
- Bu gün Azərbaycanın hər yerində Zəfərin səsi, Vətənin nəfəsi duyulur. Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad bir daha göstərdi ki, Azərbaycan xalqının qüruru, ordusunun qüdrəti və şəhidlərinin müqəddəs xatirəsi əbədiyaşardı. Bu Hərbi parad təkcə ordunun gücünü deyil, xalqın ruhunu, şəhidlərin əbədiyyətlə birləşən çağırışını əks etdirir. Bu gün gözlərdə qürur, qəlblərdə minnətdarlıq, addımlarda Vətən sevgisi vardı. Hər keçən əsgər heyəti, hər dalğalanan bayraq bir dastan, sanki bir dua idi bu gün.
- Bu parad mənim üçün sadəcə bir hərbi nümayiş deyil, Vətən sevdalı bir şairə kimi illərlə içimdə yaşayan ağrının – Qarabağ həsrətinin qürura çevrildiyi anların təntənəsidir. Çünki mənim yaradıcılığım boyu yazdığım hər misrada Qarabağın səsi, o torpağın nisgili və Zəfərin işığı duyulub. İllərlə həsrətə çevrilən sözlər indi sevincə, şükranlığa dönüb.
- Bunu AZƏRTAC-a Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad haqqında fikirlərini bölüşən Azərbaycan, Türkiyə Yazıçılar birliklərinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Türk Dünyası Qadın Şairlər Birliyi başqanı Xuraman Muradova deyib.
- O qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı üçün həm qürur, həm də mənəvi məsuliyyət günüdür. Bu tarix bizə xatırladır ki, Vətən sevgisi sadəcə hiss deyil, hər birimizin ruhunda yaşamalı olan amal, dəyər və vətəndaş borcudur.
- “Bu Zəfər bir döyüşün sonu deyil, bir millətin yenidən doğuluşudur. Azad edilmiş torpaqlarda səslənən azan səsi, dalğalanan üçrəngli bayraq, açılan məktəblər və mədəniyyət ocaqları bu ruhun canlı nişanəsidir.
- Zəfər Günü bizə bir daha göstərdi ki, milli birlik və mənəvi güc qarşısında heç bir maneə dayana bilməz. Bu gün azad yurd yerlərində inşa olunan hər yeni kənd, tikilən hər körpü, əkilən hər ağac şəhidlərimizin ruhuna yazılmış bir dua kimidir.
- Mən bir şair kimi inanır, hiss edirəm ki, bu zəfər təkcə tariximizin səhifəsində deyil, hər azərbaycanlının ürəyində yazılıb. Qələbənin ruhu bu xalqın iradəsində, sədaqətində və sevgisində yaşayır.
- 8 Noyabr – Zəfər Günü Vətənin gücünü, xalqın birliyini və müstəqilliyimizin əbədiliyini simvolizə edən ən ali gündür”, – deyə X.Muradova fikirlərini yekunlaşdırıb.
Mənbə: https://azertag.az/