Blog

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir

    Ölkəmizdə elan olunmuş karantin rejimi ilə bağlı özünü təcrid müddətində oxucuların vaxtlarının dəyərləndirilməsi üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihə həyata keçirir. Şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) da kitabxananın bu layihəsinə qoşuldu. O, “Səndən sonra” və “Pıçıldaş mənimlə çiçək dilində” adlı iki şeirlər kitabının müəllifidir.

    “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına dəstək olan Ə.Əmirov hal-hazırda Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə müdiri vəzifəsində işləyir. İxtiraçı-alim texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mühəndisidir, tərəqqi medalı ilə təltif olunmuşdur.

    “EVDƏQAL!” çağırışına əməl edək!

    “Çölə çıxma”, – dedilər, hədd qoyub yaşımıza,
    Gəl, cavanlıq edib, əl gəzdirək üst-başımıza!

    Evdə qal, evdə otur, pəncərədən boylan hələ,
    Hörmətə bax, vurulublar, demə, göz-qaşımıza!

    Ləzzət  ilə necə, gör, ömr edirikmiş, ey dil,
    Su qatıb, kimdisə dünya da, bizim aşımıza!

    Zülm edib çöldə kəbaba, onu şişəçəkdik,
    Meyl edək, evdə qalıb, xaş ilə bozbaşımıza!

    Daha meyxanəyə yol bağlıdı, çün saqi deyib,
    Məsləhət öyləsə, üzvurmam o qardaşımıza.

    Unudar bəlkə gözəllər belə getsə, bizi ta,
    Sığınıb, ağlayacaqmı biri, başdaşımıza?!

    Axtarır, tacı başında, bizi afət, Ələmi,
    Halımız var, gətirib tacı qoya başımıza?!
    ____________________
    Taclı afət* – koronavirus nəzərdə tutulur
                       Əli Ələmi

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində keçirilən aksiya davam edir

    Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucuları olan yazıçı və şairlər “Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə qoşularaq “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir. Kitabxana yazıçı və şairləri ətrafına toplayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizə Dəstək Fonduna və #EvdəQal kampaniyasına informasiya dəstəyi göstərir. 
    Aksiya çərçivəsində yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızının (Basqallı) “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır” adlı hekayəsi, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı və şairə Gülarə Munisin “Çətin günlərin düşüncələri…” essesi oxuculara təqdim olunmuşdur.
    M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə  keçirilən “Yazıçı və şairlər koronovirusla mübarizə edir” aksiyası davam edir. 
    Kitabxananın Fəxri oxucusu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist, AYB-nin və AJB-nin “Qızıl Qələm” media mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı laureatı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızının “Korona gəlir” şeri oxuculara təqdim olunur.

    KORONA GƏLİR

    Tanrı bəlasıdı vallah bu bəla…
    Görün insanları salıb nə hala…
    Baxmayıb yaşına, başına, bala…
    İnsanın bağrının başını dəlir,
    Bağla pəncərəni, korona gəlir…

    Restoran,kafelər yeyib-tökdülər…
    Doyub harınlayıb,tikib sökdülər…
    Yolları bağlandı, indi çökdülər.
    Dəyib daşdan-daşa başlar gicəlir,
    Örtün qapıları, korona gəlir.

    Nə məscid, nə molla var, nə QURAN,
    Nə yaradan, nə yaşadan, nə quran,
    İki əlli qapaz endirdi VURAN.
    Dəstəmaz almadın, ruhun dilənir…
    Sabunlu, spirtli korona gəlir.

    Demədilər bu Allahdı, bu pirdi,
    Soyunub-geyinmək pünhandı,sirdi,
    Bəla gəldi, hamı yaşmağa girdi.
    Ağız-burun nə gördüsə,iyrənir,
    Açın gözünüzü, korona gəlir.

    Allah bəla verdi, ağıllan dedi,
    Bir az kitab oxu, ağıllan dedi,
    Zəhrimar dadırsan, noğullan dedi.
    Görüm hansı dərman karına gəlir,
    Bağla bacaları, korona gəlir.

    Ay Nəsibə, duman gələr, çən gedər,
    Tanrı bir gün bu bəlanı səngidər,
    Söz oxunar, şeir qalar, sən gedər.
    Allaha sevgimiz hər an güclənir, 
    -Ya Rəbbim, kömək ol! Korona gəlir,
    Bu kədər, bu bəla bağrımı dəlir.
    Allahım kömək ol, korona gəlir.

    “Sarıl qələmə, səslən aləmə” çağırışı ilə qələm əhlinə üz tuturam. Xalqımızn birliyi, həmrəyliyi nəticəsində bu bəlaya güc gələcəyik.
                                                                                         Nəsibə İSRAFİLQIZI

  • “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi həyata keçirilir


    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS)  bir çox ölkələri bürümüş koronavirus infeksiyasi ilə bağlı bədii sözün gücünə arxanalaraq əhali arasında təbliğat işini gücləndirmək məqsədilə şair və yasıçıları ətrafına toplayaraq yeni “Kitabxana – koronavirusa YOX deyir!” layihənin həyata keçirilməsinə başladı. Kitabxana koronavirusla mübarizədə ətrafına şair və yazıçıları topladı və Koronavirusla Mübarizəyə Dəstək Fondunun tədbirlərinə qoşuldu. 
     Layihənin “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır” adlı ilk hekayəsini  kitabxanaya yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) təqdim etdi.
    İlk “Çətin günlərin düşüncələri…” esseni isə M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü Gülarə Munis kitabxanamıza təqdim etdi.
    Ümumdünya Səhiyyə Təşkilatı “pandemiya” elan etdiyi yeni növ koronavirus (COVID-19) infeksiyasının dünya gündəmini zəbt etdiyi bir vaxta qələmə alınan bu hekayə oxuculara mənəvi və psixoloji dəstəkdir.
    Esse http://yasamal.cls.az/front/files/libraries/81/documents/217161714.pdf  ünvanda yerləşdirilib.

  • Şairə Xatirə FƏRƏCLidən rus dilindən bədii tərcümə

    Marina Axmedova

    İtburnu

    Həyat möhkəm sürüklədi apardı,

    Təsadüfən məni döndüyüm yerə.

    Ürəyimdə buz bağlamış ümidlər,

    Canlanıb ot kimi cücərdi yenə.

    Əyildi təkər də çıxdı yolundan,

    Sürət  ilə diyirləndi enişə.

    Sanki sözlər necə gəldi, nizamsız

    Tökülürdü sətirlərə təşvişlə.

    Ürəyim də hey çırpındı sinəmdə,

    Möcüzə gözləyən uşaq tək baxdı.

    Sanki  birdən peyda olub hardansa,

    Dikildi yoluma itburnu çıxdı.

    Böyrümə ilişib tikanlarıyla

    Cəsur-cəsur saxladı yıxılmaqdan,

    Artıq lazım deyildi ki, anlayım

    Bu şeytandan idi, yoxsa Haqqdan.

    Sanki təzələdi qar fırçasıyla,

    Döndüm ruhumda yüngüllük, təzəlik.

    İtburnu isə dayandı təmkinlə,

    Durdu tikanlarıyla həmişəlik.

    ***

    Mənə

    lazım deyil dərslikdən oxuyum

    ölkənin tarixini, coğrafiyasını.

    Doludur

    müharibə ağrıları ilə ailəmin taleyi,

    Ural dağlarından

    Leninqrad şəhərinə kimi

    bütün ağrı-acılar canlarında.

    Təzad…

    Sevinc və dərd bir arada.

    Heç zaman

    ürəyim parçalanmamışdı belə,

    Heç nə

    belə sevindirməmişdi qəlbimi,

    Qələbə günündəki kim!

    Qırmızı sətir

    Bilmirəm nə istəyirsən,

    Nə istəyirəm mən özüm.

    Nə məktub yolladın mənə,

    Nə yadda qaldı bir sözün.

    Ruhumda bir sətir vardı,

    Abzasdan qırmızı xəttlə.

    Dodaqlarımdan çıxmadı,

    İlişib qaldı həsrətlə.

    Asılıb qaldı bilmədim

    Hisslərimin harasında,

    Heç bir şeyi dəyişməyən

    Payız və qış arasında.

  • Kitabxana “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir

    Bir çox ölkələri bürümüş koronavirus infeksiyası ilə bağlı Azərbaycanda elan olunmuş karantin rejimi müddətində Bakı şəhər Mədəniyyət  Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) oxuculara virtual xidmət göstərməyi davam edir.

    MKS “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını keçirir.
    Əhalinin evdə qalaraq sağlam həya
    t tərzinə davam etməsi üçün tanınmış şairlər, yazıçılar öz şeir və hekayələrini Mərkəzi Kitabxanaya təqdim edirlər. Növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı Əfəndiyeva Solmaz Ədhəm qızı (Solmaz Elqızı) mövzuya aid şeirini oxuculara ərmağan edir.

                Gəlin gələcəyi birgə qoruyaq

                (Koronavirus pandemiyasına həsr olunur)

    Alıbdı dünyanı yaman cənginə,
    Bütün insanlığa kəc baxıb, gəlib.
    Bürünüb əzazil əcəl rənginə,
    Başına ölümdən tac qoyub, gəlib.

    Böyük dövlətləri  iflic edərək,
    Tanımır uşağı, gənci, qocanı.
    Nurlu kainatı sanki zəbt edib,
    Allahım, yox eylə sən bu bəlanı.

    Bədniyyət qonağı sevməyir heç kəs,
    Hamı çalışır ki, tez çıxıb getsin.
    Allahdan heç zaman ümid üzülməz,
    Görüm bu virusu Rəbbim yox etsin.

    Gəlin həmrəy olub, verək əl-ələ,
    Bu taclı virusa meydan oxuyaq.
    Axı xoş gələcək öndədir hələ,
    Şeirdən, nağıldan çələng toxuyaq.

    Hər bir ahıl insan bərəkətimiz,
    Çox sevib onları, həm də yaşadaq.
    Uşaqlar və gənclər gələcəyimiz,
    Gəlin gələcəyi birgə qoruyaq.

    Sözümün sonunda demək istərəm,
    Tezliklə məhv olsun bu taclı bəla.
    Yenidən hər kəsi görmək istərəm,
    Sevinsin bu gözəl, bu xoşbəxt hala.

    Solmaz Elqızı

  • Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Ş.H.Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 29 mart 2020-ci il.

    Mənbə: https://president.az

  • Bir şəhid ailənin tarixçəsi – Araşdırma

    Teymur ƏHMƏDOV
    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor,

    (Əvvəli ötən sayımızda)
    … Səhər dan yeri sökülməmiş Lvov hərbi bazasındakı tank korpusu müdafiə mövqeyi tutmaq üçün geri çəkilmişdi. Nəcəf öz vzvodu ilə ön cəbhəyə göndərilməsi haqqında raport vermişdi. Batalyon komandiri, qvardiya mayoru Romanov Nəcəfin şəxsi işində yazmışdı: “Nəcəf Nərimanov “ön mövqeyə göndərilməsi barədə dəfələrlə raport vermişdi. Yalnız özünün təkidli xahişindən və batalyon komandiri kimi mənim şəxsi binagüzarlığımdan sonra ön xəttə göndərilmişdir”.
    Gülsüm xanım nə edəcəyini bilmirdi. Körpələr evinin Moskvadan Daşkəndə köçürülməsinə ciddi hazırlıq getməsi onun nigaranlığını artırmışdı. İki həftə keçsə də, Nəcəfdən bir xəbər yox idi. Bir gün Gülsüm xanım işdən evə qayıdarkən poçt qutusunda məktub gördü. Bu, Nəcəfin cəbhədən ilk məktubu idi. O, dərhal açıb oxumağa başladı:
    “Ana, cəbhədən ikinci məktubumdur ki, yazıram. Bilmirəm alacaqsan, ya yox? Lvovdan necə çıxdığından nigaranam. Səhhətin necədir?.. On səkkiz gün ərzində cəbhədə çox şey görmüşəm. Amma indi bir qədər rahatam. Almanların vəziyyəti ağırlaşır. Biz yaxşı müdafiə təşkil etmişik…”
    Gülsüm xanımda daxilən bir toxtaqlıq yarandı, pillələri tələm-tələsik çıxıb, qapını açdı. Mənzildə divanın üstündə əyləşib məktubu həyəcanla oxudu, öpdü, köksünə sıxıb, Nərimanovun portretinə baxdı, şükranlıq etdi. Ona elə gəldi ki, Nərimanov onun sevincinə şərikdi, məmnuniyyətlə gülümsəyir.
    Nəcəf məktubunda yazmışdı: “Ümumiyyətlə, sakitlikdir. Biz möhkəm müdafiə təşkil etmişik. Çox şadam ki, alman dilini bilirəm, alman əsirləri ilə anlaşıqlı danışıram. Dünən 5 alman əsiri ilə jurnalistin qəzet üçün müsahibəsini tərcümə etdim. Əsirlər şaddırlar ki, onları güllələmirlər…
    Onlarla 3 saata qədər söhbət etdim. Hamısı 21, hətta 19 yaşında gənclərdi. Müharibəyə nə üçün gəldiklərini bilmirlər, iki ildir döyüşürlər, cana gəliblər”.
    1941-ci ilin son aylarında Cənubi-Qərb istiqamətində alman ordusunun sürətli hücumunun uğursuzluğu Adolf Hitler qərargahında ciddi narazılıq doğurmuşdu. 1942-ci ilin əvvəllərindən, cəbhədə qanlı döyüşlər gedirdi.
    Düşmən qoşunları Moskvaya doğru can atırdı. Moskvanın müdafiəsi möhkəmləndirilmişdi. Məlumdur ki, bir çox idarə və təşkilatlar Orta Asiya respublikalarının mərkəzi şəhərlərinə köçürülmüşdü. Moskva uşaq evləri və idarə rəhbərləri də, o cümlədən, Gülsüm xanım Daşkənd şəhərinə köçmüş, burada fəaliyyətini davam etdirirdi. O, Moskvadakı qonşusu və rəfiqəsi Feliks Dzerjinskinin bacısı Yadviqa Edmundovna ilə fəal ictimai işə qoşulmuşdu. Leninqraddan və digər şəhərlərdən Daşkəndə köçürülmüş uşaqların qəbul edilib yerləşdirilməsi komissiyasında çalışırdı. O, xəstəlik ucbatından Moskvadan köçə bilməyən qonşusu Kuybışevin arvadı Olqa Nikolayevnaya göndərdiyi məktubunda yazırdı: “Daşkənd ikinci Moskva olmuşdur. Burada xeyli moskvalı vardır. İşim çoxdur. Nə gecəm var, nə gündüzüm. Uşaqlarla məşğul oluram. Müqəddəs işdir. Adam körpələrə baxanda ürəyi ağrıyır. Bu tifillərin günahı nədir? Nə qədər əziyyət çəkmişlər, əzab görmüşlər. Ölkə bu dəhşəti heç bir vaxt unutmayacaqdır”.
    Gülsüm xanımın Nəcəflə əlaqəsi beş ay idi ki, kəsilmişdi. Cəbhədən ürəkaçan xoş xəbərlər eşidilmirdi. Gülsüm xanımın SSRİ Xalq Müdafiə Komissarlığına göndərdiyi teleqramlar əsasında Ordu siyasi idarələrinin axtarışları da nəticə verməmişdi. Ana sıxıntı və iztirablar məngənəsində idi.
    Rəsmi sənədlərdən məlum olur ki, ağır döyüşlərin birində iki ayağından yaralanan Nəcəf çoxlu qan itirmiş, zəifləmişdi. Ona görə Saratov hərbi xəstəxanasında bir müddət müalicə olunur, komissiyadan keçəndən sonra Qorki şəhərində bərpa institutuna göndərilir. 1942-ci ilin baharında Moskvaya, evlərinə qayıdan kimi Daşkənddə yaşayan Gülsüm xanıma 30 mart 1942-ci il tarixli məktubunu göndərir: “Əziz ana! Mən çox şadam ki, səndən xoş xəbər eşitdim. Sən artıq bilirsən ki, mən sentyabrın 20-də (1941-ci ildə) hər iki ayağımdan yaralandım, dekabr ayınadək Saratov xəstəxanasında, sonra Qorkiyə göndərildim. İndi martın 10-dan burada, Moskvada bir ay müalicə olunacam…”
    Nəcəf yeni rütbə alması, paqonlarına “3 kubik” vurması barədə anasına xoş xəbər verir: “Məni yeni rütbəmlə təbrik edə bilərsən. Deməli, indi mən “Baş texnik leytenantam, yadında saxla”.
    Saratov şəhərindən göndərdiyi məktubun bir yerində yazır: “Ana, mən indi yeni döyüşə hazırlaşıram. Tezliklə, yəqin ki, sentyabrın ortalarında cəbhəyə gedəcəm. Sən eşidibsənmi, Qərb cəbhəsində almanlar darmadağın edilib, Cənub-Qərb cəbhəsində də onları vurmaq lazımdır. Almanları Qafqaza buraxmaq olmaz”.
    1942-ci il avqustun axırlarında hərbi xəstəxanadan buraxılan günün ertəsi Nəcəf Nərimanov ölkənin Cənub-Qərb istiqamətində mövqe tutan general-leytenant K.V.Sviridovun mexanikləşdirilmiş korpusuna göndərildi. Həmin korpusun daxil olduğu Cənub cəbhəsi komandanlığının üçüncü qvardiya diviziyası mühüm tapşırığa hazırlaşırdı: Tufandan qabaq dəryada görünən sakitlik kimi döyüş meydanında da əməliyyat səngimişdi. Lakin Stalinqradda qarşı-qarşıya dayanmış hərbi hissələrdə müharibənin taleyini həll edəcək böyük döyüşə hazırlıq gedirdi. General-leytenant K.V.Sviridovun korpusu Stalinqradın yaxınlığında mövqe tutmuşdu. Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanov öz vzvodu ilə yorulmaq bilmədən korpusda tankların texniki vəziyyətini nəzərdən keçirirdi. Bu dövrdə Nəcəf Kommunist partiyası sıralarına qəbul edildi. Bundan xəbər tutan Gülsüm xanım ümumittifaq radiosu ilə çıxışlarının birində öz sevincini bildirdi. Oğluna ürək sözlərini çatdırdı:
    – Mənim əzizim! Kommunist Partiyamızın üzvü olmağın haqqındakı xəbərin məni çox sevindirdi. Oğlum, səni ürəkdən təbrik edirəm! Vaxtın bu qədər tez keçdiyinə inana bilmirəm. Axı, lap bu yaxınlaradək sən pioner idin… İndi komandirsən, partiya üzvüsən. Sənin atan bu partiyanın sıralarında uzun illər boyu xalqımızın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. O, gecə-gündüz işləməyi bacarırdı, dincəlməyi məsləhət görən həkimlərə qulaq asmırdı. Nəcəf, yadında saxla ki, sən Nəriman Nərimanovun oğlusan. Bilirəm ki, bunu bir dəqiqə də olsun unutmursan. Sənin öhdənə şərəfli vəzifə – vətəni faşist quldurlarından müdafiə etmək vəzifəsi düşmüşdür. Faşistlərin törətdikləri cinayətlərdən nə qədər qəzəbləndiyimi ifadə etməyə söz tapmıram. Bu vəhşilər bizim xoşbəxt həyatımıza qəsd etmişlər.
    Mən, Şərqin mənim kimi minlərlə qadını yalnız Sovet hakimiyyəti illərində çadramızı atmış, oxumuş, işləmiş, övladlarımızı tərbiyə edə bilmişik. Sən yaşa dolmusan, mən təhsilimi başa vurmuşam. Deməli, biz uzun zaman xoşbəxt yaşaya bilərik. Müharibə başlandı və bizi bir-birimizdən ayırdı. Lakin düşmən xalqımıza heç vaxt diz çökdürə bilməyəcəkdir.
    Əzizim, məndən nigaran qalma. Moskvadayam. Hamı qayğı göstərir…
    Özünü necə hiss etdiyin barədə, işlərin haqqında mənə tez-tez yaz. Döyüş yoldaşlarına məndən salam yetir…
    1942-ci ilin sentyabrında Alman ordusunun böyük zirehli dəstələri, yüzlərlə təyyarəsi həmləyə keçdi. Sovet ittifaqı marşalı V.İ.Çuykov yazır ki, çarpışmanın qızğın vaxtında “Alman faşist komandanlığı şəhərə daha üç təzə diviziya gətirdi, güclü zərbə qruplaşması yaratdı. Düşmən təyyarələrinin sayı əvvəllər də hər gün mindən çox olurdu, 1942-ci il oktyabrın 14-də isə rekord rəqəmə – 2540-a çatdı. Ətrafda hər şey alovlanırdı. Düşmən artilleriyası və aviasiyası neft çənlərini yandırırdı. Alova bürünmüş neft axırdı. Alovun hündürlüyü bəzən 800 metrə çatırdı. Elə bil torpaq da yanırdı, Volqa da…
    Adama elə gəlirdi ki, nəinki torpaq, həm də səma bomba, mina, mərmi partlayışından sarsılır… Toz və tüstü dumanları günəşin işığını kəsir, gündüzü gecəyə çevirir. Bu alov dənizinin ortasında, arası kəsilməyən bombardmanlar içərisində sanki bütün canlılar məhv olmalı idi, insan əsəbləri bu cəhənnəm gərginliyinə dözməyə elə bil daha qadir deyildi. Lakin əsgərlərimiz dözə bildilər. Onlar öz mövqelərində sarsılmaz qala kimi dayandılar”.
    Bütün dünyanın diqqəti ölüm-dirim müharibəsinə dikilmişdi. Gülsüm xanım da, ölkə vətəndaşları kimi Sovet Məlumat Bürosunun radio verilişlərini həyəcanla dinləyirdi. Nəcəfin bu tufanın mərkəzində olmasından xəbərsiz idi.
    1943-cü ilin fevralında faşist strategiyasının iflası xəbəri dünya antifaşist müqavimət hərəkatında qələbəyə dərin inam yaratdı. Müharibənin gedişində dönüş yarandı. Əzilən alman ordusunun geriçəkilmə mərhələsi başlandı.
    1943-cü ilin baharında Gülsüm xanım beş aydan sonra oğlu Nəcəfdən aldığı məktubdan onun Stalinqrad döyüşlərində olmasından xəbər tutdu. Nəcəf yazırdı:
    “Əziz ana, mən də orada idim. Dörd ay orada qaldım. Göndərdiyin bağlamanı qışda, faşistlər bizi lap Volqaya sıxışdıran zaman aldım. Amma axırı yaxşı məlumdur. Biz sarsılmadıq. Stalinqrad alman qoşunlarının böyük bir qrupunun məzarı oldu”.
    Narahatçılıqla oğlunun intizarını çəkən ananın ağır məqamda bu məktubu oxuduğu anda keçirdiyi hissi təsəvvür etmək çətindir. Gülsüm xanım məktubu oxuyan kimi, Nərimanovun iş otağına keçib Tanrıya böyük şükranlığını bildirdi. Amma qəhərdən özünü saxlaya bilmədi.
    Donetskdən sıxışdırılıb çıxarılan alman hərbi hissələri geri çəkilirdi. Onların yeganə çıxış yolu Volnovaxa şəhərindən idi. Mexanikləşdirilmiş tank korpusuna alman hərbi hissələrinə ağır zərbə vurub Volnovaxadan çıxarmaq, düşmənin inadlı müdafiəsinə imkan verməmək əmr olunmuşdu.
    Bu əmrin uğurla yerinə yetirilməsində general-leytenant K.V.Sviridovun mexanikləşdirilmiş korpusu misilsiz qəhrəmanlıq göstərdi. Volnovaxa şəhəri alındı. Alman hərbi hissələri darmadağın edildi.
    Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanovun vzvodu dəmiryolu magistral qovşağını keçib müdafiə mövqeyi tutmuşdu. Nikolay Sazanov onu görüb maşını saxladı, Nəcəflə səmimi görüşüb tankçıları təbrik etdi. Sonra Nəcəfə dedi:
    – Səni axtarırdım. Moskvaya göndərilməyin barədə əmr alınmışdır. Tez qərargaha get, general səni görmək istəyir.
    Nəcəf vağzala çatmamış buludlu, tutqun havada 300 alman təyyarəsi göründü, Volnovaxaya çatar-çatmaz mərmi səpələdi. Ölümsaçan dağıdıcı mərmilər yeri-göyü titrətdi: Ərşə qalxan toz-duman çəkildikcə dağılmış dəmiryolu vağzalının, ətraf küçə və həyətlərin, inzibati binaların və evlərin xarabaları görünürdü. Yüzlərlə mübariz döyüşçü həlak olmuşdu.
    Volnovaxa şəhəri döyüş meydanında Nəcəfin həlak olması xəbəri Gülsüm Nərimanovanı ildırım kimi vurdu. Böyük ana qəlbinin pünhan acı-ağrısını, zəmanəyə, bəşəri cinayətə, haqsızlığa, zülmə ittiham olan naləsini oxucuya necə təqdim edəsən? Müdrik Mövlana deyir: Şəhidə ağlamazlar!.. Ürək parça-tikə olursa nə etmək lazımdır?!
    Ana ürəyi dözmədi, o, yataqda yarımcan oldu. Hər şeyi unutdu. Həkimlərin cidd-cəhdi hədər getmədi. Hər gün səhərdən-axşama şəfqət bacısı çarpayıda halsız uzanan xəstə Gülsüm xanıma xidmət edirdi: dərman içirər, təzyiqini ölçər, yeməyinə nəzarət edərdi.
    Nəhayət, bir az yaxşılaşsa da, bütün günü yatağında susqun, halsız uzanan Gülsüm ana axşam çağları tənha qalanda xalatını geyinər, adyalına bürünüb Nəriman Nərimanovun iş otağına çəkilərdi: olub-keçən hadisələri düşünər, sızıldar, iztirab çəkərdi, için-için ağlardı. “Bundan sonra necə yaşaya bilərəm. Axı, necə yaşaya bilərəm…” Əlinə qələmi alıb nə isə yazmaq istəsə də, fikrini cəmləşdirə bilmirdi.
    Bir gün için-için ağlaya-ağlaya xatirə dəftərinə taqətdən düşənədək nə isə yazdı: “Həlak olmuşdur… Nə böyük dəhşət. Axı, o, mənim gözümün ağı-qarası yeganə oğlumdur. Cəmi 24 yaşı var. İnsanın həyatının çiçəkləndiyi dövr. Ömründə heç nə görmədi… Qarşımda sual durur: bundan sonra necə yaşamalıyam? Yenidən necə ömür sürə bilərəm? Nəyə doğru can atmalıyam? Həyatımın məqsədi nədən ibarətdir? İndi heç kəsim yoxdur. Mənim üçün heç nə mövcud deyil: nə təbiətin gözəlliyi, nə də adamlar… hər tərəfdə dəhşətli boşluq yaranmışdır, hər şeyi təhrif olunmuş şəkildə görürəm… Məndə nə qədər qüvvə, inam vardı, hər gün nə qədər sevinc gətirirdi. Oğlumu gözləyirdim, səbirsizliklə gözləyirdim.
    Lakin dəhşətli an gəlib çatdı. Hər şey yox oldu. Sanki dünya qaranlıqlaşdı, dünya mənə dar oldu. Ürəyim ağrıyır, hər tərəfdə gözümə qan görünür…
    Nəcəf, mənim yeganə oğlum, fərəhim, sən haradasan, bu vəhşilər sənə nə etdilər? Axı, üç ildi ki, gözləyirdim. Sən qayıdacağına söz vermişdin. Məgər anaya verilən vədi bu cür yerinə yetirirlər?..
    Oğlum həlak olmuşdur. O, mənim üçün hər şey idi, dost idi, ana idi, ata idi. Ömründə bir dəfə də mənə kobud söz demədi. Cəbhədən həmişə yazırdı: “Anacan, özünə fikir ver, mənə bundan başqa heç nə lazım deyil. Mən səni həmişə gümrah, cavan görmək istəyirəm. Qələbə ilə evə qayıtmaq – yeganə arzum budur”. Uşaqlıqda, atası öləndə demişdi: “Anacan, ağlama, görürsən ki, mən atama oxşayıram. Böyüyəndən sonra atam kimi olacağam. Yaxşımı? İndi məni öp, yoxsa mən də ağlayaram”. Bəs nə oldu, oğlum? Niyə sözünə dönük çıxdın, məni tək qoydun?..
    Elə güman edirdim ki, Akademiyanı qurtaracaqsan, evlənəcəksən, mən nəvələrimi bəsləyəcəyəm. Axı, mən öz oğlumla fəxr edirdim, o, adi uşaq olsa da, mənim iftixarım idi. Dəhşətdir…”
    Gülsüm xanım başını qaldırıb Nəriman Nərimanovun portretində onun qayğılı, kədərli baxışını gördü: fikrinə gəldi ki, Nəriman Nərimanov sağ olsaydı, ötkəm səslə deyərdi: “Gülsüm, özünü üzmə, ağlama. Nəcəfin ruhu yaşayır, onu incitmə”.
    Gülsüm ananın vəziyyəti “təlatümlü cəmiyyət “dənizində” qayıqda tək qalan insanı xatırladırdı. Lakin o, müdrik, mübariz, möhkəm iradəli qadın idi. Nəriman Nərimanovun və Nəcəfin ruhu, onu əhatə edən qayğıkeş insanlar Gülsüm ananı sınmağa qoymadılar.
    Kreml həkimlərinin ciddi səyi, qayğısı ilə birtəhər özünə gələn Gülsüm ana yataq xəstəsi olsa da, tək balasının faciəsi sorağında oldu. O, ilk məktubunu çox çətinliklə Nəcəfin cəbhə dostu Nikolay Sazanova yazdı: “Doğma oğlumun həlak olduğunu xəbər verdiyiniz məktubu aldım. Bu zərbə məni əzdi. Əgər yaşayıramsa, yalnız ona görə ki, ətrafımda milyonlarla ananın mənim vəziyyətimdə olduğunu görəndə ölməyə haqqım yoxdur”.
    Ana öz məktubunda Nikolay Sazanovdan Nəcəfin başına gələn müsibətin təfsilatını öyrənmək istəyirdi: cəbhə həyatı, döyüş epizodları, düşüncələri, fikri və arzuları, hər şey onu maraqlandırırdı. “Əziz Kolya, ola bilər ki, ayrı yoldaşlar da onun haqqında bir söz desin. Siz başa düşürsünüzmü, oğlum haqqında deyilən hər nə varsa, hamısı mənim üçün necə əzizdir? Nəcəf özü barədə çox az danışırdı… Şəxsi dərdim ağırdı. Ancaq dərk edirəm ki, Vətənin mənafeyi hər şeydən üstündür, gərək bütün qüvvəmizi düşmən üzərində qələbəyə həsr edək. Bildiyimiz kimi, ağır xəstələnmişəm, yaza bilmirəm. Ona görə qısa məktubla Sizə müraciət edirəm. Oğlumu unutmayın, onun ölümü haqqında hər şeyi, nə öyrənə bilərsinizsə, hamısını ətraflı yazıb göndərin: o, harada dəfn olunub, kimlər iştirak edib, onun məktubu və bir sənədi qalıbmı? Nəcəfi son anda görən varsa, soyadını, ünvanını öyrənin. Əgər mümkünsə onlardan xahiş edin, oğlum barəsində gördüklərini mənə yazsınlar…”
    Gülsüm xanım baş vermiş hadisənin təfsilatını öyrənmək məqsədilə Tank korpusunun komandanı, general-leytenant K.V.Sviridova da qısa məktubla müraciətində Nəcəfin məzarının qorunması barədə göstəriş verməsini, məzarın şəklini, dəfn olunduğu yerin ünvanını, əşyalarını (qeyd dəftərini, məktubları və s.), oğlunun təltifi barədə məlumatı göndərməsini xahiş edir.
    Haşiyə: Tank korpusunun komandanı, general-leytenant K.V.Sviridov xüsusi hərbi poçt kuryeri ilə Gülsüm anaya Nəcəf Nərimanovun “Stalinqrad uğrunda” medalını, “I dərəcəli Böyük Vətən müharibəsi” ordenini və əşyalarını göndərmiş, öz imzası ilə rəsmi məktubunda yazmışdı: “Hörmətli Gülsüm Nərimanova. Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik – almanları qovduq. Zərbəmizdən sonra Stalinqrad yaxınlığında Qızıl Ordunun ümumi geniş hücumu başlandı. Biz düşməni kənddən-kəndə, şəhərdən-şəhərə qovurduq… Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında sizin də oğlunuz vardı… İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün özlərinin həyatını Nəcəf kimi qurban vermiş Vətən oğullarını heç vaxt yaddan çıxarmayacağıq”.
    Böhranlı, ağır günlərdə Gülsüm xanım tək-tənha qalmadı: dost-tanış, qohumlar ona mənəvi dayaq oldular.
    Hər gün poçtalyon teleqram və məktublar gətirirdi. Qonaq otağında Nəcəfin hərbi geyimdə qara çərçivəyə alınmış fotoşəkli təzə-tər gül-çiçəyə qərq olmuşdu. Gülsüm xanım orada dəst-dəst yığılmış məktub və teleqramları hər gün gözdən keçirir, qovluqlara yığırdı. Səhhəti yaxşılaşmaqda olan Gülsüm xanımın həyəcanla, göz yaşı ilə oxuduğu təsəlliverici “başsağlıqları” onu həyata səsləyir, mənəvi dayaq olur, möhkəm və mübariz olmağı aşılayırdı. Gülsüm xanıma baş çəkən qohum-qonşu və yaxınlar da onun özünə gəlməsinə, sağlamlaşmasına çalışırdı.
    Gülsüm xanım Bakıdakı və Tbilisidəki qohumlarına yazırdı: “Mən özüm başa düşdüm ki, yeganə çıxış yolu canını, qanını Vətənin müdafiəsinə Nəcəf kimi qurban verənlərə qayğı və nəvaziş göstərməkdir. Təəssüf ki, indi xəstəyəm. Amma sağalan kimi bu dəhşətli dərd üz verənədək işlədiyim hərbi xəstəxanaya gedəcəyəm”.
    Kreml xəstəxanasının həkimləri son müayinədən sonra işə çıxmasına icazə verdilər. Həmin axşam Gülsüm xanım Nəriman Nərimanovun iş otağında Tank korpus komandanı, general-leytenant K.V.Sviridova məktub yazıb oğlu Nəcəfin məzarının səliqə-sahmana salınması, abidə qoyulması barədə müraciət edir.
    Gülsüm xanım ertəsi günü hərbi xəstəxanada onu gözləyən rəfiqəsi Asya Kurskaya ilə görüşür. Onlar döyüş meydanından göndərilən, ağır yaralı döyüşçülərin qayğısına qalır, ağrı-acılarını yüngülləşdirmək, dərdlərinə şərik olmaq üçün bacardıqlarını əsirgəmirdilər: yaralılara konsertlər, əbədi-bədii gecələr; komediya tamaşaları, incəsənət xadimləri, tanınmış yazıçılarla görüşlər təşkil edirdilər.
    Gülsüm xanım və Asya Kurskaya hamilik xidmətinə görə Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi xəstəxana komandanlığının təşəkkür və fərmanlarına layiq görülmüşdülər.
    Gülsüm xanım Nərimanova Moskva Şəhər Qırmızı Xaç Komitəsi hamilik komissiyasının üzvü idi. Eyni zamanda, Moskva Uşaq Evi Qəyyumluq Şurasının sədri vəzifəsində çalışırdı.
    İkinci Dünya müharibəsini qələbə ilə başa çatdıran ölkədə qıtlıq və çətinliklər hökm sürürdü. Bu dövrdə uşaq bağçaları, uşaq evləri, internat məktəblər bərbad vəziyyətdə idi. Gülsüm xanım qəyyumluq etdiyi bütün yerlərdə qayda-qanun yaratmaq üçün səhərdən-axşama dövlət idarə rəhbərləri ilə əlbəyaxa idi. O, tabeliyində olan uşaq evlərini, yetimxanaları təmir etmək üçün inşaat materialları, ərzaq, geyim əşyaları, yeməkxana üçün qab-qacaq və binaları qızdırmaq üçün yanacaqla təmin edirdi. Gülsüm xanım ömrünü bu xeyirxah işə həsr etmişdi. O, böyük hörmət və nüfuz sahibi idi. Səlahiyyəti çərçivəsində çox iş görürdü.
    Gülsüm xanım həmsöhbəti, yaxın rəfiqəsi, Daşkənddən ardı-arası kəsilmədən ona məktub göndərən Yadviqa Edmundovna Dzerjinskayaya yazırdı:
    “Bu hərb günlərində Moskva bir qədər sərt, işgüzar görünür. Ancaq Moskva xüsusi cazibədarlığını və əzəmətini saxlayır. Ədəbi və ictimai işə girişmişəm. Oçerklər, məqalələr yazıram. Sovet qadınları antifaşist təşkilatının daimi üzvlərindən biri olmuşam.
    Bu hadisə çox qəribədir. Uşaq evinə və məşhur Rusakov xəstəxanasına getmişdim. Uşaqların hitlerçilərdən müdafiə olunmasına həsr edilmiş antifaşist mitinqdə həmin xəstəxana haqqında danışıldı. Məndən orada gördüklərim barədə yazmağı xahiş etdilər. Uşaqların vəziyyəti və onlara göstərilən qayğı mənə o qədər böyük təsir etmişdir ki, bu haqda ətraflı yazdım. “Rusakov xəstəxanasında” məqaləsini və İngiltərənin qadınlarına müraciəti xarici dillərə tərcümə edib radio ilə verdilər. Bütün bunlar həyatımı zənginləşdirir. Gördüyüm işdən razıyam”.
    Bu qayğılar içərisində yaşasa da, Gülsüm xanımı bir an tərk etməyən, həmişə düşündürən Nəcəfin tək məzarı, onun vəziyyəti idi. Bu barədə müəyyən məlumatı olsa da, ana xəyalı pərvanə kimi Nəcəfin məzarı üstündə dolanırdı.
    Gülsüm Nərimanovanı Volnovaxa Rayon İcraiyyə Komitəsinin işçiləri hörmətlə qarşıladılar. Onu rayon mərkəzindəki parka – Qardaşlıq məzarlığına apardılar. Ukrayna torpağının alman-faşist işğalından azad edilməsi uğrunda şəhid olan Sovetlər Birliyi xalqlarının döyüşçüləri burada dəfn olunmuşdular.
    Gülsüm xanım “Qardaşlıq qəbiristanlığı”nda – məzarların üzərində təzə-tər gül-çiçək, hər tərəfdə səliqə-sahman, qayğı nişanəsi gördü. Məzarlığa baş əydi, göz yaşı yanaqlarını islatdı.
    Nəcəf Nərimanovun məzarı qarşısında bir an dayandı, diz çökdü, sinə daşını qucaqlayıb hönkür-hönkür ağladı. Ana hıçqırıqla ürəyindən qopan sözlərlə oğlunu oxşayırdı. Onu müşayiət edən Volnovaxa Rayon İcraiyyə Komitəsinin məsul işçisi Yevdokiya İliniçna ona yaxınlaşıb ayağa qaldırdı, qucaqladı, xoş sözlərlə təsəlli verdi, pərişan saçlarını səliqəyə saldı, öpdü.
    Gülsüm xanım Volnovaxa yaxınlığındakı Staro-İqnatevka kəndindəki Uşaq Evinə də baş çəkdi. Burada müharibədə valideynlərini itirmiş uşaqlar yaşayırdılar. Yetimxanada binanın təmirə, uşaqların geyimə, ayaqqabıya ehtiyacı vardı, dəftərxana ləvazimatı, mütaliə üçün bədii ədəbiyyat, dərslik çatışmırdı. Bu acınacaqlı vəziyyət Gülsüm xanımı narahat etdi.
    Gülsüm xanım Volnovaxa rayon mərkəzindən uzaqda yerləşən Staro-İqnatevka kəndində meşəlikdə mənzərəli bir yerdə tikilmiş ikimərtəbəli Uşaq evinin rəsmi himayəçiliyini öz öhdəsinə götürdü. Moskvaya qayıdan Gülsüm xanım uşaq evinin təmiri, maddi təminat problemi (ərzaq, yanacaq, paltar, ayaqqabı), maşın alınması ilə ciddi məşğul oldu. İlk növbədə Uşaq evinə “Nəcəf Nərimanovun kitabxanası”nı hədiyyə göndərdi. Bu hadisə böyük sevinclə qarşılandı. Kitabxanada kitab rəflərinin girişində vurulmuş lövhədə Gülsüm Nərimanovanın uşaqlara müraciəti yazılmışdı:
    “Nəcəf Nərimanovun sizin kitabxananıza göndərdiyim kitablarına görə sevindiyinizi eşidəndə mən də fərəhləndim. Kitab bilik mənbəyidir, insanın ən böyük və ən sadiq dostudur. Həyatınızda baş verən bütün hadisələr zamanı kitabdan istifadə etməyi öyrənin. Siz kitabdan bilik, müdriklik qazanacaq, həmişə vətənə sədaqətlə xidmət edəcəksiniz”.
    Uşaq Evi kitabxanasının genişləndirilməsi təkcə Volnovaxa rayonunda deyil, bütün vilayətdə əks-səda doğurmuşdu. Uşaq evində yaşayan uşaqlar Gülsüm xanıma cavab məktubunda yazırdılar:
    “… Əziz hədiyyəni – oğlunuz Nəcəf Nərimanovun kitabxanasından göndərdiyiniz kitabları aldıq. Diqqətinizə görə çox sağ olun. Hədiyyənizə cavab olaraq dərslərdən həmişə “dörd” və “beş” alacağımıza söz veririk. Bir nəfər də dərsdən geri qalmayacaqdır. Kitabxanamız daha da zəginləşdi. Fəxr edirik ki, orada oğlunuzun oxuduğu kitablar da vardır. Söz veririk ki, Nəcəf kimi olacağıq, Vətəni onun kimi sevəcəyik, bir-birimizə hörmət edəcək, namuslu, igid adamlar kimi böyüyəcəyik”.
    Staro-İqnatevka Uşaq Evi Gülsüm xanımın qayğısı sayəsində vilayətdə ən nümunəvi tərbiyə ocağına çevrilmişdi. Uşaq Evinin məktəbliləri Volnovaxadakı “Qardaş qəbiristanlığı”nda iməciliyi ənənəyə çevirmişdilər. Nəcəf Nərimanovun məzarı üstündə həmişə təzə-tər gül-çiçək olurdu.
    Volnovaxa İcraiyyə Komitəsindən Yevdokiya İliniçna Gülsüm xanıma göndərdiyi məktubunda Nəcəf Nərimanovun məzarının qaydaya salındığını, əklillər qoyulduğunu xəbər verir, sonda yazır: “Nəcəf Nərimanov qəlbimizdə yaşayır, onun qəhrəmanlığı unudulmayacaqdır. Volnovaxanın ən yaraşıqlı, geniş küçələrindən biri Nəcəf Nərimanovun adını daşıyır”.
    Haşiyə: On il ötmüşdü… 1953-cü ildə Ukraynanın sərt dekabrında çovğunlu bir gündə Qvardiya baş texnik leytenantı Nəcəf Nərimanovun məzarı önündə 23 yaşlı, ucaboylu, başı açıq, əynində plaş bir gənc əlində tutduğu vərəqi təngnəfəs oxuyurdu… Bu, Nəriman Nərimanovun 1925-ci ildə 6 yaşlı oğlu Nəcəfə yazdığı vəsiyyətin əlyazması idi. Qadağalar dövründə gənc tədqiqatçı aspirant Vəli Məmmədov Bakı şəhərindən Volnovaxaya gəlib “Qardaşlıq qəbiristanlığı”nda şəhid həmyerlisini ziyarət edirdi”.
    ***
    Taleyin dönüklüyü, həyatın sərtliyi və amansızlığı Gülsüm xanımı sındıra bilməmişdi. O, müqəddəs ideallar: vətənin və xalqın azadlığı, müstəqilliyi uğrunda mübarizədə şəhid olan ərinin və oğlu Nəcəfin ruhunu öz qəlbində iftixarla yaşadırdı.
    Gülsüm xanım Nəriman Nərimanovun şəxsi arxivini sahmana salır, Nəcəfin məktublarını və şəkillərini, rəsmi məktubları ayrıca qovluqlara yığırdı. Gülsüm xanım N.Nərimanovun şəxsi arxivindən bir neçə qovluğu Azərbaycan Dövlət Muzeyinin ədəbiyyat və incəsənət arxivinə göndərmişdi.
    Gülsüm xanım Moskva şəhərində qəyyumluq etdiyi uşaq evlərində müharibə dövründə ata-anasını itirmiş, sahibsiz qalmış yetimlərin maddi-rifah halının yaxşılaşdırılması, sağlamlığı, təlim-tərbiyəsi məsələlərinə nəzarət edir, çatışmayan hər nə varsa, onun gətirilməsini təşkil edirdi.
    Gülsüm xanım səlahiyyəti və nüfuzu çərçivəsində gördüyü xeyirxahlıq işləri onu məmnun edirdi. Uşaq evlərində ona ülfət bağlamış körpələr öz tədbirlərində Gülsüm xanımın iştirak etməsinə çalışırdılar. Gülsüm xanımın şəxsi arxivində saxlanılan yüzlərlə dəvətnamə də fikrimizi təsdiq edir.
    Gülsüm xanımın hərdənbir xəstələnməsi işin ahəngdar ritmini pozmuşdu, ona elə gəlirdi ki, fiziki gücü tükənir. Jurnalistik fəaliyyəti ilə məşğul olmurdu: Ümumittifaq radiosunda çıxışını dayandırmışdı. Mərkəzi mətbuatda ədəbi-publisist yazılarla çıxış etmirdi. Amma hərdənbir uşaq evlərinin vəziyyəti, işin təşkili və görüləcək işlər haqqında məqalələri dərc olunurdu. Böhranlı vəziyyətdən çıxmağın bir yolu vardı: müalicə və pəhriz.
    Maddi cəhətdən çətinlik çəkən Gülsüm xanım Mərkəzi İcraiyyə İdarəsinə müraciət etməyə məcbur olur: O, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Şvernikə müraciətində 1919-cu ildən V.İ.Leninin sərəncamı ilə N.Nərimanovun ailəsinə Xalq Komissarları Sovetinin yeməkxanasından və poliklinikasından istifadə üçün verilmiş imkanın bərpasını xahiş edir.
    Arxiv sənədlərindən məlum olur ki, N.Nərimanovun vəfatından sonra 1925-ci ilin yayında Gülsüm xanım və altı yaşlı oğlu Xalq Komissarları Sovetinin yeməkxanası və poliklinikası uçotundan çıxarılmışlar. SSRİ Mərkəzi İcraiyyə Komitəsi dörd il ötəndən sonra – 1928-ci il oktyabrın 28-də N.Nərimanovun himayəsiz qalmış ailəsinə təqaüd verilməsi barədə qərar çıxarmışdı.
    Gülsüm xanım 1943-cü ildən sonra qıtlıq illəri oğlunun köməyindən də məhrum olmuşdu. Hipertoniya, əsəb pozğunluğu, mədə-ürək xəstəliklərinə düçar olan Gülsüm xanım “çox ağır maddi çətinlik şəraitində” yaşayırdı. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Şvernikə müraciətinin axırında yazırdı: “İlk dəfə olaraq köməklik məqsədilə Sizə müraciət edirəm.
    Əgər mümkünsə, mənə maddi yardım göstərin və Kremlin yeməkxanasından 19-cu ildən aldığım yardımı bərpa edin. Həkimlər mənim şəhərdənkənar yerdə yaşamağımı məsləhət görürlər. Heç olmasa Moskva ətrafında pulu dövlət hesabına ödənilən 6 kvadratmetrlik bir otaq verin ki, yayda orada olum… Mənə belə yüksək təzyiqlə yayda şəhərdə yaşamaq çox çətindir…
    Mən ərimin ölümündən sonra onun bütün qiymətli şeylərini muzeyə bağışlamışam. Oğlumun da bütün şeylərini və kitablarını uşaq evinə vermişəm.
    Mənə belə bir sualla sizə müraciət etmək ayıbdır. Məni bağışlayın, Sizə dərin hörmətlə Nərimanova”.
    Gülsüm ərinin vəfatından sonra 18 il oğlu Nəcəfə, həm də ata əvəzi olmuşdu: ağıllı-kamallı bir igid böyütmüşdü.
    Ömrünü oğlu Nəcəfin boya-başa çatmasına qurban verən Gülsüm ana tək qalmışdı: ümidi, pənahı Nəcəf Nəcəfov 24 yaşında müharibədə şəhid olmuşdu. Qəriblikdə əbədiyyətə qovuşan oğlu Nəcəfin xiffətini çəkirdi, onun ayrılığına ana ürəyi dözmürdü. Gözünün işığı, ümid çırağı sönmüşdü. On il mübarizə apardı, Nəcəfin qəbirüstünün düzəldilməsinin nigarançılığını çəkdi. 1952-ci il mayın 1-də Volnovaxa rayon soveti qəbrin düzəldilməsi xəbərini verdi.
    1953-cü ildə Gülsüm ana əbədiyyətə qovuşdu. Moskvada Voqankova qəbiristanlığında dəfn olundu.
    Vətəndən çox-çox uzaqlarda, qəriblikdə Odlar Yurdunun üç müqəddəs şəhidi torpağa tapşırılsa da, qədirbilən xalqımız onları unutmur, əziz xatirələrini ürəklərində yaşadır. Allah onlara qəni-qəni rəhmət eləsin!

  • “Səbəbi sənsən” kitabından yaz ovqatlı şeirlər – Rəşad Məcid

    Rəşad MƏCİD
    Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru

    Qala – Adam

    Hər adamın sığınmağa
    Bir qalası olsun gərək.
    Bu qaynaşan pis gözlərdən
    Bir xilası olsun gərək.

    Nicat yoxdu bolca vardan –
    Hündür divar, dik hasardan!
    Adamı daş adamlardan
    Qala – Adam alsın gərək!

    Bu gələn gözəl, əladı
    Yeriyən, gəzən qaladı.
    Bəlkə də təzə bəladı
    Dinsin görək, gəlsin görək!!!

    BİR DƏ GƏLMƏYƏCƏK…

    (Bu şeirə Əməkdar artist Xumar Qədimovanın bəstələdiyi və ifa etdiyi mahnı çox məşhurdur. Qadınların sevimlisidir)

    Elə möcüzələr yaratmısan ki,
    Elə dəqiqələr yaşatmısan ki,
    Olmayıb heç onun yüzdə biri də
    Nə mənim dünyamda,
    nə bu dünyada.

    Sən elə telləri qırıb getmisən,
    Sən elə yaralar vurub getmisən,
    Təpəri yoxdu ki, dözüb dayansın,
    Nə mənim dünyamın,
    nə bu dünyanın.

    Qəfil gəlişinlə suç eləmisən
    Sənsiz keçən ömrü puç eləmisən
    Vurmayıb heç zaman belə qar-yağış
    nə mənim dünyamı,
    nə bu dünyanı.

    Bilmədim iblissən, ya mələk, Qadın,
    Ətri, gözəlliyi çiyələk Qadın.
    Bir də gəlməyəcək sənintək Qadın
    Nə mənim dünyama,
    nə bu dünyaya.

    O

    (Bu şeirə Xanım İsmayılqızı mahnı bəstələyib)

    Baxma ki, sakit dayanıb,
    Qəfildən götürər səni!
    Qoparıb dostdan, tanışdan
    Evindən itirər səni.

    Qaldırıb göyün qatına,
    Mindirər şahlıq atına.
    Dad gətirib həyatına,
    Cənnətə yetirər səni.

    Əlində yarağın qalmaz,
    Dəftərin, varağın qalmaz,
    Heç nəyə marağın qalmaz,
    İşini bitirər sənin.

    Quruyarsan bulaq kimi,
    Bezər, doyar uşaq kimi,
    Bir qırıq oyuncaq kimi
    Qaytarıb gətirər səni!

    GƏL

    Nəyə lazım artıq zəhmət, əziyyət? –
    Orda onu, burda məni tovla gəl.
    Adımızı eyni yerdə qeyd elə,
    İkimizə eyni mesaj yolla gəl.

    … Fikir vermə, zarafatdı sözlərim,
    Yenə gülsün, işıq saçsın gözlərin!
    Qayıt yenə əvvəlkitək şipşirin,
    Dillərində bir şan təmiz balla gəl.

    Olan oldu, keçən keçdi, qəzaydı,
    Tanrı gərək elə belə yazaydı.
    İndi daha beyin açıq, göz aydın,
    Geri boylan, vallah qayıt, vallah, gəl.

    NƏ FƏRQİ…

    (Bu şeirə Aysel Kərim musiqi bəstələyib. Əməkdar artist Gülüstan Əliyeva ifa edib)

    Gedirsənsə, nə fərqi var, ya səssiz,
    ya sözümü, baxışımı yozub get.
    Nə fərqi var, azad burax, çox inan,
    ya da yoxla, addımımı pusub get.

    Bu sevginin nənnisində biz uşaq,
    bitibdisə ha sarmaşaq, qovuşaq.
    Fərqi yoxdu, ya candərdi barışaq,
    ya da inci, ya da çığır, küsüb get.

    Nə iblisim, nə mələyim deyilsən,
    ümid dolu gələcəyim deyilsən.
    İndən sonra ta gərəyim deyilsən,
    fərqi yoxdu, ağlayıb get, susub get.

    YAXIN GƏLMƏRƏM

    Sel kimi kökümdən qopartdın məni,
    Bir də şırnağına yaxın gəlmərəm.
    Cadunu canıma yaydı öpüşün,
    Odlu dodağına yaxın gəlmərəm.

    Sandım gül qoxulu ilk bahar imiş,
    Gördüyüm ilğımmış, yayda qar imiş.
    Sehrli qoynunda tilsim var imiş,
    Sirli qucağına yaxın gəlmərəm.

    Qarışdı saçımın qarası, ağı,
    Oldu barmaqların rahat darağım.
    Bir də barmağına dəyməz barmağım,
    Bir də dırnağına yaxın gəlmərəm.

    Atdım yaddaşımı nimdaş çarıqtək,
    Soyundum sevgimi boz arxalıqtək,
    Çırpınıb əlindən çıxdım balıqtək,
    Bir də qarmağına yaxın gəlmərəm.

    NƏ İDİ?

    Gözlərini döyə-döyə baxarlar,
    Anlamazlar bu toxunan nə idi?
    Yüz qoxunu qovalayan bu ətir,
    Bu təzə dad, təzə xanə nə idi?

    İşıq səpdin, nurla doldu dağ, dərə,
    Min rəng verdin boz-bulanıq günlərə.
    Atlananda qırğı kimi kəhərə
    Çaşdılar, bu özgə xına nə idi?

    Niyyətini gülüşünlə pərdələ,
    Qocasını, cavanını fəth elə.
    Qəfil yox ol, hamısını tərk elə,
    Mat qalsınlar, bu fırtına nə idi?

    QİSAS

    Adamı göyə qaldırıb
    Sonra ki, yerə vururlar.
    Elə bir sıfır artırıb
    Sonra sıfıra vururlar.

    Gedir, qalmır izi, tozu,
    Hər gələn bir yerə yozur,
    Adını lap başdan pozub
    Lap, lap axıra vururlar.

    Kündə kimi ovxalayıb,
    Əzib, büküb, buxovlayıb,
    Qışda buz üstə tullayıb,
    Yay vaxtı qıra vururlar.

    VAXTIM QALMADI

    Ha çalışdım, ha yenə
    Çatmadım sən gedənə,
    İncimə, bircə dənəm,
    Yenə vaxtım qalmadı.

    Ümidlə baxdım göyə,
    Kaş əqrəblər əriyə,
    Kaş saatlar geriyə
    Dönə, vaxtım qalmadı.

    Vəhşidilər nədilər,
    Dənlədilər, diddilər
    Vaxtımı da yedilər,
    Sənə vaxtım qalmadı.

    QAYIDIR

    Yenə nəğmələr qayıdır, –
    Hər sətri səs-səs dirilir,
    Damarımda qan tərpənir,
    Canımda nəfəs dirilir.

    Yadırğadığım o sözlər
    Yenə geri dönür bir-bir.
    Çoxdan unutduğum hisslər
    Gizli-gizli boy göstərir.

    Yenə hamıdan gizlicə
    Çəkdiyim təlaş qayıdır.
    Yenə ürəyimə həsrət,
    Gözlərimə yaş qayıdır.

    Yenə dünya yaşıllaşır,
    Payızın düz ortasında.
    Yenə uşağa dönürəm
    Ömrümün günortasında.

    Taledən ən dadlı töhfə,
    Ən ləzzətli bar qayıdır.
    Tanrı, insafına şükür,
    Yenə də bahar qayıdır.

    DÖNDÜM

    Səndən qıraqda həyat yox,
    Desələr də vardı – döndüm.
    Qaçdı ağzımın ləzzəti,
    Damağımın dadı, döndüm.

    Nə cadular, nə ovsunlar,
    Gücləri yox, saxlasınlar.
    Məni ən gözəl oyunlar,
    Əyləncələr yordu, döndüm.

    Bir nəfəs qalmadı canda,
    Dörd bölündüm darıxanda –
    Qol bir yanda, baş bir anda
    Mənəm – məğlub ordu, döndüm.

    GET

    “- Nə olar, qal da bir az
    – Burda nə var ki, qalım”.

    (Bu şeirə Əməkdar artist Tünzalə Ağayeva mahnı bəstələyib, özü də ifa edib)

    “Sağ ol” demə, vida etmə,
    Zamandısa, vaxtdısa, get.
    Getməyinin gərəkliyi
    Qalmağından çoxdusa, get.

    Bir mən qalım, bir dərd-sərim,
    Hədər oldu çəkdiklərim.
    Pıçıltıyla dediklərim,
    Yaddaşından çıxdısa, get.

    Qaysaqlanar yenə yaram,
    Sızlamaram, ağlamaram
    Səni yoldan saxlamaram –
    Soldusa get, sağdısa get.

    Bir sözünlə mənalıydı,
    Gülüşünlə mənalıydı.
    Mənə sənlə mənalıydı
    Sənə məna yoxdusa, get.

    SƏNƏ GÖRƏDİR – SƏBƏBİ SƏNSƏN

    (Bu şeirə Əməkdar artist Xumar Qədimova musiqi bəstələyib, adını da “Səbəbi sənsən” qoydu. Özü də ifa etdi. Mən də kitabın adını şeirin yeni adıyla adlandırdım)

    Özümü hamıdan güclü sanmağım,
    Durduğum yerdəcə qanadlanmağım,
    Mənim sevinməyim, ya şadlanmağım
    Hamısı, hamısı sənə görədir.

    İndi ucadadır yeri taxtımın,
    Qızıl dövranıdır indi vaxtımın
    Sınıq taleyimin, bağlı baxtımın
    Açılan qapısı sənə görədir.

    Qalmayıb qəlbimin daha gileyi,
    Qəmli çəmənimin açıb çiçəyi
    Payızın ortası yazın gəlməyi –
    Bu bahar havası sənə görədir.

    Ancaq uçulur dam – sən olmayanda
    Dərdə dözmür adam sən olmayanda
    Hamını sancıram sən olmayanda
    Ruhumun davası sənə görədir.

    ***

    Sənsiz qaldım, qəlbimin
    Artdı qəmi – darıxdım.
    Yanına qayıtmağın
    Yetdi dəmi – darıxdım.

    İnsafı yox gecənin
    Qərib, soyuq gecənin
    Oyanaraq gecənin
    Bir aləmi – darıxdım.

    Yer sıxdı birdən-birə,
    Dərd axdı birdən-birə
    Darıxdım birdən-birə
    Vəhşi kimi darıxdım.

  • Şair-publisist İbrahim İLYASLI.Seçmə şeirlər


    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

    KİMDİ MƏNİ SƏSLƏYƏN

    Tanrım, görən mən kiməm,
    Nəçiyəm bu dünyada?-
    Bir payı quru torpaq,
    Üç payı su dünyada!

    Adım Peyğəmbər adı,
    Özüm adi bir adam.
    Bir də bu adilikdən
    Bezib çıxan fəryadam.

    Qənşərində durduğum,
    Aynadakı mənəmmi?
    Ruhum mənə dardımı,
    Mən ruhuma binəmmi?

    Əvvəl-axır deyilən
    Bir ölçü-biçi varmı?
    Varsa bəs ölçüsüzlük
    Nədi, bilmək olarmı?

    Bu cismi-can varlıqdı,
    Yoxluq divanəsiyəm.
    La İlahə İlləllah!-
    Kimdi məni səsləyən?!

    BU DİVARIN O ÜZÜNDƏ

    Bu divarın o üzündə,
    Bir nazlı mələk uyuyub.
    Gecə gərib qanadını,
    Üstündə lələk uyuyub.

    O xanədə nə var – oyaq,
    Döşəmədən tavanacan.
    Qapı, pəncərə, dörd divar,
    Çimir almaz sabahacan.

    Odasının yörəsində
    Yüz hoqqadan çıxır külək.
    Donub qalıb pəncərədə,
    «Heyrət ey büt!…» – oxur külək.

    Tanrı tamaşası nədi –
    O mələyi görən bilir.
    Günəş ondan ötrü çıxır,
    Ay ondan ötrü yüksəlir.

    …Divarların bu üzündə,
    Qismətim qubardı mənim.
    Hər yan gözəllikdi, Tanrım,
    Hər yanım divardı mənim.

    ÖLÜMƏ SÖYKƏNMİŞ ADAM

    Sevgiyə layiq dostun yox,
    Nifrətə layiq düşmənin.
    Nə layiqsiz adamsan sən –
    Bə sənin nəyin var, nəyin?!

    Nə dərdindən ölənin var,
    Nə öldürmək istəyənin.
    Zalım adam, aciz adam,
    Bə sənin nəyin var, nəyin?!

    Maddım-maddım nə baxarsan,
    Bu Yer sənin, bu Göy sənin.
    Səninkilər sənin deyil,
    Bə sənin nəyin var, nəyin?!

    Nə haqqını tanıyırsan,
    Nə nahaqdan yox köməyin.
    Haqlı adam, haqsız adam,
    Bə sənin nəyin var, nəyin?!

    Nə ağ bayrağın yellənir,
    Nə gəlir qanlı köynəyin.
    Amalın yox, amacın yox,
    Bə sənin nəyin var, nəyin?!

    Yaşa dolmaq yaşamaqmı,
    Yaşanıb tükənmiş adam?
    Yaradandan utan barı,
    Ölümə söykənmiş adam!

    NƏ GÜNAHIN YİYƏSİYDİM

    Nə günahın yiyəsiydim,
    Sallanıb, çıxdın qarşıma?
    Gəldin – gözümü, könlümü,
    Küməmi yıxdın qarşıma.

    Sən kiminsə halalısan,
    Sənə belə baxmaq olmaz!
    Göz qadağa qanmır, xanım,
    Sənə evdən çıxmaq olma!

    Belə də baxış olarmı?! –
    Pah… obana-elinəcən!..
    Davasan, qansan, xatasan,
    Dırnağından telinəcən!

    Xuda canalan yaradıb,
    Ta sənə ad lazım deyil.
    Valiyə deyək: – Şəhərə
    Daha cəllad lazım deyil!

    Sən qisas yeri deyilsən,
    Aralıqda batar qanım.
    Bu dəfə mənə rəhm elə,
    Allahı sevərsən, xanım!

    KÖHNƏ GÖZƏLLƏMƏ

    Tanrım, bu gözəli sən yaradıbsan,
    Nurdan yoğurubsan mah camalını.
    Tullayar tacını ayaqlarına
    Görsə dərgahında şah, camalını.

    Onu görənlərin gün deyil günü,-
    Görürsən ərşdəki fəryadı, ünü…
    Meh vurub oynadır siyah zülfünü,-
    Gah köksünü örtür, gah camalını.

    Məni bu heyrətdə bir az da əylə,
    Ahımı xəcər et, bağrımı teylə –
    Qanımı qaşına vəsməlik eylə,
    Bəzəsin çəkdiyim ah camalını.

    * * *

    Oturub ömrün içində
    Çiçək şəkli çəkirəm.
    Yalan rəngləri götürüb
    Gerçək şəkli çəkirəm.

    Çəkirəm ciyərlərimə
    Faniliyin ətrini.
    Məndən əziz tutan varmı
    Bu faninin xətrini?!

    Kimsə bilməz nə çəkdirir
    Mənə mən çəkdiklərim.
    Ölümlərə cücərirlər
    Olmağa əkdiklərim.

    Dəryalar mənə çəkilir,
    Tufanlar məndən qopur.
    Başıma odlar ələnir,
    Ruhuma sular hopur.

    Şəkillənir qələmimdə
    Doğulmamış bir adam.
    Mən şair deyiləm, yavrum,
    Mən bir dəli rəssamam.

    YADINA DÜŞDÜM

    Bu gün hardan doğdu belə? –
    Gör kimin yadına düşdüm!
    Şükür sənə, görk eləyən,
    Görkümün yadına düşdüm!

    Qoşuldum ağlar səsinə,
    Çəkildim çağlar səsinə.
    Səs verdi dağlar səsinə,-
    Ərkimin yadına düşdüm!

    Aldatdı şeytan nəfəsi,
    Atdım məni sevən kəsi.
    Hər gün məni lənətləsin,
    Hər kimin yadına düşdüm.

    NECƏSƏN

    Mənim səndən uzaqlarda
    Yamanda halım, necəsən?
    Özgəsinə qismət olan
    Cahı-cəlalım, necəsən?

    Yalana döndü gerçəyim,
    Ay gözəlim, ay göyçəyim.
    Çəmənim, çölüm, çiçəyim,
    Pətəyim, balım, necəsən?

    Daşam yolun üstə bitən,
    Nə sirdi anlamaz yetən.
    Gözü, könlü dil-dil ötən,
    Dilləri lalım, necəsən?

    Zər-zibam, ləlim, gövhərim,
    Yaqut-Yəmən, simu-zərim,
    Barmaqları bəxtəvərim,
    Başı bəlalım, necəsən?

    Üzün dönməz mənə sarı,
    Özündən muğat ol barı.
    İbrahimin sitəmkarı,
    Necəsən, zalım, necəsən?

    BİLƏM

    «Mən ölsəm ağlayarsanmı?…»
    Sən ölsən, ağlamaq nədi?-
    Özümü öldürə billəm.
    Dostu yandırıb, düşməni
    Ölüncə güldürə billəm.

    Önündə qurub məhşəri,
    Heyrətdə qoyub bəşəri,
    Mənəm deyən aşiqləri
    Tarixdən sildirə billəm.

    Zəhər deyib şirin cana,
    Boyanıb qızıl-al qana.
    Bir daha dövrü-dövrana
    Eşq nədi – bildirə billəm!

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    SEVGİ VARSA
    /”Düşüncələrim” – silsiləsindən/

    Yar – yarından alammasa sorağı,
    Zülmət çökər, sönər qəlbin çırağı.
    Onda olmaz sevgi, könül marağı,
    Sevgi varsa , könül ülfət bağlayır.

    Yar tapanda yarısını tam olur,
    Dəli könül daha ürkmür, ram olur.
    Sevən ürək eşq didərir, kam alır,
    Sevgi varsa, ürək eşqdən çağlayır.

    Dünya fani, hey boşalır, hey dolur.
    Tər güllər də tez açılır, tez solur.
    Hər sevdada boran olur, qar olur,
    Sevgi varsa, gözlər niyə aglayır?

    “Leyli – Məcnun” xalqın sevgi dastanı,
    “Fərhad- Şirin”-timsalında eşq hanı?
    “Əsli- Kərəm”- ahı yaxar çahanı,
    Sevgi varsa, sevənləri dağlayır.

    Əgər fələk çərxi dönsə tərsinə,
    Hazır olaq həyat, sevgi dərsinə.
    Dövran, sən də dur önündə, gər sinə,
    Sevgi varsa, ilham dastan bağlayır…

    İLAXIR ÇƏRŞƏNBƏ

    /”Ömürdən – gündən” silsiləsindən/

    Çərşənbə qucanda doğma elləri,
    Səmtini dəyişər səmum yelləri.
    Titrər könüldəki duyğu telləri,
    Ilaxır çərşənbə, son çərşənbədə.

    Açar Novruzgülü, cəsur Qardələn,
    Bənövşə naz satar, baxar köndələn
    Butadır, qönçədir, gözə xoş gələn,
    Ilaxır çərşənbə, son çərşənbədə.

    Bəzənər incəbel, yaşıl səməni,
    Haylayar ardınca çölü, çəməni.
    Nərgizlər pardaqlar, qönçə düyməni,
    Ilaxır çərşənbə, son çərşənbədə.

    Novruzu, Baharı pişvaza dura,
    Şor qoğal, paxlava, həm şəkərbura.
    Gözəllər kökəyə naxış, gül vura,
    Ilzxır çərşənbə, son çərşənbədə.

    Çıxar qız- gəlinlər qulaq falına,
    Niyyəti tutanın, nə xoş halına.
    Fərəh, nəşə qonar kef, əhvalına,
    Ilaxır çərşənbə, son çərşənbədə.

    Başlanar “Kos- kosa”, duzlu, məzəli,
    Kosanın dayanmaz, dinc durmaz dili.
    Oynadar Keçini, həm də Keçəli,
    Ilaxır çərşənbə, son çərşənbədə.

    Dövran heyran- heyran, yandırar şamı,
    Çağlayar ilhamı, coşar ilhamı.
    Bal dadar hər kəlmə, misranın tamı,
    Ilaxır çərşənbə,son çərşənbədə.


  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    D Ö V R A N S I Z


    Açıb doğma yurdda ilk bahar gülü,
    Nərgizlər bəzəyib çəməni, çölü.
    Gül- gülü səsləyir, bülbül- bülbülü
    Açılıb bayram süfrəm sevdasız, yarsız,
    Qovuşduq Novruza bu il Dövransız.

    Hər zaman sevərdi toyu, düyünü,
    Nəzm ilə söylərdi təbrik sözünü.
    Sevincdən coşardı hər bayram günü
    Deyildi bu qədər qəddar, amansız,
    Necə rəva bildi, qaldıq Dövransız?.

    Süfrədə rəsmiylə qaldıq göz- gözə,
    Bir hacət qalmadı kəlməyə, sözə.
    Ürək daş ola ki, bu dərdə dözə
    Bu ömür necə keçsin baharsız, yazsız?
    Fələk bizi qoydu yarsız, Dövransız…

    Təsəlli edər dostlar, bəzən də danlar,
    Sevdası yarım qalan bu dərddən anlar.
    Qəlbdə qövr eləyir Onlu anılar
    Bilsəm də yaşam yox- boransız, qarsız,
    Hər günüm bir ildir nazlı Dövransız…

    TALEHSİZ ŞAİR
    /”Düşüncələrim” – silsiləsindən/

    Bağım, bağçam evim uçdu, töküldü,
    Təməli boş imiş, kökdən söküldü.
    Nə qədər arzumun boynu büküldü
    Bu qada, bu bəla gəldi haradan?
    Əl üzdü taehsiz, şair dünyadan.

    Uymadı əl çirki, dünya malına,
    Düşmədi var- sərvət qalma- qalına.
    Heç xilaf çıxmadan saf amalına
    Qıymadı adına söylənsin- nadan,
    Əl üzdü taehsiz, şair dünyadan.

    Olmadı göz yaşın, qadasın silən,
    Olmadı doğması, üzünə gülən.
    Olmadı qədrini, qiymətin bilən
    Don geyib ismətdən, abır, həyadan,
    Əl üzdü taehsiz, şair dünyadan.

    Bir ömür gecəni- gündüzə qatdı,
    Səfalət içində yazdı, yaratdı.
    Illərlə yazdığı sandıqda yatdı
    Olmadı nəşr edən, dərc edib yayan,
    Əl üzdü taehsiz, şair dünyadan.

    Aldığı təqaüd çatmadı dada,
    Bitməmiş çox əsər, getdi hey bada.
    Sədası çevrildi haqlı fəryada
    Etmədən kimsəyə dərdini bəyan,
    Əl üzdü talehsiz Dövran dünyadan.

  • Şəfa VƏLİYEVA.”Ədəbiyyat haqqında kim nə düşünür?”


    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik, əllə tutammırıq. Ona görə də həqiqət hamı üçün fərqli olur.

    Ədəbi əsərdən tam olaraq reallıq gözləmək mümkün deyil. Hadisələrin mahiyyəti real həyatda baş verənlərlə eyni ola bilər, amma ən azından, müəllif adları dəyişmək haqqına sahibdir. Ədəbi əsərdəki istənilən uydurma müəllifin azadlıq ölçüsüdür. Bəzən bu ölçü hüdudsuz görünür, lakin mütləq və mütləq dəqiq xətli bir sərhədi vardır. Bəli, dəqiq xətli. Çünki girinti-çıxıntılar incəsənəti xaosa döndərə bilər. Yaradıcılıq, yaratmaq istəyi məhz kainatın mövcud xaotik nizamından qaçmaq istəyindən doğan təbii instinktdir. Bəzi insanlar üçün yazmaq xarakterə çevrilir və hər əsərdə yenilənir, yenilənir… İnstinktlər bizə yaradılışdan verilən ən böyük hədiyyədir. Xarakteri isə biz özümüz qazanmışıq və qazana-qazana da gedirik. Eynilə immun sistemimizin müxtəlif virus və xəstəliklərə qarşı möhkəmləndiyi kimi…

    ***

    Cerom Devid Selincerin qızı xatirələrində yazır: “Atam düşünürdü ki, istedadsız adam incəsənət sahəsini seçməklə küfr edir, təmiz, müqəddəs bir şeyi korlayır”. Doğrudanmı, ədəbiyyat korlana bilər? Axı, ədəbiyyat adlı həqiqətin nədən ibarət olduğunu, sərhədlərinin harda bitdiyini heç kim bilmir… İtirilmiş krallıq xəzinəsi kimi daim axtarılan “əsl ədəbiyyat”ı kim necə korlaya bilər? Öz hisslərini gündəliyinə yazan yeniyetmə bir qız, yoxsa sınıq-salxaq xəttiylə xaraba qalmış yaddaşında xatirələrini axtaran bir qoca? Məncə, heç biri… Yazmaq onların da haqqıdır və heç kim zəmanət vermir ki, nə vaxtsa onların yazdığı bir-iki cümlə hansısa romanda qarşımıza çıxmayacaq, biz onu sevməyəcəyik…

    Ədəbiyyatı “bulvar ədəbiyyatı”, “işsizlərin ədəbiyyatı”, “küçə ədəbiyyatı”, “yeraltı ədəbiyyat” kimi “ayamalarla” təqdim etmək bütün dövrlərdə olub. Amma hələ də bu “ayamaların” konkret olaraq nəyi ifadə etdiyini izah edən tapılmır. Madonna uşaq ədəbiyyatı yazanda da, Sezen Aksu öz şeir kitabını nəşr etdirəndə də üsyançılar və inkarçılar vardı… Amma sevinən, oxuyan, qonşudan borc aldığı pulu o kitablara verən də az deyildi… Bu məqamda Müşfiq Şükürlünün “Yazıçı olmağa iddialı nankor oxucular” adlı yazısını xatırlayıram: “Yazmaq ki yazıçının ibadətidir, necə axı yazma deyər… Yazmaq ki seçimdir. Seçimsə azadlıq deməkdir…” Sonra da düşünürəm ki, görəsən, özünə “elit ədəbi tənqidçi” deyən biri çıxıb Madonnaya “kitab yazma” desəydi, Madonna da onu “azadlığıma müdaxilə edir” iddiasıyla məhkəməyə versəydi, həmin məhkəmədə kim qazanardı?

    … Yaddaşını itirən bir xəstəyə müxtəlif şəkillər göstərməklə nəyisə xatırlayıb-xatırlamadığını test edirlər. Bunu “görsəl yaddaş” adlandırırlar və mütəxəssislər yaddaşın bərpasında əhəmiyyətli olduğunu vurğulayır. Ədəbiyyat da belədir; hansı əsəri zehnində yaşayırsansa, hansı əsərin içində “itib-batırsansa”, onu xatırlayırsan, onunla yaşayırsan… Özünü vərəqlərində itirdiyi kitab oxucunun ehtiyacıdır. Bu gün dünyanın hər yerində nəşriyyatlar məhz oxucunun ehtiyacına hesablanmış kitabları nəşr etməkdə həvəslidir. Tamam, burda iqtisadi maraqlar var, anlayıram. Bəs, nəşriyyatların geri itələdiyi əlyazma qovluqları? Onları yazanların da ehtiyacı düşünülürmü? Məncə, yox… Bu da yazıçının faciəsidir… Yazmaq ehtiyacı ödənməyəndə yazmaq eşqiylə dəliyə dönənləri sağlığında dəliyə, öldüyündə dahiyə döndərən də bizlər deyilikmi?! Elə bizik… “Nə yazıldığının, necə və nəyə yazıldığının önəmi yoxdur çox vaxt. Sadəcə, yazmaq ehtiyacının ödənilməsi vacibdir bəlkə də… Bəli, yazmaq ehtiyacdır, ehtiyacdan ötə əlacdır… Hətta, könlün antibiotikidir… Nizamlı və davamlı olmalıdır”- deyə yazır Kübra Aydın… Haqq verirəm ona… Yazmaq kiminə görə dəlilik olsa da, kiminə görə yaşamağın açarıdır…

    ***

    Günahlandırılan yazıçı olmağı heç kim istəmir. Amma oxucunun şəhadət barmağının ucu həmişə yazıçıya tərəfdir: istər günahkar axtarışında, istərsə də xilaskar axtarışında… Bəzən düşünülür ki, yazıçının tək günahı “yaxşı yazmamağındadır”. Bəzən bu sözü lap kobudlaşdırırlar; “filankəs yazmağı bacarmır…” Alt qata enəndə, Xəstə Qasım demiş, “qəvvas olub dəryaya baş vuranda” “yazmağı bacarmaqdan” daha çox şey tələb olunan yazıçıya adamın yazığı gəlir… Kənan Hacının fikrincə, “yazıçı ideoloq olmazdan əvvəl humanist olmalıdır”. Burda fikirlərin qladiator döyüşünə çıxdığını görməmək mümkün deyil. Zaman-zaman bütün ideologiyalar ədəbiyyatdan süzülüb; ya ideologiyalar ədəbi abidə qazanıb, ya da ədəbi edama məhkum edilib. Bütün bunların arxasında dayanan da yenə insanın “canı yanmağı”, ibarəli desək, empati bacarığıdır. Düzdür, bu gün insanı “bəşərin əşrəfi edən” duyğunun məhz sevgi olduğunu, sevginin də empatinin rüşeymi olduğunu, bütün bunların da ümumi terminlə humanistlik adlandığını bilməyən qalmayıb. Yenə də yazıçı ideologiyasını Femidanın görməyən gözlərinin önündə yelləmək ədalətsizlik olardı…

    Ədalət demişkən, görəsən, ədəbiyyat adildirmi? O, öz həqiqət axtarışında nə vaxtsa haqlının haqqını haqsıza qurban verirmi? Təlatümlü düşüncədir… Bəlkə də, qorxunc düşüncədir… “Dünya ədəbiyyatının dünyaları” essesində Deniz Gündoğan İbrişimin dediyinə görə: “…daim bir təxəyyül gücüylə ictimai, mədəni və fərdi çərçivədə oxucunu və dünyanı formalaşdırma gücünə sahibdir ədəbiyyat…” Bəs niyə məktəbin “ən yaxşı oxuyan şagirdi”nin on ildən sonra həbsxanaya düşmə ehtimalı yox deyil? Öz qüdrətiylə ədəbiyyat onu xilas edə bilməzdimi? Məncə, yox… Nə qədər qüdrətli olursa-olsun, ədəbiyyat insanın seçimlərini diqtə eləmək gücünə malik deyil… Özünü “oxucu” hesab edən hər kəs Pompey əfsanəsindən xəbərdardır və “insanın insana olan sevgisinin mücərrədliyə ünvanlanan bütün sevgilərdən daha dərin” olduğunu, bu sevginin öldürmə qüdrətini bilir. Yenə də həyatla savaşda öz sevgisi və ehtirasıyla silahlanır. Həmin an insanlıqdan çıxıb bir ağac donunda olanları seyr etdikdə ədəbiyyat heç də adil təsir bağışlamır… Nə yaxşı ki, ağac deyilik!

    ***

    Oxucu termin kimi ayrıca müzakirə olunmalıdır. Yazılan əsərlərin, nəşr edilən kitabların taleyini “müəyyən etmək” qədər hökmlü olan oxucu kimdir? O, nəyi oxuyur? Niyə oxuyur? Qarşı-qarşıya dayansaq, bu sualları özümə də ünvanlaya bilərəm: Mən nəyi yazıram? Niyə yazıram? Özümün özümə cavablarım çoxdur, ən qısacası isə budur: “Bilmirəm…” Çünki yazmağın mənası da insanın missiyası qədər naməlumluqda çoxdan azıb… Hər gün tapılan yeni cavablar təxəyyülümüzdə yaşayan “böyük həqiqət”ə tərəf sürüklənərkən əlimizə keçənlərdir…

    “Ədəbiyyatın ən sadə və çox yayılmış düsturu budur ki, əgər oxuduğu əsər oxucuya tanış gəlirsə, personajları özü kimi hiss edirsə, deməli, əsər alınıb”. Bunu Şahanə Müşfiq deyir… Fikir olaraq doğrudur, hətta illərlə deyilmiş fikirləri sadə bir düstura çevirdiyinə görə Şahanəyə təşəkkür düşür. Bu düsturdakı yeganə naməlum əmsal yazıçının özünü buxovlamasıdır. Oxucuya xoş gəlmək üçün fikirlərini çərçivəyə salmaq, öz-özünə qadağalar qoymaq yazıçıya uğur qazandıra bilər, hətta bu, necə deyərlər, günah sayılmır. Amma yazı alma bağı deyil ki, yazda-payızda budamağa, calamağa ehtiyac duyulsun… Yazı böyürtkən kolu kimi qollarımızı sıyıranda, kol dibindəki bənövşəyə dönəndə, yarpağında şeh düymələnmiş yemlik təki parıldayanda daha dürüst olur. Həyatın hər köşəsində dürüstlük axtara-axtara yazıçıdan fikirlərinə maska taxmağı tələb edən oxucunu qazanmaq faciəm olardı, yoxsa uğurum? Bilmirəm…

    Şahanə Müşfiq “Bəzən yazarlar “oxucu yoxdur” – deyib şikayətlənirlər. Oxucu isə susmaqla kifayətlənir” cümlələrini yazmaqda da haqlıdı. Oxuduğunu “vaxt öldürmək”, “gün keçirmək” vasitəsi sayan bir oxucu üçün hayqırmaq, haray çəkmək yazıçının dəliliyidi, cəsarəti yox. O yazıçı qəhrəmandır ki, özüdür, fikirlərini buxovlamır, budamır, sinəsi tənqidçilərin tənqidinə, oxucuların təhqirinə hədəf olanda kürkünə bürünmür… Amma qəhrəmanlar da uzunömürlü olmur… Qısa ömürlərindən geriyə isə əfsanələr qalır. Rəşad Məcidin təbirincə desək, “əfsanələri dəyişmək olmaz”.

  • Şəfa VƏLİYEVA.”Bir az vaxtım var….” povetsindən hissələr

    This image has an empty alt attribute; its file name is sefabacim-300x298-1.jpg

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı


    (povest)

    I hissə…

    Özüm…

    – İnsanlar içində yalqızam. Geriyə dönə biləcəyim qədər irəli getməmişəm çünki… Elə bir yerdəyəm ki, daha mənə “həyatı belə yaşamazlar” – deyən yoxdur. Artıq çox adam bilir ki, həyat deyil bu. Əslində “həyat nədir?” sualına o qədər verəcəyimiz cavab var ki… İstənilən rəngdə don yaraşır bu “həyat” adlı gözələ. Onun əyninə biçilən hər donun düyməsi sədəfdən olmur… Naxışı yalandan oyulur, bəzəyi xəyanətdən vurulur bəzən… Və söylədiyimiz bu hallar bəzən faiz dəyərinə görə artır… Həyat özü yüz faiz hesablanırsa, onun göstəricisi 50-ni keçir…
    Danışdıqca özümə elə qapılmışdım ki, mənə elə gəlirdi dünyada təkəm. Amma həyat deyib izah etməyə çalışdığım anlamda tək deyilmişəm. Elə bu balaca otaqda da… Dayımın qızı yenə astaca pıçıldayırdı nəsə… Bacılarım ona qoşulub gülümsəyirdilər. Düzdü, dayımın qızının səsini eşidə bilməzdim. Lakin nə dediyini əzbərdən bilirdim… Hər dəfə eşitdiyim sözlər idi:
    – Fəlsəfə…Bu qız fəlsəfədi eee…
    Mənə elə gəldi ki, doğrudan da, fəlsəfəyəm…

    Fəlsəfə varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə ictimai şüur formalarından biridir, nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

    Bu elmi tərifdə mənə aid nə var, görəsən? Özümə və yaşadıqlarıma baxanda fəlsəfə ilə mənim cəmi bir ortaq cəhətimiz vardı: “Nəticə etibarilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir”. Bəli, maraqlıdır… Maraqlı olduğu qədər də gülməli haldı… Nəticə etibarı ilə mən də iqtisadi münasibətlərdən asılı idim… Dünyaya gəlişim belə müəyyən edilməsə də, (Allah hər bir bəndəsini sevərək yaradır) bu günüm sırf iqtisadi münasibətlərdən asılı idi. Nə isə… Doğrudan, fəlsəfə idim, deyəsən… Düşündüklərimə bax bir… Allah, məni özün qoru!
    Hər gün Allahıma dua edərkən yalnız bir şeyi istəyirəm ondan: “Məni məndən qoru, Allahım!” Bu da qəribə duadır, deyilmi? İnsanlar içində qorxduğun tək özün olasan… Və səni Yaradandan səni özündən qorumağını istəyəsən… Ehhh…. Allah səbir versin!!!! Dünya yaranandan bəri insanlar həmişə bircə şeyi istəyirlər dünyadan, insanlardan, Allahdan: “Xoşbəxtlik!”
    Əlisa Nicat deyir ki, xoşbəxtlik iki cür olur: heç nəyi dərk etməmək və hər şeyi dərk etmək. Heç nəyi dərk etməyənlər, məncə, dərk edənlərdən daha xoşbəxtdirlər. Məsələn, ağ gəlinliyi geyib ər evinə yol başlayan bir qız özünü xoşbəxt sayır. Çünki ağ gəlinlik geyib… Çünki sevdiyinə qovuşur… Amma dərk edəndə ki, sevdiyi kişi hələ onu “sevməzdən” əvvəl həyatındakı olan qadınla yenə əlaqə saxlayır, “uzaq rayona işə gedəndə” onun evində gecələyir, onun dərketmə qabiliyyətinin olmamasını kənardakı mən belə arzulayardım… Bu da xoşbəxtliyin bir cür izahı… Bəli, xoşbəxtlik…
    Bu fikirlərdən məni diksindirib ayıldan yenə dayım qızının səsi idi. Bu dəfə o pıçıldamırdı. Ucadan nəsə danışırdı. Eşitdiyim cümlələrdən, həqiqətən, diksindim:
    – Filarmoniyanın rəqs müəlliminin qızı vardı ey, axşam əri onu bıçaqlayıb… Boğazını neçə yerdən kəsib, özü də 3 yaşlı uşağın gözlərinin qabağında…
    Qız gəldi gözlərimin önünə. Uzun, qara saçları vardı o qızın. Özü də rəqs edirdi. Həyat yoldaşını özü sevmişdi. Ailəsinin etirazına rəğmən evlənmişdi. Bir gözəl-göyçək oğlu da vardı. Uşaq… Yenə fəlsəfə tərəfim işə düşdü, deyəsən…
    …Ana olmaq hər bir qadının arzusudur. Təəssüf ki, nikahların ümumi sayında sonsuz nikahların nisbi miqdarının artması ilbəil müşahidə olunur. Bu problemin bir neçə tərkib hissəsi var. Bu gün artıq mübahisəsiz qəbul edilmişdir ki, sonsuzluğun kişilərlə və qadınlarla əlaqədar səbəblərinin nisbəti, təxminən, eynidir və buna görə də ər və arvadın hər ikisi müayinə olunmalıdır.
    Müasir mətbuat bunu bağırır… Müasir statistika boşanmaların sayının ilbəil yox, günbəgün artdığını deyir. Müasir tibb elmi sonsuzluğu boşanmanın ümdə səbəblərindən biri kimi qəbul edir. Bəs uşaq olan ailədə ər niyə arvadının başını kəsməlidir ki? Niyə? Deməli, uşaq olmamaq, sonsuzluq ən böyük boşanma bəhanəsidir… Bəli, bəhanə…
    …Keçdim o biri otağa. Balaca bir dəftərçə vardı pəncərənin qabağında… İndi oturub bacılarıma və dayım qızına bu dəftərçədən danışsam, məni “fəlsəfənin atası” edəcəkdilər. Dəftərçəni əlimə aldım. Hər vərəqinə ağladığım bu dəftərçəni yazanı nə görmədiyimi, nə də tanımadığımı sanırdım. Amma oxuyunca, sanki ən yaxınımı görürdüm, duyurdum… Öz ürəyimin yerində iki ürək hesab edirdim… O ürək ki, içimdə özümdən çox dünya üçün, fəlsəfə üçün döyünürdü… Bu, mən idim! Bu dəftərçəni özümə yazığım gəlmədiyi anlarda yazmışdım, deyəsən. Bəs niyə özüm-özümün tanışı olmağa bu ömürdə vaxt tapmamışdım?! İlahi! Dəlimi oluram mən? Məni özün qoru, özün yaşat, Allahım!
    Yenə üzümü tutdum Allahıma… Yenə üzümü söykədim pəncərənin soyuq çərçivəsinə. Dəftərçəni açdım. Burdakı həyat hekayəsini əzbərləmişdim. Uşaqsız evi tanıyırdım. Övlad həsrətiylə yanan gənc qadını özüm kimi bilirdim…Və qərara gəlmişdim ki, dəftərçəni kitab halına salım. Nəşr etdirim… Ehhh… Arzular… Yenə iqtisadi münasibətlər… Yenə… Zəhləm gedir iqtisadiyyatdan… Niyə pul lazımdı mənə? Niyə mən lazım olan pulu zamanında və məkanında tapmıram? Axı niyə? Bu sualı kimə ünvanlayım, bilmirəm də…
    Dəftərçə belə başlayırdı: “Bir az vaxtım var…” Elə mənim də bir az vaxtım var idi. Başladım oxumağa… Oxuduqca onu yazanı, cümlələrin arasında, vergüllə nöqtələrin ayrılığında, nida işarələrinin həyəcanında yenə axtarırdım… Özüm özümün axtarışına çıxmışdım…

    Sevgi…

    ***

    Gənc qadın körpəsini qucağına elə sıxmışdı ki, elə bil bu an bütün əcinnələr və divlər Qaf dağından aşıb nağıllar diyarından gələcək, balaca qızını əlindən alıb aparacaq, mağarada saçlarından asacaqlar. Yevlax şəhərinin tozlu küçələrini arxada qoyduqca gənc ana sevinirdi. Öz evinə çatmayınca ürəyi rahat olmayacaqdı. Balasını qorumalıydı. Öz həyatı asan deyildi. Doğulmamışdan anası onu bacısına verəcəyini vəd etmişdi. Vədinə xilaf da çıxmadı. “Sonsuz” sayılan bacısına verdi qızını… Və gənc ana zamanında bir evin yeganə uşağı kimi böyüdüldü. Biləndə ki, qucağına sığınıb yatdığı doğma anası yox, xalasıdır, onun kiçik ürəyi sanki qəfəsdəki quşa döndü. Niyə belə olmalı idi ki? Bir müddət özünə gələ bilmədi. Anasından küsdü… Daha doğrusu, “analarından”… Yeniyetməlik çağında “özünün axtarışına” da çıxdı. Tapa bildiyi isə yenə taleyinə üsyan etməmək idi. Etmədi də… İki bacı birləşib onu üçüncü bacının oğluna ərə verdilər. İdeal ailə sayılacaqdı hesabda… Onun yaşamı yenə hesablanırdı… Yenə… Hesabdakı ailə xoşbəxt olmalı idi… Hesabla…

    Özüm…

    Hesaba bax ey… Kim ödəyəcək, görəsən, axırda bu hesabı? Kimə lazımdı axı bu hesabı ödəmək elə? Ailə də hesablanarmış… Ailə də plana salınırmış… Yaxşı yadıma düşdü, qanun layihəsi də var… Plana baxın da… Mən anlamıram ki, niyə insanın hissləri, həyəcanları, müqəddəs bildiyi nəsnələr bir kənara qoyulur, ancaq iqtisadi münasibətlər nəzərə alınır ailə məsələsində? Niyə oğlanlar düşünür ki, qızların atası varlıdısa, onunla evlənmək olar? Maraqlı bir məsələ də var.
    Bir şair deyir ki, oğlanların evlənmək fəlsəfəsi fərqlidir. Onun təbirincə, oğlanlar 25 yaşa çatanda anlayır ki, evlənmək lazımdır. Bu zaman ya varlı bir qızla evlənir, ya da, əksinə, sevgi axtarır. Sevir, evlənir, sevgi isə uşaq bezlərinin qiymətində əriyir… Başqa bir yöndən isə oğlanlar düşünür ki, kasıbdırsa, onun sevməyə də haqqı çatmır. Odur ki, qarşısına məqsəd qoyur: 30 yaşadək işləyib pul qazansın, sonra evlənsin. Bəzən bu arzular reallaşır, oğlanlar 30 yaşında ev, pul, avtomobil təşkil edir özünə və 15-16 yaşlı ceyran bulağındakı bir qızla evlənir. Yaxud da, əksinə… 30 yaşında da hələ kasıb olduğunu anlayır, özündən yaşca böyük, bir-iki dəfə ərdə olmuş “xalaşkayla” evlənib “şad-xürrəm yaşamaq”dan başqa çarəsi qalmır.
    Bəli, bəli, bu əhvalatı öz təbirincə bir şair söyləyib mənə. O şair ki, onu Allah sevərək yaradıb, sevərək dəyərləndirib və şair edib. İlham pərisini ona tanıdıb. Məhz o, “cəhənnəm odunda yanacaq şairlər” kəlməsindən qorxmayan insan bu cür düşünür. Onu düşüncəsinə görə qınamağa dəyməz. Çünki qınayanın başına gələr. Qınamıram da. Amma gəlin etiraf edək ki, bu düşüncə də düzgün deyil. Bu da planlı həyatdır və mən bununla da razılaşmıram…. Niyəsini isə yenə tam özüm belə anlaya bilmirəm. Əslində məntiqlə düşünəndə nəyi pisdir ki, bu planlaşdırılmış ailənin? Zəmanəti də var üstündə. Məsələn: 10 il, ən azı 25 il və s. Ancaq mən düşünürəm ki, ailələr qurulan zaman insanlar bir-birinə ürəyini verəydi… Üstündə də zəmanət kartı. Yazılaydı: “Zəmanəti: bir ömür…”
    Amma yazılmır. Bəlkə də, belə olsa, insanın robotdan fərqi olmazdı. İnsan elə bu cür yaxşıdı, plansız həyat… Planlaşdırılmamış uğur və uğursuzluqlar, onda həyat daha maraqlı keçir.

    “Ovu” uğursuz olan ölümə,
    Pərt olmuş əcələ
    gülə bilmədim yenə də…

    İlahi, sözə bax… Bəs mən? Mən niyə gülə bilmədim pərt olmuş əcələ? Bu şairi bilmirəm, amma mən gülə bilərdim, əgər əcəl tək məni aparmağa gəlsəydi… Amma bu əcəl başına daş düşmüş, (el qarğışı ilə qarğadım onu) balamı da aparmağa gəlmişdi. Apardı balamı özüylə… Məni isə aparmağa gücü çatmadı başı batmış əcəlin. Onun bu pərtliyinə gülə bilərdim əslində, balamı da aparmasaydı… Gülmədim… Balamın yoxluğuna gülə bilmədim… Ehhh…

    ***

    Hesablı evlilikdən karlı çıxmayan hər kəs idi… Övladlarını xoşbəxt görmək istəyən üç bacı da, gənc ana da, dünyaya öz kiçik gözləriylə boylanan qızcığaz da… Üç bacı öz övladlarına görə düşmən olmağı da bacarmadılar, dost olmağı da… Üçüncü bacının oğlu az keçmədən elan etdi ki, iki bacının sevimli qızını sevmir… Sevgi deyə bir şey yoxmuş bu evlilikdə… Hər şey saat dəqiqliyi ilə hesablanan bu evlilikdə təkcə sevgi hesaba salınmamışdı. Elə ona görə də sevgi qisasını yaman pis aldı. Sevginin haqsızlıq etdiyi cəmi bir nəfər vardı. O da balaca qızcığaz idi… Anasının tək sevinci olan bu qızın bundan sonrakı həyatında atasına yer olmayacaqdı. Bunu anası seçmişdi, müəyyən etmişdi, qəti qərara gəlmişdi. Və bacardığı qədər ana bunu etdi də…
    …Ana öz körpəsinə “ata” kəlməsini öyrətdi. Özü də sevgiylə… Onu ataya olan sevgidən təcrid etmədi. Lakin, ata sözünün yanında daha bir kəlməni də əzbərlətdi qızına: “Ata ölüb…” Evdə – uca və ağ divarların arasında Ayşəbəyim ərköyün böyüyürdü. Evin tək uşağı olduğundan anası da, nənəsi də onun nazıyla oynayırdılar. O bir növ “anauşağı” kimi böyüyürdü. Düşünməzdi ki, nə vaxtsa paltarını da tək geyinə bilər.
    İki qadın vardı Ayşəbəyim üçün həyatda. Biri illərlə beşiyə hüznlə baxan, övladsızlıq yükündən bükülən nənə, digəri isə ömrü gül açmamış solan, tək təsəllisi yeganə qızı olan gənc ana… Onlar elə düşünürdü ki, hərtərəfli təminat, nazını çəkmək Ayşəbəyimə atasızlığı daddırmayacaq… Lakin qızcığaz üçün atanın yeri həmişə görünürdü. Pəncərədən küçədən keçən uşaqların atasının əlindən tutmasına baxardı. Öz balaca əllərini birləşdirib bunu məşq edərdi sanki… Onun öz balaca dünyası atasızlığı yaşayırdı… Bunu anası və nənəsi hiss etməsə də… Atasızlıq onun üçün dərd olmuşdu. Kiçik ürəyinin böyük dərdi…
    Ana da işləyirdi, nənə də… Kiçik qızın o qədər paltarı vardı ki, bilmirdi hansını seçsin… Hamısını oyuncaq kimi oynadırdı…

    Özüm…

    Əslində mən uşaqlıq yaşamamışam… Yaşım uşaq yaşı olub, amma ürəyim uşaq ürəyi olmayıb… Belədirsə, bunun nəyi uşaqlıqdır ki?! Yadımda o qədər şey qalıb ki, uşaqlıq dövründən… “Kaş qalmayaydı” kimi düşündüyüm anlar da olur.
    Evdə olan yolagetməzlikdən bezmişdim. Bu sözü babamdan eşitmişdim. Hər dəfə evimizdə anamla atam arasında düşən mübahisənin sonu dava olardı. Babalarım qarışırdı işə… İkisi də eyni sözü deməklə kifayətlənirdilər: “Yola getmirlər, eh, bunlar…” Bu sözün mənasını bilmirdim. Elə bilirdim ki, bu söz yalnız dava-dalaş deməkdi… Yadımda qalan zamanlardan dava vaxtı qaçıb içəri gizlənməyim asılıb… Əldamının tavanındakı tirlərdən asılan quru əvəlik torbası kimi yellənməkdən də qorxur uşaqlığımın bu kiçik parçası… Qaçıb gizlənirdim qonaq otağındakı yükün altında. O qədər balaca idim ki, çarpayının altında otururdum, başım çarpayıya dəymirdi. Orada oturub düşünürdüm ki, mən böyüyəndə həmişə “yola gedəcəyəm”. “Yolagetməzlik” nədirsə, onu evimizdən qovacağam. Məni oradan tapıb çıxaran olmurdu. Heç axtaran da. Saatlarla orada otursam da, nə acmırdım, nə də yuxum gəlmirdi. Sadəcə, üşüyürdüm. Bərk üşüyürdüm. Elə ki ara sakitləşirdi, evdə səssizliyi duyurdum, tez çıxırdım ordan. Anamın yanına qaçardım. Anam üzümə baxıb doluxsunmuş gözlərilə oxşayardı məni. Onun baxışlarının həmin ifadəsi bu gün də gözlərimin önündədir… O ifadəni uşaq yaddaşıma elə yazmışam ki…
    Oyuncaqlarım da az idi… Gəlinciyim heç vaxt olmayıb. Cəmi bir dəfə kimsə mənə böyük, özüm boyda bir gəlincik almışdı, anamın başı qarışan kimi sındırdım, saçını yoldum, aparıb pəncərədən eşiyə atdım. Bununla da gəlincik dövrü bitdi. Bundan sonra heç vaxt heç kim mənə gəlincik almadı… Mən də gəlinciklə oynamadım…
    Deyirlər, qız uşaqlarına ona görə gəlincik alırlar ki, o analıq duyğusuna alışsın. Körpəni qayğıyla əhatə etməyə öyrəşsin. Deyirlər, guya qız uşaqları analığa hazır olurlar gəlinciklə böyüyəndə… Qucaqlarında gəlincik yatanda ana duyğuları oyanır onlarda… Mənimsə heç vaxt gəlinciyim olmadı. Olmadı… Olmadı!!!
    Bunun özündə də məntiq varmış… Mən “ana” ola bilmədim… Bilmədim… Bilmədim!!! Əslində, bu, mənim bacarıqlarım xaricində idi. Bu da alın yazısı idi…
    “Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox insanların özlərinə bəraət qazandırmalarına səbəb olur”.
    Bəs mən? Mən ana olmadım deyə alın yazısını özümə bəraət qazandırmaq üçünmü uydurmuşam? Yox… Çünki ana olmaq əlimdə deyildi… Balamı alan əcəllə savaşmaq da əlimdə deyildi… Bacarmırdım, yox, bacara da bilməzdim…
    Cəmi iki oyuncağım vardı: bir sarı dələ və bir sarı zürafə… Hər ikisini qarşı-qarşıya qoyub saatlarla onlara baxırdım. Fikrimdə onları danışdırardım. Onların söhbəti mənə o qədər maraqlı gəlirdi ki… Evimizə gələnlər anama deyirdilər:
    – Bu necə sakit uşaqdır. Elə oturub oyuncaqlara baxır, vəssalam. Bizimkilər evi dağıdır ey bütün.
    Anam isə mənim bu səssizliyimdən narahat olurdu. Ana idi axı… Balasının səssiz duraraq öz balaca qəlbində nəyi gizlətdiyini ondan yaxşı kimsə bilə bilməzdi… Həm də uşaqlıqdan elə hey ağrıyırdım. Ağrıyan yerimi dəqiq deməyə dilimin gücü çatmadığı vaxtlarda belə ağrıyırdım. Və anamın gözlərindəki təlaş dolu peşmançılığı görəndə anlayırdım ki, mən anamın ağrıyan yeriyəm… Anam mənimlə ağlayır, ağrıyır, göynəyirdi… Mənim oyuncaqlarım danışırdılar ki, bu balaca, qaraca, çirkin qız böyüyəndə daha ağrımayacaq… Özünə sarı rəngli don alacaq, anasına isə qara rəngli corablar… Daha anası corabını yamayıb geyinməyəcək… Onların bu söhbəti mənə elə xoş gəlirdi ki…
    İndinin özündə də anama azı həftədə bir cüt corab alıram… Anamın donu azdır, amma corabı çoxdur… “Niyə alırsan?” – deyə danlayır məni hərdən… Ancaq bilmir ki, bunu mən o səssiz “danışan” oyuncaqlarıma söz vermişəm… Bunu onlar danışıblar o vaxtlar…

    ***

    Hər nə qədər Ayşəbəyim paltarlarını, evdəki bahalı qab-qacağı oyuncaq etsə də, tək oynamaq onu sıxırdı. Tək oynamaq mənasız idi…
    Hərçənd, o, öz uşaq ağlıyla sıxılmağın, mənasızlığın nə olduğunu bilmirdi, lakin tək oynamaq istəmirdi. Uşaq ağlıyla bircə şey düşünürdü: tək olmaq da, tək oynamaq da pisdir… Çox pis…
    Nənə və ana ona başqa uşaqlarla oynamağı qadağan etmişdilər. Qorxurdular ki, uşaqlarla küçədə oynayanda qaçıb tərləyər, soyuqlayar. Evdə olanda qapını içəridən bağlayırdılar ki, birdən başları qarışanda qaçıb eşiyə gedər, xəstələnər…
    Ayşəbəyim fiziki cəhətdən zəif uşaq idi… Bəlkə də, qorunmasının səbəbi onun zəifliyiydi. Kiçik qızcığaz pəncərədən çölə boylanınca uşaqların oyunlarında, şən səslərində belə bir nisgil duyurdu…
    Həsrətin nə olduğunu hələ onda anlamışdı… Küçəyə hərdən çıxanda uşaqlar barmaqla onu göstərib deyirdilər:
    – Baxın, onu anası oynamağa qoymur…
    Biri əgər onu oynamağa çağırsa, o birisi tez ucadan səslənirdi:
    – Çağırma… Onsuz da anası icazə verməyəcək…
    Bu sözlər onu ağrıdırdı… Axı niyə o başqaları kimi olmamalıydı? Niyə fərqli idi? Düzdü, onun da öz şıltaqlığı, nadincliyi, uşaq nazı vardı… Amma yalnız anasına və nənəsinə naz edərdi. Onların sözündən çıxıb uşaqlara qarışmazdı…
    Zaman keçdikcə Ayşəbəyimin də arzuları irəliləyirdi… Hər şeylə maraqlanırdı, hər şey haqqında bilməyə can atırdı… Arzusu, özü də ən böyük arzusu alim olmaq idi.
    Balaca qızcığazı evdə tək buraxmağın çətinliyini anayla nənə öz ağrılı ürəklərində daşıyırdılar. Üç yaşlı qızın əlindən tutub bağçaya apardılar. Gülərüzlü, mehribanlığı barmaqlarının toxunuşuna köklənən tərbiyəçi-müəllim Ayşəbəyimin əlindən tutub stolda əyləşdirdi. Saçlarını tumarladı… Hər tumarında bir qayğısızlıq görünsə də, əslində onun ürəyindəki gizli tərəddüdlər barmaqlarında titrəyirdi… Bu titrəyiş körpə qızcığazın tellərini də titrədirdi… Anasının işə getmək saatı çatdı. Qadın başını aşağı salıb hüznlü bir şəkildə otaqdan çıxmaq üçün qapıya yönəldi. Bu an qızcığazın təlaşdan böyüyən gözləri anasının arxasınca boylandı. Və cəldliklə ayağa sıçrayıb kiçicik boyuna uymayan hikkəylə qapıya doğru cumdu. Tərbiyəçi-müəllim hər nə qədər onu qılıqlamağa çalışsa da, anası işə getdiyini desə də, Ayşəbəyim nazik barmaqlarını anasının donundan qoparmadı…
    O gündən sonra ana və nənə növbə ilə qızcığazı özləriylə bərabər işə aparırdılar. Ana pambıqtəmizləmə zavodunda işləyirdi. Nənə isə camaatın xeyir-şərində “əl-əl axtarılan” aşpaz idi.
    El məclislərində sakitcə bir küncdə oturan qızın marağını heç nə çəkmirdi. Sadəcə, insanların səs-küyünə alışmışdı. Zavodda isə saatlarla qaranquşun yuvasına baxırdı. Uşaq ağlıyla onun yuvasının içini təxəyyülündə canlandırırdı. Ayşəbəyim üçün qaranquşun yuvasında kiçik taxta stullar, bəzəkli çarpayı, qaranquş balalarının cürbəcür oyuncaqları var idi…
    Beləcə, illəri yola salırdılar… Artıq Ayşəbəyimin 5 yaşı vardı. Bu gün onu özüylə aparmaq ananın növbəsi idi. İşə çatınca işçilərdən biri zavod direktorunun təcili iclas keçirəcəyini dedi. Anası qızı iclas keçiriləcək zala bitişik otağa aparıb, orada sakitcə oturmasını tapşırdı. Ayşəbəyim buradan direktorun zəhmli səsini eşitsə də, onun çığır-bağırını anlamırdı. Bu səs onu yarıqaranlıq otaqda vahimələndirirdi. Qorxa-qorxa ayağa qalxıb asta-asta yeriməyə başladı. Bura baş mühəndisin təcrübə otağı olduğundan dəzgahlarla dolu idi. Uşaq marağı qorxuya üstün gəlirdi… Və gəldi də! Ayşəbəyim dəzgahların birinə yaxınlaşdı. Üstü bəzəkli, rəngbərəng düymələrlə dolu idi. Bu düymələri yaxşı görmək üçün balaca dabanlarını qaldırdı. Bir az beləcə baxdı, baxdı… Yoruldu. Ayaqlarını yerə ürəklə basıb nəfəsini dərdi. Ancaq baxışları hələ də düymələrdə ilişib qalmışdı. Yenə dəzgaha yaxınlaşıb dabanlarını qaldırdı. Şəhadət barmağından başqa bütün barmaqlarını qatladı. Ehmalca qırmızı düyməni basdı…
    Dəzgahın dəmir cingiltisinə bənzəyən səsi bütün zavodu bürümüşdü. Direktor qapını açanda Ayşəbəyim əllərini arxasında gizlədib qorxmuş halda divara qısılmışdı. Anası cəld uşağı qucağına alıb təlaşla dillənmişdi:
    – Bağışlayın, məcbur qalıb gətirmişdim özümlə… Bir daha olmaz…
    Həmin gün Ayşəbəyimin anası ilə işə getdiyi son gün oldu. Artıq nənə də onu el məclislərinə, xüsusilə, yas çadırlarına aparmaqdan utanırdı. Buna görə də məcbur qalıb uşağı 5 yaşında birinci sinfə apardılar…
    Ana ilə nənə həyatın bütün rənglərini qıza yaxşı tərəfdən, parlaqlığı ilə göstərməyə çalışırdılar. Ancaq onlar bilmirdilər ki, Ayşəbəyim bu rənglərin solğunluğunu duyur. Onu Yaradan belə yaradıb… Atasızlığı yaşayan qəlbinə, fiziki cəhətdən zəif bədəninə rəğmən onda elə bir qəribə duyğu var ki, Tanrı onu hər bəndəsinə vermir. Bu duyğunun adını hələ Ayşəbəyim özü də bilmirdi…
    Ana müəlliməyə ilk gündən tapşırmışdı ki, onu uşaqlarla həyətdə oynamağa qoymasın. Çünki yıxılar, üzündə cızıq izi qalar. Bir qədər sadəlövh kimi görünsə də, bu istək səbəbsiz deyildi. Ayşəbəyimin ağ, süd kimi tər-təmiz bənizi anasının aydınlığı idi… Bu aydınlıq ana üçün həyatın bulanıq tufanlarını yuyub aparan dumduru sular idi…
    Ayşəbəyim heç vaxt uşaqlarla oynamırdı. Daim böyüklərin müdrik kəlamlarını eşidir, onlara riayət etməyə çalışırdı. Hamı onun ağıllı uşaq olduğunu deyirdi. Qonşular, qohumlar öz uşaqlarına onu misal çəkirdilər. Ona isə elə gəlirdi ki, nəsə düzgün deyil. Axı yaşlıların, böyüklərin, müəllimlərin məsləhətinə olduğu kimi əməl edən təkcə o idi.
    Hətta bir dəfə direktor müavini məktəb kollektivi qarşısında məsələ qaldırmışdı: “VII sinifdə oxumasına baxmayaraq, biz Ayşəbəyimi xüsusi səliqəsinə, nizam-intizamına, davranışına, hətta savadına, VIII sinfin proqramını bildiyinə görə bir sinif yuxarı keçirmək istəyirik”. Amma anası razı olmamışdı. Onsuz da Ayşəbəyim məktəbə 5 yaşında getmişdi. Bir sinif də qabaqlamaq onun cılız bədəninə, dümağ sifətinə yaraşmazdı… Anası belə düşünmüşdü…
    Özlüyündə isə ana qızıyla fəxr edirdi. Ayşəbəyimi o qədər tərifləyirdilər ki, bütün uşaqlar dərsdə onunla oturmaq istəyir, tənəffüslərdə başqa sinfin uşaqları onunla danışmağa can atır, küçədə qadınlar qucaqlayıb öpürdülər. Bütün bunlar ananın, nənənin, müəllimlərin fərəhinə səbəb olsa da, Ayşəbəyim üçün yenə nəsə tam deyildi…
    Rayonun işıq-qaz sistemində problemlər yaranmışdı. Sovet dönəmindən qalan işıq xətləri, qaz boruları köhnəlmişdi, təmirə ehtiyac vardı. Təbii ki, təmir başa çatana kimi müəyyən çətinliklər olmalıydı. Oldu da…
    Ana səhər tezdən oyanır, odun yarır, sobanı qalayıb çayı qaynadır, qızını ev isinəndən sonra yuxudan oyadırdı. Ev tapşırıqlarını isə Ayşəbəyim ya axşamdan neft lampasının işığına, ya da hamıdan bir saat əvvəl gedib məktəbdə hazırlayırdı.
    Dərd gələndə birdən gəlir… Pambıqtəmizləmə zavodu da fəaliyyətini dayandırdı. Ana artıq işsiz idi. Bütün yük nənənin çiyinlərinə öz ağırlığını salmışdı. Əlbəttə, ana buna dözə bilməzdi. Odur ki, bazardan xırda məişət ləvazimatları gətirib yaxın qonşular arasında satmağa başladı. Beləcə, Ayşəbəyimin gündəlik dəftər-kitab xərcini üstələməyə çalışdı. Zamanla bunu bacardığına evdə hamı-nənə də, Ayşəbəyim də sevinirdi.
    Qızın sevinməyi də qəribə idi. Hamı kimi sevinə bilmirdi elə bil. Ürəyində həmişə sevincin kölgəsində bir nisgil olurdu. Bu nisgil onu gizlincə otağa çəkilib saatlarla ağlamağa məcbur edirdi. Əvvəllər belə düşünsə də, böyüdükcə Ayşəbəyim gizli ağlamaqlardan ürəyinin boşaldığını, nisgilinin şam kimi öləzidiyini anladı. Və özlüyündə yaxşı oxumaq, ali təhsil almaq, anasına öz savadı ilə dayaq durmaq qərarına gəldi.

    Özüm…

    Məktəbi bitirəndə sinifdə on səkkiz uşaq idik. Ən kasıbı mən idim. Ən yaxşı oxuyanı da. Məni də Ayşəbəyim kimi hamı öz uşağına misal çəkirdi. Adımı eşidib üzümü görməyənlər də vardı. Bu valideynlər vaxtaşırı atamın yanına düşüb bizə gələr, mənə baxardılar. Ən çox yadımda qalan təəccüblü baxışlar olurdu. Sanki bu baxışların hamısı eyni dildə danışırdılar: “Bir bunun iynə boyuna, bir də dam-dolusu toyuna bax!”. Çox balaca idim. Nəinki balaca, həm də qaraca idim. Sinif yoldaşlarım son zəngdən sonra üzü payıza toya hazırlaşırdılar. Mənsə ali məktəbə. Bütün günü oxuyurdum.
    Dövlət imtahanına bir ay vardı deyə, son zəng ərəfəsində özümə beş-altı gün istirahət zamanı ayırmışdım. Pilləkənimizin üstündə yarımçıq eyvan vardı. Taxta çərçivələr bir-birinin yanında elə dayanmışdılar ki, elə bil “Günəş krallığı”nı fəth etməyə gedəcək Roma əsgərləri cəngavər əmri gözləyirdilər. Bu taxta çərçivələrdən başımı azca irəli uzadanda evimizlə üzbəüz olan kitabxananın qapısını aydınca görə bilirdim. Bir gün yenə kitabxananın qapısına baxırdım. Dodaqlarımın arasından şeir süzülürmüş, sən demə…

    Aradan altı il ötübdür, gülüm,
    Hələ üstüm-başım idimə düşmür.
    Yadımdan heç zaman çıxmadığınçün,
    Yadıma düşdüyün yadıma düşmür.

    Misraları təkrar-təkrar pıçıldamağa başladığım anda sinif yoldaşım Minnətin yolayrıcında durub gözünü mənə zillədiyini gördüm. Sinifdə partalarımızın arasında bir addımlıq məsafə vardı. Üz-üzə dayandığımız zamanlar az olmamışdı. İndi isə Minnətin baxışları mənə ayrı cür görünürdü. Başımı geri çəkib aşağı çökdüm. Ayağa qalxdığımda kitaba cumdum. Özümə verdiyim istirahət günlərini tamamlamaq mümkün olmadı.
    Dövlət imtahanlarının cavabı çıxınca məlum oldu ki, imtahan verən cəmi altı şagirddən yalnız ikisi: mən və daim mənimlə rəqabətdəymiş kimi özünü hər addımda gözə təpən İnqilab tələbə olacağıq. Mən sevinirdim… Hələ də o sevinci bəzəyib-düzəyib anlatmaq üçün sözlər tapa bilmirəm…
    Tələbə olmuşdum. Dördillik tələbə həyatında cəmi iki cins şalvarım, bir qara, balaca çantam, uşaq mağazasından ucuz qiymətə aldığım üstü “cırt-cırtla” bağlanan bir ayaqqabım qarderobumu tamamlayırdı.
    Bütün bunlara qarşılıq, olduqca gözəl müəllimlərim vardı… Şair İnqilab İsaq, musiqişünas Şirin Rzayev, professor Qabil Seyidov, professor Kəmalə Seyidzadə… Bu dörd müəllimin qarşısında tələbə kimi oturduğum üçün qürur duyurdum. Və bu qürur hissi mənim duyğularımda öz ömrünün ikinci onilliyinə qədəm qoyub. Böyük oğlan olsun!

    ***

    Zaman öz işini görür, Ayşəbəyim böyüyürdü. Yeniyetmə çağlarında hamı onu qaradinməz, qaşqabaqlı, lakin olduqca gözəl bir qız kimi tanıyırdı. Bəziləri bu qaradinməzliyi gözəllikdən doğan təkəbbür kimi qiymətləndirir, kimisi isə bunu onun “ağıllı”, “yerəbaxan” qız kimi olmasıyla əlaqələndirirdi.
    Ulu Tanrının Ayşəbəyimə bəxş etdiyi ən gözəl ərməğan onun içində, ürəyində idi. Öz sirrini tül rübəndin altında gizlədən gözəl kimi cilvələnirdi, nazlanırdı onun duyğuları həyat qarşısında. Daxilindəki tufanları sərin mehlə örpəkləyib olmuşlara və olacaqlara üsyan edirdi bu qızın kiçik ürəyi… Ürəyindən pərvazlanan duyğuları qələmdən süzülürdü, misra-misra vərəqlərə axırdı.
    Məktəbdə yaşıdı olan qızlardan çox fərqliydi Ayşəbəyim. Qızlar bulağından su içən gözəllərin hamısının aşiqi vardı, aşkar, ya gizli. Təkcə onun yox idi. Baxmayaraq ki, bu qızın gözəlliyi Yevlax rayonunun sərhədlərini çoxdan aşmışdı, yenə də adını tutan, “Ayşəbəyim” – deyən gözə görünüb, qulağa dəymirdi. Bütün qızların arxasınca, xəlvətə düşəndə yanınca məktəbə bir oğlan gedirdi. Ayşəbəyimin isə yanınca həmişə anası gedirdi. Məktəbin darvazası yanında da daim onu gözləyən anası idi.
    Ancaq qıza elə gəlirdi ki, anası “evin kişisi” kimi yaranıb və bu, belə də olmalıdır. Onu qorumalı, evə su, odun daşımalı, həyət-bacanı səliqəyə salmalı, barının sökülən, uçulan yerini təmir etməli, bazarlığa getməli, eyni zamanda, bu bazarlıq üçün pulu qazanmalıdır. Bütün bunların qarşılığında Ayşəbəyim bəzən beyninə dolan fikirlərdən qorxurdu. Bir cümlə isə nə qədər unutmağa çalışsa da tez-tez dilinin ucunda bitirdi: “Tanrı da səhv edə bilir”.

    II hissə

    Nifrət

    ***

    Ayşəbəyim artıq onuncu sinifdə oxuyurdu. Böyümüşdü. Hər şeyi biləcək qədər böyüdüyündən tale bağlı qapıları onun üçün açmaqda israrlıydı. Gül ləkləri ilə əhatələnmiş bağçaya stol qoyub dərslərini hazırlayırdı. Elə də hündür olmayan barıdan küçədən keçən adamların başı görünürdü. Ayşəbəyim hərdən başını yazıdan qaldıranda bu adamların gah birisiylə salamlaşar, gah da tələsik keçənləri baxışlarıyla ötürərdi. Bir də başını qaldıranda saçlarına təzəcə dən düşmüş bir kişinin diqqətlə ona baxdığını gördü. Qız qorxdu. İçinə dolan bu qorxunun yanıyla gələn şübhələr daha betər idi. Çünki kişinin baxışları maraq dolu olduğu qədər də qıza tanış gəlirdi. Hətta o qədər tanış gəlirdi ki, elə bil hər gün görürdü bu bəbəkləri… Bir neçə dəqiqə bir-birinə kilidlənmiş baxışların sonu tez gəldi. Kişi başını aşağı salıb getdi.
    Bu hadisə bir ayda dalbaadal, ən azı altı dəfə təkrarlanınca Ayşəbəyim nənəsinə içindəki qorxulardan danışdı. Şübhələrini isə bir sirr kimi qorumağa çalışdı. Ömrünün çoxunu yola salıb arxasınca su atmaq fikrinə düşməyən nənə üçün bu, ürəyindəki yükü artırardı. Daha qız bilmirdi ki, nənə o kişinin gəlməsini eşidəndə onsuz da ömründən ağır yük karvanını hər açılan sabahından keçirərək yuxusu ərşə qaçdığı gecələrə aparır. Və bu karvanın sarvanı elə o, özü olur.
    Növbəti dəfə Ayşəbəyim nənəsinin mətbəxdə olmasından ürəklənərək cəsarətlə ayağa qalxıb kişidən soruşdu:
    – Axı siz kimsiniz? Niyə mənə elə baxırsınız?
    – Tanımazsan… Mən səni görəndə balaca idin, indi böyüyüb gözəl bir qız olmusan.
    – Elə tanımaq istəyirəm. Kimsiniz? – Anandan soruş, o deyəcək.
    – Anam evdə yoxdur! – Ayşəbəyim artıq hirslənirdi. Səsinin daha da codlaşdığını hiss edirdi.
    – Mən sizdən eşitmək istəyirəm. Qohumsunuz?
    Kişinin dodaqlarının kənarına kinayə dolu təbəssüm yığılmışdı. Həmişə maraq dolu olan bəbəklərindən qəribə bir hiss asılmışdı. Bilmək olmurdu ki, nəyəsə hirslənib, yaxud nəyəsə heyfsilənir. Ya da hər iki hiss orda necə doğmalaşa bilib? Nəhayət, kinayə ilə bükülən dodaqların arasından ikicə kəlmə ilan qayadan sürüşən kimi sıyrılıb çıxdı:
    – Sənin atanam.

    ***

    Yox, Ayşəbəyim bu kişiyə inanmadı. Onun atası çoxdan ölmüşdü axı. Anasıyla nənəsi ona yalan danışmazlar. Düşündü ki, yəqin, o kişi sərxoşun biridir, nə danışdığını özü də bilmir. Ağlı başında adam nə durub kimsənin uşağına barıdan baxmaz, nə də yalandan “sənin atanam” – deyib uydurmaz. Kişi gedəndən sonra zamanın bir ölçüsündə özünü günahlandırmağı da bacardı. Necə icazə vermişdi ki, yad bir adam atasının xatirəsinə toxunsun?! Bircə şəkli olmasa da, atası onunçün vardı. Onun xəyalında idi… Onun bütün “atalı arzularının” qəhrəmanı idi. Uşaqlıqdan bəzən atasının-xəyali qəhrəmanının şəklini çəkirdi. O qədər hər dəfə daha yaxşı çəkim deyə cəhd etmişdi ki, axırda rəsm müəllimi çəkdiyi şəkillərdən bir neçəsini Bakıya-şagirdlərin sərgisinə aparmışdı. Ayşəbəyimin rəsm çəkməkdə qabiliyyətli olmağıyla hər yerdə fəxrlə danışardı. Amma o, ağlına da gətirməzdi ki, bu qabiliyyət qızda atasının rəsmini daha yaxşı çəkmək cəhdi ilə yaranmışdı. Üstəlik, “ata” kəlməsinin dilinə gəlməsiylə ürəyində özünü qatil sandığı, anasının uşaqlıqda danışdığı daha bir əhvalat da vardı. Eşitdiyi gündən bu yana bir dəfə də olsun anasından danışmasını istəmədiyi, özünü qatil hiss etdiyi əhvalat… Anası danışmışdı ki:
    – Sən onda çox balaca idin. Bütün gecəni kukla deyib ağladın. Atan da səhər açılan kimi qaça-qaça sənə kukla almağa gedirdi. O qədər tələsirdi ki, üstünə gələn maşını görmədi. Maşın da onu vurub öldürdü.
    Bu əhvalata inanmışdı. Həmin gün kukla deyib ağladığı üçün özünü olduqca günahkar hiss edirdi. İllərlə içindəki bu özünü bağışlaya bilməmək hissiylə yaşamışdı. Bu necə olur, bilməyi kimsəyə arzulamırdı… İndi isə hansısa danışığını bilməyən bir kişi onun atasıyla bağlı xatirələrini alçaldırdı.
    Axşam anası evə gələndə xahiş etdi ki, bir dəfə atasının məzarını ziyarətə getsinlər.
    – Çox uzaqdadı. Məktəbi bitir, instituta qəbul ol, aparacağam. Hər şeyi öz gözünlə görəcəksən, – dedi anası. Danışdıqca bir dəfə də olsun başını qaldırıb qızına baxmırdı. Anası bir də onun gözlərinin içinə bir həftə sonra baxdı…
    Həmin gün Ayşəbəyim məktəbdə keçirilən tədbirə görə hazırlığa gecikmişdi. Müəllim yanına aparacağı kitablar evdə olduğundan məktəbdən evədək yüyürmüşdü. Təngnəfəs darvazanı açmaq istəyəndə içəridən gələn qarma-qarışıq səslər onu dayandırdı. Anası bir kişi ilə mübahisə edirdi. Dayanıb dinləməyə başladı.
    – Hər şey boş yerədi! – Bunu anası deyirdi.
    – Bir səhvlikdi elədim də. Bağışla, – Kişinin səsi də tanış gəlirdi.
    – Qayıt ailənə. Qızımla öz həyatımızı qurmuşuq.
    – Mən sizsiz darıxıram… Yenidən…
    – Gecdir, get, bir də qapıya gəlmə! – Anası kişinin sözünü kəsdi.
    – Ayşəbəyim heç bilmir ki, onun atası sağdı, – Kişinin səsinə bir az hikkə də qarışdı.
    – Bəs sən nə fikirləşirdin? Elə bilir atası ölüb.
    – Niyə ki? Mən onun atası deyiləmmi? Məni niyə gizlətmisən uşaqdan? – Əsəbi qışqırtı qızın tüklərini ürpəndirdi.
    – Onun həyatını məhv edə bilmərəm. Ali məktəbə hazırlaşır. Get, imkan ver yaşayaq.
    Dünyaya niyə gətirdiklərini dərk etməyən övlad isə darvazanın arxasında valideynlərinin bu söhbətini eşitdikcə onun üçün həyat məhv olmağa başlayırdı. Elə bil hər şey rəngini dəyişib bozarır, ağaclar əyiş-üyüş olub bir-birinin üstünə yıxılır, quşlar civildəmir, boz-boz ulayırdılar. Ayşəbəyim darvazadan uzaqlaşdı. Yeridikcə yol gözləri önündə gah axır, gah çökəlir, gah da hər bir torpaq dənəsi bir qara qayaya çevrilib getməsinə imkan vermirdi. Geri döndü. Məzarına qoymaq üçün uşaqlıqdan bəri hər yaz çəməndən gül yığdığı atasının üzünü görmək marağı hər şeyə üstün gəlmişdi. Uşaq ağlıyla özünü ölümünə səbəbkar saydığı atası bu dəmir darvazanın o üzündə idi. Darvazanı əli titrəyərək itələsə də, dimdik dayandı. Əvvəlcə düz anasının gözlərinin içinə, sonra da atasına baxdı. Hər gün barının o üzündən ona baxan, “sənin atanam” deyən kişi idi. Dodaqlarının kənarındakı kinayəli təbəssüm bütün üzünü bürümüşdü. Dodaqlarından saxta bir mülayimlik asılıb yıxılacağını gözləyirdi. Ayşəbəyimin ürəyində qəribə sızıltı baş qaldırdı. Qız bu sızıltıyla dorğudan–doğruya qatil olmağı arzulayırdı. Bu kinayəli təbəssümü yarıda qoyacaq bir qatil olmaq arzusu bütün əzalarını gərmişdi. Bu hissin adı nifrət idi. Ayşəbəyim atasına nifrət edirdi…

    ***

    O gün heç nə yeməmişdi Ayşəbəyim. O gecə səhərədək anası ilə nənəsi pəncərənin o üzündə, o isə bu üzündə öz yorğanına bürünərək ağlamışdı. Səhər bitib-tükənmək bilməyən suallarla açılmışdı. Bu suallar anasına ünvanlansa da, cavabları nənəsi vermişdi. Ayşəbəyim bilmişdi ki, atası anasının xalası oğlu imiş. Hələ hamiləykən anası atasının xəyanətini eşidib qızını doqquz ay tamam olmamış dünyayla salamlaşmağa məhkum etmişdi. Hər an ölümlə üz-üzə yaşayan körpə illərdir məhz bu səbəbdən çöl-bayırdan, isti-soyuqdan qorunmuşdu. Övladını itirmək qorxusu anaya doğum sancılarıyla birgə göndərilmişdi. Və bütün bunların günahkarı ata idi…
    Ayşəbəyimin dünyaya gəlişi də atanı evinə, ocağına bağlamamışdı. Yenə hər gün evdə dava-dalaş, yenə içki şüşələri, yenə xəyanətlər… Bir gün, hətta uşağı qucağına alıb nənəylə ananın qarşısına da çıxmışdı:
    – Bu uşağın atasız böyüməyini istəmirsinizsə, mənə maşın alın!
    Bu, ailə adlı sarayın açıq qalan tək pəncərəsi idi. O gün o pəncərə də bağlanmışdı. Bir daha günəş işıqlarına açılmayacağına qərar verilmiş pəncərənin o üzündən görünən keçmişdə nələr olmuşdusa, hamısının günahkarı ata idi. Hardasa bir məzarının olduğunu bildiyi atası daha doğma, daha əziz idi Ayşəbəyimə. Yaşadığına əmin olduğu ata isə onun üçün əsl günahkar idi… O, ata deyildi. Ayşəbəyim ona ata deyə bilməzdi. Onu xəyalına yaxın da buraxmazdı… Lakin həyat öz gerçəkliyini güzgü işığı kimi insanın gözlərinə salıb qamaşdırmaqdan həmişə zövq alıb.
    Ayşəbəyim gözünə düşən güzgü işığında bütün kişiləri eyni ölçüdə görürdü; elə bilirdi ki, bu dünyada nə qədər oğlan, nə qədər kişi varsa, hamısı onun atası kimidi… Hamısı da yalnızca günahkar olmağı bacarırlar. Onun içində dünyanın bütün kişilərindən qisas almaq kimi bir hayta vardı. Lakin bütün bunlarla yanaşı məktəbi bitirib ali təhsil almaq arzusu da ürəyindən bəbəklərinə yol tapa bilmişdi. Ayşəbəyim kitablara insanlardan daha çox etibar edirdi. Bütün oğlanları acılayır, kiminsə ondan xoşlandığını eşidəndə mütləq onunla dalaşardı. Bunu bütün kişilərdən aldığı intiqam sayaraq rahatlana bilirdi. Üstəlik, eşitmişdi ki, atası ikinci arvadından da boşanıb, hardasa tək-tənha yaşayır. Bu, onu sakitləşdirən daha bir təsəlli idi. Və bu təsəlli onun əla qiymətlərlə məktəbdən məzun olduğu zamanda qulağına çatmışdı. Heç kəs təbrik etdiyi, xoş sözlər dediyi qızın içindəki tükürpədən dəhşətli təəssüfdən xəbərdar deyildi. Qarşıda ali təhsil vardı.

    Özüm…

    Bir dəfə qanlı knyaginya Batori haqqında kiçik bir yazı oxumuşdum. Onu qaniçən, kişilərin məhvinə çalışan bir cəllad kimi tarixə salan həqiqətin nə olduğunu bilmək marağı oyanmışdı məndə. Sonra bilmirəm nələr oldu, hansı maraq Batorini kölgədə qoydusa, bir də qanlı knyaginya haqda yeni film çəkildiyini eşidəndə yadıma düşdü. Rejissoru qadın olan iki saatlıq filmə nəfəs çəkmədən baxdım. Əvvəllər oxuduqlarımın üstündən iri bir projektor işığı keçdi kimi təsirləndim. Macar rejissor bu filmdə Batorinin kişilərə olan nifrətinin günahkarını bir-iki epizodda gözəl açıqlayır: knyaginyanın əri…
    Demək istədiyim odur ki, kişilərin qadın nifrətinin də, qadınların kişi nifrətinin də altında mütləq və mütləq öz həmcinslərini gözdən salan biri vardır. Biz bunu görmürük. Görməyə heç can atmırıq da. “Cinayət psixologiyası” adlı məfhum dünyamızda psixoloqların ən qiymətli tapıntılarından biridir. Hərçənd ki, bu nəzəriyyə ədəbiyyatda Dostoyevski ilə başlayır, lakin Dostoyevski kimi bir yazıçının əsərin yazılma prosesində psixoloq kimi öz obrazı üzərində seanslar aparmasını unutmaq lazım deyil. Amma ədəbiyyatda da, kriminalistikada da səbəblər çox az hallarda axtarılır. Bunun günahkarı, təbii ki, nə yazıçı, nə də kriminal-psixoloq deyil. Əsl günahkar içində mən olmaqla əsərlərin ünvanlandığı və cinayətlərin baş verdiyi andan marağını cinayətkara qarşı itiləmiş cəmiyyətdir. Cəmiyyətdə heç kim öz işindən və həyatının düzənindən ayrılaraq cinayətin səbəbi haqda düşünmür. Onlar nəticəni-cinayəti sevir. Bəli, sevir! Bu sevgi növbəti cinayətin cücərmə səbəbidir. Qadın-kişi nifrətinin də nəticəsi eyni ilə belə maraqlı gəlir insanlara. Çünki qarşı-qarşıya qoyulsa, kişilər mələk, qadınlar məlakə olduqlarını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Təbii qanunauyğunluqla düz edirlər. Axı bütün qadınlar Silviya Plaz, bütün kişilər də Aqata Kristinin obrazı Amyas Krale deyil…

    ***

    Ali məktəb imtahanı yaxınlaşdıqca Ayşəbəyimin cılız bədəni sürətlə cılızlaşmağındaydı. Qıza elə gəlirdi ki, ürəyinin içində boyundan böyük bir hava şarı var və bəzən nəfəs aldıqca o şar şişir, şişir, partlamaq dərəcəsinə gəlir. Bütün günü kitab əlindəydi – yeyəndə də, saçını darayanda da, donunu dəyişəndə də. Ali məktəbə qəbul ola bilməyəcəyindən yaman qorxurdu. Gah imtahan vaxtının gec gəlməsi üçün dualar edir, gah da hər keçən günün bir il kimi uzun olduğunu düşünür, səbirsizlənirdi. Nəhayət, imtahan günü gəldi. Anası onu imtahana bir cümlə və bir dünya təbəssümlə yola saldı:
    – Qorxma, qızım, bildiyini yaz, keçməsən, gələn il keçərsən.
    Bu bir cümlə və bir dünya təbəssüm Ayşəbəyimə güc, addımlarına inam verdi. Onu ən çox ürəkləndirən anasının bu imtahanı, Karlson demiş, “adi həyati hadisə” sayması idi. Qızın qulağının dibindəcə imtahan verməyə gələn uşağını hədələyən, danlayan o qədər valideyn vardı ki…
    – Bax, bir ətək pul tökmüşəm sənin hazırlığına. Hünərin var, keçmiyəsən!
    – Vaxtında “oxu” deməkdən dilimdə söz cücərdi! Adam deyilsən ha. İndi üzümə yazmamış qayıdasan, gününü görəcəksən!
    – Əgər yazammasan, evə qayıtma! – və s. və s.
    Bütün bunların fövqündə anasının təbəssümü onun üçün Tanrının ən böyük mərhəməti idi.

    ***

    Avqustun altısı Ayşəbəyimin ad günü idi. İmtahan nəticələri məhz bu gün açıqlanmışdı. Ayşəbəyim cavabı bilməyə qəsdən özünü gecikdirirdi. “İmtahandan kəsilmək” adlı hədiyyə almaq onun ürəyinin götürə biləcəyi yük deyildi. Ona görə də anasından bu gün imtahan nəticələrini bilmək istəmədiyini dedi. Ana əvvəlcə qaşlarını çatdı, sonra dodaqlarını bir-birinə kip sıxıb başını yellədi, heç nə demədən qapıdan çıxdı. Ayşəbəyim nə çatılan qaşların, nə bükülən dodaqların, nə də sükunətli addımların nə “söylədiyini” anlamamışdı. Başını qatmaq üçün stolun üstündəki ad günü tortuna tərəf əyilib üstündəkiləri oxumuşdu: “Happy birthday” və kiçik smaylik. Gözləri yaşarmışdı gülməkdən. Axı, bu tort bişirən qonşuya nə düşmüşdü ki, ingilis dili bilicisi çıxmışdı?! Eləcə “ad günün mübarək” yaza bilməzdimi?! Gülə-gülə qapıya çatınca anasının əlində kiçik kağız qarşısında dayandığını gördü. Sakit və ciddi duruş ananın əlindəki kağıza böyük əhəmiyyət verdiyini anladırdı. Ayşəbəyim kağızı ehmalca götürüb açanda da üzündəki gülüşü qoruyub saxlamağa cəhd edirdi. Bu gün, məhz bu gün ağlamaq istəmirdi…
    İmtahanın nəticələrinə əsasən Ayşəbəyim artıq tələbə idi. Gülüşünə qarışan göz yaşlarını ağlamaq adlandırmaq istəməsə də, nənəsi öz təbrikində gecikməmişdi:
    – Ay səni görüm həmişə sevincdən ağlayasan elə!

    Özüm…

    Ağlamaq… Əvvəllər ağlamağı çox sevərdim. Çox ağlayardım. Göz yaşlarımın dəyərini anlamırmışam… Sadəcə, gizlin-aşkar ağlamaq mənimçün can rahatlığıydı. Canımın ağrıyan yerini sığallayıb ağladığım zamanlarda uşaq düşüncəmlə böyük-böyük qəhrəmanlıqlar edirdim. Böyüdükcə, ağlamağım mənimlə birgə böyümədi, təəssüf ki… Get-gedə kiçildi, adiləşdi, gözdən düşdü. Ta ki, iyirmi iki yaşımın tamamına kimi. Qoşalaşmış ikiləri öz təqvimin qızıl çərçivəsinə saldığım il göz yaşlarımı ilk dəfə özümə axıtmadım… Mübariz İbrahimov şəhid olanda ağladım… Ağlayaraq yazdım ki,

    Bu dünyada candan əziz nə var ki?!
    Bir ürəkdi, göz yaşıdı, Vətəndi.
    Bu dünyada səndən əziz nə var ki?!
    Bir ürəkdi, göz yaşıdı, Vətəndi.

    Bu ürəklə sevə bilmişəm səni,
    Bu vətənin ər igidi, qeyrəti…
    Axan göz yaşımın hər giləsini
    Töküm məzarına, yoxdur qiyməti…

    Bu dünyada eşqdən uca nə var ki?
    Sevdiyimsən, tapındığım ərənim…
    Bu dünyada eşqdən qoca nə var ki?
    Sevgisini torpağına sərənim…

    Bu dünyada candan əziz olanım
    Bir ürəkdi, göz yaşıdı, Vətəndi.
    Bu dünyada səndən əziz olanım
    Bir ürəkdi, göz yaşıdı, Vətəndi.

    İndi daha göz yaşlarım hər şeydən ötrü axmır. Mənimlə birgə böyüməyən ağlamağımın məni ötüb keçməsinə baxmaqdan başqa əlimdən nəsə gəlmir…

    ***

    Tələbəlik gözəl keçirdi. Düzdür, hər günü nağıl deyildi, hər ay bir şahzadə at çaparaq eyvanın altından keçmirdi, cəngavərlər divləri öldürmürdü, yenə də tələbəlik öz romantik dumanlığını qoruyub saxlamışdı. Ayşəbəyim xoşbəxt idi. Bütün sıxıntıların, kədərlərin tələbəliyin arxasında qaldığını düşünürdü. Ancaq yanılırdı! Onun xoşbəxt günləri uçuq-sökük binanın sonuncu mərtəbəsindən gələn işıq kimiydi… Həyatın xoşbəxtliyə ayırdığı reklam fasiləsi bitirdi…
    Bir gün qəfildən nənə xəstələnib yatağa düşdü. Həkimlərin gözlərini yerə dikib, başını bulayaraq çıxdığı otaqda qız nənəsini seyr etməkdən yorulmurdu. Ağ saçları güllü yastığa döşənmiş nənənin sağalacağı ümidini küsdürməmək üçün üçüncü kurs tələbəsi olan Ayşəbəyim institutdan bir həftəlik icazəni güclə almışdı. Qıza elə gəlirdi ki, nənəsi onu yanında görəndə sürətlə sağalacaq, ayağa qalxacaq. Lakin, yaşlı nənə günbəgün Ayşəbəyimin gözləri önündə əriyirdi. Çarəsiz anlarda əlindən heç nə gəlməmək kimi bir duyğunun varoluşunu da o kiçik zaman kəsiyində anlamışdı. Nənəsinə baxaraq… Nənəsinin damarları çıxmış əlini üzünə sürtərək… Göz yaşlarından diksinər deyə, gözünü ovuşdurmaqdan yorulmayaraq…
    Evdən çıxan tabutun arxasınca baxmaq isə… Yox, Ayşəbəyim o gün yaşadıqlarını bir daha dilinə gətirməmək üçün özünə bərk-bərk söz verdi.
    Tamam tək qalmağı da bu aralar öyrəndi. Anası xırda alverçilik etdiyindən evdə az olurdu. Ayşəbəyim nənəsizliyini bir də tək boşqablıq süfrələrdə, təkadamlıq mürgülərdə, evdən yalnız televizorun səsi gəldiyində yaşamağa çalışdı. Zamanla yalnızlığa öyrəşə bilmirdi deyə, qorxuları da müxtəlif şəkillərə düşə bilirdi. Gah televizorun arxasından başqa səs gəlir, gah pəncərəyə kölgə düşür, gah yuxusunda dəhşət filminin ssenarisi yazılırdı. Lakin qızın yalnızlığa könül verməsindən savayı çarəsi qalmamışdı. Və bir gün bütün gücünü toplayaraq yalnızlığın qoynuna girdi. Həyat onların başı üzərində dayanmışdı və kəbin duasını tənha hıçqırıqların melodiyası altında zümzümə edirdi.
    Həmin gün anası Ayşəbəyimə qırmızı don almışdı. Qız donu geyinib güzgünün önündə fırlanınca öz yaraşığından məst olmuş halda demişdi:
    – Gərək nənəmə də göstərim, deyirdi qırmızı rəng mənə çox yaraşır.
    Ana qəfil hönkürmüşdü. Ayşəbəyim üçün dünyanın ən güclü qadını olan anası birdən-birə acizliyini göz yaşlarıyla etiraf etmişdi. Qız boynunu bükmüşdü… Ürəyini də bükmüşdü… Həmin qırmızı don əynində yalnızlıqla nigaha girmişdi.

    Özüm…

    Yalnızlıq…
    Tənhalıq…
    Yaxud, heç kimsənin olmaması…
    Əslində, böyük bir yalan! Milyonlardan biri kimi “OL” kəlməsindən qorxub başımızı dizlərimizə dirəyib, gözlərimizi bərk-bərk yumub, yumruqlarımızı qulaqlarımıza tutub özümüzü zamanın və təbiətin ixtiyarına buraxırıq. Anamızın bətnindən çıxanda isə elə sevinirik ki… İlk olan bu sevincdən bütün həyatımız boyu əsla və əsla bir daha dadmırıq. Çünki bir buğda dənəsi ilə Həvva nənəmizin qazandığı doğum sancısı cəzasını anamıza yaşadıb günahsızlığımızla öyünürük.
    Bu aralar, doğrudan da, təzadlı fikirlər əlində əsir-yesir olduğumu bilirəm. Yoxsa mənim nə həddiməydi ki, Həvvadan danışam? Anamı günahlandıram, tövbə, tövbə! Yenə üzümü göyə tuturam:
    – Allahım, sən bildiyin məsləhətdir! Bircə ağlımı alma.
    Ağlım varmış kimi, sonuncu xahişi elə ürəklə edirəm ki… Kim deyirsə, şairlər, yazıçılar ağıllı adamlardır, yanılırlar. Onlar qədər ağılsız, məntiqsiz, hamının bədbəxt olduğu yerdə xoşbəxt, ən sevincli gündə qaş-qabağı yerlə gedən, min gülüş içində zarıyan ikinci bir insan zümrəsi tapılmaz. Mən də daxil…
    Yalnızlıq, tənhalıq, kimsəsizlik kimi kəlmələri də şairlər və yazıçılar uydurub. Guya tək bir yerdə oturmağı, tək ağlamağı daha duyğusal sözlə ifadə ediblər. Bilmirəm kim necə yaşayır bu hissləri, mən etiraf edirəm ki, belə hisslərin mövcudluğuna şübhə ilə yanaşıram. Çünki tək ağlayanda da kimisə, nəyisə düşünüb ağlayıram. Tək yemək yeyəndə də həmişə çörək iyləyib anamın, qardaşımın, bacılarımın adlarını sıra ilə sadalayıram, görəsən, ac olanı yoxdur ki? Bu təkliyin özündəki qeyri-humanizmi görürsünüzmü? Təkcə öz doğmalarımın ac olmadığının qeydinə qalmaq istəyirəm fikrən. Bu da dünyaya meydan oxuyan yazıçı humanizmi…


    III fəsil

    Yenə sevgi

    ***

    Sevgi bu dəfə başqa ləçək bağlamışdı. Bu dəfə başqa qoxudaydı, başqa rəngdəydi… Amma bu dəfə o, hesabdan kənarda qalmamışdı. Əksinə, indi dünyada nə var-nə yox, hamısından haqq-hesab istəyirdi. Bu sevgi üçün ölüm də bir udum nəfəs qədər adi idi. Əlbəttə, belə də olmalıdır! Axı sevgi – bütün dünyanın əzbər bildiyi, lakin oxuyub-oxumamaqda hər kəsin özü qərar verdiyi yeganə nəğmədir…
    Ayşəbəyim bu nəğmənin varlığından kənddə xəbər tutmuşdu. Xalası onu evinə qonaq çağırmışdı. Uzaq qohumların toyu ərəfəsində bu qonaqlıq lap yerinə düşmüşdü. Qız ilk dəfə kənd toyu görəcəkdi. Üstünə qırmızı lentlər bağlanmış çadır, içəridə yerə basdırılmış ağac dirəklər, əlində bəzəkli çubuq tutmuş tamada, qız toyunda o ki var ağlayıb, bir gün sonra oğlan toyunda gəlinin başından şirni tökən qohumlar… Ayşəbəyim yaxşı bir nağılçı olub bütün bunları nağıl etmək istəyərdi. Bu, sehrli aləmə düşən bir şahzadənin başına gəlmiş ən gözəl macəra idi. Təbii ki, xalasının təzəcə əsgərlikdən gələn baldızı oğlu da bu nağılda yavaş-yavaş öz yerini tuturdu; qızdan oğrunca asılan bərraq baxışlar, üz-üzə gəlincə titrəyən səs, qızaran yanaqlar, sözlərdən qabaq nəyisə anlatmağa çalışan əllər təkcə ağ atın yoxluğuna heyfsilənirdi. Sanki Allah Ayşəbəyimə xoşbəxtlik üçün xeyir-duasını verirdi.
    O gündən Ayşəbəyimin ürəyində bir sızıltı vardı. Amma bu sızıltı əzab sızıltısı deyildi. Bu, ona tanış olmayan bir incə ağrı idi. Qıza elə gəlirdi ki, bu ağrı kənddə gördüyü oğlanın baxışından, gülüşündən qoparaq onun damarlarına hopub. Günün hansı saatında gözləri önünə o oğlanın baxışları gəlsə, qızın əlləri titrəyər, gözləri buludlanar, dizləri yeriməkçün olan son taqətini toplayırdı. Hərdən ona elə gəlirdi ki, belə anlarda ürəyinin döyüntüsünü bütün dünya eşidə bilir…
    Zaman sevgi həyəcanlarıyla ayaqlaşmır. Ona görə də iki il sevən bir gənc qızın ömründən başını aşağı salıb dinməz-söyləməz keçməyə cəsarət edə bildi. Ayşəbəyim isə o oğlanı axtarmaq, heç olmasa, adını öyrənmək cəsarətini özündə tapmadı. Sadəcə, hər axşam, yatağına uzanarkən süd rəngdə boyanmış tavana baxaraq o oğlanı xəyal etdi; gah evləndilər, gah küsdülər, gah hərəsi bir kompüter alıb böyük yazıçı oldular, gah da sakitcə ayrıldılar… Ayşəbəyimə elə gəlirdi ki, bu xəyallar onun həyatdan da gizlətdiyi ən böyük sirridir. Bu sirr ilə yaşamaq ona çox xoş idi. Ürəyindəki sızıltı onu xoşbəxt edirdi. Həyat fərqli olmağı bacara bilmişdi.
    Ayşəbəyim ali təhsili bitirib diplom aldığı gün anası da ona mobil telefon hədiyyə etdi. Qız iki sevinci birgə yaşayırdı. Həm diplomunu, həm də mobil telefonunu göstərməyə, sevincini bölməyə adam axtarırmış kimi bütün qohumları gözləri önündən keçirmişdi. Nədənsə bu sevincli anlarında kənddə-xalasıgildə olmaq istəmişdi. Günortadan sonra Yevlaxdan çıxan günün sonuncu avtobus reysinə çatmaq üçün ana ilə qız əllərinə keçən paltarı geyinib evdən çıxmışdılar. Avtobusda başlarını qaldırıb heç kimə baxmasalar da, kənd dayanacağında onlardan öncə düşən oğlan Ayşəbəyimin gözündən yayınmamışdı. Bu, o idi! Baxışlarıyla, gülüşüylə qıza bir ömürlük incə ağrı hədiyyə edən oğlan!
    Oğlan da onları tanımışdı, avtobusun yanındaca salamlaşdılar:
    – Salam, xala.
    – Salam, qadan alım! – Anası özləriylə götürdükləri yükü aparmaq üçün adam tapdığına sevinmişdi.
    – Gəlin kömək edim. Mən də dayımgilə gedirəm. Təsadüfə bax.
    – Yaxşı, qadan alım, bir yerdə gedək. Olaq iki qonaq.
    – Üç qonaq! – Oğlan bunu deyib başıyla Ayşəbəyimə işarə etdi. Hər üçü güldülər.
    Yol boyu oğlanın qıza ünvanlandığı bütün suallara ana həvəslə cavab verirdi. Onun təzəcə diplom aldığını, üstəlik mobil telefonu yaxşı işlədə bilməməyini, xalasıgillə sevincini bölməyə tələsdiyini, hətta gətirdikləri yükün içində dadlı şirniyyatlar olduğunu da ana oğlana danışmaqdan çəkinmədi. Nəhayət, oğlan nəfəsini dərməyə dayandığında özünü təqdim elədi:
    – Adım Qalibdi. Dayım da, dayıdostum da həmişə sizdən danışırlar. Onların qızları oxumadı deyə, Ayşəbəyim xalasının fəxr yeridir.
    Qız bütün yolu özünü üçüncü şəxs kimi görməkdən də utanırdı. Oğlanın dilindən öz adını eşidəndə isə… Ona elə gəldi ki, bu gündən sonra bir daha güzgüyə baxmağa da cəsarəti çatmayacaq. Qalibin onun adını çəkməsi qızda elə duyğular oyatmışdı ki, sanki indicə yanaqlarından bir çəngə od çıxacaq, hamını, hər şeyi –bu kəndi, Qalibi, anasını, yolun kənarında otlayan inəkləri yandıracaq. Bütün bunlar bir yana qalsın, oğlan bu odun niyə çırtaçırtla yandığını biləcək. Ondan sonra iki il boyunca süd rəngli tavana “yazılmış” xəyalların hamısını oxuyacaq. Və… Və nəticədə Ayşəbəyim ölsə, bundan daha yaxşı olacaq!
    Xalasıgilə çatan kimi anası çantadan diplomu çıxarıb sevincək özünü bacısının üstünə atdı. Ayşəbəyim isə xalası qızının bükülmüş dirsəyinə dırnaqlarını batıraraq özünü içəri otağa təpdi. Axşam olub, onun şərəfinə düzənlənən qonaqlıq bitənə kimi eşiyə çıxmadı. Pəncərənin o üzündən şəninə deyilən tərifləri də, diplomununun necə əzizlənməsini də eşitdikcə xəyalında Qalibin gülüşünü, sirli baxışlarını canlandırdı. Hətta xalası qızının arada ona baxıb hiyləgərcəsinə gülümsəməsini və eyhamla danışmasını da anlamamazlıqdan gəldi. Xalası qızı demişdi:
    – Qalib bizə gələndə ən çoxu yarım saatdan sonra babamgilə qaçırdı. Bu gün nədənsə hələ getmək fikrinə düşməyib.
    Nəhayət, axşam, göylərin öz sevgisini yerə izhar etmək üçün yerə göndərdiyi günəş şüaları qərbdəki Bozdağ silsiləsinin təpəsində yumurtalı təndir çörəyi kimi qızaranda Ayşəbəyim asta addımlarla eyvana çıxdı. Stol başından durmaq istəməyən ailə üzvləri və qonaqlar hamısı maraqla eyvanın o başında dayanmış qıza baxırdılar. Ayşəbəyim özünü cadugərin tilsimiylə nağıllardan qopub insanlar arasına düşən sehrli şahzadə kimi hiss edirdi. Ona görə də utanmış yanaqlarını qəribə, anlaşılmaz baxışlardan qoparıb yenə otağa təpildi. O, bu gün burda ən doğma qonaq olacağı ümidindən əl çəkmişdi. Açıq-aydın görünürdü ki, ailə üzvlərini ondan çox Qalib maraqlandırır. Bu marağın səbəbini yalnız axşam -Qalib babasıgilə gedəndən sonra bildi. Xalası qızı hiyləgər təbəssümünü gizlətmədən sevincdən işıldayan bəbəklərini onun gözlərinə zilləmişdi. Demişdi ki:
    – Bilirsən, Qalibin səndən xoşu gəlib. Mən də yalandan dedim ki, Ayşəbəyimin də səndən xoşu gəlir…
    İstədi xalası qızına acığı tutsun, alınmadı… İstədi ona yalan dediyini sübut etsin, mümkünsüzdü… İstədi bu kənddən də, burdakılardan da küsüb birdəfəlik çıxıb getsin, cürəti çatmadı… Başını aşağı salıb ürəyindəki sevgisinə sığındı. Beynində dolanan bütün qarma-qarışıq fikirləri kiçicik bir cümləyə qurban verdi: “Nə olacaqsa-olsun, qismətdir”. Bu qismətin onu nələrə aparacağından xəbərsizcə başını yastığa əmanət etdi, yuxudan öncə duasını da əsirgəmədi:
    – Allahım, nə xeyirlidirsə, mənə onu ver…
    O gecə yuxusu da Ayşəbəyimin ürəyinin içindən çıxmışdı. Qız yuxuda görürdü ki, Qaliblə üz-üzə nar ağacının altında dayanıblar. Bir-birlərinə baxmağa utanırlar, amma baxışlar gün işığı kimi arada parıldamaqdan çəkinmir. Onlar iki qərib qürbətdə tapışan kimi sevincliydilər. Həyatın bundan sonrası onlara güvən dolu görünürdü. Qalibin əlləri nar ağacının çatraq budaqları arasından bir ulduz qoparıb qızın saçlarına taxdı və ikisi də gülüşlərinin cingiltisini bir-birinə hədiyyə edə bildilər…

    Özüm…

    Bizim izahını bilmədiyimiz yuxular ömrümüz boyu axtardığımız həqiqətdən xəbər gətirən carçılardır. Sadəcə, nə biz anlamırıq, nə də anladanlara qulaq asmırıq. Kor-koranə həqiqəti axtarırıq. Dünyanın altını-üstünü bilirmişik kimi hiss etdiyimiz zamanlar da olur, adımızın belə yanlış qoyulduğunu düşündüyümüz anlar da. Üçüncü bir ruh halında isə bu ikisinin hansının yaşamımızda və varlığımızda üstünlük təşkil etdiyini götür-qoy edirik. Nəticə həmişə eyni olur; D=0. Bu sıfırı biz yaradırıq. Bəli, biz! Sən! Mən! Çünki bizə əta edilən 1-i görmürük, görməyə çalışmırıq da. Əgər insan ömründə ona verilən 1-in fərqinə varsa, daha uzaq-uzaq, anlaşılmaz xəyallarda deyil, ovcunun içində, pəncərəsinin o üzündə, oxuduğu kitabın növbəti səhifəsində həqiqətə doğru daha bir addım yerini görəcək. İnamla ayağını həqiqətə doğru gedən pilləkanın növbəti pilləsinə qoyacaq. Və sonunda anlayacaqdır Yaradandan böyük həqiqət olmadığını. Onun öz həqiqətindən yaratdıqlarına necə səxavətlə pay ayırdığını da dərk edəcəkdir. Sonunda həqiqətlə həmişə çiyin-çiyinə yaşadığını biləcəkdir. Axı yaradıcılıq insanı insandan üstün edən ilahi seçimdir.
    Yuxular həqiqətdən bəhs edən kitabı oxumağı bacarmaq üçün bizə göndərilən ilk hərflərdir. Bəs biz bu hərfləri bir-bir öyrənib, həqiqətin əlifbasını əzbərləyə bilirikmi? Əlbəttə ki, yox! Yoxsa, dünya yarandığı gündən üzübəri hər gün özümüzə bu sualı niyə ünvanlayardıq ki?! “OLUM YA ÖLÜM?”

    ***

    Toy gecikmədi. Ayşəbəyim üçün toya hazırlaşdığı günlər əsl itmiş krallıq ehtişamıydı. Sevdasının arxasına düşüb ayaq qoyduğu cığırın o biri başında gözləyən xoşbəxtliyi təsəvvüründə canlandıra bilirdi. Saçlarında ağ lentlər olan kiçik qızcığaz, göy rəngli idman papağını başına tərsinə qoymuş oğlan və balıq tutmaq üçün tilovunu nizamlayan Qalib xoşbəxtlik nağılının qəhrəmanları idi. Ayşəbəyim sevinirdi…
    Anası da sevinirdi. Bu hissin ölçüsüzlüyünü qadın bütün həyatı boyu yalnız bu gün anlamışdı. Onun üçün ötən günlərin özüylə apardığı gülüşlər, titrək həyəcanlar, kürəyini söykəyib köksünü ötürə bildiyi güvən bu gün birdən-birə geri qayıtmışdı. Tanrı bu qadının gözlərindəki sevinci görüb özü də sevinmişdi, bəlkə də.
    Uşaqlığından bu yana görmədiyi, tanımadığı bütün qohumlar Ayşəbəyimlə Qalibin toyuna yığışmışdılar. Ağ gəlinliyi geyindiyi gün qız bir daha anlamışdı ki, yaxşı adamlar adamın dar gününə gələr. Şən gündə kimi istəsən, qapında, yan-yörəndə görə bilərmişsən. Ona görə də bibilərinin, əmilərinin, atasının əmiuşaqlarının yaxşı adam olduğuna özünü inandırmağa cəhd də eləmədi. Axı Ayşəbəyim doğmalıq ölçüsündə yalnız iki ad tanıyaraq böyümüşdü: ana və nənə. Çox istərdi ki, bu gün nənəsi də burda olaydı. Onun öz sevdalısıyla muradına yetdiyi günləri görə biləydi… Onunla birgə sevincini necə gizlədəciyini düşünəydi… Axı toyda gəlin çox gülməz.
    Anası yeganə övladından ayrılıb tək yaşamaq istəmədiyindən valideynlərinin razılığı ilə toydan sonra Qalib onlarla birgə yaşayacaqdı. Bu da Ayşəbəyim üçün sevincə daha bir səbəb idi. Çünki toy həyəcanları başlayan gündən ürəyində anasını tək qoyacağı nigarançılığı da vardı. Bu nigarançılığın qucağında əlini atıb cehiz adına aldığı hər qabın, hər dəsmalın yanında iki gilə göz yaşı yığırdı karton qutulara. Amma anasından ayrılmamaq qərarı verilincə yığdığı bütün cehizləri qutulardan çıxarmış, öz evlərini bəzəməyə bir qucaq fərəhlə girişmişdi.
    Toy gözəl keçmişdi… Yevlax rayonunun hər inzibati idarəsindən, məktəblərdən, böyük mağazalardan, hətta televiziya şirkətindən də toya qonaqlar gəlmişdi. Hər biri çıxışında Ayşəbəyim kimi ağıllı, ismətli və gözəl bir qızın qohumu olduğu üçün qürur duyduğunu demişdi. Onda qız yenə nəyisə anlamağa çalışmışdı. Nəhayət, özü üçün bir də bunu kəşf etmişdi ki, sən demə, anasının onun balaca əllərindən tutub özüylə işə apardığı zamanlarda, nənəsinin onun oxuması üçün təqaüdünü qəpiyinəcən yığıb saxladığı günlərdə Yevlax şəhərinin ən mötəbər, sayılıb-seçilən adamları Ayşəbəyimin qohumu olduğunu unudublarmış. Ancaq onu bilmədi ki, bu qohumluğu məhz toy günündə bu qədər adam birdən-birə necə xatırlaya biliblər…
    Bütün olub-bitənlərin başı üstündə bir ovuc narıncı işıq seli bulud kimi topalanıb elədən-elə, belədən-belə elə sayrışırdı; Ayşəbəyim xoşbəxt idi!

    ***

    Xoşbəxtliyin yarımçıqlığını anlamaq insan üçün çox asan olur həmişə. O qədər asan olur ki, barmaqlarını üst-üstə büküb gözlərini o büküyə zilləmək bəs edir. Özünü hər nə qədər xoşbəxt saysan da, bədbəxtliyin burnunun ucundaca bardaş qurub oturduğunu görə bilirsən. Onun niyə gəldiyindən çox, necə gəldiyi düşünmək üçün səbəb ola bilir. Və gələn bədbəxtliyin düz ovcundaca anlatdığın-anlatmadığın hüznlər mövcuddur.
    Ayşəbəyim də bu vəziyyətdəydi. Toydan keçən yeddi ay ərzində hər həftə qulağına bu sözlər çatırdı:
    – Gəlinin bir şeyi varmı?
    – Qızın bir şeyi varmı?
    – Yeni bir şey varmı?
    – Bir şey-mir şeydən xəbər varmı?
    Bu “bir şey ” kəlməsini eşidən kimi onun kədərlərə örtük olmuş baxışları ayaqlarının ucuna dikilər, ordan üzüyuxarı sürünə-sürünə dırmaşar, göbəyinə çatmamış dayanar, susar, susa-susa bağırar, hayqırar, gah naləyə, gah şikayətə, gah da duaya dönərdi. Sonuncu dördcə kəlmə olardı:
    – Allahım, mənə bala ver.
    Artıq bu “bir şey” kəlməsi Qalibin iş yerini, uzaq qohumların telefon zənglərini də zəbt etmişdi. Qalibin onun baxışlarının ağladığı yerə aradabir çarəsizliklə yönələn gözlərindəki dumanı görmək Ayşəbəyim üçün daha ağır idi. Sevginin böyüklüyünə, əvəzolunmazlığına hər nə qədər inansa da, yaşadığı cəmiyyətin yazılmayan qanunlarından xəbərsiz də deyildi. Bu qanunlara özlərindən daha çox inanan, güvənən, özlərinə xeyir edəndə aliləşdirib əməl edən, xeyir etməyəndə yaxasını qırağa çəkən insanlardan “bir şey”siz xoşbəxtliyi rəva görmələrini ummaq düzgün deyildi. Bu, Ayşəbəyimin məhkum olunduğu cəmiyyətdə heç də ədalət sayılmırdı.

    Özüm…

    “Bir az vaxtım var…” Belə başlamışdı dəftərçə, amma bitməmişdi. Cümlə-cümlə, söz-söz axtardığım müəllifi tapmışdım, lakin olmuşların indiki zamanını soruşmağa cəsarətim çatmırdı. Bunu yazan çoxbilmişin biriydi axı, bilirdim. Tanıyırdım… Günahkarların ən günahkarı, məsumluğun şeytani rəmzi idi bunu yazan. Dünyaya gəlişində belə özünü suçlu sayanın bəhanəsi ölümü sevmək olsa da, ölüm hələ onun vüsalına can atmırdı. Bəlkə də, bu çoxbilmişin ölümdən kirayələdiyi ömür müddəti vardı? Kim bilir… Bəlkə, o, bu kirayəni elə bu andaca Ayşəbəyimə kömək etməklə ödəməyə söz vermişdi? Bunu düşündüm… Və telefonu əlimə alıb Ayşəbəyimin nömrəsini yığdım.

    ***

    Ayşəbəyim Gəncəyə gələndə üzü bahara gedən bir zaman kəsiyinin yarıgünəşli günüydü. Nahardan öncəydi. Vədələşdiyimiz kimi Mərkəzi Univermaq Mağazasının qarşısında görüşdük. Onun üzündəki üzgünlüyün kölgəsindən qorxa-qorxa boylanan ümid də mənə tanış idi. Mən o köhnə tanışı illərin o üzündə tərk edib ardıma baxmadan üzü gələcəyə qan-tər içində elə qaçmışdım ki, bir daha onunla rastlaşmağım haqqında düşünməmişdim də. Lakin indi, “uşaq” deyilən möcüzəni gözləyib-gözləməməyə qərar verə bilməyən Ayşəbəyimin özüylə gətirdiyi həmin qorxaq ümid qarşımdaydı. Əvvəllər üzülürdüm bu qorxaqlığa, indi isə hirslənirdim. Az qalırdım tutam o ümidin yaxasından, çəkəm kədərin arxasından bəri, deyəm ki… Deyəm ki…
    Yalnız indi anlayıram, mənim o ümidlə danışmağa, ona nəsə deməyə üzüm də qalmayıb. Başımı aşağı salıb Ayşəbəyimin əlindən tuturam. Şəhərarası avtobusun həzin-həzin bizə yaxınlaşdığına baxıram. Məni üstələməyə çalışan kövrəkliyimi dişlərimin arasında əzirmişəm kimi çənə sümüyümü əlimlə sıxıram. Və həkimə deyəcəyim sözləri beynimdə səliqə-səhmana salıram.

    Özüm…

    Həkimimi çox istəyirdim. Ona inanırdım.
    Biz institutda oxuyanda fəlsəfə dərsində bütün terminlərin adları yalnız və yalnız qərb alimlərinin adları ilə bağlı olurdu. Bir gün dözməyib qrup yoldaşım Sevdaya dedim:
    – Necə olur ki, fəlsəfə bir elm kimi şərqdə yaranır, bu gün qərbdən qaynaqlanaraq öyrədilir?
    Həkimə inam fəlsəfəsi sırf şərq təfəkkürünün yaratdığıdır. Bunun içinə qərb nə qədər ədva qatır-qatsın, mən onu bir şərqli kimi doğma mətbəxdə dodaqlarımı yalaya-yalaya qaşıqlayıram.
    Mən o gecə-balamın məni “mələk” etmədiyi, ölüm başım üstündə dayanıb ətriylə məni bihuş etməyə israrlı olduğunu bütün əzalarımla mənə bildirdiyi gecə inanmışdım ki, həkimim məni sabaha sağ çıxaracaq. Əməliyyat stolundan palataya gedənəcən həkimə qırıq-qırıq sözlərlə, sadəcə, ona inandığımı və Tanrının məni hələ öldürmək istəmədiyini demişdim. Səhər açılanda onun palatanın qapısına söykənib mənə baxaraq ağladığını gördüm. Baxışlarımız toqquşunca əllərini göyə qaldırmışdı: “Şükür, İlahi!” Sonradan bildim ki, mənim kimi qanına zəhərlənmə keçmiş bir insanın sağ qalması da möcüzə imiş. Tanrıdan və məndən başqa kimsə bilmədi ki, o gecə mən Tanrıya və həkimə olan inamımdan yapışıb ölümə qalib gəlmişdim.

    ***
    Bir qadının mələk ola biləcəyinin aksiomudur ana olmaq… Mən bu mələkliyi sevirdim… Şükranlıqla sevirdim… Sevirdim!
    Və düşünürdüm ki, Ayşəbəyimin düşündüyü kimi “hərdən səhv edən” Tanrı insanları sevərək yaradanda heç vaxt səhv etmir. Məhz buna görə biz insanlar sevginin səhv olmadığını Tanrıdan öyrənməliyik. Əslində Tanrıdan öyrənəcəyimiz bütün həyatımızdır. Bəlkə də, elə biz bu öyrənmək missiyası üçün doğulmuşuq?! Bəlkə, bu səbəbdəndir, nəyisə bildiyimizi sananda tez-tələsik Tanrının özünün axtarışına çıxmağımız. Onun yaratdıqlarının bir ovucunu görməyə bəsirət gözü istəmək əvəzinə, onu yaratdıqlarının hər birində görə bilmək əvəzinə, biz dərk etmədiyimiz həqiqətin axtarışına çıxırıq. Bu isə insanlığın diləgəlməz faciəsidir.
    Məncə, Tanrıdan sevgini öyrənmək də çətin deyil. Onun bizə göndərdiyi möcüzələr bəs edir ki, sevək… Sevə bilək… Bütün ruhumuzla və bütün ömrümüz boyu sevməyi bacaraq. Mən möcüzə deyəndə suyun günəşin yanına qalxıb rəqs etməsini, yaxud da ayın adam dilində danışıb rok oxumasını nəzərdə tutmuram. Mən möcüzəni gördüyüm kimi təsvir edərək fikrimi anlatsam, daha yaxşı olar.
    Bir dəfə səhər tezdən işə gedirdim. Hava alaqaranlıq olduğundan anam məni ötürürdü. İşə çatmağıma bir neçə küçə qalanda təsadüfən dilimdən çıxan sözlərə sonra özüm peşman oldum:
    – Heç olmasa, bircə manat pulum olsaydı, bir neçə gün axşamlar avtobus pulu verərdim. Axşam çox yoruluram, piyada gələmmirəm.
    Dediklərim anamın üzündəki qırışları alnına toplamışdı. Gözlərini uçurumun dibinə itələmişdi. Dizlərindən ömürdən böyük yük asmışdı. Əllərini mənim paltomun qolundan çəkib çənəsinə dayamışdı… İçimdəki peşmanlıq anamın bu kədərinin bir damcısına da dəyməzdi. Özüm-özümü danlamağa cəsarətim çatmırdı. Başımı aşağı sallayıb addımlarımı yeyinlətmişdim. Anam mənə çatmaq üçün var-gücünü toplamışdı, bəlkə də. İş yerimə çataçatda ikimiz də dayandıq. Məni dayandıran yolun kənarında bükülü halda duran bir manat pul idi. Başımı qaldırıb anamın üzünə baxınca onun da eyni səbəbdən ayaq saxladığını anladım. Bir manat əsl möcüzə idi… Möcüzə bu idi!

  • Şəfa EYVAZ.” Bu axşam…”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Mənim nə gülüşüm, nə göz yaşım var,
    Doğru bildiyiniz yalan adamam.
    Sevincin, şadlığın tamına baxıb,
    Özünə tamarzı qalan adamam.

    Hər gün əlçim-əlçim buluda dönüb,
    Özü-öz başına yağan yağışam.
    Bayırdan qurulu saray görünüb,
    Könlü içəridən talan adamam.

    Məni tanımağa çalışma, adam,
    Sənə tanışamsa, özümə yadam.
    Nə qoruya bildim, nə də saxlaya,
    Bir ömrü əlindən salan adamam.

    Geriyə dönməyə yolmu qalıb ki?!
    Bütün körpüləri oda atanam.
    Sevinci əlindən havayı verib,
    Qəmi qucaq-qucaq alan adamam.

    07.03.2016.

  • Şəfa EYVAZ.”Bütün sətirlərim incidi məndən”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Bütün sətirlərim incidi məndən,
    Bir şair qəlbini sındırdığım gün.
    Didildi, dağıldı ruhum içindən,
    Bir şair qəlbini sındırdığım gün.

    Nə dedin bal dilim acıya döndü,
    Getdiyim düz yollar əyildi bütün.
    Dünyanın mən adlı işığı söndü,
    Bir şair qəlbini sındırdığım gün.

    Mən ki istəməzdim qəlbini yorum,
    Bənd oldu dilimə atdığın düyün.
    Yarandı içimdə dibsiz uçurum,
    Bir şair qəlbini sındırdığım gün.

  • Xəyalə SEVİL.”İlahi, canım çox yandı”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    İlahi, canım çox yandı,
    Mənimki də oddan çıxır.
    İlahi, verdiyin ömrü
    Sürmədikcə yaddan çıxır.

    Göy uzaqdı deyə qalxır,
    Dizin döyə-döyə qalxır.
    Ruhum elə göyə qalxır
    Elə bil, qanaddan çıxır.

    Qaranlığın son gecəsi,
    Günəş üzü, gün təzəsi.
    Günlərimin ən təzəsi
    Sən demə ən altdan çıxır.

  • Xəyalə SEVİL.”Mən hardan baxıram? -Sükut içindən”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Mən hardan baxıram? -Sükut içindən,
    İnsan sükutundan da bəlli olur.
    Üzümü göylərə tutub durmuşam,
    Sağ olsun, Tanrı da təsəlli olur.

    Külək döyəclədi, yağış islatdı,
    Payız ağacıyam, çöl ortasında.
    Nə məndən keçən var, nə mən keçdiyim,
    Elə bir yolam ki, yol ortasında.

    Eh! Sən də anlaya bilmədin məni,
    Gözlərim səninçün sirr düşərgəsi.
    Hardasa, uzaqda səslənir indi
    Ölüm paltarında vida şərqisi.

  • Şairə Adilə NƏZƏR.”Göydə dolan ağ buludu”

    ***
    Göydə dolan ağ buludu
    Qəlbimə yağdırammıram.
    Fikirlər baş alıb gedir,
    Şeirə sığdırammıram.

    Gah işığın salır fələk,
    Gah da itini hürdürür.
    Kimi gəzir yavan çörək,
    Kimi yağlı keyf sürür.

    Qələm susub, varaq düşüb,
    Düzməyə söz də gəzmirəm.
    İlham pərim qaçaq düşüb, –
    Bu gecə şeir yazmıram.

  • Şairə Adilə NƏZƏR.”HU… dəli-dəli”

    Sevgilim, qulaq ver gələn fəğana,
    Dinlə, gör nə deyir bu dəli-dəli.
    Çəkim saçlarımı gözümdən yana-
    Bax, necə çağırır, Hu… dəli-dəli.

    Sözün sözüm idi, andındı andım,
    Əydin, əyilmədim, amma ki, sındım.
    Mən odsuz-ocaqsız yandıqca yandım,
    Çilə atəşimə su dəli-dəli…

    Burada bir dəli qulun oynayır,
    Axtarır tapammır yolun, oynayır.
    Düşüb ortasına gölün oynayır
    Sonuncu rəqsini qu dəli-dəli…

    Bir ağrı, bir acı atıbdı çəngəl,
    Gözümün önünü tutubdu çən, gəl.
    Kim gəlmir gəlməsin, ölurəm, sən gəl,
    Məni göz yaşınla yu, dəli-dəli…

    Adilə Nəzər 21.03.2020

  • İradə AYTEL.“Darıxmaqdan ölər adam!” (video)

    Bilirsənmi, darıxmağın yöntəmini,
    İçin boyda çöl olarsan.
    Qaldırırsan saatları başın üstə
    Bir gecəni nuş etməyə yad gəzərsən,
    Çölündəki özgələrdə od gəzərsən,
    Çölündəki özgələrdən əl umarsan.
    Bilirsənmi,
    Darıxanda
    Bir baxışda min ah olar,
    Bir ümiddə neçə-neçə günah olar.
    Bilirsənmi, darıxanda cığır düşər
    yanağından bir işığa,
    o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,
    puçurlanar saçlarında bir gecənin min günahı,
    puçurlanar buxağında bir öpüşün
    bir ah boyda min tamahı.
    “Ah” səsinə bədən-bədən uçunarsan,
    bir ah boyda
    savab edən günahkarsan!
    Bilirsənmi,
    Darıxınca bir gecədən bir səhərə kölgə düşər,
    O kölgədən pəncərənə
    Neçə-neçə dalan düşər,
    şəhər düşər,
    ölkə düşər…
    Adam-adam, əlsiz-əlsiz
    qol açılar, əl uzanar,
    uzun-uzun yol yeriyən
    baxışların yerə düşər,
    bir ürəkdən,
    bir bədəndən,
    bir torpağa
    yol salınar.
    Bilirsənmi,
    darıxınca için-için sökülər,
    Göz yaşında gülər adam
    Bilirsənmi,
    Qara gecə bəyaz olar
    O bəyaza bükülər,
    Bir gecədə ölər adam!
    Bilirsənmi,
    darıxmaqdan ölər adam!
    Bilirsənmi,
    darıxmaqdan ölər adam!

  • İradə AYTEL.“Qafiyəsiz baxışlar”

    İnqilab İsağın “Canım sənə desin” şeirlər kitabını oxuyandan sonra…

    Oyatdım canımdakı
    Ağrıların şahını.
    Anamın göz yaşını,
    Atamın günahını…

    Canındakı ağrıları, anasının göz yaşını və atasının günahını oyadaraq söz-söz əriyən, misra-misra dirilən İnqilab İsaqdan danışmaq xoşdur. Çünki İnqilab müəllim mənə çox doğma olan Gəncə Ədəbi mühitinin özündədir. O mühitdə sevilən şairin şeirləri sərhədlərini aşaraq ərazisini genişləndirməyi də bacardı.

    Bu yaxınlarda müəllifin yeni kitabı – “Canım sənə desin” şeirlər toplusu işıq üzü gördü. Bu kitab da əvvəlki poeziya nümunələri kimi oxucuların və söz adamlarının diqqətini cəlb etdi.

    “Canım sənə desin” də İnqilab İsağın əvvəlki kitabları kimi uğurlu oldu, oxucu diqqətini özünə çəkə bildi. Lakin bu kitab əvvəlkilərdən fərqli olaraq ağrıyla, həsrətlə daha çox yükləndi. Bilmirəm, bu ötən illərin yanğısıdırmı, ya ümidini yollarda gecikən görən bir ürəyin fəryadıdırmı, ya ümumiyyətlə insan müdrikləşdikcə, yaşa dolduqca daha kövrək olmasındandırmı… ortadakı həqiqət isə bu; “Canım sənə desin”dəki şeirlərin əksəriyyəti kədərlidir:

    Mənim ümidlərim gecikən yola,
    Mənim ağrılarım əlli çatacaq.

    O şeirlər ağrılarla elə yüklənib ki, bu yükün altındakı şair ürəyi sızıldamaya, göynəməyə bilməz. O ürək təkcə öz dərdini, öz ağrısını yaşamır. O ürək bütün bəşəriyyətin, insanların iztirabına yanır. O ürək qara günlərində qara çörəyini dilim-dilim edərək, qara günlülərin gününü özününküləşdirir, özünü əridir:

    Bölərdim qara çörəyimi
    Qara günlərimlə
    Dilim dilim…

    O ürək içində bahar gəzdirsə də çölündəki xəzana tapınır, ondan imdad diləyir, o bahar yaralansa belə baharının xatirinə yaralarını gizlətməyə çalışır, ağ-qara, adi günlərinə sözlə boyaq vuraraq al edir, yaşıl edir (yaxud etməyə çalışır), içindəki löyün-löyün (löyün-löyün nə gözəl sözdü deyilmi. Bu səmimi, şirin, lakın artıq arxaikləşmiş ifadəni poeziyaya gətirərək yenidən diriltmək nə gözəldir. Bunun üçün də İnqilab İsağı alqışlamağa dəyər) ümidləri oyatmağa çalışır. Fəqət o ümidlər oyandımı, göyərdimi, bunu oxucu sonda görür və göyərməyən ümidlərə təəssüf edir:

    Xəzan yeli, baharımı darama,
    Öz içimdə ögey oldum yarama.
    Söz boyadım hər ağıma, qarama,
    Löyün-löyün ümidləri oyatdım.

    Ölümə tapınmaq, çarəni ölümdə bulmaq hər bir yazarın yaradıcılığında əks olunub. Lakin İnqilab İsaq yaradıcılığında ölümü arzulamaq kimi pessimist duyğulara rast gəlmirik. Aşağıdakı bənddə isə o, ölümü arzulayır, ancaq elə gözəl, elə cilalı arzulayır ki, ölüm gözümüzdə ölümsüzləşir. O Torpaq evinə, qəbirə anamgil deyir. Burada oxucu məzardan irpənmir, hətta məzarı sevir, axı ora anagildi….

    Loğman olsa, çarə qılmaz
    Hər dərdimi bilə-bilə.
    Dünya mənə ana olmaz,
    Durum gedim anamgilə…

    Aşağıdakı misrada isə şair bədii dillə dərdinə elə gözəl sığal çəkir ki, onun sükut içərisindəki dərdini də sevməyə bilmirik:

    Dərdlərim hardadı, sükütüm orda,
    Məni axtaranlar sükutda tapar.

    “Düşüncə” şeirinə nəzər salaq:

    Unudulmaz sevdalar
    Həsrətinə boyanıb.
    Bir körpə yuxusunda
    Köhnə divar oyanıb.

    Burada mücərrədlik hökm sürsə də, körpə yuxusundakı ecazkarlığa heyran qalır,  susan, köhnələn daşı-divarı dilə gətirməsinə inanır, eyni zamanda mışıl-mışıl yatan körpənin bütün sevdaları, həsrəti kölgədə qoyaraq, işıqlı bir sabahı gətirəcəyinə ümid edirik.

    Ömür yoldaşına yazdığı şeirdə isə müəllifin xanımını Vətəninə, məmləkətinə bənzədərək Vətəni, məmləkəti kimi əzizləməsinə, oxşamasına heyran qalırıq:

    Ilim-günüm bitə-bitə,
    Yollarına yetə-yetə,
    Qızlarımı öpə-öpə
    Məmləkətim dedim sənə.

    Və bu heyranlıq aşağıdakı misrada zirvəyə çatır. O sevdiyi insanın gözlərindəki kədəri söküb atmaq, silmək istəyir. Lakin bir həqiqəti də bilir ki, bir ana ürəyi kədərsiz, bir qadın siması qəmsiz ola bilməz. Elə buna görə də şair ömür yoldaşını qəmi ilə bahəm sevir, qəmi ilə oxşayır, onun üzündəki qəmi öpüşlərə qərq edir:

    Heç bilmirəm baxışından
    Necə söküm kədəri.
    Bir nişanə qalmasın bu
    kədərin izindən.
    Həsrət işığı sönməz,
    Buludlar yaman dolub,
    Gözlərini yum daha,
    Öpüm qəmin üzündən.

    Bəzən bir ömrü bir romana, poemaya sığışdırmağa çalışan yazarlar bu istəyinə nail ola bilmir. əslində bir insan ömrünü sətirlərə sığdırmaq elə də asan deyil.  “Neyləyim” şeirində isə İnqilab İsaq bir ömrü bir bəndə sığışdırmağı bacarıb:

    Saçının rəngini gecə hörərdi,
    Heyif, boyağını payızdan alıb.
    Elə bil, dünyanın acığı tutub
    Bütün heyifini bu qızdan alıb.

    İnqilab İsağın bir özəlliyi də şeirdəki qohum sözləri (qafiyələri) ustalıqla sıralaması, yan-yana düzməsi, cilalamasıdır:

    Qara günüm yazılsa da ağ şama,
    Demə, yolum daha düşüb axşama.
    Bu sevdanı təsəlliylə oxşama,
    Ovcumdakı çiçəyə bax bu yaşda.
    Bu nübarı kim saxladı son aya,
    Nə söyləyim o gözələ, sonaya.
    Nə çatacaq bu ömürdən sonraya?
    Ovcumdakı çiçəyə bax bu yaşda.

    Burada “ağ şama”, “axşama”, “oxşama”, “son aya”, “sonaya”, “sonraya” həmqafiyələrinin harmoniyası şeirə lətafət verir, sözü dildə pərvazlandırır.

    “Qafiyəsiz baxışlar” şeirinin adı bir poeziyadır, poetik nümunədir. Baxışları məhz qafiyəylə müqayisə etmək məncə İnqilab İsağın poetik kəşfidir. Həm də gözəl kəşfdir, baxış dalğalanır, fikrə yollanır, dağılır, düzülür, qafiyəsini itirir.

    Həm də burada metafora artıq metanomiyaya keçir, fərqli bir metanomiyaya.

    Eyni dalan, eyni künc,
    Qafiyəsiz baxışlar.
    Çirkablarda boğulur,
    Heyif, körpə yağışlar.
    Yalan öpmüş yanaqda,
    Körpə günah közərir.
    Aldanmış görüşləri,
    İndi ayrılıq dərir.

    İnqilab İsaq tənhalığını sevir, tənhalığını qoruyur. O, bilir ki, Öz olması, yaratdığı şeirləri, dünyaya fərqli baxışı… məhz tənhalığının bəhrəsidir. Ona görə də hamıya çatmaq, hamıyla bir sırada durmaq istəmir, tənhalığını puç etməkdən çəkinir:

    Hamıya gedib çatsam,
    Tənhalığım puç olar, – deyir.

    Elə mən də şairin bu arzusuna qoşuluram, tənhalığınızı qoruyun, qoruyun ki, hamıdan biri olmayasınız, deyirəm. Və İnqilab İsağın yeni yazılacaq şeirlərini, kitablarını gözləyirəm.

  • Saqif QARATORPAQ.”Mən işığı öz dibinə”

    Mən işığı öz dibinə
    Düşməyən çırağam,adam.
    Gedib ünvana çatmayan
    bir gizli sorağam,adam.

    Nəyim varsa,yaxşı,yaman…
    elə sən görənəm-həmən.
    Üstünə göz yaşı daman
    Saralmış varağam,adam.

    Yuxu deyiləm,yozulam;
    çətin ömrünə yazılam.
    Bərəsi,bəndi pozulan
    Xəzan vurmuş bağam,adam.

    Bir eşqə ocaqdı sinəm,
    günəşi batmayan günəm.
    Öz içində gümüldənən
    kimsəsiz bulağam,adam.

    Bilməzsən nədir etdiyin,
    yol deyil hələ getdiyin.
    Hər gün yanından ötdüyün
    bir tənha qovağam,adam.

  • Saqif QARATORPAQ.”Gecəni bir yuxuluq saxlamışam yolundan…”

    Gecəni bir yuxuluq
    Saxlamışam yolundan…

    Bir pəncərə sevinc

    Bir vaxt çox sevinərdim
    Dərsdən aldığım beşə.
    Çox heyif ki,o beşlər
    Indi yaramır işə…

    Demə qəribə imiş
    Həyatın imtahanı.
    Tanrı tərsinə asıb
    Başım üstdən zamanı.

    Üşüyür son baharda
    Yanına qaçdığım gül.
    Bir xırmanlıq zəmidən
    Nişanə-bircə sünbül.

    Sevinc bir pəncərəlik,
    Kədər bir ev boydadır.
    Tərəzi çoxdan sınıb,
    Hamı götür-qoydadır.

    Çıxara çıxıb çoxu,
    Baha bilib ayranı.
    Köhnə maskanın üstdən
    Taxıb təzə maskanı.

    Tutub sərxoş şəhərin
    Yana düşən qolundan.
    Gecəni bir yuxuluq
    Saxlamışam yolundan.

    Nə vaxtdı,yol gəzirəm
    Bu yoxluqdan çıxmağa.
    Dilə tutub kölgəmi
    Gedirik darıxmağa.

  • Ay Bəniz ƏLİYAR.”Düşdü”

    Qəribsəyib darıxmağım,
    Bu gün lap yerinə düşdü.
    Beynim bir fikirdən qaçdı,
    Eh….
    …… başqa birinə düşdü.

    Hər gün bir cür ümid verdi,
    Yandım, Allah, bu nə idi?
    Dərdimin açar-kilidi,
    Dərindən dərinə düşdü.

    Yenə vayqanlıdır adım,
    Sevindirdik dostu, yadı.
    Görüşümüz alınmadı,
    Axşamın şərinə düşdü.

    Ey diri-qafil, qalx, oyan!
    Varmıdır sevdadan doyan?
    Mənim sevgimə uymayan,
    Gör kimin toruna düşdü.

  • Ay Bəniz ƏLİYAR.”Oğurluq”


    #şeiroxuyaq

    Yenə gəldim oğurluğa,
    Ömürdən gün oğurladım.
    Yenə darıxdım səninçün,
    Oğruluğu doğruladım.

    Gün adi gün deyildi ki,
    Bir ömürə tən günüydü.
    İki eşq dolu ürəyin
    Həsrəti bitən günüydü.

    Ömürdən gün oğurladım,
    Günaha batdım, nə gözəl.
    Pozdum alnımın yazısın,
    Arzuma çatdım, nə gözəl.

    Məni gözəl hisslərinə
    Əsir etdiyinçün sağ ol!
    Mənə hər dəfə bir başqa
    Təsir etdiyinçün sağ ol!

  • Şairə Xatirə FƏRƏCLidən rus dilindən bədii tərcümə

    Şeyit-Xanum Alişova

    Ad günü – həyatımın başlanğıc günü,

    Parlaq, təntənəli keçməlidir

    bu günüm…

    Dostlarımdan eşitdim ki,

     getmisən hədiyyə almağa,

    nə axtarırsan orda?

    Anlamıram,

    donluq parçamı seçirsən yoxsa?

    Nə alsan qəbulum,

    nə alsan dəyərlidir mənə.

    Lakin

    bütün bunlar mənasız.

    Əgər sevirsənsə,

    bu günü

    mənimçün gözəlləşdir, parlat,

    rəng qat mənim bu günümə.

    Ən gözəl hədiyyə özünsən,

    özünü gətir mənə!

    Gözlənti

    Səssizlik. Gecə. İşıldaquşların parıltısı.

    Havanı qırıb tökür nəfəs,

    Parçalanır qara gecə, ruhum darmadağın.

    Uzaqdan addım səsi gəlir,

    uzanır yerdən ulduzlara qədər,

    artır səslər, böyüyür, şar kimi şişir get-gedə,

    şişdikcə çəkir içinə qarşısına çıxan hər şeyi

    Ağacları. Daşı. Quşu.

    Atılır, tullanır, burulur

    Pilləkənin qara divarlarında

    Sanki duyur, işıqlanır pillələr,

    əks-səda verir, doldurur gurultu evi

    Sən! Bu sənsən!

    Qalxacağam  qaranlıqdan tufan kimi,

    Axacağam qapılara şəlalə tək,

    Çəkiləcək qapı,

    İtaətkar dalğalar çəkiləcək,

    Bosağada  isə

     durub gecə divar tək.

    Dəmirdən. Betondan. Büsbütün.                                                      

    ***

    Açılmadı

    gül açılmadı

    mən kədərlənməyim deyə,

    Uçdu

    arı uçdu

    qorxdu ki, məni sancar,

    soldu rənglər,

    batdı hər yer rəngsiz qumda.

    Bircə işçi arıdır

    paslanmış neştəri ilə

    bal axtarır uzaqda.

  • Xatirə FƏRƏCLİ.”Bahar gəlir”

    Təbiət
    qonaq gözləyən
    ev sahibi kimi tədarükdə,
    var – gəldədir
    ağacların qarasını
    çırpıb tökən külək də,
    qar yükünü atmış göy üzü
    bəyaz tül,
    buludlar
    ağlayıb ürəyini boşaldan adam kimi
    yüpyüngül,
    oturub
    elçi daşı üstündə günəş
    açılıb eyni,
    gözləri yanır bulaqların
    eşqə düşən gənc kimi,
    qucağı dolu dərələr
    qayaların təbəssümünə
    əzilib-büzülməkdə,
    ağaclar düyün – düyün,
    qoca ağacların
    quruyan budaqları
    yaşlanan gözəlin
    üzündəki qırış kimi sezilməkdə,
    qış uzunu
    lüt budaqları
    dayanacaq yeri seçən
    sərçələr
    sevincək.
    … demək,
    bahar gəlir,
    bahar gəlir demək…

  • Xatirə FƏRƏCLİ.”Suya düşən xəyallarım”

    Suya düşən xəyallarım,
    Gün gülmədi üzünüzə.
    Hardan əsdi, hansı tufan
    Qum üfürdü gözünüzə?

    Suya düşən xəyallarım,
    Od tutdu su, yandı qar da.
    Həvəslə qurulmuşdunuz
    Harda boşluq oldu, harda?

    Suya düşən xəyallarım,
    Sizi ki gerçək sanmışdım.
    Mən onsuz sizə qədər də
    Belə qor alıb yanmışdım.

    Suya düşən xəyallarım,
    Qarşınızdan su axmadı.
    Elə yıxdı sizi yıxan
    Nə çəkdiyimə baxmadı.

  • Şair-publisist Hikmət MƏLİKZADƏ.”Torpaq ölüm yeşiyidi”

    This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
    Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

    ***

    Torpaq ölüm yeşiyidi, –
    Qəmin evi-eşiyidi…
    Ürək sevgi beşiyidi,
    Eh, ayrılıq dəmi çoxdu.

    Tora düşdü kim, anında, –
    Bada verdi imanın da.
    O sevdanın limanında
    Lövbər salmış gəmi çoxdu.

    Oda salıb səni yar ki…
    Görüşəcək üzü var ki?
    Bulud, sən də yağ, qurtar ki,
    Biçiləsi zəmi çoxdu.

    Şeytan baxır, yeri cızda,
    Nə qalıb ki, aramızda?
    Qəfil eşqə düşən qız da
    Hələ bilmir, qəmi çoxdu…

  • Şair-publisist Hikmət MƏLİKZADƏ.”Məni lal elədi o dəli gözlər”

    This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
    Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

    ***

    Məni lal elədi o dəli gözlər,
    Eşqin odu qədər külü də varmış.
    Halım düzəlmir ki, səcdəyə durum,
    …Ruhumun səadət gülü də varmış…

    İslanıb içimin sevda yolları,
    Beşik qorxusu yox canımda, şükür.
    Ağ pərdə kimisən bu gün, əzizim,
    Narahat deyilsən yanımda, şükür.

    Haçan cücərəcək qorxaq hislərim?
    İstə, bulud olum, limanın artsın.
    Könül xoşluğu var bu gecə məndə,
    Məst ol, bu əzabdan imanın artsın.

    Əsir düşməyimə az qalıb bəlkə,
    Tanrı ərk eləsə, tövbəm çatacaq.
    Muradım, sadəcə, sevməkdi, neynim,
    Haçansa mənim də növbəm çatacaq.

    2011-ci il

  • Əziz MUSA.”Karona”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu karona çaşdırıbdı tay bizi,
    Qarşısında boynun büküb yer üzü,
    Daha bezdik eşitməkdən bu sözü;
    Gecə-gündüz hamı deyir,evdə qal,
    Maska ilə gəzib, dolalan, nəfəs al.

    Gücü çatmır tay duanın, dərmanın,
    Vallah hamı çox istəyir öz canın,
    Sözü keçmir nə sultanın, nə xanın,
    Gecə-gündüz hamı deyir, evdə qal,
    Doyunca ye, çəkərbura, püstə, bal.

    Bu virusun yoxdu dərman , davası,
    Zəhərlənib yerin göyün havası,
    Səngiməyir olum, ölüm davası,
    Gecə-gündüz hamı deyir, evdə qal,
    Yorulmuşuq, qalmayıbdı bizdə hal.

    Hər kəs indi bizə verir məsləhət,
    Qorxudadı bütün ölkə, məmləkət,
    Gündə neçə qərar verir hökumət,
    Gecə-gündüz hamı deyir, evdə qal,
    Bütün bunlar boş sözlərdi, boş xəyal,

    Toylar yasaq, ölənin yox urvatı,
    Yaşa görüm bu əzablı həyatı,
    Pozulubdu sevənlərin ovqatı,
    Gecə-gündüz hamı deyir, evdə qal,
    Hicran gülür, ümid sönüb, yox vüsal.,

  • Əziz MUSA.”Hardasan?!”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sən mənim tanrıdan ən şirin payım,
    Sənə can deyirəm, söylə hardasan?
    Sən mənim günəşim, sən mənim ayım,
    Mən səni öyürəm, söylə hardasan?

    Ay gözəl, hüsnündən ilham alıram,
    Sənin xəyalınla fikrə dalıram,
    Səni görməyəndə çaşıb qalıram,
    Gözümü döyürəm, söylə hardasan?

    Neyləyim gözəlsən, nazlısan sən də,
    Dayana bilmirəm uzaqda gendə,
    Mən səni kədərli, qəmli görəndə,
    Boynumu əyirəm, söylə hardasan?

    Səninlə açılıb yazım, baharım,
    Olmusan əzəldən dövlətim, varım,
    Sənsiz aşıb, daşır səbri-qərarım,
    Səbrimi yeyirəm , söylə hardasan?

    Vallah çox gözəlsən, gövhərim, ləlim,
    Qönçə çiçəyimsən , ətirli gülüm,
    Ayrılıq aranı alanda, gülüm,
    Bəxtimi söyürəm, söylə hardasan?

  • Rafiq ODAY.”Zalım dostların”

    Öldü sonuncu ümid də
    Üzündən zalım dostların.
    Yalnızlıq daha əfzəlmiş
    Yüzündən zalım dostların.

    Min düşmən üstünə hürsə,
    Dərd etmə ürəklər birsə.
    Araz qurşağından, Kürsə
    Dizindən zalım dostların.

    Cücərtməyir su hər dəni,
    Qəbul etmir bu pər dəni.
    Tanrım, qaldır bu pərdəni
    Üzündən zalım dostların.

    08.03.2019.

  • İsmayıl İMANZADƏ.”Pozulur”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Başda hökm eləyir qarın,
    Hüdudu görünmür varın.
    Şər dinəndə yaxşıların –
    Cərgəsi – səfi pozulur.

    Zülmət minbər, dərd azançı,
    Yalğquzağa dönür sancı.
    Kiminin artır qazancı –
    Kiminin nəfi pozulur.

    Göylər solğun çöhrə kimi,
    Ömür  yağsız cəhrə kimi…
    Yer çalxanır nəhrə kimi –
    Dünyanın kefi pozulur.

    25.03.2020 

  • İsmayıl İMANZADƏ.”Gedirsən”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    De, nəyə gərəkmiş axı, bu sitəm
    İsitməz ürəyi nə kədər, nə qəm.
    Niyə üzün döndü, deyə bilmirəm-
    Sel kimi kükrəyib-daşıb gedirsən.

    Dönük bir sevginin beləysə ilki,
    Zülmətdə qərq olar sonu da, bil ki…
    Ürəyim üzünə bağlı deyil ki-
    Sən niyə gözümdən düşüb gedirsən?..

  • İsmayıl İMANZADƏ.”Bəsimdir”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Get yaxşı yol, bir də sevsən hər kimi,
    Qoy, sevincin şəfəq saçsın zər kimi.
    Təkcə mənim ilk sevgimi sirr kimi-
    Ömrün boyu saxlasan da bəsimdir.

    Həsrətindən dodaqlarım çatlayıb,
    Sızlayıram dizlərimi qatlayıb.
    Xəyalında səddi keçib, adlayıb-
    Hərdən məni yoxlasan da bəsimdir.

    Sənsiz demə bir yanıqlı dilmişəm,
    Tənhalıq da göz yaşıymış-bilmişəm.
    Eşitsən ki, həsrətindən ölmüşəm-
    Bircə ağız ağlasan da bəsimdir…

  • İsmayıl İMANZADƏ.”Qız”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Gözlərimdən damla-damla töküldü,
    Kölgə kimi harayasa çəkildi.
    Rəngi solmuş xatirədi, şəkildi-
    Həsrətimdə göyərən qız, bitən qız.

    Ocaq idim, isinmədi közümə,
    Ha səslədim, bənd olmadı sözümə.
    Xəyalımda gülümsəyib üzümə-
    Gözlərimin qabağından ötən qız…

    Mən bir yorğun yolçu idim, sən çapar
    Çıxıb getdin… saşlarıma yağdı qar.
    Ürəyimdə közün qalıb gəl apar-
    Ay illərin zülmətində itən qız.

  • İsmayıl İMANZADƏ.”Şəlalə”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Dərələrə sığışmayır harayı,
    Tunc sinəli sərt qayalar “sarayı”.
    Gah günəşi sehrləyir, gah ayı-
    Bu gözəli saçlarından kim asıb?

    Dağ döşündə düşüb qalan aynadır,
    Sal daşları elə bil ki, qaynadır.
    Ovcundakı damlaları oynadır-
    Bu gözəli saçlarından kim asıb?

    O, dağlarda bir gözəllik allahı,
    Qəlb sızladan nə dərdi var, nə ahı.
    Bilən varmı axı, nədir günahı-
    Bu gözəli saçlarından kim asıb?

    Şırıltısı havalanan xoş səsi,
    Möcüzədir bu ilahi töhfəsi.
    Qorxudanmı avazıyıb çöhrəsi-
    Bu gözəli saçlarından kim asıb?

    Nə nərgizə, nə laləyə dönübdü,
    Kim deyir ki, piyaləyə dönübdü?
    Sızlayanda şəlaləyə dönübdü-
    Bu gözəli saçlarından kim asıb?..

  • İsmayıl İMANZADƏ.”Söz”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Cavabsızdı “nə üçün”lər, “nədi”lər,
    Haqqımızı çeynədilər, yedilər.
    Üz qaraldar əzəl-axır dedilər-
    Bic doğulan yalan kəlmə, yalan söz.

    İsidəcək canımızı təzədən,
    Kəsdirəcək yanımızı təzədən,
    Duruldacaq qanımızı təzədən-
    Bulud kimi kövrələn söz, dolan söz.

    Nizamidən, Füzulidən söz açdı,
    Xətainin qılıncında iz açdı.
    Məmməd Araz hikmətində göz açdı-
    Zaman-zaman qiymətini alan söz.

    Zərifliyi bir bənövşə həyası,
    Selə dönsə sal daşları oyası.
    Sönən deyil közərtisi, ziyası-
    Yaşayacaq bizdən sonra qalan söz.

  • İsmayıl İMANZADƏ.”Nar çiçəyisən”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    (Şairə Gülnarə Acalovaya)

    Ömrümüz elə hey cəngdə-savaşda,
    Bir kəlmə xoş sözlə isinər daş da.
    Görəndə, sandım ki, şaxtalı qışda,
    Yazdan soraq verən qar çiçəyisən.

    Nə dərd azalandı, nə ömrün yükü,
    Bu fani dünyada   xoşbəxt ol təki…
    Bilmirəm, bəlkə də bir ürəkdəki
    Sevgiyə sığınan “yar çiçəyi”sən?

    “Rənginə” bələdsən qaranın-ağın,
    Qəlbində dil açır aranın- dağın.                          
    Doğma övladların yaşıl yarpağın,
    Heç vədə solmayan bar çiçəyisən…

    Tanrıdır ən gizli sirri açdıran,
    Zərif duyğulardır qəlbi coşduran.
    Ulu Borçalıda göz qamaşdıran
    Bir lalə yanaqlı Nar Çiçəyisən.

    26.03.2020 

  • İsmayıl İMANZADƏ.”Nə var ki!

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Keçir dərd içində hər vaxtım-vədəm,
    Düşməni qorxutmur qarğışım, hədəm.
    Kəsiblər qarşımı, qoymurlar gedəm-
    Haqqın ətəyindən tutub ölməyə.

    Ta burdan o yana bağlıdır yolum,
    Bir acı sözlə də dəyişir halım.
    Məni qınamayın, yoxdu macalım-
    Şeirlə başımı qatıb ölməyə.

    Vaxtsız əcəl yola qəfildən çıxır,
    Adam var çörəyi qəbirdən çıxır.
    Rur da bədəndən ta birdən çıxır-
    Qoymur ha, adamı yatıb ölməyə.

    Yamanlıq artdıqca sızıldayır can,
    Şeytandan mərhəmət diləyir hər yan.
    Asılan yoxdursa dar agacından-
    Nə var ki, yüyürüb-yortub ölməyə?..

    Dəyişib dünyanın əzəli-ilki,
    Heç nə yuya bilmir qəlbdəki çirki…
    İllər  elə gəlib, elə keçir ki-
    Vaxt qalmır arzuya çatıb ölməyə.

  • İsmayıl İMANZADƏ.”Necə deyim”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Mənmi suçlu, sənmi haqlı,
    Bu sual bir az maraqlı.
    Hardaydın sevgi soraqlı
    Evimiz tikilən vaxtı?

    Nəyin əskik idi, nəyin
    Sızladımı heş ürəyin?
    Qeyb oldun gülün-çiçəyin
    Seçilib əkilən vaxtı.

    Rəngi solanda üzümün,
    Qay yağdı üstə izimin.
    Gəlib çıxmadın gözümün
    Yollara dikilən vaxtı.


    Dilimdən düşmədi adın,
    Nəyə gərəkmiş inadın?
    Sütunum-tağım olmadın
    Belimin bükülən vaxtı.

    Sən idin arzum-diləyim,
    Dilimdən düşmür gileyim.
    Bilmirəm sənə nə deyim
    Dişimin tökülən vaxtı.

    İtən səsim-ünüm idi,
    Dərd “uzunum-enim” idi.
    Mənim ölən günüm idi,
    Sən qeybə çəkilən vaxtı…

  • İsmayıl İMANZADƏ.”Nədənsə”

    Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri

    Yoxmuş insanlığın “əlinin duzu”,
    Yaxşılıq nədənsə tez yaddan çıxır.
    Xoş söz əritməsə qəlbdəki buzu,
    Sonda qaşınmayan yerdən qan çıxır.

    Şirin xəyallarla ovunur insan,
    Kim deyir yalanın ömrü az olur?
    Ürək heydən düşüb üzüləndə can,
    Adamın çöhrəsi tanınmaz olur.

    Ömrü uzun imiç nisgilin-qəmin,
    Dərd əhli bilir ki, sızlamaq nədir.
    Nədənsə əzəldən bir ağlı kəmin,
    Bəxti yeyn olur-çox qəribədir…

    Sönür əzəl-axır od da, ocaq da,
    Şan-şöhrət çoxunu yaman çaşdırır.
    Zülmət kök atanda küncdə-bucaqda,
    Şüşə parçası da göz qamaşdırır.

    Vaxt-vədə bir yeyin köhnə fırfıra,
    Qarışıq səslərdən baş gicəllənir.
    Yerlər səhv düşəndə pozulur sıra,
    Əcəl qəfil gəlir, kəsilir hənir.

    Gizli bir ucu var hər müşkül işin,
    Ürək korun-korun yanan ocaqdır.
    Sevinc-qüssə yüklü ömür sərnişin,
    Ölümsə sonuncu dayanacaqdır.

  • Əziz MUSA.”Gedək bu şəhərdən”

    em
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GEDƏK BU ŞƏHƏRDƏN

    Gəl gedək dağların isti qoynuna,
    O yerdə bir sən ol, bir də mən olum,
    Getməyək o yerdən başqa bir yana,
    Orda sən mehriban, mən də, şən olum.

    Çeşmələr bir şirin nəömə oxusan,
    Bülbüllər həvəslə versin səs-səsə,
    Tər güllər, çiçəklər ətir qoxusan,
    Qoşulaq quşların şən nəğməsinə

    Günəş heyran-heyran qoy baxsın bizə,
    Gecələr boylanaq ay işığına,
    Çəkək buludları biz üstümüzə,
    Baxaq təbiətin yaraşığına

    Qorxumuz olmasın dərddən,bəladan,
    Təmiz hava udaq, təmiz su içək,
    Biz uzaq dolanaq ölümdən, oddan,
    Ən xoş arzuları özümüz seçək.

    Sevgiylə yaşayaq öz ömrümüzü,
    Yerlər də, göylər də qoy olsun bizim.
    Bezdirdi bu şəhər, bu tünlük bizi,
    Gedək bu şəhərdən gedək, əzizim,

  • Əziz MUSA.”Darıxanda bu şeirimi oxu sən”

    em
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Harda qaldı o xoş günlər, zamanlar,
    Nə tez ötdü sevinc dolu səhərlər,
    Yaddan çpxmaz gülüm vallah, o anlar
    Zülüm varmı ayrılıqdan de, betər.

    Ah çəkməkdən dilim, ağzım alışır,
    Unutmadım ay fəfasız mən səni.
    İndi fikrim o yollarda dolaşır,
    Niyə axı tez unutdun tez məni.

    Eşqin ilə çox nəğmələr yazmışam,
    Ürəyimdə yuva qurub həsrətin,
    Qatarından ayrı düşən bir quşam,
    Qulağımdan getmir sözün, söhbətin,

    Çox dözmüşəm həsrətinə, qəminə,
    Ömrüm boyu ürəyimdə yerin var,
    Heç bilmirəm nə söyləyim, mən sənə,
    Səni deyib öləcəyəm ey nigar.

    Pərvanəsiz yaşayarmı söylə şam,
    Bir vaxt mənə can deyərdin axı sən,
    Bu şeiri sənin üçün yazmışam,
    Darıxanda bu şeirimi oxu sən.

  • Əziz MUSA.”Qarabağım”

    em
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yol gözləyir Şuşa, Laçın, Kəlbəcər,
    Duman gəl get, bu dağlardan, amandı,
    Fikrim doğma Cəbrayılda hey gəzər,
    Qürbət eldə ömür sürmək yamandı.

    Var-yoxumuz göz görəti daşdanır,
    Təzə sevda, təzə oyun başdanır,
    Yurd alışır, torpaq yanır, daş yanır,
    Qubadlıda, Zəngilanda talandı.

    Qönçə soldu tər gülləri Ağdamın,
    Niyə soldu bülbülləri Ağdamın,
    Danışmağa dili gəlmir adamın,
    Necə zalım, necə qəddar zamandı.

    Eşidilmir Füzulinin harayı,
    Alovlandı neçə mülkü, sarayı,
    Yasa batıb xan Arazın bu tayı,
    Geri dönmək qardaş hələ, gümandı,

    Qarabağım göz dağıdı millətə,
    Yaman yerdə vətən döndü qürbətə,
    Əziz Musa döz bu dərdə, möhnətə,
    Belə qalsa, Haqq özü də yalandı,

  • O, Qadındır… – Günel EYVAZLI yazır

    On illik kölə… İncəsənət köləsi. Düşünürdüm ki, bu qadın birdən-birə haradan yadıma düşdü? Sonra xatırladım…
    Türkiyədə elmiliyi, savadı ilə böyük ajiotaj yaratmış 10 yaşlı Atakanın çıxışlarını dinləyirdim ötən həftə. Beş ay ərzində 250 fəlsəfə kitabının oxunması, balacanın dolu-dolu danışması başımı dumanlandırmışdı. Nitsşe belə dedi: “Aristotel, Platon, filan fəlsəfəni daha çox bəyənirəm, ən böyük istəyim təhsil sistemində dəyişiklik etmək istəyidır, mənə mükəmməl təhsil verin, rica edirəm” deməsi və s. sözlərin, fikirləri möhtəşəm idi. Bu uşaq möcüzədir..
    Qeyri-adi danışığından əlavə, gözlərinin forması, böyüklüyü də diqqətimi çəkmişdi. Bəli, məhz həmin an məşhur xanım rəssam yadıma düşdü. Vaxtilə izlədiyim tablolar qarşısında yenidən heyrətlənmək üçün Google-da axtarış verdim. Bir daha böyük gözlər kolleksiyasını izlədim. Görəsən, bir rəsmdə istənilən canlı üzərində bu böyüklükdə gözləri çəkmək Marqaret Keanın – əsl adı Peqqi Doris Xokinsin nəyinə lazım idi?
    Yadımdadır, səkkiz il, bəlkə də on il bundan öncə psixologiya təhsili alan bir iş yoldaşım məni psixoloji test etmək üçün, yer üzərində mövcud olmayan bir canlı çək, söyləmişdi. Maraqlı gəldi mənə. Tez əlimə qələm alıb kağız üzərində olduqca böyük qulaqları və böyük gözləri olan bir canlı çəkmişdim. Çəkdiyim əcaib məxluqa diqqətlə baxan xanım, sən informasiya almağı çox sevirsən. Çəkdiyin cizgilərin ən böyüyü gözlər və qulaqlardır, demişdi. Demək, sənin mənəvi ehtiyacın danışmaqla yox, bolluca görmək və eşitməklə ödənilir. İçindəki informasiya almaq aclığı belə qulaqların və gözlərin çəkilməsinə səbəb olub, söylədi.
    Marqaret Keanın rəsmlərindəki hədəqəsindən çıxmış böyük gözlər də, əslində, çox şey deyir izləyicisinə. 1960-cı ildən başlayaraq 10 il ərzində sərgilənən rəsm əsərlərinin üzərində Marqaretin yox, həyat yoldaşı Uolter Kinin imzası görünürdü. Qadın istedadsız əri üçün rəsm əsərləri çəkirdi. Bütün dünya Marqaretin yox, dırnaqarası istedad yiyəsi olan Uolterin əlini öpürdü, ona heyranlığını bildirirdi. O vaxta qədər ki, pərdəarxası həyatda kölə olan Marqaret üsyan edərək həyat yoldaşının deyil, bu rəsm əsərlərinin həqiqi müəllifi özü olduğunu bəyan edir. Əri həyasızcasına deyilənləri təkzib edəndə və qadının istedadsız birisi olduğunu bağıranda və qadının onu şərləməsini dedikdə, zavallı qadın məhkəməyə üz tutur.
    Məhkəmə mübarizəsi söz oyunu üzərində – müttəhim və hakimlik üzərində qurulmur. Qadın və kişi salonunda üz-üzə əyləşdirilir və izləyicilər ər və arvadın qarşılarına qoyulmuş tablolarda kimin daha gözəl rəsm əsəri çəkəcəyini gözləyirlər. Vaxt tamam olur. Cənab Uolter heç nə bacarmır. On illik tənbəllik ona bildiklərini də unutdurmuşdu. Marqaret isə eyni çevikliklə növbəti möhtəşəm əsərini yaradır və bütün dünya bundan öncə ərinin imzası ilə getsə belə rəsm əsərlərinin müəllifinin Marqaret olduğu həqiqətini qəbul edir. Bu vaxta qədər susqun və böyük gözlərin müəllifinin nə demək istədiyi aydın olur. O susurdu, sadəcə, eşidilməyini istəyirdi…
    Yaradıcılıq sarsıntıdır. Ən böyük sənət əsərləri, ən gözəl romanlar, ən gözəl şeirlər sarsıntıdan yaranır. Çünki səni duyacaq bir insan olmadıqca bunun lal həllini tapmaq istəyirsən. Ona görə yazdığın, yaratdığın nümunələr sənin danışan dilinə çevrilir. Əlinə tablosunu alıb məcnuntək dolaşan Səttar Bəhlulzadə kimi çox susursan, amma yaradırsan. Onun da böyük və mənalı gözləri var idi…
    Mən indi bilirəm ki, niyə ərəb, fars qadınlarının gözləri belə gözəl olur. Mən indi bilirəm ki, niyə susan insanların gözləri belə gözəl olur, ifadəli olur, danışqan olur…
    Cəmiyyətlər qadınları kilidlədikcə itirir. Bu, birmənalı olaraq belədir. Kölə qadın heç vaxt azad ruhlu, azad təfəkkürlü insan yetişdirə bilməz. Bu, mümkün deyil.
    Əhməd bəy Ağaoğlu “İslamlığa görə və islamlıqda qadın” tədqiqatında yazır: “Müsəlmanların qurtuluşu, onların maddi və mənəvi, hətta siyasi dirçəlişi sadəcə olaraq iki məsələnin: qadın məsələsinin və əlifba islahatının həll edilməsiylə bağlıdır. Bu günün müsəlman qadını ancaq sərbəst və şüurlu ana, həyat yoldaşı olmaq şərtilə sosial vəzifələrini faydalı bir şəkildə yerinə yetirə bilər. Ancaq bu şərtlər altında o, uşaqlarına sosial yaşamda çox əhəmiyyətli olan sağlam bir xarakter və iradə, yüksək duyğular və sağlam düşüncələr aşılaya bilər.
    Ona gerçək inkişaf imkanı verməyən boğucu hərəm havasının içində tamamilə bir bitkiyə oxşar, həm də tənbəl bir yaşayış sürən qadın irqin tənəzzülündə də birinci dərəcəli rol oynayır. Əlifbanın çətinliyi oxuma-yazma təhsilinə bərk əngəl olduğundan müsəlmanların ağıl və ürəklərinin aydınlanmasına aparan yolları qapayır. Qadın və əlifba… Bax budur, müsəlman dünyasının onu yavaş-yavaş ölümə sürükləyən iki başlıca düşməni, iki əlacsız xəstəliyi…”.
    Bütün zamanlarda qadına münasibət bir ayrı formada özünü büruzə verib. Elə Əhməd bəy Ağaoğlunun eyni kitabında oxuyaraq İslamdan öncə qadına edilən dəyərsiz münasibətin tərəflərini görmüş oluruq. Əslində, Hz.Musa üçün ən böyük sosial toplum fironun əlinin altında işləyən qullar idisə, İsa təlimini də eşidən öncə kasıb təbəqə idisə, elə Məhəmməd də heç bir sosial statusu olmayan qadına güvənərək bu yola çıxır. Bəlkə də mübahisəli səslənə bilər. Amma söyləmək istədiklərim var. Nələrisə gerçəkləşdirmək üçün kütləyə ehtiyac duyulur. İstənilən zamanlarda, istənilən konsepsiyanı həyata keçirmək üçün. “Braxmanın ayaqları” yazımda da eyni məsələyə ötəri toxunmuşdum. Kasta qanunları kodeksindən çıxış edəndə indusların ağız büzməsi ilə ifadə etdikləri bütün (büt) ayaqları olan kütlə möhtəşəm Braxmanın ən lazımsız hissəsi kimi çirkin və iyrənc xarakterizə olunur. Amma həmin bəyənilməyən kütlə – ayaqlar həm də bədənin, orqanizmin, cəmiyyətlərin hərəkətverici qüvvəsidir. Sadəcə, onlar bəzən ayaq olduqlarını unudurlar. Elə firon məktəbini keçən Musa da bütün bilgilərdən hali olunca, elmi, siyasəti, fəlsəfəni və s.-yə yiyələndikcə həm də səltənət istəyinə düşür. Amma fironun qanı bir, canı bir övladı olmadığı üçün hakimiyyətə keçmək nəsibinin olmayacağını anlayır. O səbəbdən də Musa alternativ variant olaraq kütləni seçir. Qulları seçir. Onları inandırmağı bacarır və böyük bir qüvvəyə daldalandığını hiss edir. Bəli, qızıl dana xəyanəti olsa belə, ara-sıra aclıq imtahanı ilə onları üz-üzə qoyaraq istədiyi məcraya gətirə bilir. İlahi, axı hər şey həm də belədir! Eynilə İsa kimi, eynilə Məhəmməd kimi.
    O Məhəmməd ki, onun gətirdiyi islahat köhnə beyinləri, köhnə düşüncəni narahat edirdi. Cəmiyyət, daha doğrusu, köhnə hakim təbəqə reformaya hazır deyildi. Məhəmməd isə inadkarcasına hər şeyin onun istədiyi kimi olacağına çox inanırdı. Nazik səndəlləri ilə evindən çıxanda yolunun üstünə səpilən qaratikanlar ayaqlarını qana bulaşdırırdı onun. Bu yaraları qadınlar sarıyırdı. O qadınlar ki, Məhəmməd onlara, Cənnət sənin ayaqların altındadır, – deyirdi. İlahi, hər şey eynilə beləydi. O qadınlara Məhəmməd tərəfindən təlqin olunan bu psixoloji güc onlarda özünəgüvən yaradırdı. Qadın dərk edirdi, mənim çağamı, qız balamı heç kim diri-diri torpağa gömə bilməz, – deyirdi, üsyan edirdi artıq. Evlərin qızları, qadınları, həyat yoldaşları ayılmağa başlayırdı. Oyanış nə gözəldir!
    Türk qadınının həyat tərzində vəziyyət başqa cür idi. İslam bizim torpaqlara qədəm qoyana qədər türk qadını kişisi ilə birgə at çapırdı, döyüşlərdə iştirak edirdi, Amazon ruhuna sahib idi. Diplomat qadın olaraq kişilərdən heç də geri qalmadığını hər hərəkətilə sübut edirdi. Dillərdə əzbər olmuş gender bərabərliyi mərhələsini ulu nənələrimiz, ulu babalarımız çox gözəl bilirdi. Kimsə kimsənin haqqına və azadlıq sərhədinə daxil olmurdu. Qadının və kişinin yolu və mövqeyi bəlli idi. Onun bürünməyə, sarınmağa, gizlənməyə ehtiyacı yox idi. O, gerçək idi, o, var idi, o, qəhrəman idi. Elə bu bacarığı, bu hökmranlığı, mərdliyi yadelliləri qorxutduğundan ərəb dünyasından çox-çox fərqli olan türk qadını gerçəkliyini mifə çevirmək üçün, müti qadın cəmiyyətinin müti insan yetişdirmə istəyinə arxalanaraq tamamilə doğru olmayan müsəlman ideologiyası – qadını kilidləmək metodikasını gerçəkləşdirmək istəyirlər bizim üzərimizdə. Bu çanaq bizim başımızda çatlayır. Bu, Məhəmmədin öyrətdiyi, təbliğ etdiyi ideologiya, islahat platforması deyildi. Sadəcə, tarixi məsələlər, hegemoniya – yerlərdə bərqərar olmaq istəyi bu prosesi labüd etdi. Cəmiyyəti məhv etmək istəyirsənsə, qadını məhv et.
    Böyük siyasi, tarixi gəlişmələrdən sonra Müsəlman Şərqinin ilk Cümhuriyyəti parlaq zəka sahiblərinin yardımı ilə türk qadını ruhunu üzə çıxardı, ona kimliyini xatırlatdı, ona seçki hüququ verdi. Məhəmməd Əmin Rəsulzadə də Rəsul idi, elçi idi…
    Əhməd bəy Ağaoğlunun eyni məqaləsində yazılır: “Müsəlman dünyasını oyandırmaq üçün, onu mədəni millətlər cəmiyyətinə qatmaq üçün şiddətli bir sarsıntıya ehtiyac var. Müsəlmanların da, öz təkamül mərhələlərini keçirmələri, aralarından iradəli, cəsur və fədakar bir adamın çıxması gərəkdir. Belə bir islahatçı bilavasitə müsəlmanlıqda, onun tarix və ənənələrində bərəkətli bir torpaq tapacaqdır. Təkrar edək: nə “Quran”, nə şəriət şəxsən yeniliyə əngəl deyildir. Ancaq bunların təbliğatçıları – üləmalar və şeyxlər şəxsi mənafeləri naminə müsəlmanlığa mədəniyyətlə uzlaşmayan bir mahiyyət verməyə çalışmışlar. Misir islahatçısı Məhəmməd Əli, Misir şeyxlərini və üləmasını üç cərgə əsgərlə mühasirəyə aldığı sarayına toplayıb, layihəsini hazırladığı İslahat fərmanına ölüm qorxusu altında qol çəkdirərkən bunu çox yaxşı anlamışdı”.
    Tarix səhifələrimizi vərəqlədikcə Azərbaycan qadını stixiyası bir ildırım kimi bizi vura bilir. Hətta görünməsi mümkün olmayan zamanlarda belə o qadınlar adlarını qızıl hərflərlə tarix səhifələrinə həkk etdirir. Varlığı, kimliyi bilinməsə də o qadınların dilindən qopmuş bayatılar, nəğmələr, laylalar indiyənə qədər eyni qadın zərifliyi ilə dilimizdə səslənir. “Oxuma!”, “yazma!”, “danışma!” deyilsə də o qadınlar xalça naxışları arasında danışıb, yazıb, oxuyub.
    Dünyanın çirkli qanunları nə etsə də bu gerçəkliyi gizlədə bilməyəcək. Yaranışı Adəmin mifik qabırğasından gəlsə belə, əyri bumeranq kimi uzaqlara atılıb unudulmağa çalışdırılsa da yenidən həqiqət kimi cəmiyyətlərə qayıdacaq qadın. Hər dəfəsində də doğuluşu, özünü xatırlaması möhtəşəm olacaq. Külündən yaranan, dəfələrlə ölən və dəfələrlə dirilən Simurq quşu kimi alovlar içindən bərqərar olmağı bacaracaq. Qadınlıq xarakterinin nə olmasını bildirərək Sara Xatun kimi, Nüşabə, Tomris ana kimi, Tuti Bikə kimi, Natəvan kimi, Həcər kimi, sadiq Burla xatun kimi, Şükriyyələr, Hənifələr, Gültəkinlər, çoxu kimi zühur edəcək. Hər dəfəsində də bəli, mən qadınam, sözünü mərdi-mərdanə deyə biləcək.

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Bəlkə mənim şerim də sənin odan kimi dar-dağınıqdı, nə yapalım… – Əkbər QOŞALI – şeirlər

    Küskün dostun divanisi

    Gah coşardın, gah susardın – halların hal deyildi,
    Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..
    Hər sözündən tük çəkirsən, qüsur çıxır birbəbir,
    Sən deyildin yardan gələn sözü fərman eyləyən?..

    Eşqin eşqdi, neynəyəsən yenə dünyadı dünya…
    Yalan səsdi, deyir hərdən: yeni dünyadı dünya…
    Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,
    O da dedi nə gec gəldin, a canı can eyləyən?

    Get, get, ey əli qələmli, dərdini faş eyləmə,
    Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə…
    Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə,
    Yenə odur, yalnız odur dərdə dərman eyləyən.

    Bilmirəm

    Mən ona hər gün aşiqəm,
    O mənə… – bilə bilmirəm.
    Xəyalıyla dərdləşirəm,
    Özünə… – dinə bilmirəm.

    “Can” deyirəm, canım olmur,
    Sevirəm, sultanım olmur,
    Olmur, bə, ay canım, olmur,
    Könlümdən silə bilmirəm.

    Desin Əkbər – bu nə haldı? –
    Ağ üzə qara sevdadı…
    Unutdum, doğmanı-yadı,
    Dil əzbərim olan adı…
    Gələrmi dinə? – bilmirəm…

    Şubatın son günü yazılan şeir…


    Tanımadığım rəssam,
    Dün bir təsadüflə odana gəldim –
    Bir irigöz gözəllə,
    Qüsura baxma, özün yoxkən girdik odana.
    Yo-yoox heç nə götürmədik –
    Baxmaq və sadəcə baxmaqdı işimiz…
    Səni divardakı rəsmindən tanıdım –
    Alt yazısından bildim, əslində –
    “Özrəsm” deyə not keçmişdin.
    Daha doğrusu,
    “Avtoportret” yazmışdın sən,
    Mən belə oxudum
    İrigözlü etiraz etdi həmən:
    – Yenə türkçülüyün tutub, deyəsən…
    Mən neçənci dəfə
    türkçülük tutmur, xanım əfəndi,
    o ya var, ya yox
    dedim.
    Qımışdı sadəcə
    və iri gözlərini o biri şəklə takı verdi…
    Nə başını ağrıdım,
    Özünü gözəl çəkmisən –
    damağında siqar,
    gözlərində kədər
    Qüllabın da
    kədərin tək dərindi, rəssam qardaş…
    Ancaq mənim irigözlümün gözündən dərin olmaz.
    (Elə də qəşəng “mənim” deyirəm,
    Oysa nə sənin odan mənimdi, nə o irigöz…
    Olmayacaq da!..)
    Sonra “Gülən qız”ına baxdıq
    Mənim irigözlümün təbəssümündən
    kiçikdi məncə,
    onun üzü boyu yayılmış qəhqəhə…
    ancaq xoşdu, gözəldi.
    (Təbəssüm var bir dünyadı,
    Gülüş var bir üz boydadı.)
    Sən də at vurğunusan, qaliba, rəssam qardaş,
    Hər iki şəklindən biri atdı, atlıdır, atladı…
    Hələ o iki yorğun atın var ha!.. –
    verib baş-başa…
    Vay, mənim halıma, vay,
    Neyləmisən, zalım.!?
    İstədim onların yorğun doğmalığından
    keçid alım söhbətə
    irigözlüm
    “adamlar və ağaclar” deyə bir şeylər söylədi nə isə.
    Mən
    “bəlkə adamlar və atlar” deyə düzəltdim guya
    önəm vermədi
    öyləsinə keçdi… –
    iri gözlərini süzdürərək…
    Rəssam qardaş,
    Odan nə yaman dağınıqdı –
    Güclə keçirdik bir rəsmdən o birinə
    Arada bir əlindən tutmaq istəyirdim onun,
    amma nəyə yarar?
    Səssizcə çəkirdi əlini və iri gözlərini…
    Sonra “Pikasso” albomuna baxdıq –
    kirli dolabdan alıb.
    Mən “dolab” dedim, ancaq irigözlü
    “şkaf” dedi, təbii
    və xəfifcə “türkçülüyün tutdumu yenə?” – dedi
    mən dinmədim bu dəfə…
    əlimi əlinə toxundurmuşdum o anda
    dodaqlarım təpimişdi, qurumuşdu boğazım –
    lap uşaq kimiydim, vallah
    zira
    o halımdan bildim
    ona olan duyğumun adını…
    Tanımadığım rəssam,
    odandan heç nə götürmədik,
    amma
    yenə
    bağışla bizi… könül, qoyma.
    Bəlkə gözümüzdə,
    könlümüzdə
    götürmüşük bir şeylər
    o dağınıq odanın sənət nizamından…
    Görüşmək ümidi ilə…
    Bəlkə mənim şerim də sənin odan kimi dar-dağınıqdı,
    nə yapalım,
    sənin rəsmlərindən aldığımız bizim,
    bu şeir də sənin halalın olsun…

    Mənbə: http://edebiyyatqazeti.az/

  • “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır”

    Çində ortaya çıxan və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusun (COVID-19) yayılması insanlarda gigiyena qaydalarının qorunmasının vacib amillərdən olduğunu isbat etdi. Bu qorxunc bəlaya qalib gəlmək üçun birlik nümayiş olunur. Ölkəmizin hər yerində insanları maarifləndirməyə yoluxmanın qarşısının alınmasına  kömək etməyə çalışırlar. Bu mühüm işdə yazarlar da biganə qalmayaraq öz dəstəklərini əsirgəmirlər.

    Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) növbəti “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır” hekayəsini təqdim etmişdir.

    Hekayə  ilə http://yasamal.cls.az/front/files/libraries/81/documents/430282401.pdf  tanış ola bilərsiniz.

  • Kitabxananın növbəti virtual turu: Xızı rayonuna səyahət

      Kitabxananın növbəti virtual turu: Xızı rayonuna səyahət

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində iki hissədən ibarət olan növbəti videoçarx hazırlandı. Bu layihəyə bir çox rayon və şəhər MKS-ləri cəlb edilib. Ən çox fəallıq göstərənlər arasında Xızı, Qax, Ucar, Göyçay, Ağcəbədi rayon və Şəki şəhər MKS-ini qeyd etmək lazımdır.

    Xızı rayonuna həsr olunmuş videoçarx iki hissədən ibarətdir.

    Videoçarx Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızı rayonu haqqındadır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur. Videoçarxda əsrarəngiz gözəlliyə malik olan Xızı rayonunun təbiəti, dağları, meşələri, çayları, bulaqları və şəlalələri, bitki və heyvanat aləmi haqqında fotolar əks olunmuşdur.

    Videoçarxda Xızı rayonu ərazisində qorunan tarixi abidələrin – Tıxlı məscidi (XX əsrin əvvəlləri), Xızı məscidi, Şuraabad məscidi, Ağdərə məscidi, qədim hamam, dəyirman (XIX əsr), qədim su anbarı fotoları verilmişdir.

    Ölkəmizin ərazisində tara həsr olunmuş yeganə abidənin – “Oxu tar” abidəsinin şəkili də videoçarxda yer almışdır.

    Rayonda olan muzeylər də videoçarxda yer almışdır.

             Burada Xızı rayonunun görkəmli şəxsiyyətlərinin siyahısı yerləşdirilmişdir.

             Burada tarixən inkişaf etmiş və müasir dövrdə də öz aktuallığını itirməyən sənətkarlıq sahələrinin  fotoları var.       

    Videoçarxda Xızı xalçaları (Gədi, Fındığan,  Çaylı, Saçlı və s.) və Xızı mətbəxinin nümunələrinin (dağlı çörəyi, tutmac, sirava) fotolarıda yerləşdirilmişdir.

    Videoçarx Azərbaycan Respublikasının xalq artistləri Məmmədbağır  Bağırzadənin ifasında “Xızı dağları” və Eyyub Yaqubovun ifasında “Simuzərim” (“Xızı dağları”) mahnıları ilə müşayiət olunur.

    Videoçarx aşağıdakı linklərdə yerləşdirilib:

     “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları ölkəmizdə və xaricdə yaşayan uşaq və məktəblilər tərəfindən izlənilməsini təmin etmək üçün videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında yerləşdirilib.

    Layihə çərçivəsində Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.

  • “Vətənimizə virtual səyahət”: Bərdə rayonu haqqında videoçarx

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti virtual tur təşkil etdi.

     Videoçarx qədimdə Azərbaycanın siyasi, iqtisadi və mədəni mərkəzi – paytaxtı olmuş Bərdə haqqındadır. Bərdənin ərazisi Qarabağ düzünün mərkəzi, Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Videoçarxda Bərdə rayonunun tarixi abidələrinə xüsusi yer ayrılıb. Burada muzeylər, ziyarətgahlar haqqında da məlumatlar əks olunmuş, Bərdənin ictimai-siyasi həyatında əhəmiyyətli rolu olmuş tanınmış şəxsiyyətlərinin siyahısı verilmişdir.

    Videoçarxda Bərdənin tarixi abidələri – Tərtər çayının körpüləri (VII-IX əsrlər), Bərdə İmamzadəsi (XII əsr), Bərdə türbəsi (XIV əsr), Şirvanlı hamamı (XVIII əsr), Səkkizguşəli türbə (XVIII əsr), Bərman Mirzə türbəsi (XVIII əsr), Uğurbəyli məscidi (XIX əsr), Cümə məscidinin (1905) və s. fotoları verilmişdir.

    Videoçarx Rizvan Şıxızadənin bəstələdiyi mahnı ilə müşayiət olunur.

    Videoçarx aşağıdakı linkdə yerləşdirilib:

    https://www.youtube.com/watch?v=TV3b7XmBg08

    “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.

    Layihə çərçivəsində hazırlanan Quba rayonu və Gəncə şəhərinə virtual turlar izləycilərə təqdim olunmuşdur.

    https://www.youtube.com/watch?v=cf4B4uGXvq8&list=PLjaXYWEgPzYYEPSrQxcAbyoeHEWUKhy2J&index=2&t=0s
    https://www.facebook.com/pg/kitabseverushaqlar/posts/?ref=page_internal

      httpshttps://www.youtube.com/watch?v=biv6L0g5CSw://www.facebook.com/kitabseverushaqlar/ 

    https://www.youtube.com/watch?v=biv6L0g5CSw
  • “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlandı


    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilir. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar, Qax rayon və Şəki şəhər MKS-ləri də iştirak edirlər. 
    Növbəti videoçarx Azərbaycanın əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhəri olan Gəncə haqqındadır. Videoçarxda Gəncə şəhəri, onun təbiəti (fauna və florası), tarixi abidələri, muzeyləri, ziyarətgahları haqqında məlumatlar əks olunmuş, tanınmış şəxsiyyətlərinin siyahısı verilmişdir. Videoçarxda Gəncədə qədim dövrlərdən indiyədək inkişaf etmiş sənətkarlıq sahələri (xalçaçılıq, dulusçuluq, zərgərlik, misgərlik və s.) haqqında fotolar toplanmışdır. Gəncə mətbəxininin ləziz təamlarından olan Gəncə paxlavası, dövğa, zilviyə, firni, nazikin fotoları verilmişdir.
    Videoçarx Xalq artisti Şahnaz Haşımova və Əməkdar artist Nəzakət Məmmədovanın ifalarında Gəncəyə həsr olunmuş mahnılarla müşayiət olunur.
    Videoçarx aşağıdakı linkdə yerləşdirilib:
    https://www.youtube.com/watch?v=qjk13cT5d6s
    “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.
    Xatırladırıq ki, virtual səyahət Quba rayonundan başlayıb. Quba rayonuna həsr olunmuş videoçarx uşaq və məktəblilərin diqqətini cəlb etmək üçün “Kitabsevər uşaqlar” səhifəsində və kanalında yerləşdirilmişdir.
    https://www.facebook.com/pg/kitabseverushaqlar/posts/?ref=page_internal
    https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2Fcf4B4uGXvq8%3Ffbclid%3DIwAR1IjheFqYeSmDruZEsW-zOiAySP_LbpYqgfUHQBjhj0zLYAJmJM3wSlHdc&h=AT0d58U9Uruc7xRapJfhytCg0d5nI3yo49H68LLTxoEx09SY7skMuXcQlTeHx0GUU6c4HsyQCz1IJ3-CO2EYG214l9MlxvZdcmmJAZDg3GaoSeH4rN5CLBJbKG1TNCT9e8F6

  • İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

    -Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.

    Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.

    İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır.

    İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.

    Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.

    Eyni zamanda, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Eyni zamanda, Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir.

    İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var. Eyni zamanda, beynəlxalq tədbirlərdə mənim iştirakım ölkəmizin mövqelərini daha da gücləndirdi. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli siyasi və iqtisadi forumudur. Dünyanın siyasi və biznes elitası bu forumda iştirak edir. Mən bu forumda ardıcıl olaraq uzun illərdir ki, iştirak edirəm və hər bir iştirak ölkəmizə yeni dividendlər gətirir, həm siyasi, həm iqtisadi. Bu dəfə bir daha əmin oldum ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Bütün tərəfmüqabillərim demək olar bir məsələni qeyd edirdilər ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir.

    Eyni zamanda, hesab edirəm ki, dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münxen Təhlükəsizlik Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir. Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, – mən bunu Valday Forumunda da canlı efirdə demişdim, – Qarabağ Azərbaycandır və nida işarəsi.

    Bu il iqtisadi sahədə əldə edilmiş uğurlar əlbəttə ki, bizi çox sevindirir. İki ayda ümumi daxili məhsul 2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri 9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir.

    Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir.

    Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır – Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.

    Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 7 min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.

    Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir.

    Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.

    Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.

    Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.

    Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.

    Bir daha əziz xalqımı bu gözəl bayram münasibətilə təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.

    Bayramınız mübarək olsun!

  • Azərbaycanlı şairə Afaq Şıxlının “Bəzən olur…” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı  laureatı,  həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Bəzən olur…” adlı yeni mənsur və sərbəst şeirlər kitabı işıq üzü görüb.

    Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca on dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, layihənin rəhbəri, müəllifi və kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Afaq Şıxlının “Gurbet rüzgarları” adlı yeni şeirlər kitabı Türkiyədə işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində fəaliyyət göstərən “Akıl Fikir Yayınları” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı  laureatı,  həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Gurbet rüzgarları” adlı yeni şeirlər kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə müəllifin “Qəlbimin dedikləri” (2003), “Sevərsənmi” (2005), “Məndən uzaqda” (2008), “Səni düşünürəm” (2011), “Ömrümün beşinci fəsli”  (2013), “Dostlarım, bana da bahar gönderin!” (Türkiyə, 2013) (Türkiyə türkcəsi). “Yeddidən biri. Bədii tərcümələr.” (Saratov. 2014), “Bədii tərcümələr”. (2014), “Sənə demədiklərim» (2015) və s. Kitabları oxucuların ixtiyarına verilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Özbəkistanda Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir və unikal nüsxəsi aşkarlanıb və onun surəti əldə edilib

    AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə bu ölkədəki Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.

    Qeyd edək ki, sözügedən tədqiqat işi ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihəyə əsasən aparılıb. Tədqiqat işinə əsasən Azərbycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

    Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və s. kimi tanınmış Azərbaycan klassiklərinin  çoxsaylı əlyazma əsərləri aşkarlanaraq ilkin tədqiqata cəlb edilmişdir. Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də yer alır.   

    Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan əlyazma Azərbaycanın böyük dövlət və hərb xadimi, eyni zamanda da anadilli şerimizin ən gözəl nümunələrini yaratmış Şah İsmayıl Xətainin türkcə “Divan”ının ən unikal nüsxəsidir. Xətainin anadilli “Divan”ının bundan başqa Britaniya Muzeyində və İran İslam Respublikasında da nüsxələri qorunmaqdadır.

    Qeyd edək ki, əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə edilmişdir.

    Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir. Əlyazmanın köçürülmə tarixi isə h. 942-ci il (m.1535) kimi qeyd edilmişdir. Katibi Mahmud Nişaburidir. Əlyazma incə nəstəliq xətti ilə Şərq kağızına yazılıb. Əlyazmanın ölçüsü 23,5×14,5 sm, həcmi isə 84 vərəqdir. Əlyazmanın 1b-2b səhifələri boşdur. Bu səhifələrin ətrafı və “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib. Mətn qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı, yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə yazılıb. Əlyazmanın səhifələrinə qızılı mürəkkəb çilənərək “Zərəfşan” adlanan üsulla bəzədilib. Bu da nəfis tərtib olunmuş əlyazmaya xüsusi gözəllik verir. Hər səhifənin çərçivəsinin künclərində və sağ-sol tərəfdən kənarlarında zərif təhzib elementləri var. Əlyazmanın cildi qəhvəyi dəridəndir. Cildin üzərində qızılı zəncirək naxışlar vardır. Ümumilikdə əlyazma Klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif, nəfis incilərindəndir.

    Əlyazma mətni iki hissədən ibarətdir və ənənəvi olaraq bəsmələ ilə başlayır  (2b). Ümumilikdə mətn içiçə olan iki çərçivədə yerləşdirilib. Birinci kiçik olan çərçivədə verilmiş şeirlər üfiqi xətt üzrə iki sütunda, kiçik çərçivənin kənarında verilmiş mətn isə çəpəki vəziyyətdə bir sütunda verilmişdir ki, bu da əlyazmaya ənənəvi divan tərtibatında mürəkkəb xüsusiyyət vermişdir. Əlyazmanın 2a-3a səhifələrində 3 nət vardır. 3a-13b səhifələrində isə mənqibələr yer almışdır. Əlyazmanın 13b-83a səhifələrində Xətaiyə aid qəzəllər, 83a-84a səhifələrində isə rübailər yer alır.    

    Əlyazmanın ilk səhifəsində (2b) yer alan və “Baismi-alihü fərdi-yəzdan, Rəhmani-rəhim və həyyi-sübhan” beyti ilə başlayan  “Dəhnamə” məsnəvisi mavi mürəkkəblə verilmiş “Tövhidi-Həqqi-Sübhani-Təla” qeydindən sonra 2a səhifəsində davam edir. 2a səhifəsinin ortasında olan qızılı mürəkkəblə haşiyələnmiş çərçivədə isə qızılı mürəkkəblə verilmiş “Fi nət ən-nəbi əleyh-əs-səlam” qeydindən sonra Hz. Məhəmmədə (s) həsr olunmuş  “Ey ki, yоxdan bu cəhanı var idən pərvərdigar, Yeri qaim, gögləri dəvvar idən pərvərdigar” beyti ilə başlayan nət verilmişdir. Bunun ardınca növbəti 3b səhifəsində mavi mürəkkəblə “iza fin-nət” qeydindən sonra daha bir nət verilmiş və bu qəsidə də 3aa səhifəsini əhatə etmişdir. Burada bir məsələni qeyd etmək lazımdır ki, əlyazma nüsxəsinin vərəqləri müasir səhifələnmə üsuli ilə səhifələnərkən 2a,2b,3a,3b səhifələrindən sonra yanlışlıqla yenidən 3 rəqəmi təkrarən yazılmışdır. Bu sıralamanı düzəltmək imkanımız olmadığı üçün biz təkrar verilmiş 3a və 3b səhifələrini xüsusi olaraq 3aa və 3bb şərti işarələri ilə qeyd edirik.

    Əlyazmanın 3aa səhifısində qızılı mürəkkəblə verilmiş “Fi mənqibəyi-əmir-əl-möminin Əli əleyhəssalam” qeydindən sonra “Şahi ki, cəhanın əfzəlidir, Allah tək ali, anın alidir” beyti ilə başlayan mənqəbat gəlir. Mənqibənin mətni qara mürəkkəblə verilsə də “Allah, Əli, Məhəmməd” kəlmələri mavi və qızılı mürəkkəblərlə verilmişdir. Qeyd olunduğu kimi mənqibə əlyazmanın 3aa-14b səhifələrini əhatə edir. Əlyazmanın 7b səhifəsindən başlayaraq kənar çərçivədə “Şahi ki, cəhanın əfzəlidir, Allahının əli anın əlidir” beyti ilə başlayan mürəbbe gəlir. Bu mürəbbe əlyazmanın 9b səhifəsinə qədər davam edir. Bundan sonra isə “Fi zikri əsmaül-müyəssə bər həqq” qeydi ilə başqa bir nət başlayır. Bundan sonra isə “Sifəti-gülşənü-bəhar” qeydi ilə təbiətin vəsfi verilmişdir. Bu şeirdın sonra isə “Dər zikri-ünvani-aşiq və hali-xod” qeydi ilə bir qəsidə gəlir (12a-14a). Bundan sonra isə kənar çərçivədə “Şeir berəsmi-şikayəti-dil” başlıqlı bir qəzəl yer alır. Bu qəzəldən sonra isə mavi mürəkkəblə verilmiş “Məsnəvi” qeydindən sonra uzun bir məsnəvi başlayır. Məsnəvi özü isə bir neçə hekayətdən ibarətdir ki, bu hekayələrin başlanğıcları mavi mürəkkəblə qeyd edilmişdir. Birinci məsnəvi əlyazmanın 15b-43a səhifələrini əhatə edir. Əlyazmanın 44b səhifəsindən isə növbəti məsnəvi başlayır. İkinci məsnəvi isə əlyazmanın 44b-72b səhifələrini əhatə edir. Əlyazmanın 72a səhifəsində isə “Be səbəbi-təlif” (Əsərin yazılma səbəbi—K.M.) verilmişdir.

    Əlyazmanın 14b səhifəsindən isə mavi mürəkkıblə verilmiş “fil-qəzəliyyat” qeydindən sonra Xətainin qəzəlləri başlayır. Qəzəllər əlyazmanın 14a-83b səhifələrini əhatə edir. Burada Xətainin ümumilikdə 239 qəzəli və 10 tuyuğu yer alır.

    Sonda qeyd edək ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi yaxın bir zamanda transfoneliterasiya edilərək fotokafsimileli nəşr ediləcək və rəsmi surətdə  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə ediləcəkdir.

    Mənbə: http://edebiyyatqazeti.az/

  • Xəyalə Sevili doğum günü münasibətilə təbrik edirik! 18 mart 1985-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Xəyalə Sevili, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı şəhəri üzrə  xüsusi nümayəndəsini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!


    Mətbuat xidməti

    Yanağım quruyan kimi
    Damcı-damcı yaş qatıram.
    Sənsiz elə darıxıram…
    Sənsiz belə baş qatıram.

    Gözümün nəm tərəfinə,
    Könlümün qəm tərəfinə,
    Dünyanın sən tərəfinə
    Allı-güllü eşq atıram.

    Susma, gözlərin səs edir,
    Duyğuların həvəs edir.
    Ya mən, ya da mən, bəs edir?
    Birini seç, püşk atıram.

    *****

    Mən onu da bilirdim.
    Onu da bilirdim ki,
    O bəzəkli sözlərin
    Üzü var, içi yoxdu.
    Ürəyin var sevməyə,
    Var, amma ki, o boyda
    Ürəyin gücü yoxdu.

    Mən onu da bilirdim.
    Onu da bilirdim ki,
    Sən mənim çin çıxmayan
    Yuxum kimi uzaqsan.
    Bircə yol ürəyinə toxuna bilmədiyim
    Yaxın kimi uzaqsan.

    Mən onu da bilirdim.
    Onu da bilirdim ki,
    Gözlərində həmişə
    Şəklim gözəl görünür.
    Bir xəyalam səni üçün…
    Eh! Sənin ki, xəyalında
    Nə xəyallar sürünür…
    Gözlərini çək üzümdən,
    Məni gözlərin sevir.
    Bacarırsan…
    Bacarırsan,
    Ürəyini mənə çevir.