İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919İkinci ŞıxlıGəncə quberniyası – 26 iyul 1995Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

İsmayıl Şıxlı

İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali QafqazKrım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

Ədəbi yaradıcılığıRedaktə

İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

İctimai-siyasi fəaliyyətiRedaktə

İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].

Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].

VəfatıRedaktə

1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.