Rejissor Den Kvan və Deniel Şaynertin “Hər şey hər yerdə və dərhal” adlı ekran əsəri “Ən yaxşı film” nominasiyasında “Oscar” mükafatını qazanıb.

AZƏRTAC xəbər verir ki, həmin film “Ən yaxşı rejissor işi”, “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı montaj” nominasiyalarının da sahibi olub. Bundan başqa filmdə baş rolun ifaçısı Mişel Yeo “Ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib, Ceymi Li Körtis və Ke Hyui Kvan ən yaxşı ikinci plan aktyorları seçilib.

Ümumilikdə 158 mükafat qazanan film kino tarixinin ən titullu ekran əsəri olub.

Bu film camaşırxanada çalışan və vergi müfəttişliyinə gedərkən paralel dünyalar arasında səyahət edə bildiyini aşkarlayan çinli mühacirin həyatından bəhs edir.

2023-cü ilin “Ən yaxşı film” nominasiyası uğrunda on ekran əsəri, o cümlədən Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kemeronun “Avatar: suyun yolu”, Edvard Bergerin “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Erix Mariya Remarkın romanının ekran versiyası), Sara Pollinin “Qadınlar danışır”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik”, Ruben Estlundun “Qəm üçbucağı”, Baz Lurmanın “Elvis” və Martin Makdonahın “İnişerin Banşiləri” filmləri mübarizə aparıb.

Digər əsas nominasiyaların qalibləri:

Ən yaxşı aktyor – Brendan Freyzer (Darren Aronofskinin “Kit” filmi).

Ən yaxşı xarici bədii film – “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Almaniya). Bu ekran əsəri, həmçinin Ən yaxşı operator işi, Ən yaxşı orijinal saundtrek və Ən yaxşı quruluşçu-rejissor işi nominasiyalarının qalibi olub.

Ən yaxşı adaptasiya olan ssenari – “Qadınlar danışır”.

Ən yaxşı sənədli film – Deniel Roerin “Navalnı” əsəri (HBO kinokompaniyası).

Ən yaxşı animasiya filmi – Hilyermo Del Toro və Mark Qustafsonun “Pinokkio Hilyermo Del Toro”.

Mənbə: https://azertag.az/