Özbəkistan Yazıçılar Birliyinin dəvəti ilə Daşkənddə olan Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil olunan tədbirdə bir qrup şair və yazıçı iştirak edib.

Tədbirdə giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi Vahid Əzizin Özbəkistana səfərini bütün poeziyasevərlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Zəngin ənənələrə malik Azərbaycan poeziyasının Özbəkistanda bu gün də çox sevildiyini qeyd edən natiq bu cür görüşlərin ədəbi əlaqələrin genişlənməsinə təsir göstərdiyini vurğulayıb.

Xalq şairi Vahid Əziz dəvət üçün Özbəkistan Yazıçılar Birliyinə öz təşəkkürünü bildirib. Axırıncı dəfə təxminən qırx il bundan əvvəl Özbəkistanda olduğunu bildirən şair bu səfərin və özbək poeziyasevərləri ilə görüşlərin onda böyük həyəcan yaratdığını qeyd edib.

Daha sonra çıxış edən özbək alim, filoloq Nurbay Cabbarov, Özbəkistanın tanınmış şairəsi Xasiyyət Rüstəm iki ölkə arasında ədəbi əlaqələrdən söz açaraq, ruhən yaxın olan bu iki xalqın poetik zövqlərinin də eyni olduğunu vurğulayıblar. Günümüzdə iki qardaş ölkənin şairlərinin, söz sənət ustadlarının çox sıx əlaqədə olduğunu, qarşılıqlı görüşlərin, səfərlərin həyata keçirildiyini qeyd edən natiqlər bütün bunların poeziyalarımızın inkişafına, yeni axtarışlara rəvac verdiyini vurğulayıblar.

Yazıçı, tərcüməçi Babaxan Şərif iki qardaş xalq poeziyası arasında oxşar cəhətlərdən söz açaraq qarşılıqlı tərcümələrin, xüsusi ilə də ikidilli nəşrlərin hər iki xalqa məxsus ədəbiyyatının inkişafına, yeni stil, üslub, məna, janr rəngarəngliyinə səbəb olduğunu qeyd edib. O, poeziyanın yayılması, təbliği, poeziyasevərlərə əlçatanlığı baxımından şeir antologiyalarının, almanaxların nəşrinin vacibliyindən söz açaraq bu qəbildən olan nəşrlərin xüsusilə gənc şairlərin yaradıcılığına stimul verdiyini qeyd edib.

Özbəkistanın tanınmış yazıçı-dramaturqu Kuçkar Norkabil iki ölkə arasında ədəbi əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin, tərcümələrin, birgə konfrans, seminar, simpoziumların, forumların keçirilməsinin faydalı olduğunu bildirib. Özbəkistanda Azərbaycan ədəbiyyatına, poeziyasına böyük sevgi və rəğbətin olduğunu söyləyən natiq özbəkistanlı şair və yazıçıların Azərbaycanda da eyni coşqu ilə qarşılandıqlarını vurğulayıb.

Görüşdə Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələrdən danışılıb.

Mənbə: https://azertag.az/