Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən xalqın Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi, eləcə də gənclər arasında təbliği məqsədilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Heydər Əliyev gənclərin gözü ilə” adlı geniş videomaterial hazırlanaraq istifadəçilərə təqdim edilib. Materialın hazırlanmasında, çəkiliş prosesində Bakı Dövlət Universitetinin tələbə-gəncləri iştirak edib.
“Heydər Əliyev gənclərin gözü ilə” adlı videomaterial kitabxananın rəsmi saytında, https://ryl.az/multimedia/heyder-eliyev-genclerin-gozu-ile linkində yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterial Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində özünəməxsus yerə malik Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi mövzusuna həsr edilib. Burada müasir kitabxana quruculuğunun təməlinin məhz ötən əsrin 70-ci illərinin əvvəllərində, Ulu Öndərimiz Azərbaycana rəhbərlik etməyə başladığı ilk zamandan onun Azərbaycanda kitabxana işinin inkişafına verdiyi töhfələri haqqında bəhs edilib.
Material Ulu Öndərin “Biz hər birimiz ilk növbədə kitab vasitəsilə təhsil almış, elmə yiyələnmişik. Biz hamımız kitablara borcluyuq” fikri ilə başlayaraq, Ümummilli Liderin hakimiyyət illərindən Azərbaycanda mütaliə, kitab, həmçinin kitabxanalara göstərilən qayğı, kitab və kitabxana mədəniyyətinin formalaşması, Ulu Öndər Heydər Əliyevin bu sahədə olan müstəsna əməyi təsvir edilib. Onun Azərbaycanda kitabxanalara kitab bağışlamaq ənənəsinin təşəbbüskeşi olması, bununla da bir sıra ziyalılara, elm və mədəniyyət nümayəndələrinə nümunə olaraq, Azərbaycanda fəaliyyət göstərən bir sıra kitabxanaların fondlarının zənginləşməsinə səbəb olduğu haqqında maraqlı faktlar təqdim olunub.
Materialda eyni zamanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi diqqətin ayrılması fikri də səsləndirilib. Videomaterialda Ulu Öndərin foto, video görüntüləri və haqqında yazılan kitabların nümunələri təqdim edilib.