Author: Delphi7

  • Gülnar SƏMA.”Küləyə”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Payızın üstündə yaman əsirsən,
    Bir həsir, bir də ki Məmmədnəsirsən,
    Eləbil tufandan qalan kəsirsən,
    “Külək, niyə belə əsirsən, külək
    Niyə ümidimi kəsirsən külək?”

    Payızın əlində yesirsən yesir,
    Baxan elə bilər olmusan nasir,
    Tutduğun əmələ günəş də susur,
    “Külək, niyə belə əsirsən, külək
    Niyə ümidimi kəsirsən, külək?”

    Payız səni görüb səsini qısır,
    Toz-torpaq içində hər işin qüsur,
    Mənim hisslərimə edirsəm təsir,
    “Külək, niyə belə əsirsən, külək
    Niyə ümidimi kəsirsən, külək?!”

  • Namiq HACIHEYDƏRLİ.Seçmə şeirlər

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    GƏLƏCƏM…

    Hər şey, hər şey yol gedir,
    Yenə səhv, yenə doğru…
    Ağac, çiçək boy atır,
    Yüksəlir Günə doğru.

    Hər yerə yol bol gedir,
    Ayrılır, min qol gedir.
    Din Allaha yol gedir,
    Möminlər dinə doğru…

    Bir Yeri var, bir Göyü,
    Yeri bağlı, sirr Göyü,
    Bir gün atıb hər şeyi
    Gələcəm Sənə doğru.

    DOĞRU

    Gec-tez bular haqq yolunu,
    Kimin ki, mayası doğru.
    Nadanın həyatı yalan,
    Aqilin röyası doğru.

    Haram ilə kisə dolmaz,
    Əyri gedən sonu bulmaz,
    Min böhtan at, biri qalmaz,
    Hər kəsin həyası doğru.

    Eşqi olan, olmaz asi,
    Eşq ürəkdən silər pası,
    Doğru olar o dünyası,
    Kimin bu dünyası doğru.

  • Namiq HACIHEYDƏRLİ.”Xaqan oğlu Bars bəy” (Hekayə)

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    722-ci ilin payızı idi. Əməvi xilafətinin başçısı Yezid ibn Əbd əl-Malik otağında narahatlıqla var-gəl edirdi. Son zamanlar aldığı bəzi xəbərlər onun yuxusunu qaçırmışdı. Uzun düşüncələr sonucu axır ki, bir qərar verə bilmişdi. Bir azdan qərarını açıqlayacaqdı. Ancaq hələ də verdiyi qərarın doğrumu, yanlışmı olduğunu qətiləşdirə bilməmişdi. Hərdən keçib yerində otursa da, az sonra gərginliyini azaltmaq üçün təkrar durub gəzişməyə başlayırdı. Bu zaman xidmətçi içəriyə daxil oldu: “Ya Əmir! Əl Cərrah gəldi”!- dedi.
     

    Xəlifə əlinin işarəsi ilə razılığını bildirən kimi Əl Cərrah otağa daxil olub təzim etdi. Xəlifə “Otur”!-deyə əmr edəndən sonra özü də keçib yerində əyləşdi və sözə başladı:

    – Azərbaycandan yenə xoşa gəlməyən xəbər almışam. Səksən ildir ki, onları ərəb xilafətinə tabe olmağa məcbur etməyimizə baxmayaraq, yenə də onlar boyun əymir. Onlarla çox ciddi haqq-hesab çəkməyin zamanıdır, Əl Cərrah! Səni Azərbaycana hakim təyin edirəm. Bütün Azərbaycanı hökmümüzə tabe etmək üçün əlindən gələni etməlisən. Ancaq unutma ki, Azərbaycanın quzeyində yaşayan ən böyük türk boylarından olan Xəzərləri məğlub edə bilməsən, o məmləkətdə heç nəyə nail ola bilməyəcəksən. Ümid edirəm ki, həm yaxşı döyüşçü, həm də bizə sadiq xidmətçi olduğunu sübut edəcəksən!

    Əl Cərrah ayağa qalxıb əlini ürəyinin üstünə qoydu. Sonra təzim edərək:

    – Hökmünüz icra olunacaq, ya əmirəlmöminin!- dedi.

    Əmir onu sınayıcı nəzərlə başdan-ayağa süzdü. Sanki sonuncu dəfə baxırdı sadiq xidmətçisinə…

    -Yeddi gün sonra səhər Günəş oyanmamış Əl-Cərrah iyirmi minlik qoşunla Azərbaycana yola düşdü. Bərdəyə qədər gəldi və burada düşərgə saldı. Lakin Əmirin tapşırığı və ilk gündən özünü təsdiq etmək ehtirası onun burada rahat oturmasına imkan vermirdi. Odur ki, burada çox qala bilmədi. Bir müddət Bərdədə düşərgə salandan sonra xəzərləri yenmək məqsədi ilə Dərbəndə doğru yol aldı.

    …Xəzər döyüşçüləri arasında çaşqınlıq yaranmışdı;

    – Xəbəriniz varmı ərəblər bizimlə döyüşə gəlir?!

    – Qoy gəlsin, görsün qılıncımızı.

    – Deyirlər onlara heç bir silah təsir etmir, heç ox da batmır.

    – Xəzərin qılıncı qayanı da yarır. Ərəbin başınımı kəsmiyəcək bu qılınc?!

     – Deyilənə görə onlar göylərdən gəlib. Kim onlara silah qaldırarsa, böyük faciələr baş verər. Günəş tutular, ay tutular…

    Belə söhbətlər Xəzər döyüşçüləri arasında ikitirəlik və ruh düşkünlüyü yaratmaqdaydı. Ərəb böyüklərinin bölgələrə səpələnən təbliğçilərinin əhali arasında yaratdığı mif artıq, öz işini görməkdəydi…

    Günəş yenicə doğmuşdu. Düşmən döyüşçülər üz-üzə dayanmışdı. Bir azdan amansız savaş başlayacaqdı. Əl Cərrah döyüşçülərini bir daha az sonra başlayacaq döyüşə hazırlayırdı:

    – Ey ərəb ordusu!

    Siz Allah və din yolunda döyüşürsüz. Allahımız, bizə kafirləri öldürməyi əmr etdi. Cəsarətlə və həvəslə döyüşün. Bu döyüşdə kim həlak olarsa, bilsin ki, dərhal cənnətə düşəcək. O biri dünyada sizi ağ bədənli, iri gözlü hurilər qarşılayacaq.

    Onlar cənnətdə sizə dadı dəyişməyən şirin sulu bulaqlar, süd gölləri, içənlərə ləzzət verən, yaşıllıqlar içində gecə-gündüz axmaqda olan şərab çayları təqdim edəcək. Siz o şərabdan sonsuza qədər bol-bol içəcəksiz. O şərablar dünyadakı şərablar kimi sizə başağrısı verməyəcək. Bu döyüşdə sağ qalan hər kəs isə böyük şöhrət qazanacaq, çoxlu qənimət əldə edəcək, var-dövlət sahibi olacaq, evinə çoxlu qızıllarla qayıdacaq…

    …Ordular yüz illərin barışmaz düşmənləri kimi döyüşməyə başladılar. Şiddətli və amansız döyüş oldu. Ancaq buna baxmayaraq, düşmənləri haqqında məqsədli şəkildə yaradılmış mif öz işini görürdü. Xəzər qoşunlarının böyük hissəsi tərəddüd içində, qorxuqarışıq ehtiyat hissi ilə döyüşürdü. Beləcə, səhər başlayan döyüş axşama yaxın ərəb qoşunlarının zəfəri ilə sonuclandı.

             Ərəb qoşunları bu döyüşdən xeyli qənimət əldə etmişdi. Onların qəniməti keçdikləri yaşayış yerlərindən taladıqları var-dövlət və daha çox qazanc əldə etmək üçün qul kimi satmaq niyyətilə apardıqları əsirlər idi…

    O ili Əl Cərrah qışı Aranda keçirdi, yazda isə Ərdəbilə gəldi və burada düşərgə saldı.

    …724-cü ilin əvvəllərində xəlifə Yezid ibn Əbd əl-Malik öldü. Ondan sonra Yezidin qardaşı Hişam ibn Əbd əl-Malik xəlifə oldu. Yeni seçilən xəlifə Əl Cərraha xəbər göndərdi. Ona Azərbaycanda qalmağı və yenidən ayağa qalxmağa başlayan Xəzərlərə qarşı savaşmağı əmr etdi. Əl Cərrah bir müddət Savalanın ətəyində düşərgə salandan sonra yaxın zamanda əmrə uyğun olaraq, Dərbəndə doğru – xəzərlər üzərinə yürüş etməyi qərara aldı.

             …Xəzərlər heç cür yenilgi ilə barışa bilmirdi. Yenilgidən ən çox qeyzlənən və özünə yer tapa bilməyən Xəzər Xaqanının gənc oğlu Bars Bəy idi. O, artıq bir neçə ay idi ki, döyüşkən Xəzər oğullarını ətrafına toplayıb işğalçılara qarşı savaş açmaq üçün hazırlıq görürdü. Bunun üçün də ardıcıl olaraq döyüş təlimləri keçir, onlarla söhbətlər aparır, düşmənlərin heç bir qeyri-adi gücə sahib olmadıqlarını, onları cəsarətlə döyüşərlərsə, Xəzərlərin düşməni yenə biləcəklərinə inandırmağa çalışırdı. Uzunmüddətli söhbətlər və ardıcıl təlimlər öz bəhrəsini verməkdə idi. Yaz gecələrinin birində Xaqan oğlu Bars Bəy qəti addım atmaq niyyəti ilə ordu başçılarını ətrafına toplayıb sözə başladı:

    – İki ildir gecələrimiz əzab, gündüzlərimiz qəm içində keçir. İki ildir qəhrimizdən bayram etmədik, şənlik keçirmədik. Törələrimizdən uzaqlaşmağa başladıq. Atalarımızdan utandıq, analarımızın yanında rəzil olduq, qadınlarımızın üzünə baxmaz hala gəldik. Tanrımı üz çevirdi bizdən?! Özümüzə qayıtmağın, bizi üzən əzaba və kədərə son qoymağın zamanı gəldi. Bizi bu rəzil durumdan ancaq savaş qurtara bilər. Savaşaq ki, özgürlüyümüz var olsun! Qılınclar qında pas atmasın! Atlarımız büdrəməsin! Tanrı bizi özgür görmək istər. Savaşaq ki, Tanrı da bizi bağışlasın… Bars Bəy çıxışına qısa ara verib dərindən nəfəs aldı və ucadan sordu: 

    Ərənlərim! Bu yenilgi ilə yaşamağı qəbul edirsizmi?!

    – Yenilgi ilə yaşamaq, yaşamaq deyil, rəzillikdir!

    – Ya düşmən üzərində qələbə qazanmalı, ya da savaşaraq ərən kimi ölməliyik!

    – Özgürlüyümüzə gedən yol savaşdan keçir. Başqa yolumuz yoxdur! – deyə ordu başçılarından- ərənlərdən səslər ucaldı.

    – Elə isə hazırlaşın, sabah döyüşə gedirik! – deyə Xaqan oğlu Bars Bəy qılıncını sıyırıb göylərə doğru uzatdı.

    – Sabah döyüşə gedirik! Otuza qədər qılınc qından sıyrılıb havada parladı…

    …724-cü ilin yazı idi. Ərəb xilafətinin sərkərdəsi Əl Cərrah Savalan dağının ətəklərində düşərgə salmışdı. O, yaxınlarda Dərbəndə doğru- Xəzərlər üzərinə yürüş etməyə hazırlaşırdı. Son zamanlar Xəzərlərin yenidən ayaqlanmasından az-çox xəbərdar idi. Yürüş üçün toplanmağı və qərar verməyi düşünürdü. Bu düşüncələrlə uğraşdığı bir zamanda ona Xəzər ordusunun onlara doğru gəldiyi və artıq yetişmək üzrə olduğu xəbərini gətirdilər. O, bir az sonra uca bir yerə çıxdı. Quzeydən onlara doğru sel kimi axıb gələn bir ordu gördü.

    Bu, Xaqan oğlu Bars Bəyin başçılıq etdiyi Xəzər ordusu idi…

    …Qəzəbli və güzəştsiz bir döyüş başladı. Var-dövlət və cənnət arzusu ilə döyüşən qoşunla, cənnətini özgürlüyündə görən bir qoşun arasında ölüm-dirim savaşı oldu. Səhər başlayan şiddətli döyüş günorta başa çatdı. İşğalçı ərəb qoşununun çoxu bu savaşda öldürüldü. Xilafət ordusundan yalnız bir neçə nəfər qaçıb canını qurtara bildi. Əl Cərrahın da cəsədi bu saysız-hesabsız ərəb cəsədləri arasında idi…

    …Savalandan quzeyə- Dərbəndə doğru qalib bir ordu gedirdi. Bu, Xaqan oğlu Bars Bəyin ordusu idi. O, çox böyük qənimətlə geri dönürdü. Onun qəniməti yenidən əldə etdiyi qüruru, özgürlüyü və iki ildən sonra ilk dəfə olaraq – Tanrının onu bağışladığı inancından qaynaqlanan – sevinc duyğusunu yaşaması idi.

  • Banu MUHARREM.””Yolüstü- yağışların dostu”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Yolüstü-
    yağışların dostu
    Danış, susduğum yağış
    Qulağıma yaxın gəl,
    Bu sənsən? !
    Su yanğıma su gətir,
    Susuzluğu yatır- gəl!
    Gələrsən?!
    Güz çiçəyi kimiyəm.
    Mən bahar yaşamadım.
    Sevilməyi bilmədim
    Ümid kimi- ölmədim.
    Sən tək dönə bilmədim
    hər gedişin sonundan.
    Mən sevgiyə gec qaldım-
    Sevgidən aca qaldım.
    Bəlkə də uca daldım.
    Gəl,e…. gəl..
    Yanağımda düzül,gəl.
    Dodağımda isin!
    Gəl!
    Gülərsən.
    Danış , susduğum yağış
    Dodağıma yaxın gəl.
    Bu sənsən..

  • Banu MUHARREM.”Heç bilmirəm.”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Heç bilmirəm.
    Heç bilmirəm
    Arzuları neçə günə ovutdum,
    İnamımı neçə ucuz dostlarımçun ələdim.
    Yaşlanırdım -mən həminki,o acıdil kobuddum.
    Ciblərim də boşalmışdı, ürəyimi xərclədim.
    Mayası bol uydurmadır sevgilər . Elə olur adətən.
    Hər gün nağıl dinləyərdim
    Uşaq ikən “yox babam”ın dilindən.
    Bir peşəkar yalançıydı -gözlərim də-
    Gülümsərdi ağrıların əlindən.
    Dinlədiyim nağıllarda ölənləri saydıqca,
    Dodağımı gəmirərdim,
    qabırğam da göynəyərdi əlimdən.
    Elə gözəl böyümüşdüm ,
    Elə körpə uşaq ikən ölmüşdüm-
    Fərqlənirdim yaşıdlardan,
    ilan kimi mələyirdim,İlahi.
    Deyirdilər ,sən əvəzsiz, bağışlayan, rəhmdil..
    Necə oldu, 3-4illik uşaqlığa qıya bildin, İlahi..
    Mən yenə də sənə küsdüm,
    Səndən qaçdım, üsyan etdim, İlahi…
    Yuxulardan boz dünyama yolladığın qollar da
    HələliyI həmişəliyə dəyişdilər bir axşam.
    Yenə həmin qaranlığa göndərdilər könlümü
    Ayaq tutub , yenə sənə qaça bildim,İlahi..

  • Banu MUHARREM.”Tapılar”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Usanma dünyada, sınma həyatda.
    Sabaha açılan bir yol tapılar.
    Qəbullan qisməti,olsa bayat da,
    Səbrinə ‘şükranlıq bir ol’ tapılar.

    Ariflər içində görünərsənsə,
    Yaxşılıq biçimli bürünərsənsə,
    İlahi sevgiyə sürünərsənsə,
    Şəfqəti əlində bir qul tapılar.

    Çoxunun əlindən zəhər içərsən,
    Alovla yanarsan, qora düşərsən,
    İmdada yetişib suya düşərsən,
    Quruya çıxaran bir qol tapılar.

    Əzabın çarəsiz bir ömür boyu,
    Yusifin göz yaşı, bir sonsuz quyu,
    Səhrada dodağın qurusa suyu,
    Yoluna fışqıran bir göl tapılar.

  • Banu MUHARREM.”Gözünə batmışam, məni bağışla…”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Bu şəbi yeldada səni düşündüm-
    Gözündə yox idim əzəl baxışdan
    Bilirdim qozbeli qəbir düzəldər..
    Bilmirdim kor qalar gözlər – baxışdan.

    Bilirdim qozbeli qəbir düzəldər..
    Bilmirdim kor qalar gözlər – baxışdan.
    Mən yenə bilmədim yoxu, korluğu.
    Tutmaq da alınmır qara yoxluğu .
    Tapa bilməyəndə sənli toxluğu
    Başımı qatmışam suyla, yağışla.

    Könlüm köhlənində sazın çalanda,
    Qulağım səsinə heyran olanda,
    Sinəmdə ürəyim viran qalanda,
    Deyirdi- ‘qəhərin gəlir, qarşıla! ‘

    Yuxuma dönəndə yolun,çaşırdım
    Şabalıd saçımla qolun aşırdım..
    Könlünə batmaqçun hey çalışırdım..
    Gözünə batmışam, məni bağışla…

  • Banu MUHARREM.”Sən yadıma düşəndə..”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Sən yadıma düşəndə
    günəşə göz atıram, gözlərimi yandırır.
    O parıltı sənsənmi? qalan ağlımı alır.

    Sən yadıma düşəndə
    kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar.
    O kənd sənə tanışdı? Səsin kəndə aparır, mənə tanış o civar.

    Sən yadıma düşəndə
    ay günəşlə yarışmır, günəş ayla öpüşür.
    O ay sənin dostundu? Mənə səndən danışır, sözünü kəsməyəndə darıxmağım ötüşür.

    Sən yadıma düşəndə
    İçir gülür babalar, gözündə cavanlaşır ən deyingən qarılar.
    O cürünü görmüsən?!
    Elə bil çiçəklərdən toz daşıyır arılar.

    Sən yadıma düşəndə
    Dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən qollar.
    O dənizi bilirsən? Necə xoşbəxt olurlar, neçə yuva qururlar on bir rəngli balıqlar…

    Sən yadıma düşəndə
    Düşür yadıma yollar. Yeridikcə hər küçə, səssiz dolanmış qollar.
    O qolların ağrımır ələndikcə yağışlar?!
    Mənəm də, Allah haqqı, sən yadıma düşdükcə sonunu dəyişırəm- xoşbəxt bitir nağıllar.

  • Sona İNTİZAR.”Yağış “

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Yağışa baxıram… səni düşünüb,
    Gör necə narındı, sakitcə yağır.
    Hər damcısı göydən yerə ələnib
    Necə gözəl bir mənzərə yaradır.

    Əlimi açıram yağışa sarı,
    Düşür ovucuma tər-tər damlalar,
    Səni gətirəydi yanıma barı
    Göydən yerə düşən narın damcılar.

    İsladır üzümü yağan bu yağış,
    Gözümün yaşı da qarışır ona.
    Üzümdən sel gedir, iz naxış-naxış
    Mən necə dayanım, de necə buna?!

    Özümü nə qədər cilovlasam da,
    Qəhər məni boğur, ağlayıram mən.
    Nə bilim… niyəsini almasam da,
    Səni hər damcı dan soruşuram mən.

    Sakitcə seyr edim, səni, ey yağış,
    Sən yağ, damcıların toxunsun mənə.
    Yarımın ətrini səndən almamış,
    Sən yağ, yanağını kəsmə, bəs etmə.

    Sonayam, sevirəm mən səni yağış,
    Saçımı isladır hər damcın sənin.
    Bu gün mən susacam, sən məndən danış…
    Qoy sənin gözünlə özümü görüm.

  • Anar Kərimov nazirliyin mətbuat orqanlarının kollektivləri ilə görüşüb

    Mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüş keçirib.

    Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.

    Nazir ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edib, mədəniyyət salnaməmizin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdırlar.

    Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov bu prosesin ümumi mədəni inkişafa xidmət etdiyini deyib. Bildirib ki, nazirliyin mətbuat orqanları bu islahatların öz məqsədinə çatmasına, eləcə də mədəniyyət sahəsində yeniliklərin vaxtında oxuculara çatdırılmasına çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdırlar.
    Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan nazir bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.

    Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar. Nazir bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

    Görüşdə eyni zamanda informasiya siyasətinin reallaşdırılmasında sosial medianın  imkanlarından da maksimum istifadənin günün tələbi olduğu vurğulanıb. Hər iki nəşrin elektron versiyalarında multimedia imkanlarının daha da artırılması ilə bağlı müzakirə aparılıb.    

    “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar jurnalist Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.

    Mənbə: https://culture.gov.az/

  • A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında

    A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                            

    Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin.

    lham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 22 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • A.Q.Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.Q.Kərimlinin Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 22 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilsin.

    2. Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilsin.

    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 22 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Sona İNTİZAR.”XOŞBƏXTLİYİN SİRRİ”

    This image has an empty alt attribute; its file name is IMG-20221214-WA0000.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Çox rəngarəng dünyada yaşayırıq bizlər. Kiminə rəngli, kiminə sadece ağ-qara rəngdən ibarət olan bir dünya. Bəzən bir tərslikdən dolayı öz həyatımızı qaraya bürüyər, bəzən ani bir xoşbəxtlikdən yaşantımızı rəngləndirməyi bacarırıq. Demək hər yaşantı insanın öz iradəsindən asılı imiş…
    İnsan sadəcə kimisə sevməklə deyil, özünü sevməklə də xoşbəxt ola bilir. Bəli, sevgi, sevməyi bacarmaq hissi məs elə özünü sevməkdən başlayır. Bu xoşbəxtliyə aparan yoldur, xoşbəxtliyin başlanğıcıdır.
    Həyatın məşəqqətli yollarından keçmiş bir insan üçün üzündə təbəssümü aradan hər şey xoşbəxtlik deməkdir. Yalnız bir xətt üzrə yaşayan insanı isə heç nə təəccübləndirə bilməz. Buna görə də, xoşbəxt ola bilmir insan. Əlində olan xoşbəxtliyi duya bilmir və gözü qıraqda axtarır o adını bilib, özünün hiss etmədiyi o hissi. Necə olur ki, bəs bu fürsəti qaçırırıq əldən? Demək ki, insan göz önündə olanlarla deyil, hardasa əlçatmazlıqda görür xoşbəxtliyi… Çünki, tez və asan əldə olunan heç bir şey insanı daim xoşbəxt edə bilməz. Zatən xoşbəxtlik daimi olmur. Məncə bu ani yaşanılan hissin bir neçə vaxt sürdüyü təsir gücüdür ki, bir müddət insanın hafizəsində qalır… Və bu insana “daimi xoşbəxtlik” adı altında şüuraltı təsir edir. Bəlkə bundadır ki, inciyəndə, təsirlənən qarşımızdakı insanı “SƏN DƏYİŞİLMİSƏ”, “ƏVVƏL BELƏ DEYİLDİN” – deyərək tənbeh edirik çox vaxt. Amma, oysa ki, əslində öz əlindədir insanın xoşbəxt olması…
    Mən bir çox mərhələləri atlatdım bu həyatda və qərara gəldiyim bu oldu ki, xoşbəxtlik bir qapıdır. Və o qapının açarı yalnız Hörmət və Sevgidir.
    İnsan birinci özünə hörmət etməlidir, sonra düşdüyü mühütdə öz tutduğu mövqeyi möhkəmləndirməliyik. Sevincindən pay verməyi bacarmalıdır. Bunlar insanı formalaşdıran amillərdi. Necə ki biz özümüzü bədbin, rahatsız, gücsüz hiss edəndə nəyəsə və ya kiməsə ehtiyac duyuruq, eləcə də xoşbəxt, sevincli, yüksək əhvalda olanda da mütləq paylaşmağı bacarmalıyıq. Bu hiss insana fərahlıq verir, könlünü cavanlaşdırır. Xoşbəxtliyin sirri mənim üçün yalnız görünən amillərə deyil, görünməyən hisslərdədir.
    Odur ki, sevgi dolu həyat arzusuyla…

  • “II Sumqayıt Kitab Sərgisi” keçiriləcək

    Xəbər verdiyimiz kimi, 23-25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək.

    Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq sərgidə, eyni zamanda tanınmış ədiblər, ictimai xadimlər, incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək, müxtəlif mədəni tədbirlər həyata keçiriləcək. Bundan başqa sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar olacaq, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil ediləcək.

    Sərgi müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngindir.

    Dekabrın 23-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında yazıçı Varis Yolçuyev oxucularla görüşəcək.

    Dekabrın 23-ü saat 15:00-da “Şirvan” təqdimat zonasında bloger Həvva Səfərova “Səyahətdə kitab” seminarı verəcək.

    Dekabrın 24-ü saat 11:00-da “Şirvan” təqdimat zonasında teleaparıcı Rafiq Həşimov kitab və televiziya anlayşından söhbət açacaq.

    Dekabrın 24-ü saat 13:00-da “Şirvan” təqdimat zonasında yazıçı Orxan Fikrətoğlu müasir romançılıq anlayışından danışacaq.

    Dekabrın 24-ü saat 14:00-da “Təbriz” təqdimat zonasında reper PRoMete həyatını dəyişən kitablardan danışacaq.

    Dekabrın 24-ü saat 14:00-da “Şirvan” təqdimat zonasında İlqar Fəhmi və Arif Buzovnalının şeir saatı baş tutacaq.

    Dekabrın 24-ü saat 16:00-da “Şirvan” təqdimat zonasında bədii qiraətçi Xəzər Süleymanlı və şair Aqşin Evrənin şeir saatı keçiriləcək.

    Dekabrın 24-ü saat 18:00-da Kamran Muradlının ifasında Ülviyyə Heydərovanın pyesi əsasında qurulmuş “Pələng” monotamaşası oynanılacaq.

    Dekabrın 25-i saat 12:00-da “Təbriz” təqdimat zonasında təlimçi Orxan Şahbaz duyğuların idarə edilməsindən söz açacaq.

    Dekabrın 25-i saat 12:00-da “Şirvan” təqdimat zonasında Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu nitqdəki uzunçuluqdan danışacaq.

    Dekabrın 25-i saat 13:00-da “Təbriz” təqdimat zonasında Aytac Qəmbərova “Danışan şəkillər” nağılı əsasında kukla tamaşası nümayiş etdirəcək. Dekabrın 25-i saat 13:00-da “Şirvan” təqdimat zonasında hərbi diktor, müğənni Şəmistan Əlizamanlı poeziya və musiqidə vətənpərvərlik anlayışından söz açacaq.

    Saat 14:00-da isə “Şirvan” təqdimat zonasında yazıçılar Qismət və Aqşin Yeniseyin “Oxutmuram, əl çəkin!” adlı müzakirə saatı başlayacaq.

    Dekabrın 25-i saat 14:00-da “Təbriz” təqdimat zonasında yazıçı Rövşən Abdullaoğlunun imza saatı keçiriləcək.

    Dekabrın 25-i saat 16:00-da “Təbriz” təqdimat zonasında yazıçı Elxan Elatlının “Qazinin ölümü” kitabının təqdimat və imza mərasimi olacaq.

    Dekabrın 25-i saat 16:00-da “Şirvan” təqdimat zonasında yazıçı Ülviyyə Tahirin imza saatı baş tutacaq.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Mifoloji lüğət”

    Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.

    Tərcümə Mərkəzinin məlumatına görə, kitabın tərtibçiləri Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, “Ön söz” müəllifi Etimad Başkeçiddir.

    Qeyd edək ki, lüğət humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

    “Ədəbiyyat və incəsənət”

    (21.12.2022)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Mədəniyyət naziri Anar Kərimov Xalq rəssamı Ömər Eldarovla görüşüb

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 21-də Xalq rəssamı, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb.

    Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edən nazir onun Azərbaycan mədəniyyəti və incəsənətinə verdiyi töhfələr, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq heykəltəraşa ən xoş arzularını çatdırıb.

    Nazir bildirib kiAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 dekabr 2022-ci ildə 1-ci dərəcəli “Əmək” Ordeni ilə təltif olunmağı ölkə başçısı tərəfindən fəaliyyətinə verilən yüksək dəyərdir.

    Sonda nazir yubileyi münasibətilə Ömər Eldarova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin “Şuşa – 270” döş nişanı ilə təltif edib.

    Ömər Eldarov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.

    Mənbə: https://culture.gov.az/

  • “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-televiziya filmi üçün musiqi (soundtrack) müsabiqəsi elan olunur

    Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” filminin musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.

    İştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər. Filmdə möhtəşəm döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq.  Bu səbəbdən, müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.

    QEYD 1: “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii televiziya filmi 24 bölümdə çəkilməsi planlaşdırılır.  Film Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyatı, keşməkeşli fəaliyyətindən bəhs edəcək. Burada eyni zamanda əsas məqsədlərdən biri kimi orta əsrlər Azərbaycan coğrafiyasındakı mövcud dövlət quruluşu, sosial münasibətlər, ictimai-siyasi vəziyyət, milli-mənəvi irs, intibah dövrünü yaşayan mədəni-ədəbi mühit və digər reallıqlar detallı şəkildə gündəmə gətiriləcək.  

    Müsabiqənin əsas şərtləri

    1. Hər bir iştirakçı ən azı 1 (bir) və ən çoxu 5 (beş) musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər. Musiqilərin, leytmotivlərin çox olması həmin iştirakçının qalib gəlmək şansını artıra bilər. Lakin, say çoxluğu mütləq şərt deyil; önəmli olan musiqinin orijinallığı və filmə uyğun gəlməsidir.
    2. Çoxseriyalı filmin musiqi müşayiətini zənginləşdirmək və orijinallığı artırmaq məqsədilə bir və ya bir neçə qalib gəlmiş iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür.
    3. İştirakçı sayı 5-dən az olduqda müsabiqənin baş tutmaması haqqında qərar verilə bilər. Bu halda bütün təqdim olunmuş musiqilər iştirakçıların özlərinə qaytarılır.
    4. İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Bu halda hər bir müəllifin (bəstəkarın) adı qeyd edilməlidir. Qrup şəklində təklif verən tərəf bir iştirakçı kimi qiymətləndiriləcək, və qrup qalib gəldikdə mükafat müəlliflərə ayrı ayrılıqda deyil, yalnız bir dəfə bütöv qrupa ödəniləcək. 

    Mükafatlandırma

    Müsabiqədə qalib gəlmiş iştirakçılar aşağıdakı qaydada mükafatlandırlıcaq:

    1. 1-ci yer üçün: 1.500 (bir min beş yüz) manat
    2. 2-ci yer üçün: 1.000 (bir min) manat
    3. 3-cü yer üçün: 500 (beş yüz) manat

    Əlavə olaraq, müsabiqədə qəlib gəlmiş bir və ya bir neçə iştirakçı ilə filmin bütün bölümləri üçün musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

    QEYD 2: Burada müəyyən edilmiş pul mükafatları yalnız müsabiqədə həvəsləndirmə məqsədi daşıyır və heç bir halda filmdə istifadə olunacaq musiqilərin qiymətinə təsir etməyəcək. Həmin qiymətlər və digər mühüm şərtlər yuxarıda qeyd edilmiş müqavilə danışıqları zamanı ayrıca razılaşdırılacaq və müqavilədə təsbit olunacaq. 

    IV.       Bəstələrin təqdim etmə qaydaları

    1. Müsabiqə üçün bəstələrin son təqdim edilmə tarixi 25 yanvar 2023-cü ildir.
    2. Bəstələr elektron daşıyıcıda (flashcard), email yaxud digər elektron vasitə ilə(məsələn, we_transfer vasitəsilə) təqdim edilə bilər.
    3. Format: Mp3
    4. E-mail ünvanı: info@shahdagfilm.az
    5. İştirakçının adı, soyadı və mobil telefonu qeyd edilməlidir.

    V.         Qaliblərin seçilməsi

    Qaliblər  Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəsisslərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.

    Mənbə: https://culture.gov.az/

  • Aysel NƏSİRZADƏ.Yeni şeirlər

    İKİNDİ AZANIYLA…
    İkindi azanıyla yol alır
    Üfiqə doğru Günəş.
    Yol aldığı yerdən sarır buludları atəş rəngi. Bəzəyir göy üzünü
    Qırmızının sarıyla ahəngi.
    Qıyıldıqca günün gözü
    Zamanı xatırladır –
    Dünəni xatirə,
    Sabahı xəyal
    Bugünü acısıyla,
    Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.

    LÖVBƏR SALMAZ GƏMİLƏR
    Bu limana lövbər salmaz gəmilər,
    Susar qağayılar sahil boyunca.
    Günəş də dənizə qıyğacı baxar,
    Çəkilər qınına yerdən doyunca.

    Rüzgar qayalara çırpar dalğanı,
    Dənizə atılmış dərdlər dağılar.
    Buxarlanıb göyə çıxan hər dərdə
    Yağış söylər həzin-həzin ağılar.

    Yer üzü islanar insan ahıyla,
    Allahı unudan yadına salar.
    Yenə o sahildə bərk qaya üstə
    Gedənə həsrətli tək qalan ağlar.

    YOL BİR NƏFƏS
    “Öz dibinə kölgə salmaz şam ağacı”,
    Dərd gözünü zilləyər,
    Sevinc baxar qıyğacı.
    Ömür yolun ölçər zaman-
    Həyat adlı.
    Bir gün gəlib keçmək bilmir,
    İllər isə yel qanadlı.
    Uzaq gəlir, hər şey uzaq,
    Ümid əsir, arzu əbəs.
    Bu dünyadan o dünyaya
    Uzaq deyil, yol bir nəfəs.

    TƏBİƏTİN BƏSTƏSİ
    Budağıyla vidalaşan
    Xəzəllərin xışıltısı
    Təbiətin bəstəsidi.
    Aynəbəndi döyəcləyən
    Sərçələrin civiltisi
    Payız zümzüməsidi.
    Noyabrın bir qucaqlıq darıxmağı
    Gəlib qoynuna sığınar.
    Anlayarsan,
    Hamı hər kəsin heç kəsidi.

    ELƏ İNTƏHASIZ DARIXIRAM Kİ…
    Elə intəhasız darıxıram ki…
    Dilimdə ən şirin sözüm darıxır.
    Nəmli kirpiyimin sığal çəkdiyi,
    Çuxuru göllənmiş gözüm darıxır.
    Elə intəhasız darıxıram ki…
    Bu şəhərin mənəm qərib sakini.
    Qayğılardan yosun tutmuş ürəyim,
    Qarışdırmış nifrət ilə sevgini.
    Elə intəhasız darıxıram ki…
    Uzaq düşər sevinc, kədər boylanar.
    Pəncərəmi xısın-xısın döyəclər
    Qaranquşu yola salan son bahar.
    Elə intəhasız darıxıram ki…
    Üzərimdə nakam arzu kölgəsi.
    Bu dünyaya ruhum sığmır əzəldən,
    Yəqin, odur darıxmağın bəlkəsi.

    *
    Mən seçmədim göz yaşına əsirliyi,
    Tale seçdi.
    Ruhum göyərçin tək dar qəfəsdə
    Kədər biçdi.
    İndi gözəl nə düşünsəm, yanındadır kədər payım.
    Sevinc heçdir.
    Bilinmədi qaça – qovda uşaqlığım,
    Gəncliyim də
    Belə….keçdi

  • Ö.H.Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Ö.H.Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                  

    Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 20 dekabr 2022-ci il

    Mənbə: https://president.az/

  • Məhəmməd NƏRİMANOĞLU.”ZİRVƏDƏ DAYANDI, OXUDU, QƏMKEŞ”

    Qəmkeş-Allahverdi-90

    İlahidən ofsunlanmış səsiylə
    Elin çoxşaxəi söz dühası, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş?! Buradan qida alanlara, bar-bəhrə yığanlara – bəşər mədəniyyətinn incilərini yaradanlara nələr verməmişdir, ilahi?! Demək, elin yaddaşında yaşayan poeziya həm tarixcə qədim, həm də el sənətinə bağlılığına görə zəngin material verir. El yaddaşnı dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi inandırıcı və kəsərlidir.
    İlham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az olmayıb. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açmışdır.
    Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, sevinc çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
    Kəlbəcər kimi cənnət-məkan bir diyarda yaşayanların da təbii ki, haqqı yox idi ecazkar mənzərəli təbiətindən ilham almasın, şer yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi, sanki. Tərtər, Tutqu, Qamışlı və neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov çaylar həm də burada gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, çığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misralarıdır; şiş qayalar bu şerlərin «nida»sı, zirvələr «nöqtə»si, boynubükük bənövşə «sual işarəsi», nərgizin ləçəyi isə «vergülü»dür.
    Belə bir ilhamverici diyarda böyüyüb başa çatan, pərvazlanıb uçan, zirvələrə qonmağa çalışan bir çox kəlbəcərli alimlər, şairlər, aşıqlar yazıb-yaratmış, çox şükürlər olsun ki, bu gün də öz peşələrini məharətlə, sənətkarlıqla davam etdirirlər.
    Kəlbəcərin sərvətlərini saymaqla qurtarmaz. Təbii sərvətlər diyarı olması artıq bəşəriyyətə məlumdur. Mənfur ermənilər məhz onun təbii qala olması ilə yanaşı, həm də onun sərvət yatağı olduğuna görə ora göz dikmişdi.
    Kəlbəcər rayonunda 1000 nəfərdən çox şer yazmağı bacaran kişi və qadın el şairləri vardır. Kəlbəcərin 1993-cü ildə erməni daşnaqları tərəfindən işğalı nəticəsində məcburi köçkün düşməsi bir çox kəlbəcərlini söz adamına çevirmişdir. Onların şerləri mənfur düşmənlərə qarşı sovlu xəncərdən kəsərli söz qılıncıdır.
    Kəlbəcərin sazlı-söz diyar olması dəfələrlə təsdiqlənib. Ağdabanlı şair Qurbandan, oğlu Dədə Şəmşir zirvəsindən başlanan müuqəddəs yol, çox şükürlər olsun ki, bu gün də uğurla davam etdilir, yeni nəfəslərlə, müxtəlif formalı şer nümunəlri ilə. Kəlbəcərin şer yazan aşıqlarından Aşıq Hüseynin, Aşıq Avazın, Allahverdi Qəmkeşin, Aşıq Həmid və oğlu Xalıqverdi Həmidoğlunun, Aşıq Qardaşxanın, Aşıq Hidayətin, Aşıq İmranın, Aşıq Tofiqin, Aşıq Əhlimanın, Aşıq Əlişin, qamışlı Aşıq Gərayın, Aşıq Telmanın və başqalarının da adını çəkə bilərik. Aşıq Allahverdi Qəmkeş respublikanın «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüş və şerlər kitabı çap olunmuşdu.
    Bir çox kəlbəcərli şairlərin adları Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi geniş yayılmışdır. Rusiya Yazıçılar Birliyinin üzvü Nəsib Nəbioğlunu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, respublikanın «Əməkdar İncəsənət xadimi», «Şərəf nişanı» ordenli Məmməd Aslanı, bir çox kitablar müəllifi, filologiya elmləri namizədi, türkoloq-alim, publisist Adil Cəmili, Bayron kimi məşhur ingilis şairinin şerlərini dilimizə çevirən, filologiya elmləri namizədi, rəhmətlik Ənvər Rzanı, xalqımızın sevə-sevə oxuyduğu Bəhmən Vətənoğlunu, mərhum Sücaətimizi, gözəl istedad sahibi olan Mirsəyyaf Zamanlını, 23 yaşında Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilən Ələmdar Cabbarlını misal göstərmək olar. Onu da qeyd edim ki, «Əməkdar İncəsənət Xadimi» anadan olmasının 100 və 110 illik yubiley tədbirləri dövlət başçısının sərəncamı ilə keçirilən Dədə Şəmşir də Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilmişdi.
    Bütün bunları söyləməkdə bir məqsədim var: ulu söz diyarı olan Kəlbəcər təkcə maddi sərvətlər məkanı deyil, həm də sazın-sözün beşiyi, mənəvi sərvətimizin qaynar çeşməsidir.
    Yuxarıda qeyd etdiyim kimi, Kəlbəcərdə klassik aşıq yaradıcılğına bələdçilik sanki qandan-ilikdən keçib. Kimi dindirirsən sənə qafiyə ilə cavab verir. Aşıq Şəmşirdən başlanan ozan-aşıq məktəbinin layiqli davamçılarından biri olmuş və hələ sağlığında özünə mənəvi abidə ucaltmış, canlı klassik aşıqlarımızdan biri də Aşıq Allahverdi Qəmkeş idi. Onun müasirləri bəxtəvər sayıla bilər ki, belə canlı klassiklərin zamanında məclislərində olmuş, dürlü-dürlü, hikmətli sözlərini öz dilindən dinləmişlər, onunla ülfət və ünsiyyət bağlamışlar. Bu sırada mən özümü də görürəm. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri olan Qəmkeş Allahverdi ilə dəfələrlə məclis və toy mərasimlərində, konsert salonlarında və festivallarda olmuşam. Tale elə gətirib ki, bu sətirlərin müəllifinin də toy şənliyini keçirmək Qəmkeş Allahverdiyə nəsib olub. İş yoldaşı olmaqla yanaşı, aramızda ustad-şəyird, eləcə də ata-bala məhəbbəti yaranmışdı. O zamanlar Kəlbəcərdə tək-tək toy məclisləri olardı ki, videokameria ilə çəkilsin. Bizim də toy şənliyimizin ancaq audiokasseti qalmışdı. Kəlbəcərin işğalı zamanı evdən çıxara bilmədiyimiz mal-mülk bir tərəfə, həmin kassetin orada qalması isə bir tərəfə oldu. Səsi-avazı bu gün də hissimə-duyğuma bir rahatlıq gətirən Qəmkeşi dinləməyin özü bir məktəb keçmək demək idi – ustad məktəbi.
    2005-ci ildə çapdan buraxdığımız «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antologiyasında onun da haqqında qısa məlumat və bir neçə şerini vermişik. Aşıq-şairin qısa tərcümeyihalından qısa sətirlər belədir: Allahverdiyev Allahverdi Əli oğlu 1931-ci ildə Kəlbəcər rayonunun Şaplar kəndində kamil ovçu və söz sərrafı kimi tanınmış şair təbli Əli Allahverdi oğlunun ailəsində dünyaya göz açmışdır.
    Şuşa Pedaqoji Texnikumunu bitirsə də, müəllimlik etməmiş, saz-sözə meyli onu əlinə saz almağa məcbur etmişdir. Məlahətli səsi, xoş avazı, dərin biliyi onu el-oba arasında çox erkən məşhurlaşdırmış və demək olar ki, qısa vaxt ərzində ustad sənətkarların, xüsusən də Dədə Şəmşirin yanında aşıqlıq sənətinin incəliklərinə bələd olmuş və sonralar müstəqil olaraq el məclisləri aparmışdır. «Azərbaycanın Əməkdar Mədəniyyət İş-çisi» fəxri adına layiq görülmüşdür. Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evi Xalq Aşıqlar Ansamblının bədii rəhbəri kimi neçə-neçə el sənətkarı ondan ustad dərsi almışdır.
    1997-ci ildə “Şair, asta yeri, insan yatıbdı” şerlər kitabı işıq üzü görüb.
    Allahverdi Qəmkeş də kəlbəcərsizlik dərdinə dözməyərək, 2002-ci il-də vəfat etmişdir. Xanlar qəbristanlığında – şair Sücaət, Bəhmən Vətənoğ-lu ilə eyni məkanda torpağa tapşırılıb. Xoşğəxt o sənətkardır ki, sağlığında dillər əzbərinə çevrilir. Ustad aşığımızın da dilindən və poetik duyğularından qanadlanmış misraları divaniyə, təcnisə, qoşmaya, gəraylıya, müxəmməsə çevrilib yaddaşımıza yazılıb.
    Qələmə aldığı hər şer sanki əsrlərin o başından süzülüb gəlir. Aşıqların dilinin əzbəri olan «Yatıbdı» rədifli qoşmasından bir bəndə diqqət yetirək:
    Bu gün yolum düşdü qəbristanlığa,
    Orda zaman qışdı, dövran yatıbdı.
    Sanki pıçıldaşdı hər məzar daşı:
    Şair, asta yeri, insan yatıbdı.
    Ustadı Aşıq Şəmşirin ölümünə həsr etdiyi şer bir daha ustad-şəyird məhəbbətinin dəyərini göstərir:
    Qəmkeş, kim oxuyar Şəmşir nəfəslə,
    “Dəli Koroğlu”nun zənguləsiylə?!
    İlahidən ofsunlanmış səsiylə
    Zirvədə dayandı, oxudu, getdi.
    Qəmkeş Allahverdi sazın ustadı olduğu kimi, sözün də ölçü-biçinini, duyğu tərəzisində çəkir və bundan məharətlə istifadə edərək zamanın gərdişini oxucusuna çatdırırdı:
    Gəl eşit Qəmkeşi, olma ümidvar,
    Qıfıl tərsə düşsə, açmaz bir açar.
    Zabit ölər, vəzir çaşar, at qaçar,
    Sıravi əsgər də şahı mat eylər.
    Kəlbəcərsizlik ağrı-acısı aşıq-şairin istər ifasında, isətərsə də şerlərində çox ustalıqla seçilirdi. Dağların yağıya qalmasından sinəsi atəşə-alova qalanan Qəmkeş uşaqlıqdan qol-boyun olduğu yurdlarımızın könlünü necə almağın yollarını arayıb-axtarır və deyir:
    Qəmkeş, ah-naləsinə çevriləm,
    Qanım axa, laləsinə çevriləm,
    Şəhid olam, balasına çevriləm,
    Dəfn olunam qucağına dağların. . .
    1985-ci ilin yayı idi. Azərbaycan Dövlət Filarmoniyasında Kəlbəcər aşıqlarının konserti keçirilirdi. Mən mədəniyyət və İncəsənt Universitetinin tələbəsi idim. Konsert Filarmoniyanın yay salonunda, açıq havada keçirilirdi. Bakı başdan-başa Kəlbəcər aşıqlarının cəh-cəhinə bələnmişdi. Konsert gecədən keçəndən sonra qurtardı. Kəlbəcərin sevimli, fəxri Eldar Hümbətoğlu cəmiyyət arasında tanınmış ziyalılardan biri idi. Konsertə özü ilə birlikdə qardaşları,həm də yaxın-uzaq dostları gəlmişdi. Konsertdən sonra o, kollektivimizi şam şüfrəsinə dəvət etdi. Saz-söz məclisi səhərəyaxın qurtardı. Konsertin bədii rəhbəri yenə də təbii ki, ustadımız Qəmkeş Allahverdi idi. O gecə biz bir daha Qəmkeş Allahverdinin respublika səviyyəsində sevildiyinin şahidinə çevrildik. Heç kim onun səsindən-avazından doymurdu.
    Şəhərdə qaldığımız mehmanxananın haqqını ödəmiş və xeyli miqdarda isə ustada pul verilmişdi. Yolboyu ustad dadlı-duzlu söhbətləri ilə başımızı yaxşıca qatmışdı. Ağsu dolamalarına qalxanda cibindəki pulu çıxarıb aşıqlardan birinə verib dedi:
    -Qardaş payı kimi neçə nəfəriksə bölüşdür.
    Başa düşmədik: axı, həmin pulu ustadın özünə vermişdilər. O, puldan imtina edərək 14 nəfərlik kollektivin arasında bərabər payda bölüşdürdü. Xatirimdədir, Aşıq Novruz puldan imtina etdi:
    -Yox, ustad, o pul bizim deyil, sənin halalca qazancındır, -dedi.
    Aşıq Əziz zarafatından qalmadı:
    -Ustad, Novruz yəqin ki, çox istəyir ey, qoy ona bir pay da artıq verək?!
    Hamı Əzizin zarafatını başa düşdü. Doğrudan da Novruz pulun bərabər bölünməsinə razı deyilmiş.
    Qəmkeş ustad idi, o dəqiqə sözü göydə tutmuşdu:
    -Novruz düz deyir, onun payı ikiqat olmalıdı, çünki, Əziz, səsi səninkindən zildi.
    Axır ki, Novruz zarafat etdiyini bildirdi, hamı şaqqanaq çəkib güldü. Aşıq Əziz də zarafatından qalmadı. . . Beləcə, yolboyu deyib-güldük, Ustadın bir kəlməsi hamıya dərs idi, ona görə də hər şey öz axarına düşdü.
    Ustad Qəmkeşin oxumaq yolu tamamilə özgə cür idi: zilli-bəmli səsi həmişə onu vəziyyətdən çıxarırdı. . .
    1900-cu ildə Kəlbəcərin Şaplar kəndində anadan olub, 69 illik öm-rünü dağlarda keçirən atası Əli Allahverdi oğluna el arasında Ovçu Əli də deyirmişlər. Yaxşı saz çalıb-oxumağı da var imiş. 1969-cu ildə Kəlbəcər-də vəfat etmişdir. Onun Qamışlı Rüstəm və Milli Nəbi ilə deyişmələri olub.
    Övladları və nəvə-nəticələri də onun sənət yolunu davam etdirmişlər.
    Qardaşı Hacı İdris Verdiyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş ali kateqoriyalı coğrafiya müəllimidir. Uşaqlıq və gənclik illərindən şerə, saza-sözə maraq onu şair edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, beş kitab müəllifidir.
    “Kəlbəcər həsrəti”, “Dağ havası”, “Taxılmamış mayor paqonu”, “Kəl-bəcərin alim ziyalıları” və “Məşədi Cəmil” adlı kitabları nəşr olunmuşdur.
    Mənim də orta məktəb müəllimim olan İdris Verdiyevin qəlbinin həzin nəğmələrinin o zamanlardan pərəstişkarı olmuşam. Kəlbəcərin vəsfi onun da yaradıcılığında qırmızı xətlə keçir. Şerlərinin birində deyir:
    Ənvərin, Məmmədin sözləri dərman,
    Bəhmən, Ayrım Əhməd, Qara, Mehdixan,
    Şair Qəmkeş, Aşıq Şəmşir, Ağdaban,
    Ağır el, gur oymaq Kəlbəcərdədi.
    Qəmkeşsizlik İdris müəllimin yaradıcılığında da özünü göstərir, təkcə qardaş kimi yox, kamil bir sənətkarın itkisi təsir bağışlayır həmin şerlər:
    Doğma yurddan uzaq, eldən aralı,
    Qəfil susdu telli sazı Qəmkeşin.
    Neçə toy evində yarımçıq qaldı
    Dastanı, söhbəti, sözü Qəmkeşin.
    Əsdi talehinə bir acı külək,
    Söndü ürəyində min arzu, dilək.
    Bürüdü qəbrini qərənfil, çiçək,
    Qara gəldi bahar-yazı Qəmkeşin.
    Qəbristanda kimlər “yatıbdı”-dedi,
    Loğmanlar, təbiblər yatıbdı, -dedi.
    Şair Nizamilər yatıbdı, -dedi,
    İndi yatır burda özü Qəmkeşin.


    YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovun FS-də payşalıdığı bu aşağıdakı məlumata görə, Gəncədə Qəmkeş Allahverdinin 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib. Müəllif yazır ki, 20 dekabr 2022-ci il tarixində Kəlbəcər rayon Mədəniyyət Sarayında Gəncə Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi, Aşıqlar Birliyinin Gəncəbasar bölməsinin və Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin təşkilatçılığı ilə ustad Aşıq-şair, Əməkdar Mədəniyyət İșçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirildi.
    Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədli, ustadın ailə üzvləri, rayon ziyalıları, mədəniyyət, incəsənət işçiləri iştirak ediblər.
    Qonaqlar Kəlbəcər rayon Mədəniyyət Sarayında ustad Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən foto sərgi nümayiş olundu.
    Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sonra ustadın keçdiyi ömür yolundan bəhs olunan videoçarx nümayiş olundu.
    Çıxış üçün söz Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya və Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədliyə verildi.
    Aşıqlar Elbrus Hüseynov, Şöhrət Kərimov, Əli Zeynalabdinov, Əməkdar Mədəniyyət işçisi Əhliman Allahverdiyev, İlqar Əhmədov, Əfqan Məmmədov, Yaşar Məhərrəmov, Qənbər Allahverdiyev, Qalib Ramazanov, ustadın şagirdi Nizami Şirinov, Taleh Abdullayev, İbadət Mehtiyev, ustadın tələbəsi Sevindik Quliyev çıxış etdilər, balabanda müşayiət etdi Əməkdar Mədəniyyət işçisi İbadət Allahverdiyev.
    Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya, Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədliyə və aşıqlara Təşəkkürnamələr təqdim etdi.


    Mən Qəmkeş dünyası üçün borcumu təbii ki, bir yazı ilə verə bilmərəm, yəqin ki, illər keçdikcə bu borc bizi bir az da çox incidəcək. Aşıq-şairimizin yaradıcılığı elmi tədqiqini gözləyir. Onun adının əbədiləşdirilməsi üçün də ciddi düşünülməli, ictimai təşkilatların xətti ilə hökumət qarşısında məsələ qaldırmalıyıq.
    Ruhun şad olsun, ustad, misraların dilimizin əzbəridirsə, sözlərinlə sazın yaddaşına yazılanlar bu fani dünyadan cismən gedirlər. Siz isə ruhən, qəlbən aramızdasan, Kəlbəcəri qaytarana kimi sənətkar dünyanın qapısı açılmırsa. Bu da bizim günahımız deyil. İnşallah Kəlbəcərdə sənin xatirəni əbədiləşdirərik, onda ruhun şad olar, bizim isə gözlərimiz gülər.
    Məhəmməd Nərimanoglu,
    «Azərbaycan» qəzeti

  • Şair-publisist İbrahim İLYASLI.”Can”

    This image has an empty alt attribute; its file name is 178414160_1123006974842874_8978352608138604011_n.jpg

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

    Mənə nə desən de, xanım əfəndim,
    Amma mənə bircə “can” demə, nolar!
    Mənə “can” deyənə can borcum qalır,
    Qıyıb da gəl “qana-qan” demə, nolar.

    Mən çoxdan halıyam can əzabından,
    Bilirəm can alıb, can vermək nədi.
    Təzə yaraları qaysaq tutanda,
    Köhnə yaraları qan vermək nədi…

    Daha buz dağıdır mənim can payım,
    Xəbəri də olmaz – “ət kəs ətindən”.
    Virandı can evim, könül sarayım,
    Virandı eşq adlı səltənətim də.

    Şan-şöhrət deyirsən…
    Nə bilim, varsa
    Şöhrət sənə qurban, şan sənə qurban.
    Ömrünə bir anlıq ömür qatarsa,
    Apar, sənin olsun, can sənə qurban.

    Dilindən çıxınca bir himə bəndəm,-
    Mənə alış demə, yan demə, nolar…
    Mənə nə desən de, xanım əfəndim,
    Amma mənə bir də “can” demə, nolar.

  • Şair-publisist İbrahim İLYASLI.”Çatışmır”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri 

    Bir qonaqlıq qurdu Vasif Süleyman,
    Qışın oğlan çağı, yazı çatışmır.
    Bir evi soyuqdur, bir suyu gəlmir,
    Bir də mətbəxində qazı çatışmır.

    Ac qılınca çapar yetirəsiydik,
    İşıqla hər şeyi ötürəsiydik.
    Nolu hardan olsa götürəsiydik,
    Nə fayda şitində fazı çatışmır.

    Tapardın süfrədə quş südü desən,
    Qurtaran deyildi bir həftə yesən.
    Kremildən gəldi arağı, əhsən,
    Çoxu çox yerində, azı çatışmır.

    Dolur boşalanlar, kəsilmir ara,
    Nə qulluğa söz var, nə sağlıqlara.
    Efiri dağıdır, sökür gitara,
    Ekranda Afrika cazı çatışmır.

    Bizə də sərfiydi, açım bu sirri,
    Nə özü içirdi, nə də şoferi.
    Şəmkir konyakının göründü yeri,
    Can-başla razıydıq-razı, çatışmır.

    İbrahim İlyaslı, sinəni sərif,
    Yazdığın tənqiddi, yoxsa ki tərif…
    Bir qafiyən qalır, gəl olma hərif,
    Biryolluq denən ki, sazı çatışmır.

  • Sona İNTİZAR.”Saçına dən düşüb yazıq Anamın”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Saçına dən düşüb yazıq Anamın,
    Dərdimi çəkməkdən ağarıb saçı.
    Beli də bükülüb yazıq Anamın,
    Onu əvəz etmir, qardaş ya bacı.

    Ağlasam, gözümün yaşını silər,
    Gülsəm, gülüşümə sevinər mənim.
    O gəlsə, dünyama işıq gətirər,
    Olmasa, yolumda kol bitər mənim.

    Saçımın sığalı, laylası Anam,
    Gözümə bir nursan, başıma tacsan.
    Sən mənim əzəli-əbədi dünyam,
    Sən mənim evimə bir yaraşıqsan.

    Nəfəsin ruhumun, bil, qidasıdır,
    Səsin qulağımda səslənir hər an.
    Varlığın SONAnın SÖZ QALASIDIR,
    Sən yaşa, sən yaşat, var ol hər zaman!!!

  • Sona İNTİZAR.”Hisslərim”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Axır damla-damla gözümdən yaşlar,
    Yanaqdan süzülüb, ovcuma düşür.
    Həsrət nəğməsini çalmağa başlar…
    Qulağımda bir laylaya dönüşür…

    Nimdaş xatirələr geyib əyninə,
    Qorunur gözümdən süzülən yaşdan.
    Cismim əsir olub sənin əlində,
    Sən bunu soraqla dostdan-tanışdan…

    Soruş, gör necəyəm, necədir halım?!
    Kənardan gör necə görünürəm mən?!
    Xoşbəxt tək görürlər, məni, ay zalım,
    Hardan biləcəklər bədbəxt biriyəm.

    Gecələr yastığa düşür göz yaşım
    Bürünüb təkliyə tənhalaşıram…
    Elə bir müsibət çəkib ki, başım,
    Özüm öz-özümdən uzaqlaşıram.

    Xətrini çox əziz bilirdim, indi
    Yoxluğun ondan da əzizdir mənə.
    Gəlişinə bur vaxt ürək sevindi…
    Gedişin ondan da xoş imiş demə…

    Ağıl-ürək ilə var gəl eyləyir…
    Biri alır, biri satır hissini.
    İntizar, GƏL DAHA SEVMƏ SƏN:-deyir
    Aldada bilmirəm mən ürəyimi…

  • Sevinc HƏMZƏYEVA.”İblisləşən varlıqların”

    İblisləşən varlıqların
    donu təmiz
    üzü ağ
    sözü şirin
    fikri səlis
    ruhu yanar
    sevgiləri buza dönmüş
    odu sönmüş
    həniri yox
    əməlləri min rəng verər
    faydası yox, xeyri yox
    min məna var
    min cildi var
    şəri var
    zülmət çökən
    çirkə dönən
    qəlbi var
    İblisləşən varlıqların
    şeytan olmuş məni var

  • Sevinc HƏMZƏYEVA.”Ulu Tanrım”

    Ulu Tanrım
    Əmr elədin
    əzab doğdum
    gecə – gündüz
    ölçdüm – biçdim
    libas kimi
    geydim onu
    şaxta gəldi
    sazaq oldu
    İsti oldu
    Soyuq oldu
    Tək örtüyüm –
    Göndərdiyin iztirabim
    Məhəbbətim –
    “Yox”dediyin tək yasağım
    İniltim laylaya döndü
    Avazında uyuyaraq
    Sinəm sevgimə tək məzar
    Gözüm qəbrimə qan sızar
    Bu bir sevgi – Dadı əzabından böyük
    Bu bir sevgi – vüsalı bölük – bölük…

  • Şəfa VƏLİYEVA.”Yağmur yağdı bu sabah”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Yine izlerken onları
    Kıskançlıkdan ölüyorum…
    Yine dönüyor başım,
    Bi daha deliriyorum…

    Bu sabah da geldi yine
    Gökyüzünden
    Leyla gibi damlalar…
    Sarmaş-dolaş sevişiyor
    Damlalarla çınarlar…

    Geberiyorum kahrımdan…
    Ölüyorum…
    Kimse bilmiyor…
    Bu sabah vahşetle haykırıyorum:
    -Yağmurlar beni sevmiyor!

    2017

  • Şəfa VƏLİYEVA.”Aşk bir serseri”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Yakışmıyor öyle sana
    Bi güldürüp, bi ağlatmak…
    Dua et,
    Yazmasın günahına
    Melekler…
    Ben günahım muhakkak.
    Sevda treninden iniş geçen ömürde…
    Kocaman bi yolculuk duruyor önünde…
    Hadi…
    Uzat elini…
    Kapanmasın aşk defteri…
    Biliriz ikimiz de
    Gider de gelmez bu fırsat…
    Aşk bir serseri…

    2016

  • Arzu HÜSEYN.Yeni şeirlər (VII hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Düşdü gözlərimdən can dediklərim,
    Min əzab içində, min dərd içində,
    Allahdan dua tək istədiklərim,
    Qırışdı alnımda.
    Qara saçımda,
    ağardı ağappaq kədərə döndü,
    Bütün fəsilləri payız elədi.
    Çiçəyi, böcəyi sevən adamı,
    Dünyada hamıdan yalqız elədi.

    Zəlzələ sonrası dağıntılardan,
    Çıxan cəsədlər tək nəfəssiz, səssiz,
    Anlaya bilmədim, günahım nədir,
    Anlaya bilmədim, kim idiniz siz.

    Hərəniz əlində bir bıçaq, bir daş,
    Məni əli yalın, ayağı yalın
    qovdunuz, qovdunuz inamım boyu,
    Qovdunuz, yıxdınız inamlarımdan.

    Küsdüm bu dünyanın ağaclarından,
    Küsdüm bu dünyanın adamlarından.
    Küsdüm sərçələrdən, qağayılardan,
    Şimalda don vurmuş okean üstə
    Bala yedizdirən ağ ayılardan.

    Küsdüm, bir mücrüyə çəkilib qaldım,
    Küsdüm, mat-məəttəl dikilib qaldım.
    Üzümü Allaha döndərmək üçün
    İçimdə, çölümdə bir üz tapmadım.
    Nə tövbə etməyə inam tapmadım,
    Nə dua etməyə bir söz tapmadım.

    Küsdüm bu dünyanın adamlarından,
    Küsdüm sərçələrdən, qağayılardan.
    Şimalda don vurmuş okean üstə,
    Bala yedizdirən ağ ayılardan…

    * * *

    Qorxma bulud gözündə çaxan o şimşək mənəm,
    Qışın oğlan çağında payız yaşayır ömrüm.
    Bu gecə qəm içində tək Allahdı, tək mənəm.
    Mən cəhənnəm, bu şəhər sənsiz üşüyür, Ömrüm.

    Nə söylədin yollara çağıranda uzaqlar ?
    Tanıdımı görəsən torpaq səni, daş səni?
    Hara apardı səni qanadında uçaqlar?
    Hara daşıdı görən dimdiyində quş səni?

  • Arzu HÜSEYN.Yeni şeirlər (VI hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    * * *

    Yastığım tük deyil, daşdı mənimki,
    Yollarım boşluğa tuşdu mənimki,
    Baharı sevmirəm, qışdı mənimki,
    Mənimki borandı, tüfandı şair,
    Üşüyər ürəyin amandı şair.

    İnanma, bu ömrün vəfası yoxdur.
    Dərd verən allahın dəvası yoxdur.
    Şərəfli həyatın səfası yoxdur,
    Cənnət uydurmadı, gümandı şair,
    Adəmi aldadan imandı şair.

    Dünyaya saf gəldin çirkləndin ama,
    Nə İsa Məsihsən, nə Məryəm ana.
    Çəkdiyin siqaret bircə uduma,
    Tütündü, qətrandı, dumandı şair
    Çəkmə zəhrimarı, ziyandı şair.

    Xoş üzün görmüşük haçan dünyanın,
    Özü, öz əksindən qaçan dünyanın?
    Bizik iç üzünü açan dünyanın,
    Həyat yaxşılara ziyandı şair,
    Azadlıq ən şirin yalandı şair.

    Çözə bilmişikmi haqq nə nahaq nə?
    Sonu nə olacaq, bunun baxaq nə.
    Ömürə nə gələk, bölək, çıxaq nə?
    Bərabər ölümə tamamdı şair.
    Bizimki iynədir, samandı şair…

    * * *

    Yaxşı ki, o səhər ölmədim,
    O sən gedən səhəri deyirəm.
    Yadındadır, mən topladım
    Əşyalarını hələ?
    Hıçqırıqlar içində pıçıldadım da
    Get, gülə- gülə.

    Yox e, sözüm onda deyil,
    Yaxşı eləyib getdin.
    Qalıb nə edəcəkdin ki ,
    Viranə ürəyimdə?
    Onsuzda əzəl gündən
    Yalançı məhəbbətdin,
    Onsuzda düşmən bıçağı idin
    Kürəyimdə.

    Bax heç zəng etmirəm də,
    Nə də axtarıb,sormuram.
    Həvəsində deyiləm qapalı dəftərin,
    Çoxdan külünü sovurmuşam,
    Lənətə gəlmiş vərəqlərin.

    Sonra demə unuda bilmədin məni,
    Lovğalıq qatma gülüşünə.
    Danışmağı sevmirsən bilirəm,
    Sussmağın da anlam verir
    Gedişinə…

  • Azərbaycanlı rejissorun filmi ABŞ-da film festivalında nümayiş olunacaq

    Azərbaycanda istehsal olunmuş “COVID–19” bədii-sənədli filmi daha bir uğura imza atıb. Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-ın “Shockfest” Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb.

    Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

    Bildirilib ki, ekran əsəri dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.

    Qeyd olunub ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada “Naples Film Awards” Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq.

    Ölkəmizi beynəlxalq festivalda təmsil edəcək daha bir ekran əsəri isə “Şollerin arxivi” bədii filmidir. Bu film “Bolivia Black Cat Award International Film” Festivalının seçilmiş filmləri siyahısında yer alıb.

    Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

  • Səadət HƏBİBQIZI.”İntihar həll yolu deyil”

    Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Səadət Həbibqızının “İntihar həll yolu deyil”hekayəsini təqdim edir.

    Ucqar dağ kəndinin sağ qanadında yerləşən, xudmani, kiçik bir evi dekabrın soyuğunda sevinc səsləri isitmişdi. Gənc ailənin beş ildən sonra ilk övladı dünyayla salamlaşmışdı. Babalar quda olandan bu yana ilk dəfə bir-birlərinin gözlərinin içinə dik baxmış, birağızdan:
    – Qızın adı Fərəh olsun! – demişdilər.

    Fərəh gətirmişdi bir-birinə calaq olmuş iki nəslə qızcığaz… Amma “fələk” dediyimiz nədirsə, hesabını anlamaq bəşər övladının hünəri deyil axı… İnsan ömrünün iki ilinin bu hesabda nəyə bərabər olduğunu bilməksə… Burda “bilmək” sözünü mücərrədləşdirəndi “fələk…”

    Sevincli dekabr axşamından düz iki il sonraydı, bir axşam qaratikan kollarından hörülmüş çəpərin o üzündən kimsə səsinin gur yerinə saldı:

    – Tar düşdü dağ yolunda! Dovşan ovuna gedən varıydımı kənddə?

    Qızının ikinci ad günündə süfrə boş qalmasın deyə səhər ertədən cələ qurmağa getmişdi gənc ata… Və qayıtmamışdı… Və heç qayıtmadı da… Nəşi aylar sonra-qar əriyib dağ çaylarının canına can qatanda tapıldı…

    …İllər yelqanadlı keçir deyirlər. Amma dərddən yaxasına bəzək taxan günlər bu yeldən qanadın adını da yada salmağa qoymur. Fərəhin anası beləcə, dərdini dağlara, daşlara danışa-danışa, hüznünü, səssizliyini qızına danışdığı nağıllardakı şah qızının adına yaza-yaza dörd il keçirdi. Bir gün də, altı yaşlı qızının əlindən tutub kənd məktəbinin heç vaxt örtülməyən dəmir darvazasından içəri girdi…

    Qızının hər aldığı “5” ilə üzündəki dərd kölgəsi öləzidi, gününün işığı çoxaldı ananın. Dəfələrlə “İlin ən yaxşı şagirdi” oldu Fərəh. Yetmədi, rayon mərkəzindəki olimpiadalardan diplomlarla, hədiyyə kitablarla qayıtdı anasının yanına. Anası onun hər uğurunda üzünü illər əvvəl tar düşən dağ yamacına tutur, ürəklə, fərəhlə səslənirdi:Ətraflı

    – Fərəhimiz yenə üzümü güldürdü, ay gedər-gəlməzdəki…

    Elə ki, Fərəh 11-ci sinfə çatdı, anasının sözlərindəki ahəng də dəyişdi; indi onun səsində umacağın qoynuna sığınmış əminlik, bir az da təlaş vardı:
    -Fərəhimiz müəllimə olacaq, neçə-neçə ailənin, evin fərəhinə çevriləcək, tumurcuqlara gün işığını, yağış suyunu öyrədəcək… – deyirdi.

    Fərəh anasının səsindəki umacağın da, təlaşın da qarşısında özünü borclu hiss edir: “Mütləq universitetə qəbul olmalıyam!” – deyə düşünürdü.

    ***

    Oyunundan baş açılmaz “fələk” insafa gəlmişdi; Fərəh yüksək balla universitetə daxil oldu. Babaları hər nə qədər:
    – Qızı Bakıya bir kişi xeylağı aparsa, yaxşıdır.-desələr də, ana başını bulamış, ilk dəfə ağsaqqalların sözündən çıxmış, sinəsini irəli verərək:
    – Uşağımı özüm aparacağam Bakıya. Əlimlə yerləşdirib, ürəyi rahat da geri qayıdacağam.-demişdi.

    Qəlbiqırığın qəlbinə dəyməmiş, onunla razılaşmışdılar…

    ***

    Bir bazar günü səhər tezdən çatmışdılar Bakıya. Ana qızını tələbə yataqxanasında yerbəyer etdikdən, görüb-götürdüyü qədər məsləhətlərini verdikdən sonra elə həmin axşam da kəndin yolunu tutmuşdu. Fərəh böyüklüyünü nağıl bildiyi şəhərdə tək qalmışdı… Özünü uzun qış gecəsində anasının söylədiyi nağılların şah qızı deyil, o qızın cibindəki səbir daşı sayır, susur, qəhərini qorxusunun ağzına yem kimi atırdı. Otaqda üç qız idilər, amma hamısı bir-birindən ürkək, bir-birindən çəkincən…

    Universitetin ilk həftəsi də dumanlıydı onun üçün; ağlına gəlmədiyi tərzdə geyimlər, bahalı telefonlar, şən-şaqraq səslər, özündən əmin gülüşlər onun üçün bəzən reallıq olmaqan çıxır, uzaq, əlçatmaz xülyaya dönürdü. Gerçəkliklə arasındakı yeganə bağ hər gün ona zəng vuran, hal-əhval tutan anasının səsi idi. Naməlumluğun dumanında azmış kimi günü gün dalınca sıralayan Fərəh bir həftədən sonra məhz bu bağdan yapışıb səmtini buldu: “Mən bu böyük şəhərə oxumağa, anamın arzularını reallaşdırmağa gəlmişəm. Bu şəhərin, bu parıltıların ağlımı əlimdən almağına imkan verməyəcəyəm!” – deyərək özünə söz verdi və sözündə də durdu.

    Qələbəliyə qaynayıb-qarışa bilmirdi heç… Amma təklik də ağır yük idi bu qədər həmyaşıdının içində. Bəlkə də, onu əslən Qarabağdan olan, Bakıda doğulub, boya-başa çatan Leylaya doğru çəkən də məhz təkliyinin ağırlığı idi, ya bəlkə, Leylanın sadəliyi, gülərüzlüyü idi; Fərəh sonralar da bu səbəbi axtarmağa cəhd etməyəcəkdi.

    …Fərəh birinci kursda oxuyanda ana babası, ikinci kursda oxuyanda isə ata babası dünyasını dəyişdi. Bu, o demək idi ki, anası daha ona nəğd pul göndərə bilməyəcəkdi. Bayaq babaların öz təqaüdlərindən ayırdıqları pay indi heç kimin ailəsinin boğazından, əynindən artmayacaqdı. Dayılar da, əmilər də boyunlarındakı külfət boyunduruğunun altında əzildiyini deyir, xalalar və bibilərsə baxdıqları “yad oğlunun əli”ndə gələnləri öz uşaqlarının arasında güc-bəla bölüşdürürdü.
    Birtəhər ikinci kursu başa vurdu Fərəh və ilk dəfə o yay kənddəki evlərinə şəhərli qohumlarından heç kim qonaq gəlmədi. Sentyabrın qızılı rəngində anasının üzündəki boz kədərin üstünə qırmızı bir təsəlli şalı atdı:

    – Ana, narahat olma, günortadan sonra işləyən qızlar var universitetdə. Mən də işləyəcəyəm. Oxumağımı yarımçıq qoymayacağam, müəllim diplomuyla kəndə qayıdacağam – deyərək anasının baxışlarına yüklənən çarəsizliyi azaltmağa cəhd etdi.

    Amma cəhdinin uğurla nəticələnib-nəticələnmədiyini yoxlamaq üçün ikinci dəfə baxışlarını anasının gözlərinə dikməyə cəsarəti çatmadı…

    ***
    Fərəhi işə düzəldən qrup yoldaşı Nihat oldu. O, yaşadığı məhəllənin yaxınlığındakı paltar mağazasına satıcı qız axtarıldığını dedi və Fərəhi də yanına salıb ora yollandı. Dərsdən sonra paltar satmaqla minimum əmək haqqı alacağını bilən Fərəhin ürəyi dağa döndü, özünə inamı daha da artdı. Ertəsi gün Fərəh yeni işi, bu işi ona Nihatın tapması haqqında danışanda Leyla qaşlarını çatmış:

    – Nihat bir az, birtəhər oğlandı ey… Onunla ehtiyatlı ol – demişdi.

    Fərəh Nihatdan gördüyü yaxşılıq müqabilində özünü ona borclu sanır, hiss etdiyi minnət Leylanın sözlərinin altında başqa məna axtarmağa imkan vermirdi.

    …Gün keçdikcə, Fərəh işinin təkcə paltar satmaq deyil, eyni zamanda, mağazanı təmizləmək, paltarları manikenlərə geyindirib-soyundurmaq, qırışanını ütüləmək, ləkələnəni təmizləmək də olduğunu anladı. Bütün bu işlərin hamısını yarım günə sığdırmaq isə onu elə yorurdu ki, bəzən axşamlar kitab üzü açmağa halı qalmır, səhər dərsə hazırlıqsız gedirdi. Beləcə, adı “əlaçılar” siyahısından “zərbəçilər” siyahısına düşdü.

    Qrupun ən “vuran-tutan” oğlanlarından biri hesab olunan Nihat isə günbəgün ona bir addım daha yaxınlaşır, bəzən axşamlar işdən çıxanda onu yataqxanayadək ötürürdü. Belə günlərin birində dayanacaqda avtobus gözləyərkən Nihat ona dedi:

    – Bəlkə, bu axşam gedək bulvara, bir az dənizə baxaq, hə?

    Axşamın alatoranında dənizin mistikası yaman cəzb etdi Fərəhi. Yuxu tökülən gözlərini var gücüylə iri-iri açdı və Nihatın təbəssümünün sehrinə qapılıb razılaşdı. Bir az bulvarda gəzişdilər, dənizə baxdılar, gitara çalan oğlanın oxuduğu “Səni əvəz eləmir” mahnısının sədaları altında xəyallara daldılar və… Fərəh bir də özünü Dağüstü parkda tapdı. Ucalıqdan Bakının gecə mənzərəsi qarşısında heyrətə düşdü və bircə kəlmə belə demədən saçlarını Xəzriyə əmanət elədi.
    – Düşündüm ki, bura sənə daha maraqlı gələcək. Görünür, yanılmamışam. – Nihat dodaqlarını onun qulaqlarına yaxınlaşdırıb pıçıldayırdı.

    Qız səssizcə başıyla onun sözlərini təsdiq etdi və oğlanın boynunda hiss etdiyi nəfəsindən ürpənərək bir addım ondan uzaqlaşdı. Amma Nihat əl çəkmədi, qızın əllərindən yapışdı, onu özünə tərəf çevirdi və gözlərinin içinə baxaraq əminliklə sözə başladı:

    – Fərəh, sən mənim çox xoşuma gəlirsən. Əgər hisslərim məni yanıltmırsa, sənin də mənə qarşı nələrsə hiss etdiyini düşünürəm.

    Fərəh utanaraq əlini çəkdi… Həyatında ilk dəfə idi ki, bir oğlan onun əlindən tutur, üzünə qarşı belə cəsarətli sözlər deyirdi. Özünü ələ almağa çalışaraq çəkincənliklə dedi:

    -Evə getmək istəyirəm…
    -Yaxşı, gedək. – Nihat qaşqabaqla dedi və o gecə yataqxananın həyətinə çatanadək bir kəlmə də danışmadı.

    …Həmin gündən sonra Fərəh bacardıqca Nihatdan uzaq durmağa, onunla həmsöhbət olmamağa çalışdı. Amma Nihat tutduğunu buraxana oxşamırdı. Məsafəli, qıt ünsiyyətlə keçən iki həftədən sonra bir axşam Fərəh işdən çıxınca küçədə Nihat ilə rastlaşdı. Qız ağzını açmağa imkan tapmadan Nihat qəti səslə:

    – Fərəh, biz danışmalıyıq – dedi.

    Yenə bulvara getdilər və orada keçirdikləri axşam boyunca Nihat Fərəhə sevgi dolu sözlər pıçıldadı, onsuz yaşaya bilməyəcəyindən danışdı, gələcək həyatları ilə bağlı xoş, ürək titrədən vədlər verdi. Qızı yataqxanaya ötürəndə isə özündən əmin halda:
    -Sənə üç gün vaxt verirəm, Fərəh. Fikirləş, qərarını ver. –dedi.

    …Üç günün tamamında iş yerinin qarşısında Nihatı görən Fərəh günlərdir duyğularına, düşüncələrinə hakim olan romantikanın məstliyiylə ona hisslərinin qarşılıqlı olduğunu söylədi. Ertəsi gün isə artıq qrupda hamı onlara “qoşa qumrular” deyə müraciət edirdi.

    ***
    Zamanla qoşalığın üstünə şübhələr də kölgə saldı, küskünlüklər də. Amma heç biri iki sevgilinin bir-birinə dediyi sevgi sözlərinin sayını azaltmadı, ahəngini zəiflətmədi. Üstəlik, Fərəh Nihatın ailəsinə yönəlmiş marağını da qismən doyurdu. Varlı ailənin yeganə övladı olan Nihat heç vaxt yoxluq görməmiş, ehtiyacın məngənəsində sıxılmamışdı. Buna görə də, lazım bildiyi yerdə pul səpələməkdə tərəddüd etmirdi. Dəfələrlə Fərəh bunu ona irad tutmuş, sözlərinin arasına “gələcək ailə büdcəmiz” ifadəsini də qatmışdı. Amma onun bu iradları yalnızca Nihatı güldürməyə yetmişdi.

    Dördüncü kursu bitirməyə az qalmışdı. Albalı çiçəyi rəngindəki bir aprel axşamında Nihat Fərəhə dedi:

    – Anamgil rayona gediblər. Bu axşam evdə təkəm. Və sənə bişirə bildiyim yeganə yeməyi-souslu makaronu bişirmək istəyirəm. Nə deyirsən? Yeməyimin dadına baxıb gələcək ailəmizdə çömçəni əlimə vermək barədə düşünmək istəyirsənmi?

    Qızın ruhunu çulğalayan tərəddüddən xilas olmağı üçün “gələcək ailəmiz” sözləri yetmişdi. Baxışlarını oğlandan qaçıraraq nazla:
    – Niyə də yox? – dedi.

    ***
    Axşam deyə-gülə souslu makaron yeyən, romantik filmə baxaraq gah gülən, gah qəhərlənən cütlük səhər açılanda bir-birinin üzünə baxmaqdan çəkinirdilər. Çünki onlar Adəmi cənnətdən eyləyən “almanın dadına baxmışdılar”. Dünənə qədər Fərəh üçün sirr, sehr, anlaşılmaz olan bu dad indi ağzında o qədər acılıq yaratmışdı ki, beş dəqiqənin içində əynini geyindi və özünü küçəyə atdı…

    İlk bir neçə gündə Fərəh Nihatdan qaçır, onunla üz-üzə gəlməməyə çalışırdı. Amma bir gün fərqinə vardı ki, əslində, qaçan, uzaqlaşan Nihatdır. Oğlan onun telefonunu açmır, mesajlarına cavab vermir, o, axtarmasa, günlərlə Fərəhi yada da salmırdı. Bütün bunlar Fərəhi incidir, özünü öz gözündən salırdı. Təsəllisi isə Nihatın yaddaşında qalan sevgi dolu səsi, dediyi “gələcək ailəmiz” kəlmələri idi. Bu incə, indicə qopdu-qopacaq təsəlli bağından yapışaraq dərs ilini başa vurdu. Diplomunu əlinə alıb kəndə qayıtmazdan əvvəl cəsarətini toplayıb Nihat ilə danışmaq qərarına gəldi.

    Həyatın astarı üzünə çıxmış kimiydi. Bu dəfə qapı ağzında Fərəhi gözləyən Nihat yox, Nihatı gözləyən Fərəh vardı. Yorğun, bezgin görünən Nihat onun nə deyəcəyini əvvəldən kəsdirmiş kimi, qıza ağzını açmağa imkan vermədən üyüdüb-tökdü. Etdiyi əməlin yanlışlığı altında əzildiyini dedi, qarşıda onu gözləyən əsgərlikdən danışdı. Sözü hərləyib-fırlayıb yenə cümlələrinin sonuna bir “xoş vəd” etiketi yapışdırdı:

    – Əsgərlikdən gəlim, əvvəlcə, nişan edərik, sonra da toy. Gələn ilin payızını bir yerdə qarşılarıq – dedi.
    Və Fərəh onun bu sözlərinə elə inandı, bu inamından da elə sarıldı ki, bütün dünyanın ağı qara, qarası ağ olsaydı, yenə də, gözünü açmaz, görmək istəməzdi…

    ***

    İki il idi ki, kənd məktəbində müəllim idi Fərəh… Bu iki ilin hər günündə, hətta hər anında belə, taxta alaqapılarından içəri girən Nihatı xəyal etmiş, onu gözləmişdi. Ümid şamının işığı arada şübhə küləyinə tab gətirməyib öləzisə də, Fərəh bu şamı sönməyə qoymur, kədərini, dərdini, peşmanlığını ümid pərdəsinin arxasında gizlədirdi. Di gəl, ümidləri, nəinki, gül açmaq, heç qönçələmək fikrində də deyildi…

    Ta ki, bir gün rəfiqəsi Leyla onu öz nişanına dəvət etdi. Sözarası demişdi ki, nişana bütün qrup yoldaşlarını dəvət edib. Odur ki, bu Bakı səfəri Fərəh üçün ikinci bir ümidi cücərtmişdi: “Bəlkə, Nihatı görə bildim…”

    ***

    Nişan qəşəng keçmişdi. Amma Fərəhin ürəyi sıxılır, gözünü qapıdan çəkəmmirdi: “Nihat gələcək…” Getdikcə bu əminliyi bozarmış, tüstü burumları kimi yoxa çıxmağa başlamışdı; Nihat gəlməmişdi…

    Leyla o gecəni onlarda keçirməyi təklif edəndə Fərəh tərəddüdsüz razılaşdı. İlk fürsətdə də Leylaya sual verdi:
    – Görəsən, Nihat niyə gəlmədi nişana?
    – Hmmm…- Leyla ağzını büzdü – Heç gəlməsin. Onsuz da, ondan çox xoşum gəlmir. Sadəcə, gələn həftə oğluna ad günü edəcək, bir ay qabaqdan dəvətnamə göndərib. Mən də dedim, gəlsin nişanıma pul salsın, borclu məsələsi olmasın. Yaxşı oldu elə bir tərəfdən, gəlmədi. Mən də getməyəcəyəm onun oğlunun ad gününə. Getsin o yaltaqlandığı varlı qaynatasıyla tək otursun restoranda!

    Leyla bu sözləri etinasız, adi bir şeydən danışırmış kimi demişdi. Amma Fərəh illər əvvəl atasının altında qalan tarı ürəyinin üstündə hiss eləmiş, həm üşümüş, həm də boğulduğunu zənn etmişdi…
    O axşamı adını qoya bilmədiyi ağrılarla keçirmişdi Fərəh. Səhər isə artıq o, əvvəlki şən, hamının hayına çatan, ününə yetən, uşaqların sevimlisi, mehriban, gülərüz Fərəh müəllim deyildi. İndi onun yerində bomboz bir kölgə vardı; ölən ümidlərin qəbir daşlarının upuzun kölgələrinin birləşdiyi kölgə.

    Günortayadək Leyla dəfələrlə onu qarşısında oturtmuş:
    – Fərəh… Nə dərdin var, de, söylə mənə. Nədi səni üzən? Nədi səni için-için yeyən? – demişdisə də, qız dodaqlarını bir-birinə daha kip sıxmış, gözlərini naməlumluğa zilləmişdi…

    Əriyirdi, yox olurdu Fərəh. O, anbaan ölümə könül verir, onun ağuşuna atılmaq haqda düşüncələrə qapılırdı… Axşama tərəf Leylanın israrı qarşısında tab gətirmədi, daxilindəki vulkanın yoxedici enerjisini-həyatının bütün rəngliliyini qaraya tabe edən məşum sirrini ona açdı. Leyla onu sakitcə dinlədi… Bir istədi, ağzını açıb: “Mən demişdim…” – desin, son anda qəhəri buna da imkan vermədi. Bərabər ağladılar iki rəfiqə o axşam, gecəni səhərə bərabər dirigözlü açdılar. Səhər isə Leyla Fərəhin əllərini tutub:
    – Bu gün də qal. Getmə kəndə – dedi – Bilirsən də, qardaşım Cavid psixoloqdu. Sənə psixoloji dəstək lazımdır. Ağlıma ancaq bu, gəlir. Bu gün də qal…

    Fərəh elə bur ruh halındaydı ki, nə razılaşmaq, nə də etiraz etmək haqda düşünmürdü. Buna görə də, başını təkrar yastığa atdı və gözlərini yarıaçıq pəncərədən görünən bir əlçim maviliyə zillədi. Leyla qapıdan çıxandan sonra isə bir daha anladı ki, son çarəsi ölümdür…

    ***

    Pillələri çıxdıqca mərtəbələri sayırdı Fərəh:

    – 11… 13…

    14-cü mərtəbədə dayandı. Yarıqaranlıq dəhlizin sonundakı şüşə qapının açıq olduğuu gördü. Ayaqları qeyri-iradi onu ora çəkdi. Qapı kiçik eyvana açılırdı. Bu eyvanda nə qədər dayanmışdı? Gözlərini zillədiyi uzaqlarda nə vardı? Bakının irili-xırdalı binaları, hərdən-birdən görünən ağacları niyə get-gedə boz rəngə bürünürdü ki? Fərəhin düşüncələri bu sualların içində azmışdı… Azmışdı…

    Məhəccərdən yapışıb aşağı baxdı. Uzaqda görünən asfaltın bozluğu daha cazibədar idi; bütün bozlardan daha cazibədar… Ölüm qədər cazibədar… Fərəh gözlərini yumdu və məhəccərdən aşağı əyildi. Ayaqları yerdən üzüldü…Sağ əlini də məhəccərdən araladı… Sol əlini də… Arxadan belinə dolanan qollar onu geriyə çəkdi.

    Gözlərini açanda başı Leylanın qardaşı Cavidin dizləri üstündəydi. Və Cavid gözlərindən axan yaşları gizlətmədən, “kişilər ağlamaz” tabusunu eyninə almadan pıçıldayırdı:
    – Bilirəm hər şeyi… Bilirəm, Fərəh. Və səni qınamıram… Deyəcəyim bircə söz var: Səhv etmək hamımızın haqqıdır. O səhvin cəzasını çəkməkdə də haqlıyıq… Özümüzü cəzalandırmağımız da halal haqqımızdır. Amma çıxış yolu heç vaxt intihar deyil. Anladınmı, Fərəh? Problemlər həyat düsturunun məchuluna çevriləndə intihar həll yolu deyil…

  • Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim keçirildi

    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilib.

    Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə ilk öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək narkomaniya, onun fəsadları, insanlara, xüsusən də gənclərə, cəmiyyətə vurduğu zərərlər barədə məlumat verib. Daha sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş informasiya verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

    Mənbə: https://culture.gov.az/

  • Rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi keçirilib

    Azərbaycan Respublikası Mədəniyyət Nairliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisinin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirin açılışında Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Murad Məmmədov, Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Abdulqappar Qırğızbayev, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və rəssam Fikrət İbrahimli çıxış etmişdirlər. Sərginin koordinatoru və aparıcısı Əkbər Qoşalı olub.

    Fərdi sərgi rəssamın yaradıcılığının 50 illiyinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.

    Tanınmış Azərbaycan rəssamı Fikrət İbrahimli Neftçala rayonunda anadan olub. Onun ilk sənət müəllimi Nefçalada tanınmış təsviri sənət müəllimi Adil Hacıyev olub. Rəssam ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu nömrəsində xeyir dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayırdı. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

    Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, porteret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu ayrıca yer tutur. Tarixi İçərişəhərin müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük savaşda göstərmiş olduqları qəhrəmanlıqlar, igid zabit və əsgərlərimizin şücaəti rəssamın yaradıcılığında müvəffəqiyyətlə təcəssüm olunub. Fikrət İbrahimlinin alınmaz qala – Şuşaya həsr olunmuş rəngkarlıq nümunəsi ayrıca qeyd olunmağa layiqdir.

    Fikrət İbrahimlinin mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur və rəssamın bədii yaradıcılıq dünyasını və rəssam təxəyyülünü tam aydınlığı ilə biruzə verir. Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub.

    Fikrət İbrahimli Azərbaycan xalçaları, milli mədəniyyət nümunələri fonunda bir-birindən maraqlı, diqqəti cəlb edən bir çox natürmortlar yaradıb. Rəssam Azərbaycan neməntəlrinin, xüsusən də narların rəsmlərini təsvir etməklə maraqlı natürmort kompozisiyaları yarada bilib.

    Fikrət İbrahimlinin uğurlu yaradıcılıq nümunələrindən “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortların adlarını qeyd etmək olar.

    Təsviri sənətin mayasını rəsm təşkil edir. Bu baxımdan Fikrət İbrahimlinin yaradıcılılığında təbii ki, rəsm nümunələri geniş yer tutur. Sərgidə Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış oduğu, rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid 60 yaxın sənət nümunələri nümayiş olunub.

    Mənbə: https://culture.gov.az/

  • Coşqun XƏLİLOĞLU.”Azman sənətkar”

    Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Coşqun Xəliloğlunun “Azman sənətkar” hekayəsini təqdim edir.

    Ara-sıra qəzetlərdə şeirlərim dərc olunsa da, özümü şair hesab etmirəm. Dostlarım, yaxınlarım məclislərdə mənə söz verəndə çıxışımı şeirlə ifadə etməyi xahiş edirlər. Mən də onların sözlərini yerə salmıram. İstəyirəm danışığım maraqlı olsun, ürəklərə hərarət gətirsin.

    Amma ağlıma da gətirməzdim ki, qəsəbəmizdəki yanacaq doldurma məntəqəsinin sahibi mənim şeir yazdığımı bilər və günlərin birində evimizin qapısını döyərək, – Şair Mürşüdün evi buradır? – deyə soruşar.

    Qapını açdım.

    – Xoş gəlmisiniz, Zəbi müəllim, – deyib çağırılmamış qonağa əl uzatdım –keçin içəri.

    Zəbi:

    – Sağ olun, şair. Sizə işim düşüb – əlindəki qovluğu sol əlindən sağ əlinə keçirdi, – mənə kömək edin. Atamın şeirlərini gətirmişəm. Oxuyun, lazım olsa, düzəliş edərsiniz. Zəhmət haqqınızı ödəyəcəyəm. Axı, atam da sənin kimi şairdi – o, müraciətindəki “Siz”i “sən”lə əvəz elədi.

    Mən:

    – Lap yaxşı, verin mənə, baxaram.

    Zəbi:

    – İnşallah, sonra da, sənin Bakıda şair dostların olar, gedərik onların yanına, kişinin kitabını çıxardarıq. – O, əlini cibinə salıb bir dənə göy əskinazı – yüz dolları basdı ovcuma.

    Pulu qaytarmaq istədim.

    – Nə danışırsan, inciyərəm səndən, halal xoşun olsun. Bu hələ avansdır. – Zəbi pulu təkidlə mənə verdi.

    “Bir halda verir, alım, məcbur etmirəm ki…!” düşündüm.

    Zəbinin atası Xanəli uzun müddət qəsəbədəki neft dükanında işləmişdi. Çoxdan, lap çoxdan təqaüdə çıxmışdı. Hesabla onun səksən beş-doxsan yaşı olardı. Heç vaxt eşitməmişdim ki, Xanəli kişi şeir yazır. İndi onun oğlunun atasının şeirlərini gətirməsi mənə qəribə gəlsə də maraqla qovluğu aldım.

    – On gündən sonra gələrəm. Bir də şair, kitaba giriş sözünü, – yəqin, ön söz demək istəyirdi, – özün yazarsan.

    Zəbi mənimlə xudahafizləşib ayrıldı. Qocaman şairin oğlu gedəndən sonra qovluğu açdım. Şeirlər makinada yazılmışdı. Başladım oxumağa.
    “Həmkarım” necə də “incəqəlbli,” “geniş ürəkli,” “fitri istedad sahibi ” imiş. O, nədən, kimdən yazmamışdı… Mövzular “rəngarəng, ” üslub “müxtəlif,” vəzn “yeni”.

    Qovluqda yüzə yaxın “şeir nümunəsi” toplanmışdı… Xanəlinin yazıları boş və mənasız söz yığınından ibarət idi. “Qovluğu nə üçün götürdüm, gərək qaytaraydım. Heç bir nəşriyyat Xanəlinin kitabını nəşr edib özünü biabır etməz” – ürəyimdən keçirdim. Elə bu an yadıma cibimdəki yüz dollarlıq düşdü və fikrimdən daşındım. Mütləq Xanəli Uğurlunun şeir kitabı nəşr olunmalıdır, – qərar verdim. Amma onun yazılarını əvvəlcə şeir formasına salmaq lazım idi. Gecəni gündüzə qatdım, hər gün on-on beş şeir quraşdırdım. Sonra da başladım yazdıqlarımı tərifləməyə, məşhur tənqidçilərdən sitat gətirərək əvvəllər neft satan Xanəli kişinin kitabının “bədii məziyyətlərindən” danışmağa. Axı, ön sözü də mən yazmalıydım.

    İki həftədən sonra Zəbinin maşınına minib Bakıya – tələbəlik doztumun özəl nəşriyyatına getdik. Nadir müəllim bizi mehribanlıqla qarşıladı. Gəlişimizin məqsədini biləndə isə çox sevindi. Qovluğu naşirə təqdim etdik. O, bir neçə vərəq oxuyub:

    – Gözəl şeirlərdi. Yaxşı ki, demokratiya var, yoxsa belə şairlərin yaradıçılığından xalq heç vaxt xəbər tutmazdı, –dedi.

    Zəbi:

    – Nadir müəllim, kişi yazır, mənim də borcum onları çap etdirməkdir, –güldü.

    – Siz, çox xeyirxah iş görürsünüz, Zəbi müəllim, əhsən!

    Nadiri yaxşı tanıdığımdan və onun ciddi danışığından şeirlərin xoşuna gəldiyinə şübhəm qalmadı.

    Üçümüz birlikdə kitabın tərtibatını, tirajını və nəşr xərclərini müzakirə etdik. Razılaşdıq ki mənim yazdığım ön sözə Nadir müəllim tanınmış şairlərdən birinə imza atdırsın.

    İki ayın tamamında kitab nəşr olundu. Zəbi məni evlərinə dəvət etdi. Qəsəbənin bütün vəzifə sahibləri burada idilər. Ağsaqqal “şairin” kitabının təqdimat mərasimi keçirilirdi. Ömründə bəlkə də boynuna birinci dəfə qalstuk bağlamış “azman sənətkar” məclisin lap yuxarı başında əyləşmişdi. Zəbi mərasimi açdı, qonaqları salamlayıb, başladı atasını tərifləməyə. Sonra polis rəisi, icra nümayəndəsi və bazarkom bir-bir danışdılar, Xanəli kişinin ünvanına gözəl-gözəl sözlər dedilər. Mədəniyyət evinin işçisi Səmayə xanım kitabdan şeir parçaları oxudu. Orta məktəbin direktoru Mənsim müəllimin çıxışı lap hərarətli oldu. O, Xanəli Uğurlunun yaradıcılığının gənc nəsil üçün örnək ola biləcəyini, yaxın günlərdə onunla şagirdlərin görüşünü keçirəcəklərini bildirdi. Üzünü mənə tutub:

    – Cavan oğlan, sən də şeir yazırsan. Məncə, şeirlərini Xanəli müəllimə göstərib, məsləhət alsan, pis olmaz, – dedi.

    Mən başımla, guya onunla razılaşdığımı bildirdim.

    Əvvəllər rayon qəzetinin foto – müxbiri işləyən Müseyib təqdimat mərasimini həvəslə videolentin yaddaşına köçürüldü.

    Həmin gündən başlayaraq hara gedirdimsə Xanəli kişinin kitabı haqqında eşidirdim. Düzdür, bəzi agzıgöyçəklər deyirdilər ki, şeirləri Zəbi Bakıdakı şairlərdən hansınasa pulla yazdırıb, Xanəli kişi belə ağıl sahibi deyil. Amma çoxları Xanəli kişinin kitabındakı şeirlərin kiminsə yazdığını heç ağıllarına da gətirmirdilər. Ən maraqlısı o idi ki, nə şair, nə də onun oğlu şeirləri yenidən yazdığıma görə mənə bircə kəlmə də söz demədilər. Bəlkə də, şeirlərin təzədən yazıldığını heç başa da düşmədilər.

    Bir gün televizora baxırdım. Diktor qız elan etdi:

    – Sizə təqdim etdiyimiz bu mahnının sözləri istedadlı şair Xanəli Uğurluya məxsusdur…

    Mənbə: https://kulis.az/

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL Bakı Şəhər Təhsil İdarəsində məktəb saytlarının qalibləri sırasında

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə SEVİL Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhər Təhsil İdarəsində məktəb saytlarının qalibləri sırasında mükafatlandırıldı. Suraxanı rayonu üzrə 1-ci yerə layiq görülən təhsil müəssisəsi 279 nömrəli tam orta məktəb oldu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XII hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    * * *

    Qurduğun xəyallarından
    Geriyə dönmək qədər
    Çətin yol yoxdu bu dünyada.
    Gözlərindən yıxılan göz yaşlarını
    Yanağın da qaldıra bilmir.
    Baxışların buz kəsilir.
    Başını qaldırıb göyə baxırsan,
    Göy üzündə sənin çarəsizliyinə
    Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.
    Qaralır dünyan, qaralır,
    Həyatın göz qapaqlarının
    Arası qədər daralır…
    Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?
    İçindəki təkliyi heç kim görmür…

    * * *

    Şəhərdə tanış üzlər-
    Gülümsəyir hamı.
    Amma arxa fonda
    Ümidsizliyin reklamı.
    Vaxtı keçən yaşımdan
    Boylanıram günümə-
    Bir az vicdan yüküm var,
    Bir az təsəllim.
    Bərabərdi,
    Şükür yenə.
    Söz yox.
    Daha gözümdə böyütmürəm
    Heç kimi, heç nəyi-
    Buludlardan başqa.
    Sağlığıma qismət,
    Bir cüt qara buludum var,
    Boşalacaq axşam.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XI hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    * * *

    Sonra
    Səssizlik çökər gözlərinə.
    Kipriyindən asdığın
    Yaş da quruyar,
    Əllərin qoynundan yarıyar.
    Gözəl-göyçək ümidlərlə
    Aranı vuran tapılmaz.
    Hər yerin elə ağrıyar,
    Bir dənə yaran tapılmaz.
    Susarsan,
    Elə susarsan,
    Bircə gözlərin səs edər…
    İlahi, nə çox düşündün?
    Mənə ölüm də bəs edər.

    * * *

    Hər şey yoluna düşür,
    Öyrəşirəm təkliyə.
    Nə sənə əl uzadıram,
    Nə Tanrıya – əllərimdən çək deyə.
    Hər şey yoluna düşür,
    Səhər-axşam darıxmaq da
    Vərdiş halına düşür.
    …Gözlərimdən axıb getdi,
    Ürək bir ovuc su idi.
    Amma hələ düşünürəm:
    Yarım qaldı,
    Ya tamamı bu idi?..

  • Nazlı HACILI.”Bilmədim”

    Düşündüm, daşındım bir şeir yazım
    Qələm ha vurnuxdu, yaza bilmədim.
    Görəsən ilhama daha nə lazım?
    Mən onun keyfini poza bilmədim.

    Mizrabı götürüb ha vurdum saza
    O da özün qoydu işvəyə, naza
    Təbim ha istədi könlümə sıza,
    O sızdı,mən kəlmə cıza bilmədim.

    Çox xiffət eylədim qəlbim üzüldü
    Hələ kirpiyimdən yaş da süzüldü
    İnan, yanağıma damla düzüldü
    Kağıza bir kəlmə düzə bilmədim.

    Kəlmələr özünü qoydu tabağa
    Canımı verərdim sözə sadağa
    Bilmirəm nə idi bu qəlp qadağa
    O üzdü,mən onu üzə bilmədim.

    Dözmədi min dərdə dözən Hacılı,
    Şeir dənizində üzən Hacılı,
    Hər sirri asanca çözən Hacılı,
    Bu sirri neylədim çözə bilmədim.

  • Nazlı HACILI.”Dönür”

    Min həyat atını, bir az asta sür,
    Tələssən ,ucuz da bahaya dönür.
    Özgənin verdiyi əzab, iztirab,
    Sənin bir sözünlə şəfaya dönür.

    Ürəyə yatmazsan günahda batsan,
    Misrandan nur süzər eşqlə yaratsan,
    Göylər daş saxlamır,çınqıl da atsan,
    Altından qaçmasan qafaya dönür.

    Od məşəl yaradır közdə vəfadan,
    Gözəl şeir olur sözdə vəfadan,
    Yalnız cəfa gəlir üzdə vəfadan,
    Daldada bu vəfa cəfaya dönür.

    Göz eşqi əks edir,gözü torlama,
    Qəlb sevgi evidir,qəlbi korlama,
    Heç kimə nahaqdan qarğış yollama,
    Onsuz da çatanda duaya dönür.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Azerbaijan” (İngiliscə)

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    My Mother Tongue, Turkish Language

    You are my world and life,
    My all heart and merriment.
    You are my lullaby and first song,
    Turkish language – my mother tongue.

    You”re a word of Fizuli”s world,
    You”re a fame of Nizami”s wisdom.
    You”re Gorqud”s honour of Oghuz home,
    Turkish language – my mother tongue.

    You”re my Uzeyir”s tongue with tune,
    You”re my Babak”s fighting hand.
    You”re my high mount”s flood,
    Turkish language – my mother tongue.

    My spirit is getting prettier with you,
    I have desire in love with you.
    My poems are inspired by you,
    Turkish language – my mother tongue.

    We”ve found the truth in this language,
    We”ve known mugham in this language,
    You”re wise word of our great nation,
    Turkish language – my mother tongue.

    Whoever feels ashamed of you,
    Whoever is not on good terms with you –
    May Heaven punish him!
    Turkish language – my mother tongue.

    Translated by Kamran Nazirli

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Həkim, ağrın alım elə dərman yaz”

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Həkim, ağrın alım elə dərman yaz,
    Bütün dərdlərimə çarə eyləsin,
    Ya öldür, ya sağalt biryolluq məni,
    Qoyma həsrət könlüm yara eyləsin.

    Saçımı qəm yuyub, kədər darayıb,
    Ürəyimi şaxta, boran arayıb,
    Gözlərimə çökən həsrət qarıyıb,
    Qoyma tər qönçəmi xara eyləsin.

    Həkim ağrın alım, elə dərman yaz,
    Azalsın kədərim, sevinim bir az,
    Şaxtalı ömrümü vuran qar, ayaz,
    Qorxuram ömrümü para eyləsin.

    Bir dərmanla şirin eylə sözümü,
    Kərəm kimi kül etmişəm özümü,
    Qıyma, hicran hücum çəkib üzümü,
    Dost-tanış yanında qara eyləsin.

    Göydə Allah. yerdə sən ol amanım,
    Çırpılıbdı dağa, daşa gümanım,
    Sııxıb ürəyini zalım zamanın,
    Çəkdirib min kərə dara eyləsin.

    Həkim dinlə məni, düşünmə əbəs,
    Çarə etməz Allah yazana heç kəs,
    Bir ürəkdolusu həsrətini bəs-
    Söyləyin Nəcibə hara eyləsin?!

    2013

  • Sona İNTİZAR.”ŞAHİD DƏNİZİM”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Bir zaman bərabər, qol-qola girib,
    Seyrinə çıxardıq sənlə dənizin.
    Ləpəni, dalğanı birgə seyr edib
    Qumlu sahilində qalardı izin…

    Əyilib qumlara şəkil çəkərdi,
    Hərəmiz bir ürək çızardıq yerdə.
    Sonra adımızı həkk eliyərdik,
    Dalğalar yuyardı, çəkərdik bir də.

    Şıltaqlıq edərdim, dözüb nazıma
    Boynuma sarılıb, qucaqlayardın…
    Qaçardım, tutardı, basıb bağrına,
    Yanağımdan öpüb, pıçıldayardın…

    Deyərdin : BİR DƏNƏM, GÖZƏLİM MƏNİM,
    Mən də gülümsəyib hey utanardim
    Buna şahid olub mavi dənizim
    Necə sevinərdim, qananadlanardım.

    Əsdi aramızda soyuq küləklər,
    Qırıldı qanadım…
    Ayrılıq güc gəldi bizə…
    Daha yollarına baxmır bu gözlər,
    O gündən getmirəm mən o dənizə…

  • “Kod adı V.X.A” tamaşası təqdim olunub

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki gün ardıcıl nümayiş olunan “Kod adı V.X.A” tamaşasının premyerası anşlaqla keçib. 

    Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Anar Kərimov, Xalq yazıçısı Elçin Əfəndiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşünas-tənqidçi, professorlar İlham Rəhimli, Aydın Talıbzadə, yazıçı-dramaturq Əli Əmirli, tarix elmləri doktoru, professor Solmaz Tohidi, Əhməd Cavad və Qayıbovlar nəslinin nümayəndələri, Dilbər Axundzadənin nəvəsi Leyla Axundzadə, eləcə də digər tanınmış teatr xadimləri və incəsənət adamlarının izlədikləri premyera böyük maraqla qarşılanıb.

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış  maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.

    Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu  tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edib.

    Repressiyaya məruz qalıb ləyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən yeni səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə  rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.

    Premyeradan sonra nazir Anar Kərimov səhnəarxası görüş keçirərək, yaradıcı heyəti təbrik edib və onlarla xoş təəssüratlarını bölüşüb. 

  • Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclası keçirilib

    Dekabrın 19-da Bakı şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclası təşkil olunub. Xatırladaq ki, bu komissiyanın birinci iclası 1 mart 2021-ci il tarixində Ankarada keçirilib.

    Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın həmsədrliyi ilə keçirilən iclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələr üzrə müzakirələr aparılıb.

    Qonaqları salamlayan Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və rəngarəngliyi ilə fərqlənir: “İşğal altında olan torpaqlarımızın azad olunmasında Türkiyənin əvəzolunmaz rolu var. Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin ilk günlərdən mənəvi və siyasi dəstək verməsi ölkələrimiz arasındakı sarsılmaz birliyin və qardaşlığın təzahürüdür. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işləri aparılır, həmin ərazilərə mədəni həyatında da qaytarılması prosesi gedir. Bu prosesin də həyata keçirilməsində ilk növbədə qardaş Türkiyədən misilsiz dəstək göstərilməkdədir. Azad edilmiş ərazilərdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin yardımı xüsusi əhəmiyyət daşıyır”.

    Vaqif Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının rəhbərliyi və iradəsi ilə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir: “Bizim vəzifəmiz bu münasibətlərin daha da möhkəmlənməsinə nail olmaq, əməkdaşlıq əlaqələrini daha yuxarı mərhələlərə çatdırmağa töhfə verməkdir. Bu gün burada bir araya gəlməyimizin əsas səbəbi ötən ilin 1 mart 2021-ci il tarixində Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ilk iclasının nəticələrini müzakirə etmək və bu istiqamətdə davamlılığa nail olmaqdır. Hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Birinci iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir”.

    Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan hər iki qardaş ölkə arasında olan dostluğun kökündən bəhs edib və bildirib ki, son iki il Azərbaycan və Türkiyə arasındakı bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələ olub. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, müxtəlif layihələr həyata keçirilib. Kinofestivallar, kitab sərgiləri, Azərbaycanda “Şuşa İli” çərçivəsində təşkil edilən tədbirlər, “Türk dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində keçirilən silsilə tədbirlər yaddaqalan olub.

    Türkiyəli nazir müavini deyib ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşa şəhərində Azərbaycan və Türkiyənin iştirakı ilə birgə böyük tədbirlər, layihələr həyata keçiriləcək.

    Hazırda Türkiyədə tikilməkdə olan kitabxanalardan danışan A.M.Demircan yeni tipli kitabxanaların tikilməsi ilə bağlı Azərbaycana təkliflər təqdim edə biləcəyini söyləyib. O cümlədən maddi və qeyr-maddi mədəni irs sahəsində Türkiyənin təcrübəsini bölüşməyə hazır olduqlarını diqqətə çatdırıb.

    Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov bildirib ki, tarix və mədəniyyət abidələrinin bərpası, qorunması və mühafizəsi istiqamətində Türkiyə ilə əməkdaşlığımız davam edir: “Qardaş ölkə bir çox layihələrdə bizə dəstək olur. Xüsusilə, TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası ilə bağlı tədbirlər həyata keçirilir. Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması istiqamətində işlər başa çatmaq üzrədir. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır. Eyni zamanda arxeoloji abidələrdən əldə olunan nümunələrin daha dərin tədqiq olunması üçün Türkiyənin təcrübəsindən istifadə etməyi düşünürük. Artıq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji qazıntı, tədqiqat və kəşfiyyat işlərinin nəticəsində aşkar olunan artefaktların tarixinin dəqiqləşdirilməsi ilə bağlı radiokarbon və izotop analizlərinin laboratoriya şəraitində tədqiq olunması üçün TİKA-ya müraciət edilib”.

    TİKA-nın Azərbaycan üzrə nümayəndəsi Fatih Yılmaz isə öz növbəsində Qaarabağda bərpa-quruculuq işlərində Türkiyənin əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib və bununla bağlı ölkə rəhbərliyinin də təlimatı olduğunu diqqətə çatdırıb.

    Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov söyləyib ki, Azərbaycan ilə Türkiyə arasında kino sahəsində də sıx əlaqələr mövcuddur və birgə filmlərin çəkilişi, təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlıq çərçivəsində işbirliyi həyata keçirilir: “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Sevgi hekayəsi” adlı tammetrajlı sənədli filmin təqdimatı olacaq.  Bundan başqa, gələn ilin əvvəlində Türkiyənin “Bozdağ Film” şirkəti tərəfindən Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə “Qarabağ – Vətən müharibəsi” adlı çoxseriyalı bədii televiziya filminin istehsalı nəzərdə tutulub”.

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsinin baş direktoru Erkin Yılmaz qarşılıqlı əməkdaşlıqdan, “Bozdağ Film” şirkətinin ortaq işlərindən danışıb.

    Nazirliyin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycanla Türkiyə arasında muzey işi sahəsində əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Deyib ki, Qarabağ ərazisində işğal zamanı Azərbaycana məxsus maddi-mədəniyyət nümunələrinin qeyri-qanuni daşınması və ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə “ICOM Red List”inə salınması ilə əlaqədar Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə iş aparılması planlaşdırılır.

    Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin baş direktoru Gökhan Yazqı isə öz növbəsində qeyd edib ki, Türkiyə tərəfindən qaçırılmış, oğurlanmış əsərlərin geri qaytarılması istiqamətində mühüm işlər görülür: “Son 4 ildə 4000-dən çox əsər geri qaytarılıb. Bu, hüququ anlamda çox böyük uğurdur. Azərbaycanla bu istiqamətdə də iş görməyə, əməkdaşlıq etməyə hazırıq”.

    Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, kitab işi iki ölkə arasında ən prioritet məsələlərdən biridir: “5-9 oktyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ekspo Mərkəzində təşkil olunan VIII Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyə “fəxri qonaq ölkə” kimi iştirak edib.

    Türkiyənin nazir müavini Ahmet Misbah Demircan ölkəsində kitab işi ilə bağlı görülən işlərdən, yeniliklərdən bəhs edib və Azərbaycanın və Türkiyənin Milli Kitabxanasında müvafiq olaraq Türkiyə və Azərbaycana aid guşə yaradılmasını təklif edib.

    Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov söyləyib ki, rəhbəri olduğu şöbə ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi arasında əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr yüksələn xətlə inkişaf edir: “Rəqəmsal inkişaf sahəsində Türkiyə ilə ortaq layihəyə imza atdıq. Belə ki, bu ilin iyun ayında İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığıdırmı?” mövzusunda keçirilən “İDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalında Azərbaycanın ilk süni intellekti “Şuşa”nın kompozisiyası da nümayiş olunub. Kompozisiyada Vətənimizin tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılır. “Şuşa” adı verilən süni intellekt zalında Qarabağa xas xalça motivləri incələnərək insan əli dəymədən yenidən toxunaraq izləyicilərə təqdim olunub”.

    Türkiyə Araşdırma və Təhsil Ümumi Müdirliyi Xalq mədəniyyəti şöbəsinin müdiri Serkan Emir Erkmen yaradıcı sənayelər sahəsində Azərbaycan və Türkiyənin ortaq layihələrindən, UNESCO-nun nəzdindəki komitələr çərçivəsində aparılan əməkdaşlıqdan bəhs edib.

    Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 2023-cü ildə yenidən səhnələşdirilməsinin planlaşdırıldığını bildirib: “Şuşa 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyi üçün bu il çərçivəsində Türk dünyasından nümayəndələrin, sənətçilərin də iştirakı ilə operanın premyerasını keçirməyi düşünürük”.

    Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova Azərbaycandakı təhsil sistemi və nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəbləri haqqında məlumat verib. İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Könül Cəfərova Azərbaycan və Türkiyə teatrları arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin görüldüyü deyib: “Gələn il Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 ili tamam olur. Biz bu yubileyi qardaş Türkiyə ilə birgə qeyd etmək, həmçinin bu sahədə kadrların yetişdirilməsi sahəsində (səs rejissoru, işıq rəssamı və s.) Türkiyənin təcrübəsindən yararlanmaq istəyirik”.

    Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı qeyd edib ki, son iki ildə Türkiyə ilə beynəlxalq təşkilatlar, xüsusilə UNESCO, TÜRKSOY çərçivəsində əməkdaşlıq daha da dərinləşib. Bu yaxınlarda Türkiyə ilə birgə “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri”, “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyaları üzrə müsbət qərar qəbul edilib və bu 4 element UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib”.

    İclasda həmçinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Türkiyə Kitabxanalar və Nəşrlər İdarəsinin baş direktor müavini Ahmet Aldemir və digər qonaqlar çıxış ediblər. Qeyd olunub ki, bu gün aparılan müzakirələr iki ölkə arasında mədəni əlaqələrin böyük gələcəyindən xəbər verir.

    Sonda Nazirin birinci müavini Vaqif Əliyev Azərbaycanla Türkiyə arasındakı mədəni münasibətlərin çoxşaxəliliyini və əhatə dairəsini nəzərə alaraq, yeni protokoldakı maddələri özündə ehtiva edən konkret təkliflərdən ibarət yeni Fəaliyyət Planı üzərində işlərin aparılmasını təklif edib.

    Çıxışlardan sonra Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclasının protokolu imzalanıb.

    Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Mədəni irs, kino, muzeyşünaslıq, kitabxanaçılıq, yaradıcı sənayelər, ifaçılıq sənətləri, Beynəlxalq və regional təşkilatlarla əlaqələr çərçivəsində mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə görüləcək birgə işlərlə bağlı maddələr  yer alıb.

    Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

    Mənbə: https://culture.gov.az/

  • Uşaq musiqi və incəsənət məktəblərində ustad dərsləri keçirilib

    XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 12-16 dekabr tarixlərində Bakı şəhərində Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Kürdəmir regional mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin kamança, nağara, violin, akademik və estrada vokal, fortepiano müəllimləri üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən ustad dərsləri keçirilib.

    Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılmasıUMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.

    Ustad dərsləri kamança ixtisası üzrə (12 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev, nağara ixtisası üzrə (13 dekabr) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Təhmasib Məmmədov, violin ixtisası üzrə (14 dekabr)  Bakı şəhər Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva, akademik və estrada vokal ixtisası üzrə (15 dekabr) Bakı Musiqi Akademiyasının vokal kafedrasının baş müəllimi, Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Dmitriy Babayev və fortepiano ixtisası üzrə (16 dekabr) isə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi, Əməkdar müəllim Kamilla Əmirova tərəfindən aparılıb. UMİM və UMM-nin kamança, nağara, violin, akademik və estrada vokal və fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində müvafiq ixtisaslar üzrə tədris metodikası nümayiş etdirilib, ixtisasın spesifik xüsusiyyətləri peşəkar müəllimlər tərəfindən əyani şəkildə şagirdlərin üzərində göstərilib.

    Qeyd edək ki, ustad dərslərdə kamança ixtisası üzrə 24 nəfər, nağara ixtisası üzrə 24, violin ixtisası üzrə  25,  akademik və estrada vokal üzrə 15 nəfər, fortepiano ixtisası üzrə isə 108 nəfər müəllim iştirak edib. Bundan başqa aparıcı bədii təhsil müəssisələrinin  istedadlı şagirdləri də ustad dərslərində çıxışlar ediblər.

    Mənbə: https://culture.gov.az/

  • Dövlət Xidmətinin rəisi UNESCO-nun sessiyasında iştirak edib

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etmək məqsədilə Paris şəhərinə səfər edib.

    Komitənin budəfəki sessiyasının gündəliyində Katibliyin fəaliyyəti haqqında hesabatın qəbul edilməsi, 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinə düzəlişlərin qəbul edilməsi, Ukraynadakı mədəni sərvətlərin qorunması və digər məsələlər öz əksini tapıb.

    Müzakirələr zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək, hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Hökuməti tərəfindən işğalçı dövlətin dağıtdığı tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərin aparıldığını və bərpası üzrə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən monitorinq prosesində əsas maneənin işğaldan azad olunmuş ərazilərin Ermənistan Respublikası tərəfindən minalanması ilə bağlı olduğunu vurğulayıb.

    Eyni zamanda, Dövlət Xidmətinin rəsmisi post-münaqişə dövründə tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfinin gördüyü tədbirləri və təcrübəni digər dövlətlərlə də paylaşmağa hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusuna xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə Komitənin monitorinq və nəzarət mexanizlərinin yenilənməsi istiqamətində ölkəmizin aktiv iştiakı, eləcə də cari il dekabr ayının 6-9 tarixlərində Bakıda mədəni sərvətlərin qorunması sahəsində UNESCO konvensiyalarının icrasının vacibliyi mövzusunda beynəlxalq konfransın təşkil edilməsi Azərbaycanın bu mövzuya verdiyi önəmin təzahürünün bir nümunəsidir.

    Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edib.

    Sessiyanın sonunda gündəliyin bəndləri üzrə qəbul edilmiş qərarlar əsasında yekun vurulub, gələn il ərzində keçiriləcək növbəti sessiya və məsləhətləşmələr barədə məlumat verilib.

    Mənbə: https://culture.gov.az/

  • Şuşa mədəniyyətinin inciləri: Qasım bəy Zakir

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Qasım bəy Zakirə həsr olunub.

    Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.

    Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır.

    Onun müxtəlif mövzularda yazılan “Məlikzadə və Şahsənəm”, “Əmirzadə, məşuq və cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Aşiq və məşuq haqqında”, “Zövci-axər”, “Tərlan və elçi”, “Dəvəsi itən kəs”, “Dərviş ilə qız”, “Həyasız dərviş”, “Əxlaqsız qazı”, “Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim” kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur.

    Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır.  “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında”, “İlan, Dəvə, Tısbağa”, “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında”, “Tısbağa, Qarğa, Kəsəyən, Ahu” adları ilə təmsili çap olunub.

    Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib.

    O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilib.

    Mənbə: https://culture.gov.az/

  • Sona İNTİZAR.”Dünya”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Başını götürüb qaçasan hara?
    Dərəyə, təpəyə, ya da ki, dağa,
    Hönkürüb ağlayım mən yana-yana,
    Yenə də gözümə gülməz bu dünya.

    Sinənə dağ çəkər, izi silinməz,
    Elə bir ah edər, ünvan bilinməz,
    Onu da yaradıb GÖZƏGÖRÜNMƏZ
    Nə yaxşı, nə yaman görməz bu dünya.

    Mən necə yanmayım oduna sənin?!
    Səndən yaralıdır qəlbim, ürəyim.
    Əlimdə əsir bu yazan qələmim,
    Sənsən buna səbəb, gümansız dünya.

    Niyə mənə belə dönük çıxdın sən?!
    Niyə səbrimi sən sınaq edirsən?!
    Mən səndən, sən məndən gileylənirsən.
    Özünü göstərmə günahsız dünya.

  • “”Altmışıncılar” və son 60 ilin ədəbi həyatından səhifələr” – ANAR

    Uzun zaman üzərində işlədiyim “Altmışıncılar” və son 60 ilin ədəbi həyatı” kitabını bitirmişəm. Kitabdan bir parçanı oxuculara təqdim edirəm.

    ANAR

    Ədəbiyyat sarayını ənənəçilər və yenilikçilər inşa edir.

    Ənənəçilər daşları yan-yana düzüb özül yaradırlar.

    Yenilikçilər bu özül üzərində daşları üst-üstə qoyub qüllə ucaldırlar.

    Altmışıncılar olub, olmayıb?

    60 il bundan qabaq “Azərbaycan” jurnalının 1960, dekabr nömrəsində iki hekayəm dərc olundu: “Keçən ilin son gecəsi” və “Bayram həsrətində”. Bu mənim ilk mətbu yazılarım idi.

    Beləliklə, 2020-ci ilin dekabrında ədəbi aləmə gəlməyimin 60 ili tamam oldu. Bu müddətin yarıdan çoxunu – bu günə qədər 36 ilini – yazıçılar təşkilatının rəhbəri vəzifəsində çalışmışam. Oxuculara təqdim etdiyim bu kitabda Yazıçılar təşkilatının son 60 ildə fəaliyyətinin bəzi cəhətlərini, “altmışıncılar” nəslinin xüsusiyyətlərini, ədəbi mühitin özəlliklərini, dartışmaları, atışmaları, mübahisələri, mübarizələri və bir sıra başqa mətləbləri işıqlandırmağa çalışmışam.

    “Altmışıncılar nəsli” istər Azərbaycan, istərsə də Sovet dövrünün ümumittifaq tənqidində təsdiq olunmuş anlayışdır. SSRİ-nin və Azərbaycanın ən görkəmli ədəbiyyatşünasları, tənqidçiləri, eləcə də ictimai-siyasi xadimləri bu illərdə yaradıcılıq meydanına çıxan gənc şairlərin, nasirlərin əsərlərini çağdaş ədəbiyyatın yeni mühüm mərhələsi kimi dəyərləndirirdilər. Hazırkı dövrdə də “altmışıncılar” ən mötəbər ədəbiyyat tarixlərində layiqli yerlərini tuturlar.

    Amma Azərbaycanda bu nəslin xidmətlərini yerli-dibli inkar edən, ümumiyyətlə, “altmışıncıları” ədəbiyyat hadisəsi saymayan tək-tüklər də var. Hətta iş o yerə çatır ki, belələri mətbuata ilk dəfə bu illərdə çap olunanların xronoloji baxımdan belə o illərə aid olduqlarını qəbul etmirlər. Məsələn, bir vaxtlar müxalifət qəzetlərində tez-tez imzası görünən bir yazan (mən “yazan” və “yazıçı” sözlərini fərqləndirirəm) belə bir “kəşf” etmişdi:

    “Azərbaycanda utanmaz-utanmaz özünü “altmışıncılar” adlandırıb hakimiyyətə nökərçilik eləyən “xalq yazıçıları”, “xalq şairləri” var. Bu yazıda onların adlarını belə çəkmək istəmirəm”. (“Altmışıncıların aşırımçısı – Andrey Voznesenski” adlı yazıdan (“Azadlıq” qəzeti 17 mart 2010)).

    Kimin kimə muzdlu nökərçilik etdiyini əyani faktlarla göstərmək başqa bir yazının mövzusudur. Odur ki, bu yazıda bu məsələni açıb-ağartmadan ancaq onu qeyd etmək istəyirəm ki, məqalə “altmışıncıların aşırımçısı (“aşırımçı” nə deməkdir? – A.) adlandırdığı rus şairi Andrey Vosnesenskinin vəfatına həsr olunmuşdur. Müəllif Andrey Voznesenskini Azərbaycan yazıçılarına örnək göstərərək rus şairinin KİŞİ kimi yaşadığını yazır, onu sovet rejiminə asi olduğuna görə təqib edilən, az qala tutula bilən, öldürülə bilən adam kimi, dönməz şəxsiyyət kimi tərifləyir. Andrey Voznesenskinin həqiqətən böyük şair olduğunu inkar etmədən bu yazanın bilmədiyi, ya bilib eyninə almadığı həqiqətləri də ona xatırlatmaq istəyirəm, Xruşşov A.Voznesenskini kəskin tənqid edəndən sonra şair Leninə həsr olunmuş “Lanjomyu” poemasını yazdı və SSRİ Dövlət mükafatına layiq görüldü.

    Ümumiyyətlə, özünü millətçi, türkçü kimi qələmə verən bu müəllif rus yazıçılarına başsağlığı yazılarını qələmə alarkən mütləq Azərbaycan yazıçılarını aşağılamağı özünə borc bilir: Görkəmli rus yazıçısı Viktor Astafyevin vəfatına həsr etdiyi yazıda yenə dərdi-azarı olan “altmışıncıları” sancmadan keçə bilmir:

    “Rusiya varlığının Astafyevi” adlı məqaləsində (“Azadlıq” qəzeti 22-24 dekabr 2001) Anarı, Elçini, Maqsud İbrahimbəyovu hədəf alaraq yazır: “Azərbaycanda şairlərin, yazıçıların altımışıncı illər nəsli adlanan bir seriyası var. (seriyası? – A.). Onlar özlərini xalqa 60-cı illərin dissident şairləri, yazıçıları kimi sırımışdılar. Sən demə, “icazəli qəhrəman” olublar, Yaratdıqları – Yalançı Yalınçıq yaradıcılığı”.

    Sonra “fizionomiyasından göründüyü kimi” Astafyevin türk (?! – A) və dissident” olduğunu iddia edən məqalə müəllifi Astafyevin Rusiyanın Dövlət mükafatını aldığını “unudur”.

    O ki qaldı Azərbaycan “altmışıncılarına” – onlar barədə yazanın verdiyi qiymətdən zəmin-asiman fərqlənən başqa rəylər də var:

    Rəhmətlik Əbülfəz Elçibəy mənə göndərdiyi təbrik məktubunda yazırdı:

    “Azərbaycan milli-azadlıq hərəkatı tarixində və milli dövlətçilik şüurunun formalaşmasında Sizin bədii əsərləriniz müstəsna rol oynayıb. Eyni zamanda milli azadlıq hərəkatında iştirakınız minlərlə insanların oyanmasında, ziyalıların hərəkata qoşulmasında böyük rol oynamışdır”.

    Başqa bir söhbətində Əbülfəz Elçibəy deyirdi:

    “Respublikada gəncləri çox əzirdilər. Rəsul Rza birdən çıxdı, 20-30 nəfəri himayə elədi. Camaat baxırdı ki, yuxarıda Rəsul da var, Rəsulun hesabına aşağıdan bəziləri cəsarətlənirdilər. Sonra hamı düşdü onların üstünə, başladılar Rəsul Rzanın əleyhinə yazmağa, Anarın əleyhinə yazmağa. Həmin dövrdə Ə.Əylisli də, Anar da, Elçin də, Y.Səmədoğlu da göz qabağında idilər. Mənim yadımdadır, Anarın “Molla Nəsrəddin – 66” yazılarını hamı oxuyurdu, müzakirəsini keçirirdilər, danışırdılar cavanlar. Yəni bu, Sabir ruhunun qayıdışı idi.

    O zamanın yazısına daha çox qiymət verilməlidir. Millətin ölüm nəfəsini geri qaytardıqarı üçün. O dövrün ziyalıları haqqında ayrıca yazı da yazmaq lazımdır. Onların qiyməti də verilməlidir”.

    Allah Əbülfəz bəyə rəhmət eləsin. Özünü Elçibəy ideyalarının davamçıları elan edənlər “qiymətimizi də verdilər, haqqımızda yazılar da yazdılar”.

    Yazan onu da yalan deyir ki, “altmışıncılar” özlərini dissident kimi sırımağa çalışıblar.

    İlk dəfə Rəsul Rzanın işlətdiyi “icazəli qəhrəmanlar” ifadəsini ondan iqtibas edən bu müəllif “altmışıncıların” özlərini “dissident” kimi “sırımağa” çalışdıqlarını yazır. Düz deyil. Nə mən, nə də “altmışıncılardan” başqa birisi heç vaxt özümüzü dissident kimi qələmə verməmişik. Bizi “sovet quruluşuna zidd gedən, sosrealizm metodundan imtina edən asilər kimi həm mətbuat səhifələrində, həm də gizli danoslarla damğalayanlar tamam başqalarıdır.

    Mənim bu barədə danışmağım – qeyri-təvazökarlıq sayıla bilər, amma ulu öndər Heydər Əliyevin sözlərini tam məsuliyyətlə qəbul etməliyik.

    Heydər Əliyev deyirdi: “Bir dəfə 1989-cu ildə Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycanın keçmiş dövrü haqqında, yəni 70-ci illərdə mənim Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox idi? Dedim ki, yox idi. Dedi nə üçün? Dedim ki, biz dissident axtarmırdıq. Təbiidir, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Amma biz axtarmırıq. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin dissident sayılanların əsərlərini biz qəlbən qəbul edirdik və onların özünə yol tapması üçün imkanlar yaradırdıq. Beləliklə, həmin müəlliflərə öz həmrəyliyimizi bildirirdik. Ancaq geniş təbliğ etmirdik ki, biz bununla həmrəyik. Məsələn, əgər o illər 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi. Və buna görə da onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq saxladıq. Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə də onlar indi heyifsilənirlər ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi bəlkə hörmətimiz daha da artıq olardı. Yaxud götürək Anarı. O da dissident idi. Məsələn, “Qobustan” jurnalının yaranması və jurnalın səhifələrindən yayılan əsərlər, şübhəsiz ki, dissident xarakteri daşıyırdı”.

    Azərbaycan Yazıçılarının X Qurultayında çıxış edərək Prezident Heydər Əliyev bu barədə daha ətraflı danışdı.

    “Məsələn, mən “Qobustan” jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri deyirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu tərəfdən gəlirdi. Mən də götürürdüm, baxırdım bu “Qobustan” jurnalına, görürdüm burada bunlarm dedikləri şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də “Qobustan” jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm – “Qobustan” jurnalı o vaxt çox böyük işlər gördü. Amma yalnız “Qobustan” yox. Götürün “Azərbaycan”, “Ulduz” jurnallarını. Bunlar dövlət jurnalları idi, amma siz onlarda nə istəyirdiniz, onu da çap edirdiniz, hər hansı məhdudiyyət yox idi. Mən iftixarla deyə bilərəm ki, 1969-cu ildən, mən respublikaya rəhbərlik etməyə başlayan zamandan bəri, bir nəfər də olsun şairin, bir nəfər də olsun yazıçının əsərinə qadağa qoyulmayıb. İndi bir çox şeyləri açıq danışmaq olar. Nəzərə almaq lazımdır ki, Sizin aranızdan nə qədər şikayət gəlirdi. Biri gəlir, deyir ki, o, pantürkistdi, başqası gəlib deyir ki, o, paniranistdi, birini türk casusu adlandırırdılar, birini İran casusu. Deyirdilər ki, bax, o, Sovet dövlətinə qarşıdı və onun babası da Sovet hökumətinin düşməni olub, o özü də Sovet hökumətinin ziddinə gedir.

    O qədər danışırdılar, o qədər səy göstərirdilər ki, bu və bu kimi qəbildən olan əsərlərin meydana çıxmasının qarşısını alsınlar. Özü də iki mövqedən hücum edirdilər: bir tərəfdən – əsər, guya, tam millətçilik ruhundadır, deyirdilər, digər tərəfdən isə bizim həyatımızdakı nöqsanları tənqid edən əsərlərə qarşı çıxırdılar. Ancaq siz bilirsiniz ki, mən 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn gündən eybəcərlikləri, mənfi əlamətləri tənqid etmişəm, onlara qarşı mübarizə aparmışam. Ona görə də mənə gəlib xəbərçilik edəndə ki, “Şəhərin yay günləri” pyesi bizim quruluşa qarşıdır, mən dedim: yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox təriflədim, mükafat verdirdim. Ya da “Bir cənub şəhərində” filmi altmışıncı illərdə qadağan olunmuşdu. Onu Rüstəm İbrahimbəyov və Eldar Quliyev çəkmişdilər. Onda mən hələ respublika rəhbəri deyildim, mən DTK-nın sədri idim. Mən filmə baxdım və əmin oldum ki, bu çox yaxşı filmdir və ona yol açdım. Film böyük müvəffəqiyyət qazandı. Ya da Rüstəm İbrahimbəyovun “İstintaq” filmi. Nə qədər onun əleyhinə danışırdılar. Filmin mövzusunu mən vermişdim. Burda mafiozilərə, rüşvətxorlara qarşı barışmaz mübarizədən bəhs olunurdu. Bu film o zaman SSRİ dövlət mükafatını aldı. Bu gün demək lazımdır ki, Azərbaycanda dissident olmayıb. Amma sizin bir çoxunuz dissident idiniz. Mən bunu müsbət fakt kimi deyirəm. Yaxşı ki, siz dissident olmusunuz, əgər Siz dissident olmasaydınız, Azərbaycan xalqının vətənpərvər əhvalını, milli ruhunu qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, o, gənclərin şüuruna belə təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərləri belə güclü təsirə malik olmazdı”.

    Stalinin ölümüylə başlanan yeni dövr

    1953-cü il martın 5-də Stalinin ölüm xəbəri yayıldı, bütün ölkə yasa batmışdı. Moskvada, Sütunlu salonda rəhbərin tabutu önündən sonsuz insan axını keçirdi. Radiodan bu insanların hıçqırıb ağladıqlarını eşidirdik.

    Məktəbimiz də matəm içində idi. Desəm ki, Stalinin ölümü vecimə deyildi, bunu mübaliğə saymasınlar. Özümü ta yeniyetməlik çağından antistalinist kimi qələmə vermək iddiam da yoxdur.

    Amma uşaqlıq çağımdan evdə eşitdiyim xısın söhbətlərdən 37-ci ildə repressiya olunmuşların, xüsusilə də valideynlərimin yaxşı tanıdıqları yazıçıların günahsız olduqlarını dərk etmişdim. Bunun əsl günahkarının Stalin olduğu nəticəsi çıxırdı. Bununla belə Stalinin ölüm xəbərini eşidəndə atamın ağlamasını da xatırlayıram. Özü də bu aləmə faş etmək üçün deyil, evdə tək bir ailə üzvlərinin gördükləri gözyaşları idi. Yəni Rəsul Rza tamamilə səmimi surətdə sarsılmışdı. Amma Stalin haqqında daha əvvəllər dediyi sözləri də unutmuram: “Heç Nikolay da bu qələti eləməmişdi”. Bu sözləri Stalinin ruslaşdırma siyasətiylə bağlı deyirdi.

    Hər halda Stalini böyük şəxsiyyət sayırdı. Ölümündən üç il sonra “böyük rəhbər”in qanlı repressiyaların baiskarı olduğu aşkar olunandan sonra Stalinə nifrət etməyə başladı. Leninə isə ömrünün sonunacan inanırdı. Ona elə gəlirdi ki, Lenin sağ qalsaydı ölkə tamam başqa yöndə, sosial ədalət və milli maraqlar təmin olunmuş şəkildə inkişaf edəcəkdi. Axı vəfatından çox sonra açılmış həqiqətlər, Leninin cinayətləri barədə heç bir məlumatı yoxdu.

    Sonrakı illərdə mən Moskvada təhsil alarkən (1962-1964) Lenin haqqında bəzi söhbətləri eşitmişdim. Rusiyayla müharibə aparan Almaniya gizli şəkildə qapalı vaqonda Lenini Rusiyaya ötürməsi, bolşevikərin Parvus adlı varlı adam tərəfindən maddi təmin olunması və s. Bunları atama danışanda: – Düşmən təbliğatıdır – dedi – sən belə şeylərə uyma.

    1955-ci ildə orta məktəbi bitirib Universitetin Filoloji fakültəsinə qəbul olundum, bir il sonra isə bizi, tələbələri qapalı şəkildə Xruşşovun XX Qurultayda etdiyi məruzəylə tanış etdilər. Məruzədə Stalin kultu alt-üst edilirdi. Stalin milyonlarla insanın haqsız sürgün və məhv edilməsində günahlandırılırdı. O vaxt açıqlanmırdı ki, Xruşşovun özü də Ukraynanın partiya rəhbəri işlərkən və başqa məsul vəzifələr daşıyarkən kütləvi repressiyaların təşkilatçılarından biri olmuşdu.

    Hər nəysə reallıq bu idi ki, sürgün olunmuşların sağ qalanları yurd-yuvalarına, vətənlərinə, evlərinə qayıdırdılar. O cümlədən mənim ana tərəfdən qohumlarımız – anamın doğmaca dayısı Fərrux bəy Rəfibəyli həyat yoldaşı Rəxşəndə xanımla. Daha bir Rəfibəyli qohumumuz Cavad bəy Rəfibəyli də ikinci sürgünündən dönürdü. Atamın əmisi və xalası oğlu, Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazi Vətən müharibəsinin ilk günündən cəbhəyə getmiş, yaralanıb əsir düşmüş, evlərinə qara kağızı gəlmişdi, sağ qalması məlum oldu, qayıtdı və az bir müddətdən sonra başqa müharibə əsirləri kimi Sibirə sürgün edilmişdi, Stalinin “ifşasından” sonra o da Bakıya qayıtdı.

    Dövr dəyişirdi. SSRİ Yazıçılar İttifaqının sədri, vaxtilə bir çox yazıçının məhkum olunmasında dolayısıyla da olsa günahkar sayılan Aleksandr Fadeyev peşmançılıq məktubu yazaraq intihar etdi. Rəsmi mətbuat bu intiharı alkoqolizmin təsiriylə izah etdi. Məktubu çox illər sonra üzə çıxdı.

    Elə həmin 1956-cı ilin payızında Sovet qoşunları Budapeştə girib macar xalqının azadlıq arzularını tank tırtılları altında əzmişdi, külli miqdarda qan tökülmüşdü. Amma bizə, o vaxtın cavanlarına elə gəlirdi ki, bu Stalin dövrünün son gəyirtisidir. Yevgeni Yevtuşenkonun Xruşşovun razılığıyla “Pravda” qəzetində dərc olunmuş “Stalinin varisləri” (“Nasledniki Stalina”) şeiri mühafizəkar qüvvələrin hələ də güclü olduğuna, amma onlarla mübarizənin rəsmi yolla da aparılmasına işarə idi.

    Yazıçı İlya Erenburqun bu illərdə işıq üzü görmüş povestinin adıyla həmin keçid dövrünü “Ottopel” (“Buzların əriməsi” kimi çevirmək olar) adlandırırdılar.

    Belə bir qeyri-müəyyən ab-hava ta 1963-cü ilin dekabrına qədər davam etdi, 1963-cü ilin dekarında bir dəstə mühafizəkar rəssam N.S.Xruşşovu tovlayıb Moskvada Manej sərgi salonuna apardılar. Burada nümayiş etdirilən abstraksionist rəsm və heykəltəraşlıq əsərləri sənət haqqında çox ibtidai və bəsit təsəvvürləri olan Nikita Sergeyeviçi cin atına mindirmişdi. Ölkədə abstraksionizmə – mücərrədçiliyə qarşı siyasi kampaniya başladı və necə deyərlər, “iştah diş altındadır”. Partiya ideoloqlarının və mühafizəkar ədəbiyyat, sənət adamlarının körüklədiyi bu mübarizə abstraksionizmin hüdudlarını aşaraq ümumiyyətlə yenilikçi əsərlərə, sərbəst düşüncəli müəlliflərə qarşı səlib yürüşünə çevrildi. Həm də anındaca təsviri sənət sahəsindən başqa yaradıcılıq növlərinə – ədəbiyyata, teatr və kinoya, musiqiyə də sıçradı. O biri tərəfdən də məşhur ifadəni xatırlasaq “Moskvada dırnaq tutanda əyalətlərdə barmaq kəsirlər” demək olardı. Əyalətlərdə, yəni respulikalarda, o cümlədən əlbəttə ki, Azərbaycanda, abstrakt sənətlə mübarizə adıyla əcinnə ovuna çıxdılar. Xruşşov özünəməxsus qabalıqla bu sayaq rəsm əsərlərini “eşşək quyruğuyla çəkilmiş şəkillər” adlandırmışdı. Xruşşovun sözlərindən ilham alan bəzi Azərbaycan şairlərı də ədəbi rəqiblərinə qarşı mübarizədə bu təşbehdən istifadə edirdilər.

    Rus dilində belə bir ifadə var “kultprosvet” yəni “mədəni maariflənmə”. İti dilli adamlar bu ifadəni ayrı cür yozdular, Stalin kultunu yıxan Xruşşov öz kultunu yaratmağa başladığı üçün bu iki kult arasındakı qısa dövrü “kultprosvet” adlandırdılar. İki kult arasnda işqlı bir zolaq.

    Amma demə, bu qısadan qısa “nəfəs genliyi” də yetərliymiş ki, uzun illər boyu ideoloji qəliblər içində boğulan, dar estetik çərçivələrdə çabalayan həqiqi sənət dirçəlib özünü təsdiq edə bilsin. Altmışıncı illər ədəbiyyatı adlanan bu dövr də məhz iki kult arasındakı işıq zolağında yetişdi, püxtələşdi və sonrakı zamanların yeni sazağında büzüşüb tələf olmadı.

    İstisna etmirəm ki, ayrı bir dövrə düşsəydik biz də kolxozdan, sovxozdan, əmək qəhrəmanlarından, saxta xalqlar dostluğundan içi su dolu poemalar, lırt romanlar yazardıq,

    Ya da heç nə yazmazdıq.

    Danılmaz həqiqətdir ki, altmışıncı illərdə bütün sovet ədəbiyyatında və özəlliklə Azərbaycan ədəbiyyatında mühüm dönüş yarandı. Yalançı yox, doğruçu həyat həqiqətlərinə və saxta deyil, gerçək sənət dəyərlərinə qayıdış baş tutdu.

    Bunu iddia edərkən mən iki məqamı xüsusi vurğulamaq istərdim. Altmışıncı illərdə yeni ədəbiyyat yarandığından danışarkən mən heç də o vaxta qədər olmuş bütün bədii yaradıcılığı inkar etmirəm. O cümlədən sovet ədəbiyyatı anlayışını da. İntəhası, məncə, iki ayrı-ayrı anlayışlar var: “sovet ədəbiyyatı” və “sovet dövrünün ədəbiyyatı”.

    Sovet illərində rəsmi təqdir olunan Maksim Qorki, Vladimir Mayakovski, Mixail Şoloxov, Aleksandr Tradovski (sonuncu müəyyən dövrə qədər), Cəfər Cabbarlı, Səməd Vurğun, Muxtar Auezov, Mikola Bajan, Qalantion Tabidze, Eduardas Mejalaytes kimi dəyərləri inkar edilməz sənətkarlarla yanaşı, rejimin qəbul etmədiyi və rejimi qəbul etməyən Hüseyn Cavid, Əhməd Cavad, Sergey Yesenin, Boris Pasternak, Anna Axmatova, Marina Svetayeva, Osip Mandelştam, Mixail Bulqakov, Andrey Platonov, Mixail Zoşşenko, Tutsian Tabidze və bir sıra başqa böyük qələm sahibləri vardı ki, onları heç vəchlə sovet yazıçıları saymaq olmaz. Digər tərəfdən, bu dövrdə yaranan başqa söz məhsulatı da mövcud idi ki, onlar məhz rəsmi ideoloji və estetik ölçülərlə qiymətləndirilən “sovet ədəbiyyatı”  idi. Və əgər “sosialist realizmi” adlanan bir nəzəri metod, doğrudan da, mövcuddursa, məhz bu metodla yaradılmış ədəbiyyat örnəkləri “sovet ədəbiyyatı” sayılmalıdır. Yəni əsl “sovet ədəbiyyatı” (SOS!realizm) budur.

    Əlbəttə, bu məsələdə də ehkamçılığa uyub süni təsnifat aparmaq düz olmazdı. Ola bilsin ki, eyni bir müəllifin yaradıcılığında dövrün ideoloji tələblərinə cavab verən sovet ədəbiyyatı örnəkləriylə yanaşı, heç bir ideloji ehkamlara uyğun gəlməyən əbədi mövzularda yazılmış əsl sənət nümunələri də var. Aşıq Ələsgərin “Dağlar” qoşması nə qədər “Sovet” ədəbiyyatıdırsa, Səməd Vurğunun “Dağlar” şeiri də o qədər sovet ədəbiyyatıdır.

    Boris Pasternak “Doktor Jivaqo” romanıyla bərabər inqilabçı Leytenant Şmidti vəsf edən əsər də yazmışdı, Vladimir Mayakovskinin “Vladimir İliç Lenin”, “Yaxşı” poemaları, Sovet pasportuna həsr etdiyi və bu səpkidə bir çox başqa şeirləriylə yanaşı, heç bir quruluşun ideologiyasına uyğun gəlməyən ölməz lirikası, sovet cəmiyyətini alt-üst edən komediyaları də var. Mixail Bulqakov “Ustad və Marqarita” kimi klassik romanın, sovet həyat tərzini lağa qoyan “İt ürəyi” povestinin də, Stalinin gəncliyinə həsr olunmuş “Batum” pyesinin də müəllifidir.

    Vurğuladığım ikinci prinsip də var. 60-cı illər ədəbiyyatından bəhs edəndə bəzən suçlanıram ki, mənsub olduğum “altmışıncılar” nəslinin xidmətlərini şişirdirəm. Bu məsələni dəfələrlə dəqiqləşdirsəm də fikrimi bir daha açıqlamalıyam. Altmışıncı illərdə ədəbiyyatımızın yeniləşməsini heç də ancaq bu illərdə ədəbiyyata gələnlərin xidmətləri saymıram. Yeni imkanlar açılmış dövrdə daha əvvəlki illərdə ədəbiyyata gələnlərin bir qismi də yeni ruhlu əsərlər yaratmağa başladılar. Həm ondan əvvəlki illərdə yasaq olunmuş mövzularda, məsələn, repressiyalarla bağlı əsərlər yaranmağa başladı, həm də daha geniş forma axtarışları meydana çıxdı. Ən yaxşı hallarda isə yeni mövzular yeni formalarda vüsət tapırdı və bunu, təkrar edirəm, müxtəlif nəsillərə mənsub olan müəlliflərin yaradıcılığında görmək olar. Amma bununla bərabər və bunu da bir daha təkrar etməyə ehtiyac duyuram ki, ədəbiyyatın altımışıncı illərdən başlayan yeniləşməsinin əsas yükü məhz “altımışıncılar” nəslinin çiyninə düşürdü.

    Rus və Ümumittifaq yeni ədəbiyyatından bu adları çəkmək vacibdir: Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Bella Axmadulina, Robert Rojdestvenski, Yuri Kazakov, Vasili Şukşin, Fazil İskəndər, Vasili Aksyonov, Andrey Bitov, Vasili Belov, Valentin Rasputin, Vladimir Vısotski, İosif Brodski, Vladimir Maksimov və bir çox başqaları. “Altmışıncılardan” yaşca böyük olan Bulat Okudjavanı, Yuri Trifonovu, Viktor Astafyevi, Fyodor Abramovu, Viktor Rozovu, Viktor Nekrasovu və bir sıra başqalarını da bu siyahıya daxil etmək olar. Milli ədəbiyyatlara gəlincə, Qırğızıstanda Çingiz Aytmatov, Mar Bayciyev, Qazaxıstanda Oljas Süleymenov, Nurpeisov, Ukraynada İvan Draç, Vitali Korotiç, Özbəkistanda Timur Pulatov, Belarusiyada Vasil Bıkov, Ales Adamoviç, Estoniyada Rummo və E.Vetemea, Moldaviyada Drutse, Viyeru, Gürcüstanda Otar və Tamaz Ciladze qardaşları, Cansuq Çarkviani, Quram Pancikidze, Ermənistanda Qrant Matevosyan.

    Bu yazıçıların taleləri də müxtəlif oldu. Yüksək sovet təltifatlarını və mükafatlarını alanlar da oldu, həbs və sürgün edilənlər də, vətənlərindən qovulub ömürlərini xarici ölkələrdə başa vuranlar da, Nobel (Brodski), ya Lenin (V.Şuşkin) mükafatlarına layiq görülənlər də.

    Elə talelərinin bu müxtəlifliyi də bir çox hallarda sonra gələn nəsillərin qınağına səbəb olur. Yəni “altmışıncılar necə rejimə asi olublar ki, bu rejimin ən yüksək ordenlərini, Fəxri adlarını almışdılar. Yaxud “Siz niyə dissident olub sürgün, həbs olunmamısınız, məhv edilməmisiniz?” – deyə soruşurlar.

    Altmışıncılara aid bu ittihamları əsasən Qorbaçov islahatlarından sonra qələmə sarılmış sonrakı ərköyün nəsillərin nümayəndələri irəli sürür. “İcazəli cəsarət” dönəmində keçmişdəkiləri “cəsarətsizlikdə” suçlamaqdan asan nə var ki?

    Vaxtilə (daha dəqiq 16-22 oktyabr 2002) “Literaturnaə qazeta”da “Poçemu boqatıe ne löbət şestidesətnikov” (“Niyə varlılar altmışıncıları sevmir”) adlı məqalə çap olunmuşdu. Məqalə müəllifi Sergey Baymuxametovun bir sıra fikirləri mənə maraqlı olduğu üçün bu qəzeti saxlamışdım. Müəllif ən çox internet səhifələrində gənc nəsillərin altmışıncılara hücumlarından bəzi sitatları gətirir:

    “Dövlət onlara (altmışıncılara – A.) hər şey vermişdi, onlar isə dövləti rüsvay etməyə çalışırdılar”.

    Başqa bir sitat:

    “Tarix onlara nadir bir şans – nisbi sərbəstlik bəxş etmişdi. Onlar isə bu şansı yalnız özlərini reklam etməkçün istifadə etdilər, özlərindən cavanların yollarını kəsdilər”. (Necə, nə sayaq? – A.)

    Birisi hətta Lenindən bəyəndiyi sitatı gətirir: “Lenin haqlı deyib ki, ziyalılar millətin nəcisidir” (Lenin də, sitat gətirən də bu sözü öz adıyla yazır).

    Başqa bu sayaq və daha biabırçı sitatlar gətirəndən sonra Baymuxametov “altmışıncılar” haqqında öz fikirlərini bölüşür: “Altmışıncılar Xruşşova inanıb onun ardınca getdilər. Amma sistem onları da, Xruşşovun özünü də sındırıb atdı. Qorbaçov yenidənqurmadan, azadlıqdan və demokratiyadan dəm vururdu, amma elə onun rəhbərliyi dövründə Anatoli Marçenko həbsxanada aclıq elan edərək dünyasını dəyişdi.

    (Yeri gəlmişkən, həmin bu mərhum Ukrayna dissidenti Anatoli Marçenko azadlıqda olan zaman mənim “Dantenin yubileyi” povestimi ukrain dilinə çevirmişdi. Dostu Abbas Abdullaya yazırdı ki, Ukrayna mətbuatı əsəri məzmununa görə çap etməyə cəsarət etmədi. Görəsən, bizimkilərdən betər ayıq-sayıqlar bu povestdə hansı antisovet təxribatı tapıblar? – A.)

    Baymuxametovun yazdığına görə, Qorbaçov dövründə bir nəfəri ona görə həbs ediblərmiş ki, Tvardovskinin “Tyorkin o dünyada” poemasını yayırmış. Biçarə məhbus bu poemanın “İzvestiya” qəzetində dərc olunmuş mətnini göstərsə belə bunun bir faydası olmayıb. Başqa bir fotoqrafı isə ona görə həbs edibləmiş ki, uydurma faktların fotosunu çəkib.

    Müəllif yazır: “Tvardovski otuzuncu illərin dəbinə uyğun olaraq qolçomaq elan olunmuş və sürgün edilmiş valideynlərindən imtina edib, ömrü boyu bu hərəkətinin əzabını çəkib. Tvardovski yalnız “Novıy mir” jurnalının redaktoru deyildi, həm də hakimiyyətə yaxın adam idi. O, Xruşşovun köməkçisi Lebedevlə dosluq edir, onunla araq içirdi. Və Lebedevin vasitəsilə Xruşşova “İvan Denisoviçin bir günü” povestini çatdıra bilmişdi. İndi düşünün, Lebedevlə dostluğu olmasaydı, Tvardovski həmin povesti “Novıy mir”də necə çap edə bilərdi və beləliklə, Soljenitsının sonrakı taleyi necə olardı? Ümumiyyətlə, onun yazıçı taleyi baş tutardımı? Bəli, Yevtuşenko da öz etirafına görə Mərkəzi Komitənin kabinetlərini gəzə-gəzə söz azadlığı uğrunda mübarizə etdiyini deyir. Hakimiyyətlə mübarizə edənə, dissidentə baxın!

    Amma axı həqiqətən belə idi. Bütün bunlarla bərabər bu davranışın önəmli tərəfləri də vardı”.

    O dövrün məhdudiyyətləriylə qarşılaşmamış indikilər – bu cəhətdən xoşbəxt və asudə ədəbi gənclik – səthi nəticələr çıxarıb əsassız hökmlər verməməlidirlər.

    Məqalə müəllifinin fikrincə, sonrakı nəsillərin altmışıncılara bu hədsiz nifrətinin səbəbi odur ki, dəhşətli şöhrət hərisləri ola-ola altmışıncıların populyarlığının yüzdə birini də qazana bilməyiblər.

    İkinci səbəb odur ki, o dövrün imtiyazlarından eşidiblərsə də, çətinliklərindən xəbərləri yoxdur.

    Bizim dilin ifadəsiylə desək “hazıra nazir” gəliblər. Niyə daha əvvəlki dövrlərin makulatura “ədəbiyyatı” onları nəinki qəzəbləndirmir, heç onun üstünü də vurmurlar. Görünür, belə ədəbiyyat onları daha çox təmin edir. Niyə məhz onların özlərinə yol açan “altmışıncılar” əsas hücum hədəfidir?

    Məqalə müəllifi bunu Freydin “Edip kompleksiylə” əlaqələndirir. “Belə də olmalıdır – yazır. – Çoxluğu səfalət içində yaşayan, min cür məişət qayğısı olan xalqın narazılığını, qəzəbini hara yönəltsələr yaxşıdır? Əlbəttə, ilk növbədə ziyalılara, özəlliklə də “altmışıncılara”.

    Baymuxametovun məqaləsi, rus ədəbi həyatına aid olsa da, eynilə bizim Azərbaycan ədəbiyyatına şamil edilə bilər.

    Onların və bizim bu inkarçıları çox şey eyniləşdirir, o cümlədən əsrlər boyu bütün dinlərin və mədəniyyətlərin təsdiq etdikləri əxlaq normalarına tüpürmək. Bəşəriyyətin əsrlər boyu qəbul etdiyi əxlaq normalarına görə “ölənin dalınca danışmazlar”, ya da “ölənlər haqqında ya yaxşı danış, ya heç danışma”.

    Bu prinsiplərə tam zidd olaraq pornoqrafik romanlar müəllifi Eduard Limonov yazıçı Vasili Aksyonovun ölümüylə bağlı deyir:

    “Aksyonov da, digər “altmışıncılar” kimi mənim nəslimin rəqibləri idi. Biz isə rəqiblərimizin ideologiyasını qəbul etmirik – başdan-ayağa dissidentçilik, ədəbi planda bəsit romanlar. Düşünmürəm ki, onların yazdıqları əsrlər boyu qalacaq”.

    Kimin romanları bəsitdir, kimin ancaq epataj naminə yazılmış mətnləri bəsit deyil – bunu Zaman göstərər. Onu da zaman müəyyənləşdirəcək ki, əsrlərdə kim qalacaq, kiminsə adını belə unudacaqlar.

    Amma indi məni düşündürən odur ki, eynilə bu cür yanaşma bizim bəzi novcavanların da düşüncə tərzidir. Özləri az-çox fərli bir mətn ortaya qoya bilmədən, işləri peşələri özlərini tərifəmək, başqalarını aşağılamaqdır. Xam xəyallarında “altmışıncıları” çoxdan məhv edib basdırıblar, amma iş ondadır ki, o nəsil hələ də ölmək istəmir və canlı meyitlərdən daha diridirlər. Hətta dünyadan gedəndən sonra da əsərləri yaşayır.

    “Altmışıncılara” haqsız hücumlardan bezmiş Yevgeni Yevtuşenko deyir ki, “mən altmışıncılara nifrət edənlərə nifrət edirəm”. Bu sayaq iradlara Bulat Okudjava daha sakit və təmkinli cavab verir.

    “Gənc “səksənincilər” “altmışıncılara” qarşı yaman qəzəblidirlər. Unudurlar ki, atalar və oğullar problemi əsrlər boyu olub. Təbii ki, “altmışıncılar” öz zəmanələrinin övladları idilər. Onlar inqilabçı deyildilər, sadəcə olaraq namuslu insanlar idi və o şəraitdə yaşamaq istəmirdilər. Onlar rejimi dəyişməyi düşünmürdülər, onu bir qədər insaniləşdirməyə çalışırdılar ki, azacıq nəfəs almaq mümkün olsun. Vəssəlam, Mən “səksənincilərə” müraciət edirəm. Biz bacardığımızı elədik. İndi növbə sizindir. Bundan sonrasını siz davam edin”.

    Məsələ ondadır ki, “altmışıncılar” adıyla birləşən nəslin hamısı eyni düşüncəyə, eyni estetik ölçülərə malik deyildilər. Hətta xronoloji olaraq bu nəslə mənsub olanların bəziləri “altmışıncılar” anlayışının özünü belə qəbul etmir, özlərini bu sırada saymırdılar. Əsasən bu fərqlənmə kənd və şəhər mövzularında yazan müəlliflərin bir-birlərinə ən azı şübhəylə yanaşmalarında idi. Bu, xüsusilə rus ədəbiyyatında hiss olunurdu. Çünki Rusiyada bu iki qism həm də milli-etnik fərqlənməylə bir-birindən ayrılırdı. Kənddən çıxmış və kənd mövzularında yazanlar həqiqi rus yazıçıları sayılırdı. Şəhər mövzularından, özəlliklə ziyalı zümrələrindən yazanlara isə müəyyən şübhəylə yanaşırdılar, çünki onların arasında rus dilində yazan yəhudilər, yarıyəhudilər, ya da xalis rus olub yəhudi meyilliləri sırf rus yazıçısı kimi qəbul etmək istəmirdilər. Hələ qatı antisemitləri demirəm. İşin çətin cəhəti ondaydı ki bu sırf ədəbi qarşıdurma yüksək partiya orqanları tərəfindən də ayrı-seçkiliyə əsas verirdi, Xruşşov başda olmaqla partnomenklatura bu “şəhər yazıçılarını” quruluşa gizli asilər sayırdılar, lakin kənd mövzularında həqiqəti yazanlar, faktik olaraq rejimə qarşı yönəlmiş sərt tənqidi yazıları da dözümlü qəbul edirdilər. Belə hesab edirdilər ki, torpaqla bağlı olan xalis rus müəlliflərin tənqidi içəridəndir, ziyalıların daxili ziddiyyətlərini ədəbiyyata gətirən “şəhərlilər” isə xarici düşmən qüvvələrin təsiri altındadırlar. Ən sərt kənd yazarları Vasili Şukşin, Valentin Rasputin, Viktor Astafyev, Vasili Belov ölkənin ən yüksək Lenin və Dövlət mükafatlarına layiq görülür, Sosialist Əməyi Qəhrəmanı olurdular (Valentin Rasputin). Müəyyən ayrı-seçkilik, şübhəsiz, milli ədəbiyyatlara, o sıradan Azərbaycan ədəbiyyatına da şamil edilirdi. Bu barədə mən “Drujba narodov” jurnalının təşkil etdiyi bir müşavirədə öz fikrimi bildirmişdim. Sonralar “Literaturnaya qazeta”da dərc olunmuş bir yazıda mənim fikirlərimlə səsləşən düşüncələrə rast gəldim. Qriqori Pomeranets adlı müəllif “Tövbəsiz” adlı məqaləsində (“Literaturnaya qazeta” 5 fevral 1997) yazırdı:

    “Suslov siyasəti öz bəhrələrini verirdi, Polşa kommunistlərinin yoluyla gedərək Moskva ziyalılarını (ancaq Moskva ziyalılarınımı? – A.) parçalayırdılar. “Poçvenniklərin” (zəmin, torpaq yazarları kimi də çevirmək olar – A.) “mürtəce romantizmi” imtiyaz qazanırdı. Yəni kəndlinin bəsit bütövlüyü şəhər ziyalısının anlaşılmaz tərəddüdlərinə qarşı qoyulurdu, çünki bu sayaq ziyalılar öz rusluqlarını guya ki, qeyb etmişdilər. (Burada “rusluğunu” sözü əvəzinə “azərbaycanlılığını, qırğızlığını, litvalılığını” təyinlərini də qoymaq olar. – A.) Belə bir xam xəyal da yaranmışdı ki, ədəbiyyatda kəndli obrazları şəhərli obrazlarından daha bədiidir və yeganə həqiqət də məhz “kəndli həqiqətidir”. Əslinə qalsa bu ideya örtülü də olsa Soljenitsının “İvan Denisoviçin bir günü” povestində və “Matryonanın həyəti” hekayəsində görünmüşdü. Kənd nəsrinin şəhər nəsrindən üstün tutulması siyasətin və senzuranın təsiriylə idi. Amma tutalım kinoya müraciət etsək Andrey Tarkovskinin “İvanın uşaqlığı” filminin bütün qəhrəmanları ziyalılardır. Lakin Tarkovski heç də Şukşindən əskik sənətkar deyil. Tarkovskinin obrazları Vasili Belovun “Adi məsələ”sindəki personajlardan daha dərindilər”.

    Məqalədə yer alan bu doğru fikirlərə mən onu da əlavə edərəm ki, şəhər ədəbiyyatında Yuri Tifonovun qəhrəmanları psixoloji təsvirin dərinliyinə görə heç də Rasputinin psixoloji təsvirlərindən zəif deyillər.

    Bu misalları milli ədəbiyyatların nümunələriylə də təsdiq etmək olar. Məhz bu illərdə kənd mövzularında yazan “Azərbaycan altmışıncıları” rəsmi dəstək alır, irəli çəkilirdilər. Ziyalıların həyatını qələmə alan əsərlər isə şübhəli və gərəksiz hesab olunurdular, tənqid hədəfinə çevrilirdilər. Artıq dəbdən düşmüş “sosializm realizmi” metodu əvəzinə rus tənqidində kənd nəsrini təqdir edən “sosial realizm” ifadəsi işlənməyə başlandı. Xüsusən müharibədən sonrakı kənd həyatına həsr olunmuş əsərlərdə sosial çətinliklərin təsviri sərt, amma həqiqi və yüksək bədii ədəbiyyat kimi dəyərləndirilirdi və bu, əlbəttə, düzgün idi. Həmin ədəbiyyat kamil örnəkləriylə bu haqqı qazanmışdı. Amma məsələ ondaydı ki, bu ədəbiyyat söz sənətinin yeganə örnəyi kimi qəbul edilirdi, müsbət dəyərləndirilirdisə, şəhər insanlarının mənəvi iztirablarından bəhs edən mətnlər az qala sovet həyat tərzinə qarşı təxribat sayılırdı. İztirablar yalnız maddi qayğılara aid edilə bilərdi. Düşünən insanın həqiqət axtarışları, şübhələri, tərəddüdləri, ictimai narahatlığı “öz içində qurdalanmaq” kimi damğalanırdı. Azərbaycanda isə bu sayaq “ziyalı özündən narazılığı”, mənəvi axtarışlar ümumiyyətlə sovet həyatının təhrifi kimi suçlanırdılar. Amma bütün bunlara rəğmən son sovet dövrünün tam mənzərəsini – kəndiylə, şəhəriylə – küll halında əks etdirən ədəbiyyat kommunist ideoloji sisteminin iflasına yol açdı.

    Haşiyə olaraq onu da qeyd edim ki, “şərti olaraq şəhər yazıçıları” adlandırılanlar kənd nəsrinin ən yaxşı örnəklərini təqdir edir, kənddən yazan istedadlı yazıçıları səmimi şəkildə dəyərləndirirdilər. Şərti olaraq kənddən yazan (və kənddən çıxmış) əhli-qələmlər isə “şəhərliləri” yazdıqlarını ciddi ədəbiyyat kimi qəbul etmirdilər. Ona görə ki, onların fikrincə, şəhərlilər həyata bələd deyillər (bu fikir daha çox Azərbaycan ədəbi mühitinə xas idi). Amma “həyat” deyəndə onlar yalnız kənd həyatını nəzərdə tuturdular. “Şəhər yazıçıları” isə heç vaxt kənddən yazanları şəhər həyatını bilməməkdə günahlandırmırdılar. Hətta onlar şəhər həyatından yazmağa uğursuz təşəbbüslər etdikləri zamanda da. Kənddə doğulmuş, böyümüş, yetişmiş, ömürlərinin müəyyən hissəsini torpaqla təmasda yaşamış müəlliflər şəhərlilərin xarakterini çətin qavrayırdılar və yetərincə dərk etmədən qınamağa başlayırdılar. Amma axı yazıçı peşəsinin özü əsasən şəhərli peşəsidir. Doğrudur, Lev Tolstoydan Mixail Şoloxova qədər bir çox klassiklər şəhərlərdən uzaqlarda yaşayıb-yaratmışlar (Azərbaycanda belə örnəklər göstərmək çətindir). Və o da var ki, ədəbi həyat, ədəbi mühit anlayışları şəhərlərdə formalaşır və odur ki, kənddən çıxmış yazıçıların şəhərdə məskunlaşmağa can atmaları anlaşılandır, amma söhbət bəzi hallarda “gəmidə oturub gəmiçiylə dava etməkdən” gedir. Mənim sözüm deyil, kimsə çox dəqiq deyib ki, “bəzi kənddən çıxmış yazıçılar ömürlərinin bir qismini kənddən köçüb şəhərli olmağa sərf edir, ikinci qismini isə doğma yerlərin həsrətini çəkib şəhəri burunlamağa”.

    Ədəbiyyatda, sənətdə sovet ideoloji tabularından biri də o idi ki, əsərlərdə ziyalı, özəlliklə də sənətkar obrazı yaratmaq təqdir edilmirdi. Əlbəttə, söhbət keçmiş dövrlərin konkret şəxsiyyətlərindən, məsələn, – Nizamidən, Nəvaidən, Puşkindən, Abaydan getmirdi, çağdaş yazıçı, rəssam, bəstəkar, rejissor, ya aktyorların bədii obrazlarını əsərin baş qəhrəmanı kimi təqdim etməkdən gedir. Sanki unudurdular ki, XX əsrin bir sıra klassik əsərlərində məhz sənətkar insanların obrazları yaradılıb. Ancaq elə üç şah əsəri xatırlamaq yetərlidir. Tomas Mannın “Doktor Faust” romanının baş qəhrəmanı bəstəkardır. Mixail Bulqakovun “Master i Marqarita” (“Ustad və Marqarita”) romanının baş qəhrəmanı yazıçıdır. Bulqakov eyni zamanda səhnə həyatından bəhs edən “Teatr romanı”nın müəllifidir. Federiko Fellininin “Səkkiz yarım” filmi kinorejissorun yaradıcılıq axtarışlarından və əzablarından bəhs edir.

    Bu sayaq temalar sovet ədəbiyyatının magistral yolundan sapmış çığırlar sayılırdı. Magistral yolda isə rəsmi sovet tənqidinin rəyincə, doğrudan da, böyük əsər olan “Sakit Don”la bərabər növ-növ “Sementlər”. “Hidrosentrallar”, “Qara metallurgiya” kimi “romanlar” sosialist realizminin bariz örnəkləri sayılırdı.

    İndi “altmışıncılara” irad tutanlar unudurlar, ya heç bilmirlər ki, onlar ədəbi meydana çıxandan çox-çox əvvəllər elə “əsərlər” təqdir olunurdu ki, dağ başına qaldırılırdı ki, indi onları ya tamam unudublar, ya da çağdaş gözlə tanış olsalar ədəbiyyata parodiya təsiri bağışlayardılar. Yaxşı yadımdadır, o dövr “ədəbiyyatının” bəzi belə örnəkləri rəhmətlik Araz Dadaşzadənin dilindən düşmürdü. Ancaq ona məxsus “yoluxucu” gülüşlə qəhqəhə çəkərək sitatlar gətirirdi. O vaxtkı pyeslərdən birində anaya oğlunun ölüm xəbərini verəndə ana: – “Doğrudur, bu xəbər məni bir qədər sarsıtdı” sözləriylə başlayan cümlə işlədirdi. Başqa bir fantastik roman tənqid tərəfindən ona görə qiymətləndirilirdi ki, müəllif Marsda və Yupiterdə yaşayan şüurlu məxluqların dilini müxtəlif şəkildə təqdim etmişdi: marsdakılar əruz vəzninin rəməl bəhrində, yupiterlilər mütəqarib bəhrində danışırdılar. Belə bir şeir misrası da dilimizin əzbəri idi: “Salam Taras dayı, necədir halın, yenə də ağarıb saçın, saqqalın”. Araz: necə “yenə də?” – deyə uğunub gedirdi – yəni bir gün saqqalı qaralır sonra “yenə də ağarır?”.

    Bəli, belə günlər və belə meyarlar da vardı o vaxtkı ədəbiyyatda.

    “Altmışıncılara” iradlar

    İndiki cavanların “altmışıncılara” bir iradı da ondan ibarətdir ki, onlar dissident olmayıblar. Düzdür, bu irad daha çox rus ədəbiyyatının altmışıncılarına qarşı yönəlir. İttiham edənlər “altmışıncıların” nəşr olunmuş leqal ədəbi məhsullarına qarşı yasaq olunmuş “Samizdat” mətnlərini çıxarırlar. Bilməyənləri agah edim ki, “Samidat” yəni “Özünü çap” adlandırılan gizli nəşrlər dar bir çərçivədə, özəlliklə Moskvada və Leninqradda yayılırdı. Təbii ki, elə bu şəhərlərdə də, bütün ölkədə də belə yazılarla çox cüzi bir zümrə tanış ola bilirdi. Doğrudur, yasaq edilmiş bir çox qiymətli əsərlər, o cümlədən çağdaş dünya ədəbiyyatından bir sıra tərcümələrlə o vaxt yalnız “Samizdat” nəşrləri vasitəsilə tanış ola bilərdin. “Samizdat” ədəbiyyatının əhəmiyyətini heç də azaltmadan, dissidentlərin hünərlərinə və dözməli olduqları əzablarına sayqı duymaqla bərabər o həqiqəti də etiraf etmək istəyirəm ki, bu mətnlərin sadaladığım səbəblərdən şüurlara kütləvi təsiri ola bilməzdi. İctimai şüura təsir edən mətbuatda çıxan yazılar idi. Rus ədəbiyyatında da, milli ədəbiyyatlarda da məhz həqiqət barədə həqiqəti əks etdirən əsərlər sosrealizm deyilən psevdoədəbiyyatın bel sütununu qırdı.

    Bizim Azərbaycanın altmışıncılarına tutulan iradlardan biri də budur ki, niyə sizin bəzi rus yazıçıları kimi o vaxt çap oluna bilməyəcək sandıq yazılarınız yoxdur ki, indi bunu üzə çıxarasınız? Əvvəla, bizim də elə yazılarımız var və onları məhz sensurasızlıq dövründə üzə çıxardıq. İkinci, imkan daxilində həqiqətləri çatdıran əsərlərin təsir gücü sandıqda qalıb heç kəsin xəbər tutmadığı mətnlərdən daha önəmli deyilmi? “Əlyazmaları yanmır” deyən (halbuki Mirzə Cəlil oğullarının otaqlarını isitmək üçün əlyazmalarını yandırmışdı) Mixail Bulqakov ölməz romanın müəllifidir. Amma sandıqda qalmış “Ustad və Marqarita”dan daha çox o dövrün ictimai rəyinə İlya Erenburqun xatirələri, Yevtuşenkonun və Voznesenskinin poeziyası nüfuz edirdi. İndi yaşadığımız dövrdə bu müəlliflər də bir çox başqa layiqli yazıçılar kimi nəinki kölgədə qalır, hətta xidmətləri nankorcasına inkar edilir. Unudurlar və unutdurmaq istəyirlər ki, ictimai şüura güclü təsir göstərən bu adların sırasında hökmən Yuri Trifonovun, Vasili Şukşinin, Vasil Bıkovun, Çingiz Aytmatovun, Viktori Astafyevin, Vasili Aksyonovun və bir çox başqalarının da adlarını çəkmək vacibdir. “Ustad və Marqarita” romanı isə oxuculara o vaxt çatdırıldı ki, zaman artıq dəyişmişdi. O cümlədən əsərləri leqal çap olunan yazıçıların cəhdlərinə görə dəyişmişdi. Senzura yasaqlarını adlayıb keçən ədəbiyyatı yarımçıq həqiqət saymaq insafdan deyil. Əlbəttə, qeyd-şərtsiz tam həqiqət daha yaxşıdır. Amma buna heç bir imkan verilməyəndə, yarıhəqiqət hər halda ağ yalandan da, lal-dinməzlikdən də daha faydalıdır.

    Azərbaycanda necə, sırf dissident ədəbiyyat olubmu?

    Bu sözün dar mənasında yox, olmayıb. Sovet dönəminin müxtəlif illərində ayrı-ayrı dissident təşəbbüsləri olub, dərhal da üstü açılıb və cəzalandırılıb. Amma bu mənada quruluşa açıq şəkildə asi olan dissident ədəbiyyatı olmayıb. Lakin bu anlayışı daha geniş anlamda – mövcud ideoloji və estetik çərçivələrə sığmayan, rejimin bədii yaradıcılığın qarşısına qoyduğu tələblərlə barışmayan ədəbiyyat və incəsənət əsərləri – həm də tək bədii söz sahəsində deyil, musiqidə, rəssamlıqda, teatr və kinoda, şübhəsiz, olub. Sovet gerçəkliyinin plakatlarda təsvir olunduğu kimi yox, həqiqi mənzərəsini göstərmək elə dissidentlik idi. Bu anlamda hətta rus ictimai fikrində də, ədəbiyyatında da yalnız Soljenitsın, Saxarov, Bukovski, Amalrik, Şaranski, Ginzburq, qeneral Qriqorenko, Sergey Kovalyov deyil, yuxarıda adları çəkilən yazıçılar da, Azərbaycanda Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Sabir Əhmədov və bir sıra başqa müəlliflər də dissident sayıla bilər.

    Bu barədə danışmaq mənimçün yaxşı deyil, amma deməliyəm ki, o illərdə bizim publisist yazıçılarımızdan biri yüksək kürsüdən bəyan edirdi ki, Azərbaycanda da Soljenitsın əmələ gəlib, məsələn, Anar. İndi mən bunu gecikmiş zarafat və layiq olmadığım kompliment kimi qəbul edirəm, amma o vaxt bu, sırf siyasi donos idi.

    Altmışıncı illərdə ədəbiyyat tariximizin ən önəmli cərəyanı Mirzə Fətəli Axundzadədən, Mirzə Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabirdən gələn tənqidi, ifşaedici istiqamət altmışıncı illər ədəbiyyatının şah damarı oldu. Və elə qələm sahiblərinin bəziləri şeytançılıq, çuğulluq edərək bu təşəbbüsləri sovet quruluşuna qarşı təxribat kimi təqdim edir, “lazımi yerlərə” açıq, ya gizli donoslar verirdilər.

    Sovet dönəmində aldığımız mükafatları, fəxri adları başımıza qaxanlar, o dövrün ölçüsüz-biçisiz rəsmi basqılarından, ayıq-sayıq partiya nəzarətindən, amansız senzura istibdadından başqa öz həmkarlarımızın şeytançılığını da nəzərə alsaydılar, bəlkə bir az daha insaflı olardılar. Amma bəxtimiz onda gətirmişdi ki, o vaxt Azərbaycana öz etirafına görə özü ən böyük dissident olan Heydər Əliyev rəhbərlik edirdi. Heydər Əliyevin əvvəllərdə gətirdiyim çıxışından bir fikri xüsusi vurğulamaq istəyirəm. Tamamilə doğru qeyd edir ki, Azərbaycanda dissident sayıla biləcək yazıçılar sovet həyatı haqqında həqiqəti yazırdılar. Həqiqəti olduğu kimi göstərmək isə sovet ideoloqlarının rəyincə quruluşu ittiham etmək deməkdi.

    Azərbaycanda “altmışıncılar” nəsrinin ən parlaq əsərlərinin qəhrəmanları adi insanlar idi, bunu isə o vaxtın ideoloji tənqidi sistemə qarşı təxribat kimi qələmə verməyə çalışırdı. Hətta altmışıncılara müəyyən rəğbətlə yanaşan mötəbər tənqidçilər belə bu əsərlərdəki həyat həqiqətlərini meşşanlığa qarşı mübarizə kimi qələmə verməyə çalışırdılar, halbuki personajlarımız meşşanlar yox, gündə rast gəldyimiz adi insanlar idi. Plakat qəhrəmanlara alışmış estetik baxışlar bunu heç cür qavraya bilmirdilər. Bəzi sital tənqidçilər isə yazılarımızı yalnız sosrealizmə zidd (bu, doğrudan da, belə idi) mətnlər kimi yox, həm də antisovet mətnlər kimi qələmə verməyə başladılar ki, bu artıq siyasi donos idi. Biz insanın daxili aləmini təsvir etməyə çalışırdıq, amma hətta yetərincə hazırlıqlı və savadlı tənqidçi də bunu mikromühitə, yəni kiçik dünyaya varmaq kimi qavrayırdı. Belələri üçün MAKROMİR, yəni böyük dünya əzəmətli quruculuq işləri, adi insani miqyaslara sığmayan möhtəşəm əməllər idi. Onların düşüncəsinə görə, Makromirin – böyük dünyanın adi insanların gündəlik qayğıları, ailə, məişət, iş problemləriylə heç bir əlaqəsi yox idi. Qəhrəmanlıq şücaətlərindən, nəhəng əməllərdən başqa hər şey onların gözlərində xırdaçılıq, kiçik məsələlərlə uğraşmaq deməkdi. Bizim personajlar adi sözlərlə danışırdılar, amma ritorikaya və pafosa alışmış oxucu bunları şivə kimi, ləhcə kimi, ara danışığı kimi qavrayırdı. Gərək on illər keçəydi ki, bütün bunlar bizim düşündüyümüz kimi qavransın. Amma elə bir dövr gələndə və o dövrün ədəbiyyatına həyat həqiqətlərinə uyğun təsvirlər kimi qəbul olunmağa başlananda yeni peyda olmuş yazıçılar da bunları heçə saymağa başladılar və “ədəbiyyat bizdən başlayır” – kimi əsası olmayan iddialarla çıxış etdilər. Həmişə bu fikirdə olmuşam və indi də bu fikirdəyəm ki, altımışıncı illər ədəbiyyatımızın qızıl dövrü idi. Amma məhz iddialı və inkarçı gənclərin bu ədəbiyyatı heçə saymalarından rəncidə olaraq ilk dəfə “altmışıncı illər ədəbiyyatın qızıl dövrü idi, indi isə qızılca dövrüdür” demişdim. Qızılca uşaqlıq xəstəliyidir və doğrudan da, bəzi gənclərin yazıları infantilizm, yəni uşaq oyunları səviyyəsində görünürdü. Bu sözlərlə kimisə incitmişəmsə ifadəmi geri götürürəm. Altmışıncı və yetmişinci illər (faktiki olaraq bu iki on illik eyni estetik dəyərlərin təsdiq olunduğu dövrdür. “Altmışıncılar” deyəndə yetmişinci illər də ədəbiyyatda özlərini təsdiq etmişlər də nəzərdə tutulur). Doğrudur, ədəbiyyatımızın “qızıl dövrü” saymağımda israrlıyam, amma sonrakı səksəninci, doxsanıncı illərdə və XXI əsrdə də ədəbiyyatımızın bütün sahələrində, şeirdə, nəsrdə, dramaturgiyada, tənqiddə bir çox dəyərli əsərləri yarandığını da danmıram. Lakin təkrar edirəm “altmışıncılar” (“yetmişincilər” də daxil olmaqla) ədəbiyyat tarixində xronoloji anlayış kimi yox, estetik məfhum kimi təsdiq olunub.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Mərmər soyuğu” filmi daha bir beynəlxalq mükafata layiq görülüb

    Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Almatıda keçirilən XVI Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, eləcə də quruluşçu rəssam Rafiq Nəsirovdur.

    Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

    Mənbə: https://azertag.az/

  • “Atabəylər: Şəmsəddin Eldəniz”: İlk tarixi seriala aktyorların seçimi davam edir

    Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi bədii televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”də rol alacaq aktyorların seçim mərhələsi keçirilir.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

    Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar. Bildirilib ki, bu filmdə çox sayda aktyor olmalıdır, baş rollar çoxdur. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir. Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.

    AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin XII-XIII əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. Həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.

    Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.

    Mənbə: https://azertag.az/

  • Nizami Gəncəvi haqqında film yaxın vaxtlarda təqdim olunacaq

    Cari ilin sonuna kimi dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında çəkilmiş “Sevgi hekayəsi” adlı bədii filmin təqdimatı olacaq.

    AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

    O bildirib ki, ekran əsərinin təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.

    Mənbə: https://azertag.az/

  • “Rauf Hacıyev – 100” musiqi festivalı Gəncə şəhərində davam etdi

    Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə Musiqi Festivalı təşkil edib. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində “Qafqazlı qardaşqızı” operettası tamaşası oynanılmış, Heydər Əliyev Sarayında “Bu həyat qədər” adlı estrada-simfonik konsert baş tutub.

    “Rauf Hacıyev – 100” Musiqi Festivalı çərçivəsində 15 dekabr 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında estrada konserti keçirildi. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı altında hazırlandı.

    Musiqi gecəsi Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun salamlayıcı nitqi ilə açıldı. Öz çıxışında V.Cənnətov Rauf Hacıyevin musiqi irsinin Azərbaycan musiqi mədəniyyətindəki müstəsna rolunu vurğuladı, ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən bu il ərzində Gəncədə R.Hacıyev yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirildiyi haqda söz açdı. Sonra Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva çıxış üçün səhnəyə dəvət aldı və Rauf Hacıyevin fəaliyyətinin ilə yaradıcılığının musiqi mədəniyyətimizdə tutduğu mühüm yeri, bəstəkarın musiqisinin özəl və novator cəhətləri barədə söz açdı. Musiqi gecəsində şəhər sakinləri ilə bahəm jurnalistlər, kütləvi media nümayəndələri və bəstəkarın ailə üzvləri iştirak etdilər.

    Musiqi axşamı üçün hazırlanmış proqram Xalq artisti Rafayel Bayramovun idarə etdiyi Kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” Estrada ansamblı tərəfindən hazırlanmışdı. Konsertin iştirakçıları, solistlər – Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, klassik müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin “Sevgilim”, “Mehriban Bakı”, “Saçlarına gül düzüm”, “Leyla”, “Bahar sənsiz”, “Bənövşə”, “Azərbaycanım” və digər mahnı inciləri ilə instrumental kompozisiyalarını ifa etdilər. Proqram çərçivəsində bəstəkarın kamera orkestri üçün “Qızlar rəqsi” adlı miniatürü də ilk dəfə ifa olundu.

    Mənbə: https://culture.gov.az/

  • Bakıda “Türk filmləri həftəsi” keçirilir

    17-21 dekabr tarixlərində Bakıda “Türk filmləri həftəsi” keçirilir. Layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

    Dekabrın 17-də Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılışı olub.

    Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, mədəniyyət, incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

    Açılış nitqi söyləyən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövründə daim bir-birinə dəstək olublar. Bu dəstək müasir dövrümüzdə də davam edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə ölkəmiz arasında bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük inkişaf baş verib. Kino sahəsində də Azərbaycanla Türkiyə arasında əməkdaşlıq uğurla davam və inkişaf etdirilir. Buna misal olaraq hər iki ölkədə keçirilən kino günlərini, film təqdimatlarını, tanınmış kino xadimləri ilə görüşləri və s. göstərmək olar. İki qardaş ölkə arasında kino sahəsindəki əməkdaşlığın davamı olaraq Bakıda növbəti “Türk filmləri həftəsi”nin açılışı keçirilir. İnanıram ki, film həftəsi çərçivəsində nümayiş olunacaq ekran əsərləri Azərbaycan tamaşaçıları tərəfindən həmişə olduğu kimi, yenə də böyük maraq və sevgi ilə qarşılanacaq”.

    Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxışına Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə başladı. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir döyünən eyni millətdir: “Qarabağda 30 il əvvəl baş verən hadisələr Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük kədərlə qarşılanırdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə isə bizlərə böyük sevinc hissi bəxş etdi”.

    Ahmet Misbah Demircan çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

    Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Yerli Düşüncə Dərnəyinin sədri, türkiyəli deputat Metin Gündoğdu və  Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxış edərək layihə haqqında məlumat veriblər.

    Vurğulanıb ki, beş gün davam edəcək layihə çərçivəsində film nümayişləri ilə yanaşı, rejissor Semih Kaplanoğlu ustad dərsi keçəcək, yerli kinematoqrafçılarla görüşəcək.

    Layihənin proqramına əsasən, “Sədaqət Həsən”, “Yeddinci kameradakı möcüzə”, “Yaxşı ki varsan, Ərən”, “Sədaqət – müqəddəs döyüş”, “Eşqin ömrü”, “Ankara yayı – vida məktubu” və “Rafadan tayfa – Göbəklitəpə” (cizgi filmi) ekran əsərləri nümayiş etdiriləcək. Seanslara giriş pulsuz olacaq.

    Bundan əlavə, türkiyəli rejissorlar Tunç Davut, Murat Şeker, Mustafa Kara, prodüserlər Hacı Mehmet Altınal, Qalip Güner, aktyorlar İpek Tuzcuoğlu, Umut Karadağ və Fatih Osmanlı kino həftəsi çərçivəsində Bakıda müvafiq sahə üzrə tələbələrlə, kino xadimləri ilə görüşəcək, birgə layihələrlə bağlı müzakirələr aparılacaq.

    Daha sonra türkiyəli kinematoqrafçılar və film həftəsinə dəstək olan qurumların nümayəndələrinə plaketlər təqdim olunub.

    Sonda rejissor Semih Kaplanoğlunun “Sədaqət Həsən” filmi nümayiş etdirilib.

    Qeyd edək ki, layihə türk filmlərini ölkəmizdə nümayiş etdirməklə bərabər, Türkiyə və Azərbaycanın kino sektorunun nümayəndələrini bir araya gətirmək, müştərək ekran əsərləri yaratmaq və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri Anar Kərimov Sumqayıtda müəssisələrin fəaliyyəti ilə tanış olub

    Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Sumqayıtda bir sıra mədəniyyət ocaqlarına baş çəkib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.

    Səfər çərçivəsində Anar Kərimov 2019-cu ildə istifadəyə verilən Sumqayıt Muğam Mərkəzində və 2017-ci ildə yaradılan Bayraq Muzeyində olub.

    Sonra nazir 1986-cı ildən fəaliyyət göstərən Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayına baxış keçirib. Qeyd edilib ki, 2011-ci ildə Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri zamanı Mədəniyyət Sarayının mövcud vəziyyəti ilə tanış olub, bu mədəniyyət ocağının əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlar verib. 2013-cü ilin oktyabr ayında burada əsaslı təmir işlərinə başlanılıb və 2017-ci ilin sentyabr ayında tam başa çatdırılıb.

    Sarayda Sumqayıtın musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestri, “Humay” xor kollektivi, “Buta” qızlar ansamblı və “Qafqaz” milli rəqs qrupunun ifaları təqdim olunub.

    Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinə gələn nazirə məlumat verilib ki, müəssisə 1990-cı ildə fəaliyyətə başlayıb. Poeziya evi 2013-cü ildə daha yaxşı şəraiti olan binaya köçürülüb. Nazir burada yeni yaradılmış xalq çalğı alətləri orkestrinin üzvləri ilə görüşüb, kollektivin ifasında xalq və bəstəkar mahnılarını dinləyib.

    Anar Kərimov Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, musiqi məktəbi 1976-cı ildə fəaliyyətə başlayıb, 2016-cı ildə təhsil ocağı üçün yeni bina istifadəyə verilib. Məktəbdə fortepiano, violin, klarnet, balaban, saz, tar, kamança, qarmon, nağara, xanəndəlik, vokal, rəssamlıq, xoreoqrafiya, xor dirijorluğu, nəzəriyyə ixtisasları tədris olunur, 902 şagird təhsil alır, 189 müəllim çalışır. Məktəbdə musiqi təhsili ocaqlarının şagirdlərdən ibarət orkestrinin ifası təqdim olunub.

    Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinə gələn nazirə 1951-ci ildə yaradılan müəssisənin fəaliyyəti barədə məlumat verilib.

    Səfər çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına da baxış keçirilib. Bildirilib ki, teatr 1968-ci ildə fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə teatrın 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

    Anar Kərimov mədəniyyət müəssisələrində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

    Mənbə: https://culture.gov.az/

  • Tanınmış təlimçi tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün treninq keçirilib

    Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi, Beynəlxalq Trenerlər Assosasiyasının üzvü Nəcəf Allahverdiyev tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün 2 həftə ərzində 4 istiqamət üzrə – Natiqlik, Emosiyaların və stressin idarə edilməsi, “Mind Map” (Beyin xəritəsi) və “Time Management” (Zamanın idarə edilməsi) təlimlərinin keçirilməsinə başlanılıb.

    Sözügedən təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun və qabaqcıl format üzərində hazırlanmış, rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini özündə ehtiva edir.

    Həmçinin 4 modul üzərində keçirilməsi planlaşdırılan təlimlərdə iştirakçılar təhlil etmə, stresslə mübarizə, vaxtın idarə edilməsi, informasiya axının tənzimlənməsi, komanda qurma bacarığı və s. səriştələrə yiyələnmiş olacaqlar.

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında interaktiv şəkildə davam edən təlimlərdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılır, müxtəlif praktik tapşırıqlar icra olunur.

    Qeyd edək ki, 22.12.2022-ci il tarixinədək davam edəcək təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

    Mənbə: https://culture.gov.az/

  • Xanım yazar Firəngiz ƏHMƏDOVA saytda QUBA Bürosunun Rəhbəri təyin edildi

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 16 dekabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xanım yazar Firəngiz ƏHMƏDOVA Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri təyin edildi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.