılığa doğru dəyişməyi bacaran, Müəllim və müdavimlərə, abituriyentlərə təmənnasız olaraq dəstək olan, Ən şərəfli peşənin nümayəndəsi-MÜƏLLİM olduğunuz üçün Sizinlə qürur duyuram, fəxr edirəm. Nə yaxşı ki, varsınız! Uca Allah Sizi qorusun! Allah güc versin!

    Ay Aqil müəllim!

    Sevimli müəllimim Aqil Əliyev üçün 

    Yazmadım bir şeir qalsın izimçün,
    Bulmadım dərman da mən də dizimçün,
    Görən, dəyişərmi hökmün bizimçün,
    Yenə də kainat, ay Aqil müəllim?!

    Şairin gözünə xəzəl göründü,
    Aşığın sazında qəzəl göründü,
    Bu həyat dünyadan gözəl göründü,
    Yaxşı ki, var həyat, ay Aqil müəllim!

    YAĞMUR da, İNCİ də güldü*, çiçəkdi,
    Sinədə döyünən böyük ürəkdi,
    De nəyə gərəkdi, nəyə gərəkdi,
    Bu qədər zarafat, ay Aqil müəllim?!

    Dərin hörmət və ehtiramla,
    Kənan Aydınoğlu,
    Bakı şəhəri. 13 noyabr 2024-cü il.

    *gülmək mənasında işlənib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi.

  • Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib

    Gürcüstanda maarif fədailərimizdən olan, soydaşlarımızın elmə, biliyə, təhsilə marağının artmasında xüsusi rolu olan Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi və “Axtaracaq ellər məni” şeirlər kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Gürcüstanda tanınmış elm adamları, aşıqlar, söz, saz ustadları, ziyalılar iştirak ediblər.

    GAK sədri Hüseyn Yusubov qonaqları salamlayaraq Xəlil Hüseynovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

    Daha sonra çıxış edənlər – X.Hüseynovun müəllim yoldaşları, dərs dediyi və hazırda Gürcüstanın müxtəlif bölgələrinə pedoqoji sahədə, eləcə də dövlət orqanlarında çalışan insanlar, aşıqlar yubilyar barədə xoş təəssüratlarını bölüşüb, onun şeirlərindən parçalar söyləyib, mahnılar ifa ediblər.

    Sonda Xəlil Hüseynov çıxış edərək yüksək təşkilatçılığa görə Gürcüstan Azərbaycanlıları Konqresinə təşəkkürlərini bildirib.

    Qeyd edək ki, X.Hüseynov Gürcüstanda doğulub, Azərbaycanda ali təhsil aldıqdan sonra yenidən Borçalıya qayıdıb. Burada gənc nəslin yetişməsində, eləcə də şeirin, mədəniyyətin, saz sənətinin inkişafında misilsiz xidmətlər göstərib. Onun şeirlərində Vətənə, xalqa, insana sevgi, məhəbbət hər zaman özünü göstərir.

    Xətayi Əzizov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tbilisi

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Memarlar İttifaqı WUF13-də iki böyük sərgi ilə təmsil olunacaq

    Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana təxminən 20 minə yaxın qonağın gəlməsi gözlənilir. Tədbirdə çoxlu sayda beynəlxalq təşkilatlar iştirak edəcək. Həmçinin Memarlar İttifaqına bir sıra ölkələrin müvafiq qurumları və peşəkar birlikləri müraciət edərək forumda iştirak üçün qeydiyyatla bağlı dəstək istəyiblər və bu istiqamətdə işlər aparılır.

    Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Əməkdar memar Elbay Qasımzadə söyləyib.

    “Tədbirdə iştirakımız müxtəlif formalarda nəzərdə tutulur. Əlbəttə ki, bir neçə paneldə Azərbaycan Memarlar İttifaqının əsas nümayəndələri spiker qismində çıxış edəcək və müzakirələrə qoşulacaqlar. Bununla yanaşı, iki böyük sərginin də hazırlığını aparırıq. Birinci sərgi Azərbaycan memarlıq irsinə həsr olunacaq. İkinci sərgi isə müasir dünya memarlığını əhatə edəcək. Bildiyiniz kimi, artıq yeddi dəfə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini keçirmişik. Bu müsabiqədə 50-yə yaxın ölkədən 275 layihə təqdim olunub və yeddi nominasiya üzrə 21 qalib seçilib. Hazırda bu illər ərzində keçirilmiş müsabiqələrin bütün qalib işlərindən ibarət genişmiqyaslı bir sərgi hazırlanır və həmin işlər WUF13 çərçivəsində nümayiş olunacaq. Bu sərginin əsas məqsədi dünya ictimaiyyətinə Azərbaycanın təkcə sənaye və iqtisadi sahələrdə əldə etdiyi nailiyyətləri deyil, həm də memarlıq və şəhərsalma sahəsində də beynəlxalq mərkəz kimi qəbul olunduğunu göstərməkdir”,- deyə Memarlar İttifaqının İdarə Heyətinin sədri bildirib.

    Mənbə: https://azertag.az/

  • “İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb

    “İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi çap olunub.

    AZƏRTAC xəbər verir ki, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı jurnalın alman dilindəki yeni nömrəsinə yazdığı “Ön söz”də ilk növbədə Azərbaycanın getdikcə artan nüfuzundan bəhs olunur.

    Bildirilir ki, işğal olunmuş ərazilərimizin Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik bacarığı sayəsində azad edilməsi, Qarabağda aparılan bərpa işləri, böyük qayıdış prosesi istər bölgədə, istər də dünyada Azərbaycanın siyasi, iqtisadi və geopolitik mövqeyinin güclənməsinə gətirib çıxarıb. COP29 iqlim konfransının Bakıda uğurla həyata keçirilməsi, təkcə bölgədəki ölkələrin deyil, həmçinin ABŞ-ın da ciddi şəkildə dəstəklədiyi Zəngəzur dəhlizinin açılması yolunda görülən işlər, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulmuş 5+1 layihəsinə qoşulması da ölkəmizin çəkisini daha da artırıb və onun Avropa və Asiya arasında enerji təchizatı və yük daşınması istiqamətlərində ən mühüm iştirakçılardan birinə çevirməkdədir.

    Jurnalın daimi müəlliflərindən olan Andrey Vasilyevin məqaləsində 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə, Qarabağın işğaldan azad olunması yolunda Prezident İlham Əliyevin rəhbərliyi altında görülən mühüm bir hadisə kimi qiymətləndirilir. Sonra da publisist qeyd edir ki, bununla belə Yuxarı Qarabağda silahlı separatçı dəstələrin hələ də qalması bütün bölgə üçün təhlükə mənbəyi idi. Məhz 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük antiterror əməliyyatı separatçı rejimin mövcudluğuna son qoydu. Azad olunmuş Qarabağda aparılan bərpa və quruculuq işləri də məqalənin mühüm məqamlarındandır.

    Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılması ənənəvi olaraq “İRS-Erbe” jurnalının mühüm istiqamətlərindən biridir. Bu nömrədə də həmin mövzuda bir neçə məqalə dərc edilib. Professor Ataəmi Mirzəyevin “Füzuli: söz mülkünün sultanı” məqaləsi böyük Azərbaycan şairinin əsərlərinə, yaradıcılığının fəlsəfəsinə, onun Yaxın Şərqə və türkdilli ölkələrə, onların mədəniyyətinə və ədəbiyyatına göstərdiyi təsirə həsr edilib.

    Alman müğənnisi Dagmar Kuhn “Yaxın Şərqlə Qərb arasında: mənim Azərbaycan musiqisi ilə qarşılaşmalarım” məqaləsində ilk dəfə Almaniyada Azərbaycan musiqisinin ifasını eşidəndən sonra onunla dərindən maraqlanmasından, musiqimizin tarixi, görkəmli bəstəkarlarımız və ifaçılarımız haqqında məlumat toplamasından yazır. Amma bununla kifayətlənməyən alman müğənni bir neçə Azərbaycan mahnısını öyrənməyə qərar verir və onları bu günə qədər müxtəlif konsert və tədbirlərdə ifa etməkdədir.

    Mədəniyyət mövzusunda olan daha bir məqalə Mirzə Qədim İrəvaninin rəssamlıq fəaliyyətinə həsr edilib.

    Arxitektor Aygün İmanova Azərbaycandakı alman məskənlərinin (1818-1941) tarixindən qısaca bəhs etdikdən sonra onlardan biri olan və bu gün Çinarlı adlanan tarixi Georgsfeld qəsəbəsi və onun arxitekturası haqqında geniş məlumat verir.

    Faiq Nəsibovun Avstriya vətəndaşı Alfred Vakano haqqındakı yazısı bu almanın Oktyabr inqilabından əvvəl Rusiyada yaratdığı firmasının nəzdində Bakıda açmış olduğu pivə zavoduna həsr olunub.

    İnanırıq ki, “İRS-Erbe” jurnalının növbəti nömrəsi də alman oxucularının geniş marağına səbəb olacaq.

    Mənbə: https://azertag.az/

  • “Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib

    Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramını elan edib.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

    Bildirilib ki, proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaqdır. Seçilmiş iştirakçılar layihələrini strukturlaşdırmaq və gücləndirmək, onları təqdimata hazır vəziyyətə gətirmək imkanı əldə edəcəklər. Ustad dərsləri və mentorla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələr inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunacaq, eyni zamanda, iştirakçılar beynəlxalq film peşəkarları ilə şəbəkələşmə imkanı qazanacaqlar.

    Layihəyə azərbaycanlı prodüser və rejissor olaraq komanda halında, inkişaf mərhələsində olan tammetrajlı bədii film layihələri ilə müraciət edə bilərlər (seçilmiş layihənin ssenari müəllifi dinləyici kimi qoşula bilər). Rejissor layihənin müəllif hüquqlarına sahib olmalıdır (ssenaristin razılığı tələb olunur). Təlimin dili ingilis dili olduğu üçün layihəni təqdim edən heyətin (rejissor və prodüser) ingilis dilini bilməsi şərtdir (ən azı bir nəfərin) və bütün materiallar ingilis dilində təqdim olunmalıdır.

    Bu, bədii tammetrajlı film layihəsi üzərində işləyən, loqlayn, sinopsis və tritmenti olan kinematoqrafçılar üçün nəzərdə tutulan bir həftəlik inkişaf proqramıdır. Təlim müddətində iştirakçılara loqlayn, sinopsis və tritmentin inkişafı məqsədilə intensiv dərslər və təkbətək görüşlər keçiriləcək, layihə təqdimatı və pitçinq bacarıqları inkişaf etdiriləcək.

    Müraciət etmək istəyənlər bütün məlumatları ingilis dilində, 1 PDF faylında (faylın adı müraciətçinin öz adı ilə adlandırılmalıdır) info@aki.az email ünvanına “Şərq-Qərb Kino Lab” başlığı ilə göndərməlidirlər.

    Layihəyə müraciət martın 5-də yekunlaşır. Təlimlər aprelin 8-14-də baş tutacaq. Pitçinqdə qalib olan layihələr onların inkişafı etdirilməsi məqsədilə texniki, maddi və təşkilati dəstək alacaqlar.

    Mənbə: https://azertag.az/

  • İsmayıl Hüseynovu doğum günü münasibətilə təbrik edirik! (8 Fevral)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi, bütün kollektivi Sizi, Gəncə Dövlət Universitetinin Fiologiya fakültəsinin məzununu, MHM Tədris Mərkərinin əməkdaşını, “Ən mədəni Azərbaycan dili və ədəbiyyatı müəllimi” İsmayıl HÜSEYNOVU doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

    Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 76-cı ildönümü tamam olur.

    Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa, ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

    Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünün sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə “Muğam” televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

    Böyük ustad Ağaxan Abdullayev 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

    Ağaxan Abdullayevin sənəti əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanı

    Mənbə: https://azertag.az/

  • Bütün nəsillərin müasiri

    Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 108-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub.

    Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. Çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər ekran əsərlərinə musiqi bəstələyib.

    Qara Qarayev həm də böyük pedaqoq idi. O deyərdi: “Şagirdlər bizim ən ciddi hakimlərimizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir”. Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, şair təbiətli əbədi romantik, bəzən Don Kixot, bəzən də Sirano kimi yaşayır.

    “Doğum günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən… Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə hər zaman səslənən musiqisidir”, – deyir oğlu Fərəc Qarayev.

    Ruhun şad olsun, Maestro!

    Mənbə: https://azertag.az/

  • Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

    Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayır.

    AZƏRTAC xəbər verir ki, festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilir.

    2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq ikinci ildir ki, qışda da təşkil edilir.

    Festivalın keçirildiyi 4 gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim ediləcək. Müxtəlif musiqi zövqlərinə uyğun konsertlər təşkil olunacaq: vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz, Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri soyuq qış fəslini rəngləndirəcək.

    “Qış nağılı”nın birinci günü dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunacaq. Səhnədə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.

    Fevralın 6-da isə festivalın təntənəli açılış mərasimi olacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Əməkdar artist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) çıxış edəcəklər. Həmin gecə Cakomo Puççini, Coakino Rossini, Cüzeppe Verdi, Frans Leqar, Musa Mirzəyev və digər Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

    Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. Budəfəki festival da bu mənada istisna deyil. Belə ki, fevralın 7-də Qəbələdə Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcəklər.

    Fevralın 8-də isə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının bağlanışı mərasimi olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.

    Beləliklə, dörd gün ərzində Qəbələ növbəti dəfə musiqisevərlərə unudulmaz “Qış nağılı” bəxş edəcək.

    Mənbə: https://azertag.az/

  • Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.
    Diplomatı salamlayan nazir Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
    Adil Kərimli dövlət tərəfindən ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini deyib.Görüşdə bu il ölkəmizdə yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.

    Mənbə: https://culture.gov.az/

  • Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.

    Qanunvericiliyə edilən dəyişikliklərə əsasən:

    “Tarix və mədəniyyət abidələri” sözləri “mədəni sərvətlər” sözləri ilə əvəz edilərək anlayışlarda dəqiqləşdirilmə aparılmış;

    Beynəlxalq təcrübə nəzərə alınaraq  daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalar  fərqləndirilmiş;

    Mədəni sərvətlərə münasibətdə “korlama” və “məhv etmə” əməllərinin və mütənasib olaraq həmin əməllərə görə tətbiq edilən cəzalar fərqləndirilmiş;

    Mədəni sərvətlər ilə bağlı cinayət əməllərinə görə hüquqi və vəzifəli şəxslərin də cinayət məsuliyyəti müəyyən edilmiş;

    “Mədəni sərvətlərin ehtiyatsızlıqdan məhv edilməsi” əməlinin cinayət məsuliyyətinə səbəb olması müəyyən edilmiş və Cinayət Məcəlləsinə müvafiq maddə  (246-1) əlavə edilmiş;

    Mədəni sərvətlərin korlanması və məhv edilməsi üzrə əməllər birmənalı şəkildə cinayət məsuliyyətinə səbəb olması ilə bağlı İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə əlavə edilmiş;

    İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 231.3-2-ci maddə əlavə edilmiş;

    Yalnız xüsusi mühafizə dərəcəsi tətbiq olunan deyil, dövlət tərəfindən mühafizə olunan bütün mədəni sərvətlərə qarşı törədilən əməllərə tətbiq olunan sanksiyalar proporsionallaşdırılmışdır.

    Qeyd edək ki, yeni qaydalar mədəni irs xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qorunmasının hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyəti olduğunu bir daha vurğulayır.

     Bu sahədə hüquqi məsuliyyətin gücləndirilməsi isə mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisidir.

    Mənbə: https://culture.gov.az/

  • 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilsin:

    Ağadadaşov Sərxan Əbülfət oğlu
    Ağayev Şahmar Zöhrab oğlu
    Həsənova Elmina Qəhrəman qızı
    Həsənova Leyla Elçin qızı
    İsmayıllı Aynur Telman qızı
    İsmayılov Mahmud Azər oğlu
    Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı
    Məmmədova Lamiyə Famil qızı
    Novruzov Səməd Əbülqasım oğlu
    Tağızadə Mahir Tahir oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 yanvar 2026-cı il

    Mənbə: https://president.az/

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (2026)

    QALDI Kİ?

    Dindirmirsən yenə məni-
    yar, səbəbi nə oldu ki?
    Sındır hicran çəpərini-
    o getdiyin nə yoldu ki?

    Boş keçir ömrün zamanı,
    zülmət söndürür yananı,
    eşitdin hansı yamanı-
    “ağıl verən” kim oldu ki?

    Zaman uzun- ömür gödək,
    güc gəlir dartana-yedək,
    Haqqı kimə ümid edək-
    əmanət yeri vardı ki?!

    Çönübdür çarxı cahanın,
    sönməkdə şamı zamanın,
    hara gedək? Bu Dünyanın
    salamat yeri qaldı ki?

    DÜNYA YENİDƏN QURULUR…

    Zəhərlə doldu “külqabı”,
    otağım tüstüylə dolur;
    hər şeyin çıxır xarabı-
    Dünya yenidən qurulur,

    Dünya yenidən qurulur-
    dadı qaçır ədəbin də,
    qitələr sınıb-qırılır
    “Super güclərin” əlində,

    Dünya yenidən qurulur-
    duyulmur məzlum gileyi,
    puç olur, sınır, dağılır
    xırda xalqların taleyi,

    Dünya yenidən qurulur;
    yer yox həşirə- haraya,
    Tanrı, çarə qıl, nə olur-
    qoyma Sənin qurduğunu
    insan bildiyitək qura…

  • Qırmızı yuxuların qırmızı sonu… (Azadə Novruzova – 50) – Lütviyyə ƏSGƏRZADƏ

    Qədim yunan şairi Horatius öz əsərinə: “Haydı, get, sən artıq mənim deyilsən!”, – deyə xitab edirmiş. Yəni yazılan əsər artıq onun deyil, hər kəsindir. Şairlər çoxdur. Və onların işi şeir yazmaqdır. Lakin nə şairlər bir-birinə bənzəyir, nə də yazdıqları şeirlər. Bu gün haqqında bəhs edəcəyimiz Azadə xanım Novruzova da həm şair olaraq fərqlidir, həm də yazdığı şeirləri ilə. Düşünürəm ki, “Ovunmayan həsrət”, “Sən mənim ağ kitabım” adlı əsərlərini xalqın ixtiyarına verən Azadə xanımın yaradıcılığı haqqında söz demək hüququmuz var.

    Hər yaradıcı insan öz doğulduğu, böyüdüyü mühitin övladıdır, – deyirlər. İstedadlı şair-publisist Azadə xanım Novruzova Qarabağ mühitinin övladıdır. Azərbaycanın qədim zəngin tarixi keçmişə malik olan Zəngəzur mahalında, Şəki kəndində anadan olub. Uşaqlıqdan saza, sözə sevdalanıb.

    Uşaqlıqdan saza, sözə mehr-məhəbbətlə böyüyən, “Başsarıtel”in, “Ruhani”nin ecazında ruhu, bəlkə min yol ərşi-fərşi dolanıb-gələn, sözün və sazın sehrinə, ovsununa bələnən Azadə xanımın şeiriyyəti də gücünü Haqdan alıb. “Yerlə-göylə əlləşib, sevib-sevilib, öz-özünə küsüb-barışıb, özünü yada salıb, təkrar-təkrar yazıb-pozub, susub, danışmayıb”. Bəlkə elə ona görə qələmə sevdalanıb. Susub danışmadıqlarını, kimsəyə anlada bilmədiklərini, yerlə göy arasındakı “spiritual” ruhani duyğularını sözlərə pıçıldayıb:

    Sən hardan biləsən….

    Küsüb öz-özünə barışmaq nədir?!

    Susmaq…

    danışmamaq nədir?

    Özünü yada salmaq

    təkrar-təkrar yazmaq, pozmaq

    ürəyi durmamaq nədir?

    Yerdə göylə, göydə yerlə əlləşmək

    Sevmək, sevmək, sevmək nədir?

    Allahın evində birdən…

    Səndən darıxmaq nədir?

    Üzü göylərə olan, ruhu yerlə göy arasında dolaşan şairə bəzən özünü yerdə qərib hiss edir, təkliyin sonuna varmaq istəyir: “Qəribəm, qalmışam yer-göy arası / Çək apar, təkliyin sonuna məni”. Qeyd edək ki, “təkliyin sonu”, çoxluğun vəhdətidir. Bizə əmanət verilən ruhumuzun (zərrənin) vaxtı gələndə mütləqə qovuşacağını bilənlər üçün yer həyatı müvəqqətidir. Əbədi məkan ruhumuzun aid olduğu yerdir. Azadə xanımın şeirlərindəki yolçuluğun ünvanı yerlə göy arasıdır. Şairlər üçün Yerlə Göy arasında nələr yoxdur ki… Yerin Göyü, Göyün Yeri var. Göylər aləmi əngin mavi səması, Günəşi, Ayı, ulduzları ilə möhtəşəm gözəlliyə büründüyü halda, Yerdə sonu bitməyən nağıllarla, sınaqlarla, imtahanlarla dolu bir həyat var. Bu həyat “Yeri-göydən, göyü-yerdən asılı dünyanın, gecə-gündüz davasıdır. Bu həyat insanların kəndirini kəsənlərin və insanları kəndirdən alanların “ağ qoçla qara qoçun” savaş meydanıdır: “Nəhayətdə ağ qoçu qara qoçun yenən…/ Quyuda kəndiri kəsilən Yusifin gerçək nağılı,/Sonun bilmədiyin eniş-yoxuşdur bu həyat”.

    Ağ-qaradan ilmə-ilmə toxunub

    Yeri-göydən, göyü-yerdən asılı dünyanın

    gecə-gündüz davasıdır bu həyat.

    Sınaqdır, imtahandır, görkdür bu həyat.

    Sirr dolu ehram

    Vardan-yoxdan ün-səda.

    Küllün təki

    Haqdan paydır bu həyat.

    Alman filosofu İ.V.Höte yazır ki, “İnsan özünü ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər”. Şeirlərində “Gözünü yumub, mənəvi dünyasına boylanan” Azadə xanım bir çox şeylərə açıqlıq gətirir. Şairənin “Bir qırmızı çiçəyə dönüb, yavaş-yavaş solan” quşa dönüb uçan ruhu dünyanı, sonu olmayan göyləri dolaşır:

    Gözümü yumub,

    İçimə boylanıram.

    Bir qırmızı çiçək oluram,

    Yavaş-yavaş soluram.

    Gedirəm, elə hey gedirəm axırıma,

    Bir dağın başında quş oluram.

    Uçuram, elə hey uçuram.

    Göylərin sonu yox,

    Göylərdə heç kim yox.

    Maraqlıdır, “Göylərin sonu yox./Göylərdə heç kim yox”, – ifadələri ilə nəyi demək və ya nəyi görmək istəyir? Məlumdur ki, “hər şeyin bir kölgəsi var, heçlikdən başqa”. “Ruhun ruhu” olan insan sonsuz göylərdə uçur, uçur, onu göylərdə axtarır. Gah “Ümmanda bir zərrə işıq olub /Yanır, yanır…, /Elə hey yanır, gah da “Uca bir dağ olur”.

    Gün çıxır, gün batır,

    Dağ kimi əriyirəm…

    Allah oluram.

    Gözümü açıram,

    Hər şey yalan olur…

    Yenə adam oluram.

    Azadə xanımın yağışla əlaqəsi, yağışa müraciəti o qədər səmimi və içdəndir ki… Azadə xanım da yağış kimi “yerlə göy” arasında gedib-gəlir. Onun ruhu yağış olub göylərə baş çəkir, bəzən Allaha üz tutur: “İçimə bir leysan tök”, – od tutub yanan içindəki yanğını söndürmək üçün. Bu istəkdə bir başqa məqam da var. “Lirik mən” içində ölən sevgisinə yas tutmasını istəyir. Öləni oxşayarlar. Öləni ağlayarlar. Öləni gömərlər. “Bu kimsəsiz ölünü” oxşaması, ağlaması üçün aman Allah, – deyə fəryad edən “lirik mən” içinə bir leysan tökməsini” və “içində ölən sevgini oxşayıb ağladıqdan sonra elə oradaca gömməsini” istəyir. İçindəki sevgini öldürsə də, “qırmızı məzarında, / qırmızı yuxularının qırmızı sonu” kimi uyumasını arzu edir: 

    İçim od tutub yanır, Aman Allah,

    İçimə bir leysan tök.

    Bir sevgi ölüb içimdə,

    Onu sən oxşa, onu sən ağla.

    Oy qəlbimi, elə ordaca göm

    Bu kimsəsiz ölünü,

    uyusun qırmızı məzarında,

    qırmızı yuxularımın

    qırmızı sonu.  

    Əslində, “Poeziyada su – hikmət qaynağıdır və həmişə adı çəkilməyən yerlərdə bitir”. Filologiya elmləri doktoru C.Yusifli yazır: “Belə də demək olar bəlkə: poeziya, əslində suya danışılan yuxu kimidir, yuxunu suya onu ürəkdən çıxarmaq, xeyir olanların cərgəsinə qoşmaq naminə danışırlar. Poeziya həm də yuxunun üzünə çilənən su kimidir”.

    Mövlana nə gözəl demiş: “Buludlar ağlamasa, yaşıllıqlar necə gülər”. Yağışın yağması, buludun ağlaması təbiətə gülüş, bərəkət bəxş edir. Bəzən də insan bulud kimi dolur, sevdiyi, yaşadıqları “iki damla göz yaşına dönür”. “Gözləri dolan “lirik mən” gözlərini sıxmaq istəyir, ancaq haraya? Onun “iki damla” dediyi göz yaşının miqyası o qədər böyükdür ki, “dənizə sıxsa, gəmilər boğulacaq”,/ “balıqların donu daralacaq”, / dərya yetim ayrılıqlar doğacaq, / küçələrin gözlərindən / həsrət-həsrət baxışlar boylanacaq,/ Qəhər tıxanacaq boğazına/ yosunlar dolaşıq düşəcək, /telləri əlçimlənəcək dalğaların, /qağayılar sərgərdan olacaq, /özgə ellər Vətən olmur, qaçqın uşağa”. “İki damla” dediyimiz göz yaşında nələr var, nələr… Vətənsiz qaçqın uşağın yaşadığı vətənsizlik, həsrət, ayrılıq, yurd, “fərsiz oğullar, kəsərsiz noğullar”, “solan çiçəklər”, “bal yığa bilməyən arıların” dərdi və sairə:

    Vətən yarımır naxələfdən oğul doğanda,

    noğullar kəsərsiz olur

    oğullar fərsiz olanda.

    Arılar bal yığammır

    çiçəklər solanda.

    Yağış ol, ələn üstümə,

    quruyum

    gün çıxanda.

    “Lirik mən”in “Yağış ol, ələn üstümə, / Quruyum gün çıxanda”, – istəyində bu qədər dərd-sərdən arınmaq, silkinmək məqamı durur. “Üstünə ələnən yağışa qoşulub ağlamaq, islanmaq-yuyunmaq, yüngülləşmək, “dənizlərə sığmayan “iki damla göz yaşını” yağışın sularına axıtmaq istəyir”.

    İngilis şair və rəssamı Bleykin belə bir fikri yadıma düşür: “Göl suyu toplayır, bulaq paylayır”. Şairənin şeirlərində “payladıqları” ərş-ilə fərşi dolanıb gələn ruhunun topladıqlarıdır. Mövzu dərin, şeirlərdə toxunulacaq məqamlar çoxdur. Bunların hər biri ayrı-ayrı məqalələrin mövzusudur.       

    Yazımızı gözəl şeirləri ilə ruhumuzu sevindirən Azadə xanıma müraciətlə sonlandırmaq istəyirik. Qələminiz ancaq gözəlliklərdən yazsın! Yolunuz uğurlu olsun!

    Mənbə: https://edebiyyatqazeti.az/

  • On iki yolçu (Hekayə) – Günel NATİQ

    “Tarixdə bir gün: Vətən müharibəsinin 3-cü günündə Naxçıvandan Qarabağa on iki nəfərlik bir qrup yola düşdü. Bu günü çoxdan gözləyirdilər. Vətən də onları…”

    – “Şuşanın dağları, başı dumanlı…” – gizir Əlövsət asta səslə zümzümə etdi. – Görəsən, indi də o dağlarda duman gəzir?

    – Şuşanın dağları çox vaxt dumanlı olur, – mayor Danyeri dilləndi. – Çünki o dağlar dumanı özünə saxlayır… Naxçıvan dağlarının dumanı gün çıxan kimi dağılır…

    – Şuşada olmusunuz?

    – Hə, olmuşam, – mayor yaylığını çıxarıb alnını sildi. – “Üzündə illərin yorğunluğu var”, – Əlövsət düşündü.

    – Mənim başım hərlənir, – gənc əsgər Səid Atabəyli dilləndi. – Elə bil hava azlıq edir.

    – Təyyarə qalxanda olur, – kapitan Nadir Hüsülü sakit səslə dedi. – Keçəcək.

    Gənc əsgər yaxasının bir-iki düyməsini açıb dərindən nəfəs aldı.

    – Sizdə də belə olur?

    – Bizim təzyiqimiz döyüşdə qalxır, oğul, – kapitanın üzündə yarımçıq təbəssüm oynadı. – Təyyarə nədir ki…

    – Bilmirəm, belələrini niyə müharibəyə göndərirlər, – çavuş İsa Cəyirli öz-özünə deyindi, – ağciyərlərin yeri deyil ora.

    – Sən, deyəsən, əsgərliyini yeni çəkməyə gəlmisən, – Əlövsət üzünü gənc əsgərə tutdu.

    – Hə, mən aran rayondanam. Naxçıvana düşmüşəm. Sonra da xahiş etdim, məni cəbhəyə yazdılar. Amma… evdəkilər bilmir. Onsuz da inanmazdılar. Anam həmişə deyir ki, “Səid tülküdən də qorxur.”

    – Tülküdən bilmirəm, amma təyyarədən qorxursan, – Əlövsət güldü.

    – Mən döyüşüb göstərəcəm ki, qorxaq deyiləm!

    – Elə bil kinoya çəkilməyə gəlib, – İsa Cəyirli öz-özünə deyindi.

    – Təcrübəsizlik qorxaqlıq deyil, – mayor Danyeri araya girdi. – Birinci müharibədə belə bir əsgər vardı. Uşaqlar sataşırdı ona. Döyüşdə yaralını çıxardı. Sonra silahını unutduğunu görüb geri qayıtdı. “Getmə” dedilər. Dayandı… dönüb əlini yellədi… və o anda tüstü içində yox oldu.

    Sükut çökdü.

    – O vaxt Xocalıda da belə hadisə olub, – leytenant Daşqın Qalalı dedi.

    – Orada olmusunuz? – biri soruşdu.

    – Leytenant Qalalı 33 yaşındadır. 1992-ci ildə Xocalıda necə ola bilərdi? – İsa Cəyirli əsəbiləşdi, – düşüncəsiz suallar verirsiniz.

    – Siz hardansınız, leytenant?

    – Bakıdanam, – leytenant Qalalı dedi və hiss edilmədən yumruğunu düyünlədi.

    “Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə leytenant Daşqın Qalalı şəhid oldu. Yaralı əsgəri kürəyində çıxararkən snayper gülləsinə tuş gəldi”.

    – Mən udduğum torpağın qoxusunu çoxdan unutmuşam, – kapitan Hüsülü astaca dedi.

    – Kapitan Hüsülü, siz Qarabağdansınız, eləmi? – əsgər Fərid soruşdu.

    – Bəli… uşaqlığım Şuşada keçib. Dağların ətəyində, o köhnə döngələrdə.

    – Sonra?

    – Sonra duman bizi aldatdı. Elə bildik, çəkiləcək… çəkilmədi. Şuşanı da itirdim, qoxusunu da. İndi ora döyüşməyə yox, itirdiyim qoxunu tapmağa gedirəm.

    Araya sükut çökdü. Yalnız mühərrikin uğultusu eşidilirdi.

    – Səbrim çatmır, bir an öncə Qarabağa çatıb düşmənin başını əzmək istəyirəm, – gizir İsa Cəyirli dişlərini sıxaraq söylədi. – Tovuz döyüşlərində ən yaxın dostumu itirdim, qisas bu günəymiş.

    Yanındakı əsgər onun titrək əllərinə baxıb: “Döyüşdə kontuziya alıb”, – deyə düşündü.

    – Yadındadır, Qorqud, nəğmə dərsində necə oxuyurduq? – baş çavuş Aqilin dərdi təzələndi: – “Cənnətim Qarabağ… Nəğmələr gülüstanısan, sevgi dastanısan…”

    – Sən canın, oxuma, qoy qarabağlı balası oxusun, – gizir Qorqud dilləndi və metal təkərləri şaqqıldayan servis arabasını sürən stüardessaya səsləndi, – Mənə qara çay verin.

    Hərbi həkim Mərdanlı paket çayı açan Qorqudun soyulmuş qoluna baxıb qaşlarını çatdı:

    – Qolların nə yaman yanıb. Ciddi yaradır.

    – Keçib-gedib, – Qorqud laqeyd dilləndi. – Pis adama heç nə olmur.

    – Şərurda evlərin birində yanğın olmuşdu, bu oğlan iki uşağı yanğından çıxarıb, – baş çavuş Aqil dedi. – Özü tüstüdən zəhərlənib, on gün komada qaldı…

    – Uşaqlar ağlayırdı, ona görə çıxardım, – Qorqud çayını qurtumladı. – Elə də qeyri-adi iş deyil.

    Peçenyedən bir dişlək alıb əlavə etdi:

    – Aqil, danışma, oxu. Bəlkə son oxumağındır…

    “…Füzuli istiqamətində gedən toqquşmalarda Qorqud Pirili və Aqil Dadaşlı şəhid oldu. Son güllələrini yaralı silahdaşlarına sipər edərək atdılar”.

    – Hər şey Allahın əlindədir. Allah istəsə, bu təyyarə indi yerə çırpılar, – bir oturacaq qabaqda əyləşmiş Tanrıverdi dedi.

    Təyyarə silkələndi. Səidin rəngi qaçdı.

    – Dağın üstündən keçirik, hava oynadı, – bayaqdan kapitan ilə döyüş taktikasından danışan mayorun sanki söhbəti də ləngər vurub istiqamətini dəyişdi.

    – Çətini dağlar bitənə qədərdir… – leytenant Daşqın Hüsülü pıçıldadı. – Dağlar bitəndə də dərd bitmir. Amma öyrəşirsən.

    – Təhlükəsizlik kəmərlərinizi bağlayın, kəskin hava boşluğu zonasına daxil oluruq.

    Pilotun sözü bitməmiş təyyarə qəfil aşağı endi. Səid ayağa qalxıb stülyara sarıldı.

    – Mənim nəfəsim çatmır…

    – Otur yerinə! – mayor Danyeri sərt səslə dedi. – Ayaqda qalmaq daha təhlükəlidir!

    – Heç kim yerindən qalxmasın! Sol tərəfdə təzyiq kəskin dəyişir… – pilotun təlaşlı səsi gəldi.

    Təyyarə yenə boşluğa düşdü. Bir neçə saniyə sonra pilot sakitləşdi:

    – Təhlükə sovuşdu, kəmərlər bağlı qalsın.

    Səid dərindən nəfəs aldı, Tanrıverdi əlini göyə qaldırdı.

    – Müharibəyə gedirsiniz, təyyarə qəzasından qorxursunuz? – İsa Cəyirli ortaya söz atdı. – Ölümə gedirsiniz, kurorta yox.

    – Məgər müharibədə hamı ölür? – Səid astadan soruşdu.

    – Kapitan Hüsülü əvvəlki müharibədən sağ çıxıb, – Əlövsət kapitan tərəfə işarə etdi – Deməli, hamı ölmür.

    – Sağ qaldıq deyə günahkarıq? – kapitanın səsi boğuldu.

    – Mən belə demədim.

    – Yox, düz dedin… Ölmədiyim üçün günahkaram. O torpaqda ölməliydim. Ölə bilmək də bir şərəfdir…

    – Sakit ol, dostum… Ölmək üçün hələ vaxt var, – mayor Danyeri dedi. – Daşlı döyüşündə bizim sağ qalmağımız günah deyil.

    – Daşlı döyüşü? O döyüşə ən cəsur döyüşçülər qatılmışdı… hamısı da könüllü. – Əlövsət dilləndi.

    Mayor Danyerinin səsi ağırlaşmışdı:

    – Biz Xanlıq tərəfdə gedirdik, mövqelər qarışmışdı. Duman çökürdü, bir adamı iki metr uzaqdan seçmək olmurdu.

    Əllərini bir-birinə sıxdı.

    – Bölüyümüzdən 18 nəfər idik. Axırıncı dəfə düzülüşdə gördüm hamısını. Sonra atəş başladı. Biz sağa sürüşdük, mövqeyimizi dəyişdik. Bu zaman mərmi düşdü – yadıma gəlir, torpaq da, göy də birdən-birə qapqara oldu. O toz-duman çəkiləndə bircə Nadiri gördüm. Yara almışdı. Sağ ayağı… tamam qan içindəydi.

    Səsi titrədi.

    – Onu çiynimə aldım. 50 metr sürüdüm. Birdən elə bir partlayış oldu ki, qulaqlarım kar oldu, heç nə eşitmirdim, amma hiss edirdim ki, torpaq üstümə yağır…

    Mayor dodağını dişlədi.

    – Gözümüzü hospitalda açdıq… – mayorun səsi bir anlıq boğuldu, elə bil sözlər boynuna dolandı. – Nadir ayağını itirmişdi… mənim isə qəlpə ürəyimin yanından bir millimetr aralı keçmişdi.

    Mayor susdu. Təyyarənin mühərriklərinin uğultusu içində Əlövsət kapitanın əl ağacının səsini eşitdi – metalın yerə çox yüngül toxunuşunu.

    – Mən elə demədim, kapitan, – Əlövsət aram-aram, sanki sözləri diqqətlə seçərək dedi. – Bu vəziyyətdə döyüşə qatılmaq özü qəhrəmanlıqdır.

    Sol tərəfdə, pəncərə kənarında əyləşən əsgər asta-asta dirsəyi ilə yanındakına toxundu.

    – Yadımdadır… – dedi. – O mayor var ha… gicgahında qəlpə qalmışdı. O partlayışdan sonra tez-tez huşunu itirirdi… Hətta özünə qəsd etmişdi…

    “Ağır artilleriya atəşi zamanı mayor Danyeri və kapitan Hüsülü geri çəkilmə əmrinə baxmayaraq yaralı əsgərləri tərk etmədilər. Mövqe düşmənlə birlikdə partladıldı…”

    Səid telefonunu çıxardı.

    – Anam məndən nigaran qalacaq. Ona yazmalıyam ki…

    – Bəsdir, ana uşağı, – İsa Cəyirli əsəbiləşdi. – Vuruşmağa gedirsən, yoxsa uşaq bağçasına?

    – Yox, mən qorxmuram. Sadəcə anam nigaran qalmasın deyə…

    – Ananı da özünlə aparsaydın…

    – Mən qorxaq deyiləm. Sizə sübut edəcəyəm!

    Səid çantasını yuxarıdan götürüb açdı, içindəki paltarları kənara atdı, köhnə bir şərf çıxardı.

    – Bu, qardaşımın son yadigarıdır. Ağdərədən döyüş yoldaşı gətirmişdi. Qanlı şərfi… O ölən gün bu şərf boynunda olub. Onda anam onu yayda da, qışda da boynundan açmadı. Qan ləkəsini sığalladı, oxşadı. Qardaşım… anamın yeganə oğluydu…

    – Bəs sən?

    – Mən….

    “On iki nəfərlik qrupdan beş nəfər də şəhidlik zirvəsinə yüksəlib. Sağ qalanlar geri çəkilmədən Şuşa istiqamətində irəliləyiblər”.

    – Mən anamın doğma oğlu deyiləm… – Səid gözlərini yumdu, o gecənin qoxusu yenidən burnuna doldu. – Mən altı yaşında idim… həyətimizdə mina partladı. Bizim ev külə döndü, ailəmdən məndən başqa heç kim sağ qalmadı. Oğlu şəhid olan Nazilə xala özünü təhlükəyə atıb məni yanğının içindən çıxardı, evinə apardı. Mən dinib-danışmırdım. Həkimlər deyirdi ki, ağır travma alıb, bəlkə də heç danışa bilmədi. Nazilə anam gecələr işığı söndürmürdü. “Qorxma”, – deyirdi, – “Mən varam”. Bir də gördüm, danışa bilirəm. Dedi ki, Allah oğlumu aldı, amma qarşıma səni çıxardı…

    İsa Cəyirli gicgahını ovuşdurdu. Mayorun baxışlarında dərin bir çat yaranmışdı.

    – Şəhid anasının gözlərinə baxaraq böyüyən adamam mən, – Səid dodaqlarını sıxdı. – Mən qorxaq ola bilərəm?

    – Yox, – Əlövsətin üzü ilk dəfə ciddiləşdi, – sən qorxaq deyilsən. Bu ağrının içindən doğulan adam heç vaxt qorxaq ola bilməz.

    – Bu xalqın bağrında nə qədər faciələr yatır, – leytenant Qalalı üzünü pəncərəyə tutdu.

    – Hə, ağrılı hadisədir, gözyaşardacaq qədər, – çavuş Babagil leytenantın gözünün yaşarmasına işarə etdi.

    – Mənim gözlərim sulanır. Arvad deyilik ki, hər ölüm xəbərinə ağlayaq, – leytenant üzünü yana tutdu.

    – Kişilər ağlamadığını deyən adam faciənin nə olduğunu bilmir, – Babagil israrla dedi.

    – Demək, faciənin nə olduğunu bilmirəm… – leytenantın səsi titrədi. – Bayaq dediniz ki… 1992-də Xocalıda necə ola bilərdim…

    Hamı ona tərəf çevrildi.

    – Mən… orada olmuşam. O gecədən sağ qalan uşaqlardan biriyəm. Məni qarın altından çıxarmışdılar… Atam da… anam da… o gecə güllələndi.

    Təyyarənin uğultusu ürək döyüntülərini səssizliyə boğmuşdu.

    Leytenant davam etdi:

    – Siz deyirsiniz, hər kəs öz torpağının qoxusunu tanıyır… Mən tanımıram. Mən yaddaşımı itirmişəm. Düşməndən bunun intiqamını almağa gedirəm. Bəlkə onda itirdiyim adamı – özümü taparam…

    – Bu dəfə udmalıyıq, başqa yolu yoxdur. 20 ilin ağrılarını ancaq bu cür ovuda bilərik, – mayor Danyeri sükutu pozdu.

    Təyyarə eniş edəndə Səid mayora yaxınlaşdı. Dərindən nəfəs aldı, elə bil özünü deyəcəyi sözə hazırlayırdı:

    – Mayor, necə deyim, bilmirəm… Amma mən geri dönməliyəm. Anam üçün geri dönməliyəm. Əgər o məni də itirsə, yaşaya bilməz.

    Mayorun dodaqlarında anlaşılmaz təbəssüm göründü, “kinayə edir”, deyə Səid ani düşündü.

    – Biz hamımız intiqam almağa gəlmişik, oğul, –  yurdlarımızın, dostlarımızın, gəncliyimizin, ağrılarımızın, xatirələrimizin intiqamını. Səni o, şüuraltı olaraq öz oğlunun intiqamı kimi böyüdüb. Bu sənin yükündür, sən geri qayıda bilməzsən.

    “Naxçıvandan Qarabağa yola düşən qrupun qalan üç döyüşçüsü Şuşa uğrunda qəhrəmancasına vuruşub: ikisi şəhid olub, biri ağır yaralı xilas edilib. On iki nəfərin hamısı Vətən ordeni ilə təltif olunub”.

    Jurnalist məqalənin son nöqtəsini qoyub qarşısındakı adama baxdı:

    – Siz Naxçıvandan yola çıxan həmin qrupdan yeganə sağ qalan döyüşçüsünüz. Həm də ən gənc və ən təcrübəsiz. Bəs heç qorxmadınız?

    Adam astaca köynəyinin altından qanı qurumuş şərfi çıxarıb masanın üstünə qoydu. Barmağı ilə qan ləkəsinə toxundu.

    – Mən şəhid anasının böyütdüyü əsgərəm. Mən qorxa bilməzdim…

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Saxlayan, qoruyan Hafizi-kəlam – Vaqif YUSİFLİ

    Hafiz Rüstəm-75

    Vaqif YUSİFLİ

    Hafiz Rüstəm… Azərbaycan ədəbi mühitində kimsə bu ada laqeyd qala bilməz. Onun bir şair və tərcüməçi kimi bizim ədəbiyyatda özünəməxsus yeri var. Amma etiraf edək ki, onun çoxcəhətli ədəbi fəaliyyəti – şair kimi özünün poetik axtarışları, tərcüməçi kimi klassik Şərq poeziyası ilə bağlı çevirmələri, tədqiqat əsərləri, “Maarif” nəşriyyatındakı 27 illik redaktorluq fəaliyyəti o qədər də işıqlandırılmayıb. Təbiəti etibarilə çox sakit, bir çox haqsızlıqlara məruz qalsa da, hər növ münaqişəyə girişməyən bu adam, necə deyərlər, başını aşağı salıb ürəkdən bağlandığı işiylə məşğul olub. Həyatının ilk gənclik illəri kədərli keçib. 37-ci ilin repressiyasına məruz qalmışdı valideynləri. Ona görə də əslən Yardımlıdan olsa da, Salyanın Şorsulu kəndində yaşadı, yalnız icazə verildikdən sonra dağlar qoynuna – Yardımlıya qayıda bildi.

    Yalnız repressiya dalğası ötüb keçəndən sonra Hafiz Rüstəm ADU-nun Şərqşünaslıq fakültəsinə daxil oldu. Elə tələbəlik illərindən ürəyindəki odu, alovu şeirlərinə qatdı və şərqşünaslıq elminə də öz imzasını tanıtmağa can atdı. Üstündən illər keçib, 2025-ci ildə Hafiz Rüstəmin bir şərqşünas alim – mütərcim kimi fəaliyyətini əks etdirən iki kitabı ilə qarşılaşdıq. O, böyük fars şairi Hafiz Şirazinin qəzəllərindən tərcümələrini “Qəzəllər” kitabında, XX əsr farsdilli poeziya nümunələrini “Bad-i Səba” antologiyasında oxuculara çatdırır. Amma onun tərcümələri də, Şərqin tanınmış şairlərinə sevgisi də şairliyindən gəlir.

    Ona görə də öncə onun şeirlərindən söz açmaq istəyirəm.

    Hafiz Rüstəmin şeirlərini bir şair ömrünün keçdiyi yolun poetik mənzərəsi kimi düşünürəm. Onun şeirlərində kəndlə, təbiətlə bağlılıq çox güclüdür. Bu duyğular təkcə həsrətdən doğmur, həm də təbiətə, kəndə böyük sevgidən doğur. Torpağı və kəndi sevmək elə Vətən sevgisinin bir parçası deyilmi? Yetmişinci illərdə yazılan “Dağlarda görüş” şeiri onun ən uğurlu şeirlərindən biri idi. O illərdən başlamışdı ana təbiətə qəsdlər, ekoloji nizamın pozulması, quruyan çaylar, kəsilən, doğranan meşələr.

    Köks qəfəsindən indi aç, burax!

    Çırpınan qəlbini qaranquş kimi.

    Səni qucaqlasın bu göy, bu torpaq

    Bir azadlıq kimi, qurtuluş kimi.

    Döysün dolu səni, ya yağış səni,

    İçindən ağrılar çıxıb gedincə!

    Bahar qarşılasın üzü xoş səni,

    Dincəlsin beynin də hər şeydən öncə.

    Sığın yurdumuzun saf bucağına

    Ana ağuşuna sığınan kimi.

    Korun-korun yanan od-ocağına

    Yiyə dur, ən nəcib bir insan kimi.

    Azərbaycan poeziyasında söyüd haqqında xeyli şeirlər yazılıb. Böyük şairimiz Nəriman Həsənzadə hələ gəncliyində, əllinci illərində Araz qırağında əyilib o tayı öpən bir söyüd ağacına həsrətli bir şeir yazmışdı. Balaş Azəroğlu ona “Məcnun söyüd” adı vermişdi. Hafiz Rüstəmin “Yaşıl söyüdlərim” şeirində isə söyüdlə bağlı xatirələr dilə gətirir:

    Söyüdlər, sizlərdən şıltaqlığımın

    Min bir nağılı var, əfsanəsi var.

    Uşaq sərtliyimin, yumşaqlığımın

    Neçə silinməyən nişanəsi var.

    Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” yaddaş-poeması haqqında da bir neçə kəlmə: bu poemada ulu sənətkar M.Şəhriyarın “Heydərbabaya salam” yolu davam etdirilir. Doğulduğu kənddə, onun dağına, meşəsinə, çayına, bulağına heyranlıq hissi, ağsaqqallarına, ağbirçəklərinə pərəstiş bu poemada da başlıca xətdir. Lakin təkcə Yardımlı haqqında deyil, Azərbaycan, onun tarixi keçmişi, gözəl təbiəti, yaxın otuz-qırx ilin ictimai-siyasi mənzərələri də bu poemada öz əksini tapmışdır. Və poemada ən təsirli fəsillər Yardımlının nadir təbiət mənzərələri ilə bağlıdır.

    Əlbəttə, Hafiz Rüstəmin şeir yaradıcılığını təkcə bu nümunələrlə məhdudlaşdırmaq olmaz. Onun keçən il nəşr olunan “Nə çoxmuş qaranlıq, nə azmış işıq” poetik toplusunda 1968-ci ildən 2023-cü ilə qədər yazdığı şeirlərdən seçmələr toplanıb. Deyim ki, onun şeirləri həm mövzu baxımından, həm də bədii-sənətkarlıq nöqteyi-nəzərindən maraq doğurur. O, istənilən bir mövzuda yazır, amma çalışır ki, təzə söz desin. Daha doğrusu, illərin poetik təcrübəsi öz sözünü deyir. Amma təfərrüata varmıram, Hafiz Rüstəmin “Vətən” şeirindən misal gətirəcəyəm:

    Ana laylasından, ana dilindən,

    Qorqudun çaldığı qopuz telindən,

    Şumer yazısından, Oğuz elindən,

    Tarixi şöhrətdən başlanır Vətən.

    Bilinmir nə ucu, nə də bucağı,

    Xalqın ümid yeri, sığınacağı.

    Hafizin əbədi sönməz ocağı,

    Şeirdən, sənətdən başlanır Vətən!

    Hafiz ərəbcə saxlayan, qoruyan, Quranı əzbər bilən adam mənalarını verir. Bu adı Hafiz Rüstəmə kim verib, deyə bilmərəm. Amma o, doğrudan da, həm bir şair, həm də tərcüməçi kimi Hafizkəlamdır. Çox maraqlı bir oxşarlıq meydana gəlir. Hafiz Rüstəm böyük fars şairi Hafiz Şirazinin vurğunudur.

    “İki ad – Hafiz Şirazi və Məhəmməd Füzuli” biri farsdilli poeziyada, digəri türkdilli şeirdə. Farsdilli poeziyada qəzəlin ən yüksək inkişaf dövrü XIV əsr sayılır. Hafiz qəzəli bütün zamanlar üçün ilgi sayılacaq zirvəyə qaldırdı. Amma “gözəl qəzəl Füzulinin yolunu gözləyirmiş”. Daha dəqiqi, akademik Rafael Hüseynovun söylədiyi kimi: “Qəzəl gözələ dönməkçün Füzulinin intizarında imiş”. Bu qeydlər Hafiz Rüstəmin Hafiz Şirazinin “Qəzəllər” kitabına (tərcüməçi Hafiz Rüstəmdir) yazdığı geniş və əhatəli Ön sözündən götürülüb. Hafiz Rüstəm Hafiz Şirazinin 130 qəzəlini tərcümə edib və zənnimcə, bu sahədə mütəxəssis olmasam da, tərcümədəki qəzəllərin orijinala uyğunluğunu hiss edirəm. Bu 130 qəzəldə Hafiz Şirazi dünyasını, eşq aləmini, Allaha inamını görürəm:

    Bu səhər oyandı bəxtim, mənə yaxın gəldi,

    Dedi: “Qalx ayağa ki, Xosrovu Şirin gəldi”

    Bir qədəh nuş eləyib, sonra tamaşaya çıx,

    Görəsən ki, nigarımla neçə ayin gəldi.

    Ey gizli ətirlənən, durma, gətir müjdəmi,

    Ki, Xütəndən buraya ahu-yi mişkin gəldi.

    Gözyaşıyla suvarıb birbəbir o təşnələri,

    Nalə, fəryadla bizim aşiqi mişkin gəldi.

    Eşidib sözlərimi bad-i səba bülbüldən

    Reyhanlar ətir saçıb Hafizə təşkin gəldi.

    Hafiz Rüstəmin tərcüməsi ilə “XX əsr farsdilli poeziya antologiyası” da bizim tərcümə sənətimizin yeni bir uğuru hesab etmək olar. Bu antologiyada İran, Tacikistan, Əfqanıstan, Hindistan, Pakistan, Azərbaycan və Türkiyə şairlərinin farsca yazdıqları şeirlərin tərcümələri ilə tanış oluruq.

    Hafiz Rüstəmin 75 yaşını təbrik edək və sözümüzü onun Ömər Xəyyamdan tərcümə etdiyi bir rübai ilə başa çatdıraq:

    Zənn etməyin, mən cahandan qorxuram,

    Ölümdən, ya şirin candan qorxuram.

    Ölüm haqdır… Mən qorxmuram o haqdan,

    Yaxşı yaşamaram – ondan qorxuram.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Düşünən şeirin estetikası: Qulu Ağsəsin yaradıcılığı – İlahə SƏFƏRZADƏ

    Qulu Ağsəs daha çox insanın öz vicdanı, qorxuları, Yaradanı ilə tək qaldığı məqamları sözə çevirir. Onun poeziyasında sevgi iman, zaman tale, işıq qaranlıqla toqquşur. Şair oxucunu inandırmağa çalışmır, hətta əksər şeirlərində sadəcə bir sual uzun müddət insanı düşündürə bilir. Onun poeziyasında insan daim iki dünyanın arasında qərar tutur: inanmaqla şübhə etmək, sevməklə itirmək, gözləməklə üsyan etmək. Bu ikililik onun şeirlərində ziddiyyətdən daha çox, həyatın təbii halıdır. Şair üçün harmoniya daxili gərginliyin də fəlsəfəyə çevrilməsidir. Ona görə də bu şeirlərdə çox vaxt suallar cavablardan daha çoxdur və bu da şairin poetik mövqeyi kimi qəbul edilə bilər.

    Ürəyində bir arzu tut,

    Di, böl onu iki yerə.

    Sevgidən dönən kafirdi,

    Gəl yenə həminki yerə.

    Ürəyində bir arzu tut,

    Bir azca qarışsın başın.

    Tavanı deşilib – nədi?

    Könlümə damır göz yaşım.

    Şeirdə əsas poetik hərəkət ürəkdən başlayır. Sevgi hissi iman səviyyəsinə qaldırılır, ondan üz çevirmək isə mənəvi xəyanət. Lirik qəhrəman sevdiyini yaşamağa çağırır, özü isə taleyin ağır yükünü təkbaşına daşımağa razıdır. Qulu Ağsəs poeziyasında tez-tez rast gəlinən səssiz qəhrəmanlıq modelini onun bir çox şeirlərində görürük. Bu poeziyada zaman nə dostdur, nə də düşmən. O, sadəcə, amansızdır. Ömür qorxudula, saxlanıla bilmir, yalnız hiss edilə bilir. Şairin sözündəki yorğunluq isə məğlubiyyətdən çox, ayıqlıqdır. Qulu Ağsəs insanın zamana qarşı acizliyini etiraf edir, amma bundan dramatik effekt yaratmır, onu sakit, daxili bir müqavimətə çevirir.

    Hardasa, çölün düzündə

    Su köşkü olmalıydı.

    Ürəyimin alt gözündə

    Son eşqim olmalıydı.

    Bu axşam bir niyyət tutaq:

    Gün batsın, qürub qalsın.

    Bəs ömrü nəylə qorxudaq,

    Yerində durub qalsın?!

    Məkan anlayışı real coğrafiyadan çox, xəyali və psixoloji ölçüdə, zaman və ömür fəlsəfəsi üzərində qurulub. İnsanın zaman qarşısında acizliyi, ömrü saxlamaq üçün əlində heç bir vasitənin olmaması şeirin fəlsəfi qatını təşkil edir. Şair ömrü qorxutmaq istəyir, eyni zamanda bunun mümkünsüzlüyünü də yaxşı bilir. Bu isə, daha öncə də qeyd etdiyimiz kimi, Qulu Ağsəs poeziyasında tez-tez rast gəlinən daxili üsyanın səssiz formasıdır. İnsanın öz dərdini rol oynamadan yaşamaq arzusu, ən azı bir dəfə tamaşasız ağlamaq istəyidir. Şeir bütövlükdə sevginin gecikməsi, zamanın amansızlığı və insanın sosial rolu arasında qalan ruh halının təcəssümüdür.

    Qulu Ağsəsin şeirlərində sevmək, bəzən dindən-imandan çıxmaq kimi görünür, bəzən isə Tanrıya ən yaxın yol olur. Şair üçün sevgi nə xilasdır, nə də günah. O, insanın özünü tanımaq üçün keçdiyi ən ağrılı mərhələdir. Bu mərhələdə lirik qəhrəman, ya özünü aldadır, ya da həqiqətlə üzləşir.

    Hamı aldadır özünü,

    Aldada-aldada sevir.

    Hərə bir küncə çəkilib,

    Hərə bir daldada sevir.

    Şeir Qulu Ağsəs poeziyasında insanın özü, Tanrı və qaçılmaz sonla münasibətinin ən sərt, ən açıq formalarından biridir. Əsərdə sevgi də var, amma bu sevgi illüziya üzərində qurulmuş, özünü aldatmaqla davam edən ruh halının təsviridir. Şeirdə “aldatmaq” ifadəsi xəyanət deyil, bir növ yaşam biçimidir. İnsan özünü aldada-aldada sevir, çünki bəzən həqiqət sevgini daşımaq üçün çox ağırdır. Bu şeir bütövlükdə Qulu Ağsəsin poeziyasına xas olan sərt realizmi və metafizik düşüncə tərzini birləşdirir. Sevgi də, iman da, mübarizə də illüziya pərdəsindən keçərək təqdim olunur. Lirik qəhrəman nə hökm verir, nə də yol göstərir. O, insanı öz həqiqəti ilə üz-üzə qoyur və bu üzləşmə oxucuda təlatüm yaradır.

    Hara baxıram, şairlər:

    bu çığıran şairlər, bu bağıran şairlər…

    Bayatı, ağı deyən ağıstan şairlər,

    Qayanı, dağı döyən dağıstan şairlər…

    Təşbehi bəndin içinə iki əllə atanlar,

    mikrofon önündə kəllə atanlar…

    Şeir Qulu Ağsəsin poeziyasında poetik etiraz nümunəsidir. Şair sevən, ağlayan, ölümü düşünən liriki bir kənara qoyub, sözün taleyi üçün narahat olan tənqidçi mövqeyinə keçir. Əsər etiraz ruhlu başlasa da, paradoks ondadır ki, bu, qışqıranlara qarşı yönəlib. Əsər Qulu Ağsəsin poeziyada səsin yox, sözün tərəfini tutduğunu açıq şəkildə ifadə edir. O, şeirin dərindən duyulmasını müdafiə edir. Bu şeir oxucuya da məsuliyyət yükləyir; şeirə həmsöhbət kimi yanaşmağı təklif edir.

    Görsən ki, qaranlıq çökür aləmə,

    Görsən ki, axşamdı… fikir eləmə.

    Bir uçuq yuxudu gecənin boyu,

    Nə qədər imkan var, rahatlan, uyu…

    Qəflətən bir çağa salar hay-həşir,

    Səhər – körpəsidi doğan Günəşin.

    Onu ovutmağa tələsər hamı,

    Beləcə, salarlar yenə axşamı.

    Təzədən qaramat basar dünyanı,

    Hanı doğan Günəş?

    Körpəsi hanı?

    Görsən, hər tərəfdən əlin üzülür,

    Görsən, üşüyürsən… yandır özünü…

    Şeir Qulu Ağsəs poeziyasında işıq-qaranlıq qarşıdurmasının fəlsəfi ölçüyə keçdiyi əsərlərdəndir. Qaranlıq – ümidsizlik, ruh yorğunluğu və zamanın insanı sıxan axarıdır. Şair oxucunu bu qaranlıqla qorxutmaq istəmir. Belə demək mümkünsə, ona münasibətini dəyişməyi təklif edir. Şeirdəki çağırışlar təskinlik kimi səslənsə də, alt qatında acı bir reallıq yatır ki, insan çox vaxt çarəsizlik qarşısında yalnız gözləməyi bacarır.

    Gecənin “uçuq yuxu”ya bənzədilməsi qaranlığın müvəqqəti, keçici olduğunu xatırladır. Fəqət eyni zamanda təhlükəli bir rahatlıq hissi də yaradır. İnsan qaranlığa öyrəşdikcə o, artıq mübarizə aparmır, sadəcə uyğunlaşır. Şeirin ən dramatik nöqtəsi insanların bu “körpəni” ovutmaq adı ilə yenidən axşamı salmasıdır. Bu, bir növ, cəmiyyətin dəyişiklikdən qorxan davranış modelini simvolizə edir. İşıq doğur, amma onu qorumaq əvəzinə, yenidən qaranlığa qaytarırlar. Müəllif çox incə şəkildə sosial və mənəvi tənqidi gizlədir. Bəzən insan özü öz işığını boğur, çünki işıq məsuliyyət, oyanış və dəyişmə tələb edir. Finaldakı “yandır özünü” çağırışı isə intihar metaforası olmaqdan ziyadə, daxili alovun, iradənin, müqavimətin oyadılmasıdır. Şair deyir ki, kənardan istilik gəlməyəndə insan özü işığa çevrilməlidir. Bu, Konfutsinin məşhur “Qaranlığı lənətləməkdənsə, bir şam yandır” ifadəsini də mənə xatırladır…

    Şeir bütövlükdə Qulu Ağsəs poeziyasında tez-tez rast gəlinən bir ideyanı təsdiqləyir: ümid göydən düşmür, onu qorumaq və yaşatmaq insanın öz işidir. Qaranlıq gəlir, axşam düşür, amma günəşin taleyi insanların seçimindən asılıdır.

    Qələt eləyərəm desəm:

    Hamı qələt eləyir…

    Allah bizi xəlq eyləyib,

    Yoxsa lənət eləyib?!

    Qaç bu xain yuvasından,

    Əri, yox ol havada.

    Qorx ki, yenə yerdən çıxa,

    Buluddan dama adam…

    Qulu Ağsəs poeziyasında etirazın, şübhənin və metafizik narahatlığın ən sıx, ən gərgin ifadələri intişar tapır. Şair nə təkcə cəmiyyəti, nə də insanı mühakimə edir. O, yaranışın özünü sual altına qoyur və bu sualın cavabsız qalacağını əvvəlcədən qəbul edir. Şeir paradoksal bir etirafla başlayır. Üsyankar suallarla dolu inam ən ağır şübhədir. Bütövlükdə bu əsər Qulu Ağsəsin poeziyasında insanın öz yaratdığı dünyada yadlaşmasını, qorxu ilə ayıqlıq arasında qalmasını və son olaraq sükuta doğru çəkilməsini əks etdirir. Çünki nə ümid açıq şəkildə deyilir, nə də ümidsizlik elan olunur. Şair oxucunu rahat cavablarla yola salmır. Onu düşüncənin ağır yükü ilə üzləşdirir.

    Kimsən, nəçisən, ay Allah,

    Heç səndən baş tapammadıq.

    Özün qurduğun dünyada

    Sənə bir iş tapammadıq.

    Şeir Qulu Ağsəs yaradıcılığında Tanrı ilə ən açıq, ən riskli və ən səmimi dialoqlardan biridir. Şairin ona ünvanladığı suallar məhz inanmaq ehtiyacından doğur. Ümumi məzmununda o, uzaq, anlaşılmaz və insan taleyinə biganə kimi təqdim olunsa da, şairin sualı Yaradanın varlığına yox, onun insan həyatındakı roluna yönəlib. Şair Tanrını “bəndə salmaq” istəyir, onu insana məxsus keyfiyyətlər ilə dərk etməyə çalışır. Şair Yaradana sual verməklə yaxınlaşır və bu əlaqə oxucunu da eyni suallarla tək buraxır.

    Nə olur mənə, haqq olur,

    Sən də bir yandan olursan.

    Günü-gündən sevildikcə

    Dindən-imandan olursan.

    – Bu üzü daşlı dünyanı

    Sənin üzündən sevirəm.

    Tanrını min ağaclıqdan,

    Səni özündən sevirəm…

    Şeir Qulu Ağsəs poeziyasında sevginin imanla toqquşduğu, amma onu dağıtmayıb yenidən mənalandırdığı nümunələrdəndir. İnsanın dünyaya və öz taleyinə baxışını dəyişən güc elə budur. Çünki sevdikcə iman itmir. Qulu Ağsəs sevginin Tanrıya alternativ olmadığını, Yaradan anlayışını insaniləşdirən bir mərhələ olduğunu sezdirir. Sevilən varlıq ilahiləşmir, amma onun yerini tutur. Şair ağlamağı ünsiyyət vasitəsinə çevirərək poeziyasında sevginin metafizik ölçüsünü açır. Lirik qəhrəman sevgini yaşayır və oxucunu da bu yaşantının içinə çəkir.

    Qulu Ağsəs şeirləri oxucunu müşahidəçi mövqeyində saxlamır, onu düşüncənin içinə çəkir və orada tək qoyur. Şair nə yol göstərir, nə hökm verir, nə də təsəlli paylayır. Onun poeziyasında söz məsuliyyətdir, sükut mövqe. Qulu Ağsəs poeziyasının əsas gücü də məhz buradadır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ədəbiyyat İnstitutunda Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

    Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq görkəmli elm xadimi Araz Dadaşzadənin 90 illiyinin qeyd edilməsinin önəminə toxunaraq qeyd edib ki, alimin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusən Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühütinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünki nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti vardır.

    Akademik İsa Həbibbəyli bildirib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. Diqqətə çatdırıb ki, Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

    “Araz Dadaşzadəyə qədər Vaqif yalnız nikbin şair kimi qeyd olunurdu. Tədqiqatçımız Vaqif realizminin bütün imkanlarını, dərin fəlsəfəsini hiss edərək bu nikbinliyin alt qatını dərindən təhlil edib ümumiləşmiş fikirlər ortaya qoymuşdur. O, Vaqifin bütöv obrazını yaratmışdır. Təkcə Vaqif deyil, o dövrün digər sənətkarlarının yalnız nikbin cəhətlərini qeyd etməklə yox, onların tənqidi realizmə əsaslanan fikirlərini, faciəvi məqamlarını, onların yaradıcılıqlarının bütün mənzərəsini ədəbiyyatda əks etdirməklə qiymətləndirməsini ortaya qoyub. Sovet ədəbiyyatının əsas prinsiplərindən biri tarixi nikbinlik prinsipi idi. Sovet ədəbiyyatı əsas istismarçı zümrələr kimi gördüyü bəy-xanları, bir sözlə, keçmişi tənqid etməyə köklənmişdi. Tənqidi prinsip, tarixi nikbinlik prinsipi sosializm yaradıcılığına uyğun  gəlirdi. Araz Dadaşzadə Vaqifə də, Vidadiyə də, bir sözlə, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma ilə ədəbiyyatşünaslıq elminin metodologiyasına öz əlavələrini etməyi bacarmışdır”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.

    Akademik İsa Həbibbəyli Araz Dadaşzadənin ensiklopedik fəaliyyətinə də toxunaraq bildirib ki, alimin bu istiqamətdə də diqqətəlayiq fəaliyyəti olmuşdur. O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsinə qədər böyük yol keçmiş və ədəbiyyatşünaslığımıza olduğu kimi, ensiklopediya sahəsində də əməli xidmət göstərmişdir.

    Sonra Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Araz Dadaşzadənin Vaqif dünyası”, filologiya elmləri doktoru Cavanşir Yusifli “Araz Dadaşzadə XVII-XVIII əsrlər Azərbaycan lirikasının tədqiqatçısı kimi”, filologiya üzrə fəlsəfə doktoru Fidan Əlizadə “Professor Araz Dadaşzadə Molla Pənah Vaqif yaradıcılığı haqqında” məruzələri ilə çıxış ediblər.

    Vaqif Yusifli məruzəsində vurğulayıb ki, “Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onun həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər…

    Araz Dadaşzadənin Vaqif yaradıcılığı ilə bağlı fikir və mülahizələri onun mükəmməl bir ədəbiyyat tarixçisi olduğunu, bu sahədə ustadları olan Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər yolunu davam etdirdiyini göstərir…”

    Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə çıxışında yubilayrın sənətşünaslıq sahəsində böyük nailiyyətlərə məxsus şəxs olduğunu vurğulayıb. Bununla yanaşı, elm aləminə Molla Pənah Vaqifin tədqiqatçısı kimi daxil olduğunu da xatırladıb. Vaqifşünaslıq sahəsində fundamental əsərin müəllifi olduğunu diqqətə çatdırıb.

    Daha sonra filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə çıxış edərək tədqiqatçı-alimin ədəbi araşdırmaçılıq fəaliyyətindən söhbət açıb. O qeyd edib ki,  Araz Dadaşzadə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şakir Şirvani kimi ədiblərimizin yaradıcılığı barədə ciddi tədqiqatlar ortaya qoymuşdur və ədəbiyyatşünaslıq və tənqid sahəsinə böyük xidmətlər göstərmişdir.

    Araz Dadaşzadənin qızı filologiya üzrə elmlər doktoru Zümrüd Dadaşzadə çıxış edərək bildirib ki, fundamentallıq, əsaslılıq, hər şeyin mahiyyətinə varmaq ədəbiyyatşünas-alim Araz Dadaşzadənin yaradcılığına xas olan ən ümdə keyfiyyətlərdən biri idi. O, hər sözün üzərində sanki əsirdi və bu keyfiyyətini övladlarına da ötürmüşdü. Onun ən vacib xüsusiyyətlərindən biri sistemləşdirməyi bacarmaq idi. Hər bir işində, elmi yaradıcılığında ən xırda detalları belə nəzərə alır və onları sistemləşdirirdi.

    Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

    Sonda ailəsi adından çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə göstərilən hörmət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

  • Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviçlə görüşüb.
    Səfiri salamlayan nazir Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıb.
    Söhbət zamanı Azərbaycan ilə Belarus arasında mədəni əməkdaşlığın inkişaf etirilməsi müzakirə olunub. Gələcəkdə mədəniyyət günlərinin keçirilməsi, bölgələrdə mədəni proqramların birgə təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Adil Kərimli Qaxda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il fevralın 13-də, saat 10:00-da Qax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov prospekti 7 ) Şəki şəhəri, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

    Vətəndaşlar 2026-cı il fevralın 9-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

    Mənbə: https://culture.gov.az/

  • Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.

    Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 28 yanvar 2026-cı il

    Mənbə: https://president.az/