Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.
Mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib ki, Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu: “Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir adam idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm”.
Rüstəm İbrahimbəyovun qəlblərdə daim yaşayacağını söyləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri deyib ki, onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var Rüstəm də xatırlanacaq və yaşayacaq: “Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər. Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: “Rüstəm İbrahimbəyov dünyaşöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik”.
Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: “Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.
Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: “Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik”.
Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.
Martın 6-da Ankarada, TÜRSKOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) iqamətgahında türk dünyası ədəbi mühiti üçün ciddi hadisə baş verib, türk dövlətləri yazıçı təşkilatları rəhbərlərinin iştirakı ilə TÜRKSOY Yazarlar Birliyinin quruluş toplantısı keçirilib.
Edebiyyatqazeti.azturksoy.org-a istinadla xəbər verir ki, TÜRKSOY Baş katibi Sultan Rayevin ev sahibliyi etdiyi toplantıda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirəcəddin Səyyid, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Qalıbəyov, Türkiyə Yazarlar Birliyi İdarə heyətinin üzvü Mahmud Ərdəmir, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Türkmənistanın Ankaradakı səfirliyinin II katibi Handuri Turayev iştirak ediblər.
Açılış nitqində TÜRKSOY Baş katibi Sultan Rayev Türkiyədəki böyük itkilərə səbəb olan zəlzələnin hər bir insanın qəlbini sarsıtdığını vurğulayaraq, bunu bütün türk dünyasının kədəri olduğunu söyləyib. Daha sonra baş katib ölənlərin ruhunu yad etmək üçün toplantı iştirakçılarını 1 dəqiqəlik sayğı duruşuna dəvət edib. Sultan Rayev çıxışının sonrakı hissəsini türk ədəbiyyatlarının problemlərinə yönəldərək təşkilatlanma məsələlərinə diqqət çəkib : “Bu gün TÜRKSOY-un çətiri altında toplanmağımızın əsas səbəbi türk xalqları ədəbiyyatının gələcyini müzakirə etmək, türk dünyası ədəbiyyatlarının, ədəbi mühitlərin arasındakı əlaqələri gücləndirmək, bir körpü salmaqdır. TÜRKSOY-un müqəddəs vəzifəsi türk boylarının mədəniyyətinə sağlam körpü olmaq, mədəniyyət, xüsusən ədəbiyyat vasitəsi ilə qardaş türk boylarını yaxınlaşdırmaq, birliyə, bərabərliyə dəvət etməkdir. Unutmaq lazım deyil ki, ədəbiyyat mədəniyyətin şah damarındakı qandır”.
Daha sonra Səlim Babullaoğlu, Uluqbəy Esdövlət, Sirəcəddin Səyyid, Nurlan Qalıbəyov, Mahmud Ərdəmir, Yaqub Öməroğlu, Handuri Turayev çıxış edərək məsələ ətrafındakı fikir və təkliflərini səsləndiriblər.
Çıxışlardan sonra TÜRKSOY tərəfindən hazırlanan ilkin konsepsiya ətrafında müzakirələr aparılıb, TÜRKSOY Yazarlar Birliyinin təsis sənədi imzalanıb.
Daha sonra TÜRKSOY Yazarlar Birliyinin sədri, fəxri sədri və sədr müavinləri seçilib. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar TÜRKSOY Yazarlar Birliyinin fəxri sədri, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət TÜRKSOY Yazarlar Birliyinin sədri, Səlim Babullaoğlu, Siracəddin Səyyid, Nurlan Qalıbəyov, Yaqub Öməroğlu, Musa Kazım Arıcan TÜRKSOY Yazarlar Birliyinin sədr müavinləri vəzifəsinə, Murad Qəhrəman isəTÜRKSOY Yazarlar Birliyinin baş koordinatıru vəzifəsinə seçiliblər. İdarəci struktur, sədr və sədr müvainləri hər 2-3 ildən bir müddət üçün nəzərdə tutulub.
Bu ilin 29-30 mart tarixlərində TÜRKSOY Yazarlar Birliyinin I toplantısının Özbəkistanın Nəvai şəhərində keçirilməsi qərarı verilib.
Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 144-cü ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, İbrahim İlyaslını Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Yazıçılar Birliyi “Poeziya seksiyası”nın rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Ağstafa Regional Mədəniyyət İdarəsi müidirini, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri şair Rüfət Axundlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda da çox sevildiyini və onun irsinin geniş öyrənildiyini qeyd edib. S.Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim Özbəkistanla, türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini, Heydər Əliyevlə Özbəkistan rəhbəri Şərəf Rəşidov arasında hələ Sovet dövründə qurulmuş sıx dostluq əlaqələrinin özbək və Azərbaycan xalqlarının əbədi qardaşlığının ifadəsi olduğunu vurğulayıb. Diplomat Azərbaycanla Özbəkistan arasında münasibətlərin yaradılması, qarşılıqlı səfirliklərin açılması, əməkdaşlığın inkişafında Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O, qardaş Özbəkistan dövlətinin Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, onun adının Daşkənddə azərbaycanlıların kompakt yaşadığı küçəyə və Azərbaycan Mədəniyyət Mərkəzinə verildiyini, habelə onun şərəfinə Mirabad rayonunda gözəl park-meydan salındığını və büst qoyulduğunu qeyd edib.
Samir Abbasov 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu və bu münasibətlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin il ərzində Ulu Öndərə həsr olunmuş bir çox tədbirlər və layihələr həyata keçirdiyini söyləyib.
Tədbirdə çıxış edən Özbəkistan mədəniyyət və turizm nazirinin müşaviri Şavkat Ortikov xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışaraq, bildirib ki, özbəklər daim Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlayır, onu hörmətlə yad edirlər.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov iki xalq arasında mövcud dostluq və qardaşlıq əlaqələri haqqında danışıb, belə tədbirlərin, konsertlərinin hər iki xalqı daha da yaxınlaşdırdığını vurğulayıb.
Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarlardan Üzeyir Hacıbəyli, Emin Sabitoğlu və Ələkbər Tağıyevin əsərləri səsləndirilib. Solistlər, beynəlxalq müsabiqə laureatları Sardor Primov, Otabek Nəzirov, Ləzizə Usmanova, Muhammedali Kasimovun ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə çox sayda mədəniyyət, incəsənət xadimləri, dövlət nümayəndələri, universitet rəhbərləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.
Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.
Tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.
REZA kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivala 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Müstəqilik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.
İştirakçıların qeydiyyatı fevralın 20–dən martın 30-dək www.uif.az internet saytı üzərindən aparılır. Martın 6-dək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib.
Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.
Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.
Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:
Martın 11-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cakomo Puççinin “Toska” operası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artist Viktoriya Çenskaya və Skarpia Belarus Respublikasının Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossi rolunu isə Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını isə Xalq artist Əkrəm Poladov ifa edəcəklər.
Səhnə əsərində, həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.
Opera sənət ocağının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Xatırladaq ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu səhnə əsəri klassik opera sənətinin ən dəyərli nümunələrindən hesab olunur.
Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.
Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorları Mahir Atakişiyev, Roman İsakov, icraçı prodüseri Şaul Siman-Tovdur.
Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.
Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 5-ci filmidir.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət etmək məqsədilə keçirilib.
Seçim 3 yaş kateqoriyası üzrə – 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.
Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Tacikistanın paytaxtı Düşənbədə “Mədəniyyət sahəsində əməkdaşlıq” ictimai təşkilatının təşkil etdiyi “Tacik xalqının xəttatlıq sənəti və Şərqin yazılı irsi” mövzusunda beynəlxalq forum keçirilib.
“Azərbaycan xalçaçıları” İctimai Birliyində AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsindən əsas məqsəd Tacikistanın və Şərq xalqlarının xəttatlıq sənətinin və dünyanın muzey, kitabxana və elm müəssisələrində saxlanılan şedevrlərin təbliği olub.
Forum çərçivəsində dəyirmi masa arxasında diskussiyalar aparılıb, xəttatlıq sənəti nümunələrinin sərgisi təşkil olunub. Sərgidə Tacikistan, Azərbaycan, Əfqanıstan, Çin, Yaponiya, Koreya Respublikası və İrandan olan müasir xəttatların əl işləri nümayiş etdirilib.
Dəyirmi masa iştirakçıları, həmçinin tədbirə onlayn formatda qoşulan Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və Qazaxıstan alimləri xəttatlıq sənətinin tarixindən və bugünündən bəhs ediblər.
Forumda Azərbaycanı tanınmış xəttat, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, beynəlxalq müsabiqələrin laureatı, Bakı Dövlət Universitetinin müəllimi Yavər Əsədov təmsil edib. O, “İslam dininin xəttatlıq sənətinin inkişafında rolu” adlı məruzə oxuyub.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, zəngin musiqi nömrələri ilə seçilən konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.
Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələrlə çıxış edib.
“Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik ediblər.
Qeyd edək ki, hər zaman olduğu kimi budəfəki konsert proqramı da tamaşaçıların aramsız alqışları ilə sona çatıb.
Kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir
“Qanun” nəşriyyatında “Cəsur qızların kitabı”nın təqdimatı keçirilib. AYNA xəbər verir ki, təqdimat mərasimində çıxış edənlər kitabın verdiyi mesajların və oradakı rol modellərinin qızlar və ümumilikdə cəmiyyət üçün əhəmiyyətindən danışıblar.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli kitabın ideyası barədə danışaraq, onun geniş oxucu kütləsi üçün əhəmiyyətli ola biləcəyini vurğulayıb. Qadınların ictimai-siyasi həyatda aktivliyini vacibliyini bildirən Köçərli kitabın kiçik yaşlarından qız uşaqları üçün rol modellər tapmaqda kömək edəcəyinə inandığını söyləyib.
Tərtibçi-müəllif Günel Natiq çıxışında bildirib ki, “Cəsur qızların kitabı” olduqca dəyərli, lazımlı və gərəkli layihədir: “Bu təşəbbüs üçün “Qanun” nəşriyyatına öz təşəkkürümü bildirirəm. Kitabda 22 yenilikçi Azərbaycan qadını haqqında hekayətlər toplanıb. Bu qadınların hər biri öz sahəsində çevriliş, inqilab edib, şəriət qanunlarının təzyiqi altında əzilən cəmiyyətə yeniliklər gətirərək zirvələr fəth ediblər. Biz onları fateh qadınlar da adlandıra bilərik. Bu qadınlar köhnəlmiş adət-ənənələrdən doğan stereotipləri qıraraq, öz yolunda inamla irəliləmiş və böyük cəsarət göstərmişlər. Bu xanımların hər biri tarixdə rəğbətlə anılır, hərçənd onlar haqqında bilgilərimiz elə də çox deyil. Tarixdə iz qoymuş bu görkəmli insanlar haqqında bilgiləri yeniləməyə, onları daha oxunaqlı şəkildə təqdim etməyə ehtiyac vardı”.
“Biz bu kitabı niyə ərsəyə gətirdik? Niyyətimiz mədəniyyət tarixi, sənət tariximizlə bağlı yeniyetmələrimizə bilgi verməklə yanaşı, həm də onlara bu fikri aşılamaq idi ki, heç bir maneə dəf edilməyəcək qədər qorxulu deyil”, – müəllif vurğulayıb.
G.Natiqin sözlərinə görə, çox zaman qızlar peşə seçimində tərəddüdlər qarşısında qalır və bu tərəddüdləri cəmiyyətin önyarğıları yaradır: “Kitabda bəhs etdiyimiz cəsur qızlar da cəmiyyətin qadağalarıyla üzləşiblər, amma bu yolda sınmadan, geri çəkilmədən məqsədlərinə doğru gedib və uğur qazanıblar. İnanıram ki, “Cəsur qızların kitabı” yeniyetmələrin özünü realizə etməsinə kömək edəcək, onlara öz məqsədlərinə doğru gedən yolda dəstək, dayaq olacaq və hər zaman zirvələr fəth etməyə ruhlandıracaq”.
İlk komandir qadın Aida Şirinova da kitabın və ümumiyyətlə, ölkədə qadınların qətiyyətli olmasının vacibliyindən danışıb, həmçinin, özünün həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə kitabın ideya müəlliflərindən olan Lalə Rəhmanova, həmçinin yazar Gülnar Əhməd, Azərbaycanda ilk komandir qadın Aida Şirinova kitabla, həmçinin qadınların cəmiyyətdə rolu ilə bağlı fikirlərini bölüşüblər. L.Rəhmanova kitabın necə ərsəyə gəlməsindən və ondan olan gözləntilərdən də söz açıb.
Qeyd edək ki, kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir.
Martın 10-12-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə birinci Lənkəran Kitab Sərgisi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə reallaşacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.
Müxtəlif endirimlərin tətbiq olunacağı kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcək.
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan üç günlük sərgiyə giriş 10:00-dan 18:00-dək mümkün olacaq.
Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə edəcəklər.
Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi, musiqi sənətinə də xüsusi qayğı və diqqət ayırıb. Onun milli və professional musiqinin inkişafına dair sərəncamlar, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı müxtəlif istiqamətlərdə öz əksini tapıb. Belə ki, musiqiçilərin fəxri adlar, orden və medallarla təltif olunması, prezidentin fərdi təqaüdü ilə təsis edilməsi, yubileylərinin keçirilməsi, həyat şəraitlərinin yaxşılaşması üçün lazımi tədbirlərin görülməsi onlarda xüsusi ruh yüksəkliyi aşılayaraq yaradıcılıq ideyalarını daha da rövnəqləndirib. Dünyasını dəyişən sənətkarların da irsini yaşatmaq üçün onların yubiley və xatirə gecələrinin keçirilməsi, ev-muzeylərinin yaradılması, adlarına küçə və mədəniyyət ocaqlarının verilməsi və bu kimi məsələlər daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bu dahi şəxsiyyətin musiqiçilərə göstərdiyi qayğı və diqqət musiqi tariximizə yeni-yeni əsərlər bəxş edib. Çünki o, öz tövsiyələri ilə də bəstəkarlarımıza, ifaçı və musiqişünaslara düzgün istiqamət verib. Bu mənada Heydər Əliyevin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında etdiyi məruzəsinin nəşri hazırda da bəstəkarların masaüstü kitabıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında “Heydər Əliyev 100” silsiləsindən “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-konfransda səsləndirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Heydər Əliyevin bəstəkarlarımıza göstərdiyi qayğı və diqqətdən, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, musiqi janrlarına xüsusi diqqət yetirməsindən, bu istiqamətdə bəstəkarlara verdiyi tövsiyələrdən geniş söhbət açıb. O, çıxışında “Heydər Əliyev 100” silsiləsindən keçiriləcək növbəti tədbirlərdə də musiqişünasların mövzu ilə bağlı tədqiqatlarının və bəstəkarların Heydər Əliyevə həsr olunan əsərlərinin təqdimatlarının, konsertlərinin keçiriləcəyini də qeyd edib. Elmi konfransda çıxış edən digər şəxslər də Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi yüksək əhəmiyyətli xidmətlərindən danışıblar.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova – “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev mövzusu”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov “Heydər Əliyev: “Bəstəkarın yüksək vəzifəsi və amalı” – müasir bəstəkar yaradıcılığının aparıcı istiqaməti kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Naxçıvan Bəstəkarlıq Təşkilatının yaradılmasında Heydər Əliyevin rolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında fikirləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova “Cövdət Hacıyevin Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçib” 8 saylı Simfoniyası haqqında” adlı məruzələrlə çıxış ediblər.
Konfrans Xalq artisti Azər Dadaşovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi qiraətçi və simfonik orkestr üçün 16 saylı simfoniyasının səsləndirilməsi ilə başa çatıb.
Martın 6-dan 9-dək Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların “BAXIŞ -3” festivalı keçiriləcək.
Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
“BAXIŞ-3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edən festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının böyük və kiçik səhnələrində göstəriləcək.
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Vera Xayrutdinovanın “Fərqli dünyalar” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssamın kolleksiyası həyatının müxtəlif dövrləri ilə bağlı texnika, rəng və əhval-ruhiyyə ilə fərqlənən tematik silsilələrdən ibarətdir. Bunlar Şərq akvarelləri, zəngin natürmortlar, Ural mənzərələri, müasir qarışıq texnikada olan əsərlər, çiçəklər və abstraksiyalardır. “Azərbaycan” pavilyonunda təqdim olunan əsərlər arasında fırlanan mexanizmə quraşdırılmış “4 həyat” tablosu xüsusi maraq doğurur.
Vera Xayrutdinova sərginin açılışında çıxış edərək bildirib ki, bu, onun “Azərbaycan” pavilyonunda keçirilən ikinci sərgisidir: “Mən Azərbaycanı çox sevirəm və orada çoxlu dostlarım var. Şadam ki, mənim iki əsərim – Qarabağın simvolu olan “Xarıbülbül” və “Nar” rəsmlərim “Azərbaycan” pavilyonunun kolleksiyasında yer alıb”.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Vera Xayrutdinovanı Azərbaycanın yaxın dostu, Azərbaycanı sevən rəssam kimi təqdim edib: “Vera Xarıbülbülün tarixini eşidəndən sonra məxsusi olaraq bizim pavilyona “Xarıbülbül” əsərini hədiyyə edib. Vera Xayrutdinova çox istedadlı rəssamdır və onun hər bir işində yenilik var. Bu gün açılan sərgi iki ay davam edəcək”.
Lüksemburqda “Uşaq ruhunun rəngləri” adlı rəsm sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, uşaqların rəsmlərindən ibarət sərgi Lüksemburqda yaşayan azərbaycanlı rəssam, Lüksemburq Böyük Hersoqluğunun Avropa İncəsənət Akademiyasının (Académie Européenne des Arts de Grand-Duché du Luxembourg) üzvü Aynur Qasımova-Virt tərəfindən təşkil olunub. Lüksemburqda yaşayan azərbaycanlı uşaqların iştirak etdikləri sərgi böyük maraqla qarşılanıb.
Əvvəllər Bakıda Landau məktəbində müəllim işləmiş Aynur Qasımova-Virt uşaqlara rəssamlığın ən incə elementlərini tədris edir. Ölçüsündən asılı olmayaraq, sərgidə nümayiş olunan hər bir əsər xüsusi məna daşıyır. Uşaqların ruhunun məhsulu olan əsərlər ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, hər bir əsərə qəlbi və ruhu ilə bağlanan, təxəyyülünün məhsulunu canlı şəkildə kətana köçürən Aynur Qasımova-Virtin özünün əsərləri bir çox sərgilərdə, eləcə də Lüksemburqda “Xiffətdə olan qadınlar” xeyriyyə assosiasiyası qadın rəssamların əsərlərindən ibarət kollektiv sərgidə nümayiş olunub.
Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
İlk turist səfərləri Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarıbülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa Realnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC Azərbaycan xalçalarının sərgisini təşkil edib.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub.
Əsas məqsədinin Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdən ibarət olan Mədəniyyət Mərkəzində təşkil olunan xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.
Sərginin açılışına Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib.
Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biri olduğu vurğulanıb. Bu baxımdan sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib və Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC-nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC–nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Tədbir çərçivəsində 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanlara yardım aksiyası da təşkil olunub. Belə ki, Azərbaycan milli məhsulları, kəlağayı və milli üslubda hazırlanmış zinət əşyaları ilə yanaşı “Azərxalça” ASC-nin təşkil etdiyi xalçaların satışından əldə olunan gəlirin bir hissəsi AFAD-a ianə olunacaq.
Tədbir iştirakçıları açılış zamanı Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun başçılıq etdiyi musiqi qrupunun konsert proqramını dinləmək imkanı əldə ediblər. Konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Musiqi qrupu Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri, eləcə də Ənvər Sadıqov və Emil Əfrasiyabın bəstələdiyi kompozisiyaları təqdim ediblər.
Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları aprel ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.
Martın 9-da Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgi həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaqla bərabər, ümumən təsviri sənət nümunələrinə ictimai marağın artırılmasına xidmət etmək məqsədi daşıyır. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq. Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
Ovqatının ən xoşbəxt cağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. Amma… onları da özü ilə haqq dünyasına apardı.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 97-cı ildönümü tamam olur.
Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.
1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realıst demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.
Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.
Həyat gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana, küləyə döndərin məni,
Göndərin vətənə, göndərin məni.
Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir. Şairənin ən təsirli və yadda qalan əsərlərindən biri məhz “Təbriz” şeiridir:
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni,
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə Təbriz!
Çox haqsızlıqların, faciəvi hadisələrin iştirakçısı olmasına baxmayaraq yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o parlaq günə” deyən şairə Vətənin bütövləşəcəyinə və xalqının öz azadlığına qovuşacağına böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad Azərbaycan ideyası onun həyatının məzmununu və yaşamının qayəsini təşkil edib.
Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun rəhbərliyi ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.
Görüşdə Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab və kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək davam edəcək.
Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda office@spaceofmugam.az ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün vatsap nömrələri: (070) 233 73 78, (070) 663 80 80.
Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.
Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim edilir.
Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artisti Məsmə Aslanqızıdır. Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar.
Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək. 2 hissədən ibarət olan tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədovdur.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ümummilli Lider elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini qeyd edib. Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.
İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla 79 dəfə təqdim olunub. “Qarabağnamə”nin Heydər Əliyev Mərkəzində 80-ci nümayişini izləmək üçün biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən azərbaycanlı nasir, dramaturq, ssenarist, Xalq yazıçısı Mövlud Süleymanlının 80 illik yubileyi münasibətilə hazırlanan “Sevilən romanlar müəllifi – Mövlud Süleymanlı” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, metodik vəsait iki hissədən ibarətdir. Vəsaitin I hissəsində “Ədəbiyyatımızın öndər yazıçılarından biri” adlanan bölmədə Mövlud Süleymanlının ədəbiyyatımıza olan misilsiz xidmətlərindən, onun yaradıcı həyatından bəhs edilib. Vəsaitin II hissəsində isə unikal düşüncə sahibi, qələm-söz ustası Mövlud Süleymanlının yaradıcılığını oxuculara daha yaxından tanıtmaq məqsədilə kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim olunub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Metodik vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Bakıdakı Rus evinin dəstəyi ilə martın 6-da “Harmoniya” adlı qrup sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, Bakıdakı Rus evinin sərgi salonunda açılacaq sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Statusundan və yaşından asılı olmayaraq qadın gözəlliyi, incəlik, mənəvi müdriklik və qadına diqqət hər zaman təsviri sənət ustalarının yaradıcılığında tərənnüm edilib.
“Harmoniya” adlı qrup sərgisi qadın təbiətini, kainatın ülvi gözəlliyini əsərlərində tərənnüm edən rəssamların yaradıcılığına diqqət çəkmək məqsədilə keçiriləcək.
Sərginin ekspozisiyasında 30-a yaxın müəllifin müxtəlif üslub və texnikalarda ərsəyə gətirdiyi 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və novelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.
Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, müdiri, filologiya elmlər doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Türkay” aylıq ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru Lütviyyə Əsgərzadənin və “Hece Taşları”, “Açık Kara” dərgilərinin təsisçisi və baş redaktoru, “Türkay” aylıq ədəbiyyat dərgisinin məsul katibi Tayyip ATMACAnın müvafiq qərarına əsasən, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, gənc xanım yazar Sona İntizar “Türkay” aylıq ədəbiyyat dərgisinin yayına məsul şəxsi seçilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, “Türkay” aylıq ədəbiyyat dərgisinin yayına məsul katibi, gənc xanım yazar Sona İNTİZARın “DOST MƏKTUBU” və “Əskin gözlərimin önündə durub” adlı şeirləri “Azad qələm” dərgisinin Fevral sayında işıq üzü görüb. Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”.
XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yer almış bu uzaqgörən çağırış tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu gün də saxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr etmişdir.
AZƏRTAC xəbər verir ki, bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadənin anadan olmasının 159-cu ildönümü tamam olur.
Qeyd edək ki, görkəmli ədibin anadan olmasının 150 illiyi Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verib.
Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan şəhərində anadan olub, uşaq yaşlarından babasının – Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyüyüb. Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil alıb, türk, fars, ərəb, alman və rus dillərini öyrənib.
Gənc yaşlarından ictimai-siyasi proseslərə biganə qalmayan Əli bəy Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulmuş, müxtəlif tədbirlərdə fəal iştirak edib. O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışıb. Üç ildən sonra İstanbula qayıdıb və təhsil aldığı universitetdə professor köməkçisi işləyib, tibbə dair bir sıra əsərlər yazıb. Əlibəy Hüseynzadə “İttihad və tərəqqi” firqəsinin əsasını qoyanlardan və ən fəal xadimlərindən biri olub.
1904-cü ildə Bakıya qayıdan Əli bəy Hüseynzadə ictimai-siyasi işlə yanaşı, jurnalistlik fəaliyyətinə də başlayıb, “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru olub. Qeyd olunan mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer alıb.
Əli bəy Hüseynzadənin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirib.
Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuatımızın tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda mübarizədir. Əli bəy Hüseynzadə bəzən azadlığı obrazlı təqdim etmiş, azad sözü “pəriyi-hürriyyət” adlandırmış, “Kuhi-Qaf və Simurq” məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzədib.
Bakıda, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğul olan Əli bəy Hüseynzadə yenilikçi müəllim kimi 1908-ci ildə “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləyib. O, millətin inkişafında, mədəni yüksəlişində maarifin rolunu yüksək qiymətləndirib.
Gənc Türklər İnqilabından (1908) sonra Bakıda Əli bəy Hüseynzadənin fəaliyyətinə süni əngəllər törədilib və o, iki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olub.
O, Bakıya sonuncu dəfə 1926-cı ildə I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəlib, məruzə adı ilə gətirdiyi “Qərbin iki dastanında türk” əsərinin nəşrinə nail olub.
Əli bəy Hüseynzadə siyasi, fəlsəfi, ədəbi-tənqidi və estetik görüşlərində milli amili və islahatı önə çəkib, milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olub. Bütün fəaliyyəti boyu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab edib. Təsadüfi deyildir ki, bu ideologiya Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan müstəqil Azərbaycan Respublikasının dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) öz əksini tapıb.
Görkəmli ədib Azərbaycan dilinin və ədəbiyyatının inkişafı üçün yollar axtarıb, çox qiymətli fikir və təkliflər irəli sürüb. O, türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı olub. Vaxtilə reallaşmayan ideya bu gün də aktuallığını itirməmişdir. Onun elmi, ədəbi-bədii irsində Bakıda işlədiyi illərdə yazdığı və mütəxəssislər tərəfindən şah əsəri hesab edilən “Siyasəti-fürusət”, eləcə də “Füyuzat” məcmuəsi xüsusi yer tutur.
Əli bəy Hüseynzadə “Molla Nəsrəddin” jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab edib, demokratik görüşlü şair və yazıçılarımızın ədəbi fəaliyyətlərini yüksək qiymətləndirib. O, həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında işləyib, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibiheybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Azərbaycan ailəsi” və digər əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.
Böyük şəxsiyyət kimi xatirələrdə, yaddaşlarda yaşayan Əlibəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinə qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən ictimai-siyasi fikir tariximizə qaytarıb. Onun əsərləri, eləcə də “Füyuzat” jurnalının tam dəsti latın əlifbasında nəşr edilib. Əli bəy Hüseynzadənin ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırmalar aparılıb, haqqında Rəfiq Zəkanın, Şamil Vəliyevin, Azər Turanın dəyərli monoqrafiyaları nəşr edilib, çoxsaylı elmi, elmi-kütləvi məqalələr çap olunub.
O, romantik şair idi. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə anadan olmasının 142-ci ili tamam olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.
Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.
Abdulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açıb. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları üzərində işləyib.
“Laylay” adlı uşaq şeiri ilə imzası mətbuat səhifələrində görünməyə başlayan Abdulla Şaiqin uşaqlar üçün yazdığı bir sıra şeirlər dövrünün tanınmış “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. A.Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.
O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranmasından ilhamlanaraq “Tələbə və həyat” pyesini qələmə alıb. O, xalq ədəbiyyatının toplanmasında və araşdırılmasında, Azərbaycan klassiklərinin və dünya ədəbiyyatının nadir incilərinin oxuculara çatdırılmasında da böyük rol oynayıb. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi kimi böyük ədəbi simalar haqqındakı fikirləri bu gün də öz dəyərini qoruyub saxlayıb.
Başqa millətlərin ziyalıları ilə dostluq edən Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirib.
Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazıb. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990–cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.
Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk böyük solo konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə A.Əhmədli öz repertuardakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnılarını da səsləndirəcək.
Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.itick
TÜRKSOY təşkilatı və Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petefinin doğumunun 200 illiyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin nəticələri məlum olub. Azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü də müsabiqənin qaliblərindən olublar.
Bu barədə Ramil Əhməd məlumat verib. O bildirib ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan şairlər, tərcüməçilər iştirak ediblər.
Mükafat martın 15-də Budapeşt şəhərində təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr ediləcək.
2024-cü ildə Yunanıstanda Homerin “Odisseya” klassik poeması əsasında filmin çəkilişlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, film İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq. Baş rolları canlandıracaq Reyf Fayns və Jülyett Binoş Entoni Mingellanın 9 dəfə Oskar mükafatına layiq görülən “İngilis pasiyenti” filmində də birgə çəkiliblər.
Filmin ssenarisi Homerin “Odisseya” poeması əsasında yazılıb. Odissey doğma adaya 20 ildən sonra geri dönür, indi onu yeni sınaqlar gözləyir.
Layihə 2022-ci ilin aprelində anons olunub. Filmin rejissoru Uberto Pazolini, ssenari müəllifləri Con Kolli və Edvard Bonddur.
Yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək üç bürünc medal qazanıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı aşpazlar Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi dünya miqyaslı yarışmanın Avropa üzrə yarımfinalının ilk günündə bütün kateqoriyalar üzrə fərqlənməyi bacarıblar.
Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran -Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edir. Azərbaycanlı aşpazlar yarışmada dörd kateqoriya üzrə çıxış edirlər. Baş aşpaz Sərxan Məmmədov və köməkçi aşpaz Abdulla Abdullayev “Qlobal usta aşpazlar müsabiqəsi” kateqoriyasında bürünc medal, baş qənnadçı Gülnar Rəsulova və köməkçi Zinyət Axundova “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” kateqoriyasında, baş aşpaz Nicat Babayev və köməkçi Leyla Vəliyeva isə “Qlobal veqan aşpaz” kateqoriyası üzrə yarışmada bürünc medal əldə ediblər.
Bu qələbələr Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb.
Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar iştirak edir. Tədbir məkanında Dövlət Turizm Agentliyi tərəfindən “Qarabağ, Şuşa” mövzusunda milli turizm brendinə əsasən destinasiya məlumat stendi quraşdırılıb.
Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirir ki, “Avropa Qran-Prisi 2023” uğrunda yarışan milli komanda üzvlərinin seçimi Worldchefs-in assosiativ üzvü Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) və CASA Kulinariya Sənətləri Məktəbinin məzunlarının köməyi ilə aparılıb. 2023-cü il ərzində Milli Kulinariya komandasının üzvləri daha bir neçə beynəlxalq yarışmada bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə çap edilmiş, “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab 3 hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir.
Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. məqamlar geniş yer alıb.
“Filmin estetikası” hissəsi, adından göründüyü kimi, filmin estetikasında həlledici olan film rejissorluğu haqqındadır. Kitabın orijinal aspektlərindən biri filmdə müəllifin, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kinoklassiklərindən Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri tamamilə yeni rakursdan analiz edilir.
Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət, dünyada ən populyar ssenari ustadlarının, Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərin ensiklopediyasıdır. Müəllif hər bir təlimi ətraflı izah edir.
Yeni çıxan kitabın dərslik vəsaiti kimi də əhəmiyyəti yüksəkdir.
“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyevadır.
Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir.
AZƏRTAC xəbər verər ki, müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.
Layihənin yeni mövsümdə ilk konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib.
Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Səid Bağırzadə (klarnet) və Zaur Məmmədov (gitara) öz ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.
Canel Nəcəflinin ifasında V.A.Motsartın “Violin və orkestr üçün 3 nömrəli konsert” (sol major, op.216), Səid Bağırzadənin ifasında K.Veberin “Klarnet və orkestr üçün 1 nömrəli konsert” (fa minor, op.73), Zaur Məmmədovun təqdimatında isə X.Rodriqonun klassik gitara və orkestr üçün “Concierto de aranjues” əsərləri alqışlarla qarşılanıb.
25 fevral 2023-cü il saat 15:00-da LIBRAFF kitab evinin Gənclik filialında Zəfər Gününə həsr olunan “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin toplusu ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində tarix yazmış şəhid və qazilərimizin, ön və arxa cəbhədə mücadilə vermiş qəhrəmanlarımızın şücaətlərini əks etdirən yazılar toplanıb.
Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən mühüm layihələrdən biri də dastanlarla bağlıdır. Burada dastanların yeni təkmil variantda nəşri və aşıqların ifasında sənətsevərlərə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparılır. Klassik dastanların ustad aşıqların ifasında yenidən təqdim olunması ilə yanaşı, gənc aşıqların repertuarında yer almasına da ciddi önəm verilir, bunun üçün onlara mümkün olan şərait və imkan yaradılır.
Bu istiqamətdə görülən işlər çərçivəsində ustad aşıq Arif Əsgərov “Aşıq Qərib” dastanını, Məmməd Bozalqanlı və Şəmşəd Elmanoğlu isə “Alı xan və Pəri” dastanını hazırlayıblar. Aşıqların ifasına Aşıqlar Birliyində ilkin baxış olub və hər iki dastan yaxın vaxtlarda “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində sənətsevərlərə təqdim olunacaq.
Gənc aşıqlardan İmralı Fikrətoğlu və Nəcəf Kəlbəcərli “Abbas və Gülgəz”, Afil və Amil Bəxtiyar qardaşları isə “Novruz və Qəndab” dastanından bir parçanı təqdim edəcəklər.
A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.
AZƏRTAC xəbər verir ki, fevralın 21-i Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də deyirlər.
Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.
Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Əzəl Çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!
Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına ünvanladığı “Acın acımızdır, Türkiyə” essesinin yayımına başlayıb.
Acın acımız, canın canımızdır, Türkiyə… Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı…
Nə baş verdiyini anlamayan yaralı körpələr… özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr… körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar… həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata… təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr…
Bütün bu mənzərələr, ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha sənin yenilməzliyini, qəlbinin nəhəngliyini, gücünü Allaha, insana, həyata olan sonsuz sevgidən alan əbədi qalib ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi… şərəfli Türk tarixinin yeni səhifəsini yazdı…
Sarsılma, ruhdan düşmə, ey bu dünyanın sarsılmazlıq və yenilməzlik Abidəsi! Var ol, yaşa, ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və s. maraqlı rollar oynayıb.
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.
Xalq rəssamı, heykəltaraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.
Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev iştirak edib.
Ömər Eldarovun Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzolunmaz xidmətləri, onun əsərlərinin Azərbaycan mədəniyyətinin zənginləşməsində rolu vurğulanıb. Eyni zamanda Rəssamlıq Akademiyasına rəhbərlik etdiyi illərdə gənc kadrların yetişməsində Xalq rəssamının böyük xidmətləri qeyd olunub.
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.
Festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.
Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.
Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az internet saytı vasitəsilə aparılacaq.
Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən ediləcək.
Festival ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək:
Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);
Piano ifaçılığı;
Klassik simli alətlər ifaçılığı;
Klassik nəfəs alətləri ifaçılığı;
Azərbaycan xalq çalğı alətləri ifaçılığı;
Akademik vokal;
Estrada oxuma;
Xanəndəlik sənəti;
Aşıq sənəti;
Xor;
Caz ifaçılığı;
Solo milli rəqs;
Milli rəqs ansamblı;
Solo müasir rəqs;
Müasir rəqs ansamblı;
Aktyorluq;
Bədii qiraət;
Hekayəçilik (stand-up);
Dekorativ-tətbiqi sənət;
Rəssamlıq;
Heykəltаraşlıq.
Festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.
Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az) rəsmi internet səhifələrindən, 0502880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi internet saytı və sosial şəbəkə hesablarından əldə etmək mümkündür:
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 17-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib.
Gəncə şəhərindən, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən, Zərdab, Ağsu, Ağcabədi və Samux rayonlarından ümumilikdə 64 vətəndaş qəbulda iştirak edib. Onların müraciətləri əsasən işlə təmin olunma, fəxri adla təltif, sahə ilə bağlı təklif və mövcud problemlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən bundan əvvəl 26 yanvar 2023-cü il tarixində Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərindən vətəndaşların qəbulu keçirilmişdi.
Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 89-cu ildönümü tamam olan Şamil Xurşud ömrünün 30 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr edib.
Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub. Rayonda 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə başa vuraraq “Azərbaycan gəncləri” qəzeti redaksiyasının ədəbi işçisi, sonra isə ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirdikdən sonra Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin təlimatçısı olub. O, 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin olunub. 1981-ci ildə “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilən istedadlı qələm sahibi ömrünün sonunadək bu vəzifədə çalışıb. Ş.Fərzəliyev 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra 52 yaşında Tbilisidə vəfat edib.
Təcrübəli jurnalist, tanınmış publisist ötən əsrin altmışıncı illərdən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış edib, hekayələri, povest və pyesləri işıq üzü görüb. Onun “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” və “Sakitlik olmayacaq” kitabları indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. Müxtəlif illərdə yazdığı dram əsərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında və İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Yazıçının “Səndən sonra” kitabı ölümündən sonra “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Yaradıcılığı haqqında Azərbaycanın görkəmli nasir və şairləri, o cümlədən Xalq yazıçısı Əli Vəliyev, Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə, Əmir Mustafayev və onlarla digər tanınmış qələm sahibi dəyərli fikirlər söyləyiblər.
Ş.Fərzəliyev “Qızıl qələm” mükafatı laureatı olub və bir sıra Fəxri fərman və medallara layiq görülüb. Ucarda adını daşıyan küçə var.
Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən 613 mülki şəxsin öldürüldüyünü, o cümlədən 8 ailənin tamamilə yox edildiyini, 1300 nəfərin əsir götürüldüyünü, yüzlərlə azyaşlının valideynsiz qaldığını bildirib, insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Reza Deqati çıxışında bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.
Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.
Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək, hər bir fotoşəkil haqqında məlumat alıblar.
Beynəlxalq Muğam Mərkəzində şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyinin və şairin ailəsinin birgə təşkilatçılığı ilə hazırlanıb.
Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan gecədə Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edib. Davud Nəsiblə 14 il bir yerdə çalışdığını diqqətə çatdıran xalq şairi unudulmaz xatirələrini bölüşüb. “Davud Nəsibin şeirlərindəki ədəbi hisslər başdan-ayağa poetik rənglə cilalanıb. Şairin yaradıcılığını oxuduqca onun həm də sözün, ruhun, torpağın keşikçisi olduğunu görürük ”, – deyə Nəriman Həsənzadə vurğulayıb.
Xatirə gecəsində aktyorların ifasında Davud Nəsibin “Cavanşir” tarixi romanı nümayiş olunub. Şairin şeirləri və sözlərinə yazılmış musiqilər səslənib.
Qonaqlara Davud Nəsibin “Cavanşir” tarixi romanı və iki cildlik “Ata laylası” kitabı hədiyyə edilib.
Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra – mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məqalədə Dənizkənarı Bulvar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.
Ərəb oxucuların diqqətinə Bakının digər görməli yerləri – bulvardakı “Şeytan çarxı”, Təzəpir məscidi, Milli Azərbaycan Tarix Muzeyi haqqında da məlumat verilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizidoğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəb məlumat verilib.
Bildirilib ki, TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar eyniadlı nominasiya müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin culcenter.az@gmail.com elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
zərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.
AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasından 128 il ötür.
“Qəzəl de ki, məşhuri-dövran ola” – Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, – deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.
Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi ölkə başçısının Sərəncam ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.